Ardını oxu...
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə hökm elan olunub.

Elvin Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvin Cəfərovun adı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə şahid qismində keçirdi.

143 milyon manatlıq mənimsəmə işində şahid olan Elvin Cəfərovla bağlı istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəydiyi müəyyən edilib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi fürsətdən lazımınca istifadə etməyib, ziyanı qarşılamayıb. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb.

2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Onların hər biri Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

Hazırda Bakı Apellyasiya Məhkəməsində onların apellyasiya şikayətlərinə baxılır.
 
 
 
Ardını oxu...
İki gündür sosial şəbəkənin gündəmini və saytların “Cəmiyyət” bölməsini küçə davası ələ keçirib. Sonradan namus məsələsi üstündə baş verdiyi deyilən məlum hadisə ətrafında qızğın müzakirələr gedir. Müzakirələr hərtərəflidir, tərəflərin tərəfində dayanan rəy sahiblərinin hamısı haqlıdır - hər iki tərəfdəkilər.

Əvvəla ondan başlamaq lazımdır ki, heç kəs başqasının namusuna dil və əl uzatmamalıdır. Əgər uzadarsa...

İkincisi, namusuna dil (və ya əl) uzadılan kəs o dil (və ya əl) sahibini vəhşicəsinə döymək (və ya öldürmək) haqqına sahib deyil (ən azı, qanuni baxımdan).

Yaxşı, o zaman başqasının namusuna dil və ya əl uzadanın cəzası nədir? Namusuna dil və ya əl uzadılan tərəfindən zopalanmaqmı? Qanun deyir ki: XEYR!

Bəs, nədir cəzası? Cərimə olunmaqmı? Tənbehmi? Şiddətli töhmətmi? "Ayıb olsun" tipində ictimai qınaqmı? Buna da qərar vermək çətindir.

Digər tərəfdən, namusuna dil və ya əl uzadılan tərəf dilinə söyüş, əlinə zopa almaq haqqını hardan alır?! Özündənmi? Qətiyyən! Qanundanmı? Qanun deyir: "mən kimsəyə elə bir haqq vermirəm".

Və: əgər biri digərinin namusuna dil və ya əl uzadarsa, birinci tərəf nə etməli, necə davranmalıdır?

İlk ağla gələn QANUNa müraciət etməkdir - qanuna sığınmaq, qanun keşikçilərindən mədəd ummaqdır: "O, mənim namusuma sataşıb" deyərək, məsuliyyəti qanunun üzərinə atmaqdır - cəzanın qanunisini diləməkdir.

Qanuni dövlətdə bundan başqa yol yoxdur! Ola da bilməz!!!

İndi özümüzü qoyaq qanunun yerinə... Nə cavab verərdik? Yəni, qanun nə desin? Onun "kəsəcəyi barmaq" kimi incidəcək? Ya da onun "kəsəcəyi barmaq"dan məlhəm çıxacaqmı ki, namus yarasını sağaltsın?

Qanunun özünün qarnındakı boşluqdan "su sızırsa", özünəmi məlhəm olsun, yoxsa himayəsi altındakılaramı?

Qanun keşikçilərinin özləri də eyni çətirin altında, eyni "səhnənin" tamaşaçıları qismindədirlər. Özlərini qarşılarındakıların yerinə qoyurlar, yəqin ki... və eyni tərəddüdü yaşayırlar.

Təxminən, 15-16 gün əvvəl idi, şər qarışmaq üzrəydi. Məhəllədən evə qalxırdım. İki əlimdə zənbil - marketdən çıxmışdım.

Binamızın döngəsinə çatanda qəribə bir mənzərə ilə üzləşdim: tanımadığım bir nəfər binamızın divarına (həm də yanından keçənlərin gözü qarşısında) kiçik təbii ehtiyacını təmin etməklə məşğul idi.

Dayandım yanında, təəccüb və təəssüflə nəsə demək istədim. Amma heç nə deyə bilmədim. İrad bildirmədim. Sadəcə, başımı bulayıb yoluma davam etdim.

Ona heç nə demədiyimin səhvmi-düzmü olduğunu düşünə-düşünə addımlayarkən, arxadan bir səs gəldi: "Nədi, əəə, nə yan-yan baxırsan"? Və arxasınca bir söyüş...

Bir anda dayandım. Ona geri dönmədən, əllərimdəki zənbilləri yerə qoydum. Təhqir olunmuşdum, cavabsız qoya bilməzdim.

Amma necə cavab verim? Ya onun qandığı dildə cavab verməliydim, ya da qanuna müraciət etməliydim.

Onun qandığı dil - zopadır. "Adam" həm ictimai tərbiyəsizliyinə, həm də şəxsimə yönəlik davranışına görə ən YEKƏ ZOPAnı haqq edirdi.

Bəs, qanun nə deyir(di) onun haqqında? Cəmiyyətin divarına işəyənə qanun gülüb keçirmi, yoxsa hiddətlənirmi?

Gülüb keçirsə, o zaman "cəmiyyətin divarına niyə işəyirsən" təəssüfü ilə, başını bulayıb keçən və arxadan təhqir olunan vətəndaş üçün qanun nədir?

Bəs, hiddətlənərsə…

Həmin anda mən üçüncü yolu seçməsəydim - dişimi sıxıb, kürəyimə saplanan söyüşü "udub", yoluma davam etməsəydim və zopalar havaya qalxsaydı, qanun kimin tərəfində olacaqdı?

Təbii ki, qanun deyəcəkdi ki, "mənə tərəf gələrdin". Amma hansı halda və hansı tərəfə? Mən qanuna nəyi göstərməliydim: divardakı ləkələri, yoxsa kürəyinə sancılan təhqiri?

Və yazıq qanun, bir divarı batıran avaraya, bir də ona baş qoşan axmağa baxıb gülməzdimi ki, “mən bu avaraya nə cəza verim, ay axmaq?”.

QANUN sadəcə olaraq və haqlı olaraq deyir ki: “Dalaşmayın!”

Gerisini özünüz bilərsiniz…

Müəllif: İsmayıl Məmmədli - AYNA-az
 

Ardını oxu...
  

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Hazırda sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Gürcüstandan sonra digər qonşu ölkələrlə də quru yolunun açılıb-açılmayacağıdır. Bakı–Tiflis istiqamətində qatar reyslərinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından vacib addımlardan biridir.

Maraqlıdır, Gürcüstandan sonra hansı ölkələrlə sərnişindaşıma prosesi bərpa oluna bilər?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News24.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.

O, xüsusilə qatar sərnişindaşımalarının bərpasının vacibliyini vurğulayıb:

"Bizim vətəndaşlar üçün ən çox maraq doğuran məsələlərdən biri qonşu ölkələrlə dəmir yolu nəqliyyatının bərpa olunmasıdır. Artıq verilən rəsmi açıqlamalardan belə görünür ki, Bakı–Tiflis qatar reysi yaxın zamanda fəaliyyətə başlayacaq. Bunun may ayında reallaşması gözlənilir və ümid edirik ki, bu, tezliklə həyata keçiriləcək. Hazırda Azərbaycanın bir çox rayonlarından Gürcüstana sərnişin daşınması həyata keçirilir. Bu tendensiya davam edərsə, gələcəkdə digər qonşu ölkələrlə də bu əlaqələrin genişlənəcəyini proqnozlaşdıra bilərik".

Deputat həmçinin vurğulayıb ki, Gürcüstanla sərnişindaşımanın bərpasından sonra Bakı-Moskva və Bakı-Qars istiqamətlərində də qatar reyslərinin fəaliyyətə başlaması mümkün ola bilər:

"Böyük ehtimalla, Gürcüstandan sonra Rusiya ilə, ən azından Bakı-Moskva qatar reysinin bərpası gündəmə gələcək. Əgər proseslər planlaşdırıldığı kimi gedərsə və təhlükəsizlik məsələləri tam həll olunarsa, bu istiqamətdə də addımlar atıla bilər. Əvvəllər bu reyslər fəaliyyət göstərirdi, indi isə onların yenidən işə düşməsi gündəmdədir".

Deputat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hazırda əsasən yük daşımaları üçün istifadə edildiyini qeyd edərək, bunun gələcəkdə sərnişindaşıma məqsədilə də aktivləşdirilə biləcəyini bildirib:

"Bakı–Tiflis–Qars dəmiryolu xətti əsasən yükdaşımalar üçün istifadə olunur. Amma gələcəkdə sərnişindaşımaların da burada işə düşməsi planlaşdırılır. Əgər Gürcüstanla sərnişindaşıma uğurlu alınarsa, növbəti addım olaraq həm Rusiya, həm də Türkiyə istiqamətində qatar reyslərinin bərpası mümkün olacaq. Bu proses tədricən həyata keçiriləcək və ümid edirik ki, bu il ərzində ən azı Gürcüstanla sərnişindaşıma tam gücü ilə bərpa olunacaq".

Naqif Həmzəyev əlavə edib ki, Bakı–Tiflis reysinin açılması ilə vətəndaşlar daha rahat və sərfəli nəqliyyat imkanlarına sahib olacaq:

"Hazırda avtobus və şəxsi avtomobillərlə səfər edən sərnişinlər üçün qatar nəqliyyatı daha təhlükəsiz və komfortlu alternativ olacaq. Bundan əlavə, gələcəkdə Bakı-Moskva və Bakı-Qars reyslərinin bərpa olunması turizm və ticarət sahəsində də müsbət dəyişikliklərə yol aça bilər".

Ardını oxu...
“Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.

Maraqlıdır, “Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az”a açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:

‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.

Məsələnin kökü ondan ibarətdir ki, vaxtilə Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan insanlarla yanaşı, bu xidmətdən əyləncə məqsədilə istifadə edən vətəndaşlar da vardı. Nəticədə onlar vəziyyətdən sui-istifadə edirdilər və qanunda boşluqlar mövcud idi. Taksi şirkətləri hər kəsi taksi sürücüsü kimi dəvət edirdilər və burada qanunsuz əməllər baş verirdi. Bu səbəbdən şikayətlər hədsiz dərəcədə çoxalmışdı. Ölkədə fəaliyyət göstərən xarici taksi operator şirkətləri isə bu şikayətlərə əhəmiyyət vermirdilər. Sertifikatı olmayan, müvafiq kursu keçməyən, meyarları uyğun gəlməyən sürücülərin həmin taksi şirkətlərində qeydiyyatdan keçməsi qadağandır’’.

Ekspert diqqətə çatdırıb ki, şirkət operatorları hansısa şəxsin meyarlara uyğun gəlmədiyi halda onunla işləyərsə, taksi operatorları külli miqdarda cərimə oluna bilər:

”Təəssüf ki, bəzi taksi şirkətlərinin operatorları sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqədardır’’.
 
Ardını oxu...
44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayev Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilib.

Gununsesi.info-nun xəbərinə görə, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.

Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.

Məsələ ilə bağlı Adil Əliyevin özünün mövqeyini öyrənmə çalışsaq da, lakin icra başçısı telefonun dəstəyini qaldırmayıb.
 
Ardını oxu...
Son zamanlar Azərbaycanın müxtəlif ərazilərində xırda təkanların qeydə alınması, aşağı maqnitudalı zəlzələlərin baş verməsi bəzi insanlarda dağıdıcı zəlzələ xofu yaradıb. Özəlliklə iki il öncə Türkiyədə baş verən faciədən sonra bir çoxları “bizdə də ola bilər” əndişəsindədir. Türkiyə mətbuatında bəzi seysmoqların təlaşlı açıqlamaları da bu gərginliyi artırır.

Bəs, mütəxəssislər nə düşünür: doğrudanmı, xırda təkanlar böyük zəlzələnin xəbərçisidir

Bizim.Media-nın sualını cavablayan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikrincə, bunlar əsassız hay-küydür:

“Mən dəfələrlə demişəm, yenə də deyirəm. Azərbaycanda elə seysmoaktiv bölgə yoxdur ki, orda yaxın zaman üçün dağıdıcı zəlzələ gözlənilsin. Belə xırda təkanlar olmalıdır, bu, normaldır. Yəni Yerin daxilində gedən tektonik proseslərdir. Bu təkanlardan da bəziləri hiss olunandır. Mən istəyərdim, hay-küyçü proqnoz verənlər onu əməli cəhətdən sübut eləsinlər ki, nəyin əsasında bu qənaətə gəliblər. Onlar camaatı çaşdırmaqla məşğuldurlar. Belə adamlara inanmaq lazım deyil".

Q.Yetirmişli bildirib ki, Respublika Seysmologiya Mərkəzi mütəmadi olaraq il ərzində kompleks tədqiqatlar aparır:

"Biz də həmin elmi tədqiqatlara söykənib deyirik ki, narahatlığa heç bir ehtiyac yoxdur. Çünki bizim mərkəz yalnız seysmologiya ilə yox, geomaqnetika, qravitasiya sahəsinin ölçülməsi, maillik, yerdaxili hərəkətlərin izlənməsi və s. kimi kompleks işlər görür. Yəni bizim işimiz ancaq zəlzələ olanda onu qeydə almaqla məhdudlaşmır. Burada kompleks şəkildə tədqiqat işləri aparırıq və bu, ilboyu davam edir”.

Q.Yetirmişli qeyd edib ki, qısa müddətdə baş verən zəlzələləri proqnozlaşdırılmaq mümkün olmasa da, tədqiqatlar aktivliyin artması haqda qənaətlər ortaya qoyur:

“Öncədən qısamüddətli zəlzələnin vaxtı, gücü, dərinliyi haqda nəsə demək mümkünsüzdür. Deyə bilməzsən ki, ayın filan tarixində filan yerdə, filan saatda bu gücdə zəlzələ olacaq. O tez də ola bilər, gec də. Amma ehtimal edə bilirsən ki, hansı bölgədə güclü aktivlik gedir”.

Ən çox zəlzələlərin hansı bölgədə olmasına gəlincə, Q.Yetirmişli bildirib ki, təkan sayının çox olması bu məsələdə əhəmiyyət daşımır:

“Azərbaycanda ötən il 5 mindən artıq zəlzələ qeydə alınıb. Xəzərdə, Lənkəran, Lerik və Sabirabadda 5-dən yuxarı maqnutudalı zəlzələ olmuşdu. Ən zəif təkanlar isə Şamaxı-İsmayıllı bölgəsində qeydə alınıb. Amma say məsələsi əhəmiyyət kəsb etmir. İndiyədək yüksək maqnitudalı zəlzələ sayı ən çox 2012-ci ildə olub. Həmin il altı dəfə 5,5 baldan yuxarı yeraltı təkan qeydə alınıb. Deməyim odur ki, sutka ərzində 80-dən çox yeraltı təkan olur. Təkcə bu gün 36 təkan qeydə almışıq. Yəni məsələ say deyil. Xırda təkan sayı heç nəyə dəlalət eləmir”.
 
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub

UNEC-dən Tribunainfo.az-a bildirilib ki, Nəzrin Balayeva MIT-in maliyyə ixtisası üzrə magistr səviyyəsinə təqaüdlə təhsil almaq hüququ qazanıb.

Nəzrin Balayeva UNEC-ə 660 balla qəbul olub və 99.03 ortalama ilə universiteti bitirib.

O, beynəlxalq nüfuzlu “Chartered Financial Analyst (CFA) level 1” sertifikasiyanı (ilk 10 faizdə) qazanan ən gənc tələbə olub.

UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.

“SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir.

Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda “Moonwake Investment” şirkətində biznes-analitik kimi çalışır.
 
Ardını oxu...
Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.

Bu barədə "DİA-AZ"a Maliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.
 

Ardını oxu...
Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşımla gündəmə gəlib. O, paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı edilən hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

Bu necə ola bilər?! Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır, əgər bu vətənpərvərlər gəlməyəcəksə? Onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər, bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir! Ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçalıq olsaydı…

Festivala mənim müəllimim, dostum və mənim üçün böyük rəhbər olan Tahir Əmiraslanov da gəldi. O, artıq uzun illər çalışdığı təvazökar vəzifəsindən məhrum edilmişdi və təqaüdə çıxmasına cəmi 4 ay qalmışdı.

Birdən mənim yanıma bəzi uşaqlar gəlib sakitcə dedilər: “Stalik müəllim, Tahir Əmiraslanovdan xahiş edin, getsin”.
“Bu necə ola bilər?!” soruşduqda isə “belə lazımdır, bu rəhbərliyin xahişidir” dedilər. Çünki həmin gün festivalda rəhbərlikdən Fuad Nağıyev var idi. Məhz o, Tahir müəllimi işdən çıxarmışdı. O adam ki, bütün ömrünü Azərbaycana xidmətə sərf etmişdi.

Mən Tahir müəllimin mənzilində də olmuşam, onun illərdir tamamlanmamış bağ evində də. Mən bilirəm və görürəm ki, bu zəhmətkeş insan necə təvazökar yaşayır. Əgər başqaları işdən bir şey oğurlayıb evə gətirirsə, Tahir müəllim evdən götürüb işə aparırdı. Onda belə adam necə işdən çıxarıldı? Yaxşı, bəlkə bu onun qərarı deyildi, bəlkə Fuad Nağıyev belə qərar verməyib? Mən bilmirəm. Amma Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovu kulinariya festivalından qovmaq… Bu, həddən artıq ağır bir hərəkət idi!

Mehmanxananın foyesində divanda Tahir müəllim oturmuşdu, yanında isə köhnə portfel. O, Bakıya qayıtmaq üçün avtobus gözləyirdi. Onun gözlərində kədər və incidilmişlik var idi. Bu zaman Fuad Nağıyev gəldi. Mən onu görüb müraciət etdim:

“Fuad, gəlin buraya oturun, danışaq! Niyə siz Tahir müəllimi bu bayramdan qovursunuz? Azərbaycan kulinariyası üçün bu insandan daha çox iş görmüş kim var? Bu festival o olmadan necə keçə bilər? O sizə şəxsən nə pislik edib?”

Cavabında isə o yayındı, gülümsədi, özünü çox zəif aparırdı və heç bir konkret cavab vermədi.

Bundan sonra yenə mənim yanıma gənc oğlanlar gəldi: “Tahir müəllim getsin, bazar ertəsi onu çağırıb işi ilə bağlı səhvi düzəldəcəklər”.

Mən inandım. Özüm Tahir müəllimin yanına yaxınlaşıb xahiş etdim: “Əgər bu, işinizə qayıtmaqla bağlıdırsa, belə daha yaxşı olar”.

Amma aldadıldım! Onu heç yerdə çağırmadılar, işdən çıxarılma isə onun təqaüdünə təsir etdi ki, bunu özünüz də başa düşürsünüz? Alçaqlığa baxın! Fuad Nağıyev sadəcə qorxurdu ki, bəlkə respublika rəhbərliyindən kimsə Tahir müəllimi görüb onun işdən çıxarılması haqqında danışar.

Alçaqlıqdan əlavə, mən həm də utanc hissi yaşadım. Dünyanın hər yerindən gələn qonaqları mehmanxanada yalnız səhər yeməyi ilə qidalandırırdılar. Hər stenddə gözəl Azərbaycan yeməkləri hazırlanırdı, amma qonaqlar yalnız onları iyləyirdilər. Mən öz cibimdən mehmanxananın restoranından qonaqlar üçün yemək sifariş edirdim, bəzən isə onlar özləri ödəyirdilər. Milli mətbəximizin bütün yeməklərini isə yalnız iyləyirdilər.

Festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

Festivalın ən sonunda təşkilatçılardan biri mənim yanıma gəlib dedi: “Stalik müəllim, sizə böyük təşəkkürlər! Respublika rəhbərliyi bizə sizi maddi cəhətdən mükafatlandırmağımızı tapşırdı. Festivalda iştirakınız üçün hansı məbləği almaq istərdiniz?”

“Mən buraya pul üçün gəlməmişəm! Azərbaycan mənim əcdadlarımın vətənidir, mənim üçün tək doğma torpaqdır. Xahiş edirəm, bu söhbəti burada bitirək”, – söylədim.

“Xeyr, siz məni çox çətin vəziyyətə salırsınız. Bu ən yüksək səviyyədən gələn təklifdir! Biz sizə 10.000 dollar verə bilərikmi?”, – deyə o bildirdi.

Sizə and içirəm, mən həqiqətən də Şuşaya pul üçün getməmişdim. Bəli, on min dollar böyük məbləğdir. Amma şükürlər olsun ki, mənə nəsib olanla kifayətlənirəm. Digər tərəfdən, mükafatdan tamamilə imtina etmək (bu həqiqətən də mükafat idi, çünki hər şeyi etdikdən sonra verirdilər) də düzgün deyildi.

Bilirsinizmi, mən razılaşdım. Hətta Dubaya iki bilet də aldım. Fikirləşdim ki, belə gözlənilməz pul gəlibsə, gedib istirahət edək! Amma pul yarım il keçsə də, hesabıma daxil olmadı. Mənə deyirdilər ki, bu gün günortadan sonra hesabınızı yoxlayın, pul artıq orada olacaq! Amma xeyr, yox idi! Pul mənə heç vaxt çatmadı. Mən öyrəndim ki, gecikmə Turizm Agentliyində baş verir. Mənə hər şey aydın oldu ki, bu, aşpaz-qəhrəmanlar və Tahir Əmiraslanovla bağlı prinsipial mövqeyimə görə xəsis hesablaşma idi.

Nəhayət, Bakıya zəng edib bütün bu hekayəni danışdım və dedim ki, bu pulu qəbul etməyə razılaşmağım həqiqətən də səhv idi. Bəlkə də yaxşı oldu ki, bu pulu göndərmədilər! Amma mən istəməzdim ki, kimsə bu pulu sanki mənə göndərib, özü isə cibinə atsın. Bu pullar Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrinə, yaralılara, Azərbaycan torpağı uğrunda qanını tökənlərə lazımdır!

PS. Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”
Ardını oxu...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
 

Dünyapress TV

Xəbər lenti