Ardını oxu...
Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafiq böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalənin müəllifi Allister Heathin fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtılə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər.
Müəllif nəzərə çatdırır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, anti-liberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.
Məqalədə bildirilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100–cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır.
Həmçinin vurğulanır ki, 2023-cü ildə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir.
Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanla sülh gündəliyini yeni prioritetlərlə gündəmə gətirib.
Prezidentin ilk növbədə Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün mövcudluğunu deməsi ona işarə edir ki, iki dövlət prosesi hüquqi sənədlərlə yekunlaşdırmalıdır.
Bəs bu necə olacaq?
İndiki məqamda Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləyən Bakının geosiyasi təzyiq alətləridir. 10 Noyabr Bəyanatının müddəalarından irəli gələn məsələləri Azərbaycan özü həll edir.
Deməli əsas nizamlayıcı xassə Azərbaycanın geosiyasi məqsəd və məramlarında, güclənən hərbi qüdrətində “gizlənib” və Ermənistanın tək çıxış yolu isə hüquq sistemində müvafiq dəyişiklikləri etməkdir.
Əliyev buna görə deyir ki:
- Prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır,
- Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var,
- Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.
Ortaya maraqlı bir əlaqə çıxır, Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin Konstitusiyasının dəyişdirilməsi üçün çağırışlarını artırır.
Deməli, Paşinyan başa düşür ki, sülh müqaviləsinin imzalamasında münbit zəminin yaradılması Konstitusiyadakı dəyişikliklərdən keçir.
Paşinyandan isə müsbət siqnalların verilməsi şifahi olaraq yaxşı görüntüyə malikdir, ancaq Bakı bu prosesə ehtiyatlı nikbinliklə yanaşır.
Ən azından ona görə ki, Paşinyan müxtəlif bəhanələrlə prosesdən yayına və əlində erməni cəmiyyətinin dəyişikliklərə etirazını bayraq tuta bilər.
Üstəgəl, Paşinyan Ermənistana Qərbdə təhlükəsizlik zəmanətləri arayarkən bu müddəti vaxt qazanmaq üçün istifadə etmək kimi strategiyaya da malik ola bilər.
Əliyevin Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək odun üstünə benzin tökmək prinsipindən çıxış etdiyini deməsi, Ermənistana təhlükəsizliklə bağlı vədlərin əsasən hansı mərkəzdən verildiyini təsvir etməyə yardımçı olur.
Lakin istənilən vəziyyətdə Əliyev Paşinyanın qarşısında şərt qoyur ki, Azərbaycan torpaqlarının işğalda olduğu zamanlar qəbul edilmiş Ermənistan Konstitusiyasında dəyişiklik regional geosiyasi zərurətdir.
Paşinyan zərurətlərə şifahi razılıqlarla yox, yazılı və müqaviləli öhdəliklərlə məsuliyyət daşımalıdır. Əliyev bildirir ki, erməni xalqı necə işğal dövrünün reallıqlarının Konstitusiyada əksinə razı olubsa, indi erməni cəmiyyətini bu fikirdən daşındırmaq da Paşinyanın üzərinə düşən ağır məsuliyyətdir.
Bu məsuliyyətdən qaçış isə regional eskalasiyadakı risk mənbələrindən birinə qahmar çıxmaqdır. Azərbaycan bu variantda hansı addımlarla irəliləyəcəyini onun kəşfiyyat imkanları, diplomatik səyləri, siyasi iradəsi və hərbi qüdrəti kompleks şəkildə müəyyənləşdirəcək.
Aqşin Kərimov
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
David Avalişvili: “Qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və İvanişvili hərəkətə keçmək qərarına gəldi”

Elxan Şahinoğlu: “İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur”

Dünən axşam saatlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini açıqladı. Bu qərar hakim “Gürcü Arzusu” Partiyasının fevralın 1-də keçiriləcək qurultayında rəsmən elan olunacaq. Baş nazir dünən Tbilisidə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Qaribaşvilinin sözlərinə görə, bu barədə qərar “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında qəbul edilib.

Partiyadaxili demokratiyanın vacibliyini vurğulayan siyasətçi “başqalarına da imkan vermək lazımdır” deyib. Qaribaşvili “Gürcü Arzusu”nun sədri olmaq təklifi aldığını da qeyd edib.

Baş nazir çıxışında vurğulayıb ki, hakimiyyətdə kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir: “Gizlətməyəcəm, biz Siyasi Şurada yaya qədər, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdik. Lakin mən bu qərarı indi vermək qərarına gəldim”.

Qeyd edək ki, Qaribaşvili 2013-2015-ci illərdə və 2021-ci ilin fevralından indiyədək Gürcüstanın Baş naziri olub. O əvvəllər ölkənin Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Hökumətyönlü “İmedi” telekanalı hökumət və parlamentdəki məlumatlı mənbələrə istinadən xəbər verib ki, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki postlarını tərk edəcək. Məlumata görə, xarici işlər, ədliyyə, səhiyyə, müdafiə və mədəniyyət nazirliklərinin rəhbərlərinin dəyişəcəyi gözlənilir. O cümlədən, Gürcüstan Parlamentinin sədr müavini İrakli Çikovaninin müdafiə naziri postuna namizədliyinə baxılır.

Qaribaşvilini Baş nazir postunda “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. Bundan başqa, mətbuatda yayılan xəbərlərə görə, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili də siyasi səhnəyə çıxacaq.

Qeyd edək ki, 2023-cü ildə İvanişvili “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutdu və qeyd etdi ki, o “hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

Baş nazirin istefasını şərh edən “Nation.ge”nin analitiki, gürcü ekspert David Avalişvili hesab edir ki, Gürcüstan hakim elitasında əsas fiqurların dəyişdirilməsi qərarı ilk növbədə, hazırkı Baş nazir İrakli Qaribaşvili ətrafındakı qalmaqallı məsələlərlə bağlıdır: “Xüsusilə, onun Qərb universitetlərindən birinə oxumağa gedən oğlunu hökumət təyyarəsində müşayiət etməsi əhvalatı böyük səs-küyə səbəb oldu. Başqa bir qalmaqal isə Baş nazirin həyat yoldaşı Nunuka Tamazaşvili ətrafında yarandı. Bağ evinin yanındakı böyük bir meşə sahəsinin Qaribaşvili ailəsinə ixtiyarına verilməsi məsələsi də qalmaqala səbəbn oldu. Bu qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və Bidzina İvanişvili hərəkətə keçmək qərarına gəldi”.

Analitik eyni zamanda, hesab edir ki, hakim partiyanın yaradıcısını istiqamətləndirən əsas məsələ oktyabr ayında keçiriləcək seçkilərin “unikal konfiqurasiyası”dır: “Bu ölkə tarixində seçkinin sırf proporsional əsasda keçirilən ilk seçkilərdir. “Gürcü Arzusu” seçkidən sonra Gürcüstan üçün ənənəvi olan inqilab cəhdlərindən qorunmaq üçün Mixail Saakaşvilinin partiyasını böyük üstünlüklə məğlub etməlidir”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AYNA-ya deyib ki, Gürcüstanda bu proseslərin arxasında şübhəsiz ki, oliqarx İvanişvili dayanır: “Guya İvanişvili siyasətdə yoxdur, amma Gürcüstandakı bütün proseslər onun nəzarətindədir. İndi siyasi elita içərisində baş verən dəyişiklik əmrini verən də İvanişvilinin özüdür. Oliqarx bununla iki həmlə edir: birincisi, Qaribaşvilinin yerinə Kobaxidzeni gətirib onu da yoxlamaq, sınaqdan keçirmək istəyir, ikincisi, oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq görür. Gürcüstanda cəmiyyətin müəyyən kəsiminin indiki hakimiyyətdən narazılığı var. İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur. Mesaj verir ki, “baxın, Gürcüstana yeni nəfəs gəlir”. Hesab edirəm ki, bu, çox hiyləgər gedişdir”.

“Ümumiyyətlə, Gürcüstanda hakim elita rotasiya qaydasında tez-tez dəyişir. Bununla “Gürcü Arzusu” hakimiyyət müddətini uzatmağa hesablanmış addımlardır. Hesab edirəm ki, İvanişvili bu seçkilərdə də “Gürcü Arzusu”nun hakimiyyətdə qalması üçün gedişlər edir ki, bundan sonra da ölkəyə nəzarəti əlində saxlaya bilsin”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
Ardını oxu...
Gürcüstanla Ermənistan arasında əldə edilən razılaşma anti-Rusiya platformasına xidmət edir. Çünki hər iki ölkəni strateji müttəfiq səviyyəsinə çatdıracaq ortaq maraqları yoxdur. Tiflis daha çox Azərbaycan və Türkiyə ilə müttəfiqlikdə maraqlıdır. Ermənistanın isə Gürcüstana verə biləcəyi heç nəyi yoxdur.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Gürcüstan Ermənistana Qara dənizə çıxmaq üçün kommunikasiya xətti verə bilər. Tiflisin ciddi iqtisadi potensialının olmaması reallığı mövcuddur. Belə olan halda İrəvanın iqtisadi cəhətdən Gürcüstandan yararlanması ehtimalı da yoxdur”, - deyə o qeyd edib.

Partiya sədri Gürcüstanla Ermənistan arasındakı strateji müttəfiqliyi Cənubi Qafqazda ciddi siyasi hadisə kimi dəyərləndirmir:

“Azərbaycanın iştirak etmədiyi bu müttəfiqlikdə tərəflər heç nə qazana bilməz. Sadəcə olaraq Gürcüstan və Ermənistanın Rusiya ilə bağlı narahatlığı var. Paşinyanın anti-Rusiya siyasəti, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı hər iki dövlətin Moskva ilə münasibətlərindəki gərginliyin əsasını təşkil edir. Tiflis və İrəvanın hazırda Avropa ilə əməkdaşlığa meyilli olması da burada təsirli amildir”.

Sərdar Cəlaloğluna görə, Rusiya və Qərbə münasibətə görə, Gürcüstanla Ermənistan arasında belə bir razılıq əldə edilib:

“Bu strateji razılaşmada əsas hədəf Rusiyadan uzaqlaşıb Avropaya yaxınlaşmaqdan ibarətdir. Bununla da onlar Avropa dövlətlərinin yaşam tərzlərini ölkələrində tətbiq etmək niyyətindir. Tarixi şərtlərin və Rusiyanın buna nə dərəcədə imkan verəcəyi, Avropanın dəstəyinin necə olacağı sonrakı prosesdir. Ona görə də bu razılaşma iqtisadi maraqlardan daha çox siyasi mahiyyət kəsb edir”.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gravity Construction” MMC 25 may 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 29, mənzil 112-dəı yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rəcəb Sabir oğludur.
Açqı mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin iki veb-səhifəsi olsa da, işlək deyil.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən təmir və dizayn işləri ilə məşğul olur.
Mediada gedən məlumatlarda iddia edilir ki, “Gravity Construction” MMC Səhiyyə Nazirliyinə yaxın şirkətdir. Şirkətin konkret olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyevə məxsus olduğu iddia edilir.
Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məkum olur ki, şirkət ötən il Səhiyyə Nazirliyi ilə maliyyə dəyəri 145 100,88 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Müqavilədə tikili və avadanlıqların cari təmiri nəzərdə tutulur.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadığı əraziləri ilə bağlı fərman imzaladı. Sənəd Rusiyanın Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərində yaşayan ukraynalılarla bağlıdır. Bu, aqressiv Rusiya-Ukrayna müharibəsində Kremlin “rus torpaqlarının geri qaytarılması” arqumentini məhv edir. Amma bu, Ukraynanın Rusiyaya hər hansı ərazi iddiası demək deyil.

Fərman bir neçə vətəndaşlıq haqqında qanun layihəsi kimi, ukraynalıların təkcə Ukraynada ərazisində yaşamadığının sübutudur. Ukrayna ictimaiyyətinin, Ukrayna xalqının dünyanın müxtəlif ölkələrində, o cümlədən rəhbərliyi Kiyevə qarşı çirkin müharibə aparan ölkədə öz nümayəndələri var. Beləliklə, xatırladırıq ki, Rusiya Federasiyasının özündə də ukraynalılar var. Üstəlik, fərmanda adı çəkilən ərazilər ukraynalıların tarixi yaşayış yerləridir.

Bu, ona görə vacibdir ki, Rusiya indi Ukraynaya qarşı ərazi iddiaları irəli sürür. Kreml ruslar demişkən, “rus torpaqlarını” ilhaq edir. Əslində bunlar ukraynalıların tarixən yaşadığı torpaqlardır, lakin tarixən çoxmillətli (Krım kimi) olan torpaqlardır. Amma bu fərmanla Kiyev ruslara xatırladır ki, Rusiya ərazisində ukraynalılar da yaşayır və bu, tarixən də olub. Həm də təkcə fərmanda qeyd olunan rayonlarda deyil.

Məsələn, Uzaq Şərqi və ya ukraynalıların onilliklər boyu yaşadıqları Qərbi Sibir ərazisini də xatırlamaq olar. Çünki oralarda da ukraynalılar kompakt şəkildə yaşayıblar.

Ümumiyyətlə, bütün bunlar əslində Rusiyanın arqumentini məhv edir, Rusiyanın Ukraynadakı tarixən “Rusiya torpaqlarını” geri qaytarması fikrinin gülünc olduğunu göstərir. Axı bu məntiqlə hərəkət etsək, Rusiya öz ərazilərinin böyük hissəsini tarixən orada yaşamış digər xalqlara verməlidir. Beləliklə, bu arqument işləmir. Bu mənada Ukrayna Prezidentinin sözügedən fərmanı təkcə simvolik məna daşımır, həm də ruslara xatırladır ki, onların işğal olunmuş ərazilərlə bağlı arqumenti işə yaramır, ona görə də tarixi reallıqlardan çıxış etmək lazımdır.

Fərmanda qeyd olunan ukraynalılarla Rusiyanın əsarətində olan xalqlar arasında qarşılıqlı əlaqələrin inkişafı tezisinə gəlincə, bu, rus imperializminə qarşı mübarizə strategiyasının elementidir. Bunun qeyd edilməsi Rusiyanın çoxmillətli xarakterini xatırladır. Ona görə də Rusiya həm öz ərazisində yaşayan xalqlara münasibətdə, həm də qonşu dövlətlərə münasibətdə imperiya siyasətindən əl çəkməlidir. Əgər əl çəkməsə, bu imperiya gec-tez öz mövcudluğunu dayandıracaq.

Sadə sözlə desək, əgər Rusiya özünü bir imperiya kimi apararsa, o zaman ukraynalılar, o cümlədən Rusiya ərazisində yaşayan digər xalqlar qarşılıqlı əlaqədə olacaqlar ki, bu da Rusiyanın özü üçün pis nəticələnəcək.

Müəllif: Vladimir Fesenko - “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tbilisidə imzaladığı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola bilər? Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil. Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır. Yəni Ermənistan-Gürcüstan sətaretji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallar yaradacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”.
Normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu

Ardını oxu...
Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı qərarına adekvat cavab vermək niyyətindədir. Yerli mətbuatın yazdığına görə, AŞPA-nın son iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının sona çatması demək olmadığı qeyd edilsə də, rəsmi Bakının mövqeyi fərqlidir.

Azərbaycan bu ədalətsiz və qərəzli münasibətlə barışmaq fikrində deyil və rəsmi Bakı hazırda nəinki AŞPA-dan, bütövlükdə Avropa Şurasından çıxmaq prosedurunu nəzərdən keçirir. Azərbaycan həm də Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər. Bu da bizim tərəfimizdən düzgün addım olacaq. Çünki kiminsə ölkəmizlə şantaj və ultimatum dili ilə danışmağa cəhd etməsi qəbuledilməzdir.

Nə AŞPA, nə də Avropa Şurası (AŞ) ədalətin zəfər çalması, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün nəsə edib. Həm AŞPA, həm də AŞ tərəfindən rəsmi və dəfələrlə tanınan ölkəmizin ərazi bütövlüyü eynidir. Xüsusilə, AŞPA-nın 2085 saylı qətnaməsi qəbul edilib və orada deyilir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi Aşağı Qarabağ vadisində yaşayan azərbaycanlılar üçün süni ekoloji böhran yaradıb və bundan başqa bu fəaliyyət ekoloji təcavüz və bir dövlətin Azərbaycana qarşı düşmənçilik aktı kimi qiymətləndirilməlidir.

Lakin AŞPA bu qətnaməyə əməl etmədiyinə görə Ermənistan Respublikasına qarşı heç bir sanksiya qəbul etməyib. Və Ermənistan nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi məsələsi də Assambleyada qaldırılmayıb. Eyni zamanda Azərbaycandan Azərbaycan qanunlarını tanımaqdan imtina edən Qarabağ separatçılarının hüquqlarını nəzərə almaq tələb olunurdu! Baxmayaraq ki, AŞPA-ya üzv olan dövlətlərdən heç birinin öz ərazisində torpaqlarının beşdə birini işğal etmiş bir ölkənin pasportuna sahib olmasına razı olmayacağı tamamilə aydındır.

Qəribədir ki, AŞPA öz nümayəndə heyətinin ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət edilməməsindən hiddətlənməyi mümkün hesab edib. Bütün bunlar AŞPA-nın 44 günlük müharibədə ölkəmizin tarixi qələbəsinə münasibətini nümayiş etdirərək, birdən-birə iki anti-Azərbaycan qətnaməsi qəbul etdikdən sonra baş verdi. Aydın oldu ki, əslində bu qurum ədalətin təntənəsi və ən paradoksal olaraq AŞPA-nın 2085 saylı qətnaməsinin icrasına heç də sevinmir.

Bundan sonra Azərbaycan AŞPA-da qalmalıdırmı? Yox! Azərbaycanın Assambleyadakı nümayəndə heyəti isə ölkəmizə münasibətdə ikili standartlara etiraz olaraq AŞPA-nın fəaliyyətində iştirakını dayandırdığını elan edərək, qapını yüksək səslə çırpdı. Bu addım nəticədə anti-Azərbaycan mövqeyi nümayiş etdirilən həmin ucuz şoudan əvvəl atılıb. Belə ki, gördüyümüz kimi, ölkəmizin AŞ-dən çıxmağa hazır olmasına ehtimal var.

Bu baxımdan, Al Paçinonun baş rola görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarını aldığı "Qadın ətri" melodramının ən parlaq epizodlarından birini xatırlatmaq istərdim. O, təqaüddə olan polkovnik-leytenant Frenk Sleyd rolunu oynayıb. Zabit kordur və Çarli adlı gənc hər yerə onunla gedir. Oğlan çətinliyə düşür. Oxuduğu Berd məktəbində məhkəmə repressiyasını xatırladan intizam komitəsinin iclası hazırlanır.

Çarlinin tələbə yoldaşı qorxaqdır və onunla bağlı öz planları olan varlı atasının təzyiqi altında dostlarını satır. Həm tələbələr, həm də komitə səssizcə razılaşır. Çarli isə təslim olmur. Çarlinin təslim olmaq fikrində olmadığını görən direktor təklif olunan cəzanı sərtləşdirir: əvvəlcə təhdid etdiyi qəbulda köməklikdən imtina etmək əvəzinə, indi onu məktəbdən qovmaq qərarını elan edir. İclasda görünən polkovnik-leytenant parlaq nitq söyləyir:

“Burada kimin təhsil aldığını bilmirəm. Uilyam Hovard Taft, Uilyam Cenninqs Brayan, Uilyam Tell və ya başqası. Məktəbin ruhu ölüb. Əgər var idisə, demək, artıq ölüdür. Siz burada siçovullar və satqınlar üçün gəmi yaradırsınız.Və əgər bu varlıqları böyük həyata hazırladığınızı düşünürsünüzsə, yanılırsınız. Çünki bu məktəbin elan etdiyi ruhu öldürürsünüz. Bu, nə biabıçılıqdır, nə şou göstərirsiniz?! Burada bir layiqli adam varsa, o da mənim yanımda oturub. Onun ruhu pakdır. O, bununla alver etmir”.

Və hər birimiz indi AŞPA-da nümayiş olunan ucuz tamaşaya baxaraq eyni sözləri deməyə hazırıq. Assambleyanın ruhu, əgər mövcud olubsa, ölüb. AŞPA anti-Azərbaycan qüvvələrin onlara gətirdikləri ilə qidalanmağa hazır olan siçovulların, satqınların və yalançıların əsl gəmisinə çevrilib. Azərbaycan öz ruhunu, vicdanını, Qələbəsini, milli maraqlarını satmır, bu dəyərlərlə alver etmir. Və buna görə də nümayəndə heyətimiz AŞPA-nı tərk etdi. Elə buna görə də Azərbaycan Avropa Şurasından da çıxa bilər.

Müəllif: Əkbər Həsənov - AYNA.az
Ardını oxu...
AŞPA-da Azərbaycan əleyhinə səs verməklə, səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var?
Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqelərini gücləndirib. Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bizim məsələdə səsvermədə iştirakdan imtina edib. Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər.
Misal üçün tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib.
Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir.
Elxan Şahinoğlu
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq
təşkilatlara, birliklərə üzv olaraq müxtəlif istiqamətlərdə olan öhdəliklər
götürdü və hər zaman öhdəlikləri ədalətli olaraq yerinə yetirmiş və sadiqlik
nümayiş etdirmişdir. Lakin bu təşkilatlar Azərbaycana qarşı hər zaman
qərəzli münasibət göstərmişdir.
Belə ki, Azərbaycan 2001-ci ildə Avropa Şurası Parlament
Assambleyasına üzv oldu və götürdüyü öhdəlikləri hər zaman yerinə yetirdi.
Amma bu şura Azərbaycana qarşı qərəzli münasibətilə hər zaman
seçilmişdir. Avropa Şurası son dövrlərdə, xüsusən də, Azərbaycanın 2020-
ci ildəki Vətənmüharibəsi və antiterror əməliyyatından sonra öz qərəzini və
qeyri-adekvat münasibətini daha çox bəlli edərək təzyiqlər göstərməyə
başladı. Bu cür hallar özünü demokratiya müdafiəçisi, bərabərhüquqların
təmin edilməsində əsas rol oynayan bir şuranın götürdüyü öhdəliklərə zidd
hərəkətdir.
Bəllidir ki, bu şuraya üzv olan bir çox Avropa ölkələri, xüsusən də,
Fransa, Almaniya kimi üzv dövlətləri hər zaman erməniləri əssasız olaraq
müdafiə etmiş və Azərbaycana qarşı atılan ədalətsiz addımların əsas
iştirakçısı kimi digər üzvlərə təsir göstərmişdir. Bu da Avropa dövlətlərinin
erməni lobbisinin təsiri altına düşərək ikiüzlü siyasət yeritmələrinə səbəb
olmuşdur. Belə ki, özünü mötəbər demokratik keşikçi, bərabər hüquqların,
azadlıqların təminatçısı kimi göstərən bu şura əslində 30 il ərzində
Azərbaycan torpaqlarının işğal altında olmasına səs çıxarmamış, sadəcə
dinləyici rolunda şıxış edərək, işğalçı Ermənistana qarşı heç bir təzyiq
göstərməmiş, hər hansı bəyanatlarla çıxış etməmiş, Azərbaycanın ədalətli
mübarizəsini dəstəkləməmişdirlər. Təbii ki, bu da haqlı olaraq Erməni
işğalçılarında rahatlıq yaratmış və torpaqlarımızın azad olması üçün heç bir
addım atmamış və Ermənistanın işğalçı siyasəti daha da təcavüzkar hal
almışdır.
Avropanın və bu kimi özünü ədalət müdafiəçisi adlandıran bir çox
təşkilatların erməni lobbisinin təsiri altına düşərək Azərbaycanın haqlı
mübarizəsinə dəstək verməməsi, Ermənistana qarşı qəbul edilmiş
qətnamələrin həyata keçməsi üçün işğalçı dövlətə təsir göstərməmələri
Azərbaycanı ədaləti özü bərpa etməyə məcbur etdi. Belə ki, 2020-ci il
Vətən müharibəsinin nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad
etdi. 2023- cü il sentyabrda antiterror əməliyyatlarından sonra Azərbaycan
öz suveren ərazisini bərpa etdi, separatizmi tamamilə məhv etdi və
separatçı, terrorçu canilər dövlətimiz tərəfindən həbs edildi. Nəticədə
Qarabağda yaşayan erməni sakinlər öz xoşları ilə torpaqlarımızdan
çıxdılar. Məlum məsələdir ki, bu həmişəki kimi Avropa Şurası Parlament
Assambleyası və ona üzv olan ermənipərəst Avropa dövlətlərinin
narahatlığına səbəb oldu və ölkəmizə qarşı təzyiqləri artırmağa başladılar.
Belə ki, 2023- cü il oktyabr ayında Azərbaycana qarşı əsassız bəyanatlar
səsləndirib, ittiham etdilər. Bəyanatda erməni sakinlərinin Qarabağa
qaytarılması tələbi xüsusi diqqət çəkir. Çünki 30 il ərzində Azərbaycanlı
köçkünlərin Qarabağa qaytarılması üçün heç bir adddım, təzyiq, təsir
göstərməyən Avropa Şurasının bu gün könüllü olaraq Qarabağı tərk edən
ermənilər üçün təlaşa düşmələri, onları əsassız olaraq müdafiə etmələri
nəinki, ölkəmizə hətta deyərdim ki, dünyaya qarşı ədalətsiz davranışdı və
burada demokratiyadan söhbət gedə bilməz. Görünür, bu təşkilatda əsas
olan demokratiya deyil dövlətlərin şəxsi maraqlarıdır və şəxsi maraqların
üstünlük təşkil etdiyi bir şura dünyada heç bir dövlətin maraqların müdafiə
edə bilməz, eləcə də insan haqları, azadlıqlar barədə danışmağa haqqı
yoxdur. Avropa Şurasın bəyanatı bununla yekunlaşmır. Belə ki,
Azərbaycanın dinc sakinlərinlərinə qarşı terror törədən, ölkəmizdə
separatçılıqla məşğul olan və hazırda həbsdə olan separatçı rəhbərləri
siyasi həbs adlandıraraq, onların azad etməyə çağırıb, təbii ki, bunlar
Azərbaycana qarşı haqsız münasibətin bariz nümunəsidir. Terrora qarşı
hər zaman mübarizə aparan və bu sahədə töhfələri olan Azərbaycandan
terrorçuların azadlığını istəmək təkcə ölkəmizə deyil, dünyada terrora qarşı
aparılan mübarizəyə zərbədir. Qərbin bu cür ikiüzlü siyasəti, erməni
lobbisinin əlində oyuncağa çevrilmək, Fransa, Almaniya kimi ermənipərəst
mövqeyi müdafiə edən Şura özünə qarşı olan güvəni də sarsıtmış oldu.Və
bu kimi təşkilatlar sadəcə öz mənafeləri xeyrinə çıxışlar edirş.
Belə ki, Avropa Şurası Parlament Assambleyasının 2024-cü il 22
yanvar qış yarım-sessiyasının açılışı günündə AŞPA-da ölkəmizin
nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir.Və buna səbəb
kimi əsassız ittihamlar irəli sürülmüş, dini, irqi ayrı-seçkilik olduğunu, dini
azadlıqların, mətbuat azadlığlarının olmadığı kimi bəhanələr irəli
sürülmüşdür. Halbki, hər kəsə bəllidir ki, Azərbaycan tolerant ölkədir, bəlkə,
dünyanın ən təhlukəsiz ölkələrindən biridir ki, burada istənilən dinin
nümayəndələri sərbəst şəkildə yaşayır, öz inanclarına, dinlərinə ibadət edir,
bu ölkəmizdə hər bir dindən olan sakinlərin rahat şəkildə ibadəti üçün hər
bir şərait yaradılmışdır. Bu gün mətbuatda, sosial şəbəkələrdə xeyli insan
öz fikirlərini rahat şəkildə ifadə edir və heç bir təsirə məruz qalmırlar.
Əlbəttə ki, bunlar sadəcə bəhanədir və əsas məsələnin Qarabağ və Qərbin
erməni təəssübkeşliyidir. Avropa Şurasına qarşılıq olaraq Azərbaycan
Nümayəndə heyəti mətbuata bəyanatla çıxış etmişlər. Nümayəndə
heyətinin çıxışından qısa bir qeyd: “Dünyada heç kim, o cümlədən bu zalda
əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-
nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və
İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq
qərarına gəlib”.
Bəli, bu da haqlı olaraq Azərbaycan Nümayəndə heyətinin özünü
demokratik dəyərlərin müdafiəçisi kimi göstərən Avropa Şurasına və onun
ermənipərəst üzvlərinə verilmiş doğru cavabdır. Bu gün Azərbaycan ədaləti
öz gücü, öz ordusu hesabına bərpa edib. Baxmayaraq ki, Azərbaycanın
haqlı mövqeyini bəyan edən qətnamələr, bəyanatlar var, amma beynəlxalq
birlik, demokratiya təəssübkeşləri buna susdu və sənəd kimi qəbul edilmiş
o qərarlar real həllini tapmadı və biz bu ədaləti özümüz bərpa etdik. Buna
görə də, heç bir dövlət, heç bir birlik, şuralar və dövlətlər Azərbaycana qarşı
təhdid, təzyiq yeridə bilməzlər.
Bu gün müasir Azərbaycan güclü orduya, siyasi iradəyə, iqatisadi gücə
malik, multikultural, tolerant, hər kəsin dəyərlərinə hörmət edən və hər
kəsin azadlıqlarına müdafiə edən, öz müstəqil siyasətini yürüdən ölkə kimi
inkişaf edir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
dia-az.info

Dünyapress TV

Xəbər lenti