Ardını oxu...
"Sevgi iki sağlam insan arasında yaranan ülvi hislərdir. Burada bir-birinin dəyərlər sisteminə qarşılıqlı hörmət, bir-birini olduğu kimi qəbul edib onun ailəsinə, işinə, zövqlərinə və s. sayqı, bir-birinə əlindən gələn qədər maddi, mənəvi, sağlıq, məişət və s. məsələlərdə dəstək və kömək deməkdir. Sevgi həm də məişətini bir yerdə bölüşüb hər halını onunla bir yerdə gözəl yaşamağa deyilir”.

Bu sözləri Yenisabah.az-a sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva deyib. Toksik (zəhərli) münasibətlərdən danışan psixoloq bunun sevgi olmadığını bildirib: “Kənarda evdən, məişətdən sıxılıb özünə rahatlıq axtaran adam o rahatlığı heç vaxt tapa bilməz, o insan məsuliyyət ala bilmədiyi, psixoloji problemləri olduğu üçün bir zamanlar sevdiyi insanla bərabər sevgini inkişaf etdirməkdən, onun qayğısına qalmaqdan boyun qaçırır, daha asan yollar axtarır xoşbəxtlik üçün, amma bu çox zaman bədbəxtliyə aparır. Bəli, sevgini yalnız sağlam insanlar yaşaya bilər. Bir-birinə inanan, güvənən, sadiq olan, hər gününü bir yerdə rəngarəng keçirə bilən insanlar sevgi yaşaya bilər, qalan digər hallarda bu, sevgi yox, psixoloji pozuntudur. Ona görə hələ lap əvvəllər “sevgi xəstəlikdir” ifadəsini eşitmişik. Əgər hər iki tərəf xəstədirsə, bu münasibət qəbrə qədər gedəcək, çünki bu onların norması olacaq və bu münasibət hər iki tərəfi qane edəcək və bu onları nə dərəcədə xoşbəxt edəcək artıq özləri biləcək, yox əgər bir tərəf sağlam bir tərəf xəstə olarsa, bu, hardasa qırılacaq. Sağlam tərəf öz dözmə limitindən asılı olaraq ya dəyişdirməyə çalışacaq, ya güzəştə gedəcək, göz yumacaq, qulaq bağlayacaq, cəza verəcək və s,və s. sona qədər mübarizə aparacaq, dözmə limitinin bitdiyi anda hər şey qırılacaq. O, daha dözmək istəməyəcək, həm də çox zaman belə də olur ki, həmin o, sağlam dediyimiz adam özü də xəstə olur, bu münasibətdə özünü sağaldır və hər şeyi dərk edəndə artıq dözmək istəmir, təbii ki,bunlar hamısı şüuraltı olaraq baş verir,heç kim qəsdən ,bilə bilə xəstə münasibəti seçmir. Digər tərəf də sağalarsa, münasibət sağalır və əsl sevgiyə çevrilir, əks halda, sağalan tərəf tərk edir, o da günahkar hiss edə bilər, peşman hiss edə bilər, amma sağlam düşündüyü üçün və özünə hörmət etdiyi üçün depressiyaya düşmür. Psixologiyada bu cür sevgi toksik münasibətlər adlanır, bu bir-birini zəhərləyən, xəstələndirən münasibətdir. Çox zaman sevgi adlandırdığımız şey asılılqdan başqa bir şey olmur, siqaret, içki və s. asılılıqlar kimi”.

O, qeyd edib ki, kimisə sevmək, həqiqətən xoşbəxt olmaq üçün əvvəlcə bütün psixoloji problemlərdən azad olmaq mütləqdir: “Normal, psixoloji sağlam olan insan aşırı qısqanılmaqdan, təhqir, tənqid, aşağılanma və istənilən növ şiddətdən qaçar, lakin psixoloji asılılığı olan insan buna dözər və özünə bəraət qazandırmaq üçün əzab aldığı münasibəti mənəviləşdirər, ailə, sevgi müqəddəsdir, qorumaq lazımdır və s. kimi qorunması lazım olmayan dəyərləri qoruyub xəstə düşər və gənc nəslə də bu xəstəliyi təbliğ edər, hər kəs özünü dəyərli hiss etmək istəyir, mən gücsüzəm, asılıyam deyə dözdüm deməz, sənin üçün qorudum deyər, sənə minnət verib, özünü dəyərli hiss etmək istəyər.

Sevgi həyat, motivasiya verməli, sənin həyat enerjini artırmalı, səni gözəlləşdirməli, səni yaradıcılığa sövq etdirməlidir, bir sözlə, sevgi səni aşağı çəkməməlidir, səni məhdudlaşdırmamalıdır, səni xəstələndirməməlidir, əksinə, səni fiziki, mənəvi, sosial və s. tərəflərdən daha da gücləndirməlidir, bütün bunların əksi sevgi adlandırdığımız psixoloji pozuntulardır, kiminsə asılılıqları, kiminsə paranoyalarıdır, kiminsə nevrozlarıdır. Təəssüf olsun ki, bizdə belə bir deyim var: sevsə, evlənsə düzələcək.

Xeyr, düzəlməyəcək, əksinə, kimisə bədbəxt edəcək, boşanmaların, bədbəxt ailələrin, travmalı insanların sayın artıracaq. Buna görə də əgər sevmək istəyirsənsə, xoşbəxt olmaq istəyirsənsə, birinci psixoloji problem və pozuntularını sağaltmalısan”.
 
Ardını oxu...
Vətəndaşlar maddi ehtiyacı ilə bağlı vəsait əldə etmək üçün adətən müxtəlif təşkilatlara müraciət etməli olurlar.

Lakin bu zamana bank vasitəsilə kredit əldə etmək xeyli zaman tələb etdiyindən vətəndaşlar bunun üçün qeyri-bank kredit təşkilatı və lombardlara üz tuturlar.

Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

Azərbaycanda qısamüddətli lombard krediti verən şirkətlər çoxdur ki, bu şirkətlər lombard adlanır. Lakin bu gün ölkədəki bank olmayan kredit təşkilatları və lombard şirkətlərinin heç də hamısının fəaliyyəti qənaətbəxş deyil.

Bəzi vətəndaşlar var ki, yüksək faizlə həmin təşkilatlardan girov müqabilində kredit götürürlər, ancaq həm kreditlərini ödəməkdə, həm də girovlarını geri almaqda çətinliklərlə üzləşirlər.

Hətta vətəndaşların girovlarını dələduzluqla ələ keçirən lombard şirkətləri də var. Bu sahədə mövcud problemlərin həlli üçün lombard və bank olmayan kredit təşkilatları ilə bağlı yeni qaydaların tətbiqə nə dərəcədə ehtiyac var?

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cebheinfo.az”a bildirib ki, ölkənin maliyyə sektorunda lobard və bank olmayan kredit təşkilatlarının fəaliyyəti qənaətbəxş sayıla bilməz:

“Son illər həm lombardlar, həm də bank olmayan kredit təşkilatları tərəfindən çox yüksək faizlərlə, ehiyacı olan adamların iqtisadi savadının olmamasından istifadə edərək onlara 30-40 faiz dərəcə ilə kredit vermək, onların əmlakını girov götürmək, sonradan əmlaklarını əllərindən almaq kimi neqativ hallar mövcudur.

Nəticə etibarı ilə bütün bunlar bank və maliyyə sektorunun işinə mənfi təsir göstərir. Məhz bu sahədə onların fəaliyyətinə yenidən baxmaq, onu daha təkmil etmək lazımdır.

Yəni haradasa bir məhdudiyyətlər, ölçülər olmalıdır. Doğrudur, onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Görünən odur ki, bu aktlara yenidən baxılmasına ehtiyac var. Bu gün xarici ölkələrdə həmin qurumlar fəaliyyət göstərmirlər.

Bildirim ki, bank olmayan kredit təşkilatları insanları iqtisadi, maliyyə savadının olmamasından, eyni zamanda ehtiyacının daha çox olmasından istifadə edib, müəyyən tələyə salıb və onlara yüksək faizlə kredit verib, əmlaklarını girov götürüb sonrada da əmlaklarını əllərindən alırlar.

Lombardlarla bağlı da onlarla belə faktlar var ki, insanların qızıl-zinət əşyalarını ucuz qiymətə girov götürüb, müəyyən vəsait verirlər. Dəyərindən bir neçə dəfə aşağı girov götürürlər. Sonra qızıl-zinət əşyalarının götürüb qaçırlar”.

Onun sözlərinə görə, bütün bunların qarşısını alacaq yeni qaydalar işləyib hazırlamaq lazımdır:

“Müəyyən ölçülər, kriteriyalar olmalıdır ki, ondan kənara çıxa bilməsinlər. Tam sərbəstlik verəndə, insanların ehtiyacının yaranmasından, məlumatsızlığından məhz bu sferalarda fəaliyyət göstərən “işbazlar” məharətlə istifadə edirlər.

Təbii ki, cəmiyyətdə bu istiqamətdə maarifçiliyi artırmaq lazımdır. Məsələn, mən adam tanıyıram ki, gedib 37-38 faizlə bank olmayan kredit təşkilatından kredit götürüb. Bu insanın iqtisadi biliyi yoxdur.

Faktlar var ki, bank olmayan kredit təşkilatı iş adamına 40 faizlə kredit verib. Həmin insan təxminən 10 ildir ki, həmin krediti ödəyib bitirə bilmir. Hər dəfə də gecikmələr, cərimələr, yenidən müqavilə bağlayırlar, ödənilməmiş məbləğləri onun üzərinə gəlirlər.

Fakt var ki, vətəndaş aldığı kreditdən 3 dəfə artıq ödəniş edib, yenə də ondan əl çəkmirlər. Çünki evini, yaxud digər əmlakını girov qoyub. Bütün bunlar hamısı dələduzluq hallarıdır. Bir insan bank olmayan kredit təşkilatından, məsələn, 1000 manat kredit götürürsə, onun yerinə 3 min ödəyirsə, onun əmlakını da əlindən almaq istəyirsə, bu artıq nə deməkdir?

Hazırda onların fəaliyyəti müəyyən normativ aktlarla tənzimlənir. Ancaq elə korrektələr edilməlidir ki, bu kredit təşkilatları, lombardlar qeyd edilən hallara yol verə bilməsinlər. Bunun üçün qanunda hədd müəyyən edilməlidir. Yəni sərbəst şəkildə insanları aldatmaq üçün onların bu qədər imkanları olmamalıdır”.
 
 
 
Ardını oxu...
İdarə, müəssisə və təşkilatlar tərəfindən bu hərəkətlərin edilməsi son nəticədə - işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnir.
Qeyd etmək istəyirəm ki, son dövrlər bu sahədə işçilərin əmək hüquqlarının və əmək qanunvericiliyinin pozulması halları artıq bir sistem halını alıb.
Bu barədə - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə edilən şikayətlərin sayı da artıb.
Eyni zamanda xəstəlik vərəqəsinin ödənilməsi sahəsində də işçilətin əmək və digər hüquqlarının pozulmasına yol verilir.
Sanki, bir - birinin qanunsuz hərəkətlərindən ruhlanan bəzi idarə, müəssisə və təşkilatların rəhbərləri, bu qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmadıqlarna görə:əmək qabiliyyətini itirən və buna görə xəstəlik vərəqi alan işçinin evinə -yoxlamaq məqsədi ilə məsul işçilərini göndərir, bu onları qane etmədikdə isə bir çox hallarda - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və ya TƏBİB-Ə müraciət edərək, işçilərə xəstəlik vərəqəsinin verilməsini dayandırmaq kimi təzyiqlər edir, onları - hüquq mühafizə orqanlarına şikayət etməklə qorxudurlar.
İşçilərin əmək hüquqlarını pozan qanunsuz şikayətlər isə çox hallarda: ağır və ya xroniki xəstə olan, uzun müddət xəstəlik vərəqəsi alan işçilərə qarşı edilir. Çox təəssüf ki, bir çox hallarda həmin tibb xidmət müəssisələri əsassız və qanunsuz olaraq bu şikayətləri təmin edir, nəinki, hal hazırda olan xəstəlik vərəqəsini, hətta bir az da irəli gedərək, əvvəllər verilmiş xəstəlik vərəqələrinin ləğv edilməsi barədə də qanunsuz qərarlar qəbul edirlər.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi olaraq aşağıdakı səbəblərə görə idarə, müəssisə və təşkilatların hərəkət və təzyiqini, tibb müəssisənin qərarlarını isə əsassız və qanunsuz hesab edirik:
1. İşçilərə: xəstəlik vərəqələrinin verilməsi hüququ və səlahiyyəti - Azərbaycan Respublikası qanunvericiliyinə görə idarə, müəssisə və təşkilatların səlahiyyətinə aid deyil, onların əmək qabiliyyətini itirən işçinin evinə gedərək yoxlamalar aparması əsassız və qanunsuzdur, işçinin və tibbi orqanların işinə əsassız və qanunsuz müdaxilədir.
2. İşçilərə xəstəlik vərəqəsinin verilməsi hüququ - Azərbaycan qanunvericiliyinə görə tibbi orqanların səlahiyyətlərinə aiddir, idarə, müəssisə və təşkilatlar tərəfindən müdaxilə isə yolverilməz və qanunsuzdur.
3. Əlbəttə: idarə, müəssisə və təşkilatlar xəstə olan işçisinin evinə gedə bilər, onunla maraqlana bilər, lakin bu yoxlama məqsədi ilə deyil, müəyyən sahədə işçiyə kömək göstərmək, maddi yardımlar etmək, sosial və məişət problemlərinin həllində kömək etmək məqsədi daşımalıdır.
4. İdarə, müəssisə və təşkilatlar - sistemli olaraq xəstəlik vərəqi gətirən, bu hüquqdan müəyyən qanunsuz məqsədlər üçün istifadə edən işçilər haqqında - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və ya Təbib-Ə müraciət edə bilərlər, lakin bu müraciətlər sistemli olmamalıdlr, yalnız şübhə doğuran işçilər barədə və bunun üçün kifayət qədər şübhə və əsaslar olduğu halda.
5. Bir faktı da yaddan çıxarmaq olmaz ki, müəyyən qanuni əsaslar olduqda - işçilərə verilən xəstəlik vərəqəsi dayandırıla bilər, lakin əvvəllər verilmiş xəstəlik vərəqələri tibb müəssisəsi tərəfindən ləğv edilə bilməz.
6. İşçilərə əvvəllər verilmiş xəstəlik vərəqələri - tibb müəssisələrinin deyil, yalnız məhkəmə qərarları əsasında ləğv edilə bilər.
7. Bir çox hallarda tibb müəssisələri - hüquq və səlahiyyətlərini aşaraq işçilərə bildirirlər ki, 3-6 ay əvvəl onlara verilmiş, artıq DSMF tərəfindən müavinət ödənilmiş xəstəlik vərəqələrinin ləğv edirlər. Hətta bu barədə olan tibb müəssisəsinin qanunsuz qərarını əsas tutub, işçinin əmək müqaviləsini ləğv edən müəssisələr də olmuşdur
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
9. Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsinə görə həkimlər yalnız məhkəmə qərarı ilə inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
10. Ən maraqlı hal odur ki, bu hallarda hətta əsaslı olaraq işçiyə xəstəlik vərəqi verən həkim və xəstəxanalar belə: idarə, müəssisə və təşkilatların təzyiqindən və hədəsindən,
Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin və ya TƏBİB-n sorğu və müdaxiləsindən çəkinərək işçinin xəstəlik vərəqini bağlayırlar
11. Maraqlıdır ki, qeyd olunan bu hallarda yalnız işçilər maddi və ya digər məsuliyyət daşıyırlar. Lakin, nədənsə əsassız və ya qanunsuz xəstəlik vərəqəsi verən həkim və xəstəxanalar heç bir məsuliyyətə cəlb olunmurlar.
12. Xəstəlik vərəqəsi alan işçinin mənzilinə yoxlama göndərən, bu barədə hətta yoxlama komissiyaları yaradan, işçilərə xəstəlik vərəqəsinin bağlanması barədə qanunsuz təklif və təzyiqlər edən, bu halları sistemləşdirən, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və ya TƏBİB-Ə qanunsuz müraciətlər edən, onlara təzyiqlər edən idarə, müəssisə və təşkilat rəhbərlər: inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdlar.
Azer Quliyev
TEREF
 
 
 
Ardını oxu...
"BakıKart" mobil tətbiqində artıq iki aydan çoxdur ki, problem yaşanır. Metro və bir çox avtobuslarda ödəniş üsulu olan "BakıKart"ın kart ödənişində heç bir problem olmasa da, onun mobil proqramı haqqında bunu demək mümkün deyil. Bir çox istifadəçilər bildirir ki, tətbiq ya ümumiyyətlə açmır, ya parol istəyir və parolu daxil etməsinə baxmayaraq sönür, ya da açır, amma pul balansını göstərmir.

Tələbə Nəzrin Məmmədova deyir ki, tətbiqin işləməməsi problem yaradır: "Hər səhər metroda, avtobus dayanacaqlarında sıxlıq var. Uzun növbələrdə dayanmamaq üçün "BakıKart"ın tətbiqindən istifadə edirdim. Amma hazırda proqram çalışmır deyə, terminalların qabağında vaxt itirirəm".

Onun sözlərinə görə, iyul ayında balansa vəsait yükləyib, amma hazırda ondan istifadə edə bilmir: "Heç bilmirəm, bu pul balansda qalıb, yoxsa yoxa çıxıb? Girib yoxlaya da bilmirəm. Mənim kimi tətbiqdən istifadə edən adamlar çox idi. İndi bütün bu insanların pulu nə oldu?!".

İctimai nəqliyyatda nağdsız ödənişlər üçün "BakıKart" hələ 2016-cı ildən istifadəyə verilib. Kartın qiyməti 2 manatdır.

"BakıKart" mobil tətbiqi isə 2023-cü ilin iyulunda fəaliyyət göstərirdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirirdi ki, mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, "BakıKart"ın balansını artıra və gediş haqqını ödəyə bilərlər: "İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir".

Problemlərə gəldikdə isə, qurumdan "Turan"a deyiblər ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir: "Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik".

Agentlikdən vurğulanıb ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: "Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər".

İnformasiya texnologiyaları (IT) mütəxəssisi Vahid Qasımov bildirir ki, həmin problem bir çox amillərə görə yarana bilər: "İşləməyən əslində "BakıKart"ın tətbiqi deyil, çox güman ki, qoşulduqları serverdir, hansı ki, məlumatları qaytarır".

Mütəxəssis təxmin edir ki, orada hazırda köklü dəyişikliklər olunur: "Metro və avtobuslarda əlavə ödəniş vasitələri qoşmağa çalışırlar. Ona görə də serverdə, ola bilsin ki, bəzi düzəlişlər edilir və server stabil işləmədiyinə görə mobil tətbiq də istifadəçiləri bir qədər incidə bilər".

V.Qasımovun fikrincə, tətbiqin işinin bərpasının bu qədər uzun çəkməsi bürokratik səbəblərdən ola bilər: "İstifadəçilərinin sayının artması ilə server çatdırmaya bilər. İkincisi də, serverdə həqiqətən də hansısa texniki nasazlıq ola bilər. Bu, tələb edir ki, ya yeni serverlər qoşulsun, ya da server başqa bir maşına köçürülsün. Əgər bu əvvəlcədən nəzərdə tutulmayıbsa və buna əvvəlcədən büdcə ayrılmayıbsa, pulun ayrılmasını, tenderin keçirilməsini, yeni serverlərin qoşulmasını gözləməyə məcbur olacağıq".

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə AzadlıqRadiosuna deyib ki, sözügedən mobil tətbiq ictimai nəqliyyatda ödənişin asanlaşdırılması üçün nəzərdə tutulub: "Onun işləməməyi sərnişinlər üçün diskomfort yaradır, vaxt itkisinə səbəb olur. Hazırda dünyada nəqliyyatda nağdsız ödəniş kartları tarixə qovuşur. Düzdür, onlardan istifadəsi hələ qalıb, amma daha alternativ ödəniş vasitələri də var. Adi bank kartları və onların mobil tətbiqləri ilə ödəniş etmək olur. Bizdə də bu sistemi təkmilləşdirmək lazımdır".

Ekspert qeyd edib ki, Azərbaycanda hətta ictimai nəqliyyatın hamısı nağdsız ödəniş sisteminə keçməyib: "Fəaliyyət göstərən bəzi köhnə avtobuslarda texniki səbəblərə görə ödəniş terminalları quraşdırmaq mümkün deyil. Eyni zamanda, ola bilsin, bəzi daşıyıcılar bunda maraqlı deyillər ki, avtobusları yeniləsinlər, ödənişlər şəffaf sistem ilə olsun. Bütövlükdə nağdsız ödəniş sisteminə keçirilsə, yaxşı olar".
 
 
 
Ardını oxu...
Ölkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Taarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:

“Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var”.

İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:

“Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var”.

Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:

“Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir”./Teleqraf.com
 
Ardını oxu...
Minimum pensiya və minimum əmək haqqı necə dəyişəcək və indeksasiyadan nə gözləmək olar?

Yeni ildə təkcə əmək pensiyalarının ənənəvi indeksləşdirilməsi deyil, həm də müəyyən edilmiş pensiya və əmək haqqı minimumunun artırılması gözlənilir. Dövlət başçısı çıxışında bu halı diqqətə çatdırdı və bildirdi ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstəriş verilib.

Əslində, sosial islahatlar paketi adlandırılan ən kiçik maaş və pensiyanın çoxdan gözlənilən artımı heç bir şübhə doğurmur. Bununla belə, saatlıq əmək haqqına keçidlə bağlı bəyanatlar fonunda minimum əmək haqqı ilə bağlı suallar qalmaqdadır. Bir az əvvəl yerli informasiya sahəsində belə bir yeniliyin bütün üstünlükləri müzakirə edildi.

Xüsusilə, Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov hökumətin bu təşəbbüsü ilə bağlı əmək bazarındakı geniş imkanlara toxunub. Onun sözlərinə görə, saatbaşı minimum əmək haqqı bir neçə işdə işləmək istəyənlər üçün hər cür şərait yaradır, əlavə iş vaxtının uçotuna şərait yaradır və bir saata görə əmək haqqının artması ilə əlaqədar əhalinin gəlirlərinin artması qaçılmazdır.

Sıravi işçilərin özləri də nəticə çıxarmağa tələsmirlər və hətta belə bir təcrübə iş vaxtının azaldılması ilə müşayiət olunarsa, maaşların azaldılmasından qorxurlar. Geniş rezonansa baxmayaraq, adi saatlıq minimum əmək haqqının dəyişdirilməsi perspektivləri hələ də məlum deyil, lakin minimum əmək haqqı - yeni və ya köhnə - gələn il mütləq artacaq. Gələn ilin dövlət büdcəsinin nə qədər olacağını zaman və imkanlar göstərəcək.

Minimum əmək haqqı ilə yanaşı, minimum əmək pensiyası da artacaq, indi onun minimum məbləği 280 manatı keçmir (iş stajı olmayan vətəndaşlara 220 manat məbləğində yaşa görə sosial müavinətlə qarışdırmayın). Bu müavinət əmək pensiyalarının illik indeksləşdirilməsi sistemi ilə əhatə olunmur, amma dövlət başçısının sərəncamları çərçivəsində mütəmadi olaraq artırılır.

Ölkənin istehlak bazarında orta nominal əmək haqqının və qiymətlərin artımına uyğun olaraq əmək pensiyalarının illik artımını nəzərdə tutan indeksasiyadan danışırıq. Bir qayda olaraq, hər ilin əvvəlində əmək pensiyalarına yenidən baxılır və pensiyanın vətəndaşların əllərində olan sığorta hissəsi orta əmək haqqının artımına uyğun olaraq artırılır və pensiya kapitalı inflyasiyaya uyğunlaşdırılaraq artırılır. Bu proses yanvar ayından başlayır, lakin Dövlət Statistika Komitəsi əsas məlumatlarla yubandığından vətəndaşlar yalnız fevralda yanvar ayı artımı ilə artırılmış pensiya alırlar.

“Bu ilin 7 ayı üzrə nominal orta əmək haqqı artıq 8,3 faiz artıb və ilin sonuna kimi daha da artım üçün vaxt var. İstənilən halda əmək pensiyalarının artım səviyyəsi bir neçə aydan sonra bəlli olacaq. Ötən aylarda bir faizi ötməyən inflyasiya ilə bağlı rəsmi məlumatlara əsasən, pensiya kapitalının cüzi artacağı gözlənilir”, - deyə V.Bayramov bildirib.

Deputat son dövrlər baş verən sosial əhəmiyyətli hadisələr fonunda, gələn ilin dövlət büdcəsi layihəsində sosialyönümlü xərclərin 14 faiz artırılmasına diqqət çəkib: “Sosial müdafiə və sosial təminat üzrə proqnozlaşdırılan xərclər bu il 4 milyard 391 milyon manata qarşı 4 milyard 998 milyon manat təşkil edəcək. Sosial xərclərin böyük hissəsi Dövlət Sosial Müdafiə Fondunun payına düşdüyündən, icmal büdcədə bu məbləğ xeyli yüksəkdir. Pensiyalar Dövlət Sosial Sığorta Fondunun maliyyə vəsaiti hesabına dövlət büdcəsindən cüzi transfertlə ödənildiyi üçün artan xərclər minimum əmək haqqı ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabr ayına kimi minimum əmək haqqının artırılması ilə bağlı təkliflər verəcək: “Gözlənilən artım təkcə az maaş alan işçilərin deyil, həm də vahid tarif cədvəli səviyyələrində əmək haqqının artırılmasını təmin edəcək. Dövlət büdcəsindən maliyyələşən işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqının dəyişməsinə uyğunlaşdırılmaqla artırılır. Gözlənilən artım özəl sektoru da əhatə edəcək, çünki söhbət elə bir maaş məbləğindən gedir ki, ondan aşağı ödəniş etmək qadağandır”.

Öz növbəsində iqtisadçı ekspert Xalid Kərimli bu il üçün yaşayış minimumunun 270 manat müəyyən ediləcəyini gözləyir. Onun qənaətincə, minimum şərti səbətə ölkənin istehlak bazarında qiymət artımı ilə bağlı yenidən baxıla bilər: “Dövlətin özəl sektorun maaşlarına müdaxiləsi ancaq minimum əmək haqqının artırılması ilə mümkündür”.

Müəllif: Emma Rzayeva
ayna.az
 
Ardını oxu...
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb

“Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini davam etdirərək "Karlara Dəstək" İctimai Birliyi ilə birgə Beynəlxalq Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirib. Tədbirdə “Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib.
Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən görüşdə məktəblilərin sualları cavablandırılıb.
Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci yerə layiq görüb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
"Əməyin mühafizəsi və texniki təhlükəsizlik" qaydaları" — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, kollektiv müqavilə və əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Hər bir işçinin: təhlükəsiz və sağlam şəraitdə işləmək, həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, sağlam və təhlükəsizlik tələblərə cavab verən şəraitdə çalışmaq hüququ vardır.
İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün hər bir işəgötürən sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaratmaıı, əməyin mühafizəsi və tex/təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir.
"Əməyin mühafizəsi və texniki təhlükəsizlik" qaydalarına əməl olunmaması aşağıdakı hal və məsuliyyətin yaranmasına səbəb olur:
-İşçilərin sağlamlığı pozulur və ya vəfat edir.
-Müəssisəyə maddi və mənəvi ziyan dəyir.
-Təqsiri şəxslər məsuliyyətə cəlb olunur.
Bu hallarda təqsirkar müəssisə, idarə və təşkilatlar və işəgötürən işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır, zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq,dəyən zərərin əvəzini tam ödəyir
Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar təqsirkar şəxslər, yol verdikləri qanun pozuntularından asılı olaraq, İnzibati Xətalar Məcəlləsinı uyğun qaydada inzibati məsuliyyət daşıyırlar, müxtəlif məbləğlərdə.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar təqsirkar şəxslər, yol verdikləri qanun pozuntularından asılı olaraq, Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar: təsirlərindən asılı olaraq böyük məbləğdə cərimələr və ya azadlıqdan məhrum etmə cəzası ilə.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Gələn ilin dövlət büdcəsində müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu məqsədlə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq.

Bəs görəsən, maaş və pensiyalarla yanaşı, daha hansı müavinətlər artırıla bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün başda maaş və təqaüdlər də daxil olmaqla, bir çox sosial müavinətlərdə artım gözlənilir: vakansiya

“Maaş və təqaüdlərdə artım olacaq. Müavinətlərdə də artım nəzərdə tutulub. Amma artımın həcmi ilə bağlı indiki rəqəmlərə baxanda belə görünür ki, ən yaxşı halda 10 faiz civarında olacaq. Düzdü, gözləntilər daha yüksək səviyyədədir, amma düşünürəm ki, büdcə parametrlərinə baxanda artımın təqribən 10 faiz civarında olması ehtimalı kifayət qədər yüksəkdir. Yəni, bu səviyyələrdə olacaq, bundan artıq olacağını düşünmürəm.

Ekspert ən ciddi artımın veteranlara verilən müavinətlərdə olacağını diqqətə çatdırıb:

“Yeganə olaraq, 80 manat alan veteranların müavinətlərində daha ciddi artım ola bilər. Daha dəqiq desək, ödənişlərin təqribən 100 manata qaldırılması mümkündür”.
 

Ardını oxu...
“Qeyri-iş günlərində çalışırıq, ödəniş edilmir”

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri iş şəraitindən narazıdırlar. İşçilər deyirlər ki, vəzifə öhdəlikləri olmayan işlərdə çalışmağa məcbur edilirlər, iş saatından artıq işlədilirlər.

İşdən çıxarılma təhlükəsi olduğundan adının mətbuatda açıqlanmasını istəməyən işçilərdən biri Meydan TV-yə bildirib ki, qaydalara görə fəhlələr 35 kq-a yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər.

“Əmək bazarındakı vəziyyət bəllidir, iş tapmaq müşkül məsələdir. Buna görə də hamı susmağa məcburdur. İşçiləri geyimlə vaxtı-vaxtında təmin etmirlər”,-işçi deyib. Bildirib ki, problemlərdən biri də ezamiyyət haqqının ödənilməsilə bağlıdır:

“Həftənin 4 günü üçün 90 manat ödəyirlər. Beşinci gün də ezamiyyət pulu ödənməlidir. Amma işçini 5-ci gün, hətta şənbə gününün yarısınadək işlədirlər, amma cəmi 27 manat yazılır. Qeyri-iş günlərində çalışırıq, ödəniş edilmir”.

Başqa bir işçi də deyib ki, işlər normativə uyğun bölünmür. Bir işçi həm beton vurur, rəngləmə işləri görür və ona tapşırılan digər işləri həyata keçirir. Nəticədə görülən işlər də keyfiyyətsiz olur. Halbuki gün ərzində işçiyə normadan artıq iş yükləmək Əmək Məcəlləsinin tələlərinə ziddir.

“İllik 13-cü əməkhaqları verilməyib. Peşə bayramı münasibətilə müəyyən işçilərə 500 manat mükafat verilib, amma onun da gəlir vergisi tutulur”,-şikayətçilər deyiblər.

Onlar bildiriblər ki, “Azəriqaz” İstehsalat Birliyində kütləvi ixtisarlarla bağlı məlumatlar dolaşır. Buna görə də heç kim normadan artıq yüklənməyə, eləcə də ezamiyyət xərclərinin natamam ödənilməsinə açıq şəkildə qarşı çıxa bilmir.

“Azəriqaz” İstehsalat Birliyindən isə ixtisarlar, eləcə də şikayətlərlə bağlı suallar cavablandırılmayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti