Xəbər verdiyimiz kimi, Türkiyənin Ali Seçki Qurumu prezidentliyə namizədlərin ilkin rəsmi siyahısını yayıb: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.
Yekun siyahı martın 31-də açıqlanacaq.
Prezident seçkisi mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək.
İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.
Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Böyük Birlik; Yenidən Rifah partiyalarının namizədidir. Hür Dava Partiyası da ona dəstək verir.
1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.
1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.
Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq; Demokrat; Demokratiya və Sıçrayış; Gələcək; Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.
1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.
2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına sədrlik edir.
Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.
1964-cü il mayın 4-də doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb, bir müddət müəllimlik edib. 1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlamentin deputatı seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub. Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.
Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət; Ölkəm; Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.
1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, parlamentin deputatı (2011-2015-ci illər) olub.
Partiyalar 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.
Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.
Ali Seçki Qurumu parlament seçkisinə 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Demokratiya və Sıçrayış Partiyası, Ədalət Partiyası, Ədalət-Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Hür Dava Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milli Yol Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Müstəqil Türkiyə Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Fəhlə Partiyası, Türkiyə İslahat Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaxşı Partiya, Yaşıllar və Sol Gələcək Partiyası, Yeni Türkiyə Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Zəfər Partiyası. pressklub
ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından danışıb.
O, rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarına sadiq olduğunu vurğulayıb. Patel ABŞ Dövlət katibinin də dəfələrlə bunu söylədiyini diqqətə çatdırıb. O, bildirib ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün olduqca vacibdir:
“Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyə davam edəcəyik”.
Beləliklə, ABŞ bölgədə təşəbbüsü ələ almağa çalışır?
TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın mövqeyi birmənalı deyil:
“Əlbəttə ki, hər iki ölkə ABŞ üçün olduqca vacibdir və strateji əhəmiyyət daşıyır. Xüsusilə də mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Cənubi Qafqazdakı təsir dairəsi azalır. Rusiyanın təsir dairəsinin azalması ilə ABŞ regionda nüfuz qazanmağa çalışır. Rəsmi Vaşinqton bunu isə regionun əsas “yarası” olan Ermənistan-Azərbaycan münaqişəsi üzərindən etmək istəyir.
Nəzərə almaq lazımdır ki, mövcud İran-Azərbaycan gərginliyi fonunda ABŞ Azərbaycanı dəstəkləyir. Hətta bu istiqamətdə 907-ci düzəlişin ləğvi məsələsi də hazırda gündəmdədir. Amma Ermənistan-Azərbaycan məsələsində belə deyil. Çünki erməni lobbisi və diasporu ABŞ-da kifayət qədər nüfuza malikdir. Həmçinin, ABŞ Konqresindəki bir çox konqresmenlər də ABŞ-Ermənistan Dostluq Qrupunun üzvüdürlər. Onlar, erməni lobbisinin “konyak diplomatiyası”nın təsiri altındadırlar. Lakin təbii ki, onlar bütövlükdə ABŞ siyasəti demək deyil”.
Politoloq vurğulayıb ki, ABŞ tərəfindən dəfələrlə belə ifadələr istifadə olunsa da, reallıqda bunlara əməl edilmir:
“Məsələ ondadır ki, iki ölkə arasındakı münaqişənin yekunlaşması üçün Moskva və Vaşinqton planı var idi. Amma Vaşinqton planı da Azərbaycanın maraqlarına cavab vermir. ABŞ Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanımağı məsləhət görür. Ancaq Ağ Ev gələcəkdə Azərbaycanın daxili işlərinə müdaxilə etməyəcəyinə və ermənilərə hansısa formada statusun verilməsi üçün təzyiqlər göstərməyəcəyinə dair zəmanət verməlidir. Biz bu zəmanəti almayacağımız təqdirdə, ABŞ-ın proseslərdə iştirakı o qədər də konstruktiv olmayacaq.
Yəni ABŞ-ın vasitəçiliyə ilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalansa belə risk tam aradan qalxmayacaq. Çünki bütün bu hadisələrdən sonra ABŞ Azərbaycana rəsmi və ya qeyri-rəsmi formada ermənilərin hüquq və azadlıqlarının təmini adı altında onlara status verilməsini tələb edə bilər. Rəsmi Bakı bu tələbi yerinə yetirmədikdə isə ciddi sanksiya və təzyiqlərlə üzləşə bilər. Ona görə də ABŞ-ın prosesdə iştirakını müsbət qiymətləndirmirəm. Lakin mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan tərəflər arasında diplomatik manevrlər edə və prosesi özü maraqları çərçivəsində tənzimləyə bilər”.
Ekspertin sözlərinə görə, ABŞ indiki məqamda bölgədə təkbaşına təşəbüssü ələ ala bilməz:
“Çünki ABŞ regiondan xeyli uzaqdır. Nəzərə almaqdır ki, prosesin özəyi Rusiya ilə bağlıdır. Münaqişəni yaradan və həllinə dən böyük problemi yaradan ölkələrdən biri Rusiyadır. Rəsmi Bakı indiki məqamda balans diplomatiyasından istifadə etməlidir. Yəni Rusiya proseslərə müdaxilə etsə, ABŞ-la əməkdaşlıq etmək lazımdır. Əgər ABŞ məsələlərə konstruktiv yanaşsa, Rusiya ilə əməkdaşlıq etmək lazımdır. Bu iki böyük gücün toqquşan maraqları fonunda öz maraqlarımızı təmin edə bilərik”.
"Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı zamanı deyib.
C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib.
Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub.
Nazir, həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb.
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər. Teref.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə şənbə günü axşam İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.
İkinci soyuq müharibənin potensial olaraq birincidən daha təhlükəli olub-olmaması ilə bağlı suala Kissincer müsbət cavab verib. Onun fikrincə, bu, ABŞ və Çin arasında başlaya bilər. O, bunu bu ölkələrin müqayisə edilə bilən maliyyə resurslarına malik olması ilə izah edib. Qeyd edib ki, birinci soyuq müharibə zamanı vəziyyət belə olmayıb. ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, “Çinin qərbləşməsini gözləmək” artıq inandırıcı strategiya deyil.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen gələn ayın əvvəlində Fransa Prezidenti Emmanuel Makronla birlikdə Çinə səfər edəcək.
"Politico" xəbər verir ki, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitindən sonra mətbuat konfransında Emmanuel Makron deyib.
O, aprelin 4-də Leyenə onu Çinə səfərində müşayiət etməyi təklif etdiyini deyib və əlavə edib ki, bu, onların “vahid mövqedən” danışa bilməsi üçün də vacibdir.
"Mənim Avropa mandatım yoxdur, çünki Fransanın müstəqil diplomatiyası var, amma mən Avropa koordinasiyasına bağlıyam" deyə Makron əlavə edib.
Avropa Komissiyasının sözçüsü də Ursula von der Leyenin Makronla birlikdə səfərini təsdiqləyib.
Çinə səfərindən əvvəl von der Leyen gələn cümə axşamı (30 mart) Brüsseldə Aİ-Çin münasibətləri ilə bağlı çıxış edəcək.
Fransa Prezidenti həmçinin Almaniya Kansleri Olaf Şolts ilə Çinə səfəri müzakirə etdiyini və ikisinin "ortaq bir baxış"a sahib olduğunu söyləyib. Qeyd olunub ki, bu baxış Rusiyaya təzyiq etmək üçün Çinlə əlaqə saxlamaqla bağlıdır.
"Biz ərazi suverenliyi də daxil olmaqla, beynəlxalq hüquqa riayət edərək münaqişəni dayandırmaq üçün hər şeyi etməliyik" Makron deyib.
Xatırladaq ki, bu həftə Çin lideri Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.