Türkiyədən Azərbaycana geyim ixracı azalıb. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında qardaş ölkədən hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azalaraq, 15 milyon 565 min 44 dollara bərabər olub.
Bu tendensiya yerli istehsal və satış bazarına necə təsir göstərəcək?
Globalinfo.az-a danışan iqtisadçı Elmir Səfərli deyib ki, Türkiyədən geyim ixracının azalmasının əsas səbəbi Çin faktorudur:
“Çin Türkiyə satış platformasına nisbətən, məhsulu daha ucuz təklif edir. Buna görə də vətəndaşlar oradan alış-veriş etməyə üstünlük verirlər. Təbii ki, müəyyən bir qism hələ də qardaş ölkədən geyim almağı seçir. Amma inanmıram ki, ixracın azalması yerli istehsala təsir etsin. Onsuz da Azərbaycanda geyim və tekstil sahəsi aktual səviyyədə deyil. İdxal Çin bazarına yönəldiyi üçün bu rəqəm digər dövlətlərlə müqayisədə az görünür”.
İqtisadçı bildirib ki, Çin şirkətindən məhsul əldə etmək istehlakçılar üçün faydalıdır:
“Lakin prosesin iqtisadiyyatımıza müəyyən zərərləri mümkündür. Çünki bu, yerli istehsala mane yaradır. Öz məhsulumuzun maya dəyəri Çin və ya digər ölkədən alınanlardan daha baha başa gəldiyi üçün sahibkarlar da istiqaməti dəyişir. Nəticədə bu, iqtisadiyyata mənfi təsir edir”.