Ardını oxu...
Asim Mollazadə: “Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir və inanıram ki, vətəndaşların haqqı tanınacaq”

Fazil Mustafa: “Vətəndaşların tələbləri yerinə yetirilməlidir - bu, mülkiyyət hüququdur və Konstitusiyada öz əksini tapıb”

Bəlli olduğu kimi, 2011-ci ildə tədavül müddətinin başa çatması ilə əlaqədar olaraq özəlləşdirmə paylarından istifadə edə bilməyən yüzminlərlə Azərbaycan vətəndaşı hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə payları üzərindəki haqlarının bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət də ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çox olduğundan onların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər. Hüquqşünasların sözlərinə görə, özəlləşdirmə payları “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və həmin qanunda vauçerlər üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Bu baxımdan tədavül müddətinin başa çatması ilə bağlı qərar əsassızdır. Konstitusiya Məhkəməsi bu müraciətə hüquqi cəhətdən aydınlıq gətirməlidir.

Özəlləşdirmə payları əlində qalan vətəndaşlar aidiyyəti instansiyalara, o cümlədən Milli Məclis üzvlərinə müraciətlər ünvanlayırlar. Bundan əlavə, indiyədək Milli Məclisin onlarla deputatı, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri Azərbaycan hökumətinə müraciət edərək, özəlləşdirmə payları əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini istəyiblər. Onların bununla bağlı çağırışları mətbuat orqanlarında da dərc olunub.

Bu səbəbdən bütün media nümayəndələri və vətəndaşlar üçün cox maraqlıdır: özəlləşdirmə prosesi və özəlləşdirmə çekləri ilə bağlı problemlər barədə yüzminlərlə ailələr adından müraciət edilmiş hansı dövlət orqanı və 35 deputatdan hansılar Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Çünki vətəndaşlar adından Milli Məclis üzvlərinə göndərilən məktubların çatmasından 1 ay vaxt keçib.

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında özəlləşdirmə payları əlində qalan vətəndaşların hüquqlarının bərpa olunmasını vacib saydığını deyib: “1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən bununla bağlı imzalanan fərmanda qeyd olunurdu ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq paylanılır. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar yer alırdı. Yenicə müstəqilliyə qədəm qoyan və bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşları üçün bu, çox mühüm bir qərar idi”.

“2011-ci ildə tədavül müddətinin baş çatdığı elan edildi. Bu qərardan sonra yüzminlərlə ölkə vətəndaşı dövlətin onlara ayırdığı paydan istifadə hüququndan məhrum oldu. Onlar bu gün də o çekləri qoruyub saxlayırlar. Lakin heç bir real dəyəri yoxdur. Hansı ki, bu vauçerlər qiymətli dövlət kağızıdır və onların istifadəsinə şərait yaradılmalıdır”, - deputat bildirib.

Mollazadənin sözlərinə görə, məsələ ilə bağlı onlara da müraciətlər daxil olur: “Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”.

Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da AYNA-ya açıqlamasında problemdən xəbərdar olduğunu söyləyib: “Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların dövlətin onlara ayırdığı paydan bəhrələnməsi üçün şərait yaradılması zəruridir. Özəlləşdirmə payları paylanan zaman əhaliyə deyilməmişdi ki, bu vauçerlər müddətlidir. Maariflənmə səviyyəsi də yüksək deyildi. Əslində, qiymətli kağız olaraq dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin müddətli olması da məntiqə və hüquqa uyğun deyil”.

“Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində bu gün də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bununla bağlı Milli Məclisin deputatlarına, habelə mənə də müracitə ünvanlanıb. Biz bu müraciəti Konstitusiya Məhkəməsinə yönəltmişik. Qərarı Konstitusiya Məhkəməsi verəcək. İnanıram ki, ədalətli qərar olacaq. Vətəndaşların tələbləri yerinə yetirilməlidir. Bu, mülkiyyət hüququdur və Konstitusiyada öz əksini tapıb”, - deyə Mustafa fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
 
 
 
Ardını oxu...
“Bahalı xarici avtomobillər, dəbdəbəli yaxtalar və milyardlarla dollarlıq sərvət – demək olar ki, hər kəs belə bir mirasın arzusundadır. Ancaq doğuş zamanı “şanslı bilet” yalnız bir neçə nəfərə düşür. Bəzilərinə nənənin xalçası və çini qablar, digərlərinə isə milyardlarla dollar, daha dəqiq desək, 20,5 milyard dollar qismət olur.

“Forbes”ın versiyasına görə Rusiyanın ən varlı varisi, “Lukoil”in təsisçisi Vahid Ələkbərovun oğlu 33 yaşlı Yusif Ələkbərovun gələcəkdə ümid edə biləcəyi bu məbləğdir.

Musavat.com xəbər verir ki, Rusiyanın “Moskovskiy Komsomolets” qəzetində Vahid Ələkbərovun oğlu Yusif və digər milyarder balalarına həsr olunan xüsusi yazı bu cümlələrlə başlayır.

Qeyd edək ki, “Forbes”in reytinqində Yusifdən sonra 11 yaşlı Tara Melniçenko və onun 6 yaşlı qardaşı Adrian gəlir. “YevroXim”in qurucusu Andrey Melniçenkonun övladlarının hər birinə 12,6 milyard dollar miras qalacaq.

Qəzet Yusif Ələkbərovun dəbdəbəli həyatını belə təsvir edib:

“Elit klublar, şənliklər, brilyantlar- bunlar ancaq filmlərdə görünür. Sosial şəbəkələrdə qapalı profil, minimum dostluq və cəmiyyətdən təcrid isə real həyatın tələbidir. Hesabında milyardları olan bir insanın həyatında qiymətli birisinizsə, sizi də xüsusi formada qoruyurlar.

Yusif Ələkbərov Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft-qaz yataqlarının istismarı fakültəsində oxuyub. Həmin dövrün məzunları Yusif Ələkbərovu belə xatırlayır – universitetə gəlib, başqa yerlərə getməyib, maşını daim ali məktəbin həyətində dayanıb, universitet içində onu həmişə iki mühafizəçi müşayiət eləyib.

Zəngin varis digər tələbələr arasında xüsusi olaraq seçilməyib. Hamı onun kimin oğlu olduğunu bilib, amma tanış olmaq üçün yanına getməyə cürət etməyiblər.

Neftçi karyerasında kiçik Ələkbərov atasının yolu ilə gedib. Gələcək neft maqnatı Vahid Ələkbərovun özü əmək fəaliyyətinə Xəzər dənizində qazma ustası, Koqalımda (hazırda LUKOIL-un əsas istehsal müəssisələrinin yerləşdiyi şimal şəhəri. – Red.) şəxsi bizneslə başlayıb. Bu şəhərdə indi də Vahid Yusifoviç haqqında əfsanələr dolaşır. Biri deyir ki, quyuda işləyərkən partlayış olub. İki fəhlə ölüb, Ələkbərov özü isə 12 metr hündürlükdən açıq dənizə tullanıb. O, sağ qalıb və sahilə çıxıb. Həqiqətdir, yoxsa uydurma, bunu demək çətindir…

Materialda qeyd olunur ki, dollar milyarderi universiteti bitirən oğlunu da Koqalımda quyu qazmağa göndərib. Yerlilər Yusif Ələkbərovun dəbdəbəli avtomobilini indi də xatırlayırlar. Yeri gəlmişkən, onun tam avtomobil parkı var. Orada neçə maşının olduğunu bilən yoxdur. Sosial şəbəkələrdəki bir neçə fotoda cəmi iki avtomobil görünür. Birincisi 9,5 milyon rubldan başlayan (təxminən 112 min ABŞ dolları) qara “Porsche”dir. Yeri gəlmişkən, bu avtomobil şəxsən onun adına qeydiyyatda olmayıb. Şəkil 2018-ci ildə yerləşdirilib, o zamanlar bahalı xarici avtomobilin rəsmi sahibinin kim olduğu məlum deyil.

Yazıda bildirilir ki, sürət Yusif Ələkbərov üçün sevimli məşğuliyyətdir. Cəmi bir il ərzində avtomobilə 27 cərimə yazılıb ki, bunların əksəriyyəti sürət həddini aşmağa görə baş verib. Hamısı ödənilib, ümumi məbləğ 41.000 rubl təşkil edir.

Yusifin ikinci avtomobili daha bahadır – 11,6 milyon rubldan (təxminən 140 min ABŞ dolları) başlayan “Mercedes-Benz”. 2021-ci ildə onun cəmi üç cəriməsi olub.

Yusif evlidir, xanımının adı Alisadır. 35 yaşlı xanım onunla 2016-cı ilin aprelində evlənib. Toydan qısa müddət o, dəbdəbəli “Mercedes-Benz”in sükanı arxasına keçib. Əri bu maşının qarasını, özü isə ağını sürüb. Və xanım sürətdə heç də ərindən geri qalmayıb. Onun sürdüyü maşınla bağlı 2021-ci ilin təkcə üç ayında 33 yol qayda pozuntusu qeydə alınıb.

Toydan sonra Alisa Yusiflə birlikdə “Lukoyl”da işə düzəlib və eyni zamanda şəxsi biznesini idarə edib. O, Na-Kurort turizm agentliyinin sahibidir. Son bir il ərzində şirkət öz sahibəsinə 78,5 milyon rubl gəlir və 7,6 milyon xalis mənfəət gətirib.

Yusif toydan sonra ilk dəfə sosial şəbəkələrdə ailə həyatının şəkillərini paylaşıb: yaxtada tətil, İspaniyaya səyahət, sevgilisi üçün böyük çiçək buketləri. Amma daha sona profildəki romantikanın azaldığı görünüb. Şayiələrə görə, cütlük ayrılıb, lakin şəbəkədə bu mövzuda etibarlı məlumat yoxdur.

Atasının Yusifi “Lukoil” şirkətinin idarəçiliyinə cəlb etmək istəyinə baxmayaraq, o, şəxsi biznesini qurur. Yusif Ələkbərov “AMC-Reklama” şirkətinin qurucularından biri olub. Həmin şirkət marketinq və kommunikasiya xidmətləri üzrə ixtisaslaşıb. 2011-ci ildə firma ləğv olunub. 2022-ci ilin avqustunda isə onun daha bir müəssisəsi – daşınmaz əmlakın idarə edilməsi ilə məşğul olan “Yusal” şirkətinin fəaliyyətinə son qoyub.

Lakin kiçik Ələkbərovun başqa bir layihəsi “Ekto holdinq” uğur qazanmağı bacarıb. Holdinqə neft məhsullarının daşınması ilə məşğul olan “VPT” şirkəti daxildir. 2022-ci il üçün onun gəliri 10 milyard rubl (119 milyon 696 min ABŞ dolları, xalis mənfəəti isə 1,8 milyard rubl (21 milyon 538 min ABŞ dolları) təşkil edib. Holdinqə məxsus başqa bir şirkət “B Planı” sərinləşdirici içkilərin istehsalı ilə məşğuldur. 2022-ci il üçün onun gəliri – 120 milyon rubl (1,4 milyon ABŞ dolları), mənfəət – 6,5 milyon rubl (təxminən 80 min dollar) civarında olub.

Varis öz biznesini qurarkən, “Lukoil”in səhmləri böyüyür. Əgər 2020-ci ildə onun mirası 18 milyard dollar qiymətləndirilirdisə, indi bu, artıq 20,5 milyard dollardır. Vahid Ələkbərovun Yusifə vəsiyyət edə biləcəyi səhm paketi isə bölünməzdir.

Vərəsə onu başqasına sata bilməz.
 
Ardını oxu...
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot faizini 8,50 faizdən 15 faizə yüksəldib və pul siyasətində mərhələli keçidin siqnalını verib. Qərarda sərtləşdirməyə səbəb kimi "İdarə Heyətinin inflyasiyanı mümkün qədər tez cilovlamaq, inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesinə başlamaq qərarına gəlməsi" göstərilib.

Qərarda inflyasiya proqnozunda nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər pul siyasətinin sərtləşdirməsinin zərurət yarandıqda mərhələli şəkildə gücləndiriləcəyi bildirilib. Mətndə bildirilir ki, monetar sərtləşdirmə prosesinin başlanması ilə pul siyasətinin effektivliyi artacaq.

Makroprudensial çərçivədə tədricən sadələşdirmə
TCMB qərarının mətnində ehtiyat tədbirlərinin sadələşdirilməsi üçün mərhələli keçid mesajı verilib. Mövzu ilə bağlı mətndə deyilir ki, "İdarə Heyəti mövcud mikro və makroprudensial çərçivəni bazar mexanizmlərinin funksionallığını artıracaq və makromaliyyə sabitliyini gücləndirəcək şəkildə sadələşdirəcək. Təsir təhlilləri aparılmaqla sadələşdirmə prosesi mərhələli şəkildə həyata keçiriləcək".

 
Ardını oxu...
Son aylar Azərbaycanla Avrasiya İqtisadi İttifaqı(Aİİ) arasında əməkdaşlığın mümkün möhkəmləndirilməsi ilə bağlı tədbirlərin sayının kəskin şəkildə artması ilə yadda qaldı.
Qeyd etməyə bilmərəm ki, bir qrup həmfikirlərlə birlikdə Azərbaycanın Aİİ-da iştirakı ideyasının kökündə dayanan bu sətirlərin müəllifi üçün çox xoşdur ki, bizim ideyalar qəbul olunur və praktiki müstəvidə tətbiq edilir.
Azərbaycanın Aİİ-na daxil olması lehinə arqumentlərimi təqdim edirəm:
1. Xarici iqtisadi prioritetlər. Rusiya ilə - quruda, Qazaxısatanla - dənizdə qonşuluğumuz. İqtisadi əlaqələrimiz kifayət qədər dayanıqlıdır. Rusiya idxal üzrə əsas tərəfdaşlarımızdandır
(18 %). İxracatda - Rusiya 3-cü yerdədir, lakin qeyri-neft sektoru üzrə RF əsas ixrac bazarımızdır. 2022-ci ildə Qazaxıstanla ticarət dövriyyəmiz 4,5 dəfə, Rusiya ilə 24 % artmışdır.
2. Ötən il ölkəyə xaricdən köçürülən 3,6 mlrd. ABŞ dollar həcmində vəsaitin 80 %-dən artığı(təqribən 3 mlrd. ABŞ dolları) Ruisiyanın payına düşür. Bu isə 2022-ci il dõvlət büdcəsində nəzərdə tutulmuş gəlirlərin təxminən 20 %-nə bərabərdir. Eyni zamanda nəzərə alaq ki, əmək haqqı və bir sıra digər mənbələrdən fərqli olaraq, pul köçürmələri vergi və başqa yığım təzyiqlərinə məruz qalmır.
3. Fikrimcə, Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin digər dövlətlərdən respublikamıza göndərilən pul köçürmələrini 5 dəfə üstələməsi və bu göstəricinin ölkəmizin bütöv qeyri-neft ixracatının həcminə təqribən bərabər olması bizi məhz hansı ölkənin əsas xarici iqtisadi tərəfdaşımız olması barədə düşündürməyə bilməz.
4. Azərbaycanın Aİİ-na daxil olması nəticəsində Azərbaycan şirkətləri müxtəlif məhsullara tətbiq edilən idxal rüsumlarından azad olunaraq mənfəətlərini xeyli dərəcədə artıra bilərlər. Bu, o cümlədən, metal, agac, taxıl məhsullarına aid edilə bilər. Taxıllla bağlı məsələnin sosial-iqtisadi amil olaraq xüsusi həssaslığınî nəzərə alaraq, onu, zənnimcə, xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, ölkəmizin Aİİ-na üzv olması respublikamızda taxıl qiymətləri və Azərbaycan bazarının taxîl təminatı problemlərinin kökündən həllinə şərait yarada bilər.
Bu Azərbaycanın Avrasiya İqtisadi İnteqrasiya prosesində iştirakının lehinə olan tutarlı arqumentlərin yalnız bir hissəsidir. Bununla yanaşı, zənnimcə, bu məsələnin qoyuluşunun aktuallığı tədricən yalnız artacaq!
Elşad Məmmədov
Teref.az
 

    

Ardını oxu...
Bakıda mənzil bazarında qiymət artımları nisbətən səngiyib. Xüsusən, daha bahalı mənzillərdə. Belə ki, 150 min manatadək olan mənzillərin qiymətində oktyabrda 2 faiz, 150-250 min manat qiymət aralığında təklif olunan mənzillərdə isə 1 faiz bahalaşma olub. Avqustda bu artım müvafiq olaraq 6 və 5 faiz olub.

Mənzil bazarında tələb aşağı olsa da, qiymətlər əvvəlki kimi əl yandırır.

Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bahalaşma həm yeni, həm də köhnə tikili binalarda müşahidə olunur:

“Mənzillərin satışı mövsümi xarakter daşıyır - avqustun sonu, sentyabr və yanvar aylarında daha çox satılır, may ayına doğru satışlar sürətlənir. Yayın ilk iki ayı nisbi sakitlik olur. Mənzillər daha çox kreditlə satılır. Həmçinin banklar ipoteka kreditləri verməyə başlayanda əmlak bazarında ciddi canlanma baş verir”.

E.Fərzəliyev qeyd edib ki, son bir neçə ildə satılan mənzillərin əksəriyyəti kreditlə satılıb:

“Tikinti materiallarının qiymətində kəskin artımlar var. Tikilən binaların əksəriyyəti pilot layihələr üzərindədir. Köhnələri söküb, onun yerinə yeni bina tikirlər. İstismar müddəti bitmiş köhnə binaların qiyməti artıb. Bu da tikinti şirkətləri üçün sərfəli deyil. Mənzil sahibləri ilə tikinti şirkətləri arasında daim münaqişələr baş verir ki, bu da prosesi uzadır və mənzillərin satış qiymətinə təsir edir.

Azərbaycandakı əmlak alıcılarının əksəriyyəti birincini deyil, ikinci, üçüncü və ya dördüncü evini alan adamlardır. Kapital kimi saxlayır, kirayə verirlər. Bu məsələlərə görə bizdə əmlak bazarı işləyir. Ancaq çoxkvadratlı, 4-5 otaqlı mənzillərə maraq artıq azalıb”.

Ekspert əlavə edib ki, əmlak qiymətləri insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür:

“Minimal və orta əməkhaqqı ilə yaşayan insanlar üçün çox çətindir. Təklif yüksək olsa da, alıcılıq qabiliyyəti düşüb. Bakının bir çox ərazilərində binaların söküləcəyi ilə bağlı anons verilib. Sürətlə sökülməsini istəyiriksə, mütləq şəkildə satışlarla bağlı müəyyən qanunlarda dəyişikliklər olmalıdır. Tikilməkdə olan mənzillərin, çıxarışı olmasa belə, onlar ipoteka predmetinə çevrilməlidir ki, şirkət də tikə bilsin. Şirkət satdığı mənzillərin hesabına tikə bilir. Sata bilməsə, işi yarımçıq qalacaq.

Satış üçün münbit şərait yaratmaq lazımdır. Tək Azərbaycan vətəndaşları üçün yox, xarici ölkə vətəndaşlarını da cəlb etməliyik. Türkiyədə əmlak alıcılarının böyük qismi digər ölkələrin vətəndaşlarıdır. Hər il Türkiyədə azı yüz mənzil Azərbaycan vətəndaşları tərəfindən alınır. Biz də bunu hansısa formada təşkil etsək, pullar bizə axar, əmlak sektoru inkişaf edər. Qiymətlərin artmasının tərəfdarı deyiləm. Çöküş də kapitalların çökməsinə və ölkə iqtisadiyyatına mənfi təsir edər. Alıcı qüvvəsini cəlb etmək üçün sərfəli satışlar həyata keçirmək lazımdır”.

İqtisadçı-ekspert Eyyub Kərimli isə əlavə edib ki, Ukraynada gedən proseslər mənzil bazarında tələbin artmasına təsir göstərir:

“Hər bir iqtisadi prosesdə qiymətlər tələb-təklif əsasında formalaşır. Ukraynada gedən proseslər mənzil bazarında tələbin artmasına təsir göstərir. Belə ki, tikinti materiallarının əksər hissəsi, əsasən, Rusiyadan idxal olunur. Bu da mənzillərin maya dəyərinin və nəticədə yekun qiymətinin artmasına gətirib çıxarır. Hesab edirəm ki, mənzil bazarında qiymətin tənzimlənməsi üçün geniş ipoteka proqramlarının həyata keçirilməsinə daha böyük ehtiyac var.

Həm dövlət, həm də mənzil tikintisi ilə məşğul olan müəssisələr tərəfindən yaxşı olar ki, geniş ipoteka proqramı, daxili kreditləşmə proqramları həyata keçirilsin. Bu, mənzil bazarında tələbin artmasına səbəb ola bilər”.

E.Kərimli qeyd edib ki, mənzillərin investisiya aləti kimi istifadə edilməsi onların qiymətinə təsir edən amillərdəndir:

“Mənzil bazarına müəyyən qeyri-təbii amillərin təsirini də çox görürük - məsələn, insanlar mənzillərdən investisiya məqsədilə istifadə edirlər. Bir nəfər bir neçə mənzil alır, sonra tikintisinin başa çatmasını gözləyərək satış edir. Qiymətlər enəndə də investisiyanı itirməmək üçün gözləyir, qiyməti salmır. Bu da sözsüz ki, mənzil bazarına müəyyən təsirlər göstərir.

Bu baxımdan, dövlət bu sahədə müəyyən stimullaşdırıcı, pilot layihələr həyata keçirməlidir. Hazırda bizdə böyük sahəli mənzillərin tikilməsi cəlbedici deyil. Yaxşı olar ki, gələcəkdə ekonom formatında mənzillərin tikilməsinə geniş yer verilsin. Bu sahədə müəyyən araşdırmaların aparılmasına ehtiyac var. Hədəfli mənzillər tikilməlidir”.
ipoteka.az
 
 
 
Ardını oxu...
Hazırda un və çörək çatışmazlığı problemi ilə üz-üzəyik.

APA xəbər verir ki, bu barədə İran İslam Şurasının (Parlament) Urmiyadan olan millət vəkili Seyid Salman Zakir bildirib.

Millət vəkili un və çörək çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, hazırda un və çörək çatışmazlığı problemi ilə üzləşiblər və fermerlərin 40 faizi - 400 min milyard rial buğda məhsuluna borcu hələ də ödənilməyib.

Deputat vurğulayıb ki, kənd təsərrüfatı təyinatlı torpaqlarının paylanması problemi yeni təyin edilmiş nazir Məhəmmədəli Nikbəxtin planlarında nəzərə alınmayıb: “Təəssüf ki, fermerlərin tələbatlarının ödənilməsinə, onların problemlərinə, suvarma məsələsinə diqqət yetirilməyib”.
 
Ardını oxu...
Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb.

TEREF.AZ trend-ə istinadən xəbər verir ki, satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildiriblər.

Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümü amillərlə bağlıdır.

"Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır"

Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatında artırıb.

"Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacayıq", - deyə o qeyd edib.
 

Ardını oxu...
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Qeyd edilib ki, bu 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. Yəni 2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb. Ötən ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.
Deflyasiya nədir?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deflyasiya iqtisadiyyatda məhsul və xidmətlərin qiymətlərinin ümumi azalmasıdır, başqa sözlə qiymət artımlarını təcəssüm etdirən inflyasiyanın güzgü effektidir. Beləliklə, deflyasiya həm də zaman keçdikcə milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsilə xarakterizə olunan prosesdir. Onun sözlərinə görə, əmtəə qiymətlərinin enişi və pulun alıcılıq qabiliyyətinin yüksəlməsi ilk baxışdan yaxşı bir şey kimi görünsə də, lakin bu, heç də həmişə belə olmur. Çünki iqtisadiyyat gözləntilər əsasında formalaşır və insanlar qiymətlərin aşağı düşdüyünü hiss etdikdə sonradan daha ucuz almaq ümidi ilə alışlarını ertələyir, pullarına qənaət etməyə çalışırlar.

“Birinin xərci digərinin gəliri olduğundan, bu da biznesi potensial gəlirdən məhrum etməklə istehsalda durğunluğa səbəb ola bilər. Müasir təsərrüfatçılıq da təkcə istehsalla məhdudlaşmadığına görə, deflyasiyanın maliyyə sisteminə də təsirləri nəzərə alınmalıdır. Xüsusən, əvvəlki dövrdə borclananlar deflyasiya zamanı daha artığını ödəmək məcburiyyətində qalır. Məsələn, bir il öncə “X” həcmdə aldığımız məhsulun dəyəri qədər borc götürdüyümüzü və bu müddətdə qiymətlərin 2 dəfə azaldığını fərz etsək, deməli, borcumuz üçün ödədiyimiz vəsait “2X” həcmində məhsul dəyərinə bərabər olacaqdır. İnvestor nöqteyi-nəzərindən isə, deflyasiya qiymət artımları perspektivinə sərmayə qoyan bazar iştirakçılarının zərərə məruz qalması ilə də nəticələnə bilər. Yəni, tunelin sonunda görünən işıq heç də həmişə tunelin çıxışına deyil, bəzən gələn qatara da işarə edə bilir. Bu baxımdan, onilliklər ərzində iqtisadçılar arasında ən əsas problemlərdən biri hesab olunan deflyasiya həm də ciddi araşdırma mövzusuna da çevrilib”- deyə Musayev izah edib.

İqtisadçı deyir ki, deflyasiyanın potensial (müsbət və mənfi) təsirlərini qiymətləndirmək üçün öncə onun səbəblərini təhlil etmək lazımdır. Klassik anlamda deflyasiya əsasən monetar və məcmu tələbin azalması, həmçinin istehsal və məhsuldarlığın artması kimi səbəblərdən baş verə bilər. Monetar deflyasiya dövriyyədəki pul və ya tədiyə vasitəsi olan digər maliyyə alətlərinin azalması nəticəsində yaranırsa, məcmu tələbin azalması çox böyük psixoloji təsirlə birbaşa iqtisadiyyatın daralmasına səbəb olur. İstehsal və məhsuldarlığın artması isə, deflyasiyanın “yaxşı” səbəblərindən hesab edilə bilər. Çünki bu daha çox texnologiyanın inkişafı və əməliyyat təkmilləşdirmələri hesabına baş verir. Bu zaman isə, biznes daha səmərəli fəaliyyət göstərir.

“Son bir neçə on illikdə texnoloji təkmilləşdirmələr kompüter, informasiya texnologiyaları sahəsində ciddi irəliləyəşlərə səbəb olmaqla, məhsulların orta qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Məsələn, ABŞ-da 50-ci illərdə 1 terabayt diskin qiyməti milyard dollarla ölçülürdüsə, indi bu qiymət bir neçə dollara bərabərdir. Elə üçüncü minillikdən bəri dünya üzrə inflyasiyanın aşağı olmasının da əsas səbəblərindən biri sənaye məhsuldarlığının artması və texnologiyanın inkişafı oldu. Texnoloji yüksəliş istehsal xərclərini endirməkdən əlavə, internet vasitəsilə informasiya və reklam qiymətlərini də əhəmiyyətli səviyyədə azaltdı. Digər mühim faktorlar isə Çin və post-sovet regionunun əmək-xammal resursları ilə beynəlxalq aləmə inteqrasiyası və dünya əhalisinin qocalmasından irəli gələn aşağı əməkhaqqı, yüksək yığım motivləri oldu”-deyə iqtisadçı əlavə edib.

Pünhan Musayev Yaponiya nümunəsini misal çəkərək qeyd edib ki, müasir dünyanın ən bariz deflyasiya nümunəsi isə sözsüz ki Yaponiyadır. Belə ki, ötən əsrin sonları birja və tikinti “köpüyü”nün partlaması qocalan əhali problemi ilə birləşərək yığıma meyilli artırır. Bu isə, Yaponiyanı “deflyasiya spiralı”na sürükləyir. Uzun illər ölkənin Mərkəzi bankı pul təklifini artırıb, hətta mənfi faiz dərəcəsi siyasəti tətbiq etsə də problem tələb qaynaqlı olduğundan, onun qarşısını almaq olduqca müşkülə çevrildi. Məhz ona görə təsadüfi deyildi ki, dünya ölkələri 10%-i keçməyən inflyasiya ilə mübarizə apardığı halda, Yaponiya son bir ildə inflyasiyanın 2%-in üzərində durması üçün hər cür səy göstərirdi.

Ardını oxu...
Son dövrlər sosial media marketinq (SMM) terminindən geniş istifadə olunur. Əhalinin kütləvi şəkildə sosial şəbəkələrdə olması, fəallıq nümayiş etdirməsi biznes subyektlərini də öz fəaliyyətlərini müasir dövrün tələbləri ilə uyğunlaşdırmağa, sosial media platformaları üzərindən təbliğata təşviq edir.

Demək olar ki, böyüklü-kiçikli əksər şirkətlərin sosial media hesabları mövcuddur. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, dünya təcrübəsində biznes subyektləri sosial media hesablarından yeni biznes imkanları yaratmaq, müştərilərin əhatə dairəsini və sədaqətini artırmaq üçün istifadə edirlər. Azərbaycanda isə istehlakçıları aldatmağı, onların etimadından sui-istifadə etməyi başlıca məqsədinə çevirən bəzi şirkətlər sosial media platformalarında da bu çirkin məqsədlərinihəyata keçirir.

Təsadüfi deyil ki, endirim adı altında sosial şəbəkələr vasitəsilə müştərilərə saxta təkliflər olunur. Onlar endirimin təfsilatı ilə bağlı məlumat əldə etmək istəyən istifadəçilərə “müraciətinizlə bağlı mesaj poçt qutusuna göndərildi” şəklində qarşılıq verir, ümumi məlumatlar təqdim etməkdən yayınırlar. Sonradan məlum olur ki, endirim adı ilə təqdim olunan təkliflər əslində soyğunçuluq məsədi daşıyır və məhz elə bu səbəbdən də bu cür elanların mahiyyəti gizlədilir. Xüsusən avtomobil satışı ilə məşğul olan şirkətlər bu cür aldadıcı reklamlardan istifadə edir.

Müvafiq qurumlar, konkret olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə bu halların qarşısını almır?

DİA.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında deyib ki, marketinq elminin istehlakçıları aldatmaq üçün çoxlu sayda fəndləri mövcuddur: “Dünyada müxtəlif emlər var. Müasir elmlərdən biri də marketinq elmidir. Bu elmin mahiyyətində nə yolla olursa-olsun alıcıları qapıdan içəri salmaq dayanır. Amma marketinqin mütərəqqi məqamları da var. Sağlam rəqabət, müştəri etibarı və sədaqəti yolu ilə bazara xitab eləmək. Dünya təcrübəsində bundan geniş istifadə olunur”.

“Azərbaycanda isə yalnız birinci işləyir. Guya endirimlər edirlər, əslində isə bu yolla istehlakçıları aldadırlar. Azərbaycanda istehlakçı hüquqları qorunmur. Aidiyyəti dövlət qurumları istehlakçı hüquqlarına deyil, biznesin inkişafına önəm verdiyini bəyan edir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Çünki ölkəmizdə ən çox qorunan zümrə məmurlardır. Azərbaycanda da məmur oliqarxiyası geniş yayılıb. Məmur oliqarxiyasına görə 30 ildir Rəqabət Məcəlləsini qəbul edə bilməyən hökumət istehlakçı hüquqlarını da qorumur”, - deyə həmsöhbətimiz bildirib.

AİB sədrinin sözlərinə görə, istehlakçılarla bağlı çox ciddi problemlər yaşanır: “Qeyd edim ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Ötən 28 ildə bu qanunda 20 dəyişiklik aparılıb ki, onların da hamısı istehlakçıların zərərinə olub. Belə bir şəraitdə insanların aldadılması baş verir”.

“Avtomobil satışı bazarında biabırçı mənzərə hökm sürür. İkinci əl avtomobillərin satışı bazarında vəziyyət daha dramatikdir. Bununla bağlı AİB-ə çoxsaylı müraciətlər daxil olur. Təsəvvür edin, maşının yürüş göstəricisini saxtalaşdırırlar, kredit məsələsində aldadırlar, güzəşt adı ilə soyğunçuluq edirlər. Bütün bunlar ona görə baş verir ki, nəzarət yoxdur. Şikayət edən də yoxdur. Rəsmi şikayət olarsa, məsələyə hüquqi qiymət verilə bilər. İstehlakçılar fırıldaqçı və işbazların təsirinə düşməsinlər, saxta və yalançı vədlərə aldanmasınlar. Ən optimal çıxış yolu budur”, - deyə Hüseynov vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, “Ege Group” şirkətinin direktoru, marketoloq Mikayıl Mirzəzadə mövzuya dair AYNA-ya şərhində bu cür kampaniya aparan şirkətlərin biznes mədəniyyətindən bixəbər olduğunu söyləyib: “Qabaqlar klinika və həkimlər arasında dəb düşmüşdü və yalandan özlərini şişirdirdilər. Guya ki, ABŞ-da, Avropada təhsil alıblar, orada çalışıblar. Əslində isə adlarını yazdırıb sertifikatlar əldə edir və dünyada bir ilkə imza atdığı yalanını tirajlayırdılar. Sonradan bu “məşhur cərrahlar” əməliyyat masasında xəstələri öldürdülər və onların bu əməlləri elə reklamlarını apardığı sosial şəbəkələrdə ifşa olunmağa başladı”.

“İndi də endirim oyununa başlayıblar. “Endirimin mahiyyəti nədir və hansı güzəştləri özündə ehtiva edir” sualına isə fərdlərin şəxsinə göndərdikləri mesaj zamanı aydınlıq gətirirlər. Araşdırma zaman məlum olur ki, bu elan etdikləri “endirimlər” nəinki güzəşt nəzərdə tutur, əksinə, istehlakçıları faktiki soyğunçuluğa məruz qoyur. İstifadəçilər də bunu ictimailəşdirmirlər. Düşünürlər ki, almıramsa, nə zərurət var axı. Bəziləri isə aldanaraq tora düşür. Avtomobil şirkətləri bu cür saxta elanlardan daha çox istifadə edirlər”, - deyə müsahibimiz qeyd edib.

Mirzəzadə aidiyyəti qurumları bu cür hallara qarşı barışmaz mövqedə dayanmağa çağırıb: “Dövlətin bununla bağlı strukturları mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Görünür, istehlakçı hüquqları onlar üçün maraqlı deyil. Dövlət satınalmalarına, tenderlərə də bu qurum nəzarət edir. Hər iki sahədə özbaşınalıq pik həddədir. Lakin “dayan, dur” deyən də yoxdur. Desinlər ki, cəngəllik qanunları ilə idarə olunuruq, hər kəs də öz başının hayına özü qalsın”.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsindən sonra Qazaxıstanın qərb bölgələrindəki böyük neft yataqlarından hasil edilən xam nefti Rusiyanın Novorossiysk limanı vasitəsilə dünya bazarlarına çatdıran Xəzər Boru Kəməri Konsorsiumu (CPC) boru kəmərinin daşınmasında fasilələr yaranıb. Qazaxıstan neftinin əsas ixrac marşrutu olan CPC ilə bu ölkənin ixrac etdiyi neftin 80 faizi boru kəmərləri ilə nəql olunur. Rusiya tərəfi Novorossiysk limanında yaranan fasilələri texniki səbəblə bağlayır. Bu, o qədər də inandırıcı deyil, çünki Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə tərəddüd edir və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmir.

Bu barədə “İRAM Center” yazıb.

Türk nəşrinin təhlilində qeyd olunur:

Təbii ki, Rusiyanın siyasi motivlərlə Qazaxıstan neftinin ixracına mane ola biləcəyi ehtimalı yada düşür. Qazaxıstan tərəfi həm neft, həm də kənd təsərrüfatı məhsulları üçün alternativ marşrutlar üzrə işləri sürətləndirib.

Qazaxıstan neft nəqli marşrutlarının şaxələndirilməsi kontekstində Azərbaycanla fəal danışıqlara başlayıb. Əlavə xam neft həcmlərinin Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batum, Atırau-Batum marşrutları üzrə boru kəmərləri, dəmir yolu və dəniz yollarından istifadə etməklə nəqli variantları gündəmə gəlib.

Bakı-Tbilisi-Ceyhan (BTC) Neft Kəməri artıq Qazaxıstandan, Türkmənistandan, hətta Rusiyadan da neft nəql edib. Qazaxıstan 2023-cü ilin əvvəlindən BTC ilə tədarük etməyə qərar verdiyi 1,5 milyon ton neftin həcmini 6,5 milyon tona çatdırmağı planlaşdırır. Azərbaycan marşrutu ilə yanaşı, Qazaxıstan tərəfi də neft ixracının şaxələndirilməsi məqsədilə Özbəkistan və Çinə dəmir yolu və boru kəmərləri vasitəsilə ixracın daha da artırılması variantları üzərində işləyir. Qazaxıstan ölkənin qərbində böyük neft anbarı tikməklə (Çin təcrübəsi əsasında) və Aktau və Kurik limanlarından neft ixracını artırmaqla uzunmüddətli perspektivdə Rusiya marşrutuna alternativ olaraq Azərbaycan üzərindən Transxəzər marşrutunu (ildə 20 milyon ton) inkişaf etdirmək istəyir.

Eyni zamanda, Qazaxıstan İranla əlaqələrini inkişaf etdirməyi və bu ölkədən Körfəz vasitəsilə həm kənd təsərrüfatı, həm də neft məhsullarını dünya bazarlarına çıxarmağı planlaşdırır (Qazaxıstan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi kimi). Bu ölkə təkcə İrana deyil, Pakistan, Hindistan, Cənub-Şərqi Asiya və Şərqi Afrika bazarlarına buğda, ət və bitki yağı kimi məhsulları ixrac etmək istəyir. İki ölkə arasında Xəzər dənizi üzərindən və dəmir yolu ilə ticarət və tranzit əməliyyatları Şərq-Qərb nəqliyyat dəhlizi baxımından da çox əhəmiyyətlidir.

Ukrayna müharibəsindən sonra Çin-Rusiya-Avropa dəmir yolu marşrutu ilə daşınan yüklərin bir hissəsi Çin-Qazaxıstan-İran-Türkiyə dəmir yolu marşrutuna yönəldilə bilər.

Qazaxıstan prezidenti Kasım Comart Tokayevin 2022-ci ilin iyununda Tehrana səfəri zamanı Qazaxıstan-İran-Türkiyə marşrutu ilə ilk konteyner qatarının açılış mərasimi keçirilib. 2022-ci ilin oktyabr-noyabr aylarında Qazaxıstan və İran 2023-cü ildə multimodal nəqliyyatda (dəmir və dəniz) sınaq və texniki-iqtisadi əsaslandırmalara başlamaq barədə razılığa gəliblər. Qazaxıstan limanlarından İranın şimalına dəniz nəqliyyatı, daha sonra bu ölkənin şimalından cənubda Bəndər Abbas limanına dəmir yolu daşımaları, son mərhələdə isə birgə logistika əməliyyatları haqqında razılıq əldə olunub. Bu limanda taxıl ticarətinə şərait yaradacaq terminal ərazisi ayrıla bilər. İki ölkə arasında nəqliyyat və ticarətin inkişafı ilə yanaşı, elektrik enerjisi və neft mübadiləsi, elektrik stansiyaları üzrə əməkdaşlıq, Qazaxıstanın İran vətəndaşları üçün 14 günlük vizasız rejimi tətbiq etməsi kimi məsələlər də gündəmdədir.

Güclənən regional iqtisadi əlaqələri ilə Qazaxıstanın bölgədəki siyasi və diplomatik imkanları da genişlənir. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrından 2016-cı ilin iyun ayına qədər davam edən “təyyarə böhranı”nın həlli ilə Qazaxıstan iki ölkə arasında münasibətlərin normallaşmasında çox ciddi vasitəçi rolunu oynayıb. Daha sonra, 2017-ci ildə bu ölkənin hökumət və müxalifət nümayəndə heyətləri Qazaxıstanda Suriyadakı vətəndaş müharibəsini dayandırmaq üçün danışıqlara başlayıblar.

Beləliklə, Rusiya, Türkiyə və İranın zəmanəti və Qazaxıstanın ev sahibliyi ilə “Astana prosesi” adlı yeni proses başlayıb. Qazaxıstan bütün bu proseslərdə böyük diplomatik vasitəçilik qabiliyyəti və təcrübəsi qazanıb. Eyni zamanda, bu ölkə regional aktyorlar tərəfindən qəbul edilən diplomatik görüş platforması təklif edir.

İqtisadi potensialını siyasi imkanlara çevirə bilən Qazaxıstanın Çinlə inkişaf etdirdiyi strateji əlaqələr regional tarazlıq baxımından da önəmlidir. Həm də Qazaxıstanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Türkiyə ilə inkişaf etdirdiyi ikitərəfli əlaqələrə əlavə olaraq. İranla iqtisadi və siyasi əlaqələrini Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və hətta Avrasiya İqtisadi Birliyi (Aİİ) çərçivəsində inkişaf etdirir.

Azərbaycan-İran münasibətlərində siyasi gərginlik son zamanlar kəskin şəkildə artsa da, hələ də idarə oluna və geri qaytarıla bilən nöqtədədir. Hələlik iki ölkə arasında birbaşa diplomatik və yüksək səviyyəli təmaslar mövcuddur, lakin siyasi gərginlik artmaqda davam edərsə, Qazaxıstan gərginliyi azaltmaq üçün addım atmaq potensialına malik ölkələrdən biri ola bilər. //Reyting.az//
 

Dünyapress TV

Xəbər lenti