Ardını oxu...
  

İranlı nazirin təklifinə Bakıdan reaksiya: “Çox vacibdir ki, ilk addım bizim tərəfimizdən atılsın...”

COP29 konfransı çərçivəsində İranın mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amiri Bakıda səfərdə olub. Səfər zamanı iranlı nazir Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüşdə Səid Reza Salehi Amiri Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsinin mümkünlüyündən də söz açıb.

Xatırladaq ki, Xudafərin körpüləri Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu ərazisində yerləşir. Azərbaycan tarixi memarlığının incisi sayılan bu körpülərin təxminən XI-XII əsrlərdə tikildiyi güman edilir. 8-9 əsr keçməsinə baxmayaraq, bu körpülər hələ də öz əzəmətini qoruyub saxlaya bilib.

Hər iki körpü tarixi Azərbaycan ərazisinin şimal hissəsi ilə cənub hissəsini ayıran Araz çayı üzərində inşa edilib. Körpülərdən biri 15, digəri 11 aşırımdan ibarətdir. Onları bir-birindən 750 metrlik məsafə ayırır.

15 aşırımlı körpünün uzunluğu 200 metr, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 10 metrdir.

11 aşırımlı körpünün uzunluğu isə 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir.

Xudafərin körpüləri Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab edilir.

Orta əsrlər İran tarixçisi Həmdullah Qəzvini öz məlumatlarında körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da “Allah tərəfindən yaradılmış”, “Allaha mərhaba” mənalarını verir.

Bu körpüləri inşa etdirən şəxslərin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Bununla belə, tarixçilər 15 aşırımlı körpünün 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa edildiyini güman edir.  Xudafərin körpüləri həm də tarixi Azərbaycanı birləşdirən simvolik abidə hesab olunur.

Qədim dövrlərdə Xudafərin körpüsü Hindistandan başlayıb Azərbaycan ərazisindən keçməklə Yaxın və Orta Şərq ölkələrinə, eləcə də Avropaya gedən tarixi İpək yolunun üzərində yerləşib.

Bu baxımdan Xudafərin körpüləri həm də Asiyanı Avropaya birləşdirirdi.

Məlumatlara görə, 1930-cu illərədək nisbətən salamat qalmış 11 aşırımlı körpü ilə o taya-bu taya gedib-gəlmək olurmuş.

Ancaq həmin illərdə körpülərin sahil tağları İran və Rusiya rəhbərliyinin birgə qərarı ilə dağıdılıb. Məqsəd Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək olub. Həmin vaxtdan yerli əhali körpüyə ikinci bir ad - “Sınıq körpü” adını verib.

Təəssüf ki, 1993-cü ildə Qarabağ bölgəsinin digər əraziləri kimi, Cəbrayıl rayonu da işğal olunanda, Xudafərin körpüləri də əsarət alında düşüb. 2020-ci ilin oktyabrına kimi Ermənistanın işğalı altında qalan Xudafərin körpüləri dağıntılara məruz qalıb.

Nəhayət, 27 ildən sonra - 2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək, Xudafərin körpüləri üzərində ölkənin üçrəngli bayrağını ucaldıb.

Bəs tarixi Azərbaycanı birləşdirən simvolik abidə hesab olunan Xudafərin körpülərinin Azərbaycan və İranın birgə əməkdaşlığı ilə bərpası nə zaman mümkün ola bilər?

Ardını oxu...

Sayman Aruz 

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz “Yeni Müsavat”a danışıb: “Xudafərin körpüsü o taylı-bu taylı Azərbaycan xalqının həm mənəvi, həm də ictimai və siyasi tarixində böyük əhəmiyyətə malikdir - həm keçmişdə, həm də bu gün. Hətta keçmişlə müqayisədə bu gün onun əhəmiyyəti daha da artıb. Bunun səbəbi isə 1913-cü ildən bəri "həsrət körpüsü" kimi tanınan bu körpünün artıq “vəsilət körpüsü”nə çevrilməsidir.

Ali Baş Komandanın Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırması təsadüfi deyil. Əslində iki qardaşın arasında birlik yaranmazdan əvvəl onların dost olmağı bacarması vacibdir. Bu gün bizim dövlətimizin əsas siyasəti də məhz bundan ibarətdir. Hətta ən yaxın qohumun və qonşunla belə əvvəlcə dostluq əlaqələri qurmağı bacarmaq lazımdır.

Bu gün Xudafərin körpüsü təkcə həsrət və vəsilət deyil, eyni zamanda dostluq körpüsüdür. Məhz buna görə də dostluq körpülərini hər zaman möhkəm və qüvvətli saxlamaq xüsusi əhəmiyyət kəsb edir. İranlı nazirin Xudafərin körpüsü ilə bağlı təklifi, hər halda, yaxşı təklifdir. Çox vacibdir ki, bu məsələdə birinci addım bizim tərəfimizdən atılsın, layihələr bizdən təqdim edilsin və əsas təşəbbüslər Azərbaycan tərəfindən gəlsin. Çünki hər kəsə məlumdur ki, İran siyasi sistemində mövcud olan ziddiyyətlər bu kimi məsələlərə mane ola bilər. Molla-fars hakimiyyətinin mövcudluğu Azərbaycanın irsinə, xüsusilə də milli irsinə diqqət və əhəmiyyət yetərli səviyyədə verilmir. Bu vəziyyət isə onların Xudafərin körpüsünü xalqımızın gözləntilərinə uyğun şəkildə bərpa etməsinə imkan yaratmır. Bu, yalnız Azərbaycan milli dövlətinin öhdəsinə düşən və onun tərəfindən icra edilə biləcək bir işdir. Buna görə də hesab edirəm ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı təşəbbüs göstərməli və körpünün bərpasına xüsusi nəzarət etməlidir".

 

Yazını hazırladı: Xalidə GƏRAY

Ardını oxu...
Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanın “Həyat və azadlıq” kitabında Qarakənd faciəsi ilə bağlı mühüm detal yer alıb.

Globalinfo.az xəbər verir ki, R.Köçəryan Qarakənd terroru zamanı vurulmuş helikopterdə olan DQMV daxili işlər idarəsinin rəisi Vladimir Kovalyovla yaxın olduğunu yazıb.

O, Kovalyovun vəzifədə olarkən ermənipərəst mövqe tutduğunu bildirib:

“Biz onunla Stepanakert (Xankəndi – red.) yaxınlığında “Həmzə” restoranında görüş təyin etdik. Şücaətini bir daha sübut edən Kovalyov bilmədiyi yerə tək gəldi. Mən və Serj Sərkisyan (Ermənistanın üçüncü prezidenti – red) onu qarşılayıb yeməyə dəvət etdik. Masa təmtəraqlı deyildi, ancaq kabab və tut arağı var idi. Məni təəccübləndirən Kovalyovun məntiqli insan olması idi. O bizə dediki, “Uşaqlar, mən sizin düşməniniz deyiləm. Məni bura xidmətə göndəriblər, bunu da canla-başla edəcəm. Sizinlə döyüşmək fikrim yoxdur, bura sizin torpağınızdır”.

Dediklərindən başa düşdük ki, ermənilərə qarşı addımlar onun ideyası deyildi. Ümumiyyətlə, Kovalyovla yaxşı, səmimi söhbətimiz oldu. O, tut arağına toxunmadı, məncə, ümumiyyətlə, içki aludəçisi deyildi. Biz ayrılmazdan əvvəl bir-birimizin əlini sıxdıq. Sonralar o, dəfələrlə bizə kömək etdi. Onun sayəsində biz Azərbaycan AXCP-si tərəfindən həbs edilmiş bir neçə dəyərli döyüşçümüzü azad edə bildik.

Təəssüf ki, Kovalyov 1991-ci ilin noyabrında helikopter qəzasında həlak oldu”.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında vurulan Azərbaycan hərbi helikopterində bir neçə dövlət rəsmisi həyatını itirib. Ölənlərin arasında Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər İdarəsinin rəisi general-mayor Vladimir Kovalyov da olub. O, Nijni Novqorodda Marina Roşça qəbiristanlığında dəfn edilib.
 

Ardını oxu...
  

Azərbaycanın ən böyük ərazisi olan rayonunun azad edilməsindən 4 il keçdi

Noyabrın 25-də Kəlbəcəri rayonunun işğaldan azad edilməsindən 4 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 10-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bununla da, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Azərbaycan Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub. 44 günlük müharibədə ordumuzun qələbələri və düşməni diz üstdə çökdürməsi adıçəkilən üç rayonumuzun döyüşsüz bizə təhvil verilməsinə gətirib çıxardı. 

Ardını oxu...

Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib və Kəlbəcər rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyulda imzaladığı sərəncama əsasən, 25 noyabr-Kəlbəcər şəhəri günüdür.

Qeyd edək ki, Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.

Xatırladaq ki, Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər 1993-cü i aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun müxtəlif ərazilərində, o cümlədən ən böyük kəndi olan Başlıbeldə dinc əhalinin kütləvi qətliamı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilib.

Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun bütün yaşayış məntəqələrini, dünyada məşhur olan İstisu Sanatoriyasını talayıb, darmadağın edib, yandırıb. Rayon ərazisində olan tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 

Ardını oxu...

2020-ci ildə işğaldan azad edildikdən sonra isə Kəlbəcər yenidən tikilir. Hazırda Kəlbəcər şəhərində yayayış binaları tikilib və yenilərinin də inşası davam edir. Rayonun İstisu qəsəbəsi və bir neçə kəndlərində tikinti işlərinə start verilib. Rayon ərazisində yollar, tunellər tikilir. İşğaldan azad edilən rayonlarımız sırasında ilk istehsal müəsissəsinin fəaliyyətə başaldığı rayon kimi də Kəlbəcər tarixə düşüb. Belə ki, 2 sentybar 2024-cü ildə “İstisu” mineral su zavodu istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyevin indiyədək Kəlbəcərə etdiyi 6 səfər, yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub. Prezident İlham Əliyev Kəlbəcərə ilk səfərində bu rayonu cənnətməkan adlandırıb. 

Ardını oxu...

Ötən dörd ildə Kəlbəcərdə çoxlu sayda Kiçik Su Elektrik Stansiyaları qurulub. Rayona qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir.
Azad Kəlbəcər hər il yay mövsümündə fermer təsərrüfatlarının, arıçılıq təsərrüfatlarını öz bərəkətli torpaqlarında qarşılayır.
Növbəti ildən Kəlbəcər şəhərinə sakinlərin köçrülüməsinə başlanacağı bildirilir. 

Ardını oxu...

25 noyabr təkcə Kəlbəcər rayon sakinləri deyil, bütün Azərbaycan xalqı üçün bir rayonumuzun azadlığına qovuşmasının bayrama çevrildiyi gündür.

 

Etibar SEYİDAĞA

Musavat.com

Ardını oxu...
 
 

Ardını oxu...
  

 

Ermənistan tarixi şansı qaçırsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək; Azərbaycan fərqli marşrut seçməyi yubatmayacaq 

 

“Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu noyabrın 20-də jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.

“Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir qeyd edib.

Əslində bu, türkiyəli nazirin Ankara və Bakı adından İrəvana son çağırışı və ya xəbərdarlığıdır. Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini süni bəhanələrlə ləngidir. Bu istiqamətdə real addımlar atmır. Baş nazir Nikol Paşinyan son olaraq, Kazanda Prezident İlham Əliyevlə görüşdə məsələ ilə bağlı Azərbaycana sadələşdirilmiş keçid təklif edib.

Ermənistan bütün diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qoşulmaq üçün infrastrukturun yaradılmasına yönəldib. İrəvan beynəlxalq maliyyə qurumlarından layihəyə qoşulmağa imkan verəcək eyni adlı magistral avtomobil yolunun tikintisi üçün irihəcmli kreditlər alır. Ötən həftə Avropa İnvestisiya Bankının (EIB Global) bölməsi Sisian-Kacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb. İran sərhədindən Gürcüstan sərhədinə qədər uzanacaq magistralın 2030-cu ilin sonunadək tam hazır olması nəzərdə tutulur - əgər bütün tikinti işləri vaxtında reallaşarsa. İndiyədək yolun yalnız 50 faizə qədərinin tikintisi üzrə müqavilələr bağlanıb, maliyyələşmə təmin edilib. Buna görə də yerli ekspertlər belə onun tamamlanmasının 10 ilə mümkün olacağını proqnozlaşdırırlar. Buna baxmayaraq, İrəvan rəhbərliyi Hindistandan İran üzərindən göndərilən yüklərin mühüm hissəsini öz ərazisinə cəlb etməkdə son dərəcə maraqlıdır. Lakin bu maraqla reallığın üst-üstə düşməsi kifayət qədər çətin və problemlidir. 

Nəzərə alsaq ki, ABŞ-da hakimiyyətə İrana qarşı ən sərt siyasəti dəstəkləyən Donald Tramp gəlir, onda Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizi üçün İran ərazisindəki infrastruktura nəzərdə tutulan yatırımlarının ən azı 4 il dondurulmuş vəziyyətə düşəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ən azı ortada Trampın əvvəlki prezidentlik dövrünün təcrübəsi var...

Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7"yə müsahibəsində bildirib.  

“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ dəhlizdir. Bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə Türkiyə nümayəndəsi bildirib.

Azərbaycan Zəngəzur dəhlizinin bir qolunun İran ərazisindən keçməsi istiqamətində ilk addımlarını 2022-ci ildə atıb. Həmin il martın 11-də Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb.

Sənəddə İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur. Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.

2023-cü ilin oktyabrında  Bakıda Baş nazirin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Eyni zamanda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi aparılıb.

Danışıqların yekunlarında iki ölkə arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;  Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu imzalanıb.

Azərbaycan tərəfi artıq İran sərhədinə qədər dəmiryol xəttinin tikintisini 60 faizdən çox başa çatdırıb. Bu ilin oktyabrında  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, artıq Horadizdən Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir: “İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd - Salam Məlik (Ordubad rayonu) istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryolu xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.

R.Rüstəmov onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlanır. Naxçıvanın dəmir yol sisteminin Türkiyə dəmiryolları ilə birləşdirilməsi işlərinə isə 2020-ci ildən start verilib. Həmin il fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık- Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.

Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir və texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycanla birlikdə icra olunan layihələrin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirdiyini nümayiş etdirməkdədir. O, ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətini nəzərdən keçirən yol nazirliyinin iqtisadi rəsmiləri ilə görüş keçirib. Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yollar nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub Dəmir yolu xəttinin başa çatdırılmasının zəruriliyini vurğulayıb: “Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.

İran prezidentinin qeyd etdiyi hər iki layihə Azərbaycanla birlikdə icra olunur. Rəsmi Tehran Azərbaycanla reallaşdırılan layihələrdən əldə edəcəyi dvidentləri doğru qiymətləndirməyi bacarır. Buna görə də birgə layihələrin icrasını sürətləndirməyi ən doğru yol hesab edir.

Ermənistanın kompromisə getməməsi onun mühüm beynəlxalq və regional layihələrdən kənarda qalmağa davam etməsinə gətirib çıxaracaq. Zəngəzur dəhlizinin işə salınması İrəvanın Azərbaycanın iştirakçısı olduğu Asiyadan Avropaya və əksinə yükdaşımaların ən optimal variantı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulmasını təmin edə bilər. İştirakçı ölkələr arasında bu marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona çatdırılmasını nəzərdə tutan fəaliyyət planı qəbul edilib. Bu hədəfə yaxın 2 ildə, yəni 2025-2026-cı illərdə nail olunması planlaşdırılır. Artıq bu ilin ilk 10 ayında Xəzər dənizi ilə 6,4 milyon tondan çox yük daşınıb. İlin sonunadək daşımaların 7-7,5 milyon tona çatacağı gözlənilir. 

Azərbaycanın dəmiryol sistemi sürətlə təkmilləşdirilir. Hazırda bu sistemin tranzit yükdaşıma imkanları ildə 25 milyon tona çatır. İran üzərindən Naxçıvana çəkiləcək yeni xəttə bu imkanı daha da artıracaq. Rəsmi məlumata əsasən Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 milyon ton yük daşınıb. Bunun mühüm bir hissəsi tranzit yüklərdir. 

Bakı İrəvana göstərir ki, onun ərazisindən olmasa belə, Naxçıvanla zəruri əlaqəni yaradacaq, ölkənin iqtisadi maraqlarından irəli gələn layihələri həyata keçirəcək. Ermənistan bu layihələrdən bəhrələnmək istəyəcəksə, Azərbaycanın təkliflərini qəbul edəcək. İstəməyib kənarda qalacaqsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək...

Dünya SAKİT,

“Yeni Müsavat”

 

Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi müzakirə olunmaqdadır. Tərəflərin son açıqlamalarından bu qənaətə gəlmək olar ki, layihənin böyük bir hissəsi razılaşdırılıb. Ancaq Ermənistanda və bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ və Fransada ölkəmizə qarşı bir sıra əsassız tələblər səsləndirilir.

Məsələn, ABŞ Konqresindəki erməni lobbisinin təmsilçiləri “artsax gəlirlərinin bərpası aktı”nın qəbul edilməsinə dair təklif irəli sürüb. “Artsax gəlirlərinin bərpası aktı”nı Bakıdan qovulan Frank Pallone, Anna Eşo, Set Maqaziner, Ceyms Makqovern, Qreys Napolitano, Linda Sançez, Dina Titus kimi ermənipərəst konqresmenlər dəstəkləyib. Bu səbəbdən Azərbaycan da torpaqlarımızı 30 il işğal altında saxlayan və həmin ərazilərdə, sözün əsl mənasında, ağır cinayətlər törədən bir ölkədən təzminat tələb etməlidir. Prezident İlham Əliyev dəfələrlə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı hüquqi addımların atılacağını bəyan edib.

Bunun bir nümunəsi olaraq, Azərbaycan noyabrın 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatını əks etdirən əsas iddia sənədini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Bunlara Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir. Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib.

XİN-in məlumatında vurğulanıb ki, Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Yada salaq ki, vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də İkinci Dünya müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. İlkin hesablamalara görə, Azərbaycana vurulan zərər 100 milyardlarla hesablanır. XİN-in son açıqlamasından da bəlli olur ki, Azərbaycan bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcək.

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan həmişə sözünü dəyişən və öhdəliklərdən yayınan dövlətdir. O, Ermənistanın da Azərbaycana qarşı iddia qaldırdığını qeyd edərək, hər bir halda Bakının beynəlxalq məhkəməyə müraciətini labüd hesab edir: “Biz dəymiş zərəri hesablamışıq və Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməklə göstəririk ki, bu məsələni unutmuruq, unutdurmuruq və Ermənistanın 30 il enerji resurslarımızı istismar etməsi faktını beynəlxalq məhkəmələr qarşısında diqqətdə saxlayırıq”. Hüquqşünas onu da deyir ki, məhkəmənin qərarından asılı olmayaraq, sülh müqaviləsi imzaladıqdan sonra işğalçı dövlətdən təzminat almaq mümkündür: “Yəni Arbitraj Məhkəməsinin qərarını gözləmədən də sülh sazişinin ardınca kompensasiya almaq mümkündür. Bu, iki dövlət arasında həll edilə bilər. Hər halda, biz iddia qaldırmışıq, cavab gözləyirik. Sadəcə, beynəlxalq məhkəmələr siyasiləşiblər və bir çox hallarda Ermənistanın tərəfini saxlayırlar”. Q.Əlibəylinin sözlərinə görə, Ermənistana qarşı beynəlxalq məhkəmələrdə bir neçə iddia qaldırılıb və işğalçı tərəf təkcə enerji resurslarımızı deyil, Qarabağdakı bütün sərvətlərimizi talayıb, azərbaycanlıların əmlaklarına ziyan vurub, mədəni irsimizi dağıdıb, ibadət evlərini, mədəniyyət ocaqlarını söküb: “Ona görə də dəyən zərərin məbləği çox böyükdür. Burada maddi-mənəvi zərər var və Azərbaycan öz haqqını almaq üçün beynəlxalq müstəvidə mübarizəsini davam etdirməlidir. İlkin qiymətləndirmələrə görə, Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollardan çoxdur. 44 günlük müharibədən sonra azad olunan ərazilərdəki vəziyyət zərərin nə qədər böyük olduğunu göstərir. Hazırda Ermənistanın Azərbaycana vurduğu maddi-mənəvi ziyanlarla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir neçə işə baxılır”.

Maliyyə naziri Samir Şərifov bu il sentyabrın 27-də jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla, dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb. Onun sözlərinə görə, 2025-ci ildə 4 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin dövlət büdcəsi xərclərinin 10,1 faizi deməkdir. Aydındır ki, Azərbaycanı bu xərci çəkməyə vadar edən işğalçı Ermənistandır. Ona görə də İrəvan zəhmət çəkib, həmin xərcləri təzminat şəklində ödəməlidir. Bu mənada Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etməsi tamamilə doğru və qanunidir. İrəvan hər bir sahə üzrə ölkəmizə vurduğu ziyanın əvəzini qarşılamalıdır.
 
Ardını oxu...
20 noyabr Ağdam Şəhəri Günüdür. Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.

O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.

Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi:

"O döyüşə gedəndə xəbər vermirdi. Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi. Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik. Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik".

Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir. Bu gün işğaldan azad olunan digər şəhər və kəndlərimiz kimi, Ağdamda da bərpa-yenidənqurma işləri aparılır. Günü-gündən abadlaşan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Ardını oxu...23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
Lakin, necə deyərlər, haqq nazilər, üzülməz. Azərbaycanın illərlə haqq işi uğrunda apardığı mübarizə nəhayət ki, qələbə ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Bu gün Ağdamın işğaldan azad olunmasının dördüncü ilini böyük sevinc və qürur hissi ilə bayram edirik. İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon hazırda inkişaf və quruculuğun yeni rəmzinə çevrilib.  Prezident İlham Əliyev demişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olundu.
Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
Ağdamın azadlıq günü mübarək olsun!
Arzu Miriyev
Suraxanı rayonu, Q.Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info

Ardını oxu...
Ölkəmizin gözəl və səfalı rayonlarından olan Kəlbəcər 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarından birində demişdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları bizə Böyük Zəfər yaşatdı. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
2020-ci il 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və vətənpərvərdir.
10 noyabr 2020-ci ildə üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. 2020-ci il noyabrın 15-də Kəlbəcər rayonu, noyabrın 20-də Ağdam rayonu, dekabrın 1-də isə Laçın rayonu Ermənistan qüvvələrinin Qarabağın ərazilərindən çıxarılması və qaytarılmasına səbəb oldu.
Bu gün Kəlbəcər rayonunda ikinci Qarabağ müharibəsindən sonra Ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Eyni zamanda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimidə təşkil edilmişdir.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Qədim tarixi yurd yerimiz Kəlbəcər gündən günə inkişaf edərək daha da öz gözəlliyi, məğrurluğu və mərdliyi ilə mənfur düşmənə göz dağ verir.

Aynur Xəlilova - politoloq

 
 
 
Ardını oxu...
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.
2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşası başa çatıb, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası da istifadəyə verilib.
Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını reallaşdıracaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 

Dünyapress TV

Xəbər lenti