![]() |
![]() ![]() ![]() |
|
Akif Nağı: “Qarabağdan köçmüş ermənilərin son zamanlar aktivləşməsində, toplantılar keçirməsində bir hədəf var...”
İrəvanda fəaliyyət göstərən üzdəniraq “Artsaxın qorunması Komitəsi” baş nazir Nikol Paşinyanın “Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək” bəyanatına reaksiya verib. Bəyanatda deyilir ki, Paşinyanın bu mövqeyi dövlətin və xalqın maraqlarına qarşı yönəlmiş siyasətin növbəti təzahürü kimi qiymətləndirilir.
“Komitə” qeyd edir: “Bu cür yanaşmalar təkcə artsaxın deyil, həm də bütün Ermənistan Respublikasının təhlükəsizliyinə, suverenliyinə və dövlət davamlılığına ciddi təhlükə yaradır. Qarabağ hərəkatı mahiyyət etibarilə təkcə artsaxın azad edilməsinə deyil, həm də erməni xalqının tarixi hüquqlarının bərpasına və birliyinin möhkəmləndirilməsinə yönəlmiş milli azadlıq hərəkatı idi”.
Bəyanatda Paşinyanın mübarizədən imtinası öz tarixini inkar etməyə bərabər addım kimi qiymətləndirilir. “Onlar beynəlxalq hüquqları görünməz edir, çünki artsax xalqının (belə bir xalq da varmış! - red.) öz müqəddəratını təyin etmək hüququ heç bir şəkildə ləğv edilməyib. Səhifənin bağlı elan edilməsi faktiki olaraq beynəlxalq arenada bu hüququ müdafiə etməkdən imtina etmək deməkdir”, - deyə hələ də göylərdə süzən radikal-revanşistlər bəyan ediblər.
Görəsən, bu sarsaqlar hansı “öz müqəddəratını təyinetmə hüququ”ndan dəm vururlar? Məqsədləri nədir? Axı Azərbaycan zamanında təklif etdi ki, qalın və vətəndaşlığı qəbul edin. Paşinyan əleyhinə belə bəyanatların erməni ictimai şüuruna hansı təsirləri ola bilər?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər hələ uzun müddət “artsax” mövzusundan Azərbaycana qarşı sui-istifadə etməyə çalışacaqlar: “Xislətlərinə uyğun olaraq məsələlərin mahiyyətini təhrif edirlər, reallıqda tam uzaq bir təsəvvür yaratmağa çalışırlar. Həmin ermənilər hələ bir müddət sonra daha geniş fəaliyyətə başlayacaqlar ki, guya onlara qarşı genosid həyata keçirilib, guya zorla köçürülüblər, köçmüş adamların sayını şişirdəcəklər. Hətta daha da absurda gedərək dünyaya car çəkəcəklər ki, guya onlar Qarabağdan çıxarkən yüzlərlə, minlərlə ölən olub. Bu, erməni siyasətidir, böhtan, yalançı vay-şivən onların qanındadır. Bu, əslində onların bədbəxtçiliyidir”.
A.Nağı vurğuladı ki, indiyə qədər də o sualın cavabını ortaya qoya bilmirlər ki, nə üçün 2023-cü ilin sentyabr ayında bir həftə ərzində ermənilər Qarabağı könüllü şəkildə tərk edib getdilər: “Azərbaycan ən yüksək səviyyədə onlara dəfələrlə müraciət etdi ki, vətəndaşlığımızı qəbul edib yaşayın. Ancaq ermənilər bu çağırışlara müsbət münasibət göstərmədilər. Azərbaycan onların qarşısını kəsib zorla Qarabağda saxlaya bilməzdi. Bunu etmək insan haqlarına qarşı addım olardı. Baş nazir Nikol Paşinyan son vaxtlar izah etməyə çalışır ki, Ermənistan daxilində və xaricində olan müəyyən erməni mərkəzləri, o cümlədən müəyyən dövlətlər Azərbaycana qarşı "Qarabağdan çıxarılmış erməni" faktorundan istifadə etmək üçün həmin kütləvi köçü təşkil etdilər. Eyni zamanda köçmüş ermənilərdən Nikol Paşinyan hakimiyyətinə qarşı istifadə etmək məqsədlərdən biri olub. Bunu da Paşinyan deyir".
Partiya sədrinin dediyinə görə, son bir aydır Ermənistanda Qarabağdan köçmüş erməni revanşistlərin aktivləşməsi, toplantılar, aksiyalar keçirmələri, bəyanatlar vermələri prosesin məhz buna doğru getdiyini göstərir: “Yəni artıq açıq görünməkdədir ki, separatçı ermənilər Paşinyan və Paşinyan hökumətini açıq hədəfə alıblar. Onları həm Robert Köçəryan-Serj Sərkisyan cütlüyü, həm də xaricdən istiqamətləndirənlər var”.
A.Nağı onu da dedi ki, Paşinyan əslində ikiüzlülük edir: “Çünki Paşinyanın xəbəri olmadan Qarabağdan ermənilər qısa müddətdə köçməzdilər. Paşinyan da belə bir plan qurmuşdu ki, Qarabağdan ermənilərin kütləvi köçməsindən Azərbaycana qarşı istifadə ediləcək. Ona görə də həmin köçdə Paşinyan da maraqlı idi. İndi Paşinyan görür ki, həmin ermənilər onun özünü hədəfə almağa başlayıb, ona görə məlum izahatı verir”.
Akif Nağı
Partiya sədri hesab edir ki, Qarabağdan köçmüş ermənilərin müəyyən müddətdən sonra yeni-yeni tələblərlə meydana çıxmaları da istisna deyil: “Əslində həmin ermənilərin aktivləşməsi həm də Paşinyan hökumətinin oyunlarındandır. Paşinyan bir tərəfdən deyir ki, "Qarabağ hərəkatı yoxdur, bunu davam etdirməyə də ehtiyac yoxdur", o biri tərəfdən Ermənistanda Qarabağdan köçmüş cinayətkar ermənilərə fəaliyyət imkanı yaradır. Ümumiyyətlə, ermənilərin aktivləşməsində Fransa kimi dövlətlərin rolu da var".
Həmsöhbətimiz əlavə etdi ki, ermənilərin “artsax” oyununu davam etdirməsində məqsədlərdən biri də xaricdəki erməni diasporundan, erməni mərkəzlərindən maliyyə yardımları almaqdır.
A.Nağının fikrincə, Paşinyan səmimidirsə, Şahramanyan, Sərkisyan, Köçəryan kimi quldurların fəaliyyətini məhdudlaşdırsın, onları Azərbaycana versin: “Onlara fəaliyyət imkanı yaratdıqca, həm erməni cəmiyyətinə daha ciddi təsir göstərməyə çalışacaqlar, həm də Paşinyanın bəyanatlarında səmimi olmadığı isbatlanacaq. Şahramanyanın tullanıb-düşməsi onun qandallanıb Bakıdakı cinayətkar həmkarlarının yanına gətirilməsi ilə bitəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə - 141 nəfər köçürülüb.
Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 21 ailə - 83 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.**report.az
Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Xankəndi şəhərinə səfər edib.
Musavat.com xəbər verir ki, səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etməkdir.
Bununla yanaşı, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında sözügedən səfərdən görüntülər paylaşıb.
Onun sözlərinə görə, Xankəndinin azad edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Həmin görüntüləri təqdim edirik:
İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.
Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.
Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.
Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.
Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.
Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 11-də davam etdirilib.
Musavat.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
Təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.
Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxslər əvvəlcə sərbəst ifadə verib, sonra isə dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadəsində Xankəndidə təhsil aldığı məktəbdə sinifdə 30 nəfər şagirdin oxuduğunu, onların 28-nin erməni millətindən, 1-nin rus və təkcə özünün azərbaycanlı olduğunu deyərək bildirib: “Təhsil müddətində, - 1-ci, 2-ci, 3-cü sinifləri bir o qədər xatırlamıram, - mən azərbaycanlı olaraq dəfələrlə təhqirlərə məruz qalmışam. Hansısa kiçik münaqişə də olanda bizə “tork, tork” deyirdilər. Onlar türkə “tork” deyirdilər. Biz azərbaycanlıları dəfələrlə təhqir edir, dözümsüzlük halı yaradırdılar.
Hamı bilir ki, şagird evdə nə eşidirsə, gəlib onu məktəbdə sinif yoldaşları ilə bölüşür. 1986-cı il idi, mən 8-ci sinifdə oxuyurdum. Armen Beqlaryan adlı sinif yoldaşım var idi, arxa partada otururdu. Gördüm parta yoldaşına deyir ki, bəs “Qorbaçov bizə söz verib, Ermənistana qoşuluruq. İlk dəfə o zaman bu siyasi məsələləri eşitdim, amma elə bil dünən eşitmişəm”.
Zərərçəkmişin sözlərinə görə, 1988-ci ilin yanvarından azərbaycanlılara qarşı pis münasibət açıq müstəviyə keçib. O əlavə edib: “Məsələn, azərbaycanlılar çörək almağa gedirdilər, amma onlara çörək vermirdilər, hər yerdə sıxışdırırdılar. Həmin ilin fevralında eşitdik ki, böyük mitinq olacaq. Deyirdilər ki, “biz Azərbaycandan ayrılırıq və Ermənistana qoşuluruq”. Biz bilirdik ki, mitinqdən sonra ermənilərdən nəsə təxribat gözlənilir. Ermənistandan da adamlar gətirmişdilər. O vaxt onlar “saqqallı”, “boevik” adlandırılırdılar. Eşidirdik ki, evlərimizi dağıdacaqlar, yəni, o söz-söhbət var idi. Ondan qabaq da azərbaycanlıların evlərini daşlayırdılar, şüşələrini sındırırdılar. Biz ikinci mərtəbədə yaşayırdıq. Birinci mərtəbədə Karo adlı qonşumuz var idi. O, Əsgəranda yanğınsöndürmə xidmətində çalışırdı. Karo və qardaşı Ararat bu proseslərdə ən fəal iştirak edənlərdən idilər.
Həmin vaxt mənim böyük bacım ailə həyatı qurmuşdu və Ağdam şəhərində yaşayırdı. Fevralın 20-də Ağdamda bacımgildə idim. Fevralın 21-də Ağdamdan Xankəndiyə avtomobillə qayıdanda Əsgəran rayonunun girişindəki körpünün üstündə bir səs eşitdim. Məlum oldu ki, bizə atəş açırlar. Orada qolumdan güllə yarası aldım. Həmin vaxt maşında məndən və sürücüdən başqa, daha iki nəfər var idi. Sonradan öyrəndim ki, onların adı Əli və Bəxtiyar imiş. Onlar çox ağır şəkildə can verirdilər. Sürücü məni Ağdam xəstəxanasına apardı. Orada həkimlər dedilər ki, gülləni çıxara bilərik, amma qolunuz işləməyəcək. Hadisələri qabaqlayaraq deyim ki, mənim sağ qolumun biləyi təxminən iki ildən artıq işləməyib. Oradan Bərdə şəhərinin xəstəxanasına gəldik və burada da həkimlər eyni sözü dedilər. 1988-ci il fevralın 23-də Bakıda Neyrocərrahiyyə xəstəxanasında məni əməliyyat etdilər, gülləni çıxardılar. Sonradan eşitdim ki, bizə avtomatla atəş açan Əsgəranda yaşayan milis işçisi olub”.
Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, 1988-ci ilə qədər də Xankəndidə ermənilər tərəfindən azərbaycanlılara münasibət müsbət olmayıb. O, Xankəndidə hər addımbaşı azərbaycanlıların incidildiyini vurğulayıb və əlavə edib: “Məsələn, yeni gələn azərbaycanlıların heç birini qeydiyyata almırdılar. Sonradan gələn azərbaycanlılara ev tikmək üçün sahə vermirdilər, yaxud da kimsə hansı yolla bir əmlak əldə edirdisə, onları qeydiyyata almırdılar. Bütün bunları Azərbaycan əhalisinin sayını az göstərmək üçün edirdilər.
“Neftçi” və “Ararat” futbol klubları arasında keçirilən oyundan sonra küçəyə çıxmaq olmurdu. İçirdilər, təhqiramiz ifadələr işlədirdilər, şüşələri qırırdılar.
1987-ci ilin sentyabrından bir epizod danışım. Azərbaycanlı ailə var idi, yuxarı məhəllədə yaşayırdı. Həmin ailənin oğlunu çörək almağa gedəndə iki erməni döyüb komaya salmışdı, bir aydan çox komada qaldı. Ermənilərin biri içkili olmuşdu, o biri yox”.
O, sonradan kütləvi tədbirlərdən birində ona qarşı ayrı-seçkilik edilməsi və təzyiq göstərilməsindən də danışıb: “Xankəndidə mərkəzi stadionda tədbir var idi. Yeddinci, yaxud səkkizinci sinifdə oxuyurdum. Mən də oraya getdim. Təxminən 2 min şagird var idi. Üz cizgilərinə görə azərbaycanlıların çoxunu tanıyırdılar. Tədbir zamanı 2 minə yaxın şagirdin arasında ermənilər mənə fiziki təzyiq göstərdilər və təhqir edib tədbir keçirilən yerdən kənarlaşdırdılar”.
Ə.Əhmədov hazırda Xankəndi şəhərində işlədiyini və yaşadığını bildirib.
Sonra zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N.Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.
N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.
“1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər”, - deyə o qeyd edib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib: “Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq. Bizim binada Slavik var idi. Binanın uşaqlarını öyrədirdi ki, gələndə onları təhqir, daş-qalaq edin.
Qardaşım uşağı qıcolma keçirtmişdi, qızdırması var idi. Təcili yardım çağırmaq üçün zəng vurduq. Cavab verildi ki, “qızdırması varsa, soyuducuya qoyun, soyusun, buraya zəng vurmayın. Bura bizimdir, burada biz yaşayırıq.
Ümumiyyətlə “Miatsum” sözü yaranandan günümüz qara idi. Şahbazyan soyadlı erməni həyat yoldaşıma demişdi ki, buradan birdəfəlik getsəniz yaxşıdır”.
Zərərçəkmiş Vüqar Məhərrəmov ifadəsində Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olduğunu, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən evlərinə hücum edildiyini bildirərək deyib: “Gəlib evimizi dağıtdılar, sonra da yandırdılar. Erməni kişilər əhalini qətlə yetirib evlərindən qovduqdan sonra erməni qadınlar boş qalmış evlərimizə daxil olub talan edirdilər. Ardınca isə erməni kişilər talan olunmuş evləri yandırıb məhv edirdilər. Bütün mal-qaramızı yığıb apardılar. Atam bizi mal tövləsində gizlətmişdi. Tövləmizin aşağısında ot tayasının yanına yığılaraq əl çalıb əylənirdilər. Atam Alıməmməd Məhərrəmovun yanmış meyitini səhəri gün ot tayasının altından tapdıq. Atamın sümüklərini yığıb kənddə dəfn etdik. Elə o vaxt kənddən çıxdıq”.
O, hücum edənlərin “Semonun dəstəsi” adlandırıldığını deyib və vurğulayıb: “Gələnlər hərbi forma geyinmiş silahlılar idilər. Qadınlar isə mülki formada idilər, evləri onlar talayırdı”.
V.Məhərrəmov qətlə yetirilənlər arasında körpənin də olduğunu bildirib. “Özləri ilə benzin maşını gətirmişdilər. Oradan benzin götürüb evlərin üstünə töküb yandırırdılar”, - deyə o əlavə edib.
Zərərçəkmiş Ramiz Adıgözəlov da Bağanıs Ayrım kəndinin sakini olduğunu deyib. O, 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsi Hafiz Adıgözəlovun, həyat yoldaşı Aliyə Adıgözəlovanın və digər yaxınlarının ermənilər tərəfindən qətlə yetirilərək yandırıldığını bildirib.
Zərərçəkmiş hadisənin baş verməsindən danışarkən deyib ki, kəndə xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar. O, həmin gün 6 kənd sakininin və bir polis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib. Qətlə yetirilmiş şəxslər arasında onun qayınatası, qayınanası, baldızı da olub.
Zərərçəkmiş Aidə Qurbanova isə 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilərin onun həyat yoldaşını - sahə müvəkkili, baş leytenant Zirəddin Əhmədovu yaraladıqlarını deyib.
Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar Bağanıs Ayrım kəndinin məhv edilməsi epizodu üzrə videomaterialları və fotomaterialları nümayiş etdiriblər.
Yandırılmış meyitlərin videogörüntüləri nümayiş olunanda zaldakı zərərçəkmişlərin bir qisminin halı pisləşdiyi üçün çölə çıxıb.
Görüntüləri izləyən təqsirləndirilən Arayik Harutyunyan özünü guya kədərlənmiş kimi göstərib.
Videomateriallarda və fotomateriallarda məhkəmədə ifadə vermiş R.Adıgözəlovun 39 günlük oğlu Hafiz Adıgözəlovun və həyat yoldaşı Aliyə Adıgözəlovanın yandırılmış meyitlərinin görüntüləri də olub.
Zərərçəkmiş şəxs Zemfira Abbasova Xankəndi şəhərində yaşadığını, “Miatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini qeyd edərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həmin vaxt dəmir yolu idarəsində işləyib. “Bu idarəyə də daxil olub, bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”, - deyə o diqqətə çatdırıb.
Zərərçəkmiş Validə Rəsulova isə həyat yoldaşının 1988-ci il sentyabrın 18-də Kərkicahan qəsəbəsində ermənilər tərəfindən güllələndiyini, onu dolanbac yollarla Şuşa xəstəxanasına apardıqlarını bildirərək deyib: “Evimizdə oturduğumuz yerdə ermənilər hücum etdilər. Fərhad Ağakişiyev adlı azərbaycanlını işgəncə verə-verə öldürmüşdülər”.
Zərərçəkmiş Fəridə Hüseynova Xankəndidə ipək fabrikində işlədiyini deyib. O bildirib: “Sex rəisimiz Raçik adlı erməni idi. O deyirdi ki, bura Ermənistandır, çıxın gedin. Bildirirdi ki, “Fəridə, istəyirəm girov düşəsən, bu gözündən basım, o biri gözün çıxsın”. Dəzgahları söndürürdülər ki, işləyə bilməyək”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o deyib: “Bizi sıxışdırırdılar ki, evlərimizdən çıxaq. Hadisələr vaxtı demək olar bütün ailə üzvlərimiz xəsarətlər alıb”.
Zərərçəkmiş Ədalət Vəliyev ifadəsində 1958-ci ildə Şərur rayonunun Kərki kəndində (hazırda bu kənd Sədərək rayonuna aiddir – red.) anadan olduğunu bildirib. O, kəndin Yerevan-Gorus yolunun üzərində, strateji mövqedə yerləşdiyini bildirib və əlavə edib: “Hələ sovet dövründə ermənilər kəndi ələ keçirmək istəyirdilər. Ağsaqqallara demişdilər ki, gəlib ərizə yazın, kənd bizə keçsin. Kəndimiz hər tərəfdən Ermənistan kəndləri ilə əhatə olunmuşdu. Oradan keçəndə maşınları daşlayır, qabağını kəsirdilər. Sonra rus hərbçilərin müşayiətilə gedib-gəlirdik. Bir müddət helikopterlə gedib-gəldik. Sonra o da alınmırdı, insanlar rayona yollarla yox, məcbur olub dağlardan keçərək gedirdilər”.
Dövlət ittihamçıları Fuad Musayevin və Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, 1990-cı il yanvarın 15-də səhər saat 6-7 radələrində Ermənistanın silahlı dəstələri Kərkiyə hücuma keçərək, kəndi hər tərəfdən mühasirəyə alıblar, kənddəki mağazanı, bəzi evləri yandırıblar və hadisə zamanı bir neçə nəfər yaralanıb.
“Rus komandir dedi ki, siz çıxın, burada qalsanız, kəndi dağıdacaqlar. Gedin, biz kəndi qoruyarıq, sonra qayıdarsınız. Biz çıxdıq, iki gün sonra eşitdik ki, kəndi talan ediblər.
Zərərçəkmiş Əli İsgəndərov da Kərki kəndində anadan olduğunu deyib və özündən əvvəl ifadə verən Ə.Vəliyevin söylədiklərini təsdiqləyib. O qeyd edib: “Yanvarın 15-dək Ermənistan tərəfdən hər gecə atəş açırdılar”.
Zərərçəkmişlər təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.