Bütün dünya hazırda iqtisadi böhranla mübarizə aparır. Eyni zamanda yetkililər də un, buğda ehtiyatlarının azalması barəsində narahatlıqlarını ifadə edir, dünyada aclıq olacağının "anons"unu verirlər.
Amma, atalar yaxşı deyib, "Toxun acdan nə xəbəri?!".
Yuxarıda da vurğuladığımız kimi, bütün dünya aclığa qarşı tədbirlər görməyə çalışır, dünyadan bixəbər, oliqarx məmur Fuad Həziyev isə həyat yoldaşı Aytən Əzizovnın adına təsis etdirdiyi spirtli içkilər zavodunda yüz minlərlə ton undan cürbəcür şərablar istehsal etdirir. Necə deyərlər, "Aclıq olsun, kef olsun".
Yeri gəlmişkən, "DogruXeber.az" bildirir ki, yerli mediada adı "oliqarx məmur" kimi hallanan Fuad Həziyevin kimliyi barəsində qısaca məlumat veririk ki, bu şəxs Azərbaycanın əsas gəlir mənbəyi olan "SOCAR"ın təchizat idarəsinin rəisinin müavinidir.
Üstəlik, “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair bu kimi 30-a yaxın MMC-lərin sahibidir.
Bundan əlavə "Baku spirts" spirtli içkilər zavodu, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki "Kürdmaşı şərab zavodu" da Fuad Həziyevə məxsusdur. Doğrudur bunların hamısı onun özünün deyil. Deyilənə görə ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirilib.
Həyat yoldaşı Aytən Əzizovnın adına “Baku-Spirits” alkoqol məhsulları istehsal edən zavod cəmi bir il öncə fəaliyyətə başlamasına baxmayaraq, zavodun istehsalı olan "ABSOLUTE ORGANIC", "ORGANIC NATION", "HAYAT VODKA", "BLACK SCORPION", "BUSINESS LINE", "ABSOLUTE VODKA", "ABSOLUTE CLASSIC", "ВАКЦИНА, ЗЕРО" çeşidli araq məhsulları böyük marketlər və şərab mağazalarının piştaxtalarında ən öndə yerlərdə düzülür. Satanların və içənlərin dili ilə desək, hamısı da "bərkgedən araqlar"dır. Bu şərabların digərlərindən fərqi və üstünlükləri budur ki, bunlar hər hansı bir meyvədən deyil, birbaşa undan istehsal edilir. "DogruXeber.az"ın məlumatına görə bu zavodlar fəaliyyətə başladığından bugünə qədər qapısından hələ bir ton belə meyvə daxil olmayıb. Lakin, il ərzində yüz minlərlə ton un gətirilir ki, onlardan da müxtəlif adlarla şərablar istehsal olunur və baha qiymətə satılır.
Gördüyünüz kimi bu qədər biznesin sahibi "SOCAR" neft şirkətinin hələ İdarə rəisinin müavininin olanlardır. Sizcə, adi maaşla ümumiyyətlə biznes qurmaq mümkündür?
Özü də çox maraqlıdır ki, "oliqarx məmur" hesab edilən Fuad Həziyevi hələ 2013-cü ildə ölkə başçısı "tərəqqi medalı" ilə təltif edib. Görəsən hansı xidmətlərinə görə?
Ümumiyyətlə, hər zaman çıxışlarında vəzifəsindən sui-istifadə edən, korrupsioner məmurlara qarşı sərt mövqe nümayiş etdirən prezident Fuad Həziyevin barmaqla sayılmacaq qədər çoxsaylı bizneslərindən xəbərdardırmı?
Yoxsa, elə o medaldan sonra cənab Həziyev "öz bacarıqlarını kəşf edib və daha artığını da edə biləcəyinə inanaraq hərəkətə keçib?!"...
Suallar çoxdur, amma ən çox şübhə doğuran isə bir rəis müavininin bu qədər biznesi hansı pulla qura bilməsi sualıdır...
Hər halda bu sualın ən doğru cavabını verə biləcək tərəflər "SOCAR" rəhbərliyi və digər aidiyyatı dövlət qurumlarıdır (Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi) ki, güman edirik, onlar da bu məlumatlardan sonra gərəkən araşdırmaları başlatmışdır. (Qeyd edək ki, materialda vurğulanan faktların mənbəyi qanunla.az saytıdır)
Məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Litseylərdə qorxunc ödənişlər, yoxsa aşağı səviyyədə təhsil?... - "Kaspi" litseyi cəmiyyətə nə verir və ya kəmiyyət yoxsa keyfiyyət?
Bugün elmin hansı səviyyədə irəli və ya geri getdiyi zaman dönəmindən danışacağıq. Hər bir valideyinin arzusudur ki, övladı gözəl təhsil alsın, yaxşı məktəblərdə, litseylərdə oxusun, sevdiyi peşə üzrə ali məktəblərə qəbul olsun, savadlı kadrlardan olsun. Ancaq bu sadalananları həyata keçirmək üçün bizim imkanımız pullu, bahalı litseylərdə uşaqlarımızı oxutmaq üçün yetərlidirmi? və ya yetərli olsa da belə həqiqətən də istədiyimiz təhsili, savadı uşaqlarımıza verirmi həmin litseylər? Bu məsələyə aydınlıq gətirmək üçün Bakının sözügedən, ən qabaqcıl və durmadan reklam olunan litseylərində olduq. Düzdür bəziləri haqqında istənilən məlumatları toplaya bilməsəkdə, əsas bizə lazım olan Kaspi litseyi haqqında istənilən məlumatları aldıq. Buyurun oxuyun, görün təhsil hansi səviyyədə irəlləyir. Bilmirsən güləsən, yoxsa ağlayasan, ancaq cox acınacaqlı bir vəziyyətlə qarşı qarşıyayıq. Əgər bir xalqın təhsil sistemində pul, rüşvət, yeyinti varsa o təhsil, təhsil ola bilməz. Hamı cox çətinliklərdən keçərək qazanır, hamı uşaqlarının gələcəyi yaxşı olsun deyə çabalayır. Bahalı litseylərdə uşaqlarını oxudur. Bəs bu durumda niyə söhbəti gedən, reklam olunan "Kaspi" litseyində verdiyiniz təhsillə aldığınız pullar bir birini tamamlayırmı? İllik ödənişi 7000 manat olan təhsil ocağında verilən təhsil hər bir şagirdin toplayacağı yüksək balla, qazandığı savadla, arzusunda olduğu univeristetdə oxumaqla, gələcəkdə quracağı karyerada öz əksini tapırmı? Xeyir tapmır! Sözügedən litseydə verilən təhsil özünü göstərmir. Valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxuyub yüksək nəticələr əldə etməkləri üçün ildə 7000 manat ödəniş edirlər ki, uşaqlarına parlaq gələcək nəsib etsinlər. Amma özəl litseydə təhsilin səviyəsi yüksək olmaq əvəzinə heç də ürəkaçan deyil. Bizdə bu gün belə məsələlərin az da olsa şahidi olduq. Bəzi valideyinlərlə söhbət etdik, müəyyən bilgilər topladıq etirazların sayı litseydən razı olanların sayından qat-qat üstün idi. Biz də bu gün topladığımız məlumatlara əsasən bu məsələyə baxan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə və yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə səslənirik görməzdən gəlməyin...Elimsiz adam qanadsız quş kimidir.. Çalışın bu qanadı qırmaq, yox etmək əvəzinə, onun yaradıcı memarı olun./gundelik baki.com\
"Bura özəl göz klinikası olan "BATIGÖZ" kilinikasıdır. Bu gün oraya İcbari Tibbi Sığorta ilə dostumun atasını gətirmişik . Baxdılar yoxladılar , 2 günə əməliyyata yazdılar". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Mansur Məzahiroğlu adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Gəldik sənədləşdirməyə. Burada bazar başladı. Demək: bir gözə linza 300 manata qoyurlar , o biri gözünə əməliyyata 1500 manat pul istədi . Belə çıxır ki , İTS burada yoxdur. Adi özəl və dövlət xəstəxanalarında belə əməliyyatları 500 - 600 manata edirlər. Rəhbərlik , işçiləri və həkimləri əksəriyyəti türk vətəndaşlarıdır . 45 il iş stajı olan və 240 manat pensiya alan , 82 yaşlı qoca bir adama göz əməliyyatına görə 1800 manat pul ödəmək mümkün deyil. Pulu yoxdur. Onun pensiyası özünün dava dərmanına , yeməyinə çatmır. Neçə ildir gözü görmür . Pulu yoxur ki, əməliyyat elətdirdsin. Bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan vətəndaşları Dövlət tərəfindən İcbari Tibbi Sığorta olunublar . Hər bir vətəndaş İTS hesabına pulsuz dövlət və özəl Tibbi Müəssisələrdə müayinə və müalicə oluna bilər . Amma bəzi Tibbi Müəssisələr İcbari Tibbi Sığorta pulunu alır və əlavə olar vətəndaşlardan da pul istəyir. Məsələm : "BATIGÖZ" klinikası , Zərfə Əliyeva adına Göz Klinikası hər gələn pasientdən 300 - 1500 kimə nə gəldi qiymət deyirlər . Azərbaycan Xalqını soyanlardan uzaq olun. Nahayıt Mərkəzi Neftçilər Xəstəxanasında pulsuz müayinə olandan sonra dedilər ki, sentyabrın 15 kimi İTS bizə heç nə verməyib. Verilənlər də pul verən pasientlər üçündür . Ayın axırı əlaqə saxlayın əyər bizə avadanlıq, linza və.s versələr biz əməliyyat edərik. Bəs millətdən pul yığan İTS pulu hara xərcləyir? Bu pula kimlər nəzarət edir?"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ: - Göyçay rayonu Potu kənd sakini, ictimai fəal Səxavət Qafarov tərəfindən Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Baş Prokuror! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlil, eyni zamanda oranın Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyev isə işə götürüldüyü yerlə əmək müqaviləsi bağlamaq məqsədilə özünün DSMF-dən əldə etdiyi arayışa əsasən 2-ci qrup müddətsiz gözdən əlil olduğu qeyd olunmuşdur. Buna baxmayaraq adı çəkilən hər iki şəxs müəmmalı şəkildə sürücülük vəsiqəsi əldə etmək üçün "Sağlamlıq haqqında arayış"la təmin olunmuşdur. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı, 6.3.-cü madddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir. Həmin sənədlərdən biri də bu maddənin 4-cü bəndində göstərilən "Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış"dan ibarətdir. Həmin arayışın təqdim edilməsi zamanı vacib əsas şərtlərə daxil edilərək bu Qanunun 1.3.-cü maddəsində göstərilən "Sağlamlıq cəhətdən sürücülüyə yararlı" hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunda göstərildiyi kimi, yalnız sağlamlıq cəhətdən sürücülüyə yararlı şəxslər tibbi arayışdan yararlana bilərlər. Əminliklə deyə bilərəm ki, görmə qabiliyyəti müəyyən ölçüdə məhdud olan hər iki şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsi tərəfindən bilavasitə "Sağlamlıq haqqında arayış"ı yalnız saxtakarlıq yolu ilə əldə etmişdir. Bu, isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü madddəsinə əsaslanan "Vəzifə saxtakarlığı" hesab olunur. Bundan əlavə, həmin məsul şəxslər görmə qabiliyyəti məhdud və ya qismən məhdud olan vətəndaşlara "Sağlamlıq haqqında arayış" təqdim etməklə ətraf mühidin və insanların həyatı üçün təhlükə yaradan amillərin meydaya çıxmasına şərait yaradırlar. Belə hallarda saxta yollarla sürücülük vəsiqəsi alan şəxslər görmə qabiliyyətindən məhrum olduğuna görə tez-tez avtoqəzalar törədirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər". Hörmətli cənab Baş Prokuror! Nəzərinizə çatdırım ki, yuxarıda bildirdiyim faktların araşdırılması üçün aidiyyəti orqanlara müraciətlərlər etmişəm. Müraciətimə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə "Şikayətinizdə göstərdiyiniz Yaşar Əhmədovun əlilliyi tərəfimizdən yenicə ləğv edilib, Namiq Quliyev isə 1-ci qrup əlildir" bildirdilər. Lakin, adı çəkilən hər iki şəxsin şəxsi məlumat bazasından (Yəni, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və forma 88-in kodu) xəbərsiz olduğuma görə daha artıq məlumat əldə edə bilmədim. Deməli belə çıxır ki, eyni nazirliyin nəznində olan iki fərqli sturuktur, yəni DTSERA Namiq Quliyevin 1-ci qrup əlil olduğunu bildirir, işəgötürənlə işəgötürülən arasında bağlanılan əmək müqaviləsində isə DSMF-dən aldığı "Arayış"da 2-ci qrup əlil olduğu göstərilmişdir. Hörmətli cənab Baş Prokuror! Sizdən, Göyçay Rayon Mərkəzi Xəstəxanası tərfindən incidilən, hüquqları tapdanan sadə vətəndaş və bir ictimai fəal olaraq çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı məlumatlar mənim də yaxından iştirakımla obyektiv və qərəzsiz araşdırılaraq qanunlarımızın müvafiq maddələri ilə həmin şəxslər barəsində təsirli tədbirlər görülsün. Sizə öncədən öz minnətdarlığımı bildirirəm".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Azerinfo.az xəbər informasiya agentliyinə istinadən xəbər verir ki, Bərdə rayon Nəcədbəyli və Kərimbəyli kəndlərinin bələdiyyə sədri Orxan və onun qardaşı, RİH-nin Əyricə, Kərimbəyli və Nəcəfbəyli ərazi nümayəndəsi Royal vəzifə və nüfuzlarından sui-istifadı edərək öz bildiklərini edirlər.
Belə ki, Orxan Bərdə rayonunda "Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi"nin mühafizə hissəsində (Tərtər çayının yanında) tikinti üçün qadağan olunmuş ərazidə 0.20 ha yaxın torpaq sahəsin zəbt edərək əsaslı tikinti işləri apararaq kafe, tualet və digər tikililər salmışdır. Bunununla bağlı 8 saylı Regional Ekologiya və Sərvətlər Idarəsi ilə əlaqə saxladıq. Onlar bizə bildirdi ki, sözügedən ərazı "Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi"nə məxsus ərazi olduğu üçün biz onlara məlumata vermişik, eyni zamanda da sözü gedən tikili sahibinə qanuna müvafiq şəkildə cərimə də tətbiq etmişik. Aldığımız məlumatlarda bildirilir ki, bu iki qardaş sözügedən kənd ərazisində olan paybəlli torpaqları tikinti məqsədilə və eynin zamanda kəndin mal-qarası üçün nəzərdə tutulan örüşləri satıblar.
Bərdə rayon Icra Hakimiyyəti hara baxır ki, onun yerli məmurları da istədiyini edir.
Sizlərə Xaçmaz avtovağzalından söz açım. Ötən əsrin 80-ci illərində Xaçmazda yeni avtovağzal binası tikilib istifadəyə veriləndə, rayon sakinləri şükür etmişdilər ki, nəhayət bizim rayonun da yaxşı bir avtovağzal binası ərsəyə gəldi. Onu da deyim ki, yeni avtovağzal binası münasib bir yerdə tikilmişdi. Amma, rayon sakinlərinin bu sevinci uzun sürmədi, belə ki, 90-cı illərin ikinci yarısında dövlət büdcəsinin pulları hesabına inşa edilən təzə avtovağzal binasını özəlləşdirdilər və orada “Aygün” şadlıq sarayı açdılar. Nə isə “çox mübarəkdir, xoşbəxt olsunlar!!!” deyək və ya deməyək, onu bilmirəm. Bircə onu bilirəm ki, bundan sonra sərnişinlər avtobusları qışın soyuğunda və yayın istisində çöldə gözləməli oldular. Bu biabırçılıq bir neçə il davam etdi. Nəhayət, Xaçmaz şəhərinin çıxacağında yeni üçmərtəbəli bir avtovağzal binası inşa edildi. Deyilənə görə bu avtovağzal binası da özəldir və hansısa şəxsə mənsubdur. Olsun, bazar iqtisadiyyatıdır, yəni, mümkün məsələdir. Amma, yenə də ortalıqda əmmalar qalmaqdadır. Söyləyim, niyə... Qeyd edim ki, bu neçə mərtəbəli bu müasir bina sakinlərə xidmət etmir. Yəni, binanın qapılarından içəri kimsə keçmir. Çünki sərnişinlər üçün “nəzərdə tutulmayıb”. Orada nə bilet satılır, nə də yayın günəşindən, nə də payız və qışın yağışından, soyuğundan qorunmaq üçün heç bir şərait yaradılmayıb. Sərnişin binəvalar yenə də avtobusları çöldə, perronda gözləməyə məhkumdurlar. Gələk bilet satışına... Deməli, avtobus dayanacağa daxil olan kimi sərnişinlər avtobusa minib gözləyirlər. Nəyi gözləyirlər? Onu da deyim... Avtobusun sərnişinlə dolmasını. Deməyim odur ki, Xaçmaz avtovağzalından avtobuslar vaxt rejimində işləmir. Yəni, avtobus sərnişinlə dolmasa, qoyulan əlavə oturacaqlara da bir neçə nəfəri əyləşdirməsələr, maşın yerindən tərpənən deyil. Bu hələ harasıdır, növbə pulun yığılması prosesinə çatır. Deməli, Xaçmazdan Bakıya məsafə 157 km-dir, biletin də qiyməti 3 manat 80 qəpik təşkil edir. Amma, hər sərnişindən 5 manatdan pul yığılır. Bəzən də elə olur ki, “pulyığan” nəsə səhvə yol verir, hə, bu zaman yeni həngamə başlayır. Bir-bir sərnişinlərdən soruşulur ki, “pulu verməyən kimdir?”... “Səhv düzəldilməyənədək” sərnişinlə dolu avtobus gözləməlidir. Bir sözlə, biabırçılıqdır və belə vəziyyət illərdir ki, davam edir. Bu məsələyə nə yerli hakimiyyət orqanları, nə də avtovağzalların tabe olduğu qurum (əgər belə bir qurum varsa) müdaxilə edir. Əsl bazardır. PS. Bakıdan Xaçmaza da biletin qiyməti 3 manat 80 qəpikdir)). Maraqlıdır ki, Bakı mərkəzi avtovağzalında biletlər 4 manat 40 qəpiyə satılır. Yəni, Xaçmaza gedən sərnişinlərdən Xudata qədər olan məsafəyə görə pul alırlar. PS.s. Biz hələ avtobusların vəziyyətindən söz açmırıq. Xüsusilə də Hundai markalı avtobuslara qoyulan əlavə “oturacaqlardan” danışmırıq. Keçid üçün nəzərdə tutulan yerə qoyulan bu oturacaqlar, istənilən bir qəza zamanı sərnişinlərin avtobusu tərk etmələrinə imkan verməyəcək... Bunu isə nə fikirləşən var, nə də vecinə alan... Ən əsası puldur... İnsanın bir dəyəri qalıbmı, görəsən???!!! Haci Rafiq Teref.az
Zərdabın icra başçısı qazilərə qarşı niyə kin bəsləyir? Şirvan şəhər icra hakimiyyətinin sabiq icra başçısı, Zərdab rayonunun indiki icra başçısı Mərdan Camalovun əməlləri barədə ölkə mediası, o cümlədən Gündəlik-Bakı xeyli sayda faktlara söykənən araşdırma yazılar dərc edib. Bütün o yazıları uzun-uzadı təkrar etməyə ehtiyac görmürük. Ümumiyyətlə, Mərdan Camalov bizim üçün maraqlı subyekt deyil ki, hər dəfə onun barəsində təkrar-təkrar nəsə yazaq. Mərdan Camalov barəsində bu yazını yazmağa bizi vicdanımızın səsi məcbur elədi. Bəlkə də bir az pafoslu səslənəcək. Amma… Əmması odur ki, Mərdan Camalov Qarabağ döyüşlərində canından, qanından keçmiş qaziyə çox üzr istəyirik, az qala küçə DİLƏNÇİSİ kimi yanaşır, onu sözün həqiqi mənasında təhqir edir. Biz başa düşürük ki, icra başçılarının, ümumiyyətlə, məmurların sehrli çubuğu-zadı yoxdur ki, qazilərin, şəhid ailələrinin problemini bir andaca həll etsin. Amma ortada bir insanlıq məsələsi var dəə… Qarabağ qazisi səndən nə tələb edir ki..? Həm də döyüşlərdə aldığı travmalardan başqa, bu qazi onkoloji xəstədir. Əgər Mərdan Camalovun oğlu, yaxud doğması Qarabağda şəhid olsaydı, bəlkə də o bu problemi hiss edərdi. Sözün qısası, 16 il Xüsusi Təyinatlıda xidmət etmiş, sağlamlığını itirmiş və hazırda sosial ödənişlərlə ailəsini dolandıra bilməyən Zərdab sakini çox çətinliklə cənab Mərdan Camalovun qəbuluna düşə bilir. Və bütün problemlər bundan sonra başlayır. Qarabağ qazisi deyir ki, bu il avqustun 22-də Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün ona təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş edirəm. Mərdan Camalov Qarabağ qazisinin üstünə necə püskürüb, əə, mən burda pul paylayıram..? Qarabağ qazisi deyir ki, cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. “Hamınız üstümə gəlirsiniz, elə bil bura bankdır, mən pul paylayanam?!” - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, torpaq-filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik - deyib otaqdan çıxdı. İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinnhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD8-də xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi cənab Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb. Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mən sanki dilənçiyəm kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi. Bəli, hiss etdinizmi, nəinki icra başçısı Mərdan Camalov, hətta onun POMOŞNİKİ-köməkçisi Qarabağ qazisinin sözlərindən narahat olmur. Qarabağ qazisi öz müraciətində deyir ki, Zərdabın demək olar ki, bütün kəndlərində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı Mərdan Camalov və yaxınları zəbt edib, əkiblər. Qarabağ qazisi müraciətinin sonunda Cənab Prezident İlham Əliyevdən kömək istəyir və inanır ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq və Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq. Biz də Gündəlik-Bakı olaraq Qarabağ qazisinin bu problemini gündəmdə saxlayaraq onun həllinə yardımçı olmağa çalışacağıq. P.S. Mərdan, Cordan, Cortdan, Cırtdan, Xortdan bu adların hamısı ad kimidir. İstəsələr bu adları hər bir kəsə qoyarlar. Qarabağ qaziləri gərək Mərdan Camalovun yanına getməsinlər, onlar rayon Memarlıq İdarəsinin qarşısında dayansınlar və Mərdan Camalovun satdığı torpaqların sənədləri ilə orada tanış olsunlar. //gundelik-baku.com//
Siyəzəndə çayların üstündəki daş, qum-çınqıl karxanaları təbii fəlakət yaradır…
Haqqında bəhs edəcəyimiz Siyəzən rayonu barədə qısa bir tarixi məlumat verək. Deməli, ötən əsrin 1938-39-cu illərində güclü neft yataqlarının kəşf olunması Siyəzən rayonunun inkişafında önəmli rol oynadı. Və beləcə Siyəzən rayonu Azərbaycanın güclü neft rayonlarından birinə çevrildi. Əslində neft kəşf olunana qədər Siyəzən çox səfalı, zəngin təbiəti olan, meyvəçiliklə, heyvandarlıqla məşğul olan rayon idi. Sözün qısası, indi görək neft və qaz yataqları Siyəzənə nələr gətirib..? Gündəlik-Bakının reportyor qrupu Siyəzəndə gördüklərini, çəkdiklərini olduğu kimi cəmiyyətə və dövlət qurumlarına təqdim edir. Belə ki, “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazilərdəki neft və mazut gölməçələri adamı dəhşətə gətirir. Neft quyularının ətrafı təhlükə mənbəyidir. İraq olsun burada hər an dəhşətli yanğınlar baş verə bilər. Əbəs yerə deyil ki, bir müddət əvvəl FHN-nin nazir müavini mətbuata açıqlamasında bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər: “Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa, ciddi fəsadlar yaranar”. Söhbət təkcə neft yataqlarının ətrafındakı ekoloji cəhətdən çirkli gölməçələrdən getmir. Həm də mediada yayılan xəbərlərdən bəlli olur ki, dəfələrlə Siyəzənneftin ərazisində uzunluğu kilometrlərlə ölçülən borular, naqillər oğurlanıb. Bu hələ harasıdır..? Siyəzənneft-in rəhbərliyi guya neft ərazilərinin zəbt olunması adı altında vətəndaşları öz evlərindən bayıra atırlar. Əlbəttə, biz kimlərinsə neft ərazilərində ev tikməsini təqdir etmirik. Amma… Əmması odur ki, vətəndaşlar illər öncə bu əraziləri sotu 1000-1500 manata bələdiyyələrdən alıblar. Görəsən, onda Siyəzənneft-in rəhbərliyi niyə səsini çıxarmırdı..? Sonra onu da qeyd edək ki, Siyəzənneftin rəhbərliyi ixtisar adı altında onlarla imkansız ailənin başçılarını işdən uzaqlaşdırıb. Hətta işdən çıxarılan şəxslərdən birinin intihar etməsi xəbəri də yayılıb. Bir sözlə, Siyəzən camaatı neft və qazın cəfasını, məmurlar isə səfasını görür. Biz hələ neft istehsalı zamanı atmosferə atılan səmt qazının insanların sağlamlığına vurduğu ziyanı demirik. Məlumdur ki, Siyəzən ərazisindən keçən Alaçay ( Ataçay) öz içməli suyu ilə zəngindir və rayonun ərazisindən keçən su kanalı Ceyranbatan su hövzəinə axır. Bəli, bu çay daşqın rejimli çaydır. Yəni ilin müxtəlif vaxtlarına daşıb təhlükə yaradır. Sakinlərin dediyinə görə, rayon ərazisindən keçən su kanalına dəfələrlə az yaşlı uşaqlar düşüb. Və bəzən onları xilas da etmək mümkün olmayıb. Rayon ərazisindəki çayların üzərində 3 daş, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bu karxanalar çayların yatağını, təbii məcrasını dəyişib. Və tez-tez təbii fəlakətə səbəb olurlar. Görəsən, Ekologiya naziri Muxtar Babayev, yaxud Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin sədr müavini Azər Şükürov niyə bircə dəfə də olsun səslərini çıxartmırlar..? Rayondakı kənd təsərrüfatı təyinatlı torpaqların xeyli hissəsini bələdiyyələr ev tikintisi üçün satıb yüz minlər qazanıblar. Görəsən rayonun icra başçısı, hörmətli Novruz Novruzov niyə rayonda baş verən bu neqativ hallara qarşı münasibət bildirmir..? Biz bir xüsusi məsələni unutmamalıyıq ki, Siyəzən rayonunda ölkə əhəmiyyətli strateji obyektlər var. Bəli, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərləri Siyəzəndən keçir və rayonda bununla bağlı xüsusi regional şöbə fəaliyyət göstərir. Biz çox dərinə varmadan qeyd etmək istəyirik ki, rayon rəhbərliyi və müvafiq dövlət qurumları Siyəzən rayonunda baş verən problemlərə vaxtında diqqət ayırmalıdırlar. Bizim bir media olaraq bunları yazmaqda məqsədimiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına baş verən neqativ hallarla bağlı məlumatları çatdırmaqdır. Buna görə, bizə hədə-qorxu gələnlər, təhdid edənlər, məhkəmə ilə hədələyənlər olsa da biz haqq bildiyimiz yoldan dönən deyilik. Və nəyin bahasına olursa-olsun, Prezidentin apardığı gərəkli işlərə kölgə salmaq istəyənləri, vətəndaşları dövlətdən narazı salan məmurları sonadək ifşa edəcəyik. Və ümid edirik ki, cənab Prezidentimiz bu yolda bizə ən sadiq təminatçıdır. Bizim bir media olaraq bu yazıları yazmaqda həm də məqədimiz odur ki, məmurlar kabinetlərindən bayıra çıxıb mövcud problemlərin həllinə çiyin versinlər, yaxalarını qırağa çəkməsinlər
Dəryaz qəzetinin redaksiyasına Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin qaranlıq keçmişi barədə məlumat daxil olub. Etibarlı mənbədən verilən məlumatda ilk öncə xatırladılır ki, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləndən sonra da, Abşeronu de-fakto o, idarə edib. Hamıya məlum idi ki, İradə Gülməmmədovanın başçılığı dövründə də Abşeronda mühüm məsələlərdə, o cümlədən, rəhbər vəzifələrə kadr təyinatında əsas söz sahibi məhz Zakir Fərəcov olub. Bu vəziyyət yalnız bu il nüfuzda Zakir Fərəcovdan heç də geri qalmayan Abdin Fərzəliyev Abşerona RİH başçısı vəzifəsinə təyinat alandan sonra dəyişib.
Bildirilir ki, Zakir Fərəcov bir neçə il əvvəl Nadir Ağayevi də öhdəsindən heç də yaxşı gəlmədiyi Abşeron rayon 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin etdirmişdi. Nadir Ağayev isə həmin vəzifəsindən yetərincə sui-istifadə edib, təhsil şöbəsi üçün xarakterik olan bütün növ qanunsuzluqlara qol qoyub. Amma ən gəlirli haram qazanc mənbələrindən biri məktəblər üçün dəftərxana ləvazimatlarının, inventar və avadanlıqların qiymətlərinin “şişirdilməsi” yolu ilə silinərək pulların mənimsənilməsi olur. Həmin mal-material qiymətliləri Abşeron rayon Uşaq-Gənclər İdman Məktəbinə bitişik, anbar kimi istifadə olunan binadan məktəblərə paylanırmış. Çox vaxt keçən il verilən inventarları bir il saxlayıb növbəti dərs ilində təhsil müəssisələrinə verirmişlər, təzə il üçün alınmalı olan mal-material qiymətlilərinin pulları “yeyilib”. Bundan başqa, məktəblərə sifariş olunan böyük ölçülü, ikilaylı pəncərə şüşələri də ayrı-ayrı sexlərə satılırmış. Əskik gələn nə varsa, mümkün olduğu qədər şagirdlərin valideynlərinə aldırırmışlar.
Məlumatda qeyd olunur ki, Nadir Ağayevin korruptiv işdəycələrinə görə hətta bir dəfə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi UGİM-in sabiq direktoru Qiyas Mənsimovu dindirib. Qiyas Mənsimov verdiyi izahatında həmin anbar kimi istifadə olunan binaya cavabdeh olmadığını, yalnız RTŞ müdirinin tapşırığı ilə açıb-bağladığını, sadəcə qarovulunu təşkil etdiyini deyib. Məsələ belə olub: Nadir Ağayev, mühasibi Əli və işbaz ortaqları vahid məktəbli formalarını ucuz qiymətə gətirib baha qiymətə rəsmiləşdirmək üçün, Çindən olan paltar istehsalçısı ilə sövdələşiblər. Danışığa görə, 1 (bir) milyon manat həcmində müqavilə bağlanıb, 350 (üç yüz əlli) min manat istehsalçıya verilməli, qalanı isə işbazlar arasında “pay-püşk” edilməli imiş. “Bizimkilər” ilk öncə çinlilərə 150 (bir yüz əlli) min manat ilkin ödəniş etsələr də, qalan 200 (iki yüz) min manatı vermək istəməyiblər. Qarşı tərəf məcbur olub Azərbaycan Prokurorluğuna müraciət edib. Məlumatda bildirilir ki, yenə də Zakir Fərəcovun məhkəməyə müdaxiləsi ilə 70 (yetmiş) min manata iş “bağlanıb”.
Mənbə onu da qeyd edir ki, Nadir Ağayevin sədrlik etdiyi Ağsaqqallar Şurasının fəaliyyəti gözə dəymir, ağsaqqal sakinlər onun heç otağını belə tanımırlar. Şuranın üzvlərindən yalnız çörək zavodunun sahibkarı Hacı Ramiz istisna olmaqla, heç kəs 44 günlük Vətən müharibəsi dövründə və ötən dövrdə şəhid ailələrinin və qazilərin qapısını döyməyib, hər hansı köməklik təklif etməyib. Olsa-olsa, Nadir Ağayev rayon rəhbərliyi nümayəndələrinin bu zümrədən olan şəxslərlə görüşdüyü tədbirlərə qatılmaqla öz işini bitmiş hesab edib. Bütün bunlara baxmayaraq o halın varlığına da ümidvarıq ki, bir müddət bundan əvvəl Abşerona başçı təyin olunan cənab Abdin Fərzəliyev, məhz Zakir Fərəcovun dövründə baş verən hər cür hərcmərclikləri aradan qaldırmağa qabil olan vəzifə sahibidir. Yəqin ki, çox yaxın vaxtlarda hər kəs bunun canlı şahidi olacaq.
Məsələnin daha düşündürücü tərəfi isə ondan ibarətdir ki, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Eldar Quliyevin Nadir Ağayevi hələ də «ağsaqqal» simasında qəbul edib, onu bügünkü vəzifəsində saxlamasıdır. Yəqin ki, hörmətli Eldar müəllim qeyd etdiklərimizə diqqət yetirəcək və Abşeronda «problemli ağsaqqal» söz-söhbəti ilə bağlı yekun qərarını da verəcək.
Abşeron rayonunda bələdiyyələrin fəaliyyəti həmişə qeyri-qənaətbəxş olub. Rayon İcra Hakimiyyətindən asılılıqdan qurtula bilməyən bələdiyyə sədrləri zaman-zaman korrupsiyaya sövq edilərək, əsasən torpaq sahələrinin qanunsuz satışı, saxta sənəd düzəltmə, rüşvət alma, mənimsəmə cinayətləri üzrə məsuliyyətə cəlb olunublar. Bu sıradan hələlik axırıncılar olaraq keçən il 8 il müddətinə azadlıqdan məhrum edilən Qobu bələdiyyəsinin sabiq sədri Ənvər Əmiraslanovu, bu il ittiham olunan Saray bələdiyyəsinin sədri Məhi Həsənovu göstərmək olar.
Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Abşeron rayonunda korrupsiyaya meylli şəxslərin tanışlıq və başqa maraqlar əsasında bələdiyyələrə sədr və digər vəzifələrə “seçdirilməsi” tendensiyası davam etməkdədir. Etibarlı mənbə bildirir ki, Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev Milli Məclisdəki deputat himayədarının köməyi ilə hazırki vəzifəsini ələ keçirib. Sədr müavini Zaur Xalıqov isə vaxtilə Səbail rayon Polis İdarəsinin Yol Polisi Bölməsində işləyib. İki dəfə rüşvət aldığı yerdə vide-kameralara tuş gəlib. Birinci dəfə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun şəxsi aşpazı işləyən əmisi Əlibala kişinin xahiş-minnəti ilə vəzifəsini qoruyub, inzibati xəbərdarlıqla yaxasını qurtarıb. Amma ikinci dəfə şef əmisinin sözü keçməyib. Generalın Zaur Xalıqova köməkliyi yalnız bu olub ki, öz ərizəsi ilə xidmətdən kənarlaşmasına imkan yaradıb. Amma necə olubsa, bu boyda naqisliyi Zaurun Xırdalan bələdiyyəsində sədr müavini postuna yiyələnməsi yolunda əngəl olmayıb.
Mənbənin verdiyi məlumata görə, Orxan Musayevin anası Abşeron RİH-nin sabiq başçısı İradə Gülməmmədovanın həkim həmkarı və yaxın rəfiqəsidir. Orxanın Moskvada və Azərbaycanda cehizlik malların alveri ilə məşğul olan şirkətləri vardır. Bildirilir ki, Orxan Musayevlə Zaur Xalıqov əlbir olaraq bələdiyyənin vəsaitlərini talayırlar. Onlar həmçinin rayon bələdiyyələrinin sədrləri ilə anlaşıb onların vergidən yayınmalarına, topladıqları vergiləri mənimsəmələrinə köməklik göstərərək haram qaazanclarına şərik olurlar. Bələdiyyə tərəfindən sakinlərə tətbiq olunan əmlak vergiləri isə kifayət qədər yüksək həddədir. Bu üzdən yerlərdə bələdiyyə işçiləri ilə vergi ödəyiciləri arasında insidentlər də baş verir.
P.S. Xırdalan Bələdiyyəsi BMT İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin 6 qalibindən biri elan olunub.
Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib ki, Xırdalan bələdiyyəsinin iki il ərzində həyata keçirəcəyi layihənin icrası üçün ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması həm Xırdalan bələdiyyəsi olaraq bizim, həm də BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı üçün xüsusi önəm kəsb edir.
Onların – Xırdalan bələdiyyəsinin vəzifəli şəxslərinin sərəncamına verilən vəsaitləri necə “səmərəli və şəffaf” xərclədikləri isə hamıya məlumdur. Avropalılar qarşısında biabır olmasaq yaxşıdır.