Şanlıurfa və Adıyamandakı sel fəlakətində itkin düşmüş sayılan daha bir nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 17-yə yüksəlib.
Cəsəd Şanlıurfada zirzəmisini su basan ticarət mərkəzində aşkar olunub.
Meyitin itkin düşdüyü bildirilən təmizlik işçisi Ömər Zamana aid olduğu qeyd edilir.
Beləliklə, şəhərdə sel səbəbiylə insan itkisi 15-ə çatıb.
17:41
Türkiyənin Şanlıurfa və Adıyaman şəhərində dünən başlayan və aramsız olaraq davam edən leysanın səbəb olduğu sel fəlakətində insan itkisi 16-ya çatıb.
Şanlıurfada 14, Adıyamanda iki nəfər həyatını itirib.
İtkin düşən dörd nəfərin axtarışları davam edir.
Şanlıurfada 30 ilin yağış rekordu təzələnib. İki gündə bir kvadratmetr əraziyə 137,6 kq yağıntı düşüb. 14:34
Türkiyədə baş verən sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Daha əvvəl 14 nəfərin həlak olduğu barədə xəbər yayılıb.
Şanlıurfada 2, Adıyamanda 2 itkin düşmüş şəxsin axtarışları davam edir.
Bundan başqa evlər, mağazalar, xəstəxanalar su altında qalıb. Onlarla avtomobilə ziyan dəyib. Yerli əhali təhlükəsiz ərazilərə təxliyə edilib.
Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılacağı barədə xəbərlər yayılıb. Gürcüstan mətbuatında yer alan məlumata görə, may ayının 1-dən Azərbaycan-Gürcüstan arasında quru sərhədinin açılması planlaşdırır. Lakin Azərbaycan tərəfi bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoymayıb.
Sərhədlərin açılması haqda Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev iddiaların reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, quru sərhədlərin açılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargah hər hansı qərar verməyib:
“Bu barədə məlumatı yalnız Operativ Qərargah verə bilər. Yəni bu məsələ onların səlahiyyətindədir. Azərbaycanda rəsmi olaraq belə bir məlumat yayılmayıbsa, Operativ Qərargahın qərarını gözləməliyik”.
Deputat hesab edir ki, sərhədlərin açılması məsələsinə başqa prizmadan baxmaq lazımdır:
“Bu, milli təhlükəsizliklə, yəni millətin sağlamlığı ilə əlaqədar olan məsələdir. Buna bir qədər başqa formada baxmalıyıq. Biz pandemiyanın yaratdığı problemi kökündən həll edə bildik. Amma quru sərhədləri açılsa, bunun nəticələri necə olacaq, onu deyə bilmərik. Bunu ən yaxşı Opertaiv Qərargah bilə bilər. Ona görə də, səbirli olub, gözləmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.
Paytaxtda 2022-ci il ərzində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi rayonların adı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat paylaşıb.
Belə ki, piyadavurmanın daha çox olduğu paytaxt rayonları arasında ilk üçlükdə – 19 hadisə ilə Sabunçu, 18 hadisə ilə Suraxanı, 16 hadisə ilə Binəqədi yer alır.
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunub.
Deputat Vüqar Bayramov “AzPolitika.info”-ya bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin Çıxarış (kupça) ilə təmin ediləcək.
“Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək”, - o qeyd edib.
Millət vəkilinin sözlərinə görə, digər dəyişikliklərdə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Onun sözlərinə görə, bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək.
“Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”,- V.Bayramov əlavə edib.
Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli maraqlı təkliflə çıxış edib.
O, Musavat.com-un müxbirinə deyib ki, İranın Azərbaycana yönəlik siyasətinə etiraz olaraq fars kökənli adlardan imtina etmək lazımdır: "Mən öz adımdan belə imtina etməyə hazıram. Cahangir adının yerinə məmnuniyyətlə Ayaz adını qəbul edərdim. Hər kəsi fars adlarından imtina etməyə çağırıram".
Avtomobilini qeydiyyata qoyan şəxs Baş Dövlət Yol Polisi İdarəsində problemlə üzləşib. Bu barədə oxucu Avtosfer.az-ın qaynar xəttinə şikayətini bildirib. Onun sözlərinə görə, qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsi yazılmadığı üçün qeydiyyatdan imtina edilib: “Avtomobilin təkrar qeydiyyatı üçün Qeydiyyat-İmtahan İdarəsinə yaxınlaşdım. Qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsi qeyd olunmadığı üçün yaxındakı təmir boksunda avtomobilə baxış keçirildi, lakin mühərrikin nömrəsini tapa bilmədilər. Bildirdilər ki, servisdən arayış gətirməlisən. Mühərrikin zavoddan nömrəsiz buraxılması haqqında arayışı servisdən alıb yenidən DYP-yə yaxınlaşdım. Birinci otaqda olan polis zabiti qeydiyyat şəhadətnaməsini aldı və digər otağa yaxınlaşmalı olduğumu, oradan isə qeydiyyat şəhadətnaməsi ilə birlikdə rəy alacağımı dedi. 6 saatdan artıq gözlədikdən sonra həmin otaqda adını bildirməyən mayor rütbəli zabit qeydiyyat şəhadətnaməsini vermədi və mühərrikin nömrəsinə, həmçinin avtomobilin qapısında olmayan birkaya görə istintaq araşdırmaları aparılmalı olduğunu bildirdi. Servis sənədini təqdim etsəm də nəzərə alınmadı” – deyə oxucu bildirib.
Qeyd edək ki, son zamanlar əksər sürücülər belə problemlərlə üzləşirlər. Məsələnin maraqlı tərəfi burasındadır ki, dəfələrlə qeydiyyata alınan avtomobili bir müddətdən sonra təkrar qeydiyyata təqdim edən zaman sənəddə mühərrik nömrəsinin olmadığını bildirirlər. Sual yaranır ki, əvvəlki qeydiyyatlar zamanı mühərrikin nömrəsini sənədə niyə yazmayıblar və ya mühərrikin nömrəsiz olmasını sənəddə niyə qeyd etməyiblər?
Bəs bu haqda qanunvericilik nə deyir?
Avtomobilin qeydiyyatı zamanı sənəddə hansısa məlumatın yanlış yazılması, o cümlədən ümumiyyətlə məlumatın yazılmamasının məsuliyyətini dövlət orqanı daşıyır. Avtomobil ilkin qeydiyyata təqdim edilən zaman mühərrikin nömrəsiz olması aşkar olunduqda qeydiyyat şəhadətnaməsinə “nömrəsiz” sözü yazılmalıdır. Bunu vaxtilə sənədə yazmayıb həmin hissəni boş saxlamaqla sonradan sürücüyə qarşı problemlər yaşadılması düzgün deyil. Hətta “Yol hərəkəti haqqında” qanunun 28-ci maddəsinin V hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qeydiyyata alındıqdan sonra qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan müvafiq dövlət orqanının hesabına dəyişdirilir. Bu maddəyə əsasən həmin problemlə üzləşmiş şəxslər heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət qeydiyyat əməliyyyatını aparan orqanın üzərindədir.
Jurnalistlər üçün tikilən və istifadəyə verilməsi gözlənilən üçüncü bina bu il media nümayəndələrinə verilməyə bilər.
Nazirlər Kabinetindəki mənbədən Meydan TV-yə verilən məlumatda belə deyilib.
Bildirilib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov bir müddət öncə Nazirlər Kabinetinə yazılı müraciət ünvanlayıb.
Ə.İsmayılov həmin müraciətində qeyd edib ki, binadakı mənzillər şəhid ailələrinə verilsin. Bununla da, MEDİA mənzillərin jurnalistlərə verilməsindən rəsmən imtina edib.
Məlumata görə, həmin mənzillər bu il may ayında – Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şəhid ailələrinə verilə bilər.
Məlumat üçün bildirilib ki, indiyədək Azərbaycanda jurnalistlərin istifadəsinə iki bina verilib. Bu minaların tikintisi və paylanılmasına ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nəzarət edib. 2013-cü ildə jurnalistlərə verilən birinci, yəni 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış binasının tikintisinə 22 milyon manat vəsait ayrılıb. 2016-cı ildə jurnalistlərə verilən 17 mərtəbəli, lakin əvvəlkindən fərqli olaraq 255 mənzilli binanın tikintisinə 21 milyon manatın xərcləndiyi bildirilir. Bu mənzillərin tikintisində korrupsiyaya yol verildiyinə görə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru həbs olunub. İstifadəyə hazır olan 255 mənzilli 17 mərtəbəli üçüncü bina ilə bağlı hələ ki heç bir qərar verilməyib.
Məlumata görə, Jurnalist Elçin Rəhimzadə isə üçüncü binadan mənzil gözləyən jurnalistlərin siyahısını açıqlayıb. O bildirib ki, Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan jurnalistlər məsələ ilə bağlı Prezidentə müraciət ediblər.
Jurnalist müraciət edənlərin siyahısını da təqdim edib:
1. Məmmədli Bəxtiyar Feruz oğlu – Şəhid ailəsi (“Kaspi” qəzeti, müxbir) 2. Ağayev İlham Əli oğlu (İlham Tumas) – Müharibə veteranı (İctimai Televiziya, redaktor) 3. Bəbirov Rza İmran oğlu – Müharibə əlili (ATV, koordinator-prodüser) 4. Eyvazov Şöhrət Qulam oğlu – Müharibə veteranı (İctimai Televiziya, müxbir) 5. Salayev Nahid Mirsamid oğlu – Müharibə əlili (“Bakı-Xəbər” qəzeti, jurnalist, “Aria.az“, redaktor) 6. Məmmədli Yelmar Valeh oğlu – Müharibə veteranı (Baku TV, redaktor) 7. Əliyev Müseyib Siyasət oğlu – Müharibə veteranı (Space TV, texnik) 8. Əzizov Daşqın Mehdi oğlu – Müharibə veteranı (Offside Sport Media, direktor) 9. Məmmədov Mahal Şahniyar oğlu – Müharibə veteranı (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi) 10. Məmmədov Səbuhi Ədalət oğlu – Müharibə veteranı (“Report” İnformasiya Agentliyi, montajçı) 11. Məcidli Bəxtiyar İftixar oğlu – Müharibə veteranı (ATV, redaktor) 12. Cəfərzadə Orxan Azat oğlu – Müharibə veteranı (“Kəpəz TV”, müxbir) 13. Şərəfxanlı Nəsimi Çərkəz oğlu – Müharibə veteranı (Cümhuriyyət.az, baş redaktor) 14. Baxşəliyev Rəşad Fizuli oğlu – Müharibə veteranı (“Azərbaycan” qəzeti, redaktor) 15. Rəşidov Rəşad Valeh oğlu – Müharibə veteranı (İctimai Televiziya, müxbir) 16. Məmmədov Zaur Əhməd oğlu – Şəhid ailəsi (“Unikal Media Qrup”, baş redaktor)
Digər bir məlumata görə isə, MEDİA Agentliyi bir qrup şəhid və qazi ailəsi olan jurnalistin də həmin binadan mənzil almasını indiki şəraitdə məqbul sayıb. Çünki binanın jurnalistlərə verilməməsinin narazılığa səbəb olacağını düşünürlər.
Bildirilib ki, əslində, bununla da binanın faktiki jurnalistlərə deyil, şəhid və qazi ailələrinə verilməsini rəsmiləşdirə biləcəklərini nəzərdə tuturlar.
Əhməd İsmayılovun Nazirlər Kabinetinə belə bir müraciət göndərib-göndərmədiyini dəqiqləşdirmək üçün MEDİA-nın mətbuat katibi Səidə Şəfiyeva ilə əlaqə saxlanılıb.
Səidə Şəfiyeva öncə bildirib ki, bu məsələdən xəbərsizdir və dəqiqləşdirdikdən sonra məlumat verə bilər. Daha sonra isə deyib ki, Əhməd İsmayılov səfərdə olduğu üçün məlumatı dəqiqləşdirə bilməyib. Agentliyin şöbə müdiri Natiq Məmmədli isə zənglərə cavab verməyib.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da məsələni araşdırdıqdan sonra məlumat veriləcəyini deyib, lakin o da sonradan hər hansı bir məlumat verməyib. //Meydan TV//
Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:
“Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib”.
Rafiq Verdiyev deyib ki, qarölçmə nəticələrinə görə Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq:
“Gürcüstanlı həmkarlarımızla daim əlaqədəyik. Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olması gözlənilsə də, indidən nəsə demək çətindir”.
Martın 15-dən Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.
Teref.az APA-ya istinadən bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, həmin yollarda aparılan təmir işləri bu gün ərazində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək.
Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb. Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.