Ardını oxu...
Həftələrdir ki, Laçın yolu ətrafında gərginlik hökm sürür. Ermənistanın “Qarabağda humanitar böhran” şousu, “Azərbaycan humanitar yükləri Xankəndiyə buraxmır, Qarabağdakı ermənilər acından ölür” kampaniyası gərginliyi bir qədər də artırmış oldu.

Ermənistanın bu istiqamətdə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciəti, Şuranın təcili iclasının keçirilməsi də kampaniyanın tərkib hissəsidir. İrəvan BMT TŞ-nin iclasında Azərbaycana qarşı qətnəmənin qəbuluna nail olmasa da, bəzi dövlətlərdən və beynəlxalq təşkilatlardan Laçın yolunun açılması, “blokadanın” aradan qaldırılması çağırışları edilməkdədir.

Azərbaycanın bu istiqamətdə mövqeyi bəllidir. Rəsmi Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib - hansı ki, Ermənistan və Qarabağdakı xunta rejimi bunu qəbul etmir. Laçın yolundan isə Qarabağın erməni sakinlərinin sərbəst gediş-gəlişi təmin olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycan Laçın yolu ilə bağlı hazırkı mövqeyindən çəkilməyəcək.

TEREF.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, hazırda Laçın yolunda hər şey qaydasındadır:

- Azərbaycan sərhədçisi keçid postunda dayanıb, ikitərəfli keçidə nəzarət edir. Kim Ermənistandan gəlirsə, sənədlərini təqdim edir, buraxırlar. Kim Xankəndidən İrəvana gedirsə də, eyni ilə, sənədləri yoxlanılır, problem yoxdursa, axtarışda deyilsə, buraxılır. Hətta mən deyərdim ki, onlara güzəşt edilir. Bu gün heç Azərbaycan vətəndaşları quru sərhədi ilə xaricə gedə, ölkəyə gələ bilmirlər. Ermənilər sərhəddən sərbəst keçirlər, daha bundan artıq nə hörmət edilməlidir?! Bu gün də mən xəbərlərdə gördüm, Qarabağın erməni sakinlərindən bir xeylisi Ermənistan tərəfə keçdi. Onların əksəriyyəti səhv etmirəmsə, İrəvanda oxuyan tələbələr idi və s. Yəni ki, Laçın yolu normal rejimdə, Azərbaycanın istəklərinə uyğun işləyir.

- Sərhəddə həmçinin 22 TIR dayanıb və Ermənistan “humanitar böhranın qarşısının alınması məqsədilə” yüklər gətirildiyini, Azərbaycanın bu yükləri buraxmadığını iddia edir...

- Bunun bizə nə dəxli var? TIR-lar dayanıb, dayansın, bizim nəyimizə lazımdır! Biz o maşınları dəvət etməmişik ki... Hər kəs anlayır ki, “humanitar böhran” uydurmadır, şoudur, məqsədlidir. İddiaları doğrudursa, o zaman Ağdam-Xankəndi yolu təklif edilib, oradan istifadə etsinlər. Yemək üçün yolun nə fərqi var?! Hər yükü sərhəddən keçirməliyik ki?

- Beynəlxalq aləmdən Azərbaycana yüklərin buraxılması çağırışları var. Sizcə, rəsmi Bakının hazırkı mövqeyində dəyişiklik olacaq?

- Azərbaycanın mövqeyi açıq şəkildə bəyan edilib: humanitar gediş-gəliş üçün Laçın yolundan istifadə edilə bilər. Dediyim kimi, istifadə də edilir. Yəni xəstə bir erməni İrəvana gedir, oradan Xankəndiyə qayıdır, buna icazə var, istifadə də edirlər. Amma Azərbaycanın ərazisinə hansısa yük gətirirlərsə, o zaman Ağdam-Xankəndi yolundan istifadə etsinlər. Ağdam-Xankəndi yolunun nəyi pisdir ki? Əslində bu yol daha yaxındır. Yəni ki, Bakının şərti budur: yüklər Ağdam-Xankəndi yolu ilə aparılacaq, vəssalam! Hesab edirəm ki, bu mövqe dəyişməyəcək. Azərbaycan öz suveren hüquqları çərçivəsində addımlar atır. Qarabağda heç bir humanitar böhran yoxdur, kimsə acından ölmür. Qarabağın erməni sakinləri içərisində hansınınsa problemi varsa, bunun günahkarı hərbi xunta rejimidir.

- Rejim icərisində də qarşıdurmaların baş verdiyi xəbərləri var. Qarabağda xunta rejimi daxilində nə baş verə bilər?

- Orada deqradasiya gedir. Hesab edirəm ki, xuntaya xidmət edən insanlar, əslində, Ermənistana bağlı şəxslər silahı qoyub çıxıb getməlidirlər. Ağılları varsa, bu addımı atmalıdırlar. Təbii ki, onlar qanun qarşısında cavab verəcəklər – bu, qaçılmazdır.

Sadə ermənilərə gəlincə, onların işinə də Azərbaycan baxacaq, görək hansı cinayətlər törədiblər, cinayətlərdə əlləri varmı və s. Əgər cinayət törətməyənləri varsa, yaxud yüngül cinayət törədiblərsə, bəlkə, onlara amnistiya tətbiq edildi. Yüngül cinayət dedikdə, məsələn, mitinqdə iştirak edibsə, ona bənzər cinayət edibsə, onların amnistiyası ola bilər. Soyqırımı cinayətlərində, qətliamlarda iştirak edənlərdən söhbət getmir. Amnistiya olunanlar, vətəndaşlığı qəbul edənlər “ASAN Xidmət”də mülkünü qeydiyyata salacaq, istəsə - qalıb yaşayacaq, istəsə - satıb gedəcək və s. Vəssalam, bunun başqa yolu yoxdur!
 
 
 

Ardını oxu...
DİA.AZ Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarovun regionda və dünyada baş verən geosiyasi proseslər barədə "Report"a müsahibəsini təqdim edir:

- Elmar müəllim, bildiyiniz kimi, Ermənistan bu günlərdə Azərbaycanın Xankəndidə humanitar böhran yaratması iddiası ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Amma toplantıda arzuladığı nəticəni görmədi. Bu gözlənilən idi?

- Şəxsən mən bilirdim ki, belə də olacaq. İlk növbədə ona görə ki, BMT TŞ-ə müraciət edən zaman üzvlərin mövqelərini bilmək lazımdır. Ermənistan daimi üzvlərin Azərbaycana münasibətlərini və onların rəsmi Bakı ilə əlaqələri korlamaq istəmədiklərini hesablamalı idi. Ümumiyyətlə, bu müraciət məsuliyyətsiz addım idi. Halbuki BMT TŞ-də hansısa məsələni müzakirə edərkən məsuliyyətli və ciddi olmaq lazımdır. Görünür, rəsmi İrəvan bunu bilmirdi. Üçüncü bir tərəfdən, Ermənistan hələ də BMT-nin məlum 4 qətnaməsini yerinə yetirməyib. Bunu Vətən müharibəsinin nəticəsində də gördük. Odur ki, BMT-nin Azərbaycan əleyhinə hansısa qətnamə qəbul edəcəyi ağlabatan deyildi.

- Ermənistanın Laçın yolundakı "humanitar tır" şousu, sizcə, nə ilə nəticələnəcək?

- Bu, səmərəsiz və mənasız cəhddir. Öncə onu deməliyəm ki, Laçında hansısa blokadadan söhbət gedə bilməz. Sadəcə olaraq biz yola nəzarət edirik. Bu isə İrəvanın iddia etdiyi kimi, heç bir halda beynəlxalq hüquqa zidd deyil.

- Son zamanlar Ermənistan, demək olar, hər gün hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan isə bütün çıxışlarında sülhə sadiqliyini ifadə edir. Bu paradoksu necə qiymətləndirirsiniz?

- Paşinyanın dedikləri daxili auditoriyaya hesablanır. Amma sülhün (sülh müqaviləsi nəzərdə tutulur – “Report”) yaxın vaxtda imzalanacağını düşünmürəm. Çünki təxribatlar ara vermir. Ümumiyyətlə, sülh əldə olunmadıqca təxribatlar davam edəcək. Bu isə o deməkdir ki, növbəti hərbi əməliyyatların başlanması istisna deyil. Hərçənd bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Bunu qarşı tərəf özü da başa düşməlidir. Ən azından ona görə ki, Ermənistanın hərbi imkanı lazımi səviyyədə deyil. Əgər təxribat istəyirlərsə, onda məsuliyyət öz boyunlarında qalır.

- Meşəli cinayətkarlarından biri - Vaqif Xaçaturyan bu yaxınlarda həbs edildi. Sizcə, prosesin davamı gələ bilərmi? Azərbaycan digər terrorçular barədə qanunvericiliyə uyğun olaraq hansı lazımi tədbirlər görməlidir?

- Buna heç bir şübhəm yoxdur. Sözsüz ki, Qarabağdakı digər terrorçular, o cümlədən qondarma qurumun başçısı Araik Arutyunyan üçün də eyni aqibətin təkrarlanması mümkündür. Onların hər biri Azərbaycan qanunvericiliyi qarşısında cavab verməlidir. Rəsmi Bakı bunun üçün müvafiq addımları atmalıdır və atır.

- Son zamanlar separatçı-quldur rejimlə Ermənistan hakimiyyəti arasında gərginlik yaranıb. Bu ziddiyyət nə ilə bağlıdır?

- Əslində bu, Azərbaycanın diplomatik uğurunun növbəti təzahürüdür. Qarşı tərəf başa düşür ki, Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyasının alternativi yalnız onların torpaqlarımızdan çıxmasıdır. Ona görə də narahat olmağa başlayıblar. Amma reinteqrasiya sadəcə zaman məsələsidir. Mütləq buna da nail olacağıq.

- Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva. Hansını daha ideal hesab edirsiniz?

- Bizim mövqeyimiz aydındır. Sülh istəyirik. Rəsmi Bakıya irəliləyiş lazımdır. Deməli, biz öz məqsədimiz naminə hər üç platformadan istifadə etməliyik.

- Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bir müddət əvvəl verdiyi müsahibə dedi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üçün tələsməməlidir. Bir yandan isə Moskva özü vasitəçilik etməyə çalışır. Bu açıqlamadan sonra biz Rusiyanın səmimiliyinə inana bilərikmi?

- Rusiyanın, ABŞ-ın, Avropa İttifaqının da öz maraqları var. Hər bir vasitəçi prosesə öz maraqları kontekstindan yanaşır. Təsadüfi deyil ki, rəsmi Moskva hər fürsətdə Vaşinqton və Brüsselin onu regiondan çıxarmağa çalışdığını deyir. Bəlkə də, bu fikirlərdə müəyyən həqiqət var. Əvvəllər də demişəm, biz birbaşa təmaslara üstünlük verməliyik. Baş nazir müavinləri səviyyəsində birbaşa dialoq müsbət haldır. Ümid edək ki, sülh sənədi də birbaşa təmaslar nəticəsində hazırlanacaq.

- Yeri gəlmişkən, Rusiya - Ukrayna müharibəsinin sonu görünmür. Sizcə proses üçüncü dünya müharibəsinə doğru gedir?

- Ən azı yaxın aylarda müharibənin miqyasının genişlənəcəyini düşünmürəm. Amma sülhün yaxın vaxtlarda əldə olunacağını da gözləmirəm. Rəsmi Kiyev dəfələrlə bildirib ki, müharibə torpaqlar tamamilə işğaldan azad olunanadək davam edəcək. Ukrayna torpaq güzəşti müqabilində hətta NATO-ya üzvlükdən də imtina etdi. Eyni zamanda Rusiya da geri çəkilənə oxşamır. Deməli, döyüşlər hələ davam edəcək.

- "Vaqner" xüsusi hərbi təşkilatının Polşa və Litva sərhədində təxribat törətmək və nəticədə yeni münaqişə ocağının yaranması ehtimalını necə qiymətləndirirsiniz?

- Düzü, Polşa və Litva rəsmilərinin bu barədə açıqlamalarını, o cümlədən xəbərdarlıqlarını qeyri-ciddi hesab edirəm. Əgər təhlükə varsa, kəşfiyyat xidməti, sərhəd qoşunları və digər güc strukturları lazımi tədbirləri görməli, ehtimal edilən təhdidin qarşısının almalıdır. Doğrudanmı, Polşa və Litvanın buna imkanı yoxdur?!

- Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dostluq münasibətinizin olduğunu bilirik. Bəs yeni nazir Hakan Fidanla heç danışmısiz? Ondan gözləntiləriniz nələrdir?

- Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm.

- Ümumiyyətlə, xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?

- İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq.
Ardını oxu...
DİA.AZ Dədə Ədalətin yetirməsi, ustad aşıq Ədalət Dəlidağlının Lent.az-a müsahibəsini təqdim edir:

- Aşıq Ədalət, adətən insanlar elə sənət seçirlər ki, “çörək verən” olsun. Aşıq sənətinin çörəyi varmı? Bu sənətə həvəs sizdə necə yaranıb?

- Bizim nəsildə həm ana, həm də ata tərəfdə saz çalmaq, şairlik istedadı var. Kəlbəcərli olasan, təbin bulaq kimi qaynamaya? 7-8 yaşımdan radiolarda ustad sənətkarları dinləyirdim. Ədalət Nəsibovu, Hüseyn Saraclını, Aşıq İmranı, Dədə Şəmkiri, Cəlal Qəhrəmanovu eşidə-eşidə böyümüşəm. 18 yaşım yox idi, heç məclislərə çıxırdım. Çörəkli sənət olması barədə nə deyim? Çörəyi, ruzini verən Allahdır. Allah şahidimdir ki, heç vaxt gözüm heç kimin cibində olmayıb, məclisə gedəndə qiymət danışmamışam. Sənətkar günortaya qədər ac qalar deyiblər. Xalq dolandırır. Nə qədər ki, sənətə sənətkara qiymət var, saz çörəkli sənət olacaq. Dədə Ələsgər “nizamnaməmizi” yazıb qoyub, biz də onun yoluyla gedirik.

- Müasir aşıq sənəti ilə klassik aşıq sənətinin fərqi çoxdur? Bu gün toylarda müasirlik adı altında aşıq sənətinə gətirilən yeniliklər sizi narazı salır?

- Müasir aşıq sənətinə bir çox bayağı əlavələr edirlər, deyirlər bu yenilikdir. Bu yenilik deyil, süniləşdirmədir. Dədə Ədalət də yenilik edirdi, amma nə klassikanı pozdu, nə sənəti bayağılaşdırdı. Müasirləşdirmək cəhdi klassik aşıq sənətinə zərbə vurmadan edilməlidir.

- Qadın aşıqların məclis aparmasına necə baxırsınız? Telli Borçalı tamadadır ya aşıq?

- Telli Borçalı sinəsi dolu aşıqlardandır, Çox eşidib çox bilir. Tamada deyil, köhnə aşıqları, müasir şairləri yaxşı bilir, bol söz ehtiyatı var. Aşıq Zülfiyyə, Lətifə Çeşməli, Aşıq Kəmalə, Gülarə xanım, Ulduz xanım bu sənətin layiqli daşıyıcılarıdırlar.

- Çox da uzaq olmayan keçmişdə toyun sonunda bəy tərəfi edərdilər, məclisə aşıq çıxardı, dastan danışardı. Hətta aşığın dastanına dalardılar, məclis günlərlə uzanardı. İndi də dastan danışan aşıqlar var?

- Azdır, amma var. Əslində dastan danışdıran yoxdur, tələbat azalıb. Aşıq Əhliman, Aşıq Arif, Aşıq Şöhrət yaxşı dastançıdırlar. Özüm 10-15 dastan bilirəm. Aşıq Qəmbər, Əli Zeynalabdinov, Aşıq Yolçu, Aşıq Təbriz, Aşıq Qələndər klassik aşıq sənətinin keşikçiləridir. Toylara gedib qazanc naminə hoqqabazlıq edənlər, şou çıxardanlar da var. Onlar aşıq deyillər.

- Sazı başında çalan aşıqlar da var. Onlara sözünüz nədir?

- Sazı başında ifa edənlər şou göstərirlər, onlar aşıq deyillər sadəcə saz çalırlar. Bunu özləri də etiraf edirlər. Amma indi belələrinə tələb daha çoxdur. Gərək yenilik gətirəndə uzlaşdırasan, ağa qara yamaq vurmayasan. Vəhdət olmalıdır. Sazı başının üstündə çalanlara tələb bizdən çoxdur. Bunun da günahı teleməkanlardadı. İnciməsinlər məndən. Düzdür, saz sənətinə ehtiramla yanaşan, samballı verilişlərimiz də var. Amma şou axtaranlar daha çoxdur. Bizim Aşıqlar Birliyimiz var, efirlərə çağıranda Aşıqlar Birliyindən aşıq çağırsınlar. Sazı başında çalanlar aşıq deyillər, sadəcə ifaçıdırlar, çörəklərini qazanırlar. Zaman belə gətirib. Heç onları da günahlandırmıram. Dediyiniz qaydada Aşıq Mübariz, Ziyadxan çalırlar. Yaxşı ifaçıdırlar, şirin barmaqları var. Saza belə münasibət düzgün deyil, amma onlara tələbat var.

- Aşıqdan tamada olarmı?

- Xeyr olmaz. Aşıqdan tamada ola bilməz.

- Aşıqlar Birliyi dediniz, aşıqlar arasında birlik var? Bir ara möhkəm xəstələndiniz. İtirib-axtardılarmı sizi?

- Bəli, sağ olsunlar, gəldilər, mən də onların balalarının toyunda borcumu ödəyəcəm.

-Tez-tez Şirvan aşıqları, yoxsa Qərbi Azərbaycan aşıqları deyə mübahisələr olur...

- İkisi də bu xalqın sərvətidir. Aşıqları parçalamaq, ayırmaq günahdır. Şirvan aşıqlarında ritm var, ansamblla daha çox ifa edirlər, özlərinə xas rəqsləri var. Şirvan da Kəlbəcər də elimin o başı bu başıdır. Aşığa fərq eləməz. Azərbaycanda Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd aşıq məktəbləri olub. Borçalı, Çıldır və Urmiya aşıqları təklikdə, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər. Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göyçə və başqa Qərb aşıq məktəblərindən fərqlənir.

- Bir zamanlar məclislərin bəzəyi aşıqlar idi. İndi meyxanaçılar. Sizlər niyə meydanda onlara uduzursunuz?

- Mən deməzdim ki, aşıqlar meyxanaçılara uduzur. Əsla belə deyil. Bağlama qıfılbənd yazan aşıq bir bənd deyər min meyxanaçı aça bilməz. Açıqların gəraylısı, dodaqdəyməzi, müxəmməsi, çarpaz qoşması, ustadnaməsi, öz yaradıcılıqlarının məhsulu olan saz havaları var. Bu meyxanada yoxdur. Aşıq sənəti meyxana sənətindən qədimdir. Bəlkə də meyxana aşıq sənətindən mayalanıb. Meyxana da qədim sənətdir, xalqın sinəsindən gəlib. Asan sənət deyil. Məsələn, bədahətən söz deməyi, o süjeti qorumağı hər aşıq bacarmır. Meyxana da biz qabaqlaşmamışıq ki, udaq uduzaq. Hər bir halda aşıq sənəti daha qədimdi.
- Aşıq meyxanaya qulaq asır?

- Mən asıram. Allah rəhmət eləsin Ağasəlimə, Nizami Rəmziyə çox dinləmişəm. Ağakərimə şəfa diləyirəm. Hamısına hörmətim var. Namiq Məna ilə çox məclislərə düşmüşük, sevərək qulaq asmışam.

- Deyir ustadına kəm baxanın gözlərinə qan damar. Aşıq sənətində dəyişməz qanunlardan biri ustad aşıqları hörmətlə yanaşmaq, mənəm-mənəm deməməkdir. Hər zaman Aşıq Ədaləti ehtiramla anırsınız. Sizin yetirmələriniz var?

- Bəli şəyirdlərim ( aşıqlar öz yetirmələrinə, şagirdlərinə adətən şəyird deyirdlər) var. Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçın, Ülvi Cəfərov kimi yetirmələrin adını fəxrlə çəkə bilərəm. Çünki klassik üsluba hörmətlə yanaşırlar. Bu sənəti gərək urvatda saxlayasan. Dədə Ələsgər 104 yaşına çatmışdı, deyirdi, gərək sazı, ozanlığın sirlərini ustaddan öyrənəsən, hələ özünə ustadam, ən böyüyəm demirdi, hələ də öyrənmək eşqindəydi. Deyirik zaman dəyişib, amma zaman yəqin həmişə insanı narazı salırmış. Aşıq Abbas Tufarqanlı deyirdi ki,

Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.

- Doğulub böyüdüyünüz Kəlbəcərə gedə bildinizmi? 30 illik ayrılıqdan sonra dədə-baba yurdunu görmək möhtəşəm duyğudur.

- ( Kövrəlir) İki dəfə getdim, şəhidlərimizin qanı tökülən torpaqları öpdüm. Xatirələrim dilə gəldi. Məclisdə Dədə Şəmşirin başımı sığallamasını gördüm, 18 yaşım var idi onda. Çal-çağırlı elatlarımızı gördüm, xəyal kimi keçdi gözümün önündən, əlimi uzatdım, tapa bilmədim. Cavan Ədalətlə, öz keçmişimlə qarşılaşdım, danışdım. Bu duyğuları saza töksən saz yanar, sözə töksən söz. Allah bir daha ayrılıq yaşatmasın. Bu günümüzə şükür. Allah ordumuzu da, Prezidentimizi də qorusun.




Ardını oxu...
DİA.AZ Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) direktoru Şahin Əkbərovun APA-ya müsahibəsini təqdim edir:

- Şahin həkim, instituta müraciətlər daha çox hansı şikayətlərlə bağlı olur?

- Bizim institutda göstərilən xidmət spesifikdir. Şikayətlər, həmçinin ilin fəsillərinə görə dəyişir. Hazırda yay fəsli olduğuna görə əhali arasında aktivlik artıb. Buna görə indiki dövrdə uşaqlarda ən çox dirsək oynağı ətrafının sınıqları, böyüklərdə isə bud, baldır, bazu sümüklərinin sınıqları ilə bağlı müraciətlər daha çox olur.

Bu cür sınıqlarla bağlı, demək olar, hər gün pasiyent qəbul edirik.

- Qəzalardan sonra ən çox hansı travmalarla müraciət edilir?

- Daha çox bud, baldır, bazu və said sümüklərinin sınması ilə bağlı müraciətlər olur.

- Şahin həkim, uşaqlarda budların anadangəlmə çıxıqları hansı hallarda olur?

- Bununla bağlı dünyada aparılmış statistikaya görə, yeni doğulan 1000 körpədən 3-4-də bu problemə rast gəlinir. Bunun səbəbləri isə çoxdur. Burada genetik və fizioloji-mexaniki amillər rol oynayır. Məsələn, doğuşda sağrı gəlişi, hamiləliyin 10-15-ci həftəsində keçirilmiş infeksiyalar, nəsildə sümük xəstəliklərinin olması, uşağı düzgün bələməmək və s. bu problemin yaranmasında rol oynaya bilir. Lakin dediyim kimi əsas faktor genetikdir. İndiki dövrdə genetika elmi də inkişaf edib. Əvvəlcədən uşaqlarda hansı problemlər yarana bilər, müəyyənləşdirmək mümkündür.

- Yeri gəlmişkən, əyri ayaqların səbəbini bir çox hallarda uşaqların bələnməməsində və ya düzgün bələnməməsində görürlər. Müasir tibbin bununla bağlı yanaşması necədir, körpələri bələmək lazımdırmı?

- Tibb elmində aparılan son təhlillərə görə, bud sümüklərinin ayrılmış vəziyyətdə olması məsləhət görülür. Buna görə körpələri bələmək tövsiyə edilmir.

- Bəs yeni doğulmuşlarda hansı ortopedik xəstəliklər özünü daha çox göstərir?

- Yeni doğulmuşlarda ən çox rast gəlinən bud sümüklərinin anadangəlmə çıxığıdır. Sümüyün inkişafı pozulursa, inkişafdan geri qalırsa və ortopedik məsləhətlərə əməl olunmursa, bu zaman bud sümüyü çıxığına meyl yaranır. Buna görə uşaq doğulandan ortoped həkimin nəzarətində olmalıdır. Bu zaman gözlənilən patologiyaların çoxunun qarşısını almaq mümkündür.

- Uşaqların hansısa yaş qrupunda xüsusi olaraq ayaqlarının rentgen edilməsinə ehtiyac varmı, bu, nə üçün önəmlidir?

- Yeni doğulan uşaqların 3 aya qədər rentgen olunması məsləhət deyil. Çünki bu dövrdə uşaq orqanizmi sürətlə inkişaf edir və həmin dövrdə rentgen şüası az-çox mənfi təsir edə bilər. Buna görə birinci vizual müayinə edilir, daha sonra ultrasəs müayinəsi aparılır. Bu müayinə rentgen şüasından fərqli olaraq zərərsizdir. 3 aydan sonra əgər əsaslı şübhə varsa, rentgen etdirmək olar.

- Uşaqlardan söz düşmüşkən, valideynlər məktəblilərin, xüsusilə də ibtidai sinif şagirdlərinin çantalarının ağırlığından çox şikayətçidirlər. Ciddi narahatlığa ehtiyac varmı?

- Uşaqların ağır çanta daşıması, düzdür, yaxşı deyil, amma buna görə uşağın belində skolioz kimi patologiya yarana bilməz. Sadəcə uşaq çanta götürərkən yaxşı olar ki, ağırlıq hər iki çiyində bərabər şəkildə paylansın.

- Əyripəncəlilik, yastıayaqlılığın ortopedik ayaqqabılarla müalicəsi mümkündürmü?

- Bu problem də genetik faktordan asılı olaraq yaranır. Heç kəs yastıayaqlılığı müalicə etdiyini deyə bilməz, lakin uşaqda buna meyllilik varsa, erkən yaşda ona ortopedik ayaqqabılar geyindirməklə qarşısını almaq mümkündür. Əgər nəzarət olmasa, əyrilik uşaq böyüdükcə birinci, ikinci dərəcəyə çevrilə, daha sonra ağrı ilə özünü göstərə bilər. Yəni ilkin nəzarət və müdaxilə önəmlidir.

- Bir çox insan boyunun qısa olmasından ya əziyyət çəkir, ya da bunu ciddi kompleks edir. Boyun uzadılması hansı hallarda mümkün olur?

- Əvvəla, qeyd edim ki, boyun qısa olması bir çox səbəblərdən asılıdır. Bu, bəzi hallarda sümük sistemi xəstəliyinin nəticəsi olsa da, bəzi hallarda isə genetik faktorlardan da asılı ola bilir. Hazırda bu səbəblərdən asılı olmayaraq qısaboylu olmağın qarşısını almaq mümkündür. Əgər qısa boyluluq xəstəliklə əlaqəlidirsə, o zaman 6 yaşdan müalicəyə başlamaq lazımdır. Çünki bu dövrdə böyümə zonaları fərqli olur. Yox, əgər qısa boyluluq genetik faktordan qaynaqlanırsa, bu zaman boyatma prosesinin sonuna yaxın, 14-15 yaşlarda boyun uzadılmasına başlanılır.

Bud sümüyünü 8-10 sm-ə, baldır sümüyünü 10-12 sm-ə qədər böyütmək mümkün olduğuna görə bir şəxsin boyunu 22 sm-ə qədər uzatmaq mümkündür. Lakin bu, hamıya aid deyil. Boy uzatma ən çox gənc nəsildə effektiv olur. Boyun uzadılması zamanı axsaqlıq olmasın deyə proses çarpaz aparılır. Yəni bir tərəfdə bud uzadılırsa, digər ətrafın baldır sümüyü də eyni vaxtda uzadılır. Bir halda ki bu prosesə əvvəldə də qeyd etdiyimiz kimi erkən yaşda başlanılsın.

- Həkim, bəs bununla bağlı müraciət sayı çoxdurmu, nəticələr necədir?

- Bəli, müraciətlər olur. Boyu günə bir millimetr uzatmaq mümkündür. Boyun uzadılması prosesində xəstəni stasionarda yatırda bilmirik. Ona proses izah edilir və xəstə özü bunu ambulator şəraitdə tənzimləyir. Lakin xəstə mütəmadi olaraq həkim müayinəsinə gəlir, proses izlənilir. Bəzən uzadılma prosesində problemlər də çıxa bilir. Məsələn, boy bir tərəfli uzadılır və axsaqlıq yarandığına görə, boy qısaldılmalı olur.

- 22 sm-ə qədər boyun uzadılmasının mümkün olduğunu qeyd etdiniz. İnstitutun təcrübəsində buna rast gəlinibmi?

- Olub. Qeyd edim ki, boy uzadılmasının başqa metodları da var, lakin postsovet ölkələri kimi bizdə də bu proses ən çox “İlizarov” aparatı ilə aparılır.

- Əyri ayaqların düzəldilməsi ilə bağlı müraciətlər çoxmu olur?

- Bizim ölkədə, təəssüf ki, ayaqları əyri olan uşağı erkən yaşda həkimə aparmırlar. Ən çox qız uşaqları yetkin yaşa çatanda həkimə müraciət edirlər. Öz təcrübəmdə bununla çox rastlaşıram. Erkən müraciət edənlərin sayı az olur. Ölkədə tibbi təbliğat getdikcə bu cür hallar da azalacaq, erkən müraciət edənlərin sayı daha çox olacaq.

- Bəs bu proses necə aparılır?

- Sümük əyri nahiyədən sındırılır və “İlizarov” aparatı ilə korreksiya olunur. Bitişmə prosesi 4-5, 6 aya qədər çəkir. Bu, orqanizmin xüsusiyyətindən asılı olan bir məqamdır. Yəni ən geci 6 aya qədər proses tamamlanır.

- Həmin dövrdə xəstə yataq rejimində olur, yoxsa necə?

- Xəstə bir həftə sonra ayağında aparat ola-ola gəzə bilir. Həkim müayinəsi ayda bir dəfə aparılır.

- Həkim, yeri gəlmişkən, skolioz, kifoz kimi problemlərdə də valideynlər bir çox hallarda uşaqlarının 15-16 yaşında, problem tamamilə ciddiləşəndə müraciət edirlər. Beldə müəyyən qədər əyilmə getdikdən sonra uşaqlara belini düz saxla desən də, bunu bacarmırlar. Skolioz, kifozun tam müalicə olunması üçün neçə yaşdan başlanılmalıdır?

- Skolioz bir qədər mürəkkəb problemdir. Buna spesifik yanaşmaq önəmlidir. Beldə əyriliyin əmələ gəlməsinin səbəbləri olur. Əgər səbəb genetikdirsə, uşaq böyüdükcə belindəki əyrilik daha da artacaq. Ona görə də bütün dünyada qəbul olunub ki, uşaqlar və yeniyetmələr ortopedlər tərəfindən erkən yaşlardan müayinə olunmalıdırlar. Hətta ana bətnində, doğulduqdan sonra 3 ay müddətində də körpələrə ortoped baxmalıdır. Valideynin görə bilmədiyini klinik müayinə metodu ilə ortoped görə bilir.

Uşağın əyri oturması ilə əmələ gələn bel əyriliyə vaxtında müdaxilə edilirsə, həkim nəzarətində olursa, üzgüçülük, fizioterapevtik təyinatlarla qarşısını almaq və əyriliyi aradan qaldırmaq mümkün olur.

Genetik əyriliklərin isə qarşısını almaq daha çətindir. Genetik əyriliklər uşaq vaxtından araşdırılır və səbəbi bəlli olursa, əyriliyin artmaması üçün tədbirlər görülür. Sümükləşmə prosesi bitəndə cərrahi müdaxilə edilir. Uşaq vaxtı isə cərrahi müdaxilə edilmir, çünki uşaq böyüdükcə onurğaya qoyulmuş dəmir boy atmasına mane olur.

- Bunların müalicəsində indi hansı yeni metodlardan istifadə olunur?

- İndi çox müasir metodlar var. Lakin əyrilik ağırlaşmadan qarşısını almaq daha asandır. Ən ağır formada, 4-cü dərəcədə, 30-40 yaşında həkimə müraciət edənlərin böyük problemləri olur. Deformasiyaya uğramış döş qəfəsi, digər sümük xəstəlikləri, daxili orqanların yerini dəyişməsi müşahidə olunur. Şəxsi təcrübəmdə daxili orqanların tamamilə yerini dəyişməsinə, sağdakı orqanın sola və ya soldakı orqanın sağa keçməsinə rast gəlmişəm. Yəni sümük patologiyaları digər patologiyalarla birlikdə ola bilir.

- Onurğa ilə bağlı şikayətləri müşahidə etdikdə görürük ki, onurğa yırtığı insanlar arasında əvvəlki dövrlə müqayisədə daha çox yayılıb. Bununla bağlı statistika nə deyir, doğrudan da çoxalıb, yoxsa necə?

- Onurğa yırtığı ilə bağlı əsas diqqət edilməli və araşdırılmalı məqam genetik faktordur. Əgər problem genetik deyil, sonradan qazanılmadırsa, yəni hansısa vərdiş və ya travma nəticəsində əmələ gəlirsə, qarşısını almaq mümkündür. Uzun müddət hərəkətsiz qaldıqda fəqərənin bir tərəfi yüklənirsə, fəqərə arasında elastikliyi qoruyan nüvə təzyiq nəticəsində yerini dəyişir və ən təhlükəlisi isə sinir kökləri və yaxud onurğa beyninə tərəf inkişaf edəndə olur. Bu zaman xəstədə istər-istəməz ağrılar əmələ gəlir.

İndi bir çox ölkələr yırtığın əvəzinə bel ağrısı sindromu və s. adlarla insanları məlumatlandırmağa çalışır, bel ağrıları zamanı erkən vaxtdan həkimə müraciət etməyin əhəmiyyətini təbliğ edirlər. Bu zaman əmələ gələcək yırtığın da qarşısını almaq mümkündür.

Yırtığın yerləşdiyi yerdən, orqanizmin yaşından, yanaşı xəstəliklərdən, yırtığın ölçüsündən psixoloji faktorlardan asılı olaraq fizioterapiya və ya cərrahi üsulla müalicəsi aparılır. Xəstənin psixoloji durumundan asılı olaraq, fizioterapiya müalicəsi qəbul edirsə, cərrahi əməliyyata ehtiyac olmadan sağalması mümkündür.

Onurğaətrafı əzələləri düzgün inkişaf etdirməklə degenerasiya olunan tərəfdə canlılıq yaradılır.

Onurğa yırtıqlarının geniş yayılması məsələsinə gəlincə isə deyərdim ki, təkcə bu problem yox, digər xəstəliklər də artıb. 35 il bundan əvvəl insanların sümüyündə bitişmə daha tez və daha keyfiyyətli olurdu. Burada əsas faktor qida və həyat tərzidir. Əvvəllər insanlar kənd təsərrüfatı ilə daha çox məşğul olurdular və o zaman aktivliyin çox olması nəticəsində onurğa ilə bağlı problemlərə də daha az rast gəlinirdi. İndi oturaq həyat tərzi, qida rejimi bu cür problemləri çoxaldıb. Bu gün cavan yaşda insanlarda el arasında duzlaşma, boyun ağrısı kimi adlandırılan osteoxondroz geniş yayılıb.

- Halluks valqus daha çox qadınların problemi kimi görünür. Bununla bağlı daha çox qadınlar müraciət edir deyə belədir, yoxsa bu problem elə qadınlarda daha çox rast gəlinir?

- Nisbi olaraq qadınlarda kişilərdən daha çox rast gəlinir. Bu, bir qədər də xanımların görünüşlərinə daha çox diqqət etmələri ilə bağlıdır. Ola bilsin, bununla bağlı kişilər də çox müraciət etsə, fərq daha da azalar. Fakt odur ki, müraciət edənlər əksər hallarda qadınlardır. Özüm də təcrübəmdə kişi pasiyentə rast gəlməmişəm.

Bu problemdə də əsas faktor genetikadır. Ümumiyyətlə, sümük sistemində olan patologiyalar fərqli travmalardan, xəstəliklər isə genetik səbəblərdən əmələ gəlir. Genetikadan əlavə isə ana bətnində uşağın aldığı travmalar, hamiləliyin müəyyən dönəmlərində ananın keçirdiyi infeksion xəstəliklər və s. sümük xəstəliklərinin yaranmasına təsir edə bilər. Halluks valqus problemində də birincisi, genetik, ikincisi, düzgün seçilməyən ayaqqabı kimi amillər sümüklərində güc az olan insanlarda axır-əvvəl deformasiyaya səbəb olur.

- Bəs bu problemdə əməliyyat riskləri nələrdir?

- Halluks valqusu düzəltmək üçün 200-ə yaxın əməliyyat növü var. Əməliyyat növünün sayının bu qədər çox olmasının səbəbi prosesin mürəkkəbliyi ilə bağlıdır. Halluks valqusun bütün xüsusiyyətləri, əmələgəlmə səbəbi, genetik, fiziki faktorlarla və s. ilə bağlı olmasına görə ayrı-ayrı yanaşmalar mövcuddur.

Əsas fikir verilməli məqamlardan biri də əməliyyatın yumşaq toxumada, yoxsa sümükdə olmasıdır. Yumşaq toxumada olan əməliyyatları yüngül formada olduğu zaman əməliyyatla düzəltmək olur, sümükdə olan problem isə düzəlsə də nəticə təkcə həkimin apardığı əməliyyatdan deyil, reabilitasiya dönəmində xəstənin rejimindən, xəstənin psixoloji durumundan da asılıdır. Yəni xəstənin deyilənlərə nə dərəcədə əməl edib-etməyəcəyindən çox şey asılıdır. Məsələn, təcrübəmdə olub ki, xəstənin bilək sınığından sonra gips qoyulub və xəstə vaxtı tamamlanmadan gipsi açıb. Nəticədə isə ani diqqətsizlik nəticəsində ikinci sınıq olub. Halluks valqusda da reabilitasiya dövründə tələblərə əməl etmək şərtdir.

- Halluks valqus problemi yaşayan, lakin bunu estetik baxımından problem etməyən şəxslərin əməliyyat etdirmədən həyatına davam etməsi mümkündür, yoxsa vaxtında müdaxilə etmək şərtdir?

- Halluks valqusla ömrünün axırına qədər yaşayanlar da var. Əməliyyata daha çox gənclər müraciət edirlər. Bundan əlavə də cərrahi müdaxilə halluks valqusun dərəcəsindən asılıdır. Bəzi hallarda çox ağır dərəcədə olur, bu zaman görüntü baxımından da narahat etdiyinə görə insanlar əməliyyat etdirmək istəyirlər.

- Həkim əvvəlki illərlə indiki dövrü müqayisə edəsi olsanız, sınıqçıya müraciət edənlərin sayı daha çoxdur, yoxsa ixtisaslı həkimlərə?

- Son zamanlar, demək olar ki, sınıqçıya müraciət edən yoxdur. Çox nadir hallarda sınıqçıya müraciət edənlərin olduğunu görürük. Onu deyim ki, işini bilən yaxşı sınıqçılar da var, lakin onlar sadə sınıqları bilirlər.

Mən müəllim tanıyırdım, həm də yaxşı sınıqçı idi. Yüngül sınıqlarda müdaxilə edirdi, əks halda isə həkimə göndərirdi. Bu dürüst sınıqçıdır. Biri də var, on beş yumurta, bir kilo ətə görə aldadan sınıqçılar və s.

Olub ki, uşağın qolu kəsilib. Çünki babası sınıqçı olub və uşağın qolunu yumurta qoyub özü bağlayıb. Nəticədə qanqren baş verib və uşağın qolu amputasiya edilib. Baba istəyər ki, nəvəsinin qolu amputasiya olunacaq vəziyyətə gəlsin? Xeyr. Bunu qəsdən yox, savadsızlıqdan edib. Bu cür hallar cəmiyyət savadlandıqca aradan qalxır, insanlar tibbə daha çox güvənirlər.

Mən hər zaman deyirəm, sınıqçıya getmisən, yaxşı etmisən, amma mütləq vaxtında həkimə də gedib rentgen etdirmək lazımdır. On-on beş gündən sonra sümük əyri bitişibsə və sınıqçı məsuliyyəti öz üzərindən atırsa, sonradan rentgen etdirməyin mənası yoxdur. Bu halda sümüyü sındırıb yenidən düzəltmək məcburiyyətində qalırıq.

- Çox zaman bu cür hallar həkimlərə olan inamsızlıqdan qaynaqlanır. Siz necə düşünürsünüz, belə halların yaşanmasında həkimlərin payı nə qədərdir?

- Xeyr, razı deyiləm. O baxır xəstə hansı həkimə müraciət edib. İxtisaslı həkimə müraciət etmək şərtdir.

- Axı bir hadisə baş verdiyi zaman xəstə xəstəxanaya müraciət edir və orada onu yönəltməlidirlər. Görünür, problem elə burada başlayır.

- Yəqin xəstəxanaya yox, poliklinikaya müraciət edib. Açıq danışaq ki, çox zaman ciddi problem olandan sonra instituta yönəldirlər. Bu gün bizim poliklinika sistemində olan travmatoloqlarımızın müalicəsi çox zəifdir.

İş elə qurulmalıdır ki, poliklinikadakı travmatoloqla institutdakı travmatoloq eyni maaşı alırsa, eyni səviyyədə də iş görsün. Poliklinikada fəaliyyət göstərən travmatoloqun işi xəstələrə instituta göndəriş yazmaq olmamalıdır. Niyə biz gün ərzində 300 rentgen çəkməliyik?! Onlarda da həmin avadanlıqlar var. Lakin ağır xəstələr seçilib bizə göndərilir. Poliklinikalar TƏBİB-ə tabedir, biz Səhiyyə Nazirliyinə. Mən hesab edirəm ki, gələcəkdə bu tabeçilik məsələsi aradan qaldırılacaq.

Bud sümükləri sınıqlarının çoxu əməliyyatla düzələn sınıqlardır, lakin xəstələrə protez qoyulur. Niyə?! Bitişən sümüyə niyə protez qoyulsun axı? Bu büdcəyə də ziyan vurmaqdır. Özü də bu protezləri dünən institutu bitirən həkimlər qoyurlar. Əslində isə protez əməliyyatının ciddi incəlikləri var və onları bilmədən protez qoyulmaz. Bir sözlə, çatışmazlıqlar var, zamanla aradan qaldırılacaq.

- Əlillik dərəcəsini almaqda çətinlik çəkənlər də çoxdur. Bu cür şikayətlərlə çoxmu qarşılaşırsınız?

- Əlbəttə, şikayətlər olur. Hər biri ilə görüşür, danışırıq. Bizdən rəylər tam qanuni şəkildə verilir. Bir şəxsə əlillik dərəcəsi düşürsə, verilir, düşmürsə, yox. Deyirlər, filankəsin bir ayağı yoxdur, ona pensiya düşür. Düşmür axı. Adam protezi geyinir və heç bilinmir ki, onun ayağında protez var. Əmək pensiyası o insana verilir ki, onun əmək qabiliyyətində məhdudiyyət var. Əmək qabiliyyətinin itirilməsi haqqında qanun var və o qanuna görə, orqanizmdə xroniki xəstəliklər varsa, məsələn protezi taxanda yara əmələ gəlirsə, əmək qabiliyyətini itirirsə, belə hallarda pensiya verilir.

- Yeri gəlmişkən, vətəndaşlar həkimlərdən narazılıqlarını bildirirlərmi?

- 8 aydır ki, institutun direktoruyam. Bu müddət ərzində 3 nəfər şikayət edərək narazılığını bildirib. Onlar da araşdırılıb və bəlli olub ki, həkimlər bəzi hallarda kobud danışıb, səhlənkar yanaşıblar. Bunları da həll etmişik. Ciddi şikayətlər olmayıb. Qeyd edim ki, ən çox şikayət də, narazılıq da ən çox xəstə qəbul edən, əməliyyat aparılan yerdə olur.

- Yeni təyin olunmusunuz, xeyirli olsun. İnstitutdakı fəaliyyətinizlə bağlı hansı yeniliklər gözlənilir?

- Çox sağ olun! Mən direktor təyin ediləndə qarşıma bir sıra tələblər qoyuldu. Bildirildi ki, institutda mənfi hallar, problemlər var. Onlar aradan qaldırılmalıdır. Şəffaflıq təmin edilməlidir. Mən də bu tələblər qarşısında əlimdən gələni edəcəyimə söz verdim. İndi də öz səlahiyyətlərim daxilində bu işlərlə məşğul olmağa davam edirəm. Düzdür, hələ də bəzi mənfi hallar qalır, lakin kobud mənfi hallar aradan qaldırılıb. Şəffaflıq lazımdır və bunun üçün də təkliflərimiz var. Məsələn, aptekə girən-çıxan dərmanlar artıq kompüterə yerləşdirilir. Xəstənin qəbulu, əməliyyatlar və s. sistemə köçürülür. Mütəmadi olaraq xəstələrlə söhbətlər aparırıq, informasiyaları alır, hansı mənfi hallarla qarşılaşdıqlarını soruşuruq.

Məsələn, əvvəlki illərdə xəstələrə İnstitutda olmayan dərmanlar aldırılırdı, indiki halda isə dərmanlar sığorta tərəfindən qarşılanır.

İndiki halda həkimlərin hansısa xəstədən nəsə ummağına filan rast gəlinmir. Adətən xəstələr özləri təşəkkür etmək istəyir, həkimə “hörmət etmək” istədiklərini deyirlər. Əməliyyatı, yaxud müalicəsi uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verib-verməməsi onun öz işidir, bununla özlərində bir rahatlıq tapırlar, amma biz çalışırıq ki, heç belə hallar da olmasın.
 
Ardını oxu...
Asif Nərimanlı: “Əsas hücumların dörd istiqamətdən baş verəcəyi gözlənilir”

Ermənistan silahlı qüvvələri tərəfindən üç gündür ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə mövqeləri atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin atəş nöqtələri susdurulur, təxribatların qarşısının alınması istiqamətində tədbirlər görülür.

İndiki məqamda Ermənistanın sərhəd ərazilərdəki hərbi təxribatlarının eskalasiya riskini artırması barədə proqnozlar mövcuddur. Analitiklərin qənaətincə, Ermənistan tərəfi atəşkəsi pozmaqla aparılan sülh danışıqlarını tormozlamaqla məşğuldur.

Baş verən insidentlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Laçın postu ətrafında beynəlxalq gündəm yaratmağa çalışır:

- Bir tərəfdən diplomatik müstəvidə gedişlər edir, hansı ki, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəyi də bunlardan biridir. Digər tərəfdən, atəşkəsi pozmaqla beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyir. Yəni ki, atəşkəsi pozmaqda İrəvanın məqsədləri bunlardır.

- Ermənistan sərhəddə gərginliyi artırmaqla istəyinə nail ola biləcəkmi?

- Burada hərbi və siyasi məqsədlər var. Diqqət etsək, Ermənistanın son günlər Naxçıvanın Sədərək rayonu və Kəlbəcər istiqamətində atəşkəsi pozduğunu görə bilərik. Sədərək istiqamətində atəşkəsin pozulması Kərki kəndi ilə bağlıdır. Bəllidir ki, bu anklavın azad edilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ermənistan isə ABŞ investisiyasını bu bölgəyə gətirərək, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Belə bir zavodun bu bölgədə inşa edilməsi Kərkinin azad edilməsi perspektivinə qarşı ABŞ investisiyasını qalxan kimi istifadə etmək məqsədi daşıyır. Hazırda Ermənistan ABŞ investisiyasını gətirdiyi bölgə istiqamətində atəşkəsi pozmaqla, gərginlik yaratmaqla beynəlxalq diqqəti bölgəyə çəkməyə çalışır.

Kəlbəcər istiqamətində isə Azərbaycan Ordusu sərhədi de-fakto təmin etsə də, Ermənistanın iddiaları hələ də qalır. İrəvan Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan ərazidə ordumuzun mövqelərindən geri çəkilməsini istəyir və burada daha əlverişli mövqelərə çıxmağı planlaşdırır. İstisna deyil ki, hərbi məqsəd mövqelərin ələ keçirilməsi ola bilər. Lakin birinci planda siyasi məqsədə nail olmaq istəyirlər. Bu da hərbi eskalasiya yaratmaq və Azərbaycanı “təcavüzkar” obrazında göstərməkdir.

Laçın postu ilə bağlı məsələni BMT TŞ-də müzakirəyə çıxarmaq istədikləri vaxt belə bir eskalasiya arqumentləri gücləndirmək baxımından onlara lazımdır. Laçın sərhədinə hərbi texnika toplamaları da bundan qaynaqlanır. Eskalasiyanın bu istiqamətdə ola biləcəyi də gözləniləndir.

- Növbəti sentyabr döyüşləri təkrarlana bilərmi?

- Proseslər göstərir ki, Ermənistan sərhəd boyunca atəşkəsi pozmağa davam edəcək və təxribatlar getdikcə şiddətlənə bilər. Çünki məqsədlərinə nail olmaq üçün eskalasiyanı çıxış yolu kimi görürlər. Bu baxımdan, sərhəddə baş verən və “Sentyabr döyüşləri” olaraq qeyd olunan toqquşmanın ola bilməsi istisna edilməməlidir. Ermənistan “güzgü prinsipi”ni – qoşunların sərhəd xəttindən geri çəkilməsini gündəliyindən çıxarmayıb və zaman-zaman bunu irəli sürür. Lakin son danışıqlar prosesində mövqeləri kifayət qədər zəifləyib. Həm beynəlxalq diqqəti bölgəyə çəkmək, həm də bu məsələni yenidən aktuallaşdırmaq üçün eskalasiyaya gedə bilər. Əsas təxribat hücumlarının 4 istiqamətdə ola biləcəyi ehtimalını irəli sürmək mümkündür:

Sədərək istiqamətində - bu, ABŞ-ın reaksiyasına nail olmaq məqsədi daşıyır;

Kəlbəcər istiqamətində - qeyd etdiyimiz kimi müəyyən mövqeləri tutmaq, danışıqlar masasında əlini gücləndirmək üçün edə bilərlər;

Laçın istiqamətində - Laçın sərhəd-keçid məntəqəsinin açılmasına diqqəti cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyirlər. O cümlədən, Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları əvvəldən var;

Zəngilan istiqamətində - bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır. Eyni zamanda, bu, Zəngəzurdan dəhliz verməyəcəklərini “əzələ nümayişi” ilə göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.

- Yeni müharibənin olmasında maraqlı qüvvələr kimlərdir?

- Ermənistanın maraqları bəllidir, lakin mövcud vəziyyətdə bölgədə gözü olan bütün tərəflərin yeni eskalasiyada maraqlı ola biləcəyi istisna edilməməlidir. Rusiya Qərb masasında sülh danışıqlarının irəliləməsini qəbul etmir, Xarici İşlər Nazirliyi səviyyəsində buna qarşı olduqlarını da bəyan etdilər. Bu prosesi pozmaq və Moskvanın vasitəçiliyini ön plana çıxarmaq naminə eskalasiyada maraqlı tərəflərdən biridir. Fransa tamamilə kənarda qaldığı sülh danışıqlarının pozulmasında maraqlıdır, həmçinin, yeni esakalasiya ilə Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanın zəifləyən yerini doldurmaq istəyir. İran da Rusiyanın yerinə Ermənistana daxil olmaq istəyir, o cümlədən, Bakı və İrəvanın problemləri həll etməsini istəmir, çünki bu, Tehranı bölgədən bir qədər də uzaqlaşdıracaq. ABŞ eskalasiyada daha az maraqlı tərəf kimi görünür, hərçənd, Rusiyanın vasitəçiliyi intensivləşərsə və Ankara-Moskva ikilisinin rolu artarsa, eskalasiya Vaşinqton üçün də sərfəli ola bilər.

- Adətən hərbi toqquşmanın sülh prosesinə zərbə vurğunu görürük. Lakin belə fikirlər var ki, növbəti döyüş sülhü yaxınlaşdıracaq. Bu fikirlə razısınız?

- Bu fikrin məntiqi tərəfləri var, xüsusilə, Ermənistan hakimiyyətinin erməni ictimai rəyini sülhə inandırması baxımından. Yeni toqquşma yaşanarsa, bu, ermənilərə 44 günlük müharibənin ağrısını yenidən xatırladacaq və normal yaşamağın yeganə yolunun sülh olduğu fikrinə yenidən qayıdacaqlar. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən rəy sorğuları ermənilərin böyük əksəriyyətinin sülhdən yana olduğunu göstərirdi, seçkidə Paşinyana ona görə səs verdilər, lakin son sorğularda bu fikir dəyişir, artıq 70 faizdən çox insan mövcud şərtlərlə sülh sazişinin imzalanmasına qarşıdır. Bu, Paşinyan hakimiyyətinin işini çətinləşdirir, bu baxımdan, yeni eskalasiya erməni cəmiyyətinin rəyini formalaşdırmağa səbəb ola, beləliklə, sülhü yaxınlaşdıra bilər.

Lakin sülh sazişi ilə bağlı problem təkcə Azərbaycan və Ermənistanın razılaşıb-razılaşmamasından asılı deyil. Burada demək olar ki, bütün regional və geosiyasi oyunçuların öz maraqları var və onların konsensusu mümkünsüz görünür. Bu baxımdan, Bakı və İrəvan Qərb masasında razılığa gəlsə, Rusiya buna mane olmağa çalışır, yaxud əksinə. İndi əsas gözlənti ilin sonuna kimi sülh sazişinin imzalanacağına dairdir. Buna ümidlər var, hərçənd, bu məsələdə fikrimcə, tərəflərdən birinin - ya Rusiyanın, ya da Qərbin oyundan çıxması, yaxud təsir imkanlarının azalması həlledici olacaq və belə bir perspektivdə kənarda qalacaq tərəf kimi Rusiya görünür.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Rusiya müxalifəti və “Rusiya Azadlığı” Legionunun kommunikasiyalar üzrə müşaviri Aleksey Baranovski UNİAN-a müsahibəsində Rusiya vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrində necə döyüşdüklərini və Rusiyada Putin rejimini devirməyə necə hazırlaşdıqlarından danışıb. TEREF.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

- "Rusiyanın Azadlığı" legionu özünü bu ilin mayında - iyunun əvvəlində Belqorod vilayətinin sərhəd kəndlərini tutmaqla özünü göstərdi. Niyə indi Legionun yeni kampaniyaları haqqında heç nə eşidilmir?

- Taktiki fasilə verdik. İndi əsas vəzifə sıralarımızı artırmaqdır. Rusiya Federasiyasının Belqorod vilayətindəki kampaniyalardan sonra sıralarımızda böyük artım oldu, Legiona qoşulmaq istəyənlərdən çoxlu müraciət gəldi. Amma bu müraciətlərin baxılması prosesi çox ləng gedir, çünki könüllülər arasında Rusiya xüsusi xidmət orqanlarının göndərdiyi şəxslər də ola bilər. Ona görə də qoşulmaq istəyənlərin sənədlərinin hərtərəfli yoxlanılması, yalan detektoru testi, psixoloqla söhbətlər aparılır. Könüllülərin həqiqətən ideoloji və motivasiyalı olması vacibdir. Legionun rəhbərliyi Rusiya ərazisində hərbi əməliyyat keçirməyin vaxtı çatdığına qərar verən kimi, o, həyata keçiriləcək.

- "Rusiyanın Azadlığı" Legionu necə yaranıb, kimlərdən formalaşıb?

- Legionun formalaşması Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı işğalının əvvəlində - 2022-ci ilin fevral-mart aylarında başladı. Buraya əsasən rus hərbi qulluqçuları daxil idi. Bu işğalçı müharibədə iştirak etmək istəməyən, təslim olan Belqorod vilayətindən olan döyüşçülər idi. Bu insanların Ukraynada qohumları var və real vəziyyəti bilirdilər. Rusiya ordusunda xidmət etmək, pul almaq başqa, Ukraynada öz dostlarına, tanışlarına, qohumlarına qarşı əsl hərbi əməliyyat keçirmək başqa şeydir. Onlar təslim oldular və bəziləri Ukrayna uğrunda döyüşmək arzusunu bildirdilər.

Ukrayna əvvəlcə işğalçı ölkədən olan bu könüllülərlə nə edəcəyinə qərar verə bilmədi. Amma Ukrayna ordusunun dəstəyə ehtiyacı var idi və ona Rusiya vətəndaşlarının cəlb edilməsi ilə Legionun yaradılması ilə bağlı siyasi qərar verildi.

Həmçinin, Legion işğal zamanı Ukraynada olan Rusiya vətəndaşları tərəfindən formalaşdı. Kiminsə biznesi, kiminsə qohumu, qarışıq nikahları var idi. Ən azı 200 min Rusiya Federasiyası vətəndaşı hələ də Ukraynada yaşayır. Bu, yeni vətənlərinin müdafiəsinə qoşulmağa qərar vermiş insanların ikinci kateqoriyasıdır.

Üçüncü kateqoriyaya ya Avropada yaşamış, ya da Rusiyadan üçüncü ölkəyə, əsasən də Avropaya işğal başlandıqdan sonra çıxa bilmiş, sonra isə Legiona daxil olmuş şəxslərdir.

Daha ifrat nümunələr də var. İnsanlar Rusiya-Ukrayna sərhəddini meşədən keçərək, sonradan legiona girmək və Ukraynanın tərəfində döyüşmək üçün qəsdən Ukrayna sərhədçilərinə təslim olublar. Rusiyadan və Avropadan gələn rus könüllüləri Putin rejiminə qarşı döyüşməyə hazır olan ən siyasi motivli insanlardır.

- 23-24 iyun 2023-cü ildə Yevgeni Priqojin və onun “Vaqner” şirkətinin üsyanını müşahidə etdik. Onlar Moskvanın bir addımlığına çata bildilər. Legionun da Moskvaya oxşar “səfər” planı varmı?

- Biz Priqojinin üsyanından öz nəticəmizi çıxarmışıq. Yerli təhlükəsizlik qüvvələrinin belə bir vəziyyətə necə reaksiya verəcəyini görmək bizim üçün vacib idi. Ən gözəl şəkildə reaksiya verdilər - müqavimət göstərmədilər. Priqojin bunun sayəsində Moskvaya çatdı, lakin üsyanı uğurla başa çatdırmadı. Bu, bizə göstərdi ki, Moskvaya çatmaq tamamilə mümkündür.

Son planımız Moskvaya gedişdir. Biz inanırıq ki, vəziyyət Ukraynada Avromaydan qələbəsi zamanı olduğu kimi olacaq. Müəyyən bir məqamda təhlükəsizlik qüvvələri Ukraynanın o vaxtkı Prezidenti Viktor Yanukoviçin əmrlərini yerinə yetirməyi dayandırdı, rabitənin zəif olduğunu, məzuniyyəti əsas gətirərək, kimin qalib gələcəyini - inqilabın qalib gələcəyini, yoxsa Yanukoviçin davam edəcəyini izlədi. Biz inanırıq ki, oxşar vəziyyət Rusiyada da olacaq.

Ukrayna Silahlı Qüvvələri Krıma daxil olanda Rusiyada da idarəetmənin dağılması başlayacaq. Bu zaman Moskvaya getməyimiz lazım gələcək. Legion bu məqama hazırlaşır, qüvvələrini artırır. Biz gözləyirik ki, bu kampaniya zamanı Rusiyada Putin rejimindən narazı olan insanlar bizə qoşulacaq. Eyni zamanda, təhlükəsizlik qüvvələri əmrləri yerinə yetirməyi dayandıracaq və Krımın itirilməsinin Putin üçün necə bitəcəyini gözləyəcək.

Güman edirik ki, bundan sonra yenidən “Vaqner”lə qarşılaşacağıq. Çünki Priqojin oyunu tərk etməyəcək və hakimiyyət uğrunda mübarizəyə davam edəcək. Ona görə də Rusiyada əsas toqquşma yəqin ki, Legion və “Vaqner” arasında olacaq, təhlükəsizlik qüvvələri kimin qalib gələcəyini müşahidə edəcəklər. Əgər “Vaqner” qalib gəlsə, o zaman deyəcəklər ki, onlar həmişə böyük vətənpərvər olublar, Legion qalib gəlsə, deyəcəklər ki, həmişə müharibənin əleyhinə olublar. Qarşıda Rusiyada hakimiyyət uğrunda böyük və sərt mübarizə olacaq.

- "Rusiyanın Azadlığı" Legionu və "Vaqner"in mövqeləri üst-üstə düşə nilərmi? Putin rejimini devirmək üçün əməkdaşlıq mümkündürmü?

- Yox, çətindir. Bütün məsələlərlə bağlı yekun qərarı Legionun hərbi rəhbərliyi verəcək, amma “Vaqner”lə mən müttəfiq ola biləcəyimiz zaman belə bir konfiqurasiyanı təsəvvür edə bilmirəm. Xüsusən də Baxmutda bir-birinə qarşı vuruşandan sonra. Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Legion itki verib, Rusiya ordusunun tərəfində döyüşən “Vaqner” isə böyük itki verib. Bu bir növ kino hekayəsinə bənzəyir, burada bir tərəfdən pis ruslar, digər tərəfdən isə deyək ki, yaxşı ruslar var, baxmayaraq ki, bu termini bəyənmirik.

- Legionun Ukrayna uğrunda döyüşdüyü zaman sosial şəbəkələrdə “yaxşı rus yoxdur” fikirləri sizi incidirmi?

- Bizim üçün çiyin-çiyinə bizimlə döyüşən döyüşən ukraynalı qardaşlarımızın fikri daha önəmlidir. Əvvəlcə döyüşçülərimizə qarşı ehtiyatlı münasibət vardı, lakin bir neçə aydan sonra Legion yaxşı reputasiya qazandı və bundan sonra heç bir problem olmadı.

“Yaxşı ruslar” artıq memdir. Düzdür, ukraynalılar baxımından “faydalı ruslar” var, Legion da belədir. Avropada yaşayan və məsələ ilə kənardan məşğul olan rus müxalifəti “yararsız ruslardır”. Amma hələ də Putin rejimi üçün mübarizə aparan zərərli ruslar var.

- Moskvaya “səfər” planlarına qayıdaraq, bunun nə vaxt mümkün olacağı ilə bağlı dəqiq müddətlər varmı?

- Biz Ukrayna Silahlı Qüvvələrinin Krımı azad etməyə nə vaxt başlayacağına diqqət yetiririk. O zaman Rusiyanın bütün diqqəti ora yönələcək. Bu məqamda Putin rejiminə qarşı daha bir cəbhə açaraq zərbə vurmaq lazım gələcək. Bunun nə vaxt olacağı sualına isə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov belə cavab verib: “Tezliklə”.

Biz buna hazırlaşırıq. Legionda könüllülərin sayı artır, lakin say bizim istədiyimizdən daha azdır. "X" saatına qədər biz tam silahlanmış şəkildə hazır olmağa çalışacağıq. Bu gün "Rusiyanın Azadlığı" Legionunda dörd batalyon var, onlardan ikisi, bir qayda olaraq, döyüşür, ikisi isə rotasiyadadır.

- Dediniz ki, Rusiya təhlükəsizlik qüvvələri Legiona heç bir müqavimət gözləməyəcək. Lakin Moskvaya “səfərin” uğurlu olması üçün bəlkə əhalinin dəstəyi də lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının vətəndaşları arasında həqiqətən də çoxlu Putin pərəstişkarları var...

- Rusiyada Putinə o qədər də dəstək yoxdur. Bizim sosioloji araşdırmamıza görə, rusların 10-15%-i müharibənin aqressiv tərəfdarıdır, lakin rusların 10-15%-i qəti şəkildə müharibənin əleyhinədir. 70%-i heç nəyə qərar vermədiklərini söyləyən konformistlərdir. Televiziyada dedilər ki, Krım bizimdir, deməli, bizimdir. Sabah televiziyada desələr ki, Putin hərbi cinayətkardır və onu Haaqaya göndərmək lazımdır, onda bu adamlar deyəcəklər ki, onu ora göndərməyin vaxtı çoxdan çatıb.

Yəni bunlar fikri olmayan adamlardır. Rusiya bataqlıqdır. Belə insanlar üçün kiminsə Putinə alternativ qüvvə göstərməsi vacibdir. Buna görə də bir çox insan “Vaqner”i Rostovda az qala çiçəklərlə, həvəslə qarşıladı. Legionu da belə qarşılaya bilərlər və demək olar ki, onlar eyni insanlar ola bilərlər.

Rusiyada qəddarlıq var, amma insanlar heç nə etməyə hazır deyillər. Çünki Rusiya çox sərt polis dövlətidir, burada etirazlara görə dərhal kəllən curulur. İnsanlar dəyişiklik istəyirlər, lakin bununla bağlı heç nə etmirlər və ya edə bilmirlər. Rejimə meydan oxumağa hazır bir qüvvə meydana çıxdıqda, onlar məmnuniyyətlə ona qoşulacaqlar. Bunun üçün həqiqətən bir qüvvəyə çevrilmək lazımdır. Ona görə də biz sayı artırırıq ki, daha mürəkkəb, o cümlədən hərbi vəzifələrin öhdəsindən gələ bilək.

- Burada başqa bir vacib sual var - bunun üçün silah lazımdır. Axı siz Moskvaya pokerlə getməyəcəksiniz?

- Legion Ukrayna ərazisində olduqda Ukrayna Silahlı Qüvvələrinin bir hissəsidir. Ona görə də tam dəstəklənirik. Legionerlərin Ukrayna əsgərləri kimi müqaviləsi var, xidmətlərinə görə pul alırlar, silahla təmin olunurlar.

Legion Rusiyaya "yürüşlərə" başladıqda bütün döyüşçülər tətilə gedir və əsasən eyni Baxmut yaxınlığındakı döyüşdə əldə edilən qənimət silahlarından istifadə edirlər. Yaxud da ki, məsələn, Ukrayna Baxmut yaxınlığında bir növ döyüş maşını itirdi, ruslar aldı, sonra Legion döyüşçüləri onu geri aldılar. Yəni o silahlar bizdə olacaq.
 

Ardını oxu...
Prezident İlham Əliyevdən “İstiqlal” ordenini qəbul edən xalq artisti Rasim Balayevin ölkə başçısını Babəklə müqayisə etməsi sosial şəbəkələrdə onun tənqidinə səbəb olub.

Belə ki, müxalif fəallar xalq artistini ziyalıya yaraşmayan sözlər deməkdə, Prezidentə yarınmaqda günahlandırıb.

DİA.AZ bildirir ki, Rasim Balayevin özü isə Gununsesi.info-ya müsahibəsində onu tənqid edənlərdən danışıb.

– Rasim müəllim, ölkə başçısının imzası ilə sizə verilən “İstiqlal ” ordenini həm də onun özünün əlindən qəbul etdiniz. Təəssüratlarınız necədir?

– Mən təşəkkür elədim prezidəntə. Çox böyük mükafat verib. Oradakı nitqimdə səmimi idim. Doğrudan ürəyimdən keçən səmimi sözləri dedim. Fürsətdən istifadə edib kinomuzun vəziyyətinə diqqətini çəkdim.

Bildiridim ki, bu günləri Azərbaycan kinosu o qədər də yaxşı vəziyyətdə deyil. Amma biz borcluyuq ki, yeni filmlər çəkək. Çünki, biz böyük qələbə qazanmışıq, bunları ekrana gətirib çıxara bilməmişik.
– Prezident təşəbbüsünüzü dəstəklədimi?

– Təbii ki, dəstəklədi. Çox ürəyindən oldu. Bu qədər bizim şəhidlərimiz olub, qəhrəmanlarımız olub. Bunları ekrana gətirmək lazımdır. Bizdən sonra gələn nəsillərə örnək olaraq kino vasitəsi ilə təqdim etmək lazımdır. Bu hamımızın borcudur. İnşallah, bu borcumuzdan çıxmaq istəyirik.

– Rasim müəllim bu gün sosial şəbəkələrdə sizin prezidentə “Əsl Babək sizsiniz, biz onun obrazını oynayırıq” deməyiniz tənqidlərə səbəb oldu. Sizi Prezidentə yarınmaqda günahlandıranlara bir sözünüz varmı?

– Tənqid edənlər bilirsiz necədir? Mən onlara belə də bir söz demirəm. Mənim ağlıma gəlmirdi ki, nə zamansa Qarabağı azad edəcəyik. Bu heç kimin, ordan qaçan, ordan çıxanın da ağlına gəlmirdi. Hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Belə deyək də, mən sərkərdə kimi, baş komandan kimi dedim ki, elə bu günün Babəki sizsiniz. Burada yaltaqlıq yoxdur.

Ermənilər, ruslar nə qədər bizim yerimizi alıblar heç vaxt qaytarmayıblar. Birinci adamdır ki, getdi, onların aldığı yerləri qaytardı. Mən belə simvolik mənada dedim ki, elə bu qəhraman necə olur? Qəhraman belə olur. Mən bunu yaltaqlıq mənasında yox, öz səmimiyyətimlə dedim. Mənim ağlıma gəlmirdi, mən dedim

Bu gün camaatı ora köçürdür. Heç kimin ağlına gəlmirdi ki, mən Laçında olacam. Bu adam orda böyük işlər görür, hər günü oradadır. İndi o gedib hansısa bir yerdə, yaxşı sərin yerdə kef edə bilərdi, amma düşüb Qarabağ Qazax və s gedib gəzir. Bu camaata xoş gəlmir?

– Yeri gəlmişkən bəzi adamlar dedilər ki, Akif İslamzadənin də 75 yaşı oldu, amma o unuduldu. Çünki, zamanında o tənqidçi olub.

– Akif çox istedadlı adamdır. Özü də mənimlə bir ildə anadan olub, onun da 75 yaşı olur. Amma çox təəssüf ki, uzun müddətdir bu adamın səsi batdı, oxuya bilmir. Kaş ki, Akifin əgər səsi yerində olaydı. Düzdür, onsuz da qəlblərdə qalıb, oxuduqların verirlər və sevilir. Mən bilən Akifə qarşı elə bir pis bir münasibət yoxdur. Dedi-qodulara fikir vermək lazım deyil.
 
Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edir.

- Ermənistan və separatçıların Laçın yolu ətrafındakı təxribatları davam edir. Sizcə, ermənilərin beynəlxalq ictimaiyyəti cəlb etmək istədikləri bu təxribatçı oyun hara qədər davam edəcək?

- Ermənistan Laçın yolu ətrafında bu “humanitar şou”nu düzəldəndə onun məqsədi bəlli idi. Əsas məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq və sülh prosesini ləngitməkdi. Avropanın bəzi qurumlarından və təşkilatlarından ermənilərin bu təbliğatına dəstək verənlər oldu. Amma Azərbaycanın mövqeyi konkret və bəllidir. Ermənistanın son addımları Azərbaycana qarşı ərazi iddialarının növbəti təsdiqidir.

Birincisi, Azərbaycan ərazisində yaşayan insanların humanitar problemləri yoxdur. İkincisi, var idisə, o zaman bu məsələ Azərbaycanla razılaşdırılmalı idi. Ermənistan tam fərqli yol tutdu. Bunun da səbəbi odur ki, Ermənistan danışıqlar prosesində mövqeyinin nə qədər əsassız və haqsız olduğunu gördüyü və Azərbaycanın mövqeyinin haqlı və beynəlxalq hüquq əsaslandığını bildiyi üçün belə yola əl atdı.

Ermənistan danışıqlar prosesində dalana dirənib, manevr imkanları xeyli zəifləyib. Nəticədə Ermənistan diqqəti sülh gündəliyindən yayındırmaq üçün Qarabağ erməniləri ilə bağlı “humanitar problem”i ortaya atdı. Təxminən on gündür əsas diqqət bu məsələyə yönəlib. Amma artıq görürük ki, bu məsələyə reaksiyalar xeyli zəifləyib, diqqət də azalıb. Azərbaycan mövqeyində israrlıdır.

Rusiya 2014-cü ildə Donbasa “humanitar yardım konvoyu” yola salmışdı. O zaman Rusiyanın məqsədi bəlli idi. Bu addım o zaman Ukraynanın, bu gün də Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək, onu tanımamaq, ölkələrin daxili işlərinə qarışmaq anlamına gəlir. Azərbaycanın isə mövqeyi məlumdur. Təsadüfi deyil ki, bu “tamaşa” başlandıqdan dərhal sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bununla bağlı nöqtəni qoydu, “Oyun bitdi” deyə bir tvit paylaşdı. Bəli, bu, sülh prosesini əngəlləmək üçün Ermənistanın son oyunu sayıla bilər.

Azərbaycan açıq şəkildə bildirib ki, bu yüklər yalnız Ağdam-Xankəndi yolu ilə çatdırıla bilər. Bundan başqa marşrutun olmayacağını diqqətə çatdırıb. Laçın yolunun funksiyası bir daha təsdiqlənib. Azərbaycan prezidenti açıq şəkildə dedi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, onda daxili işlərimizə qarışmaqdan çəkinməlidir. Beləliklə, Ermənistanın bu səyləri nəticəsiz bitəcək, orada gözləyən karvan ya Azərbaycanın təklif etdiyi yoldan keçəcək, ya da geri qayıdacaq. Azərbaycandan bundan başqa heç bir şeyi qəbul etməyəcək.

Təəssüf ki, yenə də beynəlxalq ictimaiyyətin ikili yanaşmalarını görürük. 2014-cü ildə Rusiyanın Donbasa “humanitar yardım” göndərməsinə göstərilən münasibətlə Ermənistanın Azərbaycana qarşı eyni addımına göstərilən münasibət arasında fərq var. O zaman haqlı olaraq Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edən Qərb dövlətləri bu gün Ermənistanı yox, Azərbaycanı hansısa “ittiham” qarşısında qoymağa çalışırlar. Bu da qəbuledilməzdir. Azərbaycanın mövqeyində dəyişikliyin olacağını düşünmürəm. Bundan sonra Laçın yolunda gömrük orqanlarının fəaliyyətinə ehtiyac yaranacaq.

- Son gəlişmələr fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Denis Qonçarın bir açıqlaması da diqqət çəkdi. O dedi ki, Azərbaycanla Ermənistan arasında tələsik imzalanacaq “çiy sülh müqaviləsi” yeni münaqişə və faciələrə yol aça bilər. Qonçar nə demək istəyir, nəyə eyham vurur?

- Rusiya açıq şəkildə mövqeyini ortaya qoyur və bildirir ki, mənim iştirak etmədiyim sülh prosesi baş tuta bilməz, biz bölgədəyik, həyata keçərsə, bu, bölgədə əlavə gərginlik və problemlər yarada bilər. Əlbəttə, Rusiya bölgədəki varlığını qorumaq üçün gərginliyin davam etməsində maraqlıdır. Bu gün bölgədəki gərginliyin arxasında Rusiya dayanır, separatçı rejim də onun təlimatları əsasında hərəkət edir. Buna görə də, Qonçarın açıqlamasını təəccüblə qarşılamadıq. Bundan əvvəl Mariya Zaxarova və Rusiya XİN-in açıqlaması olmuşdu. Ruslar digər oyunçuların prosesə qatılmasının əleyhinə olduqlarını deyirlər, münaqişənin həllində əsas vasitəçinin Rusiya olduğunu vurğulayırlar. Əvəzində isə Rusiyadan ədalətli və konstruktiv təkliflər görmürük. Rusiya zaman udmağa, Ukraynada düşdüyü çətin vəziyyətdən bir yolla çıxana qədər Cənubi Qafqazdakı münaqişələrin həllinə mane olmağa çalışır.

Bir sözlə, Rusiyanın mövqeyi bəllidir, bu da ondan ibarətdir ki, bölgədə sülh olmasın, gərginlik qalsın.

- Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşündə Ermənistan-Azərbaycan məsələsi də müzakirə olunacaq. Sizcə, bu görüş prosesə necə təsir göstərəcək?

- Əlbəttə, Putin-Ərdoğan görüşündə bir çox məsələlər masada olacaq. Görüşdə Ukrayna və taxıl sazişi ilə yanaşı, Cənubi Qafqaz da müzakirə ediləcək. Ermənistanla bağlı məsələlər Türkiyə və Azərbaycan arasında əlaqələndirilir, koordinasiya olunur. Bir müddət əvvəl Türkiyəyə gedən xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla görüşdü, Prezident Ərdoğan tərəfindən qəbul edildi. Orada Zəngəzur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı konkret mesajlar verildi. Xüsusilə Laçın yolu ilə bağlı Türkiyənin birmənalı mövqeyi ortadadır. Hakan Fidan bəyan etdi ki, bura Azərbaycan ərazisidir, Azərbaycan istədiyi qərarı verə bilər. Belə bir qəti mövqe var.

Hesab edirəm ki, Ərdoğan-Putin görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ciddi şəkildə müzakirə olunacaq. Türkiyə Rusiyadan bu prosesdə konstruktiv mövqe tutmasını istəyəcək. Türkiyə Ağdamdakı monitorinq mərkəzində təmsil olunur. Hesab edirəm ki, artıq Türkiyənin rolu ciddi şəkildə artırılmalıdır. Qarabağda təkcə Rusiya sülhməramlılarının fəaliyyəti məqbul deyil. Rus sülhməramlılarının fəaliyyətləri təhlükəsizliyə təhdid yaratmağa başlayıb. Ola bilsin bu görüş ciddi irəliləyişə gətirib çıxarmasın, amma mövqelərin dəqiqləşdirilməsi, xüsusən də Türkiyənin bölgədəki rolunun gücləndirilməsi baxımından önəmli olacaq.
 
Ardını oxu...
Kulis.az Monika Belluçinin portretini çəkən, YUNESKO Rəssamlar İttifaqının fəxri üzvü Sakit Məmmədovu doğum günü münasibəti ilə təbrik edir və onunla müsahibəni təqdim edir.

- Ənənəvi sualla başlayaq. Necə hiss etdiniz ki, sizdə rəssamlıq qabiliyyəti var?

- Bütün uşaqlar kimi mən də divarları yaza-yaza başladım. Uşaqlığım dəniz sahilində keçib. Qumluqda yaza-yaza, çəkə-çəkə rəssam oldum. Uşaqların əksəriyyətində şəkil çəkmək üçün həvəs və istedad olur. Lakin böyüdükcə çox adamda bu qabiliyyət və həvəs sönür. Məndə isə sönmədi.

Mənə qədər nəslimizdə rəssam olmayıb. Ancaq məndən sonra böyük bir rəssam nəsli yetişməyə başladı. Bilirsiniz, elə ailələr var, nə o ailənin üzvləri, nə də qohumları istəmir ki, onlarda kimsə rəssam olsun. Buna onların gözü qabağında uğursuzluğa düçar olan rəssamlar səbəb olur. Bu başqa incəsənət sahələrinə də aiddir.

Lakin elə ailələr də var, onlarda çox gözəl peşə sahibi yetişir. Ailənin davamçıları isə böyüklüyünü, hörmətini, şöhrətini görüb onun kimi olmağa can atırlar. Ancaq deyim ki, bu məşhurluq da hər adama qismət olmur...

Çünki o zirvəyə yalnız zəhmət və əziyyətlə çatmaq mümkündür. Bunun üçün yalnız istedadlı olmaq bəs etmir. Uğurun 10%-i istedadın, 90%-i zəhmətin payına düşür. Təbii, buraya insanın keçdiyi məktəbin ona bəxş etdiyi professionallığı da qatmaq lazımdır. O məktəb ki, sənətkarın ruhunu ortaya çıxarır. Onun haraya aid olduğunu göstərir. Sənətkarın ruhu da onun rənglərində gizlənir.

- Sonra gəlir həyatınızın ən anlamlı hissəsi - tələbəlik illəri...

- Bəli... tələbəlik illərim Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində keçib. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən sonra isə Sankt-Peterburqda yerləşən Repin adına Rəssamlıq Akademiyasına daxil oldum. Orada Lenin təqaüdü ilə oxuyan ilk azərbaycanlı tələbə idim. Bu təqaüdü böyük araşdırma-yoxlama əməliyyatlarından sonra Moskva təyin edirdi. Təqaüdü almaq üçün hər hansı bir ictimai təşkilatın və ya partiyanın üzvü olmaq tələb edilirdi. Mən isə heç bir qurumun üzvü deyildim. İctimai fəallığımın olması üçün konsertlər təşkil etməyə başladım. Komandamızda hind, ərəb, suriyalı, iordaniyalı, misirli, əfqanıstanlı musiqiçilər var idi. Çoxu da müsəlman idi. Beləliklə, bu ansamblla birgə hər bayram bir konsert təşkil edirdik. Hətta o dərəcəyə gəlib çatmışdı ki, məsələn Suriya günü olanda da məni dəvət edirdilər. Yəni bir-birimizə çox qaynayıb-qarışmışdıq.

Mİn İlİn adamı” – Sakİt Məmmədov

Yeri gəlmişkən, mən tar, saz, gitara və zərb alətlərində ifa etməyi bacarıram. Bu bacarığı da mənə pionerlər evi bəxş etdi. O vaxt çox gözəl bir pionerlər evimiz var idi. Bir tərəfində rəssamlıq dərnəyi, digərində musiqi. Rəssamlığa gedəndə musiqi tərəfə də baş çəkirdim. Musiqi ilə məşğul olduğumu heç evdə bilmirdilər. Amma musiqiyə çox həvəsim var dı. Evdə bunu biləndə mənim üçün musiqi mağazasındakı bütün alətlərdən aldılar. Kamançadan tutmuş, gitaraya qədər.

- Yəni, ailənizin dəstəyi var idi.

- Təbii ki... Bilirsiniz, mən fəhlə ailəsində doğulmuşam. Belə bir şey var də, həmişə zəhmətkeş ailələrdə böyük şəxsiyyət, tanınmış insan yetişdirməyə xüsusi maraq olur. Buna görə də uşaqlarını ya prezident, ya baş nazir olmaq məqsədilə böyüdürlər. Əslində bu çox yaxşı arzudur. Həmişə böyükdən yapışmaq lazımdır ki, heç olmasa, orta səviyyəyə gəlib çıxa biləsən.

- 1937-ci ildə Pablo Pikasso “Quernika” adlı müharibə məzmunlu əsərini çəkir. Əsər sərgiləndiyi zaman bir alman zabiti rəssama yaxınlaşaraq: “Bunu siz yaratmısınız?” - soruşur. Pikasso isə zabitə “xeyr, siz yaratmısınız” - deyir.
Bəs siz faciələrə səbəb olan liderlərə nəyi çəkib göstərmək istəyərdiniz ki, baxın, bu sizin əsərinizdir?

- Çox maraqlıdır. Bayaq pəncərənin qarşısında dayanıb gölə baxırdım. Orada balıq tutanlar mənzərəyə bir sakitlik verir, adama isə rahatlıq gətirir. Eyni zamanda da radio dinləyirdim. İçində olduğum vəziyyətin təsiri ilə ağlıma bir fikir gəldi. Mən ölmək istəməzdim, ancaq bu dünyadan getmək istəyərdim. Yer kürəsindən baş götürüb getmək istəyərdim. Hər insan yaşamaq, yaratmaq arzusundadır. Amma nəyə görə? Kimə görə? Baxırsan ki, dünyada necə dahi insanlar var. Gecəsini gündüzünə qatıb ixtiralar edib, faydalı şeylər yaradıb. Amma görürsən ki, beyinsiz, küt insanlar yaradılmış gözəllikləri “uf” demədən dağıdırlar. Bax o zaman adamın heyfi gəlir bu dünyada yaşayıb-yaratmağa. Başa düşmürəm, bir insanın necə əli gəlir bu gözəllikləri, dahiyanə yaradılışları dağıtmağa?

Yeni rəssamlıq məktəbinin banisi Sakit Məmmədovun sərgisi keçirilib - Günün Səsi

Təəssüflər olsun ki, indi dünya bəzi qüvvələrin əlində oyuncaq olub. Onlar da yaradılışı məhvə doğru aparmaqdadırlar. Yer kürəsi kimindir ki? Bizimdir. İnsanlarındır. Allah dünyanı gözəl yaradıb. Bizi də yaradıb ki, bu gözəllikləri nizama salaq. Ona görə bizə göz, işıq, əl, zövq və ən əsası, sevgi verib.
Lakin sevgi anlayışı insanlara getdikcə yadlaşmağa başlayıb. Yer üzündə minlərlə kobud insan doğulub-törəyib. Hardandır bu qədər küt insan? Sevgisizlikdən. Bəli. Onlar hamısı sevgidən deyil, fiziki tələbatdan doğulub. İnsanın ən özəl və məxsusi cəhəti sevəbilmə qabiliyyətidir. İnsan övladını mələklərdən də elə bu xüsusiyyəti ayırır.
Mən yaratdığım əsərləri sevən insanlara həsr edirəm. Mən dünyanı sevən, yaşamağı sevən, Allahı sevən, gözəlliyi sevən insanlar naminə yaradıram. Mən sevgini çəkməyə çalışıram, onun düsturunu rənglərimlə tapmaq istəyirəm. Rənglərlə şeir yazmaq istəyirəm.

- İnsanlara itirdikləri sevgini necə qaytaraq?

- Yanıma əsəbdən xəstəliklər tapmış insanlar çox gəliblər. Onlara isti və səmimi münasibət göstərməyə çalışıram. Saatlarla söhbət edirəm. Qalereyamı gəzdirirəm. Özlərinə problem etdikləri şeyləri adiləşdirirəm. Və hiss edirəm ki, rənglərimin arasında öz əlaclarını tapırlar.

Ardını oxu...
İnsanlar əksər zamanlarda sevgini doğru anlamırlar. Elə bilirlər, sevgi yalnız bir kişi ilə bir qadın arasında olan münasibətdir. Əsl sevgi heç də bu deyil. Sevgi enerjidir. Elə bir enerji ki, insanın ruhundan doğur və qarşısındakı insanda da eynliyi tapır. Fiziki qanunlara əsaslansaq, iki insan arasındakı enerji də itmir, sadəcə bir formadan digərinə keçir. Sevgi qarşılıqlı olmalıdır. Çünki enerjinin təbiətində bərabərsizlik xüsusiyyəti yoxdur. Bu enerji insanda heç vaxt tükənmir. Ölənə qədər onunla birlikdə olur və olacaq da. Bu sevgini kəşf etmək üçün də ruhun yarını tapması lazımdır. Bizdə çox gözəl bir söz var - yarım. Yəni bir insanın yarısı. Məsələn, Hindistanda kişi evə girərkən qadın ondan soruşsa ki, gələn kimdir. O, “bizik” deyə cavab verir. Yəni, mən gəldim və evdə biz olduq. Bu söz sanskritcə “səni tamamladım” anlamına gəlir. Heç düşündünüzmü ki, Allah insanı niyə iki cinsdə yaradıb? Elə təkcə Adəmi yaradardı, o da bir formada nəslini davam etdirərdi. Yəqin ki, Allahın insanı cüt, həm də yarım yaratmasında çox böyük hikmət var. Bu hikmət də hər şeyə başlanğıc və ilham verən SEVGİDİR.

İnsanın yaradılışı zamanı ilk olaraq dinləmə duyğusu formalaşmağa başlayır. Çünki ilk duyğu orqanı kimi qulaq əmələ gəlir. Təxminən bətndəki yaşamın 22-ci günündə. Demək ki, insan eşitmək istəyir. Dünyanı və sevgini eşitmək. Necə ki, sevgidən doğulan körpə gözəl olur, eləcə də sevgidən yaranan əsər zövqlü, xoşagələn olur.

- Bəs sizin elə bir əsəriniz olubmu ki, onu bitirdikdən sonra gözəlliyinə aşiq olmusunuz. "Bax budur!” - demisiniz?

- Təbii ki, hər sənətçi yaratdığı əsərini əvvəl-əvvəl sevir. Necə ki, anası yeni doğulmuş körpənin qoxusunu alır, elə də sənətçi yaratdığı əsərin ilk olarq qoxusunu içinə çəkir. Ancaq müəyyən müddətdən sonra əsərin sehri öləziməyə başlayır və düşünürsən ki, bundan da yaxşısını yarada bilərsən. Mikelancelo haqqında uydurulmuş “Musanın heykəlini danışdırması və ya ona çəkic atması” əfsanəsi realda baş versəydi, yəqin ki, o özünü həmin gün öldürərdi. Çünki sənətkar üçün bu sözdən sonra kariyera bitmiş hesab edilir.
Ardını oxu...
Sənətşünaslar Mikelancelo haqqında çox şey yazıblar. Məsələn, onlar heykəltaraşın yaratdığı əsərlərin çox solğun olduğunu deyirdilər. Ancaq əslində, belə deyildi. Freskoların olduğu yerdə davamlı olaraq şamlar yanırmış. Şamların buraxdığı his də zamanla əsərlərin üzərinə hopub və rəng dəyişikliyi yaradıb. Freskoları təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilib. Ancaq məşhur bir restavrasiyaçı əsərləri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləyib və əslində freskoların çox canlı rəngə malik olduğunu görüb. Beləliklə, bu haqda yazılan bütün araşdırmalar, təhlillər puça çıxıb. Bu hekayəni danışdım, çünki sənətşünasların o qədər də güvəniləcək olmadığını bildirmək istəyirəm.

Mənim gözümdə sənətşünaslar inkişafdan qalmış rəssam kateqoriyasındadır. Sənətşünas, yəni sənətçinin bacarmadığını edən adam. Yəni adam sənətini yaradır, ortaya qoyur, onu bacarmayan sənətşünas da başqalarının etdiyini təhlil-analiz edir, onun haqqında danışır. Yaradıcı adam yaratdığını sənətşünasdan daha çox hiss edir. Çünki əsərin içində olur, özünü ona həsr edir. Məsələn, bir şairə deyə bilməzsən ki, anlat görək, nə yazmısan? Bundan kal sual, bundan absurd davranış yoxdur. Necə yəni anlat? Sənətçi, onsuz da, anlatmaq istədiyini yaratdığında deyib də.

- Opalizmi yaratdınız. Ancaq bu cərəyanı hələ də anlamayan, mahiyyətindən xəbərsiz olan insanlar var. Zəhmət olmasa, bir az da opalizm haqqında danışın.

- Opalizm fəlsəfəsi opal daşlarından qaynaqlanır. Mən bütün dünyaya sübut etdim ki, heç bir rəssam rəng kəşf etməyib. Yəni dünyada bu rəng bu rəssama məxsusdur deyə, bir şey yoxdur. Bütün bu iddiaların üzərindən xətt çəkdim və araşdırma apardım. Bu zaman əslində, mövcud olan bütün rənglərin Yerin dərin qatlarında yerləşən opal daşlarında olduğuna rastladım. Opal daşlarında dünyada mövcud olan bütün rənglərdən var, ancaq o rənglər hansısa süjeti əks etdirmir. Oradakı rənglər xaos kimidir. Mən də öz əsərlərimdə opal daşlarındakı xaosa nizam verdim və anlam yüklədim. Bayaq qeyd etdiyim kimi, dünyada hər şey mövcud olub. İnsan da o mövcudluğu səliqəyə salmaq üçün yaradılıb. Dünyada hər şey var. Sadəcə onları görmək lazımdır. Bir istedadlı insan gözəl bir mənzərədən, yaxud lap elə bir fəhlənin ani bir pozundan şedevr yaradır. Başqa biri isə düşünür ki, mən elə gündə 10 dəfə bu mənzərənin yanından keçirəm, bu fəhləyə salam verirəm. Bəs niyə yarada bilmirəm? Çünki hər insan yaradılışı görə bilmir. Və hər insan yaradılışa dəyər verməyi bacarmır. Rəssamın çəkdiyi bir fəhlə portretinin qiyməti 100 milyonlarla ölçülür. Halbuki, o fəhlə ömrü boyu 5 manat qazanmaq üçün nə əziyyətlər görür. Bu anormallıqdır.

- Bəs sənət bu anormallığı dəyişdirə bilmək gücünə malikdir?

- Sənətin bu gücü var. Ancaq sənətin gücü o zaman ortaya çıxa bilər ki, o, məsələn, müharibələri dayandıra bilsin. Tarixdə belə hadisələr çoxdur. İmperator Françesko təkcə Leonardo Da Vinçiyə olan sevgisinə görə bütün İtaliyaya hörmət edirdi. Təsəvvür edin, Françesko Da Vinçidən yalnız bir tərəfi zəhərli olan alma yetişdirməyi xahiş edir. O, Da Vinçidə bu bacarığın və elmin olduğuna inanırdı. Ancaq Leonardo bunu etmədi. Əgər o, imperatorun xahişini yerinə yetirsəydi, necə bir fəlakətin bünövrəsini qoyacağını çox yaxşı bilirdi. Leonardonu imperatorun qəzəbindən isə məhz onun sənəti qorudu. Bax, sənət bu qədər xeyirxah, həm də dünyəvi olmalıdır.

- Dünyəvilik demişkən, bütün əsərlərinizdən və adlarından ümumbəşəriliklə yanaşı, millilik qoxusu gəlir. Papanın portretini də çəkərkən milli irsimizdən istifadə etməkdən çəkinməmisiniz. Bu qədər bəşəriliyin içində milliliyi qoruyub saxlamaq çətin deyil?

- Mənim ruhumun ünvanı Azərbaycandır. Sənət ruhumu burada təhvil almışam. Bu vaxta qədər bir neçə dəfə ev dəyişmişəm. Bir neçə ünvana köçmüşəm. Ancaq hələ də bütün yuxularımda doğulduğum evdə, Neftçalada oluram. Çünki yuxularım da ruhumun buraya bağlı olduğundan xəbərdardır. Ancaq ruhun milliyyəti yoxdur. İnsanın sahib olduğu yeganə dünyəvi nəsnə onun ruhudur.

- Elə insanlar da var ki, burada doğulur, yaşayır. Ancaq müəyyən müddət keçdikdən, məşhurlaşandan sonra ölkəni tərk edir. Getdiyi yerdə isə vətəninə xidmət bir yana qalsın, heç milliyyətini dilinə gətirmək istəmir...

Ardını oxu...

- Mən fəhlə ailəsində anadan olmuşam. Anam da evdar qadın olub. Ancaq zamanla qarşıma çox böyük şanslar çıxıb. Mən də ölkədən gedə bilərdim. Hazırda dünya mənə elə hörmətlə qucaq açıb ki, hansı ölkəyə getsəm, orada kral kimi yaşayaram. Əksər Avropa ölkələrində ən nüfuzlu mükafatlara layiq görülmüşəm. Ancaq burada qalmağı seçdim. Və sübut etdim ki, Azərbaycanda otura-otura “Malta cəngavəri” titulunu da almaq olar, Rusiyanın “Minilliyin adamı” olmaq da. Elə bilirsiniz, ağır günlərim olmayıb? O qədər problemlərim olub ki... İndi də var və getdikcə çoxalmaqda, dərinləşməkdədirlər. Mən sadəcə öz sənətimə güvəndim və təkmilləşdirmək uğrunda çalışdım. Çünki doğulandan bəri bu torpağın mineralları ilə bəslənmişəm. Getdiyim yerlərdə mən etməsəm də, mənə qarşı ayrıseçkilik edənlər çox olub. Bir dəfə Sankt Peterburqda oxuyarkən mənə Lenin təqaüdü verən müəllim bütün sinfə təkcə məni nümunə göstərdi və “siz çalışmırsınız, amma baxın onlara” dedi. Məni “onlar” qismində göstərdi və yadlaşdırdı. Elə həmin an anladım ki, nə etsən də, getdiyin hər yerdə ikincisən.

- Yəni öz yolunuzu özünüz cızdınız.

- Hər insan öz yolunu özü cızmalıdır. Kənardan heç nə gözləməməlidir. Hər şeyi dövlətdən ummamalıdır. Emalatxanasında bir dənə normal əsəri olmayan adam özünə hörmət gözləyir, qiymət verilməsini istəyir. Ancaq dəyər sədəqə deyil. Bizim mədəniyyətimizdə ancaq xəstə insanın yanına əlidolu getmək ənənəsi var...
Bəziləri də gözləyir ki, ona ölümündən sonra dəyər veriləcək, adına nələrsə olacaq. Bu ənənə 60-70 il bundan əvvəl ölüb artıq. İndi internet dünyasıdır, inteqrasiya dövrüdür. Bir paylaşımı bir saniyədə bütün dünya görür.

- “Minilliyin adamı”na bahalı tədbirlər, nüfuzlu dostlar, minlərlə dollar qiyməti olan əsərlər, papalar, putinlər, yelizavetalar fonunda “2 manatlıq biletlər” sektorunda əyləşəcək qədər sadə həyat tərzi yaşamaq çətin deyil ki?

- Bunu etiraf etməliyəm. Sizi inandırım ki, adlarını çəkdiyiniz o mötəbər insanlardan daha azadam. Sərbəst şəkildə küçəyə çıxıram, gəzə bilirəm. Azad insanların içində oluram. Ən əsası, azad nəfəs alıram. Mənim üçün bu dünyada sərbəst gəzməkdən dəyərli bir şey yoxdur. İnsanlara başa sala bilmirəm ki, mən yaxşıyam...

- Monika Belluççinin portretini çəkməzdən öncə onunla tanışlığınız var idi?

- 2002-ci ildə 14 italiyalı rəssamla birlikdə Avropanı əhatə edən böyük bir sərgi keçirdik. Daha sonra Belçikada təşkil olunmuş sərgidə 1-ci yerə layiq görüldüm. Sonra şöhrətim artmağa başladı və mən San-Marinoya getdim. Bu cırtdan dövləti iki kapitan idarə edirdi. Monika Belluççini çəkməyi onlar mənə sifariş vermişdilər. Daha öncə isə Papanı çəkməyi rica etmişdilər. Düzdür, Papanın portretini çəkdim, ancaq onlara vermədim. Çünki onlar əsəri öz adlarından təqdim edəcəkdilər və mən də, vətənim də kölgədə qalacaqdıq. Təklif etdilər ki, əsəri dünya azərbaycanlılarının adından təqdim edək. Mən yenə razı olmadım. Düşündüm ki, Azərbaycan dövləti adından verilsə, daha yaxşı olar. Çünki dünya azərbaycanlıları demək, Azərbaycan demək deyil. Ancaq bu formada vermək “mənim dövlətim və hökumətim var” anlamına gəlirdi.
Monikanın portretini iki dəfə çəkmişəm. Biz onunla Monako krallığında görüşəcəkdik. Ancaq iş elə gətirdi ki, II Yelizaveta ilə görüşmək təklifi aldım. Ona görə də Monika ilə görüşə bilmədik. Ancaq biz bir daha görüşəcəyik və mən onun portretini özünə hədiyyə edəcəm.

- Çox sevdiyim bir rəssam var - Modilyani. O, həyat yoldaşının portretini yaradarkən gözlərini çəkməyib və bu məşhur cümləni söyləyib: “Ruhunu gördüyümdə gözlərini də çəkəcəyəm”. Bəs siz Monika Belluççini çəkəndə nə hiss edirdiniz?

- Monika gözəl qadındır. Ancaq gözəllik anlayışının çərçivələrini insanlar qoyub. Bəlkə də elə qadın var ki, siz ona Monikadan daha gözəl deyə bilərsiniz. Yəni, gözəllik nisbi və fərdidir. Monika gözəldir. Ancaq onu daha da gözəl edən insanların haqqındakı tərifləri, onu bütləşdirməsidir.

Hərdən düşünürəm, kaş ki, belə gözəl qadınlar olduğu kimi qalaydı. Heç dəyişməyəydi.
Monika gözəldir. Ancaq həm də bədbəxtdir. Çünki belə qadınlar əksər hallarda ətrafdakılar tərəfindən bir əşya kimi istifadə edilir. Bütün varlı, şöhrətli insanlar onları əldə etmək istəyir. Buna görə də Monika və onun kimilər dünyada gün görməyib. Onda ruh qalmayıb.

- İndi münasibətiniz varmı onunla?

- Mən hara, o hara...
Ancaq mən ikinci dəfə onun portretini çəkmək sifarişi aldım. San-Marinonun kapitanı məndən onun çılpaq portretini çəkməyimi istəmişdi. Sonra bəzi problemlər oldu, vaxt uzandı. Kapitan dedi ki, onun fotosunu verək, oradan baxıb çəkərsən. Mənsə razılaşmadım. Çünki birinin izni olmadan onu çılpaq çəkmək düzgün iş deyil.

- Ancaq onun “nude” portretini çəkməyə razılıq vermişdiniz?

- Bəli. Niyə çəkməyim? Mən rəssamam. Özünün razılığı olsaydı, çəkərdim. Ancaq kimsə sifariş verir və onun icazəsi olmadan portretini çəkdirirsə, bunu doğru hərəkət hesab etmirəm.

- Bəs Azərbaycan tarixindən gəlib-keçmiş məşhur şəxsiyyətlərdən kimin portretini çəkmək istəyərdiniz?

- Hələ ki, Dədə Qorqud və Şah İsmayıl Xətainin portretlərini çəkmişəm. Ancaq çəkməyi çox istədiyim bir sima var idi. Lütfi Zadə. Onu çəkə bilmədiyimə çox peşman oldum. Onunla görüşmək planımda var idi. Sadəcə günü-günə satdım. Onu çəkməyi, həqiqətən, çox istəyərdim. Çünki o, dişi, dırnağı və dərrakəsi ilə çox böyük yerlərə gəlib çıxmağı bacarmış şəxsiyyətdir.
Vaqif Mustafazadəni də çəkmək çoxdankı fikirlərimdən biridir. Bunun üçün bir az hazırlıq da görüb, eskizlərini çəkmişəm. Ancaq rəssamlıq işi insandan aylarla vaxt tələb edir. Buna görə də iş uzanır.

- Hətta qalereyanızda onun royalı da var...

- Bəli. Qızı Əzizə Mustafazadə qalereyaya gələndə royalı gördü və kövrəldi. Ancaq “axır ki, o, layiqli yerini tapıb”- dedi. Vaqifin mənim üçün ayrı yeri var. Deyərdim ki, o, bizim pasportumuzdur. Başqa bir ölkəyə gedəndə onun adını çəkib, həmyerlisi olduğunu deməyimiz bizə bəsdir.
Bundan başqa, çox sevdiyim şair Bəxtiyar Vahabzadənin portretini yaratmaq istədim. Ancaq yaşım buna imkan vermədi.

- Luvr Muzeyində sərgilənmək necə hissdir?

- Hər kəs dünyanın ən möhtəşəm sarayında toy edə bilər. Ancaq, əlbəttə ki, əsas olan onun içində xoşbəxt anlar yaşaya bilməkdir. “Luvr”da hamı sərgilənə bilər. Əsas olan nə göstərdiyindir.

- Geniş və dərin mütaliəniz var. Sizin həyat və yaradıcılıq fəlsəfənizə kimlərin təsiri olub?

- Qızı Karl Marksdan soruşur ki, mən filosof olmaq istəyirəm, kimi oxuyum? Marks da deyir ki, kimisə oxumaq lazım deyil. Sənə sadəcə sənət adamlarının mühitində olmaq bəs edəcək. Çünki onlar hər şeyi olduğu kimi, çılpaq və bəzəksiz görürlər. Filosoflar ağılla düşünür, fikirləri terminlərlə bəzəyirlər. Halbuki öz həyatları fikirlərindən çox-çox uzaqdır. Ancaq məsələn, rəssamlar gördüyünü görmək istədiyi formada və ya bütün çılpaqlığı ilə yansıdırlar.
Nizamini çox mütaliə etmişəm. Nəsiminin yaradıcılığı ilə 14 il maraqlanmışam. Ondan saatlarla danışa bilərəm. Füzulidən də müəyyən şeylər götürmüşəm. Ancaq mən ədəbiyyatı da milli, xarici olaraq ayırmıram. İnsan haradan bəhrələnə bilirsə, demək o, özününküdür.

- Ayağının altında Qarabağ xalçası, yanında 4 müqəddəs kitab, ən üstdə də Qurani-Kərim. Papanın ayağı altına Qarabağ xalçası sərmək ideyası necə yarandı?

- Mən kimliyindən asılı olmadan dünyaca məşhur insanların portretini çəkərkən mütləq Azərbaycandan bir element əlavə edirəm. Papa ilə üç dəfə görüşmüşəm. Bu zaman onun ayağının altındakı gözəl xalçalar diqqətimi çəkdi. Təbii ki, bu, Qarabağ xalçası deyildi. Onu da əlavə etməyimin səbəbi Qarabağ sözünün orada səslənməsini istəməyim idi. Çünki mən Qarabağı Azərbaycanın paytaxtı hesab edirəm. Yəni, ürəyi...

Ardını oxu...
Kitablara gəldikdə isə əslində, Papanın stolunun üstündə xaç var idi. Mən də xaçın yerinə 4 müqəddəs kitabı qoydum. Çünki çatdırmaq istədiyim ideya var idi: təkcə xaça deyil, Allahın 4 müqəddəs kitabına inanmaq lazımdır.
İngiltərə kraliçası ilə görüşəndə ona “Cıdır düzü” əsərini hədiyyə etdim. Mən onun portretini də çəkib apara bilərdim. Çünki kimsə mənə göstəriş verməmişdi ki, məhz bunu çəkməlisən. Ancaq mən Qarabağı bütün atributları: Cıdır düzü, süfrəsi, atları, xarı bülbülü və mərkəzdə bayrağımız ilə təsvir etməyi üstün tutdum. Beləliklə, əsərim Vindzorun sarayında “Azərbaycan, Qarabağ” adı ilə asıldı. Bununla da İngiltərə sarayına Azərbaycan bayrağı sancdım. Bu çox önəmli hadisədir. Çünki bəzən bir insan bir milyon insanın edə bilmədiyi işi görür. Ona görə də sənətçilərin, rəssamların, şairlərin sənətinin və şəxsiyyətinin gücündən istifadə etmək lazımdır.

- Bir az da musiqidən danışaq.

- Danışaq.

- Ya bəlkə musiqi özü danışsın?

- Bilirsiniz, musiqi mənim üçün təkcə səsdən ibarət deyil. Musiqi mənim üçün xatirədir, yaddaşdır. Məsələn, maşınla gedəndə hər zaman 70-80-ci illərin musiqilərini dinləyirəm. Çünki mən özümü hələ də orada hiss edirəm. Ən çox Flora Kərimovanı dinləyirəm. Mənə görə, Flora Azərbaycan musiqisinin zirvəsini fəth etmiş səsdir. Oqtay Ağayevi də çox dinləyirəm. Ancaq işləyərkən onların heç birini dinləyə bilmirəm. Çünki bütün fikrim musiqiyə köklənir və işləməyi unuduram. İşləyərkən daha çox klassik musiqi - Vivaldi, Motsartı dinləyirəm.
Yeri gəlmişkən, “Motsart haqqında düşüncələrim” adlı əsərimə görə Avropa Akademiyası məni “Motsart” medalı ilə təltif edib. Bundan başqa, “Bethoven” mükafatı da almışam.

- Bizim toxunmadığımız, ancaq danışmaq istədiyiniz hər hansı mövzu varsa, buyurun.

- İnsanlar sonuncu yüz ildə Yer kürəsini çox yordular. Onun neftindən, təbii ehtiyatlarından görməmiş kimi istifadə etdilər. Yer də yorulmağa, kiçilməyə başladı. İnsan nəyi ixtira etdisə, sonradan onun üstündə müharibə etdi. Sərhədlər kəşf olundu, pul yarandı. Hamısı da insanın bir-birinə olan inamsızlığından. Pul bərəkət deyil. Çünki o, yeyilmir. Bərəkət insanın ruzisidir. O ruzi ki, insan doğulanda Allah ruzini onunla birlikdə göndərir – ana südü.
İnsanların bir-birinə olan inamsızlığı azmış kimi, bir də Yer kürəsini doğram-doğram edib hər tərəfə sərhəd çəkdilər. Ona görə də heç kim təbiətin nemətlərindən doğru-dürüst istifadə edə bilmədi. Hələ üstəlik, dil ayrı-seçkiliyi üstündə düşmənçilik etməyə başladılar. Bir millət hər hansı bir sözü istifadə etməyə başlayan kimi millətçiliyi ortaya atdılar. Halbuki dilin ilkin məqsədi insanın fikrini çatdırmaqdır. Dünya üçün insanın hansı dildə danışması deyil, hansı fikri ifadə etməsi önəmlidir.

Bu yorğun Yer kürəsini sadəcə gələcək nəsil yaxşılaşdıra bilər. Mən gənclərimizi həyatsevər görmək istəyirəm. Sevgi dolu görmək istəyirəm. Elə sizin kimi. Sizi mən maraqlandırmıram. Sizi buraya gətirən incəsənətə, həyata, xalqa və vətənə olan sevginizdir.

Yer kürəsinə baxarkən bizim hamımız üçün tək bir işıq görünür - Azərbaycan işığı.

İl:2017
Ardını oxu...
"Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s..."

Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir...

- Bir fərdin və cəmiyyətin formalaşmasında, ona xas dünyagörüşünün yaranmasında təsiri olan ən mühüm psixoloji amil hansıdır?

- Hər şey insan psixikasından başlayır. İnsanın və cəmiyyətin bütün davranışlarını idarə edən də məhz onun psixikasıdır. Ona görə hər bir qüsurlu və ya uğurlu davranışı anlamaq üçün onun arxasında duran psixoloji aləmi incələmək lazımdır. İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. Natamamlıq kompleksi insanın özü barəsində zehnində formalaşdırdığı neqativ təsəvvürdür. Bu təsəvvür insanın fiziki, maddi və ya mənəvi cəhətləri ilə əlaqəli ola bilər. Natamamlıq kompleksi olan insanlar özlərini hansısa cəhətdən qüsurlu, bacarıqsız hesab edir, digərlərini özündən daha üstün bilir, özlərini qiymətləndirmələri və özlərinə inamları davamlı şəkildə çox aşağı olur. Başqa cür desək, bu insanlar daxilən özlərini cılız və natamam şəxsiyyət hesab edirlər. Bu proseslər şüursuzluq mərhələsində getdiyinə görə mümkündür ki, insan bir çox hallarda bu kompleksə tutulduğunu anlamasın. Hətta özlərində bu kompleksin olduğunu bilən insanlar belə bunun onların məhz hansı davranışlarının arxasında durduğunu müəyyən edə bilmirlər...

Natamamlıq kompleksi insanın psixikasında olan elə bir "yara"dır ki, müəyyən şəraitlər və ya şəxslər onun üstünə basmaqla insanı bir sıra yanlış addımlar atmağa vadar edə bilirlər. Bu zaman insan bəzən özünə qapanır, düz bildiyi yoldan geri çəkilir, aqressiv olur və öz mənafeyinə zərərli hərəkətlər etməyə başlayır. Yeri gəlmişkən, bu kompleksi ilk dəfə tədqiq edərək təsvir etmiş şəxs isə tanınmış avstriyalı psixoterapevt Alfred Adler olub.

Natamam insanlar üçün ən mühümü özünü qəhrəman, qüdrətli şəxs kimi hiss etməsidir...

- Qeyd etdiniz ki, bəzi hallarda insanın, cəmiyyətin hərəkətlərinin pərdəarxasında məhz natamamlıq kompleksi durur və bunu insanın, cəmiyyətin özü də anlamır. Ancaq yəqin ki, hansısa əlamətlərlə bunu müəyyən etmək mümkündür. Hansı əlamətlərlə bir cəmiyyətin bu kompleksə tutulduğunu anlamaq olar?

- Bu kompleksə tutulmuş cəmiyyət özünə aid olan hər bir şeydən boyun qaçırır. Öz dilində danışmağı gerilik, öz adət-ənənələrinə bağlılığı müasirlikdən uzaqlıq hesab edir. Belələri üçün üstün bildikləri ölkələrdən gələn hər bir şey daha dəyərli, daha əzizdir. Belə insanlar adətən özləri barədə mənfi yüklü ictimai stiqmalar da yaradırlar. Bəzən bu stiqmalar kənar qüvvələr tərəfindən də uydurulur. Stiqma hər hansı bir cəmiyyət, millət, ölkənin əhalisi barədə olan sosial damğadır. Bu stiqmaların əksəriyyəti o cəmiyyətdə olmayan, yaxud da əksəriyyətində olmayan hansısa xüsusiyyəti, halı ifadə edir. Məsələn, "bizim insanlar avamdırlar", "bizdən pisi yoxdur", "biz həmişə başıqapazlı olacağıq", "biz hara, onlar hara?".. Natamamlıq hissinə tutulmuş cəmiyyət şüuraltı olaraq ölkəsi, insanları barədə onları gülünc göstərən lətifələr də qoşar. Bu lətifələr insanların emosiyaları ilə əlaqəli olduğuna görə tez bir zamanda cəmiyyətdə yayılar və gülüş pərdəsi altında insanlara mətnində daşıdığı mənfi təsiri ötürər. Lətifələr, ümumiyyətlə, psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində bu vasitədən çox geniş istifadə edərdilər. Belə ki, onlar müxaliflərə psixoloji təsir məqsədi ilə çoxlu sayda siyasi lətifələr uydurub əfqanlar arasında yayardılar.

Cəmiyyətin özünü natamam hiss etməsi fərdlərin iradəsini süstləşdirər, beləliklə də onlara öz potensiallarını realizə etməyə imkan verməz. Bununla da mədəniyyət, incəsənət, elm, düşüncə, geyim tərzi kimi məsələlərdə yad cəmiyyətlərin ruhu onlara hakim olar. Zamanla natamamlıq kompleksinə tutulmuş cəmiyyətin "biz onsuz da digərlərindən üstün ola bilmərik" təsəvvürü onu öz fərdlərinə qarşı qaldırır. Belə ki, özünü digər cəmiyyətin fərdlərindən daha aşağı görən belələri içlərində olan natamamlıq hissini təmin etmək üçün öz cəmiyyətinin nümayəndələrini tapdalamağa, onları alçaltmağa, nəticədə də onlar üzərində öz üstünlüyünü göstərməyə çalışarlar. Axı daxildəki üstünlük hissini də təmin etmək üçün nəsə etmək lazımdır. Əgər bu, tərəqqi etməklə mümkün deyilsə, yeganə yol kimlərisə alçaltmaqla təmin etməkdir. Natamam cəmiyyətin üzvləri üçün həqiqi mənada üstün olmaq elə də əsas deyildir, mühüm olan ən azı öz gözündə qalxması, heç olmasa bir anlıq da olsa, özünü qəhrəman, şəxsiyyətli, qüdrətli biri kimi hiss etməsidir. Bütün bunlara görə onlarda gizli formalı özünənifrət də yaranır. Bu nifrət sonda onu həqiqi mənada üstün və dəyərli olan hər hansı bir addımı atmaq imkanından məhrum edir...

Bu da bir həqiqətdir ki, şəxsiyyətli bir cəmiyyət heç zaman özünün səviyyəsini aşağı salmaq istəməz, buna görə də bir çox işləri etməyi özünə ar bilər. Özünü natamam hiss edən cəmiyyət isə ən alçaq işlərə və cinayətlərə belə əl atar. Belə cəmiyyət öz şəxsiyyətini tapdalanmış hiss etdiyindən ona ən çirkin işləri belə görmək çox asandır. Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s... Natamamlıq kompleksinin hakim olduğu cəmiyyətin hər bir mərhələsində bu mexanizm tam işləkdir.

Belə cəmiyyətə məxsus milli-mənəvi dəyərlər, milli şüur və vahid ideologiya olmur, olsa da sönük olur və üstün bildikləri yad bir cəmiyyət tərəfindən pislənməyənə qədər qismən qüvvədə qalır. Belə bir cəmiyyətdə dünyaya gələn hər yeni fərd də eyni həyatı yaşayır. Nəticədə cəmiyyətdə mənəviyyatsız, şikəst və həyasız insanlar formalaşır. Bu tip cəmiyyətdə yaşamaq, onlarla rəqabət aparmaq üçün təbii olaraq onlar kimi olmaq lazımdır. Buna görə də cəmiyyətdə onlarla rəqabətə davam gətirə bilən mənfi tipli fərdlərin sayı daha da çoxalır. Sosioloji təbii seçmə baş verir, əxlaqlı insanlar rəqabətə tab gətirməyib sıradan çıxırlar. Burada yaşamaq üçün onların heç bir şansı yoxdur. Çünki onlarla bacarmaq üçün gərək elə onların səviyyəsinə düşəsən. Belə bir cəmiyyətdə əxlaqdan, dəyərlərdən danışan bir şəxs gülməli, səfeh və uğursuzdur. Əxlaqi dəyərlər və qanunla yaşayan bacarıqsız, gündəmdən geri qalan, zəmanənin adamı olmayan, pul qazana bilməyən biri hesab olunur.

Təəccüblüsü odur ki, onlar komplekslərindən qaynaqlanan davranışlarını müxtəlif fərqli adlarla təqdim etməyə, bununla da öz komplekslərini ört-basdır etməyə çalışırlar. Və çox vaxt da öz istəklərinə nail olurlar. Onların bu formalı təsiri bəzən elə qabarıq olur ki, normal düşüncəli insanlar belə öz fikirlərində şəkk edir, həyatlarının müxtəlif mərhələlərində məhz onlara oxşamağa çalışırlar.

Bəzi insanlar müxtəlif vasitələrlə maskalanırlar..

- Özünü daxilən cılız bilən kompleksli insanlar və cəmiyyət bunu necə ört-basdır edir?

- Bu ört-basdır etmə cəhdi özünü ilk növbədə onların danışığında göstərir. Belələri özlərini sözlərində üstün, dəyərli insan kimi təqdim edir, özünün maddi və ya elmi-mənəvi üstünlüklərindən şişirdərək danışır, həyat tərzlərində hədsiz təmtərağa meylli olurlar. Bununla öz natamamlıq hissini kompensasiya etmək istəyirlər. Onlar yüksək ictimai status hesab edilən simvollara bağlı olurlar. İctimai status simvolları isə ölkədən-ölkəyə dəyişir. Bu, bahalı maşın, hansısa telefon modeli, brend geyimlər, saatlar, xarakterik geyim forması, yaşayış tərzi, böyük imarətlər, xarici ölkələrə səfərlər, qidalar belə ola bilər. Məsələn, suşi yemək. Bəzi insanlar suşini onu xoşladıqlarına, qarınlarını doydurduqlarına görə yemirlər. Sadəcə onu yeyən zaman özlərini Avropanın yüksək statuslu, müasir təbəqəsinə bənzədirlər. Bu zaman da psixoloji bir məmnunluq hissi yaşayırlar. Bax bu məmnunluq natamamlıq kompleksinin doyuzdurulmasıdır. Yeri gəlmişkən, suşinin yapon mətbəxindən çıxaraq dünya brendinə və bestseller yeməyinə çevrilməsi faktı da olduqca maraqlıdır. Belə ki, bir zamanlar suşi Yaponiyada kasıb təbəqənin qidası hesab edilirdi. Çünki bu qidanın hazırlanması çox ucuz başa gəlirdi. Günümüzdə isə dünyada ən çox sifariş edilən və ən dəbli qida növlərindəndir. Hətta qiymətinə görə artıq kasıb təbəqənin qidası olma statusundan da çıxıb...


Bu tip natamam insanlar yüksək statusla əlaqəli fəaliyyətini müxtəlif vasitələrlə digərlərinə göstərməyə çalışarlar. Sosial şəbəkələr, saytlar, portallar da bu zaman münasib vasitələrə çevrilir. Bəzən isə insanlar natamamlıq komplekslərini aqressiya, spirtli içkilərin həddindən artıq istifadəsi, narkotik maddələrin qəbulu, hədsiz lovğalıq kimi hərəkətlərlə də maskalayırlar. Natamam insan öz kompleksini gizlətmək üçün yaxınlarını, əli altında işləyən insanları, özündən zəifləri, xülasə ərki çatanları təhqir edib alçaltmaqla özünün üstün olduğunu özünə və digərlərinə hiss etdirmək istəyir. Belələri real aləmdən uzaqlaşıb, məcazi, xəyal aləmində yaşamağa çalışırlar. Onlar öz xəyallarında hansısa kino qəhrəmanının, serialın, kitabın personajının həyatını yaşayırlar. Belələrini günlərlə televizor qarşısında əyləşərək filmlərə, seriallara baxan, saatlarla kompüter oyunları oynayan görərsiniz. Bu kompleks nə qədər dərindirsə, insanın təmtəraqlı həyat, yalançı və süni yüksək ictimai status əldə etmək istəyi də yüksəlir...

Deməli, özünü natamam hiss edən, inamsız insan özü barəsindəki fikirlərini, öz əsl mahiyyətini gizlətmək üçün həqiqətlə uyğun gəlməyən bir maska geyinir. Bütün bu maskalanma müddətində də maskanın bir gün düşəcəyi və öz əsl siması ilə qarşılaşa biləcəyi qorxusu ilə yaşayır. Bir çox hallarda bu kompleks gizli şüuraltı olaraq fəaliyyət göstərir. İnsan özündə elə bilir ki, heç bir psixoloji problemi yoxdur, əslində isə həyatında hər şeyi şüuraltı olaraq bu kompleksin diktəsi ilə edir...

Natamamlıq kompleksinin geniş yayıldığı ölkələrdən biri...
 

Dünyapress TV

Xəbər lenti