Ardını oxu...
“Fiziki asılılıqla yanaşı, psixoloji asılılıqdan qurtulmaq üçün də paralel müalicə getməlidir”

İntihar halları, xüsusilə gənc və yeniyetmələrin öz canlarına qəsd etməsi, eləcə də onların narkomaniya bataqlığına düşməsi ağrılı mövzudur. Bu iki məsələ həm də cəmiyyəti təhdid edən mövzulardır. Bu sahədə problemlərin artması, gənclərimizin narkomaniyanın ağuşuna düşməsi gələcəyimiz baxımından bizə rahatlıq vermir, verməməlidir də. Bu ağrılı mövzuları psixoloq Rauf Nəbiyevlə müsahibəmizdə müzakirə etdik.

(Əvvəli bu linkdə: “İntihar hallarının səbəblərindən biri valideynlərlə uşaqlar arasında olan uçurumdur...”)

- Ölkənin əsas problemlərindən biri də narkomaniyanın həddən artıq vüsət almasıdır. Sizcə, bu məsələdə əsasən hansı sosial-psixoloji səbəblər rol oynayır?

- Bunun səbəblərindən biri sosial təminatın aşağı olmasıdır. Deyəcəksiniz ki, imkanlı ailələrin uşaqlarından da narkoman olanlar var. Bəli, mən elə insanlarla da işləyirəm. İmkanlı ailələrdən olan narkomanları da maddi imkanı zəif, sosial təminatı aşağı olan, işsiz, yaxud işləməyə həvəsi olmayan narkotik aludəçisi gənclər öz “kruqları”na çəkirlər ki, onların imkanlarından istifadə etsinlər. Belə situasiyalarla rastlaşmışam. Maddi imkansızlar imkanlı şəxslərə yaxınlaşırlar, dostluq edirlər, ona narkotiki birinci dəfə pulsuz da təklif edirlər, qonaqlığa aparırlar. Bir iki dəfə qonaqlıqdan sonra deyirlər ki, indi də sən bizi qonaq et. Onlar da məcburiyyət qarşısında qalır, həm də özünü borclu hiss etdiyi üçün hesab edir ki, bu mənə 5 dəfə qonaqlıq veribsə, 2 dəfə havayı narkotik veribsə mən də əvəzini qaytarmalıyam. Belə-belə onların “kruq”una düşür. Aludə olandan sonra o birilər başlayırlar varlının imkanlarından istifadə etməyə. Varlı gənc başlayır evdən pul oğurlamağa, bahalı əşyaları satmağa. Valideyn də o vaxt ayılır ki, evdə nələrsə var idi, yoxa çıxıb. Maraqlananda görürlər ki, övladı narkomanların “kruqu”na düşüb. Yəni imkansızlıq, işsizlik də gətirib bunlara çıxarır. Hər ali təhsil alan ixtisası üzrə iş tapa bilmir. Ali məktəbdən məzun olmuş mütəxəssislər var ki, öz sahələri üzrə işləmirlər, taksi sürürlər və s.

- Rauf bəy, reabilitasiya mərkəzlərində narkomaniyanın qaynaqlandığı əsas faktor kimi asılılığı qeyd edir, asılılığın xəstəlik olduğunu bildirirlər...

- Belə deyək də, iki cür asılılıq var. Birinci növ asılılıq fiziki asılılıqdır. İkinci növ asılılıq psixoloji asılılıqdır. Fiziki asılılıq odur ki, orqanizm neqativi götürür. Məsələn, siqareti götürək. Siqareti çəkəndə orqanizmin özünün neqativ ifraz etmək qabiliyyəti var, orqanizm bunu hormonal şəkildə tənzimləyir. Amma süni şəkildə neqativi, yəni siqareti qəbul edəndə orqanizm onu ifraz etmir. Birdən-birə siqareti dayandıranda da orqanizm narahat olur, bədən ağrıyır. Narkotik də eynilə. Orqanizm narkotiki qəbul edir, bədən keyləşir. Amma birdən-birə narkotiki dayandıranda bədən ağrıyır. Sümüklər ağrıyır, halsızlıq, aqressivlik, əsəbilik olur. Hətta həmin şəxslər özlərinə belə xəsarət yetirə bilirlər. El arasında buna “lomka” deyirlər. Yəni artıq orqanizm o narkotiki tələb edir.

Bir də var psixoloji asılılıq. Bu, sadəcə vərdişdir. Məsələn, siqaret çəkənin barmağında həmişə nəsə olmalıdır, olmayanda elə bil əlində nəsə çatmır. Dodağında nəsə olmalıdır, sümürməlidir, tüstü buraxmalıdır. Bu, vərdişdir. Necə ki, biz telefonlara vərdiş etmişik, telefon olmayanda özümüzü narahat hiss edirik, elə bil nə isə çatmır, bu, psixoloji asılılıqdır. Psixoloji asılılıqdan qurtulmaq olur. Bir müddət həmin vərdişi etməyəndən sonra unudursan gedir.

Amma fiziki asılılıq zamanı ağrılar çox şiddətli olur, ona hər adam dözə bilmir. Müalicələrin və iradənin köməyilə buna dözmək olur. İradəsi varsa bir müddət dözür, iradəsi yoxsa bir müddətdən sonra yenə narkotikə qurşanır. Mən narkotikdən sağalanlar da görmüşəm, sağalmayanlar da. Tərgidənlər də görmüşəm, qayıdanlar da. Ona görə asılılıq vərdişə dönəndə insanı uçuruma apara bilir.

- Aludəçilər deyirlər ki, fiziki asılılığı detoksikasiya, orqanizmin, qanın təmizlənməsiylə dəf etmək olur, amma psixoloji asılılıq daha ağırdır...

- Fiziki asılılığın müalicəsi ilə yanaşı, psixoloji asılılıqdan qurtulmaq üçün də paralel müalicə getməlidir. Burada psixoloq da işləməlidir. Aludəçinin düşdüyü mühit, “kruq” aşkarlanmalıdır. O, hansı “kruq”dadır, dostları kimdir, oturub-durduğu insanlar kimdir, bunlar hamısı dərindən öyrənilməlidir. Təsəvvür edin ki, fiziki asılılıqdan xilas oldu, bədən təmizləndi, sağaldı, psixoloji asılılıq bir az qaldı, aludəçi gedib yenə həmin “kruq”a düşdü... Bu, o “kruq”dan necə çıxa bilər? Qeyri-mümkündür. Aludəçini o “kruq”dan da uzaqlaşdırmaq zəruridir. Dostlarını təmizləmək lazımdır. O, dostlarını sağlam həyat tərzi keçirən dostlarla əvəz etməlidir.

- Yəni insanın həyat rejimi dəyişməlidir.

- Bəli, normal həyata qayıtmalıdır, vaxtında yatıb-vaxtında durmalıdır. Ətrafına tədbirlərə gedən, teatra-kinoya gedən, idmana, boulinqə gedən adamları yığmalıdır. Belə adamlarla oturub-durmalıdır. Köhnə dost-tanışı ilə əlaqələri qırılmalıdır ki, psixoloji asılılıqdan da çıxa bilsin. Təbii ki, sağaldıqdan sonra köhnə dostlarına qayıdışı onu yenə narkotiklərə qaytaracaq. Deyəcəklər ki, sağalmısan da, bir dəfə də sına... Bu, ölümə gedən yoldur.

- Təkrar məhkumluğun - residivin altında hansı səbəblər yatır? Sovet dönəmində həbsdən çıxanların islah olunma göstəriciləri ilə müqayisədə hazırda bu qəbildən göstəricilərə demək olar ki, rast gəlinmir. Həbsə düşdükdən sonra islah olunmaq indi nəyə görə çətinləşib? İnsan psixologiyasında təkrar məhkumluğa qayıdışı tətikləyən səbəblər hansıdır?

- Səbəblər müxtəlif ola bilər. Bunu yəqin ki, qısa müddətli məhbuslara şamil etmək olmaz. Residiv kəlməsi uzun müddət həbsdə olanlara, yaxud təkrar-təkrar həbsə düşənlərə aiddir. Səbəblərdən biri də budur ki, məhbus çıxır, amma məhbəs mühiti onun üçün adiləşir, adi həyata çevrilir. Məsələn, həbsdə söyülür, döyülür, nəticədə sırtılır. Valideynlərə də deyilir ki, uşağı çox döyəndə sırtılır. Odur ki, uzun müddət həbsdə yatanların başlarını sığallamırlar ki... Ən ağır işlərə göndərirlər, təhqir olunurlar, döyülürlər, söyülürlər. Düzdür, bunu hamıya demək olmaz. Amma müəyyən qrup var ki, onlar artıq alışıb. Həbsə qayıtmaq istəyənlər də o qrupdur. Amma təsadüfən həbsə düşənlər də var. Onlar həbsə qayıtmaq fikrinə belə düşmür, normal həyata qayıdırlar və adaptasiya olurlar. Onların sırasında ailə quranlar da, təzədən yuxarı vəzifəyə qalxanlar da var. Amma dediyim qrupa mənsub olanlar o əzaba alışırlar, azadlığa çıxdıqdan sonra bu həyat onlar üçün darıxdırıcı olur, işgəncə olur. İş tapmırlar, insanlarla ünsiyyəti çətinləşir, türmə jarqonları ilə danışmağa başlayırlar. Cəmiyyət isə onun jarqonlarını qəbul etmir, yenə işdən qovulur, boşluğa düşür, işsiz qalır, düşünür ki, yenə həbsdə işə göndərirdilər, işləyirdim, döyülsəm də, söyülsəm də başım qarışırdı. Beləliklə, o həyat tərzi adiləşir və türməyə qayıtmaq istəyir. Yenə deyirəm, bunu da bir qrupa aid etmək olar, hamıya şamil etmək olmaz. Burda, məsələn, kimləsə konflikt yaşayır, yaxud vurub kiməsə xəsarət yetirir, təzədən qayıdır həbsə. Deyir heyif deyil, 3-5 il yatım.

- Görünür, bu qəbildən insanların islah olunması üçün daha dərindən işlər görülməlidir. Bilmirəm həbsxanalarda psixoloqlar varmı, yəqin ki, onlarla da psixoloqlar işləməlidir. Onlar azadlığa çıxanda məşğulluq məsələsi həll olunmalıdır ki, boş vaxtları olmasın, həbsə qayıtmasınlar...

- Hər bir sahədə psixoloqlar lazımdır. Böyük şirkətlərdə psixoloqlar işçilərlə qrup terapiyası keçirir, onlara məsləhətlər verirlər, relaksasiya keçirirlər. Mənim bir neçə il əvvəl “Azercell” ilə müqaviləm var idi, işçilərlə psixoloji seanslar keçirirdik. Onların ailələri ilə də. Təbii ki, bunun məbləğini bizə şirkət ödəyirdi. İşçilərlə söhbət etdiyimiz zaman onların ailələri ilə maraqlanırdıq. İşçilər ailələrin problemlərini deyə bilmir, amma işdən evə, evdən işə gərginlik aparıb-gətirdiklərinə görə işi keyfiyyətli yerinə yetirə bilmirdilər. Başlayırdılar işdə konflikt yaşamağa. Yəni həbsdəki insanların da islah olunması üçün onlarla, siz demişkən, köklü işləmək lazımdır - qardaşlarıyla, bacılarıla, ailələriylə. Yəni insan türmədən çıxıb, onu işlə təmin etməliyik, düzələcək - belə deyil. Bu ona bənzəyir ki, yara üzdən sağalıb, amma altda irin qalıb. O yaranı qanatsaq da, kökünü qazıyıb kökünü təmizləmək lazımdır. Burda onun ətrafında olan bütün insanlarla işləmək lazımdır. Maraqlanmaq lazımdır, bunula necə davranmalıdırlar, ona qarşı necə rəftar sərgiləməlidirlər ki, aqressiya ilə qarşılamasın. Psixoloqların işi çox çətindir, amma işləmək mümkündür.

- Bəli, çox çətin də olsa, bu vacibdir. Məsələn, narkomaniya potensial olaraq krimnala açılan qapıdır. Keçmiş məhkumların da, istənilən vaxt kriminala qayıtma potensialı var. Yəni günahı olmayan birini öldürə, yaxud başqa cinayət törədə bilər...

-Təbii ki, irinli yaranı üzdən yox, dərindən müalicə etmək lazımdır. Qanasa da buna dözmək lazımdır.

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stoprnarkotik.az
 
Alman Marşal Fondunda Demokratiyanın Təminatı Alyansının idarəedici direktoru Deyvid Salvo Amerikanın Səsinə müsahibədə Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyası ehtimalını, ABŞ-ın Qarabağdakı son hadisələri reaksiyasını və rus sülhməramlılarının regiondakı aqibətini şərh edib.

Amerikanın Səsi: Ən son atəşkəsdən bəri 100 min erməninin Qarabağdan getdiyi deyilir. BMT-nin məlumatına görə, icma nümayəndələri Qarabağda missiyada olan BMT rəsmilərinə deyib ki, hələ də 50 ilə 1000 etnik erməni orada qalır. Siz qalan əhalinin də gedəcəyinimi gözləyirinizmi? Sizcə onlar arasında geridə qalıb, Azərbaycana reinteqrasiya edəcək olacaqmı?
Deyvid Salvo: Məncə Dağlıq Qarabağda hər hansı etnik erməninin qalması ehtimalı azdır. Zənnimcə, qalanlar sadəcə olaraq hərəkətsiz və ya çox yaşlı və ərazini tərk etmək üçün zəif olan insanlar olacaq. Məncə 100 min nəfərin və ya daha çoxunun getməsi, əhali 120 min idisə, 100 mindən çox insan artıq gedib, bu, etnik ermənilərin Azərbaycanla reinqteqrasiya etməkdə maraqlarının olmadığına işarə edir.

Amerikanın Səsi: Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 5-də Qranada görüşü planlaşdırılıb və həmin görüşdə Fransa, Almaniya və Avropa Şurası liderlərinin iştirakı gözlənilir. Sizin bu görüşdən gözləntiləriniz nədir?

Deyvid Salvo: Məncə bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətindəki uzun bir prosesdə ilk addım olmalıdır. Əlbəttə ki, mən bunun bu görüşdə olacağını düşünmürəm. Amma Dağlıq Qarabağ və ətrafında döyüşlərin böyük ölçüdə dayanması ilə, sülhə əsas əngəl aradan qaldırılıb. Yəni bu, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin olması üçün bir fürsətdir. Bu, bu görüşdən sonra baş verməyəcək. Amma ümid olunur ki, bu görüş uzun normallaşma prosesində ilk addım olacaq. Bu olmalıdır. Artıq uzunmüddətli zorakılıqlar ola bilməz. Bunun üçün artıq bir səbəb yoxdur. Münaqişə bitib və iki ölkə arasında normal münasibətlərin olması hər kəsin marağındadır. Amma bu uzun vaxt alacaq.

Amerikanın Səsi: ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi gündəlik brifinqi zamanı deyib ki, ABŞ tərəfləri "qalan məsələləri müzakirə etmək və son nəticədə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıb." Siz son hadisələrə ABŞ-ın reaksiyasını necə qiymətləndirisiniz?
Deyvid Salvo: Məncə ABŞ bu nöqtədə artıq əsas oyunçu deyil. Məncə, aydındır ki, ABŞ-ın Ermənistan və Azərbaycanın davamlı və hərtərfəli sülh əldə etməsində marağı var. Biz onillər boyu bu münaqişədə vasitəçi olmuşuq. Amma ABŞ-ın tərəflər üzərindəki təsir gücü böyük deyil və məncə, nəticə etibarilə biz və əksər beynəlxalq oyunçular uzun illər tərəfləri bir masaya gətirib, sülh razılığı əldə etmələrini təmin edə bilməmişik. Və məncə bunun səbəbi hər iki tərəfdə münaqişəni diplomatik yolla həll etməyə siyasi iradənin olmaması idi. İndi hər iki tərəf davamlı sülh razılığı əldə etməyə siyasi iradəsinin olduğunu göstrməlidir. Dağlıq Qarabağda artıq münaqişə yoxdur. Ona görə də, indi siyasi iradə olmasa, nə ABŞ-ın, nə də heç bir beynəlxalq oyunçunun vasitəçiliyi bunu reallaşdıra bilməyəcək.Ona görə də mən ümid edirəm ki, tərəflər dərk edərlər ki, bu danışıqlara ciddi yanaşmaq onların marağındadır. Mən əminəm ki, biz pərdə arxasında bu prosesə yardım etmək üçün əlimizdən gələni edəcəyik, çünki Cənubi Qafqazda davamlı sülhün olması ABŞ-ın marağındadır.

Amerikanın Səsi: 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən, bölgəyə rus sülhməramlıları yerləşdirilib və onların 2025-ci ilədək orada qalacaqları gözlənilir. Son hadisələri nəzərə aldıqda, Rusiya sülməramlılarının aqibəti ilə bağlı gözləntiləriniz nədir?

Deyvid Salvo: Məncə bu, Rusiya ilə Azərbaycanın aralarında həll etməli olduqları bir məsələdir. Hazırda onlar Azərbaycan ərazisindədir. Azərbaycanın onları istəyib-istəməməsi başqa bir məsələdir. Amma rus sülhməramlıları bir regiona daxil olandan sonra, onların öz istəkləri ilə geri çəkilmələri nadir rast gəlinən bir haldır. Yəni Bakıdakılar bir növ şeytanla işləməlidirlər. Bu Moskva və Bakının həll etməli olduğu bir məsələdir. Mən, misal üçün, Rusiyanın həmin qoşunlara Ukraynada ehtiyacı olmadığını təqdirdə, rus sülhməramlı kontingetinin 2025-də gedəcəyini gözləmirəm. Mənim Moskvanın qüvvələrini Azərbaycandan çıxarmağa razılaşacağını təsəvvür edə biləcəyim yeganə hal bu olardı.
 
Ardını oxu...
30 illik işğal… Vətəndaşlarımızın kütləvi şəkildə qətli… şəhidlik, qaçqınlıq, məcburi köçkünlük, əzilmişlik, boynubüküklük… Hər zaman istədiklərimizi əldə edə bilməyəndə, yadımıza salırdılar, “siz müharibə dövrünün uşaqlarısınız” deyə… Bəli, biz “20 Yanvar” şahidiyik, “Xocalı” soyqırımına ağladıq. İşğal edilən hər qarış torpaq, qətlə yetirilən hər bir vətəndaş, şəhdi olan hər bir oğul üçün ürəyimiz parçalandı… Bəzən qəhər boğazımızda düyünləndi, lənət oxuduq müharibəyə… Bəzən şəhid anaları ilə baş-başa verib fəryad etdik… Nə yalan deyim, düzü bir gün qələbə qazana biləcəyimiz yuxu kimi görünürdü. “Belə gəlib, belə gedəcək” deyirdik… Amma, bir gün... o gün dəyişdi hər şey… 2020-ci ildə ilk qələbəni qazandıq. Asan olmadı, 3 mindən çox şəhid verdik… Deyirdik ki, bu yağı düşmən bizdən əl çəkən deyil. Səfələrlə müxtəlif tribunalarda sözümüzü deməyə çalışdıq, müxtəlif ölkələrdə masalarda danışıqlara getdik. “Yox, bacara bilməyəcəyik” deyə düşündüyümüz anlar da oldu… Bir yol var idi, hərb… Yağı düşmən yaşatdığını yaşamayana qədər, geri çəkilməyəcəkdi...
Teref.az-ın məlumatına görə, tarixçi, politoloq Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illər əsasən 2020-ci il 44 günlük Vətən müharibəsininin zəfəri, bundan sonra bir sıra döyüşlər və ən son bu il 19-20 sentyabrda keçirilən lokal antiterror tədbiri nəticəsində Azərbaycan Türk-İslam dünyasında ilk olaraq, son 300 ildə düşməndən, əks tərəfdən tarixi torpağını geri alan bir millətik. Bizim şanlı zəfərli tariximiz var. Son əsrlər Türkiyənin Osmanlı dövləti, Səfəvi-Qacar, Qacar dövləti çökəndən sonra təxmini 300 ilə yaxındır ki, çox təlatümlü bir tarix dönəmi yaşayırıq. Burada erməni faktorundan Qərb çox gözəl istifadə etdi.

Politoloq qeyd edib ki, erməni məsələsini və saxta erməni tarixini inşa edən də bəzi Qərb siyasi dairələrdir. Belə ki, erməni layihəsinin 17-18-ci əsrlərdə icrasına başlanılıb. Bunun acı nəticələrinin böyük bir qismini Çar Rusiyası bizim regionu işğal edəndən sonra görmüş olduq.

“Bizim regiona İrandan, müasir Türkiyə, yaxın Şərqdən 100 minlərlə erməni köçdü. Havadarları Çar Rusiyasının dəstəyi ilə həm regionun demoqrafiyasını, həm siyasətini, həm mədəniyyətini dəyişdilər”-deyə tarixçi qeyd edib.

Rizvan Hüseynov hesab edir ki, hazırda Azərbaycan böyük tarixi zəfər günlərini yaşayır. Son 200-300 ilin acısını geridə qoyur.

“Dünən də əlamətdar bir gün idi. Xocavənd rayonu bilirsiniz ki, 31 il bundan əvvəl işğal olunub və strateji bir rayondur. Xocavənd rayonunun itirilməsi Azərbaycan üçün böyük bir zərbə idi. Fikir verirsinizsə, ən son qayıdan rayonlardandır. Çox böyük qələbədir. Ümumiyyətlə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Sərsəng su anbarı ətrafının qayıtması bizim üçün çox böyük strateji nailiyyətdir. Belə ki, həm Azərbaycanın ərazi bütövlüyünü tamamladıq, həm də son 200-300 il başımıza gələn bəlaların qarşısını aldıq. İndi də erməni köçünün şahidiyik. Bizim regiondan qaçırlar”-deyən Rizvan Hüseynov vurğulayıb ki, əslində erməni layihəsi üçün bu gözlənilən bir nəticə idi. Bütün bunlara baxmayaraq, Azərbaycan zəfər eyforiyasına qapılmamalı, başa düşməlidir ki, indiki düşmənimizin "belini qırandan" sonra daha güclü düşmənlərlə üz-üzə, qarşı-qarşıya gələcəyik. Bunu da nəzərə alaraq, Azərbaycanın həm xarici, həm daxili siyasəti formalaşdırılmalıdır.
 
Ardını oxu...
Ermənistanın hökumət saytında dərc olunan rəsmi məlumatda deyilir ki, guya dünən -sentyabrın 29-u saat 22.00-a olan məlumata görə, Qarabağın dağlıq hissəsindən Ermənistana 98 min 929 erməni gəlib.

Teref.az xəbər verir ki, tədqiqatçı-alim Elxan Mehdiyev son hadisələrlə bağlı Moderator.az -ın suallarını cavablandırıb:

Elxan bəy, Qarabağı tərk edən erməni əhalisinin sayının şişirdildiyi deyilir. Sizin bu barədə məlumatınız necədir?

Mən ilk gündən, erməni əhalisinin Laçından çıxış yapdığı 24 Sentyabrdan bu haqda hesabat hazırlayıram. Təbii ki, erməni mənbələri əsasında. Bu statistikanı sizlərə təqdim etsəm hər kəs üçün də aydın olar.

Gəlin statistikaya baxaq:

24 Sentyabda ilk çıxanlar.

Saat 14:27 - də 30-40 nəfər Laçın keçid məntəqəsini keçib
Saat 18:00 - də 377 nəfər keçib.
Saat 22:00 - də 1050 nəfər demək 1 saatda 168 nəfər keçib
Saat 00:00 - da 1510 nəfər demək 1 saatda 230 nəfər keçib
Bunlar normaldır.

Sonrasına baxın:

25 Sentyabr

saat 06:00 –da 2906 nəfər keçib, demək 1 saatda 232 nəfər keçib
saat 12:00 –də 4850 nəfər, demək 1 saatda 324 nəfər keçib
saat 17:00 –də 6650 nəfər ,demək 1 saata 360 nəfər keçib
Burda da normal görünür.

26 Sentyabr

saat 08:00 –də 13550 nəfər , demək 1 saata 460 nəfər keçib
saat 16:00 -da 19000 nəfər , demək 1 saata 681 nəfər keçib
saat 20:00 -də 28120 nəfər , demək 1 saata 2280 nəfər keçib
Burada 30 saat tıxac ola –ola,1 saata bu qədər adam necə keçib?

27 Sentyabr

saat 08:00-də 42500 nəfər, demək 1 saata 1198 nəfər keçir
saat 12:00 də 47115 nəfər, demək 1 saata 1153 nəfər keçir
saat 15:00-də 50243 nəfər , demək 1 saata 1042 nəfər keçir
saat 20:00 –də 53629 nəfər ,demək 1 saata 677 nəfər keçir

28 Sentyabr

saat 08:00-də 65036 nəfər, demək 1 saata 951 nəfər keçir
saat 10:00 –da 66500 nəfər , demək 1 saata 732 nəfər keçib
saat 12:00-də 68368 nəfər, demək 1 saata 934 nəfər keçib
Saat 14:00-də 70500 nəfər , demək 1 saata 1066 nəfər keçib
Saat 18:00-də 74400 nəfər , demək 1 saata 975 nəfər keçib
Saat 20:00-də 76407 nəfər,demək 1 saata 1004 nəfər keçib
Saat 22:00-də 78354 nəfər,demək 1 saata 974 nəfər keçib

29 Sentyabr

Saat 06:00 -da 84770 nəfər, demək 1 saata 802 nəfər keçib
Saat 10:00 -da 88780 nəfər,demək 1 saata 1003 nəfər keçib
Saat 16:00 -da 93000 nəfər ,demək 1 saata 703 nəfər keçib
Saat 18:00 -də 97735 nəfər ,demək 1 saata 2368 nəfər keçib
Saat 22:00 -da 98929 nəfər ,demək 1 saata 299 nəfər keçib

Bu statistikanı analiz edərkən 1 saatda 360 nəfərin keçməsini qəbul edirik. Halbuki bu da yüksəkdir. Yəni 1 dəqiqədə 1 maşın keçir. Maşın dayanır, onun yükünə və içərisinə baxırlar və ondan sonra keçməyə izn verirlər. Başqa gecikmə halları da olur. Yük maşını gələndə daha çox zaman alır və başqaları da dayanır. Tutaq ki 1 maşında heç 5 yox, 6 nəfər olursa, o zaman 1 saatda 60 maşın keçir və 360 nəfər keçmiş olur. Bunu birxətli keçidə aid edirik. Çıxış üçün ikinci xətt də işə salınarsa, o zaman 720-750 olur. Bunun mümkün olub -olmadığını orada işləyənlər daha dəqiq deyər.

Ermənilər özləri ən azı 20 saat və sonra isə 30 saat yolda qaldıqlarını deyirsə, bu cür sürətlə sərhəd keçid məntəqəsini keçmək mümkün deyil. 1 saata 400-450 maşın keçə bilərmi? Bu 1 dəqiqədə 7-8 maşın edir. 1 saata 2280 və 2368 adam keçirsə, bu 1 dəqiqədə 38-40 nəfər edir. Bu mümkünmü?

Onların bu şişirdilmiş rəqəmlərini nəzərə alıb, yuxarıda mənim də apardığım şişirdilmiş hesablamaya görə ən azı 30 min artıq göstərilir. Burada görülən odur ki, əhalinin sayı Sentyabrın 26-da Samanta Pauerin bölgəyə gəlməsi ilə aşırı dərəcədə artırılır. Və sonra də həndəsi silsilə ilə artırılır.

Burada Azərbaycanın uyğun dövlət xidmətləri hər gün öz statistikasını verməli idi. Yəqin bizimkilər bunu sonda verəcəklər. Bunun da effekti indiki dünyada gedən propoganda fonunda az olacaq. Çünki bizlərdə atalar sözü var, “daldan atılan daş topuğa dəyər” və ikincisi, “zərbəni birinci vuran qalib gəlir”. Bütün dünyanın TV və qəzetləri artıq xəbərlər verir ki, Qarabağı 100 min erməni tərk edib. Bizdən isə heç bir səs çıxmır. Biz burada informasiya müharibəsini yenə uduzuruq.

Sizcə Qarabağda neçə min əhali var idi?

1-cisi Qarabağda 1992-ci ildən bəri heç bir zaman 90 min əhali olmayıb. Orada erməni ekspertlərinin də maksimum boynuna aldığı 70 min olub. Mən orada keçirilən seçkilər zamanı apardığım hesablama 70 minə heç bir zaman çatmırdı. Hələ ora bütün işğal olunmuş 7 rayonda yaşayanlar da daxil idi. 1992-ci ildə bütün Agdərə rayonu çıxıb getmişdi. Ən böyük rayon idi. Sonralar da onların üçdə biri qayıtdı. O vaxtkı Stepanakertdən də çox köçüb gedən oldu. Sadəcə Ermənistan ordusu faktiki orada yerləşirdi, oradakı Universitet tələblələri (ermənistandan gələn) və zabitlər və onların ailələri də yerli əhali kimi sayılırdı.

İndiki zamanda özlərinin dediyi kimi 22 min Hadrut qaçqını var və onlar da Ermənistandadır. Bir neçə ailə Qarabağda qalmışdı. 2021-ci ilin əvvəlində Rusların verdiyi statistikaya görə Qarabağa 53 min əhali qayıdıb. O da doğru deyildi. Lap tutag ki, 53 min qayıdıb. Sizcə 10 Noyabrda Qarabağda 50 min əhali qalmışdı? Yox idi. Əsgəran tərəfdə bir neçə kənd var idi. Bir də Ağdamın kəndlərinə bitişik Xocavend rayonunun bir neçə kəndində adam qalmışdır. Toplam olaraq 4 min ola bilməzdi. İndi hardan çıxdı 120 min və ya indiki 100 min? Tam yalandır. Bu ancaq yardım almağa və Azərbaycana qarşı beynəlxalq təzyiq kimi istifadə edilmək üçün şişirdilib.
Bu 30 ildə oradakı korrupsion liderlər əhalinin sayını yuxarı yazmaqla daha çox büdcə və yardım alaraq dolanırdılar. Sonda özləri qaçıb, yazıq camaatı çöllərdə qoydular. İndi də onlardan istifadə edib bu cür dolanmağa çalışacaqlar.
 
Ardını oxu...
Sentyabrın 27-də Qarabağdakı qondarma qurumun sabiq “dövlət naziri” Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin () məlumatında qeyd edilib ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı DTX-də ibtidai istintaq aparılır.

Toplanılmış sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa, o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX-nın bu gün yaydığı başqa bir məlumatda isə bildirilir ki, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Davit Azati Manukyan tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib.

Eyni zamanda, o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib. Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla yanaşı, bu gün xunta rejiminin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanın da Laçından Ermənistana keçmək istəyərkən saxlanıldığı barədə erməni mediasında məlumat yayılıb. Bildirilib ki, Mnatdakanyan Qarabağdan Ermənistana getmək üçün Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsindən keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Məlumatlar onu göstərir ki, Azərbaycan xuntanın “vəzifəliləri” olmuş və ölkəmizə qarşı cinayət törətmiş şəxslərin həbsi istiqamətində intensiv tədbirlərə start verib. Ekspertlər bildirirlər ki, canilərin hamısı həbs olunacaq və qanunlarımız qarşısında cavab verəcəklər.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov əvvəlcə R.vardanyanın həbsindən danışıb. Millət vəkili bildirib ki, Vardanyanın özü separatçılara yad insan idi. TEREF.AZ onunla söhbəti təqdim edir:

- Bu adam qondarma rejim daxilində də, Qarabağda yaşayan erməni əhali arasında da dəstək qazanmamışdı. Onun Rusiyadan Qarabağa gəlişi, gəlişində məqsədi, yaxud göndərilməsində məqsəd, missiya haqqında çox danışılıb. Ona görə də məsələyə yenidən qayıtmaq istəmirəm.

Qısaca onu deyə bilərəm ki, Vardanyan gəlmişdi Qarabağa, separatizmi davam etdirmək niyyətində idi. Amma buna nə Azərbaycan imkan verdi, nə də ki, separatçılar. Ötən il düşünürdü ki, Araik Arutunyan “postunu” buna təhvil verəcək. Amma Araik bununla razılaşmadı. Onu Qarabağa göndərmiş ölkənin təzyiqi ilə nəhayət ki, “dövlət naziri” oldu, amma bu “vəzifədə” də uğur qazana bilmədi. Bir-iki aydan sonra “dövlət naziri postu”nu da itirdi.

Orada babayan, Balasanyan kimi Birinci Qarabağ müharibəsi iştirakçıları var ki, onlar da kənardan gələnləri qəbul etmirdilər. Vardanyanın “uğur” qazana bilməməsinin bir səbəbi də bu idi.

Bundan sonra fırıldaqçı milyarder qondarma quruma “müxaliflik” etməyə başladı. Yadınızdadırsa, Arutunyanı “istefa” verməyə səslədi. Daha sonra Araik “istefa” verdi, amma Vardanyanı yenə də separatçılar yaxına buraxmadılar. Proseslər elə gətirdi ki, Azərbaycan antiterror əməliyyatlarından sonra qondarma rejim özünü buraxdı. Daha Vardanyan üçün bir “vəzifə” də qalmayıb. Bundan sonra Vardanyan anladı ki, Qarabağdan getməyin vaxtıdır. Amma nəzərə almadı ki, Azərbaycan artıq Qarabağın tamamına nəzarət edir, törətdiyi cinayətlərə görə həbs olunacaq. Belə də oldu, yaxalandı, Bakıya gətirildi.

- Vaqif Xaçaturyanın həbsi niyə digər separatçılara dərs olmadı?

- Bəlkə də bilirdi həbs olunacağını, amma başqa çıxış yolu da yoxdur. Ola bilsin düşünüb ki, hansısa formada, gözdən yayınaraq sərhədi keçə biləcək. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində qandallandı. Həbs olunub Bakıya gətirildiyi görüntülərinə baxın, sir-sifətindən “zəhər” yağır, yazıq gündə olduğu görünür. Amma təbii ki, Vardanyan cinayət törədib və cəzasını çəkəcək. Layiq olduğu cəzanı layiq olduğu formada tutulduğu kimi, layiq olduğu formada da çəkəcək. Ruben Xankəndiyə yeni gələndə Azərbaycana qarşı terrora səsləyirdi, böyük-böyük danışırdı. İndi isə kamera qarşısında başını donuz kimi əyib, yazıq görkəm alıb.

- Böyük-böyük danışmış digər cinayətkarlar var. Balasanyan, Qukasyan kimi digər separatçı cinayətkarları nə gözləyir?

- Bu gün iki daha cinayətkar ünsürün Laçın sərhəd-keçid məntəqəsində saxlanıldığı, Bakıya gətirildiyi barədə Ermənistan mediasında məlumatlar getdi. Əlbəttə, digər cinayətkarlar da yaxalanacaqlar. Ola bilsin ki, bəzi cinayətkarlar hansısa formada, görkəmini dəyişərək, saxta pasportla, saxta adla Ermənistana keçib. Amma sərhəddə ciddi yoxlanış var və Azərbaycan tərəfindən haqqında cinayət işi açılmış canilər qaçmaq istəsələr yaxalanacaqlar. Kimin ağlı işləyirsə, qondarma rejimin “xarici işlər naziri” olmuş David Babayan kimi gəlib könüllü təslim olacaq. O zaman həmin şəxslə bağlı hansısa yumşaq qərar verilə bilər. O da təbii ki, qatı cinayətkar deyilsə. Azərbaycan dövlətinə qarşı cinayət törətmiş, azərbaycanlılara işgəncələr vermiş canilərə heç bir amnistiya tətbiq edilməyəcək. Onlar cəzalarını alacaqlar və cəzalarını sonadək çəkəcəklər. Soyqırımı kimi cinayətlər törətmiş canilərə güzəşt ola bilməz.

- Vaxtilə qondarma qurumda “vəzifə” tutmuş şəxslərin təslim olduğu halda cəzaları nə olacaq?

- Bu barədə Azərbaycan hüquq-mühafizə orqanları lazımi qərar verəcəklər. İndi Babayan təslim olacağını bildirib, lap yaxşı. Yəqin ki, onun ətrafında istintaq aparılacaq, ifadələri alınacaq. Babayanın əməllərində insanlığa zidd addımlar, hərbi cinayətlər olmasa, onunla bağlı özünün künüllü gəlib təslim olması halı nəzərə alınacaq. Bütün hallarda isə Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

- İndicə DTX məlumat yaydı ki, Qarabağda törətdiyi terrorçuluğa görə Ermənistan vətəndaşı Davit Manukyan tutulub, onun haqqında həbs qərarı verilib. Demək ki, təkcə separatçılar yox, Ermənistan vətəndaşlarından da həbs edilənlər olacaq...

- Əlbəttə, olacaq. Azərbaycana qarşı cinayəti təkcə Qarabağdakı xunta rejiminin “rəhbərliyi” törətməyib. Terroru, soyqırımı separatçılarla yanaşı, Ermənistandan bölgəyə göndərilmiş şəxslər də törədiblər. Onların hamısı öz cəzalarını alacaqlar.

- Azərbaycan amnistiya verə biləcəyini rəsmi səviyyədə bəyan edib. Sizcə, bu akt kimlərə şamil olunacaq?

- Amnistiya aktı konkret maddələrə əsasən qəbul olunur. Elə deyil ki, Qarabağ ermənisidirsə, əfv olunacaq. Xeyr, belə deyil. Amnistiya dini, etnik mənsubiyyətə görə yox, konkret əməllər törətmiş, cəzalandırılmış şəxslərin islah olunma dərəcəsi ölçüləməklə verilir. Bu barədə hüquqşünaslar daha təfərrüatlı danışa bilərlər. Amma soyqırımı, hərbi cinayət törətmiş, terror aktları törətmiş şəxslər amnistiyaya düşmürlər.
 
Ardını oxu...
Son iki il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır. Demək olar ki, hər gün narkotiklə əlaqədar onlarla şəxs saxlanılır. Lakin bəzi hallarda külli miqdarda narkotik maddə yaxalanan şəxsin məhkəmədən əlini-qolunu sallayaraq çıxdığının şahidi oluruq. Bu isə, ölkədəki “narkotik böhranı”na son qoymağı müşkülə çevirir, nəticədə vəziyyət günbəgün daha da dərinləşir. Bəs, mövcud hüquqi boşluğu necə “doldurmaq” olar və problemin həlli istiqamətində hansı addımlar atılmalıdır? Bu və digər suallara tanınmış hüquqşünas Namizəd Səfərovla müsahibəmizdə aydınlıq tapmağa çalışdıq:

- Doğrudan da, bu günki günümüz üçün narkotiklərlə mübarizə olduqca ağır məsələdir. Şəxsən mən elə hesab etmirəm ki, bizim ölkədə həqiqətən də narkotiklərlə mübarizə aparılır. Narkotiklərlə mübarizə haqqında dövlət proqramı qəbul edilməsinə baxmayaraq, mən qətiyyən hesab etmirəm ki, bizim ölkədə sözün həqiqi mənasında dövlət siyasəti olaraq narkotiklə mübarizə aparılır. Mən başa düşürəm ki, bütün dünyada, Avropada öhdəliklər var. Ölkələr öz üzərinə narkotiklə mübarizə haqqında öhdəliklər götürürlər, lakin Azərbaycanda üzərlərinə götürülən öhdəliyin yerinə yetirilməsi istiqamətində atılan addımları “gözə kül üfürmək” kimi qiymətləndirirəm. Azərbaycanda narkotiklə mübarizə aparılmır. Əslində, narkotiklə mübarizə, narkotik dövriyyəsi ilə məşğul olmalı olanlar qalıb bir kənarda, digər şəxslərə qarşı narkotik ittihamı verilir.

Digər tərəfdən, bizim ölkədə narkotik bir bəla kimi mövcuddur. Əhalinin böyük bir hissəsi narkotik çəkir. Narkotik bir bəla olaraq Azərbaycanın üzərindən asılıb. Lakin bu problemlə mübarizə aparılmır. Əsas narkotik alverçiləri, narkotiki yayanlar, narkobaronlar, ölkədə narkotik dövriyyəsini həyata keçirənlərin hamısı azadlıqdadır, onları tutan yoxdur. Təsadüfən tutulanlar da rüşvət müqabilində buraxılırlar.

- Son vaxtlar barələrində həbs qərarı çıxarılmış əcnəbi narkotacirlərin, konkret olaraq 200 nəfər İran vətəndaşının Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında ekstradisiya olunduğunun şahidi olduq. İranın ölkəmizə qarşı “narkotik savaşı” apardığı indiki dönəmdə iranlı narkotik alverçilərinin bu ölkəyə təhvil verilməsi nə dərəcədə doğru qərardır?

- Sizinlə o məsələdə razıyam ki, İrandan, Əfqanıstandan Azərbaycana narkotik ötürülür. Yəni mən hesab edirəm ki, bizim sərhədlərimizin üzərindən, quş uçmağa belə imkanı olmayan sərhəd nəzarətindən narkotiklər keçə bilməz. Yadınıza gəlirsə, bir neçə il əvvəl guya İrandan gəlib Gürcüstana keçən böyük bir narkotik maddə partiyası Gürcüstanda həbs olunmuşdu. Məlum oldu ki, Azərbaycanın iki sərhədindən çox sərbəst şəkildə böyük narkotik partiyası keçmişdi. Heç soruşan olmadı ki, bu hansı formada keçib, bunu kimlər buraxıb?! Qram-qram narkotik tapılanları tutub basırlar, amma buna bir şey deyən olmur. Məsələn, raport verilir ki, qanunsuz narkotik dövriyyəsinə görə 1500 nəfər həbs edilib. Dünyanın heç bir ölkəsində belə göstərici yoxdur. 10 milyonluq əhaliyə görə bu böyük göstəricidir. İlk baxışdan belə görünür ki, guya bizim dövlət narkotiklərin qanunsuz dövriyyəsinə qarşı gözəl mübarizə aparır. Lakin həmin 1500 nəfər ki var, onlar 5 qram-6 qram narkotiklə tutulanlardır. Şəxsi istifadə üçün icazə həddi var, 0,005 qram heroinlə tutulanda bu cinayət məsuliyyəti yaratmır, bu 1500 şəxsin hər birinə 5-6 qram ittihamı veriblər. Demək, belə çıxır ki, bizim ölkədə yalnız cibində 6 qram narkotik maddə tapılan şəxslər narkotik cinayətkarlarıdır. Maraqlıdır, bu tutulanların hamısında elə yarım qram, 1 qram aşkar olunur? Bunu bir yerə toplayanda bir kiloqram olur. Hansı ki, tonlarla narkotik dövriyyəsi var ki, heç kim buna qarşı mübarizə aparmır?

- İranlı narkotacirlərin ekstradisiyası haqda sualımız cavabsız qaldı. Bundan başqa, bir neçə gün əvvəl yenə də Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında Azərbaycan vətəndaşı olan 20 nəfərdən çox narkotik ticarətçisi azadlığa qovuşdu. Yenə o mövzunun üzərinə qayıdırıq: DİN, DSX narkotik alverçilərini tutur, məhkəmə Penitensiar Xidmətin təqdimatı əsasında 2-3 il sonra onları açıb buraxır. Sizcə, onlar həqiqətən də islah olunurlar, yoxsa burada başqa mətləblər var?

- Şəxsən mənim əlimdə belə bir məlumat yoxdur. Əgər DİN, yaxud Penitensiar Xidmət bu barədə ictimaiyyətə geniş açıqlama vermiş olsaydı, mən də məlumatlı olardım. Əlbəttə, mən də hesab edirəm ki, narkotik dövriyyəsi ilə məşğul olan və həqiqətən də məhkum olunmuş şəxslərin vaxtından əvvəl buraxılması qanunsuzdur. Bu da bir daha təsdiq edir ki, bizim ölkəmizdəki narkotik dövriyyəsinə qarşı mübarizə adı altında başqa mübarizə gedir. O cümlədən də İran vətəndaşları Azərbaycanda həbs olunublarsa, istər başqa cinayətlərə, istər narkotiklə bağlı cinayətə görə, onlar öz cəzalarının bir hissəsini çəkdikdən sonra buraxıla bilərlər, yaxud İran tərəfindən məsələ qaldırılırsa, ekstradisiya oluna bilərlər. Ekstradisiya olunmaq azadlığa buraxılmaq deyil, onlar əslində cəzalarının çəkilməmiş hissəsini İranda çəkməlidirlər. Yaxud elə də olur ki, narkotiklə məhkum olunmuş Azərbaycan vətəndaşı İranda məhkum olunsun. Onun da Azərbaycana ekstradisiya olunması azadlığa buraxılması deyil.

- Namizəd bəy, Siz də qeyd etdiniz ki, Azərbaycandan Gürcüstan istiqamətində iri narkotik partiyası maneəsiz keçib. Sizə elə gəlmir ki, o narkotik yükünü gətirmək “qüdrətinə” malik olan məmurların iranlı narkotacirlərlə birgə Azərbaycan dövlətinə xəyanəti baş verir?

-Bəli, çox düz deyirsiniz. Dediyim kimi, əgər bizim daxili işlər orqanları, narkotik dövriyyəsinə qarşı mübarizə aparan idarələrimiz həqiqətən də bu mübarizəni düzgün aparırlarsa, necə olur bir qram, yaxud icazəli qədərindən artıq narkotik daşıyan şəxsləri dərhal aşkar edirlər, 1500 nəfəri tək-tək tutub türməyə qoya bilirlər, tonlarla, kiloqramlarla, böyük partiyalarla ağır çəkidə narkotikin ölkənin bu başından o biri başına keçməsini aşkar edə bilmirlər? Mən sizə deyim ki, bu günki texnika imkan verir ki, narkobaronların, narkotik ticarəti ilə məşğul olan şəxslərin xaricdə danışıqları çox asanlıqla əldə olunsun. Danışıqlar sərhəd üzərindən gedirsə, bizim DTX-nın, DİN-nin imkanı var ki, bu danışıqları dinləsin. Bu gün İranla bağlı tutulan o vətəndaşlar ki, həqiqətən də İranla birgə qeyri-qanuni narkotik dövriyyəsi həyata keçirirlər, onların əksəriyyəti həmin danışıqlar vasitəsilə tutulur. Onların cinayət işlərinə baxsanız görərsiniz ki, ilk olaraq o danışıqlar tutulur, sonradan da İrandan keçən hansısa maşında 10 qram narkotik maddə tutulur. Bəzən də narkotik maddə daşıyan şəxslər təəccüblənirlər ki, necə oldu, onların gətirdiyi yarım kiloqram heroin və digər narkotikin miqdarını bildilər? Onların hamısının danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilir. O cümlədən də iri partiyaların keçirilməsi bu qurumlarla əlaqəsiz heç cür mümkün deyil. Bu orqanlarla əlaqəsiz heç kim cürət edib o boyda narkotik partiyasını ölkə ərazisinə keçirə bilməz. Bilirsiniz də, keçirilən narkotikin dəyəri çox bahadır. 15 kiloqram heroinin qiyməti milyonlarla dollarla ölçülür. Əgər daxildə səni qoruyacaq vəzifəli şəxslər olmasa heç kim cürət edib tutulmaq təhlükəsi qarşısında bu addımı atmaz. Birinci ona görə ki, tutulan ziyana düşür, özünü də qoyurlar həbsə. Yəni o vaxt ölkə ərazisinə narkotik maddə keçirməyə cürət edirlər ki, gətirənləri əmin edirlər ki, onlara heç kim toxunmayacaq, onların arxasında duran var, hətta o narkotik yükünü müşayiət edirlər. Sərhəddən keçəndən düz sərhəddən çıxana, başqa ölkəyə çatana qədər həmin narkotik yükünün daşınmasını müşayiət edirlər.

- Narkotik alverini “iri buynuzlu” məmurlar himayə edirsə, vəziyyətin sonunu necə görürsünüz?

-Bilirsiniz, mən müsahibənin əvvəlində də dedim ki, əgər narkotiklərlə mübarizədə dövlətdə siyasi iradə olmasa, bu boş söhbətdir. Boş deklarasiyalardır ki, biz mübarizə aparırıq. İlk növbədə dövlətin siyasi rəhbərliyi, yaxud nazirlər, daxili işlər naziri, prokurorluq, DTX narkotiklərlə mübarizədə maraqlı olmalıdır. Ən azından bunların bu məsələdə əli olmamalıdır. Biz əmin olmalıyıq ki, həmin şəxslər həqiqətən də narkotiklərə qarşı mübarizə aparılmasını istəyirlər. Əslində, narkomaniya onun geniş yayıldığı istənilən bir dövlətdə faciədir. Bu yaxınlarda televiziyalarda Bakı kəndlərinin birində bir vətəndaş bu barədə danışırdı. Əliylə göstərib deyirdi ki, qonşumuzda, məhəlləmizdə onlarla şəxs var ki, narkotik çəkmək üzündən artıq ölüm ayağındadır. Yəni bu ölkəmizdə bir bəladır. Bu bəlaya qarşı mübarizə aparmaq lazımdır. Çirkli pul əldə etməyin müxtəlif yolları var, hansı ki, bizim yüksək rütbəli məmurlar, nazirlər bunu yaxşı bilirlər. Dövlət əmlakını mənimsəyirlər, vətəndaşların əldə etdikləri əmlakı rüşvət kimi alırlar, heç olmasa narkotiklə ürəkdən mübarizə aparsınlar. Narkotik xalqa qarşı yönələn bir bəladır, genosiddir. Narkotiklə mübarizə aparmayan ölkə, hakimiyyət ölümə məhkumdur. Heç olmasa bu ağır bəlanın qarşısını almaq üçün vicdanları qarşısında hesabat verməlidirlər.

- Statistik məlumatlara əsasən, ölkədə təkrar cinayətkarlıq göstəricisi 60 faizin üzərindədir. Belə bir vəziyyətdə həbsxanaların “islah müəssisəsi” funksiyasını yerinə yetirdiyini düşünmək olar?

- Bu artıq kriminalistik sualdır. Cinayətin yayılması, həbs olunmuş şəxslərin islah olunması böyük elmdir, onun müxtəlif tərəfləri var. Doğrudan da elə bir sual verirsiniz ki, bu gün Azərbaycan türmələrində məhkumların sayı mən biləni hardasa 20 mini aşıb və islah-əmək müəssisələrimiz onları tam yerləşdirmək iqtidarında deyil. Yəni statistika budur ki, onlar dünya standartlarına uyğun olan qaydada saxlanılmır. Bu gün müvəqqəti saxlama yerlərimizdə, məsələn, 1 saylı Bakı İstintaq Təcridxanasında dustaqların saxlanma şəraiti qanunvericiliyin tələblərinə uyğun deyil. On nəfərin saxlanacağı kamerada 20 nəfər, 5 nəfərin saxlanacağı kamerada 10 nəfər saxlanır. Eyni vəziyyət islah-əmək müəssisələrinə də şamildir. Yəni əgər 2 saylı, 3 saylı islah-əmək müəssisəsində yalnız min dustağın saxlanması nəzərdə tutulubsa, orada 1500-dən artıq dustaq saxlanılır. Bu, istər-istəməz onların saxlama şəraitini pisləşdirir. Bu durumda da insanın ləyaqəti alçalır, sağlamlığı qorunmur, insan nə fiziki, nə tibb sağlamlığını qoruya bilmir. Onun islah olunması məsələsi artıq 2-ci dərəcəli bir məsələ olur. Burada daha çox çalışmaq lazımdır ki, bu şəraitdə sağ qalasan. Bu dəqiqə də islah-əmək müəssisələrində vərəm xəstələrinin, onkoloji xəstəliyə tutulanların sayı-hesabı yoxdur. Çox təəssüf ki, bu statistika bəzən cəmiyyətə verilmir və həmin cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama yerlərində ölənlərin sayı həddən artıq çoxalıb. Çox təəssüf ki, Ədliyyə Nazirliyi bu məsələni Allahın ümidinə, taleyin hökmünə buraxıb.

Mən bu yaxınlarda bir hadisəyə rast gəldim. Xarici vətəndaş Azərbaycanda istintaq təcridxanasında saxlanılır, onu Apellyasiya Məhkəməsinin qərarından sonra islah-əmək müəssisəsinə göndərmişdilər. Ağır xəstə idi, həm də həbs olunandan sonra ağır xəstəliyə tutulmuşdu. Gördüm ki, islah-əmək müəssisəsinin rəhbərliyi onun taleyi, sağlamlığı ilə ümumiyyətlə maraqlanmırdılar. Dedim ki, bəs bu adam ölür, görmürsünüzmü? Dedilər ki, əşi, ölür-ölür də. Yəni dustaqların sağlamlığı cəzaçəkmə müəssisələrinin rəhbərliyini o qədər də maraqlandırmır. İslah-əmək müəssisələri, müvəqqəti saxlama yerləri, təcridxanalar onların rəhbərlikləri üçün qazanc yerinə çevrilib. Heç təsadüfi deyil ki, qeyri-rəsmi məlumata görə, bu sahədə pul dövriyyəsi iki milyard manatı keçir. Əlavə edə bilərəm ki, məhkəmələrmizdə də vəziyyət elə bu gündədir.

- Yeri gəlmişkən, Prezident İlham Əliyev 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin tarixdən etibarən müvafiq qurumlar ölkədə bu sahədə uğurlu islahatların aparıldığını iddia etməkdədir? Bu haqda Siz necə düşünürsünüz?

- Mənim üçün bu sahə ən ağrılı sahədir. Bizim məhkəmələrdə aparılan əvvəlki islahatlar və sonrakı dərin islahatlar olduqca mürtəce islahatlardır. “İslahat” adı ilə Azərbaycanda mövcud olan beynəlxalq standartlara uyğun olan az-çox hüquqi normaların ləğv edilməsi, məhkəmələrə müraciətin daha da çətinləşdirilməsi baş verir. Əslində islahat nədir? Vəkillərin sayının artırılması islahatdır. Hakimlərin sayının artırılması islahatdır. Hakimlərin baxdıqları işlərin sayının azalması islahatdır. Məhz bu islahatın nəticəsində əgər cinayətlərin sayı, hakimlərin işə baxma yükü artıbsa, yaxud vətəndaşların məhkəmələrə müraciət etmək imkanı azalıbsa, bu, artıq islahat yox, anti-islahatdır. Məsələn, indiyə qədər məhkəmələrə müraciət edərkən çox aşağı dövlət rüsumları ödəyirdilər. Sovet dövründən qalmış olduqca mütərəqqi hal idi ki, vətəndaş məhkəməyə müraciət edib və bunun üçün də böyük xərc çəkməyə ehtiyac yox idi. Aparılan dediyimiz islahatlar, dibi görünməyən olduqca dərin islahatlar nəticəsində bu gün rüsumlar dəfələrlə - 5 dəfə, 10 dəfə, 100 dəfə artırılıb. Bunu islahat hesab etmək olarmı?

Digər tərəfdən, məhkəmələrə müraciət etməyin onlayn formaları müəyyən olunub. Yəni bu gün sən elektron qaydanı, kompyuterlərlə işləmək qaydasını bilmirsənsə, artıq məhkəməyə müraciət etmək sənin üçün müşkül bir məsələyə çevrilir. Hətta bu gün mənim özüm üçün də çətinliklər mövcuddur. Eyni zamanda, bu gün 2500-ə qədər vəkilin 2000 nəfəri bu üsuldan istifadə edə bilmir. Əgər sən elektron qaydada məhkəməyə müraciət edə bilmirsənsə, demək, artıq məhkəməyə müraciət edə bilmirsən. Bunu belə etmək olardı ki, əvvəllər vətəndaşlar necə yazılı formada məhkəməyə müraciət edirdilər, bu formanı saxlamaqla elektron formanı da onunla paralel tətbiq etsəydilər, çox əla olardı.

İkinci məsələ - vətəndaşların məhkəməyə, yaxud apellyasiya və kassasiya şikayətləri yazmaları vəkillər tərəfindən həyata keçirilirdi. İndi vətəndaşın özü, yaxud bunu bacaran nümayəndəsi bu müraciəti edə bilməz. Vətəndaş adından yalnız vəkillər bunu edə bilər və onların da hüquqlarını yalnız vəkillər həyata keçirə bilər. Bu, olduqca mürtəce bir normadır, insanların konstitusiya ilə müəyyən edilmiş hüquqlarına qəsddir. Məsələn, mən bunu özüm yazıb verirəm, heç kimə etibar etmirəm, nə vəkilə, nə nümayəndəyə. Özüm ərizəmi yazıb verirəm məhkəməyə, özüm özümü müdafiə edirəm. Özüm apellyasiya, kassasiya şikayəti yazıram, kimin nə ixtiyarı var ki, mənim qanuni hüququmu pozsun?! Deməli, sən vəkil tutmaq istəmirsənsə, öz işini başqa bir şəxsə həvalə etmək istəmirsənsə, məhkəməyə girə bilməzsən. Bu islahat yox, mürtəce normadır ki, vətəndaşların konstitusion hüquqlarının bilavasitə pozulmasına yönəldilib.

Belə halları çox saya bilərəm, məsələn, əvvəllər cinayət və mülki qanunvericilikdə var idi ki, vətəndaşların istənilən etibar etdiyi şəxs, Həmkarlar İttifaqının üzvü, işlədiyin müəssisənin bir üzvü sənin xahişinlə sənin hüquqlarını müdafiə edə bilərdi. Bunlar hamısı ləğv olunub. Bu necə qanun ola bilər? Tutaq ki, Konstitusiyada belə bir norma müəyyən olunur ki, məhkəməyə işi düşmüş vətəndaş istədiyi adamı özünə nümayəndə, yaxud vəkil seçə bilər. İndisə cinayət və mülki qanunvericiliyə normalar əlavə ediblər - Yox, bu funksiyanı yalnız vəkil həyata keçirə bilər. Bu o deməkdir ki, bu artıq islahat deyil.

Bundan başqa, vəkillərin hüquqlarının artırılması islahat ola bilərdi. Ancaq baxın görün, bu gün vəkillər qapaz altındadırlar. Və onların heç bir hüququ, müstəqillikləri yoxdur. Əgər cinayət işlərində vəkil mətbuata çıxırsa, hər hansı bir açıqlama, müsahibə verirsə, onu təqib etməyə başlayırlar, onu Vəkillər Kollegiyasından çıxarırlar. Onu hər gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məhşər ayağına çəkirlər. Bu islahat olmadı ki. Bu hətta Vəkillər Kollegiyasının azadlığının alınması olur. Bəlkə müstəntiq səhvdir. Vəkil özünü müdafiə edərkən qanunda qadağan olunmayan bütün üsullardan istifadə etməlidir. Bu gün dünyanın bütün ölkələrində vəkillər mətbuat orqanları ilə əlbir işləyirlər. Yəni apardıqları işlər üzrə məhkəmələr, istintaq orqanları tərəfindən yol verilmiş qanunsuzluqları ictimailəşdirirlər. Bunda qeyri-adi nə var ki. Qoy vəkil, vəkilin müdafiə etdiyi müvəkkil icitmaiyyətə çıxsınlar, hadisələr barəsində məlumat versinlər. Əgər o işdə dövlət sirri yoxdursa, istintaq sirri yoxdursa nədən qorxsunlar?

İkinci bir tərəfdən - bu gün məhkəmələrdə həm vəkillərin, həm də məhkəmə iştirakçılarının telefonla daxil olması qadağandır. Nəyə görə? Əgər sən işə qanuni baxırsansa, orada qeyri-qanuni heç nə törətmirsənsə qoy vətəndaş lap kamerayla gəlsin, məhkəmənin gedişini yazsın, pozsun. Niyə qadağan edirsiniz? Əgər sizin orada çirkin bir əməliniz yoxdursa, niyə bir mətbuat işçisi kamerayla daxil olub məhkəmənin gedişini çəkə bilməz, yaxud yaza bilməz?! Niyə? İslahat odur ki, sən azad edirsən, azadlığa doğru, demokratiyaya doğru addım atırsan, bunları açıqlayırsan, məhkəmə prosesi açıq şəkildə gedir. Konstitusiyada yazılıb, istənilən vətəndaş məhkəmə zalına daxil olub, məhkəmənin gedişiylə tanış ola bilər. İnsanları məhkəmə zalına buraxmırsınız, çox məhkəmələr qapalı keçirilir. Yenə deyirəm, bu demokratik məhkəmə prinsiplərindən uzaqlaşmaq deməkdir.
 //hurriyyet.az//
 
Ardını oxu...
Qarabağı tərk edən erməni əsilli sakinlər azərbaycanlı jurnalistin suallarını cavablandırıblar.
Teref.az həmin dialoqu təqdim edir :

- Niyə tərk edirsiz regionu? Kimsə sizi qovur?

- Yox, heç kəs qovmur. Sadəcə belə lazımdır.

- Haradan bu qərara gəldiniz ki, belə lazımdır?

- Hərə öz torpağına getməlidir.

- Siz etiraf edirsiz ki, bura sizin torpağınız deyil?

- Elədir ki, var. //AzVision.az//
 
Ardını oxu...
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan ordusunun Xankəndi və ətrafındakı qalıqları, eləcə də bu ərazilərimizdəki yaraqlı separatçılar tərksilah edilir, silahları təhvil alınır, ölkəmizdən çıxarılır. Artıq hesab etmək olarmı ki, Qarabağda separatizmin kökü tam kəsilmək üzrədir?

- Bəli, tam kəsilir. Separatizmin daşıyəcıları ərazimizdən çıxarılırlar. Mülki insanlar yox, separatizmin daşıyıcıları, bölücü planlarını reallaşdırmağa çalışanlar... Mülki insanlara gəlincə, onlar qalmaq, Azərbaycan qanunları ilə yaşamaq istəsələr qala bilərlər, dövlətimiz digər vətəndaşlarımız kimi onlara da hər cür təminatı verəcək.

- Sizcə, hansı aralıqda orada qanunlarımız işləməyə başlayacaq, reinteqrasiya tam yekunlaşacaq?

- Reinteqrasiyadan danışırıqsa, bunu mərhələli şəkildə etmək lazımdır. Məsələn, Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq, Azərbaycanın enerji sisteminə qoşulması təmin edilib. Bu o deməkdir ki, bu ərazilərimizdəki enerji infrastrukturu Azərbaycanın ümumi enerji sisteminə qoşulıur. Artıq orada yaşayan insanlar istifadə etdikləri elektrik enerjisinə görə ödənişləri bura etməlidirlər, Ermənistana yox. Bu o deməkdir ki, tədricən Azərbaycanın aidiyyəti qurumları və ya dövləti ilə əlaqələr qurulmalıdır. Qaz, rabitə və digər təchizatlar da buradan olmalıdır, Azərbaycanın müvafiq orqanlarının səlahiyyətlərinə keçməlidir. Çünki həmin ərazilər Azərbaycana məxsusdur.

Kommunikasiyalar üzərində nəzarətimizi gücləndiririk. Məsələn, artıq Ağdam-Xankəndi yolu işləyir. Digər istiqamətdəki xətlər, məsələn, Tərətər yönündəki yollar da işlək vəziyyətə salınır. Artıq həmin ərazilərin reinteqrasiyası prosesi sürətlər gedir.

- Bu məqamda Ermənistanın spikeri Alen Simonyan bildirdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır. Bunun üçün münbit zəminin olduğunu düşünürsünüzmü? Məsələn, Azərbaycan və Ermənistan liderlərinin gələn ay İspaniyada keçiriləcək görüşündə?

- Olduğunu düşünürəm. Buna mane olan “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlıydı. Artıq bu məsələ öz həllini tapıb. Bununla bağlı müzakirələr Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri ilə erməni icması arasında aparılır. Bu dialoq əsnasında Azərbaycan konstitusiyası əsasında müəyyən düstur müəyyən olunacaq. Yəni bu məsələ Ermənistana aid məsələ deyil. Sülh sazişində Qarabağ erməniləri ilə bağlı müddəa olmamalıdır, Bakı bununla bağlı mövqeyini bildirib. Yeri gəlmişkən, Paşinyan da bunu deyib. Ermənistan rəhbərliyi bunun Azərbaycanın daxili işi olduğunu qəbul edir.

Ermənistan bu mövqeyində israrlı olsa, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə tam hazır olsa, sülh müqaviləsinin imzalanması yönündə irəliləyiş ola bilər. Bu baxımdan, liderlərin qarşıdakı görüşündə müqavilə imzalanmasa da, mətnin razılaşdırılması mümkündür.

- İranın hərbi-siyasi rəsmiləri aktiv şəkildə bölgədə hansısa “sərhədlərin dəyişdirilməsi”ndən, “kənar qüvvələrin regiona daxil olması”ndan danışırlar. Sizcə, bu fəallıq və ya “narahatlıq” nədən irəli gəlir?

- Bu onların bisavadlılığından irəli gəlir. Buna başqa şərh vermək olmur. Ermənistanın İranla sərhədini Azərbaycan sərhədləri qorumur, heç erməni sərhədçiləri də qorumur, Rusiya sərhədçiləri qoruyur. Yəni Azərbaycan bu yöndə hansısa addım atsa, Ermənistan yox, Rusiya ilə üz-üzə gələcək. Eyni zamanda, bu, KTMT-nin də sərhədi sayılır. Azərbaycanın heç planı da yoxdur ki, bu ərazini ələ keçirsin.

İranın sualları varsa, bunu Azərbaycana yox, Rusiyaya ünvanlamalıdır. Məsələ budur ki, üçtərəfli anlaşmaya əsasən, Zəngəzur dəhlizini Rusiya sərhədçiləri qorumalıdır, Azərbaycan yox. İran rəsmiləri həmin üçtərəfli anlaşmanı diqqətlə oxumalıdırlar.

Yeri gəlmişkən, Ermənistan bunu istəmir. Ermənistanın Rusiyaya etirazı budur ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini onun sərhədçiləri qorumalıdır. Bu, Ermənistanla Rusiya arasında olan problemdir. Bizi bu problemlərə qatmamalıdırlar. Ona görə də, İranın davranışları bisavadlılıqdan irəli gəlir. Sənədlər var, razılaşmalar var, gedib oxusunlar. Bizi hansısa müdaxilədə ittiham etməyə çalışırlar. Biz bunu edərikmi? Bizim belə bir niyyətimiz yoxdur. Əgər İran başqa şeylər düşünürsə, bu onun problemidir.

İndi İranda daxili auditoriya elə bir durumda deyil ki, Zəngəzur dəhlizini gündəmdə saxlasın, problemləri başından aşır. Ona görə də, İranın bu hərəkətlərini “mənasız” adlandırardım. Çox mənasız və qeyri-ciddi hərəkətdir. Ermənilərin uydurmalarına qulaq asmaqdansa, reallığa baxmaq lazımdır.

- Fransa Prezidenti Emmanuel Makron deyir ki, Rusiya Azərbaycanı, ölkəsi də Ermənistanı dəstəkləyir. Makronun bu mesajını necə şərh etmək olar?

- Acınacaqlı haldır ki, Fransa kimi ölkənin başında bu cür adam dayanır. Bu adam sanki siyasətçi yox, yoldan keçən biridir. Necə yəni Rusiya Azərbaycanı dəstəkləyir? Rusiya Azərbaycanı harda, nəylə dəstəklədi? Bəlkə Rusiya Azərbaycana pulsuz silah-sursat, milyonlarla dollarlıq güzəştli kredit verib? Rusiya hansı formada Azərbaycana dəstəkləyib? Əgər Rusiya Azərbaycanın daxili işinə qarışmırsa, bu, onun bizi dəstəkləməsi demək deyil. Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa edir. İndi Rusiya buna qarşı nəsə etməlidir? Rusiya bunun qarşılığında normal davranış sərgiləyir. Amma 20-30 il əvvəl anormal davranmışdı. Rusiya o zaman müxtəlif yollarla bizə təzyiq göstərməyə çalışırdı, separatçılara dəstək verirdi. İndi normal davranır, daxili işlərimizə qarışmır. Başa düşür ki, bura bizim ərazimizdir. Bu o demək deyil ki, Rusiya bizi dəstəkləyir.

Bunu orta səviyyəli bir politoloq desəydi, onu anlayardım ki, hər kəsin öz fikrini çatdırmaq haqqı var. Amma Fransa kimi bir dövlətin başçısı çayxana söhbəti edir.

Makron deyir ki, Fransa Ermənistana dəstək verir. Nəylə dəstək verir? İndiyədək siz Ermənistana nə etmisiniz? İki dəfə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdınız, şou düzəltdiniz. Bəs nə oldu? Orada iştirak edənlər öz sözlərini deyib dağılışdılar. Əvəzində nə əldə etiniz? Heç nə! Əksinə, Fransa bu kimi oyunlarla özünü oyundankənar vəziyyətə saldı. Faktiki olaraq, artıq danışıqlar prosesində iştirak edən bir Fransa yoxdur.

Makron Paşinyanın başqa bir tayıdır, sadəcə Fransa Ermənistan deyil. Təəssüfləndirici haldır ki, Fransa kimi bir ölkənin başında orta səviyyəli belə bir adam dayanır.
Ardını oxu...
Ölkədə təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verildi.

Yaranmış vakant yerlərə artıq yeni müəllimlər təyin edilir. Sertifikasiyadan keçə bilməyən müəllimlərin bir qismi uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olduqlarına görə bu qərarla razılaşa bilmir. Həmin müəllimlərin bir çoxu test mərhələsindən keçə bilmədiklərini imtahan prosesi ilə əlaqələndirirlər.

Cebhe.info-nun müsahibi təkrar sertifikasiyadan keçməyərək əmək fəaliyyətinə xitam verilən müəllimlərdən biri, Xəzər rayonu 322 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayevadır. Teref.az onunla söhbəti təqdim edir...

O, müsahibəyə başlayarkən özünü belə təqdim edib:

-İki diplomlu, ali təhsilli , 40 il fəaliyyətdə olan, iki kitabı işıq üzü görən, növbəti kitabı üzərində çalışan, ancaq bu vəziyyətlə baqlı əli -qolu bağlanıb həvəsdən düşən, illərini pedaqoji fəaliyyətə, fidan balalara xərcləmiş, sözünü demiş, neçə-neçə nailiyyətlərin, fəxri fərmanların, sertifikatların sahibi, Azərbaycan Müəllimlər Assosiasiyasının üzvü, həyatının ağlı -qaralı rənglərini özünün optimistliyi, həyatsevərliyi ilə tanınan, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib özünə səbrdən köynək geyinən müəlliməyəm. O müəllimə ki , bu gün işinə xitam verilib xərclədiyi illərinə heyfslənir. Çox təəssüflənirəm, çox acdır. Hər ağrı-acısını uşaqlarla unudan, “onların sevgisi ən böyük varım-dövlətimdir” deyən müəllim indi öz qızının xeyir işinə görə banklara borclanıb. İndi qərarı əlinə alıb, əllərini başına vurub oturub ki, mən necə edəcəyəm, işsiz, maddiyat yox.

-Məlahət xanım, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmağınıza baxmayaraq, artıq işsizsiniz. Prosesləri necə qiymətləndirirsiniz?

- Ömrünü gənclərin təhsilinə xərcləmiş, sözünü demiş müəllimlərin bu gün o gənclər tərəfindən imtahan edilməsinin nə dərəcədə düzgün olub-olmadığı ilə bağlı fikirlərimizi işıqlandırın. Bəlkə buzlaşmış qəlblərə istilik, mərhəmət düşər.

- Təkrar sertifikasiya imtahanında iştirak etmisiniz. Test mərhələsindən keçə bilməməyinizin səbəbini sualların çətin olması ilə əlaqələndirirsiniz?

- Suallardan da əlavə orada kompüterdə problem var idi və mən sualı cavablandırmışdım, ancaq sonra cavablandırmamışam kimi çıxırdı, yenidən o suallara qayıdırdım. Eləcə də vaxtı tuta bilmədim, ən azından bir neçəsini də cavablandıra bilərdim. Nəzarətçi gənclər də onlardan kömək istəyəndə yaxınlaşmırdılar, deyirdilər ki, olmaz. Nə isə, olan biz müəllimlərə oldu. Mən 1984- cü ildən bu sahədəyəm. Çox əfsuslar olsun ki, 2024-cü ilə qala bilmədim və xitam verildi. 1984-cü ildən 2023-cü ilin 4 sentyabr tarixinə kimi artıq 39 ildir . Ümumiyyətlə, 4 sentyabr tarixi biz müəllimlərin yaddaşına az qala 20 yanvar hadisəsi kimi həkk olundu.

-İmtahan zamanı tədris etdiyiniz fənlərdən əlavə sual salınmışdımı?

-Artıq əsəbimdən heç o səhnəni yadıma salmaq istəmirəm. Sanki bizi xəstə ediblər. İndi fikirləşirəm ki, budurmu müəllimin qiyməti? Gedib indi qabyuyan, yaxud xadimə işləyəsən? Ona görə də həyatıma nifrət edirəm. Ən əsası Allahımdan qorxduğumdan seçimimi edə bilmirəm. Ya əzab çəkərək yaşamaq, ya da intihar etmək kimi seçim arasında qalmışam. Ayın 4-dən bu günə diri ikən ölüb dirilirəm.

- Bir çox müəllimlər imtahandan əvvəl kursa gedir, hazırlaşırdılar. Siz bundan niyə istifadə etməmisiniz?

- Məktəbdə təşkil olunmuşdu, təlimdə iştirak etdim. Kursa getməyə də bank kreditim olduğundan çatdıra bilmədim. Kurslar da maddiyat tələb edir.

- Ümumiyyətlə, imtahan suallarını çətin hesab edirsizmi?

- Suallar keçdiyimiz fənlərdən idi. Sadəcə suallar mürəkkəb, yəni vaxt aparan idi, vaxta görə də düşünməliydin .Vaxt gedirdi, tələsik işləyirdim ki, 120 dəqiqəyə nəsə yaza bilim. Ancaq bununla belə, yenə vaxt çatmadı, artıq dayandırıldı, heç nə yaza bilmədim.

- İşinə xitam verilən müəllimlər yenidən MİQ imtahanında iştirak edə bilərlər. Siz də yenidən iştirak edəcəksinizmi?

- Mən artıq 58 yaşındayam. Staja görə də pensiya vermirlər. Əvvəllər 25 il pedaqoji stajı olan pensiyaya çıxırdılar.

- Əmək fəaliyyətinə xitam verilən müəllimlərin işlə təminatı məsələsi gündəmdə idi. Sizə məktəbdə başqa iş təklif olunubmu?

- Xeyr, heç bir iş təklif olunmayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki komissiyadan bir dəfə mənə zəng vurublar və soruşublar ki, yenidən iş təklif olunsa, işləmək istərmisiniz?Mən bildirdim ki, 40 ilə yaxındır pedaqoji sahədəyəm, əlbəttə, birinci növbədə müəllim kimi işləmək istəyərəm. İkincisi, başqa hansı işlər təklif edirsiniz ? Cavab nə vaxt olacaq? Dedilər ki, özləri əlaqə saxlayacaqlar. Ancaq o gün bu gündür, heç bir zəng yoxdur. Şəxsi kabinetə də heç nə gəlməyib. Məktəbimizdən 3 nəfər belə müəllim var, onlara da heç bir cavab, zəng yoxdur.
 
 
 

Dünyapress TV

Xəbər lenti