Ardını oxu...
Ötən həftə baş tutan anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan separatçıların qanunsuz “idarəetmə” fəaliyyətləri demək olar ki, tamamilə çöküb.

Erməni icmasının yaşadığı ərazilərdə ən primitiv ehtiyacların qarşılanmasında belə aciz olan separatçı xunta yavaş-yavaş öz yerini qanuni Azərbaycan hakimiyyətinə vermək üzrədir. Bəs görəsən Xankəndində qanunsuz xunta rejimi öz fəaliyyətini tam olaraq nə zaman bitirəcək? Azərbaycan polisi Xankəndində və ətraf ərazilərdə fəaliyyətə hansı vaxtdan etibarən başlayacaq?

Bu və digər suallarla bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.

“Qarabağdakı separatçı rejimin özünü buraxma prosesinin yaxın zamanlarda tam reallaşması gözlənilir. Son proseslərdən sonra erməni sakinlərə bütün kommunal xidmətlərin, qida və dərman vasitələrinin Azərbaycan tərəfindən verildiyi üçün artıq separatçı rejimin təsir imkanları olduqca məhdudlaşdırılıb.

Bütün bu faktorlar Qarabağın erməni əhalisində Azərbaycan yönümlü müsbət fikirlərin formalaşmasına birbaşa təsir göstərir. Məncə bundan sonra separatçı rejimin əlində hər hansı hüquqi statusu qalmayacaq. Yaxın zamanlarda separatçıların və yerdə qalan qanunsuz silahlı birləşmələrin sülhməramlılara məxsus helekopterlərlə Qarabağı tərk etməsi və xarici ölkələrə qaçması gözlənilə bilər. Əlbəttə ki, xunta rejim qaçdıqdan sonra idarəetmə tam şəkildə Azərbaycana keçəcək və hesab edirəm ki, mərhələli şəkildə polis asayişi qorumaq üçün fəaliyyətə başlayacaq. Əlavə olaraq ermənilər və azərbaycanlılar arasında birlikdə yaşayışı, münasibətləri və əlaqələri müşahidə etmək üçün monitorinq mərkəzi də yaradıla bilər. Düşünürəm ki, 2025-ci ilə kimi mərhələli və sistemli şəkildə Xankəndidə və erməni əhalisinin yaşadığı digər ərazilərdə Azərbaycan polisinin, digər güc strukturlarının, idaretmə orqanlarının fəaliyyəti tam formada oturuşmuş olacaq. Bu dövlətimizin konstusiyon səlahiyyətləridir və onu da tam şəkildə həyata keçiriləcək”.
 

      
Ardını oxu...
“İrəvan danışıqlardan kənarda qalır”.

Teref.az. xəbər verir ki, bunu politoloq Yevgeni Mixaylov Azərbaycanın uğurlu yerli terrorla mübarizə tədbirlərini şərh edərkən deyib.

“Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının həlak olduğu terror aktından sonra Bakı öz ərazisində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatı keçirməyə məcbur olub. Bakı tez bir zamanda məqsədinə çatdı və ultimatum qoydu – bu, ermənilərin tamamilə tərksilah edilməsi, silahların təhvil verilməsi və s.oldu”, – deyə rusiyalə politoloq bildirib.

Onun sözlərinə görə, Yevlaxdakı müzakirə istənilən halda müsbət yekunlaşıb.

“Qarabağ erməniləri çox gözəl başa düşürlər ki, İrəvanın onlara ehtiyacı yoxdur. Bunu Nikol Paşinyan özü də dəfələrlə bəyan edib və Rusiya sülhməramlılarını Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verməyə çağırıb. Müvafiq olaraq, İrəvan danışıqlar prosesindən kənarda qalı, Rusiya və Azərbaycan vəziyyəti nəzarətə götürür”, – deyə analitik qeyd edib.

Mixaylov əlavə edib ki, Rusiya regionda sülhün təminatçısı və Qarabağ ermənilərinin nümayəndələrinin daxil olduğu dialoqun təminatçısı kimi sülh müqaviləsinin imzalanması üçün zəmin hazırlamağa davam edəcək.

Azərbaycanla Rusiya arasında münasibətlərə gəlincə, ekspert bundan sonra yalnız müsbət gedişat proqnozlaşdırıb.

“Mən yalnız Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsini gözləyirəm. Çünki aydındır ki, sülhməramlıların hərəkətləri Bakı ilə Moskva arasında razılaşmaya uyğundur. Ermənistan Qərb tərəfdaşlarını razı salmaq üçün bu danışıqlardan uzaqlaşdı, sülhməramlıları tənqid etməyə başladı və rus sülhməramlılarını Amerika və Fransa ilə əvəz etməyə çalışdı. Lakin İrəvan buna nail olmadı”, o vurğulayıb. \\KONKRET.az
 

      
Ardını oxu...
“Qarabağ” klubu Misli Premyer Liqasının 6-cı turunda öz meydanında “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi. Nəticə baxımdan belə idi. Həm də milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildilər. Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Fikirləri tam olaraq oyunda oldu. Təbrik edirəm, rəqibə uğurlar arzulayıram.

– Sanki “Qarabağ”ın futbolçuları rəqiblərə fərq qoyur, konsentrasiya problemi görünür. Siz bu barədə nə düşünürsüz?

– Son illərin ən dəyişik çempionatını görürük. İnanın ki, rəqiblərə fərq qoymaq fikrində deyilik. Çünki hamısının gücü bəllidir. Hər tur fərqli nəticə ola bilər. Sıx qrafikdəyik, futbolçuları nə qədər hazırlamağa çalışsaq da, çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları hətta meydana buraxmırıq. Süni örtük və 3-4 gündən bir oyun oynadıqlarına görə ehtiyat edirik. İlk dəfə deyil ki, bu halla rastlaşırıq. Bu mövsüm zədəlilərimiz çox oldu. Patrik Andrade çoxdandır komanda ilə deyildi. Bədavi və Veşoviç oynamır. Üç itki böyük zərbədir bizə. Deməli, daha ciddi olmalı, rəqiblərə qarşı daha ciddi yanaşmalıyıq. Bəlkə özümüz də hansısa risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər itirilən xal bizim üçün turnir cədvəlində böyük zərbə olacaq. Amma başqa çıxış yolu yoxdur, sıx qrafikdə daha çox güc sərf etməyə çalşacağıq.

– “Qarabağ”da yerli oyunçu statusundan sanki sıxıntı var. Çərçivəni Amin Ramazanova etibar etmişdiz…

– Bəli, bu sarıdan sıxıntımız, çətinliklərimiz var. Abbas da yoxdur, o da böyük itkidir. Rotasiyalar edə bilmirik. Amin gənc olsa da, ona güvənirik. Az oyunlarda oynamayıb. Nə qədər çox oynasa, daha tez təcrübə toplaya bilər. Hansı oyunçu lazım olsa, onu meydana buraxmağa çəkinməyəcəyik.

– Adama Diakabinin adı Avropa Liqasının oyunlarına sifariş edilmədi. Səbəb nə idi?

– Diakabi komandamızın üzvüdür. Safəcə mikrozədələri var, bəzən tam güclə məşq edə bilmir. Bir ara geridönüş etmişdi, amma son vaxtlarda mikrozədələr oldu. Rəqabət çoxalır. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə, bizim oyunçudur, lazım olanda istifadə edəcəyik.

– “Qarabağ” üçün transferlər bitdi?

– Bəlkə də, böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz ancaq azad agent statusunda olan oyunçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Ona görə də ola bilər ki, dekabra kimi trasnfer olmasın. Amma bəlkə oldu. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Ancaq edəcək planımız yoxdur. Qışa qədər axtarışda olacağıq.

– Bu gün hakimlərin performansını necə dəyərləndirirsiz?

– Bizim qarşımızda çox intizamlı komanda var idi. “Sabah”a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədir. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırırlar. Məsələn, “Səbail”lə görüşdə qapımıza təyin edilən penalti.. Ola bilər ki, əks tərəfə də verilib. Bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərimizə etirazımız olmayıb. Bu gün də birinci qolda və penaltidə ofsayd haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, ofsayd var idi, yox idi, bilmirəm. Amma ən düzünü onlar bilir. Xırda diqqətsizliyə görə komandanın nəticəsinə təsir edə bilərlər. Bilirik ki, hakimlər çox çalışır, teoriyalarda olurlar. Hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlə olub, nəticə qazanmaqdır.

– Avropa Liqasının qrup oyunlarına az vaxt qalıb. Daha təcrübəli qapıçıların oyun praktikasından əziyyət çəkməsi sizi narahat etmir?

– Narahat etmir. Çünki mən narahat olsam, komandam da narahat olacaq. Hər birinə güvənirik. Andrey Lunyov təcrübəli qapıçıdır. 6-7 ay oynamaması o qədər də təsir etməz. 2-3 oyundan sonra özünü daha komfort hiss edər. Luka Quqeşaşvili oynayırdı. Neçə vaxtdır yaxşı səviyyədə çıxış edir. Heç bir narahatlığım yoxdur.

– “Olimpiya” ilə oyundan sonra demişdiz ki, Şahruddin bizim oyunçudur. Sonradan “Adana Dəmirspor”a keçdi. Necə alındı transfer?

– O fikir həmin anda olmuşdu. Çünki onda heç bir təklif yox idi Şahruddinə. Daha dəqiq araşdırsaq, belə fikirlər formalaşmışdı ki, mən Şahruddini göndərirəm? Mən ona görə cavab vermişdim ki, o, bizim oyunçumuzdur, komandada qalır, heç bir təklif yoxdur. Sonradan özü və klub üçün yaxşı təklif oldu. Sonda qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, “Qarabağ”dan belə komandaya oyunçumuz gedirsə, sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba gedib. Şahruddin Türkiyə Super Liqa komandasına keçdi. Çox böyük işdir. İstər-istəməz orada Azərbaycan futbolu haqda danışılması, böyük inkişafdır. O bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerilərimiz üçün maraqlı təkliflər olar. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar.
tribunainfo
 
Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ-Ermənistan birgə təlimləri davam edir. Artıq Amerikanın yüksək vəzifəli generalları da təlimləri izləmək üçün Ermənistana gəliblər. Sizcə, nə etməyə çalışırlar?

- Əslində, bu, nədənsə ciddi ajiotaja səbəb olub. Araşdıranda məlum olur ki, belə təlimlər əvvəllər də keçirilib. Hətta Köçəryan və Sərkisyanın dönəmində də olub. Ermənistan NATO-nun tərəfdaşlıq proqramının üzvüdür. İndi geosiyasi vəziyyət və Ermənistanla Rusiya arasındakı sözdə fikir ayrılıqları o səviyyəyə çatıb ki, bu, ciddi müzakirələr yaradır.

İndi Ermənistanda ABŞ-ın azsaylı hərbi kontingenti ilə keçirilən məşqlər sahədə olan təlimlər deyil, modullaşdırılmış təlimlərdir, simulyasiyadır. Bu, ajiotaja səbəb oldu, xüsusən də Rusiyanın kəskin reaksiyası ilə qarşılandı.

Əlbəttə, strateji baxanda Qərb, xüsusən də ABŞ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında maraqlıdır. Bunun üçün ən zəif halqa və Rusiyadan daha çox asılı olan Ermənistanla münasibətləri daha üst səviyyəyə qaldırmağa çalışırlar. Beləliklə, Rusiyanı Cənubi Qafqazda ən güclü mövqeyinin olduğu Ermənistanda sıxışdırmağa cəhd göstərirlər. Strateji yol budur. Amma bunun yaxın gələcəkdə necə baş verəcəyi ilə bağlı qaranlıq məqamlar daha çoxdur.

- Davam edən Amerika-Ermənistan təlimləri, bu fonda Konqresdə Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi o sualı yaratdı ki, Vaşinqtonun təzyiqləri ilə üzləşə bilərik. Siz bu haqda necə düşünürsünüz?

- Biz Konqres dinləmələrini çox vaxt ciddiyə alırıq. Bu o qədər də ciddiyə alınası məsələ deyil. Əgər Konqres dinləmələri hansısa qərarın verilməsi ilə bağlı deyilsə, yaxud hansısa qərarı tövsiyə etmirsə, bu, heç nəyi dəyişmir. Məsələn, bizim parlamentdə iclasdan əvvəl hansısa məsələlərlə bağlı deputatların çıxışları olur, bu da ona bənzər dinləmədir. Bunun hüquqi bir tərəfi olmur. Ümumi fon kimi isə xoş deyil.

Oradakı müzakirələr zamanı səsləndirilən bir çox fikirlər də reallığı əks etdirmir. Çünki bu fikirlərlə reallıq arasında ciddi fərqlər var. “Qarabağ xalqı”ndan, “Dağlıq Qarabağ”dan danışılır, reallıqda belə bir şeylər yoxdur. Reallıq budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Azərbaycan ərazisində isə belə bir qurum və ya təsnifat yoxdur.

Məsələ budur ki, Ermənistanın ərazi bütövlüyümüzü tanıması həm Rusiyanı, həm də bəzi Qərb dairələrini narahat edir. Putin ən azı üç-dörd dəfə bununla bağlı çıxış edib. Sanki təəssüf edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nahaq tanıyıb. Səsləndirdiyi fikirlər bu anlama gəlir.

Qərbin bəzi dairələrin və parlamentlərində də eyni fikir dilə gətirilir. Halbuki Qərb və Rusiyanın mövqeləri o qədər kəskinləşib ki, biri qatığa “ağ” deyəndə, o biri “qara” deyir. İndi nədənsə sanki bu məsələdə mövqeləri üst-üstə düşür. Bu da qəribə təzad və mənzərə yaradır.

- Bəs Azərbaycana qarşı sanksiya çağırışları haqda nə deyə bilərsiniz?

- Bunun olacağını düşünmürəm. Heç buna hüquqi baza, əsas da yoxdur. Azərbaycana qarşı heç bir sanksiyalardan söhbət gedə bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Qərblə, Avropa Birliyi ilə tərəfdaşlıq addımlarını kifayət qədər sürətləndirib. Azərbaycan xüsusən də enerji məsələlərində Qərb dövlətlərinin ən vacib tərəfdaşlarından birinə çevrilib. Yəni ermənilərin bu gözləntisi əbəsdir.

Ermənilər nə qədər gözləsələr də, düşünmürəm ki, bu mümkün olsun. Müəyyən tövsiyə xarakterli bəyanatlar ola bilər, amma sanksiyalar mümkün deyil.

Bir məsələ də var ki, Azərbaycan bu yöndə daha proaktiv siyasət yürütməlidir. Ermənilər bic oynayırlar. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, sanki Ermənistan qərbyönldür, Azərbaycan isə Rusiyanın yanındadır. Halbuki tam tərsidir. Hətta Konqresdəki dinləmələrdə Ermənistanın Ukraynaya cəmi bir dəfə humanitar yardım göndərməsi dəfələrlə vurğulandı. Halbuki müharibə başlayandan Ukraynaya humanitar yardım edən üç ölkə varsa, onlardan biri Azərbaycandır.

Ukrayna Prezidenti Zelenski onlarla dəfə publik şəkildə Azərbaycana, o cümlədən Türkiyəyə buna görə təşəkkür edib. Amma biz sanki bu kimi addımları təqdim edə bilmirik, təqdimatda hansısa problemlər var. Elə bil təqdimatların üstündən keçirik.

Dediyim kimi, Ermənistan özünü “qərbpərəst”, Azərbaycanı isə “rusiyameylli” təqdim etməyə çalışır, bu da təsadüfi deyil. Belə oyunların pozulması üçün müəyyən addımların atılmasına ehtiyac var.

- Dehlidə Qərb və regional dövlətlər arasında Hindistan-Yaxın-Şərq Avropa iqtisadi dəhlizinə dair anlaşma imzalandı. Bu xətt Azərbaycan və Türkiyədən yan keçəcək. Sizcə, bu anlaşmanın bizə təsirləri necə ola bilər, ümumiyyətlə, bu dəhlizin perspektivi varmı?

- Bu xəttin birbaşa Türkiyə və Azərbaycanla əlaqəsi yoxdur. Bu xəttin əsas rəqibi Çindir. Pekin “Bir Yol, Bir Kəmər” layihəsi təklif edib, 30-a yaxın ölkə ilə də bunu razılaşdırıb. Çinlə Qərb, xüsusən də ABŞ arasında ciddi bir rəqabətin olduğunu düşünsək, bu yolun yeganə moderatorunun Pekin olacağına görə Vaşinqton alternativlər təqdim etməyə çalışır. Bu məqsədlə də Hindistandan istifadə edir.

Məlumdur ki, Hindistanla Çin arasında münasibətlər xoş deyil. Hindistan da bu səbəbdən buna məmnunluqla razılıq verdi. Bu məqsədlə investisiya layihələrinin cəlb edilməsi nəzərdə tutulur, Hindistan ərazisində iki böyük liman tikiləcək. Yüklərin bu limanlar vasitəsilə Ərəbistan yarımadasına, oradan da Avropaya çatdırılması planlaşdırılır.

Projenin perspektivi var, geosiyasi gərginliyin pik həddə çatdığı bir dünyada müxtəlif logistik xətlərin olmasında hamı maraqlıdır. Əsas məsələ budur ki, sovet dönəmindən bəri Şərqlə Qərb arasında daşınmalar daha çox indiki Rusiya ərazisindən aparılırdı. Hətta SSRİ-nin Baykal-Amur magistralını tikməsi çox vaxt “sosialist layihə” kimi təqdim edilsə də, bununla həm də Şərq-Qərb dəhlizinin yaradılmasına çalışılırdı. İndi məsələ budur ki, Rusiya və Belarus ərazilərindən keçən həmin xətt geosiyasi gərginlik nəticəsində problemə çevrilib, həm də sığortalanmır.

Beynəlxalq şirkətlər Rusiya ərazisindən keçən yükləri sığortalamaq istəmirlər. Buna görə də alternativ yollara ehtiyac var.

Həmin yollardan biri də Azərbaycan üzərindən keçir. Hesablamalar da göstərir ki, məsələn, yükləri Şanxay və ya Pekindən Londona 15-16 günə Azərbaycan üzərindən çatdırmaq mümkündür.

Azərbaycan da bu trafikdə və böyük yük dövriyyəsində öz payını almağa çalışır. Hesab edirəm ki, atılan addımlar ardıcıl olarsa, Zəngəzur dəhlizi və ya yolu açıldıqdan sonra Azərbaycan öz payını ala bilər. Çünki Çinlə Avropa Birliyi arasındakı ticarət dövriyyəsi 1 trilyon dollardır. Zatən, bu həcmdə yükün Azərbaycan üzərindən keçrilməsi fiziki olaraq mümkün deyil. Bizim məqsədimiz budur ki, bu ticarət dövriyyəsindən 5, gələcəkdə isə mümkün olarsa, 10 faiz pay alaq. Azərbaycan bunu cəlb edə bilsə, bu, həm əlavə tranzit gəlirləri, həm də investisiyalar deməkdir. Bu durumda Azərbaycan regional qovşaqlardan birinə çevrilə bilər.
 
Ardını oxu...
"Heç olmasa SUSUN! Nə qədər "istefa" qışqıracaqsız? - Əli İnsanovdan OLAY kimi müsahibə
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share

Bu gün Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov TV Müsavata səs-küy doğuracaq müsahibə verib.

TV Müsavatın redaktoru Sevinc Telmanqızının suallarını cavablandıran partiya sədri həm ölkədəki ictimai-siyasi problemlər, Qarabağ probleminin həlli, həm də HƏP-in qeydiyyata alınması ilə bağlı sualları cavablandırıb.

Müsahibənin video versiyasını oxucuların nəzərinə çatdırırıq:

 
Ardını oxu...
TEREF.AZ yazır ki, Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, erməni tərəfi Rusiyanın göndərdiyi yardımı da qəbul etmədi. Sizcə, erməni tərəfinin humanitar yardımdan imtina etməsinin beynəlxalq hüquqda nəticəsi necə olacaq?

- İndiki halda proseslərin yekunu haqqında fikir bildirmək olmur. Amma erməni tərəfinin Rusiyanın göndərdiyi humanitar yükdən imtina etməsi onların ifşası ilə başa çatdı. Əslində onları "humanitar faciə, fəlakət var" deməkdən məhrum etdi. Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bununla da ermənilər bir daha bu məsələni BMT TŞ-nin iclasına gətirə bilməyəcəklər. Çünki normalda blokada faktı beynəlxalıq hüquqda nəticəsi olan bir haldır. Ermənilər buna istinad etsələr də alındıra bilmədilər. Bundan sonra isə bu məsələ mümkün deyil. Faktiki olaraq humanitar yardım göndərdildiyi halda erməni tərəfi bundan imtina edib.

- İmtinanı hansı səbəblərlə izah edirlər?

- Bu sözsüz ki, siyasi məqsədlər üçün edilir. Yəni bu onu göstərir ki, yaradılmış bütün ajiotajın səbəbləri heç də mülki və humanitar məsələlər deyil. Burada açıq siyasi oyun var. Çünki mülki və humanitar səbəblər olsaydı, ermənilər həmin yardımı geri çevirməzdilər.

- Azərbaycanın yardımı ilə bağlı iddiaları olduğu halda Rusiyanın yardımından imtina edilməsinin səbəbi barədə nə deyəcəklər?

- Faktiki olaraq Rusiya bu gün bölgədə sülhü, təhlükəsizliyi qoruyan tərəfdir. Bu o deməkdir ki, burada hansısa bir humanitar faciədən danışmaq mümkün deyil.

Ətraflı
Ad - 00:15
- Separatçıların qondarma seçki prosesi ilə bağlı müşahidə və reaksiyalarını necə qiymətləndirirsiniz?

- Hazırda regionda və Qarabağda təsirli aktor kimi Rusiya çıxış edir. Azərbaycanın burada ata biləcəyi addımlar var. Ola bilsin ki, göz önündə olmasa da Azərbaycanın ata biləcəyi addımların danışıqları gedir. Sadəcə olaraq Rusiyanın istəyi odur ki, Azərbaycan Ermənistanı onun öz ərazisində cəzalandırsın. Bu gün Azərbaycan hücum edib Ermənistan ərazisinə 20 km daxil olsa da Rusiya buna etiraz etməyəcək. Bu, ancaq Paşinyanın Rusiya yalvarışlarından sonra dayana bilər. Amma Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin siyasəti strategiyaya əsaslanır. Çünki ölkə başçısı nəsə etdikdə onu düşünüb, hesablayıb addım atır.

- Azərbaycana əsas hədəfə çatmağa nə maneə olur?

- Ölkəmiz üçün əsas hədəf Qarabağdır. Azərbaycan Qarabağda dövlət hakimiyyətini bərpa etmək niyyətindədir. Rusiya isə bu məsələdə tələsmir. Sözsüz ki, bu, mürəkkəb və çətin bir proses olsa da Azərbaycan bundan uğurla keçəcək. Fakt odur ki, Qarabağ üzərindən ciddi bir geosiyası oyun gedir. Fransa Ermənistanda güclənməyə çalışır. Avropalıları da buna inandırıb. Rusiya isə regionu əlindən qaçırmamağa çalışır. Türkiyə ilə Azərbaycanın maraqları isə tam uzlaşma formatındadır. İranın isə burada öz maraqları var. İran da Azərbaycanın bu bölgədə güclənməsini istəmir.

- Bölgədə yeni hərbi qarşıdurma ehtimalını necə dəyərləndirmək olar?

- Azərbaycanın hərbi əməliyyatlara başlamaq üçün əli-qolu açıqdır. Paşinyan da bunu bilir. Bu mümkündür. Rusiya buna yaşıl işıq yandırıb. Amma döyüş əməliyyatlarının Ermənistan ərazisində aparılması ilə bağlı Rusiyanın yanaşması var. Çünki Rusiya Azərbaycanın Ermənistana hücumuna etiraz etməyəcək. Qarabağda isə bu mümkün deyil. Ona görə də, Azərbaycan Qarabağda addım-addım irəliləyir. Sərhəddə xırda çaplı qarşıdurmalar olsa da bunun 4-5 gün davam edəcək hərbi əməliyyatlar olacağı gözlənilmir.
 
Ardını oxu...
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Rusiya-Ermənistan gərginliyi hər ötən gün artır. Sizcə, Ermənistan Rusiyadan nəyin acığını çıxmağa çalışır?

- Ermənistan təsadüfən Rusiyaya diş göstərməyib. Fakt odur ki, Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statutu Ermənistan parlamentə göndərilib. Eyni zamanda Ermənistanda ABŞ-ın hərbi təlimlərinin keçirilməsi ilə bağlı razılıq əldə edilib. Bununla yanaşı Rusiya əleyhinə Ermənistan rəhbərləri ardıcıl olaraq bəyanatlar verir. Bu, erməni tərəfinin Rusiyadan gözləntilərini ala bilməməsi nəticəsində baş verir.

- Moskva müttəfiqinin ərköyünlüyünə nə vaxta qədər səbrlə yanaşacaq?

- Əslində başqa bir vaxt olsaydı, Rusiya Ermənistanı daha sərt şəkildə cəzalandırardı. Hətta vaxtilə Dəmirçiyanı güllələtdirdikləri kimi Paşinyana qarşı da ciddi addımlar atıla bilərdi. Amma görünən odur ki, Ermənistandakı vəziyyət Rusiyanı burada ictimai təzyiqlə Paşinyanı neytrallaşdırmağa imkan vermir. Açıq şəkildə silahlı güc tətbiqindən isə Rusiya çəkinir. Ona görə də, proses bir müddət bu müstəvidə davam edəcək.

- Rusiyanın Ermənistanla bağlı planlarında bölgə dövlətləri ilə əlaqələrin təsirini necə dəyərləndirirsiniz?

- Hər şey Azərbaycan-Türkiyə-Rusiya arasındakı razılıqdan asılı olacaq. Əgər Rusiya Qarabağ məsələsində geri çəkiləcəksə, o Ermənistanda öz mövqelərini gücləndirəcək. Əks halda Rusiyanın Azərbaycan və Ermənistanla bağlı eyni mövqe tutması onun Qafqazda vəziyyətini ağırlaşdıracaq.

- Rusiyasız Cənubi Qafqaz anlayışı gündəmə gəlib. Paşinyan da bu məsələdən danışıb. Bu nə dərəcədə real gözləntidir?

- Bununla bağlı tarixdə bir neçə misal var. I Dünya müharibəsində Rusiyanın sələfi məğlub oldu və prosesdən çıxdı. Lenin hakimiyyətə gələndən sonra onlar bu bölgəyə gəlməyə cəhd etdi. İkinci dəfə isə 90-cı illərdə SSRİ dağıldıqdan sonra onların Cənubi Qafqazdan bütün qoşunları çıxmalı oldu. Daha sonra vəziyyət düzəldikdən sonra regiona rus qoşunu gəldi. Bu o deməkdir ki, Rusiyanın daxilində elə bir vəziyyət yaranacaq ki, onlar yenə də əsrin əvvələrində və 90-cı illərdəki kimi Cənubi Qafqazdan çıxacaqlar. Hətta indi Rusiyanın parçalanmasından, iqtisadi cəhətdən çöküşündən, ciddi siyasi hakimiyyət dəyişikliyindən söhbət gedir. Paşinyan da buna işarə edir ki, Rusiyada hakimiyyət radikal şəkildə dəyişərsə, o öz-özünə Cənubi Qafqazdan çıxacaq. Fakt odur ki, ayrı-ayrı bölgələrdə qoşun saxlamaq Rusiya iqtisadiyyatına zərbə vurur. Afrikada, Yaxın Şərqdə, Qafqazda, Ukrayna cəhbəsində vuruşan Rusiya üçün artıq çətinliklər yaranıb.

- Qərbin Rusiya ilə bağlı strategiyasında onun daha tez sıradan çıxması üçün nə kimi planları var?

- Qərb Rusiyanı daha tez parçalamaq üçün onu konfliktlərə cəlb etmək istiqamətində iş aparır. Çünki Rusiya nə qədər çox müxtəlif cəbhələrdə vuruşsa, başqa-başqa yerlərdə hərbi əməliyyatlar aparsa, o daha çox tez çökəcək. Bununla da Rusiyada hakimiyyətin dəyişilməsi üçün də münbit şərait yaranacaq.

- Ermənistanın NATO-ya üzvlüyü ilə bağlı ortaya atılan məsələ nədən xəbər verir? Burada Rusiya ilə bağlı hansı təhdidlər yer alıb?

- Bu əslində tamamilə gülünc məsələdir. Sadəcə olaraq Ermənistanda olan millətçilərə və ruh düşkünlüyü yaşayan ermənilərə mənəvi dəstək vermək üçün bu cür məsələləri gündəmə gətirirlər. Eyni zamanda bu sözü ortaya atan adamın özünün NATO-ya heç bir aidiyyatı yoxdur. Çünki NATO nizamnaməsinə görə, münaqişə olan dövlətin bu təşkilata üzvlüyü mümkün deyil. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadığı təqdirdə o NATO-ya üzv ola bilməz. Həmçinin NATO üzvlərindən hər hansı birinin veto qoyması nəticəsində onun təşkilatla bağlı niyyəti alınmır. Ona görə də, Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq Ermənistanın bu istəyinin baş tutması mümkün deyil.
 
Ardını oxu...
Hərbi ekspert Ədalət Verdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- “Vaqner” muzdlularının Ermənistana gəlməsi ilə bağlı məlumat var. Bu iddianı da “Sasna Çrer” qruplaşmasının lideri Jirayr Səfilyan ortaya atıb. Sizcə, bu iddia nə qədər doğrudu və ya başsız qalan “vaqnerçi”lərin Ermənistanda nə işi ola bilər?

- “Vaqner” muzdlu qruplaşması özəl bir kompaniyanı təmsil edir. Onlar üçün harada və hansı məqsədlə döyüş əməliyyatlarında iştirak etmək elə də ciddi məna daşımır. Buna görə də, onların bəlli bir vəsait qarşılığında Ermənistana gəlmələri təəccüb doğurmur.

Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ Müharibəsində “Vaqner”dən də daha geniş imkanlara malik xarici muzdlular Ermənistan ordusunun tərkibində döyüş əməliyyatlarında iştirak edib. Həmin dövrdə Ermənistan ordusunun imkanları indikindən ən az iki dəfə çox idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu həm Ermənistan, həm də ona dəstək verənlərin silahlı qüvvələrini cəmi 44 gün içində darmadağın etdi. Ona görə də, Ermənistanın haradan qüvvə cəlb etməsinə baxmayaraq, bu, əməliyyatlar zonasında güc balansına təsir etməyəcək.

- Hindistanın Ermənistanı silahlandırması da uzun müddətdir müzakirə mövzusudur. Hind silahları müasir dövrün tələblərinə nə qədər cavab verir? Yəni bunlar düşmən ordusunu nə qədər gücləndirir?

- Hindistandan alınan silahlar imkanlarına görə çox zəif hesab olunmasa da, Ermənistanın əlində olan belə silahların sayı xeyli məhduddur. Bu, Ermənistanın müharibədəki itkilərinin təxminən 10 faizini bərpa edə bilər. Söhbət artilleriya itkilərindən gedir.

- Ermənistanın son təxribatlarda istifadə etdiyi PUA-lar kimdən alınıb?

- Ermənistanın son təxribatlarda istifadə etdiyi “Belivere” PUA-ları Bolqarıstandan alınıb. Bunlar mülki məqsədlər üçün nəzərdə tutulub. Bundan başqa, bu PUA-ların eynisi ABŞ-da da istehsal edilir. Amma Ermənistanın ABŞ-dan PUA aldığına dair ciddi siqnallar yoxdur. Dediyim kimi, bunlar mülki məqsədlər - daha çox ərazinin müşahidəsini və havadan fotoçəkiliş aparmaq üçün nəzərdə tutulub.

Böyük ehtimalla, Ermənistan bu PUA-ları istehsalçıdan icazəsiz olaraq, öz ərazisində kustar üsulla “zərbə PUA-ları”na çevirib.

Ətraflı
- Qarabağdakı rus sülhməramlılarının yeni komandiri Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqləndi. İxtisasca hərbi müəllim olan general-mayor Kirill Kulakovdan nə gözləyək? Kulakovdan əvvəlki komandirlərin savaşlarda, separatçı bölgələrdə xidməti təcrübələri vardı, indiki məqamda onlardan daha zəif təsir bağışlayan birinin təyinatı nə ilə əlaqəli ola bilər? Rusiya sülhməramlı missiyaya verdiyi önəmi azaldırmı?

- Rusiya Müdafiə Nazirliyi son dörd ayda Qarabağda yerləşən hərbi kontingentinə artıq ikinci komandanı təyin edir. Bundan əvvəl təyin edilən Lentsov yadda ciddi xüsusiyyətləri ilə qalmadı. Daha çox erməni silahlılarına, Qarabağı tərk edən ermənilərə kuryerlik etməsi, onların əşyalarını daşıması ilə diqqətə çıxdı.

Ümumilikdə götürdükdə, Lentsov qədər rus əsgərinin Qarabağda alçaldılmasına digər komandanlar yol verməmişdi. Lentsovun vaxtında Rusiya əsgərini ermənilər belə qapazaltı etdilər, bunu da çəkib dünyaya göstərdilər.

Kulakova gəlincə, o, Tatarıstanda hərbi məktəbi bitirib. Həmin ərazidə doğulan Kulakov eyni zamanda xidmətinin böyük hissəsini oxuduğu məktəbdə keçirib. Son vəzifəsi də həmin məktəbin rəisi olub. Bu baxımdan, biz Kulakovu döyüş təcrübəsi və sülhməramlı fəaliyyətlə heç bir əlaqəsi olmayan birisi kimi dəyərləndiririk. Mediadakı bəzi yazışmalarda onu tanıyanlar tərəfindən Kulakovun içki və qadın düşkünü olan birisi kimi dəyərləndirildiyini görürük.

Hesab edirəm ki, Kulakovun bu posta gətirilməsi sadəcə Lentsovun vəzifələrini və Rusiya Müdafiə Nazirliyinin ona verdiyi tapşırıqları yerinə yetirə bilməməsi ilə bağlıdır. Ola bilsin ki, Kulakov Rusiya Müdafiə Nazirliyində bəlli bir əlaqələrə və dəstəyə malikdir. Bu əlaqələrdən də istifadə edərək, sülhməramlı kontingentin komandanı olmaqla, özünü Rusiya siyasi rəhbərliyinin gözündə reablitasiya etməyə çalışır. Çünki bildiyiniz kimi, Rusiyanın çox sayda generalları Ukraynada müharibədə həlak olub. Kulakov isə daha çox məktəbdə xidmət edib, döyüş əməliyyatlarından kənarda qalıb.

Görünür, öz karyerasına qaynar nöqtlərdən birində xidmət amilinin əlavə olunmasını istəyir. İstənilən halda ora kimin gəlməsi bizim üçün heç bir rol oynamır. Azərbaycan birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi üçün mesajlarını həm Rusiya kontingentinə, həm erməni silahlılarına, həm də Ermənistana kifayət qədər aydın şəkildə çatdıra bilir.

- Erməni ekspertləri və nəşrləri sərhəddəki və Qarabağın dağlıq hissəsindəki son durumun savaşa səbəb olacağı ehtimalından danışırlar. Sizcə, indi belə bir savaş nə qədər mümkündür?

- Əslində, həm Azərbaycan, həm Ermənistan, həm də digər ölkələrdən olan mütəxəssislər indiki vəziyyətin kifayət qədər gərgin olduğunu etiraf edirlər. Buna səbəb hər gün dəfələrlə erməni tərəfinin atəşkəsi pozması, rusların erməni silahlılarına aid silah-sursatın daşınmasına kuryerlik etməsi, Ağdam-Xankəndi yolunun bağlı qalması, erməni silahlılarının tərksilah edilməməsi, Zəngəzur dəhlizinin açılmaması, Qazax və Naxçıvanın işğaldakı kəndlərinin Azərbaycana qaytarılmaması kimi amillərdir.

Bu faktorlar Azərbaycana Ermənistanı cəzalandırmaqdan başqa seçim qoymur. Buna baxmayaraq, hesab edirəm ki, hazırda müharibə ehtimalı yoxdur. Çünki buna Ermənistanın potensialı imkan vermir. Amma məhdudmiqyaslı əməliyyatlar və lokal toqquşmalar tamamilə mümkündür. Çünki Ermənistan tərəfi çox qıcıqlandırıcı, həddindən artıq cəsarətli addımlar atır ki, bu da Ermənistan silahlı qüvvələri üçün ciddi risklər yaradır.

Ermənistan tərəfi davranışlarında ciddi korreksiyalara getməsə və hərəkətlərini tənzimləməsə, həm sərhəddə, həm də rusların müvəqqəti məsuliyyət zonasında təxribatlarına davam edərsə, o zaman Azərbaycan onu çox ağrılı şəkildə cəzalandıracaq. Bunun əvvələrə aid kifayət qədər nümunələri var.
Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutdu. Görüşdə taxıl müqaviləsi, Ukrayna ilə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə edildi. Görüşdən sonra belə təəssürat yarandı ki, liderlər anlaşa bilmədilər. Siz bu haqda necə düşünürsünüz?

- Hesab etmirəm ki, görüş nəticəsiz bitib, ortada bir razılaşma yoxdur. Zənnimcə, müzakirə edilən bütün məsələlərin həllində irəliləyiş əldə edilib. Sadəcə olaraq müəyyən şərtlər irəli sürülüb. Məsələn, taxıl sazişi ilə bağlı Rusiyanın “Aqrar” Bankının SWIFT sisteminə qaytarılması ilə bağlı tam razılıq əldə edilməyib. Bu, Prezident Ərdoğanın səlahiyyətində olan məsələ deyil. Buna görə də, Qərb ölkələri ilə məsləhətləşmək üçün Putindən vaxt istənilib. Amma Liviya, Suriya, eləcə də Qarabağ məsələsi ilə bağlı kifayət qədər səmərəli müzakirə aparılıb. Bu məsələlərlə əlaqədar nəticənin olduğunu söyləmək mümkündür.

Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılması, oradan da Avropaya göndərilməsi ilə bağlı tam razılıq əldə edilib. Hesab edirəm ki, bu səfər uğurlu oldu. Amma şərtləşdilər ki, bir sıra məsələləri razılaşdırmaq üçün telefon əlaqələrinə üstünlük verəcəklər.

- Türkiyə xarici işlər naziri Hakan Fidan da fəaldır. Qardaş ölkənin baş diplomatı bir-birinin ardınca Rusiya və İranda oldu. Bəs bu səfərlər nə ilə bağlıydı? Xüsusən də bu kontekstdə Zəngəzur dəhlizi məsələsinin ortaya atılması diqqət çəkir.

- Zənnimcə, Zəngəzur dəhlizi məsələsində tam razılıq əldə olunub. Yəni Rusiya ilə razılaşma var. İrana da xatırladılıb ki, istəsə də, istəməsə də bu dəhliz açılacaq. İran artıq əvvəlki kimi “şiddətli müqavimət” göstərmir. İran Türkiyənin bu yöndəki fəallığını sakitcə seyr edir. Görünən budur ki, bu məsələnin həllində ciddi razılaşma var. İran da bir xeyli neytrallaşdırılıb.

- Xankəndidəki separatçılar Araik Arutyunyanın “istefa”sından sonra “seçki”yə hazırlaşırlar. Bu separatçı oyunun qarşısını necə ala bilərik?

- Sentyabrın 9-da keçiriləcək bu qondarma seçkinin qarşısı mütləq alınmalıdır. İndiyədək davam etdirdikləri bu hoqqabazlıqlar keçmişdə qalmalıdır. Yeni situasiya və reallıq yaranıb. Əgər onlar bu reallığı qəbul edib ona uyğun hərəkət etməsələr, onda Azərbaycan öz ordusu ilə lazım olan tədbirləri görəcək.

Bölgədə vəziyyət kifayət qədər gərgindir. Azərbaycan bu gərginliyi aradan qaldırmaq üçün ilkin hazırlıqlar görüb. Zənnimcə, sentyabrın 9-na planlaşdırılan bu təlxəkliyə imkan verilməyəcək.

Onlar açıq fomrada silahlı müqavimətdən danışırlar. Azərbaycana tabe olmayacaqlarını bildirirlər, deyirlər ki, reinteqrasiya baş tutmayacaq. Üstəgəl, “seçki keçirəcəyik” kimi təhdidedici çıxışlar edirlər. Yəqin ki, Azərbaycanın bu düşüncədə olanlarla oturub danışmağa vaxtı və imkanı da yoxdur. Bu durumda önə çıxan variant isə hərbi yoldur.

- Rusiya-Ermənistan münasibətlərindəki son gərginlik nə ilə əlaqəlidir?

- Gərginliyin səbəbi budur ki, Nikol Paşinyan açıq formada qərbpərəst siyasət yürüdür. Bu siyasəti yürüdərkən də, Rusiya rəhbərliyini açıq tənqid etməkdən çəkinmir. Paşinyan İtaliya qəzetinə son müsahibəsində də anti-Rusiya mövqeyini açıq göstərdi.

Demək olar ki, Rusiya ilə Ermənistan arasındakı körpülər yandırılıb. Qərb isə Ermənistanı özünə tam çəkmək üçün şirin vədlər verir. Avropa Birliyi və NATO-ya üzvlük vədlərini verməklə Nikolu şirnikləndirirlər. Baş verənlər göstərir ki, Nikol Paşinyan qərbyönlü siyasətini reallaşdırmaq üçün əlindən gələni əsirgəmir.

Ardını oxu...
Sosial hüquq və əmək bazarı üzrə ekspert Ruslan Hümbətov ölkənin əmək münasibətlərinin durumu, işsizlik, peşə seçimləri, yeni trendlər və s. məsələlər ətrafında fikirlərini AYNA ilə bölüşüb. Beləliklə, DİA.AZ həmin söhbəti təqdim edir:

- Bu gün Azərbaycanın əmək bazarında hansı tendensiyaları müşahidə edirsiniz?

- Əmək bazarına baxdıqda bir çox sahələrdə balanssızlıq və çatışmazlıqlar görmək olar. Yaxşı tərəf ondan ibarətdir ki, kreativ, Qərbdə yeni yaranıb bizim iqtisadiyyata inteqrasiya olunan ixtisaslar istisna olmaqla, demoqrafik vəziyyət ölkədə kifayət qədər kadr potensialının olmasına imkan verir.

- Dünyanın hər yerində, o cümlədən ölkəmizdə işsizlik problemi aktuallığını itirmir: müxtəlif təbəqədən olan vətəndaşlar iş tapa bilmədikləri haqda şikayətlər səsləndirirlər. Bunun obyektiv və subyektiv səbəblərini necə dəyərləndirirsiniz?

- Bu gün eyni problemlə işəgötürənlər də üzləşirlər. Onlardan soruşduqda onlar da işçi tapmaqda çətinlik çəkdiklərini deyirlər. Çünki bu gün təhsil müəssisələri yerli bazar üçün kadr yetişdirməkdə çətinlik çəkir. Bunun bir çox səbəbləri var. Belə ki, bu günün özündə də sovet dövründəki kimi, sanki plan üzrə bazara mütəxəssis hazırlanır. Halbuki, bunun üçün sorğular keçirilməli, bazarın tələbin uyğun ixtisaslar müyyənləşdirilib ona uyğun mütəxəssis hazırlanmalıdır.

Bundan başqa, bir çox valdeyinlər “mənim də uşağım tələbə olsun” deyə, potensialı, həvəsi olmasından asılı olmayaraq, 4 il övladlarının vaxt itkisinə səbəb olurlar. Sonra da tez-tez “filankəsin 2 diplomu var, amma işsizdir” kimi sözlər eşidirik. Eyni zamanda, peşə məktəblərinin yox vəziyyətində olması bazarda peşəkar kadr çatışmazlığı yaradır.

Bu gün Azərbaycanda bir özəl kurs industriyası yaranıb ki, onlar bir neçə aya 4 illik ali təhsil müəssisələrindən daha tez və praktik kadrlar hazırlaya bilir və yaxud orta və iri müəssisələr özləri təlim, inkişaf şöbə və departamentləri vasitəsilə bu çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Bundan başqa, yuxarı kurslarda tələbələrin praktikaya göndərilməsi bir çox hallarda formal xarakter daşıyır və tələbələr ali məktəbi bitirdikdə nəzəri təcrübə cəhətdən mövcud bazarın tələblərinə cavab vermədiyi üçün iş tapmaqda çətinlik çəkirlər.

Tövsüyə kimi deyə bilərəm ki, tələbələr mütləq 2-3-cü kurslardan təcrübə proqramlarında, yaxud az əmək haqqı müqabilində olsa da, işləməlidirlər ki, təhsil müəssisəni bitirdikə bazar üçün hazır kadr ola bilsinlər.

Bundan əlavə, pandemiya iqtisadiyyatın müəyyən sahələrində müəssisələrin bağlanmasına, zəifləməsinə səbəb oldu ki, bu da iş yerlərinin bağlanması ilə nəticələndi. Həmçinin sərhədlərin bağlı olması sərhədyanı rayonların əhalisinin qonşu ölkələrlə alış-veriş əlaqələrini dayandırdı ki, bildiyiniz kimi, xeyli sayda insanın dolanışığı buradan çıxırdı. Əsasən də iş tapmaqda çətinlik çəkən insanların Rusiya, Türkiyə bazarında işləmək imkanları azaldı.

- Dünyada hazırda öz qabiliyyətinə, daxili imkan və həvəsinə görə ixtisas seçmək trendi hökm sürür. Bizdə həmişədən olduğu kimi, hamı prokuror olmaq, hökmranlıq etmək dərdində deyil. Necə düşünürsünüz, bizim də təfəkkürümüzdə dəyişim hiss olunurmu?

- Bu mövzu ilə bağlı dəfələrlə dərs dediyim tələbələrdən, müsahibələr zamanı soruğularda şahidi oluram ki, konkret bir cavab vermək çətindir. Bəzi gənclər üçün fərqi yoxdur əsas iş olsun, bəziləri valdeyinlərin, qohumların istəyinə əsasən, bəziləri isə sevdikləri üçün bu peşələri seçib çalışdıqlarını deyirlər. Sevindirici hal odur ki, bugünkü “Z” nəsli adlandırılan gənclik daha praqmatik fikirləşir. İnternet və sosial şəbəkələrin imkanlarından istifadə edən gənclik bugünkü əmək bazarında gedən trendləri izləyib onlara uyğun seçim edə bilir. Bu gün marketinq, proqramlaşdırma, insan resursları, data analitika və s. kimi ixtisaslar ənənəvi həkimlik, hüquqşünaslıq, jurnalistika və s. kimi ixtisaslara yönəlməni azaldıb. Həmçinin, indiki valideynlər də sovet düşüncəsindən fərqli olaraq, “mütləq həkim, prokror olmalısan” düşüncəsindən uzaqlaşırlar.

- Cəmiyyətdə gileyini eşitdiyimiz problemlərdən biri də yaş səbəbilə iş tapmaq məsələsidir. Məsələn, işgötürənlər konkret yaşa limiti müəyyənləşdirirlər: 18-35, 25-45 və s. Əksər hallarda 50+ vətəndaşı heç yerdə işə götürmürlər. Bu fakt sizin üçün nə dərəcədə aktualdır və çıxış yolu kimi nələri tövsiyə edərsiniz?

- Bəli bu, bir reallıqdır. Tək bizdə deyil, demək olar, dünyanın hər yerində belədir. Müasir biznes çoxcanlıdır. Texnika və texnologiyanın sürətli inkişafına və dəyişikliklərə yaşlı nəsil ayaq uydurmaqda çətinlik çəkir. Eyni zamanda, müəyyən yaşdan sonra bilik və təcrübəsinə əsasən rəhbər vəzifələrdə işləməlisən. Bildiyimiz kimi isə, rəhbər vəzifələr ümumi işçi sayında faiz etibarı ilə aşağıdır. Ona görə daim insanlar öz üzərində işləməlidirlər. Hətta, yaxın gələcəkdə insanlar bir ixtisasla sona kimi işləyə bilməyəcəklər. Məcburən iş həyatlarında bir neçə dəfə peşə ixtisas dəyişməli olacaqlar.

- Respublikanın bütün bölgələrindən paytaxta axın var, insanlar iş ardınca ev-eşiyini buraxıb Abşeron yarımadasına üz tuturlar. Nəticədə rayonlar boşalır, Bakı şişir – tıxaclar, həyatın ağırlaşması kimi böhranlı mənzərə meydana çıxır. Bunu obyektiv ayağı bölgələrdəki işsizlikdir. Amma bir də subyektiv ayağı var: baxırsan ki, adam şəxsi təsərrüfatında çalışıb, pis-yaxşı güzəranını təmin edə biləcəyi halda, paytaxtdakı “göydələnin” 18-ci mərtəbəsində beton tökür – qızmar günün altında və günü 15-20 manata...

- Heç kimə sirr deyil ki, iqtisadiyyatımızın böyük hissəsi Abşeron yarmadasının payına düşür. Bu da avtomatik işçi sayının burada təmərküzləşməsinə gətirib çıxarır. Kənd təsərrüfatı üçün əlverişli ölkə olmağımıza baxmayaraq, təəssüflə deməliyik ki, regionlarda bu imkanlardan lazımınca istifadə edilmir. İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin aparılması regionların xeyrinə məşğul əhali sayının artmasına səbəb olur. Bundan başqa, Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluq” və “Birgəmaliyyələşmə” (təəssüf ki, bir neçə aydır, bilmədiyimiz səbəbdən birgəmaliyyələşmə dayandırılıb) proqramları vasitəsilə, həmçinin KOBİA-nın kiçik və orta biznesə dəstək layihələri çərçivəsində məyyən mənada əmək bazarına müsbət təsirləri müşahidə etmək olur.

Bu kimi dövlət proqramlarının artırılması və ya işəgütürənlərin bu sahədə təşviqi əmək bazarında hiss olunacaq dərəcədə təsir göstərə bilər. Məsələn, sahibkarlara tələbələrin işə cəlb edilməsində, yaşlı nəsilin işlə təmin edilməsində vergi, gömrük güzəştləri edilə bilər. Yaxud özünə məşğulluq proqramı vasitəsilə hərəyə bir-iki inək verməkdənsə, sahibkarlara maliyə, inzibati resurslar vasitəsilə dəstək verilsin ki, onlar da əlavə iş yerləri açmaqla işsiz insanları işlə təmin etsinlər. O cümlədən bazardan hazır kadr götürən müəssisələrlə bazara kadr yetişdirən müəssisələr arasında ikincinin xerinə müəyyən güzəştlər tətbiq etmək və təşviqedici layihələr həyata keçirmək etmək olar.
 

Dünyapress TV

Xəbər lenti