Ardını oxu...
Valideynlər boşandıqdan sonra uşağa görə aliment ödənilməsi məcburidir.

Əks halda, alimentdən boyun qaçıran valideyn 500 manatdan 1000 manata qədər cərimə oluna və ya həbs edilə bilər.

Övladının xərclərini qarşılamamaq üçün milyonlarla bəhanə uyduranlar olsa da, həqiqətən də işləməsi mümkünsüz olan şəxslər də var.

Maraqlıdır, bəs həmin şəxslərin ödəməli olduğu alimentin taleyi necə olur?

Millət vəkili Rəşid Mahmudov bildirib ki, məsələ ilə bağlı xarici təcrübədən əsaslanaraq Aliment Fondu yaradıla bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair qanun təsdiqlənib.

Qlobal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Təhsil haqqında” qanuna dəyişikliklə bağlı layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında qəbul edilib.
Ardını oxu...
Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilib.

Nazirlər Kabinetindən bildirilib ki, həmin Qərara dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.
 
Minimum əmək haqqı sistemi tezliklə aylıqdan saatlığa dəyişə bilər. Bu, işçilərin həyatına necə təsir edəcək - onları yaxşılaşdıracaq, yoxsa çətinləşdirəcək? Dəyişikliklər Dünya Bankının “Business Ready” Qrupunun hesabatı əsasında müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiyalar üzrə 2024-cü il üçün “yol xəritəsində” öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin iyulun 1-dək belə bir əvəzetmənin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlayıb təqdim etməlidir.

Sözügedən xəbər bir çox vətəndaşı təşvişə saldı və onları anlamaq olar. Keçmiş sovet məkanı ərazisində belə təkliflər az deyil. Deyirlər, Qərbdə belədir, deməli, bizdə də belə olmalıdır. Doğrudan da, bir çox ölkələr var ki, orada minimum əmək haqqı saatla hesablanır, lakin bu yanaşma bizim əmək bazarı ilə Qərb bazarı arasındakı fərqi nəzərə almır.

Mütəxəssislər qeyd edirlər ki, bu ödəniş forması çevik iş qrafiki və ya natamam işləyən işçilər, eyni vaxtda bir neçə işlə məşğul olanlar və ya qısamüddətli işə cəlb olunanlar üçün daha uyğundur. Digərləri üçün bu, işləri çətinləşdirə bilər, çünki işəgötürən əvvəlki kimi eyni miqdarda işin öhdəsindən daha qısa müddət ərzində gələ biləcəklərinə qərar verə bilər.

İndi bizdə meyar kimi aylıq minimum əmək haqqı götürülür ki, bu da hazırda 345 manat təşkil edir. Eyni zamanda, noyabrın əvvəlinə qədər təqdim edilməli olan “minimum əmək haqqı”nın artırılması ilə bağlı təkliflər hazırlanır. Amma bu vaxta qədər əmək haqqı mexanizminin necə olacağı bəlli deyil.

Hələlik ekspertlər öz proqnozlarını verməklə, yeni formanın tətbiqi üçün yalnız təxmini ssenarini güman edə bilərlər. Belə ki, iqtisadçı ekspert Rauf Qarayev AYNA-ya bildirib ki, əməkhaqqının formasında mümkün dəyişikliklə bağlı pilot layihə barədə məlumat var. Lakin onların sonda hər yerdə ona keçməyə qərar verib-verilməyəcəyi hələ məlum deyil.

“Məsələn, ABŞ-da minimum əmək haqqı saatla müəyyən edilir. Eyni zamanda, müxtəlif ştatlarda fərqlidir - birində məsələn, 16 dollar, digərində isə 25 dollardır. Azərbaycanda bu, necə nəzərə alınacaq? Bütün ölkə üçün vahid tarif cədvəli olacaq, yoxsa müxtəlif iqtisadi rayonlar üçün fərqli olacaq? Çox güman ki, ölkəmizin ərazisinin kiçikliyini nəzərə alaraq, ikincisi olacaq. Əməkhaqqının bu forması bütün günü iş yerində olmalı, əslində isə cəmi bir neçə saat işləyənlər üçün daha sərfəli olacaq. Məsələn, bunlar rəhbər işçilər üçün sürücülərdir”, - ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, indi bəzi şirkətlərdə buna bənzər bir şey tətbiq edilib və elə peşələr var ki, maaş iş saatından asılıdır, ona görə də bu, köklü yenilik deyil: “Əslində qanunda iş münasibətləri saatların sayına əsaslanır. Belə ki, qanuna görə, gündə 8 saatdan, həftədə isə 40 saatdan çox işləyə bilməzsiniz. Ancaq yeni bir sistemə keçərkən, bir çox nöqtəni, xüsusən də qeyri-iş günlərində hansı tariflə və neçə saat ödəniləcəyini dəqiqləşdirməli olacaqsınız. Bundan əlavə, nəhayət, əmək qanunvericiliyində uzaqdan məşğulluğu qanuniləşdirməli olacağıq. Bu məsələ bir neçə il əvvəl müzakirə edilib, lakin nəticəsi olmayıb. Bu da faktdır ki, pandemiyadan sonra distant rejimdə işləyənlər daha çox olub”.

Onun fikrincə, minimum əmək haqqını ləğv etməyə ehtiyac yoxdur, sadəcə olaraq, onunla bərabər saatlıq əmək haqqı tətbiq edilməlidir.

“Avropada həm saatlıq, həm də aylıq əmək haqqı var. Bu o deməkdir ki, işçi özünə daha uyğun olan variantı seçə bilər. Məncə, bu, optimal həll yoludur. Vətəndaşların əksəriyyəti saatlıq tarifə üstünlük verərsə, indiki əməkhaqqı formasının özü aradan çıxacaq. İndi minimum əmək haqqını saatlara bölsəniz, iş saatı üçün minimum ödəniş təxminən 2 manatdır. Amma minimum saatlıq əməkhaqqı daha çox, deyək ki, 3-5 manat olmalıdır ki, işçiləri onu seçməyə həvəsləndirsin”, - iqtisadçı fikirlərini yekunlaşdırıb.

Müstəqil Həmkarlar İttifaqları Assosiasiyasının sədri Fuad Əliyev də öz növbəsində AYNA-ya deyib ki, belə bir qərar qəbul olunarsa, böyük ehtimalla əmək haqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması lazım olacaq: “Məsələn, ABŞ-da bu, uğurla işləyir və işdən asılı olaraq, saatlıq əmək haqqı əhəmiyyətli dərəcədə dəyişir. Amma bizdə bu sistem tətbiq olunanda bir çox vətəndaş qazanc itirə bilər. Bundan istifadə edən işəgötürən tam iş günü, yəni 8 saat əvəzinə işçinin yalnız yarım gün işə getməsi barədə qərar verə bilər. İşçilərin hüquqlarının pozulmaması üçün saatlıq minimum əmək haqqını artırmaq, dünya standartlarına uyğun olmasa, heç olmasa onlara yaxınlaşmaq lazım gələcək. Belə olan halda hər gün daha da az saat işləməklə insan özünü və ailəsini dolandıra biləcək”.

“Xidmət-iş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov isə AYNA-ya bildirib ki, bəzilərinin qənaətincə, bir saatlıq əməkhaqqı ilə iş vaxtından artıq işləməklə daha çox qazana bilər, lakin icazə verilən əlavə iş saatlarının sayı qanunla ciddi şəkildə məhdudlaşdırılıb. O, əmindir ki, yeni modelə keçmək qərara alınarsa, hər bir sahə işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola biləcək öz iqtisadi cəhətdən əsaslandırılmış təkliflərini verməlidir. C.İsmayılov vurğulayıb ki, ilk növbədə hər şeyi diqqətlə düşünmək lazımdır.

Mütəxəssislərin sözlərindən də göründüyü kimi, minimum saatlıq əmək haqqının tətbiqi yalnız iş saatının indikindən əhəmiyyətli dərəcədə yüksək qiymətləndirilməsi ilə müsbət nəticələrə səbəb ola bilər. Bəs bu gün bu nə dərəcədə mümkündür? Sual açıq qalır...
 
Ardını oxu...
Azərbaycanda dünyasını dəyişən bütün vətəndaşlara görə dəfn müavinətinin təyin olunması təklif edilir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, dəfnə görə birdəfəlik müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.

“Hazırda müavinətin məbləği işsizlikdən sığorta alan və sığorta olunan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyası alan şəxslər vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində müəyyən edilir.

Praktik olaraq bu deməkdir ki, hazırda əmək pensiyalarının minimum məbləği 280 manat olduğuna görə bu ödəniş 840 manatdır. 280 manatı üçə vurulmaqla 840 manat ödəniş edilir.

Müavinət müraciətetmə müddətindən asılı olmayaraq, vətəndaşın ölümü ilə əlaqədər onun dəfni ilə bağlı xərclər təyin edilir və ödənilir.

Müraciətetmə qaydası digər sosial müavinətlərdə olduğu kimi, Dövlət Sosial Müdafiə Fonduna, Dost Mərkəzinə və şəhid ailələrinin ailə üzvləri, müharibə ilə əlaqədər xəsarət alan hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməklə mümkündür.

Mövcud qaydalara əsasən, dəfn üçün müavinəti heç də bütün vətəndaşlar ala bilmir və bu zaman işsizlikdən sığorta ödənişi almayan, sığorta olunmayan və əmək pensiyası olmayan şəxslər vəfat etdikdə onların dəfninə görə ödəniş edilmir.

Nəzərə alsaq ki, vətəndaşlarımızın bir qismi işsizlikdən sığorta almır və ya sığortalanmayıb və ya əmək pensiyası almır, əmək pensiyası tamam olmadan dünyasını dəyişir, bizim təqdim etdiyimiz təkliflər ondan ibarətdir ki, dəfnlə bağlı müavinət sığorta ödənişi edib-etməməsindən asılı olmayaraq, dünyasını dəyişən bütün vətəndaşlar üçün təyin olunsun”, – deyə deputat qeyd edib.

O bildirib ki, bununla bağlı müzakirələr həm Milli Məclisdə, həm də komitə iclasında aparılıb və bu müzakirələr bu istiqamətdə praktik olaraq rəsmi müzakirələrin başlanması anlamına gəlir.

“Ona görə gözlənir ki, bu müavinət qaydalar dəyişməklə sığorta ödəyən şəxslərlə yanaşı, digər şəxslərə də ödənilə bilər və bu, imkan verə bilər ki, bu müavinəti bütün dünyasını dəyişmiş vətəndaşlarımızın yaxınları və ya ailə üzvləri istifadə etsin. Bu, dəfn xərcinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir.

O baxımdan, biz istisnasız olaraq dünyasını dəyişən bütün şəxslərlə bağlı dəfn müavinətinin təyin olunmasını təklif edirik”, – deyə deputat əlavə edib.
 
Ardını oxu...
Azərbaycan qanunlarında Azərbaycan veteranlarının, qazilərin, şəhid ailələrinin hüquqları niyə tanınmır?

“Veteranlar haqqında” Azərbaycan Respublikasının, yoxsa Rusiya Federasiyasının qanunu?

Azərbaycan qanunlarında Azərbaycan veteranlarının, qazilərin, şəhid ailələrinin hüquqları tanınmır.

Milli Məclisdə yenə də büdcə debatları gedir. Qarabağ veteranlarının, qazilərin, şəhid ailələrinin sosial müdafiəsi, veteran pulunun artırılması müzakirələri yenə də manipulyasiyadan, saxta canıyananlıqdan o yana keçmir. Saxta “məhəbbətə” baxın, əmək və sosial siyasət komitəsinin sədri əmək və əhalinin sosial müdafiəsi nazirindən büdcədən ortalıq 12 milyon manatı işsizlərin “son mənzili”nə ayırmağı diləyir. Bəyəm ƏƏSM naziri maliyyə naziridir, ya dövlət başçısı? Gerçəkdə nazir qanunverici hakimiyyətə təklif vermək yerinə, qanunverici icra hakimiyyətinə 12 milyonluq büdcə qanunu qəbul etməyi təklif edir.(?)

80 manatlıq “veteranpulu” da eləcə. Kim bilməsə də, MM üzvləri çox yaxşı bilməlidirlər ki, bu pul 2019-cu ildən “Prezident təqaüdü” olaraq verilir. Prezidentin 15.04.2019-cu il tarixli 641 saylı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə təqaüdün məbləği 80 manat müəyyən edilib. 5 ildir nə məbləğ dəyişir, nə də deputatların “Prezident təqaüdü”nü sosial müavinət sayıb, ƏƏSMN-dən artırılmasına təklif vermələri. Yenə də manipulyasiya! Bəyəm MM üzvləri bilmir ki, “Prezident təqaüdü”nü təsis edən də, məbləği artırıb-azaldan da Prezidentdir? Deyəsən, bilmirlər, yoxsa Prezidentlə ƏƏSM nazirini dəyişik salmazdılar. Prezidentin bu fərmanının yalnız Qarabağ , Əfqanıstan müharibəsinin azərbaycanlı veteranlarına aid edildiyi məbləğin cüziliyində (də) özünü göstərir. “1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “ Leninqradın müdafiəsinə görə” medalı, “ Leninqradın mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 330 manatdır. Qarabağ veteranlarınınkından 4 dəfədən də çox! Hələ üstəlik “ Böyük (?-M. B.) Vətən (?- M. B.) , Leninqrad” veteranlarına kommunal, nəqliyyat, rabitə, tibb, sanatoriya ... müavinətləri, güzəştləri də verilir.

“Veteranlar haqqında” 28.06.1994-cü il tarixli Azərbaycan Respublikası Qanununu 15.11.2001-ci ildən elə dəyişdiriblər ki, bilmək olmur, bu qanun Azərbaycan Respublikasının qanunudur, yoxsa Rusiya Federasiyasının? Fikir verin, 12-ci – “kommunal, nəqliyyat və rabitə xidmətləri haqqının ödənilməsi” maddəsi yalnız İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına xidmət haqqının ödənilməsinə aylıq müavinət verilməsi hüququnu tanıyır. Bəs öz şəhidlərimiz, onların dul arvadları? 14 ( Tibbi xidmət), 15 (Dərman və müalicə vasitələri ilə təminat), 17 (Protezləşdirmə), 18 ( İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər) maddələrində nəzərdə tutulan güzəşt və müavinətlər də YALNIZ İkinci Dünya müharibəsi iştirakçılarına verilir. Bəs öz qazilərimiz, veteranlarımız? Çoxu heç veteran adını təsdiq etdirə də bilmir. Əvəzində deputat korpusu canıyananlıq sərgiləyir, nazirə dövlətin (başçısının) səlahiyyətlərindən yararlanmağa təklif verirlər.

İndi söz, Hacı Zamin demiş, əlaqədar təşkilatlarındır: “Qanunlar Azərbaycan Respublikasının adından qəbul olunur, yoxsa Rusiya Federasiyasının?”

Məğrur Bədəlsoy
paralel.az
 
 
 
Ardını oxu...
Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılır və bununla əlaqədar olaraq müzakirələr davam etdirilir. Büdcə müzakirəsində əsas prioritet işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlər olacaq. Əlbəttə ki, sosial təminat kimi istiqamətlər özündə bir qədər suallar yaradır. Müzakirələr ilə əlaqədar gələcəkdə uşaqpulunun bərpa edilməsi yaxud uşaqların ehtiyaclarının qarşılanması ilə bağlı yeni sosial müavinətlərin yaradılması gözləniləndir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib:

"Əfsuslar olsun ki, dövlət büdcəsinə təkrar baxış prosesində sosial xərclərin artırılması nəzərdə tutulmur. O cümlədən uşaqpulu ilə bağlı hər hansı bir mexanizmin yaradılması olmayacaq. Bununla yanaşı uşaqların ehtiyaclarının qarşılanması ilə bağlı yeni sosial müavinətlərin yaradılması aktual deyil. Ümumiyyətlə bu dəfə dövlət büdcəsinə təkrar baxış prosesində sosial xərclərin həcmi müəyyən mənada azaldılacaqdır. Bununla əlaqədar hər hansı bir gözləntinin olması sadəlövhlük olardı".

Qeyd edək ki, Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz bənd azalacaq.
 
Ardını oxu...
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

"Cebhe.info" xəbər verir ki, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.
 
Ardını oxu...
“Yeni sistemin işə düşməsindən sonra bir sıra xoşagəlməz hallar aradan qalxacaq”

Son günlər əmlak amnistiyası ilə bağlı xəbərlər yayılır. Bildirilir ki, bu, kommunikasiya xətlərinin üzərində, yüksək gərginlikli elektrik verilişi xətlərinin altında və dəmir yollarının ərazisində yerləşənlər istisna olmaqla, bütün sənədsiz tikililərə şamil ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən yayılan xəbərlərdə qeyd olunur ki, bundan sonra həyat və sağlamlıq üçün təhlükə yaratmadan tikintisinə icazə verilən ərazilərdə tikilən yaşayış binaları xüsusi elektron resurs vasitəsilə qeydiyyata alınacaq: “Vətəndaşların əmlakı dövlət reyestrində qeydiyyata alınacağı üçün elektron qeydiyyat artıq kağız daşıyıcı tələb etməyəcək. Mənzil sahibləri dəyərli vaxtlarını itirməyəcəklər, çünki bütün bu yeniliklər onları kağız sənədləri toplamaq və zədələndikdə və ya itirildikdə onu axtarmaq çətinliyindən azad edəcək”.

Məlumatda layihənin sosial yönümlü olduğu vurğulanır: “Heç bir ailə öz evindən qovulmayacaq. Ancaq dəmir yolu xətləri arasında tikilən yaşayış evlərinin özəlləşdirilməsini gözləmək düzgün olmazdı, çünki belə ərazilərdəki evlər insanların həyatı üçün təhlükə yaradır. Amma sağlamlıq və həyat üçün təhlükə yaratmayan, sənədi olmayan bütün evlər qeydiyyata alınacaq”.

Bütün bunlar dövlət başçısının fərmanına uyğun olaraq həyata keçirilir. Dövlət qurumu bu təşəbbüsü “qeydiyyat və kadastrlaşdırmanın məzmununda yeni mərhələ” adlandırır.

Görünən odur ki, inqilabi yenilik prosedurların sadələşdirilməsindədir: “Vətəndaşlar və şirkətlər dövlət qurumlarından sənədlər alıb, bu kağızları mülkiyyət hüququnun tanınması üçün qeydiyyat strukturlarına aparıb, qanunla müəyyən edilmiş müddətdə lazımi sənədləri alıblar. İndi bütün dövlət orqanları tərəfindən verilən sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya olunacaq. Alınan daşınmaz əmlak birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq”.

Sonra, əmlakın idarə edilməsi üçün İnternetdən istifadənin rahatlığı haqqında öyrənə bilərsiniz. Vətəndaşlar faktiki yaşayış yerindən və qeydiyyatdan asılı olmayaraq bu işlə məsafədən məşğul ola bilərlər.

Rəsmi qurum əlavə edir ki, yeni sistemin işə düşməsindən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən mənzillərin eyni vaxtda bir neçə nəfərə satışı dayandırılacaq: “Bununla da yaşayış sahəsinin etibarsız hesablanması kimi problemə son qoyulacaq, dövlət reyestrindən çıxarış olmadan mənzillərin özgəninkiləşdirilməsi proseduru sadələşəcək. Bizim bildiyimizə görə, bəzi mənzil-tikinti kooperativləri çıxarışı olmayan mənzili bir sakindən digərinin adına keçirərkən mülkiyyətçilərdən xeyli pul tələb edirlər. Yeni sistem bu problemi də aradan qaldıracaq. Tikintiyə icazə alındığı andan portalda çoxmənzilli yaşayış binasının xüsusi simulyasiyası yaradılacaq və bu resurs vasitəsilə mənzillərin satışı və digər daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək”.

Artıq uzun illərdir ki, paytaxtda və şəhər kənarında yüz minlərlə ev sənədsiz qalıb və belə daşınmaz əmlakın sahibləri faktiki olaraq mülkiyyət hüququndan məhrum ediliblər. İlk dəfə deyil ki, vətəndaşlara bu məsələnin həlli ilə bağlı vədlər verilir, amma illər keçsə də, bu cür mənzil tikintisinin sayı və mövcud vəziyyətin həlli üçün rəsmi qurumların konkret addımları barədə heç bir məlumat yoxdur.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev AYNA-ya açıqlamasında deyib ki, hazırda yüz minlərlə sənədsiz fərdi həyət evləri və alqı-satqı aktı olmayan torpaq sahələri var: “Bu daşınmaz əmlakın böyük hissəsi Bakı və Abşeron ərazisində yerləşir. Söhbət sovet dövründən, eləcə də ötən əsrin 90-cı illərindən müvafiq qeydiyyat prosedurlarından keçməmiş evlərdən gedir. Mülkiyyətçilərin dövlət qeydiyyatından çıxarışının olmamasının əsas səbəbi evlərin başqa məqsədlər üçün ayrılan ərazilərdə tikilməsidir. Belə ki, bir vaxtlar kolxoz və sovxozlar, müxtəlif təşkilatlar tərəfindən vətəndaşlara torpaq sahələri verilirdi. Daha sonra icra hakimiyyətləri, bələdiyyələr bu işə cəlb olundu, lakin belə torpaq sahələri mənzil tikintisi üçün nəzərdə tutulmadığından vətəndaşlar evlərinin sənədini ala bilmədilər”.

Təxmini hesablamalara görə, 500-600 mindən çox fərdi evin hələ də dövlət reyestrindən çıxarışı yoxdur və belə mənzillərin sahibləri mülkiyyət hüququndan məhrumdurlar. AYNA-ya problemin mənşəyindən danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bildirib ki, 2000-ci illərdən Bakıda və şəhərin kənarında başlayan tikinti bumu insanların mənzil tikintisi üçün torpaq sahələri almasına və ya zəbt etməsinə səbəb olub: “Vətəndaşlar bələdiyyə torpaqlarını tikintiyə icazə almadan alıblar. Vətəndaşlar qanunvericiliyin incəliklərini dərk etmədən, 90-95% hallarda bələdiyyədən torpaq sahəsi almaq qərarı ilə kifayətləniblər, yerli icra hakimiyyəti orqanlarından tikintiyə icazə alınmayıb”.

Hazırda dövlət belə evləri qeydiyyata almır. Bəzi məlumatlara görə, 60 minə qədər sənədsiz bina təhlükəli və ya yaşayış üçün yararsız ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqlarının, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz kommunikasiyalarına yaxın ərazilərdə tikilən evlərdir. Eyni zamanda, evlərin bir hissəsi qanunla mənzil tikintisi qadağan olunan kənd təsərrüfatı torpaqlarında tikilib. Mütəxəssislər əvvəllər əhalinin sıx məskunlaşdığı kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi və imkan daxilində yüksək gərginlikli elektrik xətlərinin köçürülməsi yolu ilə bu problemin həllini təklif edirdilər.

Sənədsiz mənzillərin qeydiyyatı üçün hələ 2020-ci ildə bələdiyyələrə tapşırıq verilib ki, qanunsuz tikililər haqqında bütün lazımi məlumatları toplamaq üçün öz əməkdaşlarını sorğu vərəqələri ilə təmin etsinlər. Amma bu kampaniyanın nəticələri hələ məlum deyil.

Müəllif: Emma Rzayeva
 
 


 

Dünyapress TV

Xəbər lenti