Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

Musavat.com xəbər verir ki, “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu...
 

İranın azərbaycanlı prezidenti COP29 konfransında iştirak edəcək, onun yəhudi həmkarı Hersoq da ölkəmizə təşrif buyurur - Azərbaycan iki düşmən ölkənin barışığı üçün etibarlı dost məkanına çevrildiyini sübut etdi

İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak edəcək. APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edəcək. İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər. COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. 

Qeyd edək ki, İranın radikal “Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində İran prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəmişdi. Bu barədə İranın SNN xəbər agentliyinin Telegram səhifəsi məlumat yaymışdı. “Sionist rejim (İsrail nəzərdə tutulur - red.) son bir ildə bir sıra beynəlxalq toplantılarda aldadıcı şəkildə iştirak etməklə Fələstin və Livana hücumları ört-basdır etməyə səy göstərib. İsrail son fəaliyyətində Azərbaycanda keçiriləcək COP29 konfransının gedişatını öz maraqlarına uyğun dizayn etməyə hazırlaşır. Bu rejimin konfransda legitimləşdirilməsi İranın iqtisadi və siyasi suverenliyini zəiflətməklə yanaşı, bəlkə də İsrailin Qərbi Asiya bölgəsində maraqlarını təmin etmək və varlığını möhkəmləndirmək üçün bir yoldur”, - Pezeşkiana müraciətdə vurğulanırdı. İddia edilirdi ki, sionist rejimə dəstək vermək üçün Azərbaycanın son bir ildəki “düşmən mövqeyi” və konfransın arxasında duran məqsədlər nəzərə alınaraq, İran prezidenti səfərdən imtina etməli və rəsmi Bakıya “sanksiya tətbiq edilməlidir”.

Amma göründüyü kimi, SEPAH-ın arzusu ürəyində qaldı və İranın azərbaycanlı prezidenti Bakıya gəlir. Maraqlıdır ki, Bakıdakı 11-22 noyabr COP29 sammitinə qatılacaq liderlər arasında İsrail prezidenti İsaak Hersoq da var. Hazırda İsrail və İran arasında qarşıdurma olsa da, göründüyü kimi, Azərbaycan həm dost ölkə İsrail, həm cənub qonşu İran üçün etibarlı məkandır. Hətta niyə də İsrail və İran prezidentləri konfrans çərçivəsində bir araya gəlməsinlər və danışıqlar aparmasınlar?! Yada salaq ki, bu ilin iyulunda Azərbaycanın dövlət başçısı İran prezidentini COP29-da iştiraka dəvət edib.

Sadəcə, bunun baş tutmaması üçün son bir həftədə İran mediası, əsasən də SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlamışdılar. İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçmişdi. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim etmişdi. Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. Lakin SEPAH-ın ürəyi bununla da soyumayıb: “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də antri-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. “İndi Tel-Əviv rejiminin İran ərazisinə təcavüzündən sonra öz təhlükəsizliyini işğalçılara həvalə edən, hərbi və təhlükəsizlik bazalarını onlara icarəyə verən ölkələr hər kəsdən çox qorxu içində olmalıdır. Çünki onlar İranın mümkün cavabından ehtiyatlanmalıdırlar”.

Ardını oxu...

 Məhəmməd Əsədullazadə

SEPAH-a yaxın medianın apardığı bu kampaniyaya baxmayaraq, Pezeşkian BMT konfrasında iştirak üçün ölkəmizə gəlir. Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran prezidenti Pezeşkian Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Amma SEPAH və mühafizəkar kəsim bunun qarşısını alır. Siyasi ekspert Ramiyə Məmmədova isə deyir ki, SEPAH-a yaxın media və Telegram kanallarının davamlı olaraq Azərbaycan əleyhinə çıxış etməsinə rəğmən, Pezeşkian Bakıya gəlir: “Bu konfrans BMT-yə aiddir, ev sahibi Bakıdır. Yəni Tehranın Azərbaycanın ev sahibi olduğu konfransı boykot etməsi mümkün deyildi, uzaqbaşı BMT-yə qarşı gedə bilərdi. Ancaq Pezeşkian Azərbaycanı sevdiyini göstərdi. O, Şahin Mustafayevlə görüşdə də demişdi ki, münasibətlərin pisləşməsində İranın da səhvləri olub”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 


Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

Ardını oxu...
Ərdoğan Qırğızıstana dövlət səfərinə gedib.
Bakupost.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderini Manas Beynəlxalq Hava Limanında ölkə Prezidenti Sadır Japarov qarşılayıb.
Məlumata görə, səfər çərçivəsində prezidentlərin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclası keçiriləcək.
Ərdoğanın noyabrın 6-da Türk Dövlətləri Təşkilatının Bişkekdə keçiriləcək sammitində də iştirakı gözlənilir.
 

Ardını oxu...
 

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, Sandunun opponenti Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.

Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının seçkilərin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

 
 
 
Ardını oxu...
Finlandiya Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Finlandiyanın Rusiyadakı səfiri Marja Liyvala bildirib ki, noyabrın 1-də Moskvadakı diplomatik missiyanın hasarında isveç dilində “Aland adaları bizimdir” yazısı peyda olub.

Onun sözlərinə görə, səfirliyin ərazisinə yumurta atılıb.

Qeyd edək ki, Baltik dənizində yerləşən Aland arxipelaqı Finlandiyanın tərkibindədir.
 
Ardını oxu...
“Əgər Respublikaçı Donald Tramp ABŞ prezidenti olsa və sülh danışıqları naminə Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü tək daşıya bilməyəcək və o, sülh yolu tutmalı olacaq”.
“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.

O xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq:

“Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. Çünki indi onun yeri küncdədir, taburedə oturur, amerikalılar və ruslar isə taxtlarda oturub söhbət edirlər. Əgər ABŞ-da hakimiyyətə sülh tərəfdarı gəlsə, o zaman Avropa müharibə siyasətini davam etdirə bilməyəcək.

Məncə, məsuliyyətsizcəsinə girdiyi, daha doğrusu, Avropa qurumlarının rəhbərlərinin sürüklədiyi bu müharibənin yükünü Avropa tək çəkə bilməyəcək. Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli üçün dinc yolla getsə, o zaman Avropa buna uyğunlaşmalı olacaq”.
 
Ardını oxu...
Kim Gürcüstan hakimiyyətini istənilən qanunun hüquqi prinsiplərə uyğun gəlmədiyinə inandırarsa, onu nəzərdən keçirməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Əgər kimsə bizi konkret qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmədiyinə inandırsa, biz istənilən qərarı nəzərdən keçirməyə hazırıq, baxmayaraq ki, bu, vicdanlı müzakirələr tələb edir”, - Kobaxidze bildirib.

Qeyd edək ki, Gürcüstan hakimiyyətinin qəbul etdiyi - LGBT-nin təbliğatına qarşı və xarici agentlər haqqında iki qanun Qərblə münasibətlərinin kəskinləşməsinə səbəb olub.
 
Ardını oxu...
Mərkəz sədri: “O hesab edir ki, dövlətləri tədricən yaxınlaşdırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar”

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, - o qeyd edib.

Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.

O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.

MDB dövlət başçılarının sammiti yenicə-ötən ay keçirilib. Bəs, Rusiyanın son zamanlar MDB-yə bu qədər önəm verməyə, onu dirçəltməyə çalışması nə ilə bağlıdır?

Abutalıb Səmədov: Azərbaycan dövləti bütün səylərini Böyük Qayıdışın reallaşması üçün səfərbər edib

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Qərbin prezident Vladimir Putini sıxışdırıb çıxdaş vəziyyətinə salmaq, təcrid eləmək siyasəti uğursuzluqla nəticələndi: "Əksinə, Rusiya Qərbə qarşı müəyyən təşkilatları səfərbər eləyə bildi. Xüsusilə BRICS-in ötən ay Kazanda keçirilən son sammiti dünya kütləvi informasiya vasitələrində Vladimir Putinin zəfəri kimi qiymətləndirildi. Bu sammit BRICS-in ən geniştərkibli sammiti oldu və orada 36 dövlətin başçısı, hökumət rəhbəri iştirak elədi. Ukrayna cəbhəsində Rusiyanın hücumları ləng də olsa davam edir. Ardıcıl olaraq yaşayış məntəqələri ələ keçirilir. Son dövrlər Rusiya kifayət qədər uğurlu hərbi əməliyyatlar həyata keçirib. Ukrayna ordusunun Kurska daxil olmasının da bir yanlış olduğu getdikcə hamıya aydın oldu.Ukrayna prezidenti Zelenski Qərbin davranışına artıq açıq şəkildə etiraz edir".

Mərkəz sədri qeyd edir ki, Putinin də məqsədi və özü üçün missiya hamıya məlumdur. Yaxınlarda gənc sahibkarlarla görüşdə o, açıq şəkildə dedi ki, Pyotr digər ölkələrin torpaqlarını işğal eləmədi, Rusiya torpaqlarını birləşdirdi, toparladı: “Putin dedi ki, o missiya indi bizim üzərimizə düşür. Yəni Vladimir Putin hesab edir ki, onun da missiyası Rusiya torpaqlarını yenidən birləşdirməkdən ibarətdir. Çox təhlükəli bəyanat idi. Biz daim bunu nəzərdə saxlamalıyıq. Putinin məqsədi Rusiyanın özününkü saydığı torpaqları yenidən bir dövlət halında birləşdirməkdir. Burada Müstəqil Dövlətlər Birliyi ciddi rol oynaya bilər. Görünür, Putin hesab edir ki, tədricən dövlətləri yaxınlaşdırmaqla, MDB-nin əhəmiyyətini artırmaqla gələcəkdə vahid dövlətə çevirmək planını reallaşdırmaq olar. Hesab edirəm ki, Putinin nəzərində məhz belə bir plan var. Və bu çox təhlükəli plandır. Azərbaycanda və digər MDB öıkələrində hər kəs Putinin gənc sahibkarlarla görüşdə səsləndirdiyi bəyanatı yadında saxlamlıdır. Biz buna imkan verməməliyik. MDB sammitlərinin belə sıxlaşmasının kökündə də hesab edirəm ki, Putinin keçmiş sovet respublikalarını daha sıx şəkildə Rusiya ətrafında birləşdirmək məqsədi dayanır”.
 
 
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu fikri bildirib.

İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfləri ilə davam edən danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmiryolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını vurğulayıb.

"Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır", - Pezeşkian qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti