BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb.
O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə edib.
“İranda həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin Ali Komissarı bildirib.
BMTİHAK-ın məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox adam, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.
Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı etiraz aksiyaları hələ də davam edir.
İran Azərbaycana qarşı illərdir informasiya müharibəsi aparıb. Azərbaycan hakimiyyəti və rəsmi media 30 il səbrli davranıb. Həmin dövr geridə qalıb. Hazırda Azərbaycan dövlət mediasının İrana adekvat cavabı Tehrandakıları çaşdırıb. Onlar bunu gözləmirdilər. Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq fikirlərini şərh edərək davam edir: Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun bazar günləri aparıcılıq etdiyi proqramda İranın siyasətinin sərt tənqidinə dəqiqələr ayrılır, Güney Azərbaycanla bağlı önəmli fikirlər söylənilir. Azərbaycanın digər televiziya kanalları da Azərbaycan Dövlət Televiziyasından geri qalmırlar. İranın siyasətini ardıcıl olaraq təsis edildiyi gündən bu yana Günaz TV tənqid edir, Güney Azərbaycandakı vəziyyət işıqlandırılır. İndi Azərbaycanda onlarla Günaz TV var. Tehran Azərbaycana qarşı təbliğatı dayandırmadıqca bizim kanallar da eyni tempdə davam edəcəklər. İnformasiya müharibəsini dayandırmaq və ya fasilə vermək Tehrandan asılıdır. 30 ildə bu baş verməyibsə, bundan sonra nəyinsə dəyişəcəyinə ümid azdır. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya ortamı sakitləşdirmək istəyib, ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, keçmiş nazir qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə yazılarla barışığa zəmin yoxdur. Digər tərəfdən biri “barışıqdan” yazdığı halda deputatları, imamları, generalları Azərbaycanın əleyhinə ağılları və ağızlarına gələni danışırlar. Teref.az
ABŞ və onun müttəfiqləri Kiyev hakimiyyətinin Polşada raketin düşməsinə reaksiyasından sonra Ukraynaya münasibətinə yenidən baxır.
Axar.az xəbər verir ki, bu barədə “National İnterest” nəşri yazıb.
“Kiyevin raket buraxılışı ilə bağlı inadkar davranışı təkcə amerikalı mühafizəkarların deyil, həm də Ağ Evin və NATO-nun digər tərəfdaşlarının məyusluğu və qəzəbinə səbəb olub”, - məqalədə deyilir.
Bildirilib ki, Vaşinqtonun Polşaya düşən raketin Ukraynaya məxsus olduğunu bildirməsi Prezident Vladimir Zelenskinin də xoşuna gəlməyib.
Müəllifin sözlərinə görə, bu, Ukrayna ilə bağlı xüsusi əməliyyat başlayandan bəri ilk belə qalmaqaldır. O, həmçinin əlavə edib ki, mövcud vəziyyət ABŞ dairələrində böyük rezonansa səbəb olub.
Qeyd edək ki, 15 noyabrda Polşaya düşən raket nəticəsində iki mülki şəxs həlak olmuşdu. Əvvəlcə raketlərin Rusiyaya məxsus olduğu iddia edilsə də, sonradan Ukraynaya aid olduğu üzə çıxdı.
İsveçin Ankaradakı səfiri Staffan Herrström PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə NTV telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz edən iştirakçılar səfirliyin binasında təbliğat xarakterli foto və təhqirlər səsləndiriblər. Bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi İsveç səfiri vasitəsilə insidentin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını xahiş edib.
İran və Ermənistan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarına xidmət edəcək və Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyi möhkəmləndirəcək.
Axar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Bagiri Kani Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanla görüşündə deyib.
Onun sözlərinə görə, İran ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Erməni diplomat İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayıb və bəyan edib ki, İrəvan Tehranla, xüsusən də ticarət-iqtisadi sahədə əməkdaşlığı gücləndirməkdə qərarlıdır.
Noyabrın 19-20-də Tunisin Cerba adasında keçirilən “La Francophonie” sammitində Emmanuel Makronun rəhbərliyi altında anti-Azərbaycan bəyanatının qəbulunda ciddi problem yaranıb. Bu gün YAP-ın 30 illiyi münasibəti ilə keçirilən tədbirdə çıxış edən İlham Əliyev bildirib ki, sammitə qatılan Azərbaycana dost olan ölkələr buna imkan verməyib. Prezident deyib ki, biz o dost ölkələri yaxşı tanıyırıq. “Azadlıq” radiosunun ingilisdilli erməni bölümü vurğulayır ki, İlham Əliyev sözügedən bəyanatın qəbulunun qarşısını alan Azərbaycana dost olan ölkələrin adını çəkməyib. Bəyanatdan hansı ifadələrin çıxarılması da sirr olaraq qalır... “La Francophonie” təkilatına barmaqarası baxmaq olmaz. 1970-ci ildə yaranan bu təşkilatın 54 üzvü var. Bundan başqa, 26 ölkə bu təşkilata müşahidəçi qismində qatılır. 1 milyard insanı əhatə edən bu təşkilatın əsas şüarı belədir: “Bərabərlik, bir-birini tamamlamaq, həmrəylik”. Təbii ki, bu təşkilatda bərabərlik-filan yoxdur. Bu təşkilat Fransanın diktəsi ilə idarə olunur. Məsələn, 2018-ciildə prezident Makronun tələbi ilə Ruandanın keçmiş xarici işlər naziri Louise Mushikiwabo bu təşkilatın sədri seçildi, daha doğrusu təyin olundu. Çoxluğun bu şəxsin əleyhinə olması bir işə yaramadı... Başqa faktlara diqqət edək: “Fransanın gündəlik “Le Monde” qəzeti yazırdı ki, əgər fundamental azadlıqlara hörmət OİF-ə üzvlük meyarına çevrilərsə, təşkilat sadəcə olaraq fəaliyyətini dayandıracaq.” Qəzet niyə belə deyirdi? Çünki bu təşkilata daxil olan ölkələrin əksəriyyətində insan azadlıqları yox səviyyəsindədir... “Amnesty International” bu təşkilata üzv olan 54 ölkədən 35-ni insan haqlarını pozmaqda ittiham edib. “Reporters Without Borders” isə təşkilata daxil olan 15 ölkənin mütamadi şəkildə mətbuat azadlığını pozduğunu bildirib... Maraqlıdır ki, Fransa və fransız dili ilə heç bir əlaqəsi olmayan ölkələr də bu təşkilata üzv olub. Niyə? Müəyyən siyasi maraqları naminə. Əks göstərici də var. Fransızdilli ölkələr sırasında öndə gedən Əlcəzair bu təşkilatın üzvü deyil. Məncə, niyəsi hər kəsə bəlli olmalıdır. Çünki Fransa müstəqillik uğrunda mübarizə aparan Əlcəzairdə 1.5 milyon ərəbi ən vəhşi üsullarla məhv edib... Yenidən “La Francophonie” təşkilatının anti-Azərbaycan bəyanatına qayıdıram. Şübhəsiz ki, xalq bu bəyanata hansı ölkələrin etiraz etdiyini bilməlidir. Ən önəmlisi isə bəyanatda Azərbaycana qarşı hansı ifadələrin yer almasını araşdırmaq lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də həmin tədbirə qatılıb. Onun bu məsələyə münasibəti necə olub? Belə şeyləri Azərbaycan oxucusu bilməlidir... Elbəyi Həsənli Teref.az
Hərbi müxbirlərin dəstəyini ikiqat artıran Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, rusiyalıların əksəriyyəti artıq Kreml və Müdafiə Nazirliyinin Ukraynaya qarşı müharibənin gedişi ilə bağlı bəyanatlarına inanmır.
Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) gəlib.
Rusiya rəhbəri öz hərəkətləri ilə də təsdiq edib ki, hərbi müxbirlər onları etibarlı məlumat mənbəyi hesab edən əhaliyə təsir etməkdə davam edir.
“Bu onu deməyə əsas verir ki, Putin Rusiya əhalisinin ən azı müəyyən hissəsinin dəstəyini saxlamağı hərbi səylər üçün ağırlıq mərkəzi hesab edir”, – analitiklər izah ediblər.
Rusiya Prezidenti Ukraynaya qarşı müharibəyə getdikcə daha çox resurs atmağa davam etmək üçün sadiq hesab edilən bloqçuların kiçik tənqidlərinə belə dözməyə hazırdır:
“Rusiya hərbçiləri uğursuzluğa düçar olarsa, hərbi bloqçular Putinə sadiq qalacaqlarmı? Əgər bunu etməsələr, Putin necə reaksiya verəcək? Bu suallar Putinin hərbi əməliyyatlarını döyüşçü kütlə ilə təmin etmək üçün əhaliyə tələblərini artıracağı baxımından vacib ola bilər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərini, o cümlədən Rusiyanın bu regionda terrorçuları məhv etməkdən imtina etdiyini açıqlayıb.
Teref.az Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Sabah” qəzeti sitat gətirir.
“2019-cu il Soçi razılaşmasına əsasən, İraqın və Suriyanın şimalında terrorçuların məhvinə cavabdeh olan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – deyə Ərdoğan bildirib.
O, Türkiyənin susmayacağını və terrorçulara qarşı müstəqil şəkildə tədbirlər görəcəyini vurğulayıb. Prezident Kobani rayonuna 12 zərbə endirildiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.
Bundan əvvəl Türkiyənin, ABŞ məmurları tərəfindən informasiyaların de-şifrə olunması səbəbindən Suriya və İraqın şimalındakı əməliyyatı bir gün sonraya təxirə saldığı məlum olub. Əməliyyat əvvəlcə bazar günü, noyabrın 20-si axşama planlaşdırılırdı.
Ankaranın Suriyanın şimalında terrorçu Kürdüstan Fəhlə Partiyasının döyüş birləşmələrinə qarşı növbəti xüsusi əməliyyat keçirməyi planlaşdırdığı barədə məlumat noyabrın 15-də yayılıb. Bu əməliyyat Suriya kürdlərinin noyabrın 13-də İstanbulda törətdiyi terror aktına cavab məqsədi daşıyır.
İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin azərbaycanlılar və Azərbaycanla bağlı xoş sayıla biləcək sözlərinə politoloq Qabil Hüseynli olduqca maraqlı reaksiya verib.
Teref.az xəbər verir ki, professor Qabil Hüseynli Əli Əkbər Vilayətinin xarici işlər naziri olaraqkən İranın Güney Azərbaycan ərazilərinə sarmayə yatırmasına qarşı çıxdığını xatırladıb.
“Cənab Vilayəti xarici işlər naziri olarkən hökumətin Güney Azərbaycana sərməyə qoyulması ilə bağlı müzakirəsi zamanı demişdi: “Oraya sərmayə yatırmayın, onsuz da onlar bizdən ayrılacaq!” Vilayətinin bu sözlərini əks etdirən səs yazısı da yayılmışdı”, - politoloq bildirib.
Qeyd edək ki, Vilayəti İranın heç vaxt Azərbaycanda nəzarəti ələ keçirmək və ölkəni işğal etmək niyyətində olmadığını, İranın qüdrətli olmasında azərbaycanlıların müstəsna rol oynadığını, hər bir azərbaycanlının iranlı, hər bir iranlının isə azərbaycanlı olduğunu bildirib. O, eyni zamanda əslən Əlburz dağlarının ətəyindən, yəni azərbaycanlı olduğunu da xatırladıb /axar.az/