İranda İnsan Haqları Təşkilatı (HRANA) ölkədə insan haqlarının vəziyyəti ilə bağlı məlumat verib və bu ay ərzində ən azı 69 nəfərin edam cəzasına məhkum edildiyini açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Xəbərə görə, İranda həyata keçirilən edamların 75%-dən çoxu barədə hökumət və ya məhkəmə orqanı tərəfindən məlumat verilmir və insan haqları təşkilatları bu halları gizli edamlar adlandırırlar.
Qeyd edək ki, beynəlxalq təşkilatların məlumatına əsasən, İran edam sayına görə dünyada birinci yerdədir.
Regionda davam edən meşə yanğını səbəbi ilə Çanaqqala boğazı Mərmərə dənizi istiqamətində gəmilərin keçidi üçün bağlanıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir”, - nazirliyin açıqlamasında deyilir.
Beləliklə, gəmilər müvəqqəti olaraq Egey dənizindən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.
Xankəndində separatçılar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir.
Bunu Xankəndində yaşayan erməni bloger Artur Osipyan özünün sosial şəbəkə hesabında yazıb.
Qeyd edib ki, rus sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud qurum daxilində ciddi siyasi mübarizə davam edir:
“Bu insanlar hesab edir ki, artıq xaos yaranıb, indiki vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil və bu, hakimiyyəti ələ keçirmək üçün son məqamdır. Qarabağı qarət etdilər, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün qoşun hazırlayırlar”.
Bloger əlavə edib ki, Qarabağda vəziyyətin gərginləşməsi daxili qarşıdurmaya gətirib çıxara bilər:
“Qarabağ Ruben Vardanyanın vecinə deyil, ona Qarabağ erməniləri lazımdır ki, onların köməyi ilə İrəvanda hakimiyyətə gələ bilsin. O, 30 ilin bütün günahlarını Araik Arutyunyanın üzərinə atıb, təmiz şəkildə hakimiyyətə gəlmək istəyir”.
Ermənistanda bir çox ekspertlər də Qarabağda mövcud vəziyyətlə bağlı Artur Osipyan ilə eyni fikirləri bölüşür.
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistan və Qarabağda heç kəs ağır məğlubiyyəti öz boynuna götürmək istəmir:
“İkinci Qarabağ müharibəsindən əvvəl, yəni 30 il ərzində ermənilər öz qələbələri ilə qürurlanırdılar. Onlar heç vaxt işğal etdikləri torpaqlardan geri çəkilməyəcəklərini bəyan edirdilər, hətta lovğalanırdılar.
Amma 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusu Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, ağır məğlubiyyətə uğradıldı və işğal altında saxladıqları torpaqlar azad edildi. Növbəti müharibə baş verərsə, Ermənistan daha da böyük məğlubiyyətə dücar olacaq.
Nə Ermənistanda, nə də Qarabağda heç kəs ağır məğlubiyyəti boynuna almaq istəmir. Rusiya da öz siyasi oyunçusunu, Ruben Vardanyanı Qarabağa gətirib.
Halbuki Qarabağda Vardanyan yerli ermənilər tərəfindən bəyənilmir. Orada yaşayan ermənilər çox yaxşı başa düşür ki, Vardanyan erməni xalqının yox, məhz Rusiyanın maraqlarına xidmət edir, Moskvanın sifarişlərini yerinə yetirir.
Ruben Vardanyan Rusiyada tanınmış oliqarxlardan biridir, banklarda 600 milyondan çox pulu var, Moskva və London kimi iri şəhərlərdə saysız-hesabsız mülkləri var. Ona görə də Qarabağda yaşayan kasıb erməninin problemi Vardanyanın vecinə deyil. Bu şəxs Kremlin tapşırıqları əsasında Qarabağa gəlib. Bunu Azərbaycan və Ermənistan daxil hamı çox yaxşı bilir.
Qarabağda separatçılar arasında baş verən çəkişməyə gəlincə, bu, batan gəmidə günahkar axtarmağa bənzəyir”.
Politoloqun sözlərinə görə, Ruben Vardanyanın Ermənistan ictimaiyyətində siyasi çəkisi yoxdur:
“Ermənistanda Ruben Vardanyanı xeyriyyəçi kimi tanıyırlar. Onun pulu hesabına Ermənistanın İcevan şəhərində təhsil ocağı tikilib, eləcə də ölkədə sosialyönümlü tədbirlər həyata keçirilibdir. Bunlara baxmayaraq Ruben Vardanyanın Ermənistanda hakimiyyətə gəlmək imkanları yoxdur. Hətta Vardanyan Qarabağ məsələsindən istifadə edib buna can atsa da, o, öz istəyinə nail ola bilməyəcək”.
Ermənistanda hazırki siyasi proseslərə münasibət bildirən Zərdüşt Əlizadə vurğulayıb ki, mövcud şəraitdə İrəvana heç kəs kömək edə bilməz:
“Ermənistan yalnız bir yolla özünü ağır vəziyyətdən xilas edə bilər. İrəvan məğlubiyyətini etiraf etməli, Azərbaycanla sülh müqaviləsi imzalamalı və Türkiyə ilə münasibətlər qurmalıdır.
Erməni xalqı qonşuları ilə bərabər dinc yanaşı yaşamalıdır. Heç kəs onlara toxunmayacaq. Təəssüf ki, Ermənistanda mənfur müxalif qüvvələr və ordu generalları erməni ictimaiyyətinin bu istiqamətdə addım atmasına əngəl yaradır”.
Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuata bəyanatda deyib.
İlk dövlət səfərini Azərbaycana etdiyini söyləyən Ş.Mirziyoyev bildirib: “Çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqı bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər”.
İran öz neftini daşıyan tankerlərdə piratçılıq əməllərini görüb sakit qalmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İran neftini daşıyan tankerlərin ələ keçirilməsi dəniz quldurluğunun və beynəlxalq dəniz qaydalarının pozulmasının bariz nümunəsidir. İran bu məsələyə laqeyd qalmayacaq”, - Kənani bildirib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və ictimaiyyət arasında görünmür.
Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib.
Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır. “Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, - deyə nəşr “Telegram” kanalında iddia edir.
Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini bildirmişdi.
“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır. Sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır”.
Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
Politoloqun fikrincə, Ermənistan bu hava limanını işə salmaq imkanını nəzərdən keçirməzdən əvvəl Azərbaycanla məsləhətləşməli idi.
“Eurocontrol” bu məsələdə vasitəçi ola bilər, çünki onlar Azərbaycanın milli aviadaşıyıcısından (AZAL) Ermənistanın hava məkanı üzərindən Naxçıvana uçuşlar üçün ödəniş tələb edirlər. Bundan əlavə, Ermənistan təyyarələrinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bu isə işğaldan azad edilmiş Zəngilan ərazisi üçün birbaşa təhlükədir. Müvafiq tədbirləri görən Azərbaycan qonşu ölkənin hava məkanını pozmamaq üçün Ermənistanla sərhəddən xeyli aralıda Zəngilan aeroportunu tikib”, - N.Vatson bildirib. Ekspert hesab edir ki, Qafan hava limanının açılması ilə bağlı qərar Ermənistanı dəstəkləyən ölkələrin iştirakı ilə verilib:
“Ermənistan heç vaxt təkbaşına hərəkət etmir. Görünür, Rusiya və İran bu təxribatı bəyəniblər və hava limanının tikintisini yəqin ki, beynəlxalq erməni diasporu maliyyələşdirib. Nikol Paşinyan yaxşı bilir ki, sülh sazişi imzalanmalıdır. Lakin hava limanının tikintisinə icazə öz ölkələrindəki qruplaşmaları və nüfuzlu beynəlxalq erməni diasporunu sakitləşdirmək üçün alınıb. Bu addım Paşinyanın lider kimi səmərəsiz fəaliyyətinin növbəti təsdiqidir”.
“Vəziyyətin nədən ibarət olduğunu bilə-bilə bu iddianı dilə gətirən şəxs utanmalıdır”.
Teref.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Danimarkanın müdafiə naziri Yakob Ellemen-Yenssen Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbinin iddiasına cavabında səsləndirib.
Məlumata görə, Ellemen-Yenssen Rusiya səfirinin “Ukraynaya F-16 təyyarələrinin verilməsi müharibəni alovlandırmaqdır” sözlərini cavabsız qoymayıb və diplomatı utandırıb:
“Dinc qonşusuna hərbi təcavüz edən və dinc əhalini öldürən ölkənin nümayəndəsi cəsarət edib deyir ki, guya müharibəni başqaları qızışdırır.
Əslində, onlar: “Biz öz ölkəmizə çəkilirik”, – deyərək günü sabah müharibəni dayandıra bilərlər.
Vəziyyətin nədən ibarət olduğunu bilə-bilə bu iddianı dilə gətirən şəxs utanmalıdır”.
Hanter Baydenin vəkili Kristofer Klark bildirib ki, müvəkkilinin atası ABŞ prezidenti Cozef Bayden oğluna qarşı mümkün məhkəmə prosesində müdafiə şahidi olacaq.
“Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Hanter Baydenə qarşı aparılan istintaqla bağlı mediada yayılan məlumatlar “qanunsuz sızma”dır. Vəkil hesab edir ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar.
“Prezident Bayden, şübhəsiz ki, istənilən cinayət məhkəməsində müdafiə şahidi olacaq”.