Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir?
207 nömrəli məktəbin direktoruna məxsus səs yazısının yayımlanmasından sonra, ölkənin demək olar ki, bütün media resursları Elm və Təhsil Naziri Emin Əmrullayevi kəskin tənqid etməyə başladı. Lakin aparılan qısa araşdırmalar nəticəsində məlum oldu ki, bu cür məsələlərə birbaşa Elm və Təhsil Nazirliyi deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdehdir.
Patrulaz.az-ın məlumatına görə, həmin agentliyin strukturunda diqqətçəkən bir şəxsin – Arslan Hacıyevin adı önə çıxır. O, əvvəllər “Azərşəkər” şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayından isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib. Daha sonra Eşqi Bağırovun Təqdimatı ilə MÜTDA-nın direktor müavini təyin olunub.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, Arslan Hacıyev təhsil müəssisələrini bir növ satış məntəqəsinə çevirməkdə ittiham olunur. Onun regional təhsil müdiri olduğu dövrdə həyata keçirdiyi bu təcrübələr bu gün bütün ölkə üzrə məktəblərdə tətbiq olunur. Hazırda bir çox məktəbdə “Son zəng” tədbiri üçün valideynlərdən pul yığılır, müəllimlərə isə ödəniş qarşılığında dərs saatları satılır. Bu hallar təhsil sistemində ciddi narazılıqlara səbəb olur.
Cəmiyyət haqlı olaraq hesab edir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev bu məsələni də nəzarətə götürməli, müvafiq araşdırmalar aparmalı və nəticə olaraq satış menecerliyindən təhsilə gətirilmiş, lakin sahəyə dair yetərli bilik və təcrübəsi olmayan şəxsin təhsil sistemindən uzaqlaşdırılması üçün zəruri addımlar atmalıdır.