Ardını oxu...
Teref.az yazır ki, politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Rusiyada olan separatçı Ruben Vardanyanla bağlı maraqlı xəbərlər gəlir. Diqqət çəkən iddialardan biri Moskvanın Vardanyanı birdəfəlik geri çağırması ilə əlaqəlidir. Siz bu haqda necə düşünürsünüz?

- Müxtəlif versiyalar var və bütün bunlar da əsaslıdır. Əsas versiya budur ki, Moskva Vardanyanı geri çağırıb və o, bir daha Qarabağda görünməyəcək. Nə baş verdiyi qarşıdakı günlərdə tam bəlli olacaq. Mən isə düşünürəm ki, ötən yarım il ərzində Vardanyan Qarabağda öz lazımsılığını göstərdi, yəni Rusiyanın işinə yaraya bilmədi. Bölgədə heç nə edə bilmədi, əksinə, bu müddət ərzində vəziyyəti gərginləşdirdi, bu fonda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki durum mürəkkəbləşdi. Rusiya sülhməramlılarının imici korlandı, onsuz da imicləri bir o qədər də yaxşı deyildi.

Vardanyanın gəlişi separatçı rejim daxilində parçalanma yaratdı. Vardanyanla Araik Arutyunyan arasında çəkişmə vardı. Yerli ermənilər qıraqdan gəlmə Vardanyanı qəbul etmədilər. Bəs bu ziddiyyətlər fonunda Vardanyan nəyə nail oldu?

Bununla bağlı bir neçə versiya var. Birincisi budur ki, Vardanyanı Moskva geri çağırıb. Digərinə görə, Vardanyanın özü Moskvaya gedib. Yəni gərəksizliyini anlayaraq Moskvadan xahiş edib ki, bu projenin üstündən xətt çəksinlər. Üçüncüsü, Xankəndi-Şuşa yolunda davam edən etiraz aksiyası, bu fonda Laçın yoluna nəzarətin təmin edilməsi və Azərbaycanın tələbləri Vardanyanın qərarına təsir göstərə bilərdi.

- İstər Vardanyan, istərsə də Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyasında irəli sürülən tələblərin yerinə yetirilməməsi o ehtimalı gündəmə gətirir ki, Rusiya bölgədə yeni hərbi toqquşma istəyir. Xüsusən də Ukraynada müharibənin başlamasından sonra... Sizin bu barədə fikriniz necədir?

- Zənnimcə, Rusiya regionda yeni münaqişənin alovlanmasını istəmir. Çünki bu durumda Rusiya münaqişədə birbaşa iştirakçı ola bilər. Ukraynadan sonra Rusiyaya yeni başağrısı lazım deyil. Digər yandan, regionda ara qarışsa, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri də gərginləşəcək. Rusiyanın bunu istəmədiyini düşünürəm.

Bu kimi iddialar reallığı əks etdirmir. Reallıq gördüyümüzdən də mürəkkəbdir. Bəli, Rusiyanın maraqları var və Qarabağdan əl çəkmək niyyətində deyil. Ancaq Rusiyanın öz maraqlarını belə yolla təmin edəcəyinə inanmıram. Onların oyunu budur ki, məsələlərin həllini və ya mövcud durumu qeyri-müəyyən vaxta qədər saxlasınlar.

Təbii ki, qeyri-müəyyənlik son nəticədə gərginliyə gətirib çıxarır. Təzadlar var və Azərbaycanın da istədiyi budur ki, bunlar diplomatik yollarla aradan qaldırılsın.

- Getdikcə gərginləşən Ermənistan-Rusiya əlaqələri də müzakirə mövzusudur. Baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın Rusiyaya ünvanladıqları son ittihamları da kifayət qədər sərt oldu. Sizcə, gərginlik hansı həddə qədər inkişaf edəcək?

- Hazırda siyasi ritorikanın sərtləşməsini müşahidə edirik. Düşünürəm ki, bu ritorika bir müddət davam edəcək. Hələlik tərəflər hərəkətə keçməyiblər, gərginliyi praktiki addımlar səviyyəsinə gətirmirlər. Yəqin ki, bu da Rusiyanın başının Ukraynaya qarışması ilə əlaqəlidir, ona görə də Ermənistanla münasibətlərinin açıq formada gərginləşməsini istəmir.

Ermənistan isə öz istəklərini açıq formada dilə gətirərək, bəlkə də süni, bəlkə də təbii formada Rusiya ilə münasibətlərini gərginləşdirir. Hər halda Ermənistanın Rusiyaya qarşı addımları Qərb tərəfindən dəstəklənir. Bu durumun bir müddət də davam edəcəyi qənaətindəyəm.

- Fransa isə Avropa Birliyinin mülki missiyası çərçivəsində Ermənistan-Azərbaycan təmas xəttinə jandarma qüvvələri göndərməyə hazırlaşır. Fransanın bu addımı hansı gəlişmələrə yol aça bilər? Məsələdə diqqətçəkən bir məqam da budur ki, Fransa jandarmanı həm də KTMT-nin məsuliyyət zonasına göndərir.

- Bəli, tamamilə düzdür. Ermənistan həm KTMT-nin məsuliyyət zonasına daxildir, həm də İrəvanla Moskva arasında çoxsaylı hərbi-siyasi sazişlər var. Bu sazişlər Rusiyanın Ermənistandakı mövqelərini kifayət qədər gücləndirib.

Eyni zamanda, bunlar Ermənistanı Rusiyadan asılı vəziyyətə salıb. İndi görünən budur ki, Ermənistan Rusiyanın təsirindən qurtulmaq istəyir və belə addımlarla öz planını həyata keçirməyə çalışır. Yaranmış gərginlikdən istifadə edərək bunu tezləşdirməyə cəhd edirlər. Dediyim kimi, bunlar hələlik sərt ritorika səviyyəsində münasibətləri gərginləşdirir.

Ermənistan Rusiyaya qarşı çox təhlükəli oyuna girişir. İndi bu oyunların nəticələrini ehtimal etmək çətindir. Ona görə ki, Rusiyanın başı Ukraynaya qarışıb. Ermənistan bundan istifadə edir və maksimum addımlar atır ki, Rusiyadan asılılığını azaltsın. Ermənistan hələlik bunu edə bilir. Yəqin məntiqləri budur ki, bunu edə biliriksə, etməliyik və edəcəyik. Çox güman ki, hadisələr bir müddət də bu məntiqlə davam edəcək.

- İranın Ermənistanla birlikdə Azərbaycan ərazilərinə (Qubadlı, Laçın) hücuma hazırlaşması barədə bir iddia da gündəmdədir. Sizcə, İran Azərbaycana qarşı belə bir avantüraya əl atarmı?

- Atdığımız sərt addımlarımız onu göstərir ki, İranın planlaşdırdıqlarını qabaqcadan bilirik. Təxmin edə bilirik ki, İran nə etməyə çalışır... Məsələn, İran səfirliyimizdə baş verən terakta məişət donu geyindirməyə çalışır. Biz onlara açıq şəkildə bildirmişik ki, bu oyun baş tutmayacaq. İndi bu terakta hansı səviyyədə reaksiya verdiksə, təsəvvür edin ki, daha irimiqyaslı avantüraya hansı cavabı verə bilərik?!

Ümumiyyətlə, belə bir avantüra İrana və onun hakimiyyətinə nə verəcək? Yeri gəlmişkən, İranın özü də anlayır ki, belə bir şey baş versə, Türkiyə ilə yanaşı, İsrail, ABŞ və digər bir sıra dövlətlər də Azərbaycana dəstək verəcəklər və nəticədə burada çox şiddətli və uzunmüddətli münaqişə ocağı yaranacaq. Çünki onların hamısı ən güclü formada silahlanmış və geniş hərbi-siyasi təsirə malik ölkələrdir. Bu, İrana nə verəcək?

Düşünmürəm ki, İran bu avantüraya əl atsın. Dediyim kimi, bunun nə ilə nəticələnəcəyini İran çox yaxşı bilir.
 
 
 
Ardını oxu...
Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub. Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Elçin Qəmbərovun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, keçmiş general-mayor Mövlam Şıxəliyevin oğludur.

Elçin Qəmbərov 500 min manatdan yuxarı məbləğdə vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkən Elgün Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyevə və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov keçmiş generalın oğluna qarşı dələduzluqla bağlı özünün facebook divarında status yazıb. Həmin statusu təqdim edirik:

“Elçin Qəmbərovun Mövlam Şıxəliyevin oğlundan yarım milyon manat alması haqda məlumatlarla tanış olduq. Öyrəndik ki, Elgün Şıxəliyev ona pulu atasının həbsi ilə əlaqədar verib. Belə başa düşürük ki, həmin pul Elçin Qəmbərova Mövlam Şıxəliyevin istintaq və məhkəmə dövründə azadlıqda qalması, işinin yüngülləşdirilməsi üçün verilib. İstintaq dövründə Mövlam Şıxəliyevi ”Mərkəz" Vəkil Bürosundan Elçin Qəmbərovla vəkil Arzu Cavadov müdafiə ediblər. Arzu Cavadovu vicdanlı vəkil kimi tanıyırıq. Elçin Qəmbərova gəldikdə isə onun adı dəfələrlə dələduzluqda hallanıb. Mövlam Şıxəliyev necə istintaqçıdır ki, oğlunun belə bir adama yarım milyon manat verməsinə razı olub? Bundan başqa Elgün Şıxəliyev bu pulu - yəni rüşvəti Elçin Qəmbərova verməklə həm də bizə qarşı törədilmiş cinayətləri ört-basdır etməyə çalışıblar. Elgün Şıxəliyev faktiki olaraq Elçin Qəmbərovla cinayət əlaqəsinə girib. Əgər onların sövdələşməsi baş tutsaydı, bizlərə qarşı cinayətlər ört-basdır oluna bilərdi. Biz zərərçəkənlər Elçin Qəmbərovun cinayət işi üzrə prosesə qatılacağıq və orada Elgün Şıxəliyevin də istintaqa cəlb olunmasını tələb edəcəyik".

“Yeni Müsavat” əməkdaşı yarım milyon manatlıq dələduzluq işi üzrə şahid qismində dindirilən Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovla əlaqə saxlayıb.

- Müvəkkiliniz, MTN generalı olmuş Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin işi üzrə şahidsiniz?

- Bəli, şahid qismində dindirilmişəm.

- Siz “Mərkəz” Vəkil Bürosunun üzvü, təqsirləndirilən Elçin Qəmbərov isə büronun rəhbəri olub. Mövlam Şıxəliyevlə Elçin Qəmbərovu siz tanış etmisiz?

- Xeyr, mən tanış etməmişəm.

- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkənlərdən Hüseyn Səfərov iddia edir ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manatı rüşvət olaraq verib. Bu barədə nə deyə bilərsiniz?

- Mən bilən o pulu özü üçün alıb.

- Bu pulun qarşılığında Elçin Qəmbərov Elgün Şıxəliyevin qarşısında hansı öhdəliyi götürmüşdü?

- Bu haqda məlumatsızam.

- Siz istintaqda bu məsələ ilə bağlı şahid qismində ifadə vermisiniz axı...

- Haradan bilirsiniz ki, mən nə ifadə vermişəm?

- Büronuzun sədri Elçin Qəmbərov sizinlə qohumluq əlaqəsi olan Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdən yarım milyon manat pul alır və bu pulun niyə verildiyi barədə sizin məlumatsız olmanız bir qədər inandırıcı görünmür.

- Mən Mövlam Şıxəliyevin başqa işdə müdafiəçisi olmuşam.

- Elçin Qəmbərov Mövlam Şıxəliyevin hansı işində müdafiəçisi olub?

- Bunu da bilmirəm.

- Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlib Elçin Qəmbərovun cinayət işi üzrə ifadə verəcəksinizmi?

- Əlbəttə ki, çağırsalar, gələcəyəm.

- Siz bilirdiniz ki, Elgün Şıxəliyev Elçin Qəmbərova yarım milyon manat pul verib?

- Yox, bu barədə mənə nəsə deyilməyib.

- Uzun müddətdir ki, Mövlam Şıxəliyevin vəkilisiniz, Elçin Qəmbərovun cinayət işi üzrə də şahidsiniz. Mövlam Şıxəliyevdən soruşmusuz ki, bu nə məsələdir? Oğlun niyə yarım milyon manat pulu aparıb Elçin Qəmbərova verib?

- Mən soruşmamışam. Bu sual mənə ünvanlanmamalıdır. Mən belə məsələlərə qarışmıram. Özləri bilər.

- Özü də deməyib?

- Yox.

- Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərov iddia edir ki, yarım milyon manat Elgün Şıxəliyev tərəfindən Elçin Qəmbərova rüşvət vermək üçün təqdim olunub. Bu iddiaya münasibətiniz maraqlıdır.

- Bu məsələni Hüseyn Səfərovdan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə məndən soruşmayın.

- Siz Azərbaycanda tanınan vəkillərdənsiniz. Bu gün də general Mövlam Şıxəliyevin vəkilisiz. Ortada Mövlam Şıxəliyevin cinayət işi üzrə yarım milyon manatlıq rüşvət iddiası var. Sizdən soruşmayaq, kimdən soruşaq?

- Mənim bu işlərə aidiyyətim yoxdur. O boyda “summa”da adım olsaydı, çoxdan səsi çıxardı. İndiyə qədər mənim adım heç vaxt dələduzluq işində hallanmayıb və bu heç vaxt mümkün də deyil.

- Həmin pul rüşvət kimi verilmək üçün alınmışdı?

- Orada ittiham rüşvətvermə deyil, dələduzluqdur.

- Elçin Qəmbərov o pulu alanda hansı öhdəlik götürmüşdü? Elgün Şıxəliyev üçün hansı işi görməli idi?

- Mən o pul veriləndə orada olmamışam.

- Orada olmasanız da, Mövlam Şıxəliyevin vəkilisiz...

- Gəlin belə danışaq, məhkəmə prosesi fevralın 22-nə təyin olunub. Orada hər şey aydın olacaq. Orada açıq məhkəmə prosesi olacaq, bilinəcək ki, kim şahiddir, o pul niyə verilib. Mən bu işlərdə adımın hallanmasını heç istəmirəm.

- Mövlam Şıxəliyevin bu məsələ ilə bağlı mövqeyi necədir?

- Mən bu məsələ ilə bağlı Mövlam Şıxəliyevlə söhbət etməmişəm.

- Mövlam Şıxəliyev uzun illər MTN-in İstintaq Baş İdarəsinin rəisi olub. İşi elə olub ki, daim vəkillərin fəaliyyəti, kimlikləri haqda bilgi ala bilib. Vəkil Elçin Qəmbərovun adı mətbuatda dələduzluğa görə dəfələrlə hallanmış, müdafiə etdiyi şəxslərin mənafeyi əleyhinə fəaliyyəti haqda yenə də mətbuatda məlumatlar var. Belə keçmişi olan birini uzun illərin istintaq rəisi necə olub ki, özünə vəkil seçib?

- Dələduz başqa necə olur ki? Elə belə olur da. Etibardan sui-istifadə edirlər.

- İttihamlar təsdiqlənsə, Elçin Qəmbərovu hansı cəza gözləyir?

- Bu maddənin sanksiyasında 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- Belə görünür ki, Elçin Qəmbərovun xüsusi inandırmaq bacarığı var ki, illərin istintaq rəisindən, həm də xüsusi xidmət orqanının istintaqının rəisindən, üstəlik generalından yarım milyon manat aldatmaqla ala bilib.

- Bunu özləri bilərlər. Mən bu haqda danışmaq istəmirəm.
“Yeni Müsavat”
 
Ardını oxu...
“Mən türkü öldürmək üçün yaradılmışam, amma bu, diplomatiyadır”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu Qarabağın işğalında və 44 günlük müharibədə yaxından iştirak etmiş, hazırda “Mənim addımım” farksiyasının deputatı Akop Aslanyan erməni mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu qərar sırf diplomatik addımdır. Deputat xilasedicilərin Türkiyəyə gedib türkləri xilas etməsini istəmədiyini gizlətməyib.

Türkiyədə baş vermiş son zəlzələ ilə bağlı Ermənistan hökuməti dünən Türkiyəyə bir qrup xilasedici göndərib. Bu qərar erməni cəmiyyəti tərəfindən qətiyyən qəbul edilməyib, hətta qəzəb doğurub.

“Bu, diplomatiyadır və düzgün qərar verilib. Mən bir dəfə çıxışlarımın birində demişdim ki, biz öz emosiyalarımızı dövlət quruculuğumuzdan çıxarmalıyıq. 1988-ci il dağıdıcı zəlzələdən sonra Türkiyə Ermənistana humanitar yardım göndərib. Bununla da bütün dünyaya göstərdi ki, o, ermənilərə yardım göstərib.

Diplomatiyanın nə olduğunu başa düşürsüz? Bir şeyi bilirəm ki, insanlar ayağa qalxıb, biz də dünyaya göstərməliyik ki, kömək göndərdik, təkcə başsağlığı vermədik.

Bununla da ölkəmizin bütün dünyada, beynəlxalq aləmdəki nüfuzu yüksəlir.

Xilasedicilər göndərilməsəydi, özüm tənqid edərdim. Deyərdim ki, hökumətimiz ciddi diplomatik səhvə yol verib. Çünki bu lazımdır, türklərin gözündə yox, bütün dünyanın gözündə yaxşı görünmək üçün lazımdır.

Dünya deyir ki, 30 il Azərbaycan torpaqlarını işğal etdiniz, nə istədiniz etdiniz, dünya deyir, biz yox.

Biz deməyə çalışanda ki, Qarabağ Ermənistandır və nöqtə, orada diplomatiyanı itirdik. Deməli olduq ki, Qarabağ erməninindir, amma Ermənistanın deyil. Yəni ərazini demirik, amma ki, orada ermənilər yaşayır.

Əslində, Paşinyan lazım olmayan yerdə diplomatik addım atır, lazım olan yerdə atmır. Bunun sübutu “Qarabağ Ermənistandır, nöqtə” təxribat xarakterli bəyanatı oldu ki, bu da müharibə ilə nəticələndi.

İndi “bir erməni olaraq xilasedicilərin Türkiyəyə getməsini istəyirəm, ya yox” sualınıza cavab verim.

Əlbəttə, istəmirəm ki, xilasedicilər türkü xilas etsinlər. Mən türkü öldürmək üçün yaranmışam. Mən Qərbi Ermənistandanam.

Mənim üçün ən yaxşı türk ölü türkdür. 1994-cü il müharibəsi zamanı da oğlanlarıma dediyim budur”, – deyə Aslanyan nifrətini bildirib.
 
Ardını oxu...
Rusiyanın paytaxtında şübhəli müzakirə: Moskva Bakıdan nə gizlədir?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Ruben Vardanyanın günlərdir Rusiyanın paytaxtında olması xəbəri gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Sizcə, o, Moskvaya niyə çağırılıb? Məsələn, Ermənistan mətbuatı yazır ki, Rusiya Vardanyanı oyundan çıxarır.

- Bu, bir daha göstərir ki, erməni separatçıları Rusiyanın nəzarəti altındadır. Vardanyandan əvvəl digər separatçını – Araik Arutyunyanı Moskvaya çağırmışdılar. Arutyunyan Moskvadan sonra Fransaya da getmişdi, Xankəndiyə qayıda bilmirdi, çünki Şuşa-Laçın yolunda etiraz aksiyamız başlamışdı. Amma Rusiyanın sülhməramlı kontingenti onu gizli şəkildə Xankəndiyə çatdırdı və mitinqdə də iştirak etdi.

İndi Ruben Vardanyanı Moskvaya çağırıblar, çünki məsləhətləşirlər. Bir xəbər də yayılıb ki, guya geri qayıdıb.

Gedişata baxacağıq, durum dəyişə bilər. Əslində, ötən ilin sentyabrında Vardanyanı Xankəndiyə göndərən Moskva idi. Rusiyada biznesi ilə məşğul olurdu, rahat pulunu qazanırdı, sonra gərginliyin olduğu bir bölgəyə göndərdilər ki, “get, separatçılara rəhbərlik et, bəlkə Bakı səninlə təmasa gedəcək”.

Moskvanın Vardanyanla bağlı planı alınmadı. İndi də məsləhətləşmək üçün çağırıblar. Əgər bu məsləhətləşmələrin sonunda rus hərbi kontingenti yenidən Vardanyanı gizli yolla Xankəndiyə çatdırsa, demək ki, o, hələ də Qarabağda Azərbaycana qarşı istifadə etmək üçün Rusiyaya lazımdır. Vardanyan tamamilə Rusiyanın nəzarətindədir. Onun bu ölkədəki maliyyə resursları və biznesi də Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır.

Amma Rusiyaya geri qaytarmaq istəsələr, vətəndaşlığı da rahatlıqla bərpa edə bilərlər. Guya Rusiya vətəndaşlığından məhrum ediblər. Bu olmasa, demək ki, hələ də Vardanyan bölgədə onlara lazımdır.

Əvvəllər də belə hal olub. Belə məsləhətləşmələr həmişə gizli saxlanılır. Görünür, Moskvada həm Vardanyan, həm də Arutyunyana təlimatlar verilib. Bu məqamda o sual yaranır ki, separatçıları Rusiyaya çağırmağa nə ehtiyac var? Əgər təlimat varsa, bunu sülhməramlıların buradakı komandiri Andrey Volkov vasitəsilə separatçılara çatdırmaq olar. Demək ki, üzbəüz məsləhətləşmələrə ehtiyac olub. Çox güman ki, Vardanyan Moskvada təkcə bir nəfərlə görüşməyib, başqaları ilə də söhbət edib. Bu da Rusiyanın Azərbaycana qarşı xoş olmayan siyasətinin göstəricisidir.

- Erməni nəşrləri onu da iddia edirlər ki, Vardanyan bölgədə gərginlik yaratdığı üçün Moskva baş separatçı Araik Arutyunyanı yenidən önə çəkir. Bəs bu iddia nə qədər məntiqlidir?

- Arutyunyan da tez-tez Moskvaya gedirdi, təlimat verib geri göndərirdilər. Separatçılar İkinci Qarabağ Müharibəsindən sonra tamamilə Rusiyadan asılı vəziyyətə düşdülər. Çünki Ermənistan hakimiyyəti geri çəkildi. Ermənistan rəhbərliyi Qarabağ yükünü daşıya bilmədi və bunu Rusiya öz üzərinə götürdü.

Araik Arutyunyan tanınmış fiqur deyil, amma Vardanyan Rusiyada tanınmış iş adamıdır, Qərb ölkələri ilə də əlaqələri var. Vardanyan ötən ilin sentyabrından bəri sağa-sola onlarla müsahibə, açıqlama verdi. Arutyunyan illərdir separatçıların başçısıdır, onun bir müsahibəsinə və açıqlamasına rast gəlməmişəm. Vardanyana isə maraq böyük oldu. BBC və dünyanın bir sıra digər nüfuzlu media qurumları ondan müsahibə aldılar. Vardanyan da bundan istifadə edərək, Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verdi. Yəni bu baxımdan, Vardanyan Moskva üçün lazımlı fiqur kimi görünürdü.

İndi Vardanyanı geri çağırıb, Arutyunyanı yenidən liderliyə yüksəldib-yüksəltməyəcəklərini demək çətindir. Bu gəlişmədən iki nəticə çıxa bilər. Birincisi, Vardanyan geri qaytarılmasa, bu o demək olacaq ki, Moskva Bakı ilə münasibətləri gərginləşdirmək istəmir. İkincisi, əgər Vardanyanı geri göndərsələr, bu o demək olacaq ki, Rusiya separatizmin davamında maraqlıdır və iki ildən sonra Azərbaycan ərazilərindəki sülhməramlı kontingentini çıxarmamaq siyasətinə üstünlük verir.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə ittiham etməsi günlərdir İrəvanda müzakirə mövzusudur. Bir sıra erməni siyasilərin fikrincə, bu, Rusiyanın Qarabağ məsələsinə yanaşmasının dəyişməsindən irəli gəlir. Sizcə, bu belədirmi?

- Mən belə düşünmürəm. Otuz ilə yaxın torpaqlarımız işğal altında oldu, nə bir Rusiya rəsmisi, nə də Lavrovun özü işğal faktını dilə gətirdi. Amma bu gün Lavrov deyir ki, Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi, Azərbaycan öz ərazilərini geri qaytardı. Bu sözü də ermənilərin xoşuna gəlmədi. Lavrov bunu Azərbaycana simpatiyası olduğu üçün demədi, sadəcə Rusiyanın Paşinyandan narazılığı var. Paşinyanı bir az da sıxışdırmaq üçün bu cümlələri işlətdi. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, onda qarşıdakı iki ildə separatçıları tam tərksilah etməyimizə mane olmamalıdır.

Lavrov yeddi rayondan danışır, amma bütün Qarabağ Azərbaycan ərazisidir. Yəni Lavrovun sözündən belə çıxdı ki, təkcə bu yeddi rayon Azərbaycana məxsusdur. Bəs Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər? Nə olsun ki, orada ermənilər yaşayırlar?! O torpaqlar da Azərbaycana aiddir.

Biz Rusiyadan sadə bir prinsipiallıq gözləyirik. Məsələn, Lavrov bu tərəfdən guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər yandan Vardanyanı məsləhətləşmək üçün Moskvaya çağırırlar. Üstəgəl, Bakı bu barədə məlumatlandırılmır. Görüş sirr olaraq qalacaq, Vardanyanın nə üçün çağırıldığını bilməyəcəyik.

Ötən dəfə Arutyunyanı da çağırmışdılar. Nə üçün çağırıldığını, Moskvada kimlərlə görüşdüyünü bildikmi? Bilmədik, çünki bizə bu barədə heç nə demədilər.

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyir ki, Azərbaycan bir neçə gün əvvəl sülh müqaviləsi ilə bağlı yeni təklif verib. Sizcə, söhbət hansı təklifdən gedə bilər?

- Azərbaycan öz təklifini İkinci Qarabağ Müharibəsindən sonra, ötən ilin martında göndərmişdi. Təklif beş prinsipdən ibarət idi. Bu təklif də iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasını ehtiva edirdi. Üstəgəl, nəqliyyat xətlərinin açılması, sülh sazişinin imzalanması və sair kimi məsələləri. Amma Ermənistan bu məsələni uzatdı, öz məntiqsiz təkliflərini əlavə etdi. Nəticəsi də olmadı, əslində, bundan özləri zərər gördü. Çünki bu təklifin verilməsindən altı ay sonra – sentyabr ayında təmas xəttində toqquşma baş verdi.

Nəticədə Azərbaycan təmas xəttində mövqelərini gücləndirdi, strateji yüksəkliklərə nəzarətini bərpa etdi. Yəni martda qəbul etsəydi, sentyabrda toqquşma olmaya bilərdi.

Yəqin rəsmi Bakı yenə də İrəvana şans verir ki, bu təkliflə razılaşsın. Əvvəlki təklifi “yeni” adlandırmaq düzgün deyil. Təklifimiz birdir, bu da özündə beş baza prinsipini ehtiva edir. Təbii ki, kiçik əlavələr də ola bilər.

Bir sözlə, Ermənistana bir şans da veririk ki, gəlin, bu məsələni həll edək. Əslində, Paşinyanın ağlı və məntiqi olsa, bunu qəbul edər. Əgər təklifimizə öz məntiqsiz əlavələrini etsə, heç bir nəticə olmayacaq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa, məsələ böyük ölçüdə həll olunacaq, biz də onların ərazi bütövlüyünü tanıyacağıq və sülh sazişi imzalanacaq. Bu durumda kimsə bizə ərazilərimizdəki separatçıları tərksilah etməyimizə mane olmayacaq.

Ermənistan hakimiyyəti onsuz da bu yükü daşıya bilmir, bunu da dəfələrlə etiraf edib. Son olaraq, Ermənistanın spikeri Simonyan da etiraf etdi ki, Qarabağ məsələsi İrəvanlıq deyil. Əgər “Qarabağ bizlik deyil” deyirsinizsə, bəs sizə nə mane olur ki, Azərbaycanla sülh sazişi imzalamırsınız? Onda gəlin, məsələni həll edək. Bu dəfə də təklifimizi qəbul etməyib, məsələni uzatsalar, demək, nəticə olmayacaq və gərginlik davam edəcək.
 
Ardını oxu...
Terror İran üçün yeni məsələ deyil. 90-cı illərdə Ziya Bünyadovun qətlə yetirilməsi birmənalı sübut olundu ki, bunu İran tərəfi edib. Niyə edib? Çünki Z.Bünyadov Azərbaycanda Quranı tərcümə edən ilk şəxs idi.

TEREF.AZ yazır ki, bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

"Onlar belə azərbaycansayağı düşünən alimləri, islamçıları sevmirdilər. Onlar ancaq iransayağı düşünən, İrana xidmət edən İslam kontigentinə üstünlük verirdilər. Ondan sonra da İranın onlarla, yüzlərlə casus şəbəkəsi aşkar edildi. Ulu öndər Heydər Əliyevin sayəsində dini təhülkəsizlik məsələsi prioritet məsələ oldu", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın şərqşünas alimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadov 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib. Ziya Bünyadov qətl ediləndə 75 yaşı olub.

Müsahibənin tam versiyasını təqdim edirik:

 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda yerli jurnalistlərin suallarını cavablandırıb.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərində namizədliyinə heç bir əngəlin olmadığını bildirib.

O, Qara dənizdən çıxarılacaq təbii qazın cari ilin ilk rübündə ölkə istehlakçılarına çatdırılacağını təsdiqləyib.

Finladiya və İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunan Türkiyə Prezidenti Helsinkidən fərqli olaraq, Stokholmun Alyansa qatılmasına müsbət baxmadıqlarını dilə gətirib.

O, həmçinin Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində ölkəsinin göstərdiyi səylərin dünya dövlətləri tərəfindən dəstəklənəcəyini gözlədiklərini qeyd edib.

Mənbə: Haber Global
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Avropa İttifaqı Ermənistana uzunmüddətli missiya göndərməklə bağlı qərar verib. Sizcə, bu missiya mümkün sülh prosesinə necə təsir göstərəcək?

- Burada iki məqam var. İlk növbədə bu, həmin missiya ilə Azərbaycanın hər hansı bir əməkdaşlığının olmaması ilə bağlıdır. Azərbaycan qəti şəkildə buna razı olmayacaq. Çünki bu missiya birtərəfli Ermənistanın mövqeyinə olan münasibət fonunda göndərilib. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Azərbaycana yanaşmada balanslaşmış münasibət hiss olunmayıb. Ona görə də, Azərbaycan tərəfində Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suallar yaranıb.

- Sizcə, bu missiyanın əsas məqsədi nədir?

- Aİ-nin missiyasında qeyd edilib ki, tərəflər arasında etimad mühitinin yaradılmasına çalışacaq. Əslində onlara sual vermək lazımdır ki, burada hansı tərəflərdən söhbət gedir? Əgər söhbət Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən gedirsə, missiyanın bizim ərazimizdə olmaması fonunda bunun necə baş verəcəyi də aydınlaşmalıdır. Azərbaycanın bu missiya ilə əməkdaşlığı perspektivdə görünmür. Burada görünən odur ki, ermənilər və onların havadarları növbəti dəfə yanlışlığa yol verib. Bu da onunla bağlıdır ki, Aİ-nin hansısa etimadından söhbət gedirsə, burada digər tərəf də olmalıdır. Bu tərəf də isə Zəngəzur bölgəsidir. Zəngəzur bölgəsində ikinci tərəfin kim ola biləcəyinə gəlincə, vaxtilə o ərazidən qovulmuş azərbaycanlılar ola bilər. Çünki məntiq məhz bunu deyir.

- Bunun perspektivi necə ola bilər?

- Artıq beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı Ermənistan-Azərbaycan, Zəngəzur mövzusunu rəsmən tanıyıb. Buna aid beynəlxalq missiya göndərilib. İndi Azərbaycanda da artıq fəaliyyəti yeni müstəvidə qurulan Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistana göndərdiyi missiya ilə təmasa girməlidir. Bununla Ermənistandan tələb olunmalıdır ki, bu insanların hüquqları bərpa olunsun.

- Avropa İttifaqının son davranışları ilə Brüssel formatındakı yanaşmaları arasında ziddiyyət var. Bu nədən qaynaqlanır?

- Bu bölgəyə aid xarici siyasətdə Avropa İttifaqının mövqeyi demək olar ki, Fransanın mövqeyi ilə üst-üstə düşür. Bu, əslində Aİ-nin daxilində olan problemlərdən qaynaqlanır. Bu siyasətə Aİ-da etiraz edənlər də çoxdur. İttifaqın digər qurumları Azərbaycanla enerji sektorunda əməkdaşlıq etməyə meyillidirlər. Bunu israrla bildirirlər. Hətta müxtəlif layihələrə aid sənədlər imzalanıb. Ona görə də, görünən odur ki, Avropa İttifaqının rəyi süni şəkildə Fransanın təsiri altındadır. Amma bu tendensiya uzun çəkməyəcək. Çünki digər ölkələr çox ciddi şəkildə buna etiraz edirlər. İtaliya, İspaniya, Balkan dövlətləri, Macarıstan, bəzi Şərqi Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda Aİ-nin düzgün xətt tutmasında israrlıdırlar.

- Sizcə, Azərbaycanla Ermənistan arasında vasitəçi olan Aİ bu xəttlə nəyə nail ola bilər?

- Aİ birtərəfli mövqe və təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcək. Azərbaycana aid məsələlərdə Aİ-nin təzyiq imkanları zəifdir. Azərbaycan öz imkanlarının nədən ibarət olduğuna bələddir.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Laçın yolu ilə bağlı təxribat xarakterli açıqlaması oldu. Bunun fonunda növbəti təxribat və hərbi qarşıdurma elementlərini necə dəyərləndirmək olar?

- Müxtəlif mənbələrdə Ermənistanı dəstəkləyən bəyanatlar verilir. Amma onlar heç bir real nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan öz mövqeyində israrlıdır. Artıq Ermənistanın mövqeyinin əsasını təşkil edən yalan ritorikası ifşa olunur. Çünki bir çox maraqlı tərəflər indi tam yəqin edir ki, Laçın yolu heç də bağlı deyil və orada heç bir blokada şəraitindən söhbət gedə bilməz. Yola nəzarət isə Azərbaycanın fundamental hüququdur. Bunu da Azərbaycana heç kəs qadağan edə bilməz.

- Vardanyan layihəsinə Qərbin münasibəti necədir?

- Ermənistanın yürütmək istədiyi siyasi xəttdə zəif məqam odur ki, Kremlin layihəsi olan Ruben Vardanyan bir çox Qərb dairələri tərəfindən qəbul edilmir. Hamı yaxşı başa düşür ki, burada Rusiyanın oyunu nədən ibarətdir. Azərbaycanın bu mövqedə israrlı olması öz nəticələrini verir. Ona görə də, A.Mirzoyanın çıxışında bu məsələlərə aid bəzi tendensiyaları sezmək olur. Çünki o indi daha radikal bəyanatlar verməyə çalışır. Az qala mümkün güc tətbiqi ilə bağlı Azərbaycanı hədələyir. Hansısa qüvvələri Azərbaycan ərazisinə dəvət etməklə Laçın yolunu hərbi nəzarətə götürmək kimi iddialara səsləndirilir. Bu da təşviş içində qalmış bir siyasi xəttin göstəricisi hesab edilir.

- Baş verənlər müstəvisində mümkün sülhdən nə dərəcədə uzaqlaşılır?

- Sülhə gedən yol ikitərəfli olmalıdır. Bir tərəf əgər 90-cı illərin əvvələrində olan bəyanatlara qayıdıbsa, təbii ki, Azərbaycan birtərəfli sülh istəyə bilməz. Belə olan halda prosesə uyğun adekvat siyasət yerinə yetirilməlidir. Beləliklə də ayrı bir yol qalmır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımaq istəmirsə, onlarla heç bir sülh müqaviləsi və faydalı danışıqılar aparıla bilməz. Ölkələrin əlaqələrində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanıması başlıca prinsip kimi qəbul edilir. Məhz bunun fonunda hansısa bir sülh sazişini bağlamaq elə də real bir məsələ deyil. Azərbaycan da təbii olaraq buna heç vaxt getməyəcək.
Ardını oxu...
“Çalışmaq lazımdır ki, elektron sistemlər üzərindən vasitəçilər torpaqları götürüb kəndliyə verməsinlər, kəndli torpaqları birbaşa götürsün. Kəndlinin elektron informasiya sistemindən çox başı çıxa bilmir”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Müşfiq Cəfərov bildirib. Müşfiq Cəfərov deyib ki, belə halların olmaması üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri effektiv sistem qurmalıdırlar:

“Onların elektron bazalarında fermerlər barədə kifayət qədər məlumatlar var”.
Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliklər qəbul ediləcəyi təqdirdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri dəyişəcək. Layihəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana informasiya sistemi vasitəsilə elektron ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir.

Layihə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasını nəzərdə tutur.

Layihə icarəçinin vəzifələrini də artırır. İcarəçinin vəzifələri sırasına icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək də əlavə edilir.

Qanuna təklif edilən dəyişiklik qəbul olunarsa, bundan kəndli, fermer necə faydalanacaq? DİA.AZ-ın məlumatına görə, iqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirdi ki, elektron informasiya sistemi torpaqların vasitəçilər üzərindən kəndliyə verilməsində bəlkə də ən son səbəbdir:

- Hazırkı dönəmdə kiminsə elektron sistemə daxil ola bilməməsinin, elektron ərizə üsulundan istifadə edə bilməməsinin böyük problem kimi təqdim olunması yanlışdır. Razıyam, tutalım, kəndli bilmir, bacarmır bu sistemlə işləməyi. Övladı ki bacarır. İndiki gənclər, maşallah, günün 24 saatını internetdə, sosial şəbəkələrdə, müxtəlif platformalarda videoları, paylaşımları izləməklə məşğuldurlar.

Məncə, ailəsi, valideynləri aqrar sahədə çalışan, gəlirləri bu sahədən asılı olanlar üçün Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar İnkişaf Mərkəzinin elektron saytına daxil olub, lazımlı məlumatları əldə etmək çətin olmamalıdır. Onlar bunda maraqlı olmalıdırlar. Digər tərəfdən nazirlik özü də bu sahədə maarifləndirmə işlərinin aparılmasında maraqlı olmalıdır.

Elektron müraciətin sadə forması kəndliyə həmin elektron sistemdə addım-addım, mərhələ-mərhələ izah edilməlidir. Bu işlərin görülməsinə ehtiyac var. Yoxsa ki, kəndli elektron sistemə daxil ola bilmir deyə, onun əvəzinə başqası vasitəçilik edir, torpağı icarəyə götürüb fermerə “satır”, kimi səbəblər göstərmək, qeyri-ciddi səslənir.

Ə.Həsənov qeyd etdi ki, kəndliyə ilk növbədə icarəyə götürdüyü torpaq sahəsini əkib-becərmək, məhsul əldə etmək və ondan qazanc əldə etmək üçün şərait yaradılmalıdır:

- Kəndli əkin sahəsini heç suvara bilmir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə elmi yanaşma olmadığından, planlama düzgün aparılmadığından fermerlər itkiylə üzləşir. Normal şəkildə fermerə dəstək proqramları icra olunmalıdır. Fermer bilməldiir, əmin olmalıdır ki, zərərə düşərsə, bu zərər dövlət tərəfindən qarşılanacaq. Fermerin nə əkəcəyi, hansı mövsümdə hansı məhsulun əkilməsinə üstünlük verməli olduğu elmi proqram əsasında tərtib edilməlidir. Bunun suvarması var, zərərvericilərə qarşı dərmanları, texnikası var. Fermerlər bu xərcləri qarşılaya bilmir. Fermer yetişdirdiyi məhsulu bazara çıxarıb sata blimir, biz elektron sistemdən danışırıq.

Kənd təsərrüfatında, ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında hələ də idxaldan böyük ölçüdə asılılığının davam etməsinin əsas səbəbi məmurların fermərlərə kömək etməkdə maraqlı olmamasıdır. Vəziyyət bilirsiz necədi? İmkanlı birisi gəlir böyük ölçüdə torpaqları icarəyə götürür, məmura da təklif edir ki, başqa birisinə torpaq sahəsi verməyə ehtiyac yoxdur, gəl, ikimizin arasında bölüşək: mən torpağı əkdirib becərdəcəm, sənin də payın olacaq. Başqasına su verməyə də ehtyac yoxdur. Suyu mənim əkin sahələrimə yönəldək. Bununla da iş bitir. Başqa fermer də qoy elektron sistemlə “əlləşsin”. Bu cür vəziyyətin yaranmasının səbəbi isə qeyri-şəffaflıqdır.

Kənd Təsərrüfatı Nazirliyi nə vaxt hesabatla çıxış edib, nə qədər torpaq sahələrinin, hansı məqsədlərlə, kimlərə icarəyə verildiyini açıqlayıb?!
Ardını oxu...
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 43 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Üzərində rus və ingilis dillərində “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar yazılmış plakatlar qaldırırlar.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Erməni separatçıları və Ermənistan aksiya nəticəsində Xankəndidə yaşayan ermənilərin guya blokadada qaldığını, humanitar böhran yaradıldığını iddia edirlər. Ermənilər bütün beynəlxalq platformalarda Azərbaycanı humanitar böhran yaratmaqda ittiham edir. Lakin Laçın yolu faktiki olaraq humanitar məqsədlər üçün açıqdır. Gün ərzində Rusiya sülhməramlılarının onlarla avtomobili, eləcə də, Beynəxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri Laçın yolundan Xankəndi və əks istiqamətə hərəkət edir.

Etirazçıların tələblərinin yerinə yetirilməməsi aksiyanın müddətinin artmasına gətirib çıxarıb. Aksiyaçılar bu tələblərin yerinə yetirilməyənədək etirazlarını bildirəcəklərini açıqlayıblar. Tələblər isə Rusiya sülhməramlıları tərəfindən hələ ki, yerinə yetirilmir. Etirazların nə qədər davam edəcəyi sualı isə aktual olaraq qalır.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, ekofəalların aksiyası artıq nəticədir. Onun sözlərinə görə, bu, bir növ Azərbaycanın yumşaq təzyiqi deməkdir:

- Azərbaycandan bununla qarşı tərəfə ciddi mesajlar verilir. Təbii ki, burada qarşı tərəf tək deyil: həm Ermənistan, həm Qarabağdakı separatçılar, həm Rusiya sülhməramlıları, həm də dolayısı ilə İrandır. Hesab edirəm ki, aksiyanın uzun müddət davam etməsi Azərbaycanın xeyirinədir. Təbii ki, hər bir işin sonu var və nəticə olmalıdır. Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar apardığını açıqladı. Onun dediklərindən belə məlum oldu ki, bəzi məsələlərdə razılıqlar əldə edilib. Lavrov bildirdi ki, oradan silahların keçirilməsi haqqında Rusiyaya məlumatlar daxil olub. Demək ki, Azərbaycan bunun qarşısının alınmasını qəti tələb edib.

Ümumiyyətlə, aksiyanın əsas hədəfi ərazilərimizdən qanunsuz yolla əldə edilən sərvətlərin oradan çıxarılmasının və oraya qanunsuz yüklərin gətirilməsinin qarşısının alınmasıdır. Qanunsuz yüklərin çıxarılması dedikdə təbii sərvətlərimiz nəzərdə tutulur, qanunsuz yüklərin daxil olması isə silahların, hərbi texnikanın gətirilməsidir. Eyni zamanda, Qarabağa qeyri-qanuni şəkildə canlı qüvvənin gətirilməsini də Azərbaycan yolverilməz sayır. Təəssüf ki, Rusiya sülhməramlıları gəldikləri gündən bu qanunsuzluğun qarşısını almayıblar.

- Dediniz ki, hər bir işin sonu olmalıdır. Aksiyaların sonu necə olacaq?

- Bizim əsas tələblərimiz yerinə yetirilməlidir. Söhbət orada nəzarətimizə imkan verilməsindən gedir. Təsəvvür edək ki, bizim nazirliklərin nümayəndələri Ağdərəyə aparılır, təbii sərcətlər talanan yerdə monitorinq keçirirlər, çəkiliş aparırlar, sərvətlərin talanması faktını sübut edirlər. Bundan sonra da ekoloji terror haqqında dünyaya çağırış edilir. İnanmıram ki, bununla bizim məsələmiz həll olunsun. Bununla qanunsuz yükdaşımaların qarşısı alına bilməz. Bu, sadəcə bir şərtin həyata keçməsidir, strateji əhəmiyyətli deyil. Strateji məsələ odur ki, sülhməramlılarla birlikdə Azərbaycan yola, keçidə nəzarət etsin. Orada Azərbaycanın gömrük postu olmalıdır, sərhəd nəzarət məntəqəsi yaradılmalıdır.

- Sərhəd buraxılış məntəqəsinin yaradılmasına nə mane olur?

- Bu, bəllidir, Rusiya mane olur. Rusiya heç bir halda istəmir ki, bu yolda Azərbaycanın nəzarəti olsun. Çünki Rusiyanın bəzi yüklərin qeyri-qanunu şəkildə daşınmasında marağı var. Qarabağa silah daşınır, mina aparılır, İrandan təxribatçı qüvvələr sərbəst keçirlər – bunlara Rusiya sülhməramlıları bilərəkdən göz yumurlar. Rusiya Cənubi Qafqazda öz təsirlərini saxlamaq üçün münaqişənin bitməməsinin tərəfdarıdır. Düzdür, indiki məqamda Rusiya Qarabağda müharibə istəmir, amma münaqişənin bitməsini də istəmir. Çünki münaqişə Rusiyanın Azərbaycana və Ermənistana zaman-zaman təzyiq etmək alətidir. Ona görə də, düşünürəm ki, Rusiyaya təzyiq etməliyik.

- Söhbət hansı təzyiqdən gedir?

- İlk növbədə yumşaq təzyiqdən. Ekofəalların aksiyasını yumşaq təzyiq adlandırmaq olar.Bunun artıq bir çox nəticələri var. Diqqət edirsinizsə, Rusiya aksiya ilə bağlı 37 gün idi ki, susurdu. Nəhayət, Lavrov məsələ ilə bağlı açıqlama verdi, aksiyanın bitməli olduğunu söylədi. Eyni zamanda, Azərbaycanın rəyi öyrənilməlidir, şərtlər həyata keçməlidir. Moskvadakılar bunu yaxşı anlayırlar. Rusiya qarşısınıda Bakının diplomatik formada tələbləri qoyulmalıdır. Və xəbərdarlıq edilməlidir ki, tələblərimiz yerinə yetirilməyəcəksə, güc yolu ilə sərhəd-keçid məntəqəmizi quracağıq. Təbii ki, indi diplomatik imkan tükənməyib, amma belə gedərsə, yumşaq təzyiqdən sərt formaya keçilə bilər.
Ardını oxu...
20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı ilin Bakı qırğınlarından bir neçə gün əvvəl Naxçıvanda da vəziyyət son dərəcə gərgin idi. Naxçıvan artıq ilk şəhidlərini verməyə başlamışdı. Ermənilər xüsusən Sədərək kəndi istiqamətində hücumlar təşkil edir, Naxçıvanı işğal etməyə cəhd göstərirdilər. Paralel olaraq bölgəyə Ermənistan ərazisindən – Qərbi Azərbaycandan qovulan on minlərlə azərbaycanlının köçü də gedirdi.

Bu dəhşət dolu hadisələrin növbəti ildönümündə həmin vaxt Şərur rayon (O vaxtkı adı ilə İliç rayonu-red.) Partiya Komitəsinin Birinci katibi vəzifəsini tutmuş Məmməd Abbasovla söhbəti təqdim edirik.

Məmməd Abbasov 1949-cu ildə Naxçıvan Muxtar Respulikası, (NMR) Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 1988-1991-ci illərdə Şərur rayon Partiya Komitəsinin Birinci katibi, 1995-2013-cü illərdə Naxçıvan MR Baş nazirinin müavini-kənd təsərrüfatı naziri vəzifələrində çalışıb və təqaüdə çıxıb.

M.Abbasov videomüsahibəsində Şərur rayonuna rəhbərlik etdiyi dövrdə baş verən ictimai-siyasi hadisələr haqqında danışıb. O, 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlıların Naxçıvana gəlişi, erməni quldurlarının Muxtar Respublikanın kəndlərinə basqınlar törətməsi, bu günlərdə qəsb olunmasından 33 il keçən Kərki kəndinin işğal tarixçəsi, Ayaz Mütəllibovun Sədərək kəndinə səfəri, bu kəndin rayona çevrilməsi, Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, Şərur rayonunda mitinqə qatılması, habelə İranla Azərbaycan arasında sərhədlərin açılması zamanı baş verən olaylar haqqında söhbət açıb.

Məmməd müəllim Moskvada SSRİ İctimai Elmlər Akademiyasını bitirib, Azərbaycan SSRİ-yə qayıtdığı zaman Vəzirov hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərdən də bəhs edib: “Təyinatla göndərilsəm də, Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəhman Vəzirov Naxçıvandan olduğuma görə məni 2 ay işə qəbul etmədi. Vəzirov haqqımda belə ifadə işlətmişdi ki, İctimai Elmlər Akademiyasının buraxılışından cəmi bir nəfər azərbaycanlı var, o da naxçıvanlı... Bir müddət sonra Vəzirov məni çağırıb dedi: “Partiya məsləhət bilir ki, siz öz rayonunuzda Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləməlisiniz”. Ona dedim ki, siz naxçıvanlı olduğuma görə məni Mərkəzi Komitədən uzaqlaşdırırsız. Cavabında bildirdi ki, “mən də naxçıvanlıyam, xalam oradandır”... 13 sentyabr 1988-ci il tarixində Şərur rayon Partiya Komitəsinin plenumunda Birinci katib kimi təqdim etdilər. O dövrə qədər bu vəzifədə Tahir Əliyev çalışırdı...”

M.Abbasov bildirir ki, 1988-1991-ci illər onun həyatının ən mürəkkəb, gərgin və maraqlı dövrü olub: “Çünki SSRİ-nin çöküşü başlamışdı. Rayonda isə vəziyyət gərgin idi, bir çox gənc ailələrin torpağı, həyətyanı sahələri yox idi. Digər tərəfdən, ölkəmizdə, həmçinin Şərur rayonunda yeni siyasi qüvvələrin yaranması prosesi gedirdi”.

“Qıvraq polkunun şəxsi heyətini cəlb etməklə azərbaycanlıları deportasiya etdilər...”

Məmməd müəllim xatırladır ki, Şərur coğrafi mövqeyinə görə Ermənistan, Türkiyə və İranla həmsərhəd rayondur. Həmin vaxtlar Ermənistanda yaşayan azərbaycanlıların sıxışdırılmasına başlanmışdı. Oradan köçən azərbaycanlıların bir hissəsi də Şərur rayonuna sığınmışdılar: “Həmin dövrdə Naxçıvan şəhərində böyük mitinq təşkil edildi, aksiyada iştirak edən kütlə Naxçıvan Vilayət Partiya Komitəsinin binasına tərəf yönəldildi və bina onlar tərəfindən dağıdıldı. Olay SSRİ rəhbərliyinin diqqətini cəlb etdi, general Makaşov Naxçıvana göndərildi. O, araşdırma aparıb belə məruzə elədi ki, xalq partiyaya yox, partiyanın yerli rəhbərliyinin nöqsanlarına görə binaya basqın edib. Nəticədə, Vilayət Partiya Komitəsinin plenumu çağırıldı və Birinci katib vəzifəsindən azad edildi. Makaşov Şərura da gəldi, o, ictimaiyyətlə görüşdə insanlara sual verirdi ki, siz Birinci katibdən razısız? Cəmi br aya yaxın idi işləyirdim, haqqımda mənfi fikir deyən olmadı. Daha sonra Makaşov Ermənistandan gələn azərbaycanlıları qəbul elədi. Onlar bildirdilər ciddi təzyiqlərlə üzləşirlər, kəndlərə basqınlar olur, insanlar döyülür, incidilir. Makaşov daha sonra Moskva ilə əlaqə saxladı. Belə qərara gəldilər ki, Şərur rayonuna yaxın olan ərazilərdə - Vedidə, Arazdəyəndə, Masisdə, Şiddidə yaşayan azərbaycanlıları mütəşəkkil qaydada Naxçıvana gətirsinlər. Daha sonra Qıvraq polkunun şəxsi heyətini cəlb etməklə, yük maşınları Ermənistana göndərildi və azərbaycanlıları həmin bölgələrdən deportasiya elədilər. Onların yerləşdirilməsi üçün Şərur rayonunun bütün imkanları səfərbər edildi. Bir hissəsinə torpaq ayrıldı, evlər tikildi, qalanları isə qatar vasitəsi ilə Bakıya gəldilər. Bakıda böyük ajiotaj yarandı ki, onları niyə göndərirsiz, orada yerləşdirin...”

Kərki kəndinin işğal tarixçəsi

M.Abbasov xatırlayır ki, deportasiyadan sonra Ermənistan tərəfdən Şərurun kəndlərinə basqınların sayı artmağa başladı. Onun sözlərinə görə, bu zaman anklavda olan Kərki kəndi ilə bağlı ciddi problem yaranmışdı. Məmməd müəllim bu kəndlə bağlı olayları belə təsvir edir: “Kərkinin 500-ə yaxın sakini, min hektara yaxın ərazisi vardı, kənd hər tərəfdən Ermənistan əraziləri ilə əhatə olunmuşdu. Hər gün atəş açıb əhalini qorxu altında saxlayırdılar, yolunu kəsirdilər. Kənd sakinləri bizimlə rabitə vasitəsi ilə əlaqə saxlayırdı, daha sonra rayon Partiya Komitəsindən Kərkiyə növbətçilər göndərirdik ki, camaat hökumət nümayəndələrinin yanlarında olduğunu bilsinlər. Nəhayət, 1989-cu ilin 15 yanvarında Kərki kəndinə basqın oldu. Bu kənddə Daxili Qoşunların əsgərləri, ruslar vardı, onlar camaata bildirdilər ki, biz sizin təhlükəsizliyinizə təminat vermirik. Biz o dövrə qədər kənd əhalisinin 90 faizini, mal-mülkü ilə birgə oradan çıxarmışdıq. Orada qalan 10-15 nəfərin silahı yox idi. Ov tüfəngləri ilə müdafiə olunmağa məcbur idilər...”
Ətraflı

“Camaat Zəngəzur dəhlizində dəmir yolunu bağladı...”

Məmməd Abbasov müsahibəsində daha sonra yerli əhalinin Bakı-İrəvan dəmir yolunu bağlamasından danışır: “Bax, indiki Zəngəzur dəhlizi vasitəsi ilə İrəvanın təchizatı yüksək səviyyədə həyata keçirilirdi, yüklərin demək olar ki, 70 faizi Ermənistana gedirdi - yanacaq, ərzaq, sənaye məhsulları daşınırdı. İndi Ermənistan bu yolu açmır, baxmayaraq ki, bu yolun onlara faydası çoxdur. Həmin dövrdə əhali erməni basqınlarına etiraz olaraq bu yolu bağladı. Qatarlara imkan verilmədi ki, İrəvana getsin. Mərkəzi Komitədən bizə basqılar olurdu ki, yolu açın. Amma biz deyirdik ki, gəlin, özünüz baxın, yolu xalq bağlayıb. Ermənilər bizim kəndlərə basqın edir, camaat da buna etiraz olaraq yolu bağlayıb”.

Artur Rasizadə naxçıvanlılardan nələr tələb edib?

Məmməd müəllim Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadənin “Naxçıvan missiyası” haqqında danışır. Deyir ki, o zaman Azərbaycan SSRİ Nazirlər Sovetinin birinci müavini olan Artur Rasizadə Naxçıvana gəldi: “Mənə dedi ki, səni partiyadan xaric edəcəyik, çünki bu işləri sən təşkil edirsən. Dedim, bir vəziyyəti aydınlaşdırın, sonra belə ifadələr işlədin. Ona qalsa, indiki vəziyyətdə partiya adamlara gərək də deyil. Mən Artur müəllimə Arazdəyən tərəfdə ermənilərin basqın edib yandırdığı 8-9 evi, xəstəxanaya gətirib yaralıları göstərdim. Artur Rasizadə dedi ki, dəmir yolunu bağlayanlarla görüşmək istəyir. Getdik ora, camaat da onu əhatəyə aldı. Artur müəllim soruşdu ki, yolu niyə bağlamısız? Camaat da dedi ki, buradan Ermənistana hər cür yüklər gedir, onlar da oradan bizim kəndlərə hücum çəkir, insanları öldürür, evləri yandırır. Soruşdu ki, ermənilərdən kimlərdən narazısız. O zaman Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqanbekyan, onun köməkçisi Şahnazarov vardı. Camaat dedi ki, Qorbaçovun yanındakı ermənilər bizi bu günə qoyur, bəs siz hara baxırsız? Bizi gəlib məcbur edirsiz ki, dəmir yolunu açaq?!

Artur müəllim nə desə yaxşıdır? Dedi, onlardan xoşunuz gəlmir, gedin Moskvaya, bıçağı soxun onların qarnına!... İnsanlar Artur müəllimin adına görə fikirləşirdi ki, onda başqa meyillər var... Mən ona dedim, gəlin buradan gedək, yoxsa, xoşagəlməz hadisələr baş verə bilər. Artur Rasizadə vəziyyəti görəndən sonra başa düşdü ki, burada kənar təsir yoxdur”.

“Hiss olunurdu ki, bunlar qurama işlərdi...”

M.Abbasov müsahibəsində Azərbaycanın yeni tarxinin ən məşhur hadisələrindən olan İranla sərhədlərin dağıdılması olaylarına da aydınlıq gətirir: “1989-cu ilin sonlarında, 20 Yanvar hadisələri ərəfəsində Xalq Cəbhəsi İranla sərhədlərin götürülməsi tələbini irəli sürdü. 31 dekabra qədər vaxt qoymuşdular, təbliğat belə gedirdi ki, İranda bizim bacılarımız, qardaşlarımız, soydaşlarımız var, onlarla birləşməliyik. Amma sərhədlərin toxunulmaz olduğunu deyib, bu aksiyanın əleyhinə olanlar da vardı. 31 dekabrda sərhədlər dağıdılandan sonra Moskvada “Vremya” proqramında dedilər ki, Azərbaycanda narkomanlar, əyyaşlar dövlət sərhədini dağıtdı. Sonra məlum oldu ki, ölkədə fövqəladə vəziyyət elan etmək, 20 Yanvar hadisələrini törətmək üçün onlara bu fakt lazımdır. Doğrudur, deyirdik ki, sərhədləri götürürük, o taydakı xalqımızla birləşmək lazmdır, amma hiss olunurdu ki, bunlar qurama işlərdir...”

Məmməd Abbasovun maraqlı müsahibəsinin tamamını videodan izləyə bilərsiniz:

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti