Ardını oxu...
Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan keçmiş deputatı, Putinyönlü “Naşi” hərəkatının keçmiş rəhbəri və 2000-ci illərdə Kremlin gənclər siyasətinin dəstəkçilərindən biri olan Robert Şleqel gözlənilmədən Rusiya rəhbərliyinin yürütdüyü siyasətə qarşı çıxıb. O, Rusiyanın Ukraynada apardığı müharibəni də kəskin pisləyib.

“AzPolitika.info” xəbər verir ki, Şeleqel “Current Time” telekanalına müsahibəsində bildirib ki, vaxtı ilə Dumada Krımın ihlaqına səs verməsindən təssüf hissi keçirdiyi bildirib: "Prosesin bir hissəsi olduğum üçün təəssüflənirəm. Bəli, mən bu məsuliyyəti bölüşürəm və hiss edirəm".

2018-ci ildə Şleqel qəflətən Rusiya informasiya məkanından qeyb olub. 2019-cu ildə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti müəyyən edib ki, “Vahid Rusiya” deputatı Almaniya vətəndaşlığını alıb və bu ölkəyə köçüb. Münhendə beynəlxalq informasiya təhlükəsizliyi şirkəti olan “Acronis”in ofisində işləyən Şleqel siyasi mövzularda çıxışlarını dayandırıb.

Keçmiş deputat həmçinin Rusiyada siyasi ittihamlarla mühakimə olunan, Putinə və müharibəyə qarşı çıxış edənlərlə həmrəy olduğunu bildirib.

- Niyə indi açıq şəkildə müharibəyə qarşı çıxmaq qərarına gəldiniz?

- Mən, ümumiyyətlə, bu müharibənin lap əvvəlindən onun qəti əleyhinə olmuşam. Dostlarım da məndən soruşurlar: “Niyə danışmağa qərar verdin?”.

-Müharibə son bir ildə həyatınız necə dəyişdi?

-İlk altı ay çox gərgin keçdi. İnsanların ölkəni tərk etməsinə kömək edənlər arasında mən də var idim. Mənim biznesim də yerdəyişmə məsələləri ilə məşğuldur. Şəxsən Rusiyanı tərk etmiş azı 500 nəfərin taleyinin dəyişməsində iştirak etmişəm.

- Rusiyanı Avropa ölkəsi hesab etdiyinizi, Rusiyanın gələcəyinin Avropa ilə bir olduğunu deyirdiniz. Almaniya sakini Robert Şleqel indi Rusiyanın gələcəyi haqqında nə düşünür?

- Mənə elə gəlir ki, Rusiya hazırda mövcud deyil, çünki orada bir nəfər var - Putin. Onun iradəsi, belə demək mümkünsə, Rusiyada hər şeyi əvəz edir. Yəni institutlardan, qanunlardan, idarəçilikdən danışırıqsa vəziyyət belədir. Hətta vətəndaşlar deyə bilərlər ki, istər-istəməz öz talelərini həll etmək hüququnu ona həvalə ediblər. Bu vəziyyətdə əlbəttə tarixi hər an istədiyiniz kimi dəyişdirmək olar. İndi bu duruma nə ad vermək olar? Rusiya Avropadır, yoxsa deyil?

– “Facebook”da yazırsınız: “Rusiyanın artıq nə konstitusiyası, nə müstəqil institutları, nə qanunu, nə də tarixi var, çünki bütün bunlar bir nəfərin eqosuna və qorxusuna tabedir”. Bunu özünüz üçün nə vaxt müəyyən etdiniz?

- Mən bunu təxminən üç həftə əvvəl belə post yazmışam. İndiki vəziyyət dövlətçiliyin əsaslarının məhv edilməsidir. Hətta 2016-cı ildəki Rusiya ilə 2020-ci ildəki Rusiyanı, 2020-ci ildəki Rusiyanı 2023-cü ildəki Rusiya ilə müqayisə etsəniz, bunlar azadlıq səviyyəsinə, bir nəfərin güc səviyyəsinə görə fərqli ölkələrdir.

Bu proses tədricən baş verdi. Təbii ki, bu gün çoxları mənə keçmişi xatırladır. Ancaq 2012, 2014-cü illərdə Rusiyaya baxsanız - yəni müzakirələrin səviyyəsində, QHT-lərin sayına, medianın necə işlədiyinə, görərsiniz ki, azadlıqlar getdikcə daralıb, boğulub.

– İndiki Rusiyaya görə məsuliyyət hiss edirsiniz?

- Prosesin bir hissəsi olduğum üçün peşmanam. Bu gün mənə yazırlar: “Sən əclaf, vəhşi, səmimi olmayan birisən”. Mən sizdən keçmişimi yenidən qiymətləndirmənizi, məni bağışlamağınızı xahiş etmirəm. Çünki başa düşürəm ki, bir çox insanlar məsələn, müharibədə sevdiklərini itiriblər və ya səs verdiyim qanunların qurbanı olublar. Bu vəziyyətdə həqiqətən məsuliyyəti bölüşürəm, onu hiss edirəm. Amma eyni zamanda, bir çoxlarından fərqli olaraq, orada qalmamaq, davam etməmək üçün özümdə güc tapdım. Hətta mənim üçün çox əziz olan Rusiyada yaşamıram.

- Rusiyada indi “rusofobiya”dan, Avropa ölkələrində mövcud olan anti-Rusiya əhval-ruhiyyəsindən çox danışılır. Almaniya sakini olaraq bu “rusofobiya” hiss edirsinizmi?

– Düşünürəm ki, Rusiyada Almaniyada və Avropa ölkələrində baş verənlərlə bağlı çoxlu təhrif olunmuş fikirlər var. Mən gündəlik müstəvidə aqressiya ilə qarşılaşmışam. Amma bunları başa düşmək olar - xüsusən də mənə münasibətdə. Buna etirazım yoxdur. Amma mən bunu rusofobiya fenomeni kimi görmürəm.
 
Ardını oxu...
Ardını oxu...
“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla ötən gün feysbuk sosial şəbəkəsində yazdığı “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil” statusu ətrafında söhbətləşmişik. TEREF.AZ müsahibəni təqdim edir:

- Şahbaz bəy, cəmiyyətin böyük əksəriyyəti dillə bağlı yazdığınız statusunuzun əleyhinə getdi. Gələn reaksiyalara münasibətiniz necədir?

- İstər lehinə, istərsə də əleyhinə reaksiyanın olması yaxşıdır, nəinki olmaması. Bu o deməkdir ki, dil hamımızı ciddi şəkildə narahat edən bir məsələdir. Əgər insanlar müzakirələrə qatılırsa, demək, onlar üçün də əsas mövzudur. Bu mənada dil haqqında fikirlərin müzakirələrə səbəb olmasına münasibətim yaxşıdır.

- Hansı rəylə razılaşa bildiniz, hansı ilə yox?

- Kimsə danışırsa, onun sözünü kəsməyin əleyhinəyəm. Eyni zamanda dialoq bir-birinə cavab vermək deyil, eyni mövzularda fərqli fikirlər söyləməkdir. Bu mənada məlum mövzu ətrafında fərqli fikirlərin səslənməsinə, yazıların yazılmasına, postların paylaşılmasına yaxşı baxıram.

Sadəcə bəzən təhqirlər olur. İnsanlar özlərini sözlə ifadə edə bilməyəndə təhqirə yol verirlər. Çünki bu, ən asan yoldu və onu da edirlər. Təhqir olmasa, bu tip müzakirələr faydalıdır. Belə müzakirələr olmalıdır ki, dilin inkişafına məsul olan şəxslər, bundan maaş alanlar ən azı fikirləşsinlər.

Əslində istərdim ki, akademik çevrə bu müzakirələrə qoşulsun. Desinlər ki, dilin inkişafı ilə bağlı hansı işlər görüblər, hansı kitablar nəşr etdiriblər. Çox istərdim belə olsun. Məsələn, universitetlər öz səhifələrində paylaşsınlar görək ki, ötən 32 il ərzində Azərbaycan dilində hansı dərsliklər hazırlayıblar və nəşr etdiriblər?

Maraqlıdır, Tibb Universiteti, Pedaqoji Universitet, eləcə də Bakı Dövlət Universiteti müxtəlif ixtisaslar üzrə hansı dərslikləri nəşr etdiriblər? Bunlar olmadan dil öz-özünə inkişaf etmir ki... Dili inkişaf etdirən o dildə yazılan əsərlərdir, elmi araşdırmalardır. Bu mənada bu müzakirənin əhəmiyyətini çox faydalı hesab edirəm.

- Fikirlərdən biri də bu yöndə idi ki, kommersiya marağı olduğu uçun belə deyib...

- Belə bir marağın olması fikrini xüsusən kommersiya ilə məşğul olmayan insanlar vurğulayırlar. Yəqin məni incitməmək üçün belə rəy yazırlar. Daha kəskin, tutarlı və əsaslı rəylərin olmasını istəyirəm. Aralarında dilçi alimlər var ki, onların fikirlərinə çox böyük sayğı ilə yanaşıram. Onlarla görüşlərimizdə dəfələrlə söhbət olub ki, silkələnməlidir, Azərbaycan dilini diriltmək lazımdır.

Dil informativ, kommunikativ və asan danışılan olmalıdır. Dil özgüvəni artırmalıdır. Əgər dilin enerjisi bunu inkişaf etdirirsə, mütləq dəyişməlidir.

Kommersiya məsələsinə gəlincə, dil həm də bir əmtəədir. Dil yalnız öz vətəndaşına yaxşı həyat şəraiti gətirmir ki... Əlavə dil bilirsənsə, o sənə mütləq əlavə qazanc gətirir. Dilə həm də bu şəkildə baxmaq lazımdır. Yoxsa dili arxiv materialı kimi bir seyfə qoyub saxlamağın nə mənası var?

Dilə toxunmaq olmaz, şüşənin altında muzey əşyası kimi saxlamaq yanaşması doğru deyil. Çıxış etməlisən, danışdığın mövzuya uyğun sənə yaxşı qonorar gətirməlidir, kitab yazmalısan, sənə pul gətirməlidir və sair. Dil həm də bu deməkdir və həyatımızın real bir hissəsidir. Mənə elə gəlir ki, Qulu Məhərrəmlinin yaxşı nitqi olmasaydı, o, jurnalistika fakültəsində müəllim ola bilməzdi. Eləcə də digər alimlərimiz bu dildə gözəl danışmasalar, onlar öz alimliklərini necə isbat edə bilərlər?

Həmin yazını o niyyətlə yazmamışam ki, mənə pul gətirəcək. İstəmişəm ki, cəmiyyət, dilə məsul olan insanlar silkələnsin, düşünsünlər. Hara gedirik? Necə olur ki, müasir oxucular Dostoyevskini, Tolstoyu, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar, amma azərbaycanca oxumurlar? Axı bu əsərlər akademik səviyyədə tərcümə olunub. Burada “Qanun”un günahı yoxdur. Bunlar çox ciddi və müzakirə olunası səbəblərdir.

- Qardaşınız Sabir Rüstəmxanlı fikrinizi müdafiə edən bir yazı paylaşdı. Qeyd edib ki, yazının alt qatında bir kinayə var. Hər halda ironiya özü də bir münasibətdir...

- Kinayə var deyəndə, Azərbaycan dilinə olan bu münasibət, əlbəttə, məni qane etmirdi. Doğrudur, çox adam bunu o istiqamətə yozmur, amma niyə özünü mədəni, elit hesab edən insanlarımız başqa-başqa dillərdə danışır? Bu mənada deyirəm ki, Azərbaycan dili cəmiyyətin iki hissəsini özündə cəmləyə bilmədi. Əgər insan bu dildə mükəmməl təhsil ala bilmirsə, istər-istəməz rus, ingilis, türk dillərinə üz tutur. Bu mənada, əlbəttə, yazının alt qatında kinayə də var, ağrı da.

30 ildir kitab nəşr edirəm və istəyirəm ki, bu kitablar ən azı Gürcüstandakı qədər oxunsun, amma oxunmur. Hamı qiymətin yüksək olmasından şikayətlənir. Kitabı 1-2 manata qoyuruq, yenə də oxuyan yoxdur. Gözümüzün qarşısındadır, gündəlik bu işlə məşğul oluruq. Necə edək ki, millət oxusun, oxumaq onun həyatının bir hissəsinə çevrilsin? Bundan artıq nə etmək olar?

- Sizcə, dilimiz niyə sizin dediyiniz kriteriyalara cavab vermədi? İnkişafın qarşısını kəsən nədir?

- Çünki dil üzərində işlənilmir. Televiziyada yeni işləməyə başlayanda Mirşahin Ağayev çox ritmik, informatik, mübariz bir dil gətirdi. Ətrafımızda o qədər inkişaf var ki, hətta Mirşahinin o çevik, ritmik dili də indiki informativliyə bir az məğlub olmağa başlayıb. Baxmayaraq ki, Mirşahin yeni üslub deyil, həm də Azərbaycan izləyicisinə, oxucusuna yeni danışıq dili gətirmişdi.

Hər şey çox sürətlə inkişaf edir. Ən sağalmaz xəstəliklər barədə belə, hər gün yeni nələrsə kəşf olunur. Dil bunların hamısını alıb özündən keçirməlidir və öz istifadəçisinə çatdırmalıdır.

- Dövlət dilinin qorunması üçün hansı təklifləriniz var?

- Ümumiyyətlə, dilin qorunması terminindən daha çox, onun inkişaf etdirlməsini istifadə edərdim. Dili niyə qoruyursan? Əslində dil açıq olmalıdır, o qədər inkişaf etməlidir ki, yeni sözləri dərhal özündə nizamlamağı bacarmalıdır. Yeni sözlərə dərhal vətəndaşlıq verməlidir, özü yenə də inkişaf etməlidir. Bir sözlə, böyüməlidir. Dili qar topası kimi hərəkətə gətirəndə bir az da böyüməlidir, lüğət tərkibi artmalıdır. Hər il yeni lüğətlər nəşr edilməlidir, cəmiyyətin müəyyən təbəqəsinə pulsuz verilməlidir. Yalınız ədəbiyyat sahəsi deyil, bütün sektorlar yeni lüğətlə təmin olunmalıdır.

- Bir kitabı bir neçə dildə nəşr edirsinizsə, hansının oxucusu çox olur?

- Baxır hansı kitaba. Adətən, rus dilində çıxan kitablar daha çox oxunur. Azərbaycan klassiklərini həm yerli, həm də rus dilində nəşr edirik. Azərbaycanca da oxucular çoxdur. Ümumiyyətlə, Bakı şəhərində rus oxucuların sayı daha çoxdur.

“Qanun” klassik əsərləri ingilis, rus və Azərbaycan dillərində də nəşr edir. İndi türkcə də etməyə başlamışıq. Maraq var. “Əli və Nino”nu türkcə də nəşr edirik, görürük ki, oxunur. Az qala Azərbaycan qədərində satılır.

- Bunun statistikasını aparmaq olur-olmur bilmirəm. Amma maraqlıdır, Azərbaycan dilində kitab oxuyan seqment daha çox hansı ərazidə cəmləşir? Üstünlüyü əyalətlər, yoxsa Bakı şəhəri təşkil edir?

- Ölkəmizdə poçt sistemi bahadır. Amma yaxşı işlədiyinə görə rayonlardan da sifarişlər olur. Demək olar ki, bütün rayonlardan - Şamaxıdan, Göyçaydan, Ağsudan, Lənkərandan, Naxçıvandan sifarişlər var. Ümumiyyətlə, Naxçıvanı daha çox kitab oxuyan bölgə hesab etmək olar. Lənkəranda bir şəxs var, bütün kitablardan alır. O, inşaat sahəsində fəaliyyət göstərir, amma insanlara kitab alıb verir ki, oxusunlar.

- “Gərək belə status yazmazdım” dedinizmi?

- Yox. Doğrudur, bəzən təhqiramiz rəylər yazırlar. Amma yazsınlar, müzakirədir də... Əgər bu cəmiyyətdə kitab nəşr edən naşir müzakirəyə dözümsüz olacaqsa, onda vəzifəlilərdən nə gözləyək? Bu mənada mənimlə bağlı öz qabiliyyətinə uyğun kim nə istəyir, yaza bilər. Kimsə təhqir edir, eybi yox, etsin. Bu məsələlərə həm çox açığam, həm də çox dözümlüyəm. Narahatlığım yoxdur.
 

Ardını oxu...
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Rusiya artıq rəsmi olaraq Ermənistanı açıq şəkildə hədələməyə başlayıb. Rusiya rəsmiləri İrəvanın Avropa Birliyinin missiyasını bölgəyə gətirməsinin bir bədəlinin olacağını deyirlər. Sizcə, bu hədələr əməli addımlarla davam etdirilə bilərmi və ya Ermənistana qarşı hansı cəza vasitələrinə əl ata bilərlər?

- Ermənistanın mövcud hökumətinin Rusiya ilə münasibətləri həmişə soyuq olub. Amma son gərginliyin başlıca səbəbi Paşinyan hökumətinin xarici siyasət vektorunun artıq açıq şəkildə Avropa Birliyi və NATO-ya doğru istiqamət almasıdır. Bunun da indiki mərhələdə baş verməsinin səbəbi, ilk növbədə Rusiyanın Ukraynaya qarşı təcavüzü və həmin siyasətin doğurduğu fəsadlardır. Moskvanın beynəlxalq aləm tərəfindən təcridi, Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalar, ən əsası da Ukraynaya qarşı savaşda uğursuzluğu bir tərəfdən İrəvanı öz seçimində daha cəsarətli olmağa, digər tərəfdən isə Avropa Birliyi və NATO-nu Ermənistanla əməkdaşlıqda konkret addımlar atmağa sövq etdi.

Qeyd olunan vəziyyətin indiki məqamda yaranmasının başqa bir səbəbi də, Ukraynada uğur qazana bilməyən Rusiyanın Cənubi Qafqaz istiqamətində fəallaşması ehtimalıdır. Bura digər regional amilləri də əlavə etdikdə, Ermənistanın atdığı addımların motivləri tam aydın olur.

Görünən budur ki, Paşinyan hökuməti artıq Ermənistanın Qarabağdakı separatçıların girovunda qalmasını istəmir, çünki bu, həm İrəvanın Moskvadan asılılığını aradan qaldırmağa imkan vermir, həm də Azərbaycan və Türkiyə ilə münasibətləri sabitləşdirməyə. Bu isə Moskvanın təkcə Ermənistan siyasətinə zərbə vurmur, həm də onun rəqiblərinin bölgəyə təsirini artırır. Moskvada yaxşı anlayırlar ki, Cənubi Qafqazı itirmək təhlükəsi yaranır və bu işi də Ermənistanın əlilə görürlər. Ermənistanın ünvanına açıq hədələrin də səbəbi budur.

Moskvanın həmin hədələri nə dərəcədə reallaşdıra bilib-bilməyəcəyinə gəlincə, burada zaman Rusiyanın əleyhinə işləyir. Əvvəla, Moskvanın Ermənistanın daxili siyasətinə təsir imkanları getdikcə məhdudlaşır, ikincisi, Ermənistan faktiki yeni müttəfiqlər əldə etməyə başlayır ki, onların da Rusiyaya İrəvanı rahatlıqla əzməyə imkan verəcəklərini gözləmirəm. Amma bunu da unutmayaq ki, Moskvanın Ermənistana təsir imkanları hələ yetərincədir. Odur ki, siyasi qətllərdən dövlət çevrilişi cəhdinədək, iqtisadi təsirlərdən vətəndaş qarşıdurmasınadək ən müxtəlif ssenarilərin işə salına biləcəyi gözləniləndir.

- Bəs Ermənistanda qızışan Qərb-Rusiya qarşıdurması Azərbaycana nə vəd edir?

- Əslində diqqətlə baxsaq, Qərb-Rusiya qarşıdurması bütövlükdə regionu əhatə edir, sadəcə onun aktiv addımları hələlik ancaq Ermənistanda görünür. Əslində isə Azərbaycan üçün potensial təhdidlər daha çoxdur, çünki tərəflərdən hər birinin bölgəni öz geosiyasi planlarında görmək istəyi və bunun nəticələri daha çox Azərbaycandan asılıdır. Amma Azərbaycanın istər iqtisadi, istər hərbi, istərsə də qalan digər parametrlər üzrə Ermənistandan xeyli üstün durumda olması mübarizə tərəflərini ölkəmizə münasibətdə daha korrekt davranmağa məcbur edir.

Ermənistandakı qarşıdurmanın Azərbaycana təsirinə gəldikdə isə bu, daha çox hansı ssenarilərin tətbiq olunacağından asılıdır. Məsələn, Qarabağın dağlıq hissəsindəki erməni icmasından istifadəni nəzərdə tutan ssenarilər şübhəsiz ki, Azərbaycana birbaşa təsir edərdi. Eyni dərəcədə də sərhəd mübahisələrinin qızışdırılması və ya İranın regional proseslərə cəlb edilməsi şübhəsiz ki, bizə təsirsiz ötüşməzdi. Başqa mümkün variantlar da var ki, onların da baş tutacağı halda Azərbaycana təsirinin olacağını nəzərə almalıyıq. Məsələn, Ermənistanda hərbi çevriliş baş verərsə və ya daxili siyasi münaqişə silahlı qarşıdurma müstəvisinə keçərsə, bunlar da Azərbaycana təsir göstərə bilər. Odur ki, bütün mümkün variantları öyrənməli, nəzərdə saxlamalı və onların hər biri üçün müvafiq fəaliyyət planı hazırlamalıyıq.

- Separatçı Ruben Vardanyan bir neçə gün əvvəl Moskvaya çağırıldı. Bu, onun oyundan çıxarılacağı ehtimalını artırsa da, Moskva onu yenidən Xankəndiyə qaytardı. Sizcə, nə baş verir?

- Məncə bizim bəzi media platformaları “Vardanyan qaçdı” tipli anonslarla bir qədər tələskənliyə yol vermişdilər. Moskvanın Vardanyan üzərində qurduğu planından əl çəkmək fikrində olduğu inandırıcı deyil, çünki onun başqa seçimi yoxdur. Əvvəllər də demişik ki, Qarabağdakı qondarma separatçı rejim Vardanyan üçün yalnız tramplin kimi nəzərdə tutulub, əsas hədəf isə onu Ermənistanda hakimiyyətə gətirməkdir. Ona görə ki, Qarabağdakı separatçıların yerli “lider”ləri Rusiyanın Ermənistan siyasəti üçün işə yaramırlar, digər tərəfdən isə kənardan gəlmiş Vardanyana güzəştə getmək istəmirlər. Görünür, Moskva Qarabağ ermənilərinin separatçı liderlərini Vardanyanın müvəqqəti olduğuna və İrəvana aparılacağına inandıra bilmir. Onlar da nəzərə alırlar ki, Moskvanın Ermənistan planı baş tutmayacağı halda mövqelərini birdəfəlik itirə bilərlər.

Buradan belə nəticə çıxır ki, Rusiyanın Ermənistanda uğur qazanacağına heç Qarabağ separatçıları da inanmırlar. Bu isə Moskvanın bölgə uğrunda gedən geosiyasi mübarizədə vəziyyətinin düşündüyümüzdən daha ağır olduğundan xəbər verir. Unutmayaq ki, Qarabağdakı separatçılar Rusiya ilə gündəlik olaraq birbaşa təmasda işləyirlər və deməli, vəziyyətin nə yerdə olduğunu da yaxşı bilirlər.

- Belarus Prezidenti Aleksandr Lukaşenko isə KTMT-nin Rusiyanın Ukraynaya qarşı müharibəsisinə qoşula biləcəyi məsələsini gündəmə gətirib. Sizcə, bu ehtimal nə qədər mümkündür və belə bir addım atılsa, bu, hansı gəlişməyə yol aça bilər? Yaxud Lukaşenko niyə birdən-birə bunu gündəmə gətirdi?

- Yəqin ki, Lukaşenko Putinin onun ölkəsini Ukrayna ilə konfliktə açıq cəlb edəcəyini və Belarusun bundan yayına bilməyəcəyini anlayaraq həmin açıqlamanı verib. Buna bir növ onun KTMT-dən alət olaraq yararlanmaq cəhdi kimi də baxmaq olar.

Belarus xarici işlər naziri və Lukaşenkonun ən yaxın adamlarından olan Vladimir Makeyin keçən ilin noyabrındakı müəmmalı ölümündən sonra Moskva-Minsk münasibətlərinin yeni fazaya keçdiyini görməmək mümkün deyil. Moskva var gücü ilə Belarusu Ukrayna müharibəsinə cəlb etməyə çalışır, amma Lukaşenko bu halda ölkəsini və özünü nələrin gözlədiyini anladığından iştirakdan yayınmaq üçün müxtəlif yollara əl atır. Həmin yollardan ən ümidvericisi isə Ukraynaya qarşı müharibədə iştirak məsələsini hər iki ölkənin KTMT üzrə müttüfiqlərilə müzakirəyə çıxarmaq və həmin təşkilatı münaqişəyə çəkməyə çalışmaqdır.

KTMT-də qərarların yalnız konsensus əsasında qəbul edildiyini bilən Lukaşenko əmindir ki, ən azı Ermənistan buna qarşı çıxacaq. Bu halda da mümkündür ki, KTMT münaqişənin yalnız Rusiya-Ukrayna müharibəsi olduğu haqda hər hansı bir sənəd də qəbul etsin. Bu baş verərsə, Belarus da həmin sənədə istinad edəcək. Başqa bir məqsəd isə KTMT formatında səmərəsiz uzun-uzadı müzakirə açmaqla müharibəyə cəlb edilməkdən yayınmaq ola bilər.

KTMT-nin Ukrayna müharibəsinə cəlb olunmasına gəldikdə, məncə, bu gün belə bir planın baş tutma ehtimalı minimumdur. Ən azı ona görə ki, heç kim məğlubun (Rusiyanın – red.) yanında olmağa tələsmir.
Ardını oxu...
Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanda binalar zəlzələyə davamlıdır?

“Yeni tikilən binaları bilinmir kim ölçür, kim ölçmür, hansı idarə ona baxır, baxmır. Hamısı öz adamlarıdır. Pulla, rüşvətlə alıb tikirlər. Baha qiymətə də camaata satırlar. Ölçü götürülməsə, aqibətimiz Türkiyədən pis olacaq”.

Bəs siz nə düşünürsünüz?

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Ruben Vardanyan Moskvaya getdikdən sonra ortalıqda görünmür. İndiyədək onun təbliği ilə məşğul olan Ermənistanın bir sıra media qurumlarının susqunluğu da diqqət çəkir. Hesab etmək olarmı ki, artıq Moskva Vardanyanı tamamilə oyundan çıxarıb?

- Bu belədir və qətidir. Vardanyan Rusiya-Azərbaycan münasibətlərini də korlayırdı, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin cəmiyyətimizə inteqrasiyasına mane olurdu. Azərbaycan birmənalı şəkildə bildirdi ki, o, Moskvanın vassalı və onun layihəsidir. Bundan sonra Rusiya Azərbaycanla münasibətlərini qorumaq xatirinə, həm də “obyektivlik” naminə bu addımı atdı və bu dələduzu ərazimizdən götürdü.

Məncə, bu, Nikol Paşinyanın da ürəyincə oldu. Bəlkə də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin əksəriyyəti də bundan razı qaldı. Araik Arutyunyanın özü də Moskvaya gedərkən artıq bu dələduzun quyusunu qazmışdı. Zənnimcə, Vardanyanın prosesdən çıxarılması bölgədə durumun normallaşmasına imkan yaradacaq, hətta deyərdim ki, qarşılıqlı anlaşmaya xidmət edəcək.

- Bəs bundan sonra Şuşa-Xankəndi yolunda davam edən aksiyasının Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnməsi ehtimalı nə qədərdir?

- Bu aksiya çoxdan nəticə verməyə başlayıb. Məsələn, ərazilərimizdəki mədənlərdə aparılan qanunsuz istismar dayandırılıb, bu “işlə” məşğul olan İsveçrə şirkətləri şələ-şülələrini yığışdırıb gediblər. İndi Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə danışıqlar prosesi başlayıb. Hələlik bu qeyri-rəsmi xarakter daşıyır.

Ola bilsin ki, bunun rəsmi səviyyəyə keçməsinə günlər qalıb. Bölgədəki ermənilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, Bakı Araik Arutyunyanla danışıqlara getmək fikrində deyil. Çünki o, 44 günlük müharibədə ballistik raketlərlə Gəncə və Bərdədə törədilmiş terror aktlarının iştirakçılarından biridir. Üstəgəl, onun Xocalı soyqırımında iştirakı ilə əlaqəli məlumat var.

Araik Arutyunyanın özü də son zamanlarda konstruktiv görünməyə çalışır, Azərbaycanın hakimiyyət orqanları ilə danışıqların zəruriliyindən danışmağa başlayıb. Araik belə bir təəssürüt yaratmağa çalışır ki, “başqa çıxış yolumuz yoxdur, Azərbaycan pasportları almalı və Azərbaycan cəmiyyətinə inteqrasiya etməliyik”.

Təbii ki, prosesə kənar təsirlər var. Bölgədə sülhdən danışan, praktikaya gələndə pozuculuqla məşğul olan dövlətlər mövcuddur. Məsələn, ABŞ təcili şəkildə sülh müqaviləsinin imzalanmasından danışır, digər tərəfdən “Qarabağa humanitar yardım” məsələsini Konqresdə müzakirəyə çıxarır. Bunu xüsusilə destruktiv rol oynayan Fransanın fəaliyyətini daha aydın görmək olur. Fransa sözün həqiqi mənasında qollarını çırmalayaraq Ermənistan-Azərbaycan əlaqələrinin bərpası prosesində süni əngəllər yaratmaqla məşğuldur.

BMT Təhlükəsizlik Şurasında Ermənistanı işğalçı kimi tanıyan və ATƏT-in Minsk qrupunda həmsədr kimi yer almış Fransanın indiki addımları təəccüb doğurur. Bu anormal ölkənin addımları türkofob və islamofob yanaşmasına əsaslanır. Fransa bu xətdən geri çəkilməyəcəyini açıq formada nümayiş etdirir. Bir sözlə, bölgədə sülhə nail olunmasının yolunda böyük əngəllər var. İlk növbədə, bu əngəllər guya bölgədə durumu nizamlamağa çalışan böyük dövlətlərin maraqlarının toqquşması ilə əlaqəlidir. Yəni bu, Cənubi Qafqaza yiyələnmək uğrunda Rusiya və Qərb arasında gedən mübarizənin təzahürüdür.

Bütün bu müdaxilələr olmasaydı, Azərbaycan bölgə dövlətlərdən birinin, məsələn, Gürcüstanın vasitəçiliyi ilə sülhə nail ola bilərdi. Təəssüf ki, böyük dövlətlərin geosiyasi maraqları bölgədə sülhün önündə əngəl olaraq qalır.

- Avropa Birliyinin Ermənistana iki illik mülki missiya göndərməsi də gündəmin əsas mövzularından biridir. Sizcə, bu missiyanın Rusiyanın kəskin etirazları qarşısında hərbiləşdirilməsi ehtimalı nə qədərdir? Artıq Fransa bu yöndə ilk addımını atıb, məhdud sayda olsa da missiyaya öz jandarmalarını daxil edib.

- Zənnimcə, çox təhlükəli addımdır. Rusiya buna qəti şəkildə etiraz edir. Kremlə görə, bu, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlmiş cəhdlərdir. Məncə, bunda haqlıdır. Bu, Fransanın projesidir. Nikol Paşinyan isə gah sağa, gah sola vurnuxaraq Fransanın bu projesini müdafiə edir və reallaşmasına çalışır.

Avropa Birliyinin adından “sülh missiyası” adlandırılsa da, bura Fransanın jandarmaları daxil edilib. Bu, həm də ABŞ-ın razılığı ilə həyata keçirilir. Avropa Birliyi və ABŞ sülhdən danışsalar da, Cənubi Qafqazda hakim mövqe uğrunda mübarizədə Azərbaycanın da əleyhinə olan bir projeni həyata keçirməyə çalışır. Bununla da sülh danışıqlarında yeni əngəllər yaradırlar.

Zənnimcə, bu məsələ gündəmdə qaldığı müddətdə onsuz da gərgin olan Qərb-Rusiya münasibətləri daha da kəsinləşəcək. Hətta demək istəməzdim, bu addımlar sərhəd münaqişəsinə də yol aça bilər. Bunda yenə də təxribatçı kimi Ermənistandan istifadə etməyə çalışacaqlar.

Ermənistan vasitəsilə Azərbaycanı təxribata çəkməklə ölkəmizi “təcavüzkar” kimi göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Azərbaycan ehtiyatlıdır, belə təxribatlara getməyəcək. Hər halda çox təhlükəli bir durum yaranır. Rusiyanın həm Ermənistanda hakimiyyət dəyişikliyinə can atması, həm bu missiyaya öz əleyhinə olan proje kimi baxması durumu bir az da mürəkkəbləşdirir.

Belə bir gərgin mənzərə fonunda sülhün necə əldə ediləcəyini demək çətindir. Məncə, bölgə yenidən gərgin qarşıdurma mərhələsinə daxil olur. Bu da çox təhlükəlidir.

- Bəs Avropa Birliyinin bu addımı İran tərəfindən necə qarşılanacaq, Tehranın İrəvanla əlaqələrinə necə təsir göstərəcək? Prinsipcə, İrana qarşı sanksiyalarını sərtləşdirən Qərbin bu addımı molla rejimini qane etməməlidir.

- İran bölgədə çox destruktiv rol oynayır. İran əvvəlcə Zəngəzur dəhlizini, sonra isə açıq formada Ermənistan sərhədlərini özünün “qırmızı xətt”i elan etdi. Hətta “sərhədlərin Azərbaycan tərəfindən dəyişdirilməsi” yalanını ortaya atdı, həm özünün, həm də dünyanın ictimai rəyini bu sayıqlamaya inandırmağa çalışdı.

Bu nöqtədə Fransa və İranın mövqelərinin yaxınlığını görməmək mümkün deyil. İran Avropa Birliyinin missiyasının və Fransa jandarmalarının Ermənistana gətirilməsinə etiraz etmir, hətta bunu sükutla qarşılamaqla razılığını bildirir. Başqa sözlə, bölgəni qarışdırmağa çalışanlardan biri də elə İranın özüdür.

Bu yaxınlarda məlumat yayıldı ki, Zəngəzurda təlim keçən İran və Ermənistanın təxribaçı qruplaşmaları Qubadlı-Zəngilan-Laçın istiqamətində Azərbaycan ərazilərinə müdaxilə etməyə hazırlaşır. Əlbəttə, bu xəyaldır və bunu həyata keçirmək mümkün deyil. Amma onlar Türkiyədə baş vermiş şiddətli zəlzələdən yararlanmaq istəyirlər. Belə hesab edirlər ki, Türkiyə bu təxribatlara biganə qalacaq və öz yaralarını sarımaqla məşğul olacaq. Bu, xam xəyaldır. Türkiyə həm hərbi, həm də siyasi müstəvidə ən yüksək səviyyələrdə elan edib ki, Azərbaycana qarşı belə bir təxribatçı addıma yol verilsə, buna cavab veriləcək.

İsrail də İranın 3000-dən çox hərbi-siyasi obyektinə hava zərbələrinin endirilməsi üçün koalisiyanın yaradılması işinə başlayıb. Nə qədər təəccüblü olsa da, Fransanın da bu koalisiyada yer alacağı bildirilir. Üstəgəl, İsrail Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlərini İrana qarşı səfərbər etməkdə davam edir. Şübhə etmirəm ki, yaxın gələcəkdə bir çox dünya dövlətlərinin iştirakı ilə İrana qarşı böyük bir koalisiya yaradılacaq. Bu koalisiya İran daxilindən molla rejimini dəyişməyə çalışan çoxmillətli hərəkata da dəstək verəcək. Proses kifayət qədər aydındır, gizli heç nə yoxdur. Həm ABŞ, həm də İsrail bunu açıq formada bəyan edir.

O da açıq dillə bildirilir ki, İran indiyədək bağlanmış nüvə anlaşmalarına riayət etmir, bölgədə qonşularına qarşı destruktiv fəaliyyət göstərir və regionda sülhün əldə edilməsinə ciddi maneələr yaradır. Bu səbəbdən mollakratiyanın üzərinə böyük bir qüvvənin gedəcəyini görməmək mümkün deyil.
Ardını oxu...

İspaniyalı jurnalist Jerar Romero əmindir ki, Messi cari mövsümün sonunda PSJ-dən ayrılacaq.

Onun sözlərinə görə, hazırda Lionelin üç mümkün transfer istiqaməti var:

1. MLS. Uzun müddətdir mətbuatda argentinalının karyerasının sonunda “İnter Mayami”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

2. Argentina çempionatı. Romero Leonun vətəninə qayıtma ehtimalını 50% qiymətləndirir. Çox güman ki, futubolçu “Nyuells Old Boyz”u seçəcək.

3. “Barselona”. Romeronun fikrincə, Messinin bir mövsüm onu ​​əfsanəyə çevirən kluba qayıtması şansı azdır.

Qeyd edək ki, beş aydan sonra dünya çempionu azad agent olacaq. Leo ilə danışıqlar hələ də başa çatmayıb, lakin PSJ-nin argentinalının yaxınları ilə daim əlaqə saxladığı barədə məlumatlar var.
Ardını oxu...
“Uçqun altında bir Azərbaycan bayrağı tapdım. Yaman təsirləndim.”

Ceyhun Türkiyədə dəhşətli zəlzələdən iki gün sonra artıq Kahramanmaraşda idi. Burada xilasetmə işlərinə qoşulub. Gələndən ikicə dəfə gözünün çimirini ala bilib – birində bir saat, o birində iki saat. İndi üçüncü dəfə istirahət üçün 15-20 dəqiqəlik vaxt edib, onu da, bir tərəfdən, mən qoymuram (telefonla danışırıq), o biri tərəfdən, dəqiqəbaşı kimsə yanına gəlir (telefonda eşidirəm):


– Əfəndim, 8 nəfərlik könüllü dəstəsi göndəriblər. Amma onları enkaza yaxın buraxmırlar. Dedilər, sizə söyləyək.

– Burada ehtiyac yoxdur. Biz alt qata çatmışıq. O biri enkazlara yollayın. Çox yerdə adam çatışmır, – Ceyhun göstərişini verib, mənimlə söhbətə qayıdır. – Bu binada axtarış-xilasetmə işlərinə rəhbərliyi mənə tapşırıblar. Şəhərdə, demək olar ki, salamat bina yoxdur. İş o yerə çatıb ki, Kahramanmaraşı tamam söküb, yenidən tikmək qərarı veriblər.

Ceyhun Xəlilov Bakıda “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyinin sədridir. Onu ixtiraçı, energetika üzrə mütəxəssis kimi tanıyıram, amma axtarış-xilasetmə sahəsində təcrübəsi olduğunu bilmirdim.

– Yox, birbaşa təcrübəm yoxdur, – Ceyhun ya yorğunluqdan, ya tələsdiyindən qırıq-qırıq danışır. – Yaxşı kara gələn cihazım var. Qarabağ müharibəsində Gəncə vurulanda, binalar dağılanda xidmətimi təklif etdim, gərək olmadı. Türkiyə zəlzələsi xəbəri çıxanda da bir-iki yerə müraciət elədim, dedilər, lazım olsan, deyərik. İstanbula bilet yox idi, Ankaraya bircə bilet tapdım, paltarımı, cihazımı götürüb, aeroporta qaçdım, heç valideynlərimə də xəbər edə bilmədim. Aeroportda cihazı biraxmırdılar, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəisi Elşən Səfərli sağ olsun, kömək elədi, geri qaytarmaq şərti ilə, xüsusi hal kimi, qurğunu çıxarmağa icazə verdilər. Böyük zülmlə fevralın 8-i gəlib Kahramanmaraşa çatdım. Çünki ən ağır vəziyyətin burada yarandığını eşitmişdim. Kahramanmaraşda “arama-kurtarma dərnəyi” deyilən qurumlar varmış. Burada gənclərə fövqəladə hallara hazır olmaq üçün təlim keçirlərmiş. Məni həmin dərnəklərdən birinə göndərdilər. Fevralın 9-da biz fədakarlardan ibarət BEŞİR enkaz arama dərnəyi ilə zəlzələdən çökmüş bu çoxmərtəbəli binanın xarabalağında axtarma-xilasetmə işlərinə başladıq.

– Cihazınız necə, işə yaradımı?

– Onun vasitəsi ilə uçqunun altından görüntü götürürük, səs ötürürük və çox zəif səsləri tuta bilirik. Təxminən on altı metrədək.

– On altı metr qaçan adama çox qısa məsafə görünə bilər. Santimetr-santimetr irəliləməli olduğun yerdə isə bu, saatlarla keçə biləcəyin böyük məsafədir.

– Elədir. Bura gəldiyim ilk saatlarda beton qatların arasında 4 nəfər tapdım, birini sağ çıxardıq. Sonra daha 8 nəfər… Onlardan da bir qız sağ idi… Sonra… bir ərəb oğlan tapdım, türk dilini bilmirdi. Tərçüməçi gətirib, içəridəki dar boşluğa bir yerdə girəsi olduq. Birtəhər çıxardıq. Sonra… Artıq sayı itirmişəm. Elə indi, zəlzələnin 5-ci günü uçqunun alt qatlarında 3 nəfər sağ adam tapmışam. Bir neçə xilasedici onlara yol açmağa çalışır. Ona görə qalan hamı dayanıb və biz də söhbət edə bilirik.

– Hə, bu gün biz Kahramanmaraşda, Hatayda, başqa şəhərlərdə hələ də sağ çıxarılan insanları televiziyada gördük. Neçə gündür, gözümüz ekrandadır. Ümumiyyətlə, görəsən, oradakı real vəziyyəti media tam əks etdirirmi?

– Nə yazıldığını, nə göstərildiyini bilmirəm. Amma buradakı vəziyyətə dair çox şeyi təsvir etmək mümkünsüzdür. Təbii fəlakətin miqyasını necə təsəvvür edəsən ki, onu 500 atom bombası ilə müqayisə edirlər. Tikinti şirkətlərinin cinayəti itkiləri daha da artırır, elə yerlər var ki, yol, ümumiyyətlə, yoxdur, böyür-böyürə binalar bir-birinin içinə girib, üstünə yıxılıb. Hökumətin işin təşkilində səhvləri vəziyyəti daha da qəlizləşdirir. Gecələr mənfi 15 dərəcəyə çatan soyuqlar işi lap ağırlaşdırır. Bəzən barmaqlarını hiss etmirsən. İnsanlarda isə təlaş böyükdür. Əzizləri dağıntıların altında qalanlara nəsə izah etmək olmur. Başımızın üstünü kəsdirib, öz mənzillərinin yerini göstərir, “tez elə, tez elə” deyirlər. Burada isə ehtiyatla davranmalısan. Bir ekskavatorçunu elə karıxdırdılar ki, onun təmizlədiyi yerdə uçqun altında günlərlə davam gətirmiş adamın blokların arasından qanı sızdı. Yazıq ekskavatorçu, ağlını itirmişdi. Buradakılardan biri dedi ki, bizi tələsdirənlərin başından vurub, ölənlərin yanına uzadacağıq. Yalnız bundan sonra camaatı bir az kənarlaşdırmaq mümkün oldu.

– Azərbaycandan xilasedicilər çoxdurmu, onlarla əlaqəniz varmı?

– Mənim olduğum enkaza macar xilasediciləri gəliblər. Burada, başqa şəhərlərdə bizim Fövqəladə Hallar Nazirliyinin dəstələri olduğunu da bilirəm, onların işi haqqında yaxşı sözlər eşitmişəm. Hələ ki, əlaqəm yoxdur. Amma dünən uçqun altında bir Azərbaycan bayrağı tapdım. Yaman təsirləndim. Kimin imiş, görəsən? O ətrafda diri bir insan tapmağa çalışdım. Təəssüf ki, cihaz yaxınlıqda həyat göstərmədi.

– Adətən, belə cihazlar xüsusi təşkilatlarda olur, dövlət qeydiyyatına alınır. Sizdəkini özünüz düzəltmisiniz?

– Özüm düzəltmək istəmişəm. Gücüm, daha doğrusu, vəsaitim çatmayıb. Layihə yarımçıq qalıb. 2013-də bir türk iş adamı var idi, köməkləşib başa çatdırdıq, bu cihazı mənə verdi. Aparatı burada işlədəndən sonra ağlıma yeni ideya gəlib. Təzəsini hazırlamaq. “Su sızıntısı” prinsipindən istifadə edərək, cihazı təkmilləşdirmək, elə eləmək ki, həm səs və görüntü götürsün, həm də hərəkətə və termal təsirə yüksək həssaslığı olsun. Halsız adamın barmaq hərəkətinə, ürək döyüntüsünə qədər… Getməliyəm, desəyən, çatıblar bayaq tapılanlara…

– Uğur olsun, Ceyhun. Bunlar barədə danışarıq. Hələlik mümkün qədər çox adama sağ ikən çatmaq və sağ-salamat evə dönmək lazımdır.
Arif Əliyev
pressklub
 
 
Ardını oxu...
Əbu-Qreyb məhbusu UNESCO-nun növbəti saxtakarlığını ifşa etdi: Türk qalası necə “Erməni Mədəniyyət Mərkəzi” oldu?...

Bugünkü xəbərlər çılğın bir qlobal fəlakət təəssüratı yaradır. Deyəsən, bütün dünya müharibələrin, təbii fəlakətlərin ağuşunda alovlanır, insanlar var-gəl edir, əziyyət çəkir, iztirabdan ölürlər...

Bəlkə də, bunda bir məntiq var, çünki yenilik həmişə əziyyətlə doğulur. Yeni Dünya belə yaranır, nə və necə olacaq, hələ heç kim təsəvvür edə bilməz... Sadəcə aydındır ki, şübhəsiz, sivilizasiyanın dönüş nöqtəsi, bütün bəşəriyyətin gələcəyinə bir növ dəhliz kimi indiki zaman bütün tarix kitablarında yer alacaq.

Paradoks odur ki, konkret etnik qrupa xas olan bəzi spesifik xüsusiyyətlər istisna olmaqla, bütün ölkələrdə gedən proseslər demək olar ki, eynidir. Və artan fəlakətlərin bu fonunda insanlar intuitiv olaraq ÖZÜNÜNKÜLƏRİ axtarmağa başlayırlar. Bu, sadəcə müttəfiqlər və ya etnik cəhətdən eyni olan xalqlar ola bilər, amma məsələ bunda deyil, məsələ ondadır ki, hamı birdən bu böhrandan HEÇ KİMİN tək xilas olmayacağını anladı.

Yuxarıda deyilənlərə əsaslanaraq, bu yazıda 1968-ci ildə Kərkük (İraqın şimalı) şəhərində anadan olmuş və hazırda orada yaşayan türkmən Əli Zeynalın AYNA-ya müsahibəsini diqqətinizə çatdırmaq istəyirəm. Müsahibimin istinad etdiyi Kərkük əhalisi müharibənin dəhşətlərindən, kabuslu etnik təmizləmədən sağ çıxıb. Əli bəy bu gün İraq Nazirlər Kabinetində siyasi məhbuslar üzrə hüquqşünas vəzifəsini tutur:

- Mən Əli Zeynal, atamın adı Hüseyn olub. Kərkükdə, Bəylər məhəlləsində doğulmuşam. Atam da, rəhmətlik babam da orada doğulublar. Babam 1892-ci ildə anadan olub. Bir vaxtlar Ərzurumda Osmanlı ordusu sıralarında döyüşlərdə iştirak edib, əmisi oğlu isə Çanaqqala döyüşündə şəhid olub. Bundan əlavə, Antanta-ya qarşı türklərin qurtuluş savaşında xalqımın böyük rol oynadığını bilirəm.

Evdə həmişə türkməncə danışırdıq. Bizim dil öz ləhcəsi ilə Azərbaycan dilinə ən yaxınıdır. İraqdakı türkmən şəhərləri Kərkükdən başqa Mosul və Ərbildir. Ümumilikdə üç milyona yaxın insanıq. Amma türkmənlərin əksəriyyəti Kərkükdə yaşadığı üçün bizə Türkmən deyil, Kərkük camaatı deyirlər.

Biz türkük və bildiyimə görə, hələ Omanda, Suriyada, Yəməndə, Liviyada da bizim türklər yaşayır. Uşaq vaxtı babamdan soruşurdum ki, biz hardan gəlmişik, niyə burada yaşayırıq, axı ərəb deyilik. Və babam cavab verirdi ki, türklər yer üzündə, dünyanın hər yerinə səpələnmiş çoxsaylı xalqlardan biridir. “Narahat olmayın, bir gün biz də türk qoşunlarının köməyi ilə zülmdən azad olacağıq” – deyirdi tez-tez. Və bunu ona görə deyirdi ki, o vaxt bizim xalq çox sıxışdırılıb.

1917-ci ildə Osmanlı dövləti İraqdan çəkildikdən sonra ingilislər bizi Osmanlının varisləri kimi görərək, türk elektoratına qarşı məqsədyönlü siyasət yürüdürlər. Bu gün türk qardaşlarımızın get-gedə qüdrətini geri qazanmasına sevinməyə bilmərik. Bunlar Türkiyədən başqa, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi dövlətlərdir. Sovet İttifaqı dağılandan sonra bütün bu qardaşlarımız müstəqil dövlətlər qurdular və öz tam müstəqilliklərini qurmağa doğru irəliləyirlər.

Biz heç bir zülmə rəğmən ərəblərlə, kürdlərlə assimilyasiya olmamışıq, kim olduğumuzu həmişə xatırlamışıq, övladlarımız öz doğma türkcəmizdə danışırlar. Xalqımız öz milli kimliyi uğrunda bu çətin mübarizədə böyük qurbanlar verib:

1924-cü ildə ingilislər Kərkük türklərini qırdılar.
1946-cı ildə Gavur bağı deyilən yerin yaxınlığında bu dəhşət təkrarlanır.
1959-cu ildə türkmənlərin qırğını kürd kommunistləri tərəfindən təkrarlandı.
1980-ci ildə Səddam Hüseyn rejimi türkmən millətçilərinin liderlərini edam etdi.
1991-ci il martın 28-də Altın Körpü adlanan yerdə kərküklülər qətlə yetirildi.
1996-cı il avqustun 31-də Ərbildə Səddam Hüseynin təhlükəsizlik xidməti millətimizin 40 fəalını edam etdi.
2014-cü ilə aid bu fotoda dostum, böyük qardaşım Nihat Akkoyunlu (sağda birinci) da var. O, 1980-ci ildə həbs olunub, 2000-ci ildə azadlığa çıxıb. Turanı təbliğ etməkdə və Türkiyə xeyrinə casusluqda ittiham olunub. O, 2015-ci ildə 83 yaşında vəfat edib.

- Siz də eyni ittihamlarla İraq zindanlarından keçdiniz, bu barədə bizə nə danışa bilərsiniz?

- Coğrafiya fakültəsində təhsil aldığım universiteti bitirdikdən sonra ölkəmizin bütün gəncləri kimi hərbi xidmətə getdim. Və xidmət etdikdən 7 ay sonra İraq təhlükəsizlik xidməti tərəfindən saxlanıldım. Saxlanmaya səbəb mənim Turan fikirlərini yaymağım olub. Səddam Hüseyn ölkənin milli ideyasını elan edərək, İraqda yalnız iki böyük xalqın - ərəblər və kürdlərin olduğunu bəyan etdi. Bizdən söhbət belə, getmirdi və bizə dedilər ki, ya ərəblərə, ya da kürdlərə boyun əyməliyik. Biz belə düşünmürdük. Kərkükdə demək olar ki, bütün şəhər toponimləri türk dilindədir və Səddam tədricən bu adları ərəbcəyə dəyişməyə başlamışdı. Ona görə də tarixi məhəlləmiz olan Bəylər məhəlləsini Meysenunla dəyişmək istədi, biz bundan çox narazı idik və buna görə də təqib edildik və izləndik.

Başqa misallar da var idi: Şimali İraqda 1991-ci ildə Ərbil, Süleymaniyyə və Dok şəhərlərində BMT-nin təhlükəsizlik zəmanəti ilə hakim Baas Partiyasına (Səddam Hüseyn) qarşı olan yeni türkmən partiyalar yaradıldı. Mən də ora tez-tez gəlirdim, çoxları ilə görüşür, çox şeyləri müzakirə edir, mübahisə edirdik. Bir gecə evimi mühasirəyə aldılar və mən Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olundum. Səhər məni Kərkükdən Bağdad həbsxanasına apardılar və orada “Qırmızı otaq” deyilən yerə yerləşdirdilər.

Bu, ölüm kamerası idi: 2 x 2,50 kv. Metr otaqda 7 nəfər idik (!). Orada təkcə türklər deyil, Səddam rejiminə nifrət edən ərəblər və kürdlər də var idi. 8 ay bu “qırmızı otaq”da qaldım. Onu “edam otağı” da adlandırırdılar. Bu, həyatla bir araya sığmayan mürəkkəb işgəncələr və təhqirlərlə sonu olmayan dəhşət idi. Çoxları işgəncələrə dözə bilməyib öldü.

Səkkiz aylıq cəhənnəmdən sonra mühakimə olundum, amma heç nəyi etiraf etmədim. Məni İraqın şimalında müxalifət partiyaları ilə görüşməkdə, onlara məlumat verməkdə, gənclərlə təbliğat işləri aparmaqda ittiham edirdilər. Amma heç nəyi etiraf etmədim və heç kimə xəyanət etmədim. Allaha şükür ki, birgə görüşdüyümüz hər kəs sağ qaldı, bəziləri Türkiyəyə qaçdı. Mənim isə yəqin ki, bu əzabları yaşamaq qismətim imiş...

Əbu-Qreyb həbsxanasında siyasi məhbuslar yatan şöbədə uzun 5 il keçirmişəm. Bu həbsxanalarda işgəncələrə dözə bilməyən xeyli insanımız dünyasını dəyişdi, yaxınları hələ də harada dəfn olunduqlarını bilmirlər. Casusluqda günahlandırılan və 1979-cu ildən həbsdə olan, hətta o vaxt da həbs müddəti 20 ilə yaxın olan insanları gördüm. Söhbət 93-94-cü illərdən gedir.

Qohumlarım məni görməyə gələndə tanımadılar. İşgəncələrdən sonra mənim çəkim cəmi 55 kiloqram idi, bu, əvvəlki çəkimdən 20 kiloqram az idi. 1995-ci ildə BMT Səddamla insan hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağladı və həbsxanalarda bəzi güzəştlər başladı. 1995-ci il avqustun 14-də azadlığa çıxdım. Bir müddət Kərkükdə qaldım, amma hələ də daimi nəzarətdə idim və Şimali İraqa qaçdım və orada 4 ay qaldım. O zaman bizim siyasi türkmən partiyaları orada hər şeyə nəzarət edirdi. Sonradan Türkiyəyə qaçmaq qərarına gəldim. Sərhədi keçəndə heç bir sənədim yox idi, yalnız İraqın daxili pasportu var idi. Amma məni türk - türkmən kimi içəri buraxdılar.

Beləliklə, mən Ankaraya getdim, 1998-ci il idi. Ankara mənim üçün tamamilə yeni bir dünya, yeni bir həyat oldu! Türkiyə mənə qollarını açdı. Məni sağaltdı, doğma türk evimdi. Mənə təqaüd verdilər, Qazi Universitetində yataqxana təşkil etdilər. Orada universitetdə dil kursları keçdim, sonra Ankara Universitetinin İslam tarixi fakültəsini bitirdim. Ankarada yeni insanlarla tanış oldum, xüsusən də çoxlu azərbaycanlı dostlarım var idi. Mən Azərbaycan mədəniyyət mərkəzlərində oldum, həm də qırğızlarla, bulqar türkləri ilə, Kosovo türkləri ilə ünsiyyətdə oldum. Mən onların mədəniyyəti, həyat tərzi ilə maraqlandım, bütün bunları həvəslə mənimsədim və eyni zamanda mədəniyyətimdən danışdım. Və onlar da bizim bir çox həyatımızla maraqlandılar, təəccübləndilər. Məhz o zaman anladım ki, milli mücadilə çox mürəkkəb bir şeydir. Burada əsas olan ruh, gücdür, xalqın üçün çox şey etməlisən və köklü şəkildə dəyişiklikləri ancaq TƏHSİLİN, ELMİN köməyi ilə etmək olar!

Zaman-zaman vətənimə, Şimali İraqa gəlirdim, bura Səddamın təsirindən kənar bir zona idi, orada müxalif Kərkük qüvvələri fəaliyyət göstərirdi. Mən yığıncaqlarda iştirak etdim, kərküklülərin ayıq-sayıq olmaları üçün xəbərdar etdim və 2003-cü ildə, aprelin 9-da süqut edənə qədər bu dəhşətli rejimə qarşı hər cür mübarizə apardım.

Səddam bizi assimilyasiya etmək üçün çox şey etdi, amma bacarmadı. Belə ki, Birləşmiş Millətlər Təşkilatının köməyi ilə Ərbil qalası muzeyə çevrildi. UNESCO-nun pulu ilə insanlar öz evlərindən köçürülüb, qədim evlər, hamamlar bərpa edilib. Və günlərin bir günü, birdən biz bu evlərdən birinin üstündə bir lövhənin necə göründüyünün şahidi olduq: “Erməni Mədəniyyət Mərkəzi”. UNESCO burada ermənilərin yaşadığını insanların beyninə yeritmək istəyirdi. Bu qala həmişə türklərin olub, hətta bizdə belə bir deyim var: “Türk olan yerdə qala var ki, babalarımız hardasa məskunlaşmamışdan əvvəl qala tikdirib”.

Ərbildə 1915-ci ildən sonra Türkiyədən köçərək qismən İraqda, qismən də Suriyada məskunlaşan ermənilər meydana çıxdı. Bu torpaqlar onların torpaqları deyil və 1917-ci ildə ingilislər onlara yardım edərək, hər cür dəstək verərək, erməniləri İraqa yerləşdirməyə başladılar.

Yadımdadır, uşaq vaxtı atamdan soruşdum ki, bizim qonşularımız olan ermənilər türkcə bu qədər gözəl danışırlar, amma bizim danışdığımız türkcə deyil. Bizim dilimiz Azərbaycan dili kimidir, onlar isə Osmanlı ləhcəsində danışırlar. Atam isə cavab verdi: “Oğlum, onlar Atatürkün vaxtından bura qaçıblar, türkcə danışsalar da, bizim dostumuz deyillər. Ermənilər bizim dilimizi öyrənirlər, çünki bütün türkləri özlərinə düşmən sayırlar, onlarla daim ehtiyatla davranın. Onlar heç vaxt sizin dostunuz olmayacaqlar”.

Qarabağa gəlincə, şəxsən bizim üçün şərəf məsələsiydi. Orada baş verənlərdən hamımız xəbərdar idik. Qarabağda azərbaycanlılara qarşı olan bütün bu qəddarlıqları başa düşə bilirdik, çünki biz öz torpaqlarımızda həm ingilislərin, həm kralın, həm də Səddamın zamanında dəfələrlə oxşar hadisələri yaşamışıq.

Qarabağı unutmadıq... 2020-ci ildə Bağdaddan Ərbilə qayıdırdım, maşında radionu yandırdım və birdən ordan eşitdim ki, Azərbaycan ordusu Füzuli şəhərinə daxil olub! Maşını saxlayıb ağladım! Kərkükə girəndən sonra maşından düşüb insanlara “Qarabağ alındı, Azərbaycan qoşunları Füzuliyə girdi!” deməyə başladım. Amma Kərkükdə hələ heç kim heç nə bilmirdi, inanmadılar, dedim, televizoru açın, onsuz da orda danışırlar! Biz sizinlə çox sevindik və fəxr etdik!

- Amerikanın İraqa hücumu haqqında nə deyə bilərsiniz, o vaxtları xatırlayırsınız?

- Amerika İraqı ələ keçirmək planlarını 1950-60-cı illərdən qururdu, lakin bir müddət sonra həyata keçirə bildilər. Əvvəldən hər şey onların planı üzrə getdi. İran-İraq müharibəsi amerikalıların işi idi, sonra Küveytlə müharibə, daha sonra Şimali İraq parçalandı, İraqın hərbi uçuşları cənubda tamamilə qadağan edildi. Bir sözlə, amerikalılar öz strateji planları sayəsində bu bölgədə, bütövlükdə ölkəmizdə tam hökmranlıq etdilər. Və İran körfəzində möhkəmlənərək, bu neftli bölgənin tamhüquqlu nəzarətçiləri oldular. Bütün İraq nefti, bütün əldə edilən mənfəətlər də onların nəzarətindədir. Guya Amerika qoşunlarının bu gün İraqdan çıxarılmasına baxmayaraq, bütün İran körfəzi regionu onların əlindədir.

- Sizin ən böyük arzunuz nədir?

- Bəli, tək bir Türk dünyasını, bir bayrağı - Turan bayrağını görmək arzusu var. Mən çox istəyirəm ki, bu gün başqa xalqların boyunduruğu altında olan türklər - Çində, Kosovoda, İraqda, Suriyada, Təbrizdə, Ərdəbildə bir araya gəlsinlər və necə bir güc olduqlarını dərk etsinlər. Arzu edirəm ki, xalqlarımız maarifdən, təhsildən ən yaxşısını götürərək yeni, müasir dünya quracaq, başqa xalqlar üçün gözəl nümunə olacaq.

Allah qoysa, nəhayət ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılacaq, daha sonra məşhur İpək Yolu fəaliyyətə başlayacaq. Heç kimə sirr deyil ki, Çindən, Özbəkistandan, Xəzər dənizindən keçən yol İranda həmişə İpək Yolu deyil, türklərin yolu, Turan yolu adlandırılıb! Təbii ki, bu gün Qərbi Şərqlə birləşdirmək üçün hardan girirsinizsə, Anadoludan keçmək lazımdır. İpək Yolu türk torpaqlarından keçir. Mən xəyal qururam, bütün həyatımın mənası isə Türk dünyasının birləşməsidir. Belə ki, vahid ordumuz, tək ticarət məkanımız olsun. Bu gün Avropanın vahid ticarət məkanı var, niyə biz onların təcrübəsini təkrarlamırıq?

- Azərbaycanda olmusunuz?

- 1997-ci ildə azərbaycanlılarla ilk dəfə Ankarada tanış olanda ölkəniz haqqında çox eşitdim və Azərbaycana səfər etmək istədim, amma pasportum yox idi. Və onu əldə etmək üçün heç bir yol yox idi. Yalnız 2017-ci ildə fevral ayında Azərbaycana gələ bildim, qrupla gəldim. Heydər Əliyev Beynəlxalq Hava Limanında enən kimi bu torpağa ayaq basanda ilk etdiyim şey onu öpmək oldu. Və Uca Allaha şükür etdim ki, arzum gerçəkləşdi. Dəniz kənarında dalğalanan misilsiz, nəhəng bayrağınızı görəndə sevindim, ürəyim dağa döndü!

İkinci dəfə tək gəldim. Birbaşa Azərbaycanın hava limanında viza aldıq. Bir çox insanla tanış oldum. 2018-ci ildə deputat Fazil Mustafa ilə görüşdüm. O, jurnalistləri dəvət etmişdi. Sonra Oktay Qasımov, Anar Əsədli, Aqil Əsgərov, Araz Aslanlı, Mahir Qəribovla görüşdüm. Onlara dedim ki, mən İraq türkləri adından gəlmişəm ki, xalqımızın nümayəndələrinin Azərbaycan universitetlərində mühəndis, jurnalist, beynəlxalq səviyyəli siyasətçi kimi təhsil almasına necə nail olmaq barədə məsələ qaldırsınlar. Fazil Mustafa bütün təkliflərimi qeyd etdi və bütün bu məsələləri qaldırmağa çalışacağını bildirdi.

Mən həmçinin Azərbaycan və Kərkük Mədəniyyət Evinin yaradılmasını təklif etdim ki, onun vasitəsilə biz həm Kərkükdə, həm də Bakıda bir çox mədəni və siyasi aspektləri əlaqələndirə bilək. Azərbaycana sonuncu dəfə 2020-ci ildə fevralın 20-də gəlmişdim, fevralın 29-da qayıtmışdım. Sonra koronavirus başladı. Qalsaydım, daha yaxşı olardı, o zaman Qarabağ müharibəsində iştirak edə bilərdim!

İndi koronavirusdan sonra sərhədlərin açılmasının ardınca bütün arzuma baxmayaraq, Bakıya gələ bilmirəm, Azərbaycan İraq vətəndaşı olaraq bizə viza vermir. Mən İraq vətəndaşıyam, hər şey düzdür, amma mən türkəm və həqiqətən də öz evim hesab etdiyim Azərbaycana yenidən qayıtmaq istəyirəm. Yeri gəlmişkən, 2022-ci ilin sentyabrında konfransa dəvət aldım: “Turanın qapılarını açırıq”. Mənim adıma dəvət gəldi. Mən Ankaradan viza ala bilərdim, amma elə oldu ki, şərait buna mane oldu.

Bu müsahibə vasitəsilə Azərbaycan ictimaiyyətinə müraciət etmək istərdim: bir çox türkmənlərimiz bura gəlmək istərdi, bizim üçün bu, bizim dünyamızın, özümüzün bir parçasıdır, amma təəssüf ki, viza almağın mümkünsüzlüyü bizi çox kədərləndirir. Nə olur-olsun, bilin ki, İraqda azərbaycanlılarla tam eyni, identik olan bir xalq var. Dilimiz, adətimiz, mentalitetimiz, mədəniyyətimiz eynidir... Tale bizi ayırıb. Amma elə vaxtlar olub ki, biz bir etno-mədəni məkana sahib olmuşuq. İndi tarixin diktəsi ilə dünyanın müxtəlif tərəflərinə səpələnmişik. Buna rəğmən qəlbimiz birdir, əməyimizlə, əməlimizlə sübut etdik ki, kərkük türkləri heç bir şəraitdə təslim olmayan qürurlu bir xalqdır, biz türkmənlər türkük, sizin qardaşlarınızıq.

Mələk Vəlizadə

AYNA üçün
 
Ardını oxu...
44 günlük savaşda əldə etdiyimiz zəfərdən sonra beynəlxalq hüququn, ədalətin məhz Qərbi Azərbaycandan - indiki Ermənistan ərazilərindən qovulan azərbaycanlıların tapdalanmış haqqının tanınmasına, bərpasına çağırışlar edilir. Bu məqsədlərin gerşəkləşməsi naminə yaranan “Qərbi Azərbaycan İcması” bu istiqamətdə hansı ilkin addımları atır və ölkə ictimaiyyəti bu prosesdə necə iştirak etməlidir? Bu istiqamətdə "Həftə içi" qəzetinə müsahibə verən "Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri Mürvət Həsənli bir çox mühüm məsələlərə diqqət çəkib. DİA.AZ onunla müsahibəni təqdim edir:

- “Qərbi Azərbaycan İcması” adı özlüyündə nəyi diqtə edir?

- Bu gün “Qərbi Azərbaycan İcması”nın təsis edilməsi özlüyündə bir daha Azərbaycan xalqının öz tarixi dədə-baba torpaqlarına qayıdışının yol xəritəsini cızan və ona doğru start götürən bir platformadır. “Qərbi Azərbaycan” adı tarixin qatlarını canlandırıb, o yerlərdən məcburən qovulan azərbaycanlıların dünyaya verdiyi “haqqı gör, haqqı tanı, ədaləti bərpa et!” mesajıdır.

Təbii olaraq “Qərbi Azərbaycan İcması” həm tarix, həm ölkə vətəndaşları qarşısında Qərbi Azərbaycan kökənli insanları bir araya gətirən qurum olaraq formalaşıb. Bu qurumda cəmlənən insanların hər biri çalışır ki, Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarına gedib öz tarixi abidələrini, qəbiristanlıqlarını, müqəddəs ocaqlarını ziyarət edib, babalarının ruhuna dualar oxusunlar. Düşünürəm ki, biz yaxın 10 illikdə öz hədəfimizə çatacağıq və çox rahat şəkildə Qərbi Azərbaycana gələcəyik, orada yaşayıb yenidən torpaqlarımızı abadlaşdıracağıq. Bizdən sonra, 35 ildir ki, o torpaqlarda heç kim yaşamır. O torpaqlarda həyatın canlanacağına inanıram, güvənirəm.

- Qərbi Azərbaycana Qayıdış Konsepsiyası tarixi yurdlarımıza qayıdışımız üçün hansı imkanı yaratdı?

- Qayıdış Konsepsiyası yanvar ayının 26-da Müşahidə Şurası tərəfindən qəbul olundu. Qayıdış Konsepsiyasında əks olunan müddəaların yerinə yetirilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər planı qəbul olunacaq. Tədbirlər planında olan və icma qarşısında qoyulan bütün öhtəliklərin yerinə yetirilməsi və bu istiqamətdə bağlı bütün çalışmalar öz yerini tutacaq.

Bizim qarşımızda olan bir neçə hədəf var. Bilirsiniz ki, 2022-ci il dekabrın 24 –də “Qərbi Azərbaycan İcması”nın inzibati binasının açılışında iştirak edən cənab Prezident “Qərbi Azərbaycan İcması”nın rəhbərliyi qarşısına müəyyən öhtəliklər qoydu. O öhdəliklərdən də biri Qayıdış Konsepsiyasının tezliklə qəbul olunması idi ki, artıq məlum sənəd qəbul olunub. Ondan başqa qarşıda tədbirlər planının hazırlanması durur ki, çox güman ki, o da yaxın zamandlarda açıqlanacaq. Və rayonlarda, xarici ölkələrdə icmanın strukturlarının formalaşması istiqamətində işlər gedir.

Hazırda yerlərdə Qərbi Azərbaycan İcmasının şöbələri yaranır. Gəncədə, Sumqayıtda, Goranboyda regional şöbələrimiz var və digər bölgələrdə də yaranacaq. İnsanlar həmin şöbələrə müraciət edəcəklər. Düşünürəm ki, yaxın müddətdə biz bu məsələlərin həllinə nail olacağıq.

- Qayıdışımız üçün ilk növbədə hansı maneələr aradan qaldırılmalıdır?

- Qayıdış Konsepsiyasında bir neçə müddəa var ki, o torpaqlara qayıtmağımız üçün Ermənistan hökuməti azərbaycanlılara məxsus viran edib, dağıtdıqları evlərin təmirini aparmalı, bərpa etməlidir. O cümlədən qərbi azərbayacanlıların o yerlərdə təhlükəsizliyinin qarantı üçün Azərbaycan Dövləti və Azərbaycan Dövlətinin seçdiyi dövlətlər tərəfindən təminat alınmalıdır. Yəqin ki, bununla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Bundan sonra biz torpağımıza qayıdacağıq. Biz düşünürük ki, bizə təminat verən ölkənin kim olacağı mütləq Azərbaycan Dövləti ilə razılaşdırılmalıdır. Pakistan, Türkiyə, İngiltərə kimi beynəlxalq qanunları hər zaman özündə ehtiva edən ölkələr təhlükəsizliyimizlə bağlı bizə zəmanət verə bilər.

Digər tərəfdən qayıdışımızla bağlı ölkə başçısı çox açıq şəkildə bildirdi ki, hədəfimiz indiki Ermənistanda doğulan, yaxud İrəvan kökənli insanların o yerlərə qayıtması ilə bağlı idi. Hədəfə çatmaq üçün beynəlxalq ictimaiyətə müraciətlərimiz olacaq. Ermənilər bu gün necə Azərbaycan torpaqlarında, müstəqil Azərbaycan vətəndaşlarının yaşadığı parametrlərlə yaşamaq istəyirlərsə, Qərbi Azərbaycandan olan insanlarımız da Ermənistanda yaşaya bilərlər. Zatən cənab Prezident də söylədi ki, indiki Ermənistan ərazisi olan Azərbaycan torpaqlarında 300-dən yuxarı Azərbaycan kəndləri olub. Həmin kəndlər hazırda, demək olar ki, boşdur, heç kim yaşamır. O cümlədən də Ermənistanın böyük şəhərlərinin əsas hissəsini azərbaycanlılar təşkil edib. O yerlərdə boşluq var və biz azərbaycanlılar vaxtilə boşaltdığımız yerlərə qayıdıb, öz ata-baba torpaqlarımızda yaşayacağıq. Ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı inamı baxışlarında, nitqində sezilirdi. Prezident dedi ki, həlli mümkün olmayan məsələni dilimə gətirmirəm və mən düşünürəm ki, bu qayıdışın həlli mümkündür. Və yaxın müddətdə buna nail olacağıq. Yetər ki, Azərbaycan xalqının milli birliyi təmin olunsun.

– Məlumdur ki, Qərbi Azərbaycana qayıtmaq istəyimiz ermənilərin qaragüruhçu hay-küyü ilə qarşılanır...

- İşğalçı Ermənistanın, separatçı ermənilərin qaragüruhçu hay-küyləri yeni deyil. Ermənilər bu cür yalan, sərsəm hədyanlarla səs-küy yaradıb öz istəklərini diqtə etməyə çalışırlar. Onlar da bilirlər ki, tarix təkrarlanır və hər kəs özünün tarixi torpaqlarında yaşayacaq. Bu da hər kəsə yaxşı məlumdur ki, indiki Ermənistan ərazisində ermənilərin bir qarış torpağı olmayıb, orada erməni yaşamayıb. Ermənilər özləri bunu çox yaxşı bilirlər və ona görə də indidən bu cür qaragüruha başlayırlar. Hesab edirəm, yaxın gələcəkdə ermənilər də biz deyənlərlə razılaşacaqlar və düşünəcəklər ki, firavan yaşamaq üçün azərbaycanlılarla birgə yaşamağı qəbul etməlidirlər. Ermənilərin bunu nəhayət dərk edəcəklərini düşünürəm.

- Tarixi torpaqlara, elə Qarabağımıza və işğaldan azad olunan rayonlarımza qayıdışdan danışanda, ilk növbədə, həmin ərazilərin bərpası məsələsi önə gətirilir. Məlumdur ki, o torpaqların yerüstü abidələri dağıdılıb, yer altındakı sərvətləri talanıb. Belə bir şəraitdə ərazilərin bərpası, abadlaşması üçün lobbiçilik, iş adamları bir araya gətirilib öz dəstəklərini bildirmələri, hansısa fəaliyyəti ortaya qoyması məsələsi öz əksini necə tapır?

- Biz 24 dekabrda cənab Prezidentin çıxışını əsas götürərək və beynəlxalq hüquqa söykənərək bəyan edirik ki, bizim Qərbi Azərbaycan ərazilərində qalan evlərimizi, yurdumuzu ermənilər viran qoyub, onlar da bərpa etməlidir. Qeyd etdiyim kimi, bununla bağlı beynəlxalq məhkəmələrə müraciət olunacaq və həmin məhkəmələrin qəbul etdiyi qərarlara uyğun olaraq Ermənistan hökuməti bunu bərpa etməlidir. Digər məsələlərdə isə təbii ki, Azərbaycan özünün gücünə, iqtisadiyyatına güvənəcək. Azərbaycan iqtisadiyyatı inkişaf baxımından hazırda regionda liderliyi ələ alıb. Azərbaycan 1990-1993-cü illərdə olduğu vəziyyətdə deyil. O, bir neçə dövlətlərə öz yardımlarını edir, lazım gələndə həmin dövlətlərə investisiya qoyur. Ermənistan bizim iki rayonumuz qədərdir və düşünürəm ki, bizim o tarixi ərazilərimizi bərpa etmək gücümüz var. Amma beynəlxalq hüququn tələblərindən də istifadə etməliyik.

- Qayıdış prosesində iqtisadiyyatımız öz sözünün necə deyə bilər və bir iqtisadçı olaraq hansı təklifləriniz var?

- Qeyd etdiyimiz kimi, ölkəmiz iqtisadi cəhətdən böyük uğurlar əldə edir. 2022-ci ildə Azərbaycanda ümumdaxili məhsulun dəyəri 134 milyard manat olub. Düşünürəm ki, bunun hamısı zaman-zaman cənab Prezidentin iqtisadiyyatla bağlı qəbul etdiyi dövlət proqramları və 2016-cı ildə strateji yol xəritəsinin qəbulu və digər məsələlərlə bağlı aparılan islahatlar əsasında gerçəkləşdi. Kənd təsərrüfatı, yüngül sənayenin və digər sahələrin inkişafına yönələn yol xəritəsi onu gösətrir ki, yaxın müddətdə Azərbaycan iqtisadiyyatı daha güclü olacaqdır. Azərbaycan iqtisadiyyatının güclü olması o deməkdir ki, gələcəkdə sosial rifahımız bu gündən də yaxşı olacaq. Sosial rifahın güclü olması o deməkdir ki, regonun lideri olan hərb sahəsi yaxın zamanlarda daha çox güclənəcək və hərbi sənaye sahəsində daha böyük hədəflərə çatacağıq. Bütün bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinin göstəriciləridir. Bu gün iqtisadi inkişaf, yaxın gələcəkdə Qərbi Azərbaycan kökənli soydaşlarımızın öz torpaqlarına qayıtmasına zəmin olacaq.

- Qərbi Azərbaycana Qayıdışın başlanğıcında bizi ilk olaraq Zəngəzur yolundan keçid gözləyir. Necə hesab edirsiniz, bu yol nə zaman üzümüzə açılaca?

- Cənab Prezidentin qarşıya qoyduğu hədəflərə çatmağımız üçün əyani sübutlarımız çoxdur. Biz bunu iqtisadiyyat, hərbi sahədə, eləcə də işğal olunmuş torpaqların azad edilməsindən sonra üçtərəfli sazişə əsasən Zəngəzur yolunun açılması ilə bağlı məlum bənddə də görürük, müşahidə edirik. Bu gün bu məsələ bizim aktualdır. Zəngəzur Yolunun açılması fonunda biz sonrakı illərdə qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsini qarşımıza məqsəd kimi qoymuşuq. Zəngəzur yolunun açılması yaxın ayların məsələsi olsa da, dediyim kimi, son 10 illikdə Qərbi Azərbaycana qayıdışımızı həyata keçirdəcəyik. Burda söz təkcə Zəngəzurun dəhliz kimi istifadəsindən getmir. Söhbət bizim o yoldakı torpaqlarımızda yaşayışımızın təminatından gedir.

- Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra bərpa işini öz gücü hesabına həyata keçirdir. YUNESKO kimi təşkilatı Azərbaycana gəlib ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görməsi üçün ölkəmizə dəvət etsək də, hələ də, səssiz qalıblar. elə olan şəraitdə həmin o beynəlxalq qurumlar Qərbi Azərbaycan məsələsində haqqın yanında olacaq?

- YUNESKO və digər təşkilatlar Qarabağda və digər ərazilərimizdə törədilən dağıntıları yaxşı görüblər. Düşünürəm, dünyada elə bir dövlət olmaz ki, ermənilərin Azərbycanda törətdiyi vəhşiliyi görməsin. Amma onların içərisində elələri var ki, Allahını unudub haqqa nahaq demək istəyir. Amma böyük əksəriyyət Azərbaycanı bu sahədə dəstəkləyir. O cümlədən də “Qərbi Azərbaycan İcması”nın işini də böyük dövlətlər dəstəkləməyə başlayıblar. Qeyd edim ki, Türkiyənin ölkəmizdəki səfiri “Qərbi Azərbaycan İcması”nı ziyarət etdi, yaxın müddətdə başqa dövlətlərin səfirlikləri də icmanı ziyarət edəcəklər. Düşünürəm ki, xarici ölkələrdəki səfriliklərimiz vasitəsi ilə dünya dövlətlərinə öz haqq işimizi çatdıra biləcəyik.

- Siz Qərbi Azərbaycanda öz torpaqlarınızı nə vaxt tərk etmək məcburiyyətində qalmısınız?

- Biz 1988-ci ilin sonunda torpaqlarımızı tərk etməyə məcbur qaldıq. Biz Çəmbərənk rayonunun Ağbulaq kəndindənik. Kəndimiz Göyçə gölünün sahilində gözəl bir mənzərədə yerləşirdi. Biz evimizdən rahat durub Göyçə gölünü görə bilirdik. Kəndin gözəl havası, saf qəlbli, təmiz, çalışqan əhalisi var idi. Kəndimizdə 300-ə yaxın ailə təsərrüfatı var idi. Bundan başqa, kəndimizdə 5 korpusdan ibarət böyük məktəb kompleksi var idi. Onun 4 korpusu ikimərtəbəli idi 1 korpusu da 4 mərtəbəli idi. Kənd əsasən maldarlıq, heyvandarlıqla məşğul idi. Camaat çox mehriban yaşayırdı. Allah ermənilərə lənət eləsin, törətdikləri cinayətlərlə, təzyiqlərlər bizi öz yurdlarımızı tərk etməyə məcbur etdi.

Dünyapress TV

Xəbər lenti