Ardını oxu...
“Mən heç kimlə barışmamışam. Mənim Xalq artisti Flora Kərimova ilə münasibətim çox gözəl idi. Sadəcə medianın bundan xəbəri yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib onun bayramını təbrik etdim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Balkanla gecə turu” verilişinə müsahibəsində deyib.

Sənətçi 8 Mart – Beynəlxalq Qadınlar Günündə Xalq artisti Flora Kərimovanın evinə gedərək onu təbrik etməsindən söz açıb. Röya bildirib ki, F.Kərimova ilə küsülü olmayıb:

“Bu, barışıq deyil! Flora xanımı harada görmüşəmsə, salamlaşmışam, öpmüşəm, qucaqlamışam və bayramdırsa, bayramını təbrik etmişəm. Bu mənim ürəyimdən keçdi, etdim. Valideynlərim və əzizlərim Bakıda olmadığına görə onların yerinə Flora xanımı seçdim. Hamının adından onu təbrik etdim. Əsla belə düşünməyin ki, mən Flora Kərimova ilə danışmırdım və barışdıq. Xeyr! O mənim hər zaman sevdiyim və istədiyim insan olub. Sadəcə aramızda anlaşılmazlıqlar olmuşdu. Bu da olan şeydir”.
Ardını oxu...
Volodimir Omelçenko: “Neft emalı zavodlarının yarısını məhv etsək belə, onların ehtiyatı daxili ehtiyacları ödəməyə kifayət edəcək”

Ukrayna ordusu martın 13-də Rusiya neft emalı zavodlarını hədəfə almaq üçün dronlardan istifadə edərək Ryazan bölgəsindəki əraziyə ziyan vurub. Ryazan vilayətinin qubernatoru Pavel Malkov oradakı neft emalı zavoduna hücumun yanğına və bəzi xəsarətlərə səbəb olduğunu deyib. Leninqrad vilayətinin rəsmiləri Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin neft emalı zavoduna yaxınlaşan Ukrayna pilotsuz təyyarəsini vurduğunu və heç bir zərərin olmadığını bildirib.

Hücumlar ardıcıl ikinci gündür Rusiya ərazisinə endirilən Ukrayna pilotsuz təyyarələrinin dalğasının bir hissəsi olub.

Ukrayna ilə həmsərhəd olan Voronej vilayətinin qubernatoru Aleksandr Qusev çərşənbə günü hava hücumundan müdafiə qüvvələrinin bir gecədə 30-dan çox Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib.

Çərşənbə axşamı Ukrayna pilotsuz təyyarələri Rusiyanın iki yanacaq obyektinə ziyan vurub.

Ekspertlər hesab edirlər ki, Ukrayna Rusiyanın neft sənayesinə zərər verməklə bir çox üstünlüklərə nail olur.

Ukraynan Razumkov Mərkəzinin Enerji Proqramları üzrə direktoru Volodimir Omelçenko UNIAN-a mövzu ilə bağlı müsahibə verib. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Volodimir, ehtimal etmək olarmı ki, Rusiya neft bazalarına və neft emalı zavodlarına edilən hücumlardan sonra, yaxın gələcəkdə, heç olmasa, Rusiya Federasiyasının Avropa hissəsində yanacaq çatışmazlığı və qiymətdə artım ola bilər?

- Hələlik nəticə çıxarmağa tələsməzdim. Bu vəziyyəti təhlil etmək üçün, məsələn, məndə olmayan çox detallı kəşfiyyat məlumatlarını təhlil etmək lazımdır. Yəni bilmək lazımdır ki, zavodlar dəqiq nə qədər dağıdılıb, hansı avadanlıqlar sıradan çıxıb, sıradan çıxan avadanlıqları tez təmir etmək mümkündürmü, yaxud Çindən yenisini almaq olarmı və s. Suallar çoxdur.

Amma bütövlükdə götürsək, Rusiyada neft məhsulları bazarındakı problemlərin əsas amili ondan ibarətdir ki, onlar prezident seçkiləri öncəsi neft məhsullarına qiymət həddi adlanan məhdudiyyətlər tətbiq ediblər. Onlar bunu qiymətləri saxlamaq üçün ediblər. Nəticədə Rusiya neft şirkətləri üçün neft məhsullarını daxili bazarda satmaq sərfəli deyil. Bu da müəyyən problemlər yaradır, müəyyən kəsir ehtimalı var. Yəni ki, neft məhsullarını daxildə satmaqdansa, xam neft ixracına daha çox meyillidirlər.

Əslində, əgər Rusiya neft şirkətləri marketinq strategiyalarını dəyişsələr və daha az neft məhsulları və daha çox xammal neft ixrac edərlərsə, onlar neft emalı zavodlarına pilotsuz təyyarələrin hücumu nəticəsində yaranan itkiləri kompensasiya edə bilərlər. Yəni ixrac edilməli olan o neft məhsulları daxili bazarda satıla bilər. Bu mühüm amildir. Ona görə də hesab edirəm ki, yaxın həftələrdə və aylarda Rusiyada neft məhsulları bazarında kollapsın baş verməsi ehtimalı azdır.

- Sizcə, bu prosesi sürətləndirməyə nə kömək edə bilər?

- Ən əsası, xüsusilə ixrac gəlirləri baxımından sanksiyaların gücləndirilməsidir. Neft və neft məhsulları Rusiya büdcəsinin əsas gəlir sahəsidir. Hazırda neft və neft məhsulları var ki, heç bir sanksiya olmadan ixrac olunur, çünki müəyyən boşluqlar var. Və bu boşluqlar bağlanmalıdır. O zaman Rusiya büdcəsinə gəlirlər azalacaq.

Ancaq qeyd etmək lazımdır ki, bu, ölkədaxili çatdırılma üçün maneə olmayacaq. Yəni heç kim onlara neft məhsullarını öz ölkəsində istehsal edib istədikləri yerə, nə qədər, hətta cəbhəyə çatdırmağı qadağan etməyəcək.

- Bəs, Rusiya neft şirkətlərinə pilotsuz təyyarələrin hücumundan danışsaq, bu, Rusiya üçün hələ də problem yaradırmı?

- Rusiyada neft məhsulları bazarında ciddi problemlər yaratmaq çox çətin məsələdir. Onların ümumilikdə 330-350 milyon ton neft məhsulları istehsal edən 72 neft emalı zavodu var. Bazarda isə təxminən 150-160 milyon ton istehlak var. Yəni, böyük ehtiyat mövcuddur. Neft emalı zavodlarının yarısını məhv etsək belə, onların ehtiyatı daxili ehtiyacları ödəməyə kifayət edəcək. Dediyim kimi, onlar sadəcə olaraq bu neft məhsullarını ixraca verməyəcəklər. Bu da, prinsipcə, yaxşıdır, çünki bu, böyük gəlir itkisidir, lakin ümumi kəsir yaratmır.

Həm də nəzərə almağa dəyər ki, emaldan əlavə, bir çox fərqli qurğu var, hamısını dağıtmaq mümkünsüzdür. Ruslar təchizat sxemlərini, logistikanı dəyişə bilərlər.

- Yəni neft emalı zavodlarını dağıtmağın o qədər də mənası yoxdur?

- Bəlkə də bu təsirli bir yoldur. Amma məncə, neftin neft emalı zavodlarına və limanlara getdiyi kəmərləri dağıtmaq daha məntiqlidir. Axı hər neft kəmərinin üstündə onlarla neft emalı zavodu “otura” bilər. Və əsas obyektə, məsələn, neft nasos stansiyasına və ya qaz kompressor stansiyasına bir zərbə onlarla zavodun işini dayandıra bilər.

Düşünürəm ki, onlarla belə obyekt var, ən vaciblərini hədəf almaq olar. Əgər həqiqətən də onları məhv etmək mümkün olacaqsa, deməli, əslində Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq.

Təchizat olmadan, neft kəmərlərinin istismarı olmadan və qaz kəmərlərinin istismarı olmadan Rusiya iqtisadiyyatının çöküşü sürətlə ola bilər. Hesab edirəm ki, bu, neft emalı zavodlarını vurmaqdan daha optimal sxemdir.

Müəllif: Turan Abdulla

Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Böyük Britaniya Baş naziri Rişi Sunak bildirdi ki, noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək önəmli hadisə olardı. Prezident İlham Əliyev də son açıqlamasında dedi ki, Ermənistanla sülhə həmişəkindən daha yaxınıq. Sülh müqaviləsinin belə tezliklə imzalanması mümkündürmü?

- Hamımızın arzusu budur. Beynəlxalq ictimaiyyətin əksəriyyəti də bunu istəyir. Əlbəttə, sülhə mane olmaq üçün çalışan ölkələr də var. Azərbaycan bu məsələdə ən səmimi tərəfdir. Azərbaycan 2020-ci ildən bəri sülh müqaviləsinin 5 prinsip üzrə imzalamağa hazır olduğunu bildirir və buna çalışır. Bu prinsiplər də tamamilə beynəlxalq hüquqa söykənir.

Britaniya kimi ciddi bir dövlətin də bu məsələdə maraqlı olması, sülhü yaxınlaşdıracaq amillərdən biridir. Azərbaycan bundan istifadə edə bilər. Məsələn, Britaniyanın başqa ölkələrə təsir mexanizmlərindən yararlanmaq mümkündür. Fransanın yaratdığı bəzi maneələr Britaniya vasitəsilə neytrallaşdırıla bilər. Çünki bir çox hallarda Fransanın mövqeyi sülhə mane olan faktora çevrilir. Əslində, Fransa ilə yanaşı, bəzi ölkələr də Cənubi Qafqazda dayanıqlı sülhdə maraqlı deyil. Məsələn, Rusiya. Çünki dayanıqlı sülh Rusiyanın Cənubi Qafqazda onsuz da zəifləmiş mövqelərini daha da daralda bilər. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Qarabağ münaqişəsi kimi bir bəladan qurtulması, Rusiyanın bölgəyə təsir mexanizmlərini azaltdı. İndi böyük sülh olsa, digər təsir mexanizmlərindən də məhrum ola bilər.

Hesab edirəm ki, bəzi ölkələrin mane olmaq cəhdlərinə baxmayaraq, Azərbaycanla Ermənistan doğru istiqamətdə irəliləyərək, böyük sülh müqaviləsi olmasa belə, ən azı il ərzində sülh müqaviləsinin tərkibini təşkil edə biləcək ciddi protokollar və ya sənədləri imzalaya bilər. Bu mümkündür.

- Qazaxın dörd kəndinin qaytarılması məsələsi də gündəmdədir. Ermənistan Baş naziri Nikol Paşinyan dolayı yolla kəndlərin təhvil veriləcəyini söylədi. Sülhyaratma prosesi bu məsələnin tezliklə həll edilməsiylə gücləndirilə bilərmi?

- Sülh müqaviləsi və sərhədin delimitasiya-demarkasiyası elə bu kimi məsələlərin həlli üçündür. Azərbaycan bu prosesdə beynəlxalq hüquq baxımından tam haqlı olan tərəf kimi gec-tez qalan ərazilərini də qaytaracaq. De-yure ərazimiz olan o kəndlər də təhvil veriləcək. Amma bu kimi məsələləri maneəyə çevirmək də doğru deyil. Yəni belə məsələləri sülh müqaviləsini imzalayıb həll etmək də olar. Zatən, bu məsələ həllini tapacaq, Azərbaycan bu əraziləri öz gücü-qüdrəti hesabına da qaytara bilər. Ermənistan da bunu anlayır, gec-tez razılaşma olacaq. Hesab edirəm ki, bu, sülh müqaviləsinin tərkib hissəsi kimi olsa, daha yaxşı olar.

Delimitasiya-demarkasiya prosesi elə də asan məsələ deyil. Bu, böyük sülh müqaviləsindən sonra da davam edə bilər, bundan əvvəl isə delimitasiyanın prinsipləri razılaşdırılacaq. Bununla bağlı danışıqlar illərlə də gedə bilər. Xatırladım ki, müstəqillikdən bəri Gürücstanla Azərbaycan arasında sərhəd məsələsinin müzakirəsi davam edir. Rusiya ilə isə bir neçə əvvəl yekunlaşıb. Yəni bu, uzun çəkən prosesdir. Ermənistan onu da anlayır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində o kəndlərin də yeri var, gec-tez qaytarılmalıdır, qaytarılacaq da.

- Moskva-İrəvan xəttindəki gərginlik sülhə nə qədər mane olacaq? Rusiya rəsmisi Mariya Zaxarova bildirdi ki, İrəvanın hazırkı kursu Moskva ilə münasibətlərə düzəlməz ziyan vura bilər. İndi Rusiya bu kursu dəyişdirməyə çalışsa, nə olacaq?

- Məncə, bizim siyasətimizin ana xətti ondan ibarət olmalıdır ki, Rusiya ilə Ermənistan arasında nə olur-olsun, Azərbaycan hansısa formada bunun iştirakçısı olmasın. O zaman Rusiya da anlayacaq ki, Ermənistanla gərginləşən münasibətlər Azərbaycanla yaxşılaşan münasibətlər demək deyil. Çünki Azərbaycanın da Rusiya ilə bağlı gözləntiləri var. Məsələn, sülhməramlılarla bağlı. Rusiya ərazimizdən könüllü şəkildə çəkilsə, yaxşı olardı. Həmçinin Rusiya bu yaxınlarda Azərbaycanın fikrini almadan bəyanat verdi ki, ermənilərin Xankəndi və ətrafında köçürülməsinə və onları qorumağa hazırdır. Azərbaycanda haqlı sual yarandı ki, Rusiya hansı haqla bunu etmək istəyir? Əlbəttə, istənilən halda Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal olması yaxşıdır. Mişustinin ikigünlük səfəri də göstərdi ki, münasibətlər normal templə davam edir.

Bütün bunlara baxmayaraq, Rusiya ilə bağlı suallarımız da var. Bu suallara cavab verilməsinə ehtiyac da yaranıb. Bütün hallarda isə Rusiya-Ermənistan gərginliyi onların öz işidir. Azərbaycan hansısa formada bunun iştirakçısı olmamalıdır. Əlbəttə, İrəvan-Moskva gərginliyinin artması Rusiyanın Ermənistana şərtlərinin sərtləşməsinə səbəb ola bilər. Bunun da sülh prosesinə müəyyən əngəllər yaratması mümkündür.

- Türkiyə və ABŞ sülhü yaxınlaşdırmaq üçün birgə işləyəcək. Bununla bağlı iki ölkə arasında razılaşma əldə edilib. Bəs bu anlaşma prosesə nə kimi töhfə verəcək?

- Əlbəttə, Türkiyənin bu prosesin iştirakçısı olması Azərbaycanın xeyrinədir. Çünki iki qardaş ölkə xarici siyasət və təhlükəsizlik məsələlərində o qədər inteqrasiya olunmuş durumdadır ki, Azərbaycanın iştirak etdiyi proses Türkiyə, Türkiyənin yer aldığı proses Azərbaycanın xeyrinədir. Qarşılıqlı maraqlar kifayət qədər yaxşı qorunur.

Türkiyənin son zamanlarda Qərb və ABŞ ilə münasibətləri yaxşılaşma dövrünü yaşayır. Əlbəttə, bu çərçivədə Ankara və Vaşinqtonun Cənubi Qafqazda sülh məsələsini müzakirə etməsi Azərbaycanın xeyrinədir. Əminəm ki, qardaş Türkiyə - bizim strateji müttəfiqimiz istənilən danışıqlarda Azərbaycanın maraqlarını ifadə edən mövqelərdən çıxış edir. Yəni Türkiyənin istənilən prosesdə iştirakı Azərbaycana yalnız xeyir gətirə bilər.
 
Ardını oxu...
"Şübhəsiz ki, bu, Türkiyə müdafiə sənayesi üçün nəhəng bir irəliləyişdir"

Tanınmış azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə TRT-yə müsahibəsində Türkiyə hərbi sənaye kompleksinin hazırladığı “Kaan” döyüş təyyarəsi haqqında danışıb, onun texniki xüsusiyyətlərini təhlil edib və türk qırıcısının öz rəqiblərindən üstün cəhətlərini və çatışmazlıqlarını açıqlayıb.

“AzPolitika” müsahibəni ixtisarla təqdim edir:

- Türkiyənin beşinci nəsil qırıcısı olan “Kaan”ın ilk uçuşu bu yaxınlarda baş tutub. Bu hadisəni necə qiymətləndirirsiniz?

- Bu, Türkiyə aviasiya sənayesi üçün kifayət qədər maraqlı bir dövrdür. Bildiyimiz kimi, Türkiyə birinci, ikinci, üçüncü və dördüncü nəsil döyüş təyyarələri istehsalçısı deyildi. Bununla belə, o, dördüncü nəsil qırıcı olan “F-16”-nın modernləşdirilməsində iştirak etdi və bununla dəyərli təcrübə qazandı. Çoxları türk aviasiya sənayesinin imkanlarına inanmırdı. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dörd ildən sonra “Kaan” döyüş təyyarələri parkına daxil olacaq. Şübhəsiz ki, bu, Türkiyə müdafiə sənayesi üçün nəhəng bir irəliləyişdir. Fakt budur ki, müasir döyüş təyyarəsinin istehsalı çox böyük bilik tutumludur və o, maliyyə, texnoloji investisiyalar tələb edir. Bu, şübhəsiz ki, uğurdur. Eyni zamanda bəzi məqamları da qeyd etmək istərdim.

Tam hüquqlu beşinci nəsil qırıcı yeni mühərrik tələb edir. Bu mühərrik digər təyyarələrdəkindən əsaslı şəkildə fərqlənir. Fakt budur ki, beşinci nəsil təyyarənin mühərriki səsdən yüksək sürətlə kruiz rejimini təmin etməlidir və bu, həmin mühərrikin çəkiyə nisbətinə çox yüksək tələblər qoyur. Bundan əlavə, mühərrikdən çıxan işlənmiş qazların temperaturu adi mühərriklərdən daha aşağı səviyyədə olmalıdır. Gövdəyə gəlincə, bəli, bu qırıcının gövdəsi ilə bağlı hər şey qaydasındadır. Türkiyə qarşısına iddialı məqsədlər qoyub və gördüyümüz kimi, bütün iddialı planlarını həyata keçirir. Düşünürəm ki, təxminən 4 ildən sonra Türkiyənin beşinci nəsil mühərriki hazır olduqda və müvafiq silahlar hazırlandıqdan sonra tam hüquqlu beşinci nəsil qırıcımız olacaq.

Ardını oxu...
Bir şeyi də əlavə etmək istərdim. Azərbaycan “Kaan” qırıcısı üçün həm fərdi komponentlərin hazırlanmasında, həm də onun istehsalında iştirak edir. Mən eyni şeyi Türk Dövlətləri Təşkilatı ölkələrindən olan bütün həmkarlarıma da təklif etdim ki, onlar passiv müşahidəçi olmasınlar, müəyyən işlərin hazırlanmasında və maliyyələşdirilməsində iştirak etsinlər. Gələcəkdə adekvat pula çox yaxşı döyüşçü alsınlar. Ona görə də sizin platformanızdan istifadə edərək bütün TDT ölkələrini “Kaan”a türk sivilizasiyasının döyüşçüsü kimi baxmağa çağırıram. Ümumiyyətlə, mənim çox optimist baxışım var. Bir pilot və mühəndis kimi, hətta uzaqdan bu təyyarəyə, dizaynına baxanda onun hansı imkanlara malik olacağını artıq təqribən bilirəm. Düşünürəm ki, çox yaxşı bir təyyarə oldu və gələcəkdə o, silah bazarında rəqabətədavamlı döyüşçülərdən biri olacaq.

- Siz qeyd etdiniz ki, bir pilot olaraq təyyarənin indiki xüsusiyyətlərinə əsaslanaraq, onun imkanlarını artıq başa düşə bilərsiniz. Bu barədə bizə ətraflı məlumat verə bilərsinizmi? “Kaan”ı təkcə beşinci nəsil deyil, “F-35” kimi digər qırıcılarla müqayisə etdikdə, o, necə fərqlənir? Bu, ən azı xarici görünüşünə görə kifayət qədər böyük, iki mühərrikli qırıcıdır.

- “Kaan” “F-35”-dən daha təkmil qırıcı olacaq. Məsələ burasındadır ki, “F-35” təkmühərrikli olmaqla, “Kaan” ilə eyni döyüş yükünü daşıya bilməyəcək. Yəni, performansı “F-35”-dən xeyli yaxşı olacaq bir təyyarəmiz var. Bundan əlavə, “F-35”-in əhəmiyyətli bir çatışmazlığı var: o, ABŞ-dəki bazası ilə daim əlaqə saxlamalıdır. Təsəvvür edin ki, havaya qalxırsınız və nə vaxtsa topdan istifadə etmək istəyirsiniz, lakin ABŞ-dəki istehsalçı ondan istifadə etməyə icazə vermir. Türkiyə, türk dünyası və onların müttəfiqləri üçün ən yaxşı variantın “Kaan” olacağı açıq-aydın görünür. “Kaan”ı rus və çinli həmkarları ilə müqayisə etməzdim, çünki onların aktiv fazalı sıra antenası (AFAR) olan yüksək keyfiyyətli aviasiya radarı yoxdur. Türkiyə artıq “F-16” üçün “Özgür” layihəsi çərçivəsində AFAR radarı hazırlayır. Hesab edirəm ki, onun əsasında dünya analoqları ilə rəqabət aparacaq çox yaxşı radar yaratmaq olar. Qeyd etmək lazımdır ki, beşinci nəsil qırıcı üçün onun təkcə radarı deyil, həm də optik və infraqırmızı görmə sistemini ehtiva edən aşkarlama vasitələri böyük əhəmiyyət kəsb edir.

- Beşinci nəsil döyüşçülərin nə olduğunu qısaca təsvir edək. 70-ci illərdə “F-16” və “F-15” kimi dördüncü nəsil qırıcılar istehsal olunmağa başladı. 30 il sonra, 2000-ci illərdən etibarən, onlar tədricən beşinci nəsil döyüşçülərlə əvəz olundu. Onları xüsusi edən nədir?

- 6-cı nəsil artıq inkişaf mərhələsindədir. Mümkündür ki, yüksək texnologiyalı ölkələr 6-cı nəslə keçsin. Türkiyə də bundan geri qalmayacaq. Məsələn, “Kızılelma” layihəsi ön plandadır: sizin prototipiniz amerikalı həmkarından daha tez havaya qalxdı. Beşinci nəsil qırıcıya gəlincə, o, radar və infraqırmızı diapazonlarda gizlilik kimi tələblərə tabedir. Həmçinin işlənmiş qazların minimum temperaturuna. Bu, təkcə radardan deyil, həm də kosmosdan gələn peyklərdən, həmçinin istiliyə cavab verən yerüstü aşkarlama avadanlıqlarından qorunmaq üçün edilir. Yəni söhbət həm radarda, həm də infraqırmızı optik diapazonda gizlilikdən gedir. Bundan əlavə, onun hava hücumundan müdafiə zonasına daxil olmadan istifadə edilə bilən yüksək dəqiqlikli silahları olmalıdır. Bu, 200-400 kilometr (hava hədəfləri üçün 200 km və ya daha çox, yer hədəfləri üçün 300 km və ya daha çox) uzaq mənzilli silahdır. Beşinci nəsil qırıcı kruiz rejimində səsdən yüksək sürətlə uça bilməlidir. Məsələ burasındadır ki, “F-22” və “F-35”-dən başqa hələ heç bir qırıcı belə qabiliyyətə malik deyil. Kimsə xatırlamırsa, mən oxuculara kruiz rejiminin nə olduğunu izah etməyə çalışacağam. Bir çox avtomobil həvəskarları yəqin ki, afterburner kimi bir ifadə ilə qarşılaşıblar. Bu, qazı sonuna qədər basdığınız zaman olur və mühərrik maksimum yanacaq sərf edir. Bu, maksimum sürətə çatmağa imkan verir, lakin vaxtı məhdudlaşdırır. Bu rejimdə yanacaq sərfi normal rejimdən bir neçə dəfə yüksəkdir. Bu, təyyarələrdə də eynidir.

Ancaq beşinci nəsil mühərrikiniz olduqda, maksimum sürətə çatmadan səsdən yüksək sürətlə uça bilərsiniz. Bu yolla çox uzun məsafələrə səyahət edə bilərsiniz. Bundan əlavə, əlbəttə ki, beşinci nəsil qırıcı da platformadır. Onun genişləndirilmiş imkanları, məsələn, müxtəlif hərbi komponentlər arasında əlaqə olmalıdır. Məsələn, “F-35” gəmi əleyhinə raketi vura bilər. Yaxud “F-35” “Patriot” hava hücumundan müdafiə raketlərini istənilən hədəfə yönəldə bilər. Yəni, bu təyyarə bütöv bir kompleksdir. Gələcəkdə “F-35” pilotsuz uçuş aparatları ilə birlikdə işləməlidir. Bu anlayış “sadiq davamçı” adlanır. Türkiyə bu məsələdə çoxlarını qabaqlayır və ABŞ ilə rəqabət aparır, çünki “Kaan”la birlikdə türk reaktiv PUA-sı “Kızılelma” var. Bu konsepsiyaya görə, Türkiyə böyük uğur qazanacaq.

- Qeyri-amerikalı rəqiblər, xüsusən də “Su-57” haqqında nə demək olar?

- “Su-57” ilə bağlı problem ilk növbədə mühərrikdədir. Rusiyanın bu qırıcı üçün beşinci nəsil mühərrik yarada biləcəyinə inanmaq çətindir. Son 10 ildə Rusiya Federasiyasında təyyarə mühərriklərinin inkişafı ilə bağlı böyük problemlər yaranıb. Üstəlik, hətta “Su-35”-də də müasir radar quraşdırılmayıb. “Su-57”-də beşinci nəsil təyyarələr üçün tələblərə cavab verən belə bir radar və ya silah yoxdur. “Kaan” məsələsində bu qırıcı üzərində çalışan türk mühəndislərin əldə edəcəyi inkişaflardan danışa bilərik. “Su-57”-nin perspektivləri çox qeyri-müəyyəndir. Onların uzun illərdir tamamlanmayan mühərrik layihəsi var. 10 ildən artıqdır ki, müasir radar yarada bilmirlər. Atəş silahlarının (raketlər və bombalar) inkişafı ilə bağlı problemlər var. Buna görə də çox güman ki, “Su-57” həm hava, həm də yer hədəflərini vurmaq üçün məhdud imkanlara malik 4,5 nəsil qırıcı olaraq qalacaq.

Çin qırıcısına gəlincə, məncə, o, Rusiya istehsalından fərqli deyil. Çin təyyarə sənayesi əsasən Rusiya hərbi sənayesinə əsaslanır. Çin mühərrikləri rus mühərriklərinin sürətli və ya modernləşdirilmiş variantlarıdır. Elektronika sahəsində Çin Rusiyanı bir qədər qabaqlayır. Çin qırıcısının radioelektronikası “Su-57”-dəkilərdən daha yaxşı olacaq.

Amma onun da eyni problemləri var: mühərrik, radar və ən son yüksək texnologiyalı raket sistemləri. Bu problemlər Çinə təsirli taktiki və texniki məlumatlara malik beşinci nəsil qırıcı yaratmağa imkan verməyəcək.

- O zaman deyə bilərikmi ki, bu gün yalnız ABŞ-də hazır beşinci nəsil qırıcılar var? Bunlar “F-35” və “F-22”-dir. Türkiyə isə “Kaan”la rəqabətə hazırlaşır. Bu təyyarələr türk qırıcısına rəqibdirmi?

- Türkiyənin “Kaan” təyyarəsinin iki əsas rəqibi olacaq. Birincisi Cənubi Koreyaya aid “KF-21”-dir. Yeri gəlmişkən, bu iki təyyarənin ortaq cəhətləri çoxdur. Aerodinamika dəqiq bir elmdir, buna görə də onların bir çox cəhətdən oxşar olması təəccüblü deyil. Bu, “Kaan”ın düzgün istiqamətdə getdiyini göstərir. İkincisi isə bir sıra parametrlərə görə “F-22”-dən üstün olan “F-35”-dir. “F-35” güclü radarla təchiz edilib ki, bu da ona digər döyüş təyyarələri üzərində üstünlük verir. Türkiyənin yaxın gələcəkdə Amerika radarından da üstün radar yarada biləcəyini söyləmək insafsızlıq olardı. Bununla belə, düşünürəm ki, “Kaan” yarışın qalan hissəsini qabaqlayaraq koreyalı döyüşçü ilə bərabər olacaq. Əsas rəqabət isə “F-35” ilə olacaq.

Rasim Əliyev

“AzPolitika.info”
 
 
 

Ardını oxu...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fəallığını artırıb. Prezident Rəcəb Tayyib Ərdoğan da son çıxışında sülh müqaviləsinin önəmindən danışdı. Üstəgəl, xarici işlər naziri Hakan Fidan ötən günlərdə məsələni ABŞ-də müzakirə masasına yatırdı. Ankaranın artan fəallığını necə izah etmək olar?

- Türkiyənin Cənubi Qafqazda fəallaşması, Ermənistan yönündəki aktiv səyləri Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsindən sonra açıqlaması var idi ki, Azərbaycan artıq öz ərazilərini işğaldan azad edib, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Yəni bu o deməkdir ki, Türkiyə Azərbaycana boylanmadan Ermənistanla münasibətlərini normallaşdıra bilər. Buna baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyə sadiq qalaraq, bu məsələni Bakı ilə koordinasiya edir. Hakan Fidan ötən ilin dekabrında Bakıda olanda açıq dedi ki, Ermənistanla bağlı məsələlər Azərbaycanla razılaşdırılır.

Prezident Ərdoğan bu günlərdə keçirilən Antalya Diplomatiya Forumunda söylədi ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir. Bunun izahı belədir: Ermənistan ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir ki, Türkiyə ilə normallaşma prosesinə başlasın. Bununla yanaşı, Türkiyə Ermənistanla dialoqu davam etdirir. Təsadüfi deyil ki, Antalya Diplomatiya Forumuna Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da gəlmişdi. Türk həmkarı Sərdar Kılıç Rubinyana təklif etdi ki, növbəti görüş İrəvanda keçirilsin. Əslində, biz də bu təkliflə çıxış edə bilərik ki, başqa ölkələrdə görüşməkdənsə, növbəlilik əsasında təmaslar Bakı və İrəvanda davam etdirilsin.

Yeri gəlmişkən, Hakan Fidan Amerika səfərində müxtəlif mövzuları həmkarı Entoni Blinkenlə müzakirə etdi. Hakan Fidanın belə bir fikri də oldu ki, müxtəlif mövzularda fikir ayrılıqları olsa da, həmişə bunlar müzakirə olunmalıdır. Əslində, Amerikanın da fikri budur ki, Ermənistan sülh məsələsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Azərbaycan da, Türkiyə də bunu istəyir. Sadəcə Nikol Paşinyan bunun üçün reallığı qəbul edərək, Azərbaycanla çərçivə sazişinin imzalanmasını yubatmamalıdır.

- ABŞ sülh prosesi ilə bağlı Türkiyə ilə əməkdaşlıq edəcək, Hakan Fidanın Vaşinqton səfərində bu barədə razılaşma oldu. İndiyədək regionda əməkdaşlıqla bağlı Türkiyə ilə arasında məsafə saxlayan ABŞ niyə fikrini dəyişdi?

- Amerikanın Türkiyəyə ehtiyacı var. Çünki bilir ki, Ermənistan Rusiyanın caynağından qurtarmaq istəyirsə, böyük qonşusu Türkiyə ilə münasibətləri normal olmalıdır. Bəli, zaman-zaman ABŞ-Türkiyə münasibətlərində suallar yaranır. Bu sualları yaradan məsələlərə ABŞ-nin PKK terror təşkilatının Suriyadakı törəmələrini dəstəkləməsi, F-35 təyyarələrini Ankaraya verməməsi, FETÖ lideri Fəthullah Gülənə Pensilvaniyada sığınacağın verilməsi və sair daxildir. Bu, Türkiyədə narahatlıq, münasibətlərdə suallar yaradır. Amma buna baxmayaraq, əməkdaşlıq istiqamətində dialoq davam edir.

Amerikada onu da anlayırlar ki, artıq Türkiyə Cənubi Qafqazdadır, Azərbaycanla ittifaq var, türk dünyasının lider dövlətidir. Vaşinqtonda onu da başa düşürlər ki, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, sərhədlər açılarsa, bunlar Amerikanın da regional maraqlarına cavab verəcək.

- Ermənistan mətbuatı bir neçə gündür Türkiyənin sərhədə hücum silahları göndərdiyi iddiasını tirajlayır. Sizcə, bu, nə qədər doğrudur, əgər belədirsə, nə ilə bağlı ola bilər?

- Ermənistandan gələn xəbərlərə bir az ehtiyatlı yanaşmaq lazımdır. Belə xəbərləri yayanları “Ermənistan mətbuatı” adlandırmaq olmaz. Bunları Paşinyana qarşı radikal mövqedə duran qüvvələr yayırlar. Məqsəd də Paşinyanın mövqelərini zəiflətməkdir ki, guya Rusiya sərhədçiləri ölkədən çıxarılsa, sərhədlər boş qalacaq, Türkiyə Ermənistana hücum edəcək. Bu, Paşinyan əleyhinə ortaya atılmış iddiadır. İddia Türkiyə tərəfindən təsdiqlənməyib.

Təəssüf ki, heç bir əsası olmayan bu xəbər Azərbaycan mediasında geniş yayıldı. Üstəgəl, Türkiyənin hüququ var ki, öz ərazisində istənilən hərbi əməliyyat, təlimlər keçirsin. Suriya və İraqda PKK-ya qarşı mübarizə davam edir. Bəzən Ermənistanla sərhəd yaxınlığında da belə hallar olur, burda da hərbi təlimlər keçirilə bilər. Bunlar Türkiyənin müstəsna hüququdur. İndi belə bir şeyin olub-olmadığı bilinmir, ən azı Türkiyə tərəfindən açıqlama yoxdur. Biz də strateji müttəfiqimizə inanmalıyıq, nəinki ermənilərin informasiyalarına.

Məncə, bu, Paşinyana qarşı yönəlmiş dezinformasiyadır. Çünki Paşinyan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq istəyir. Radikallar da onu qorxutmağa çalışırlar ki, rus sərhədçiləri Türkiyə ilə sərhəddən də çıxarılsa, nə edəcəyik. Açıq demək lazımdır ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Ermənistandakı Rusiya hərbi bazası kimə qarşıdır? Əgər Rusiya Azərbaycan və Türkiyəni özünə strateji tərəfdaş hesab edirsə, bu hərbi baza nəyə lazımdır? Ona görə də, hesab edirəm ki, Rusiya hərbi bazası və qoşunlarının Ermənistanı tərk etməsi Türkiyə və Azərbaycanın maraqlarına uyğundur.

- Ermənistan Baş naziri Nikol Paşinyan söylədi ki, Türkiyəyə təkcə qonşu ölkə kimi yox, həm də Azərbaycanla münasibətlər kontekstində baxılmalıdır. Hesab etmək olarmı ki, bu, İrəvanın Bakının sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsinin anonsudur?

- Əslində, Paşinyan bəzi reallıqları anlayır. Son mətbuat konfransında 4 kəndlə bağlı gah nala-mıxa vursa da, elə sözlər işlətdi ki, dolayı yolla bu ərazilərin Ermənistana aid olmadığını etiraf etdi. Yəni Azərbaycan o kəndlərə daxil olarsa, Paşinyan bununla razılşacaq.

Paşinyanın Azərbaycan kontekstində Türkiyə ilə bağlı dedikləri də reallığı əks etdirir. Paşinyan o reallığı da anlayır ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir.
 

Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Böyük Britaniyanın dövlət naziri Ceyms Hippi Rusiya müdaxilə edəcəyi təqdirdə, Ermənistana hərbi dəstək verəcəklərini açıqlayıb. Britaniyalı nazirin mesajını necə şərh etmək olar, ümumiyyətlə, proses Ermənistana müdaxiləyə qədər gedəcəkmi?

- Rusiya çoxdan müdaxilə edib. Rusiyanın Ermənistanda hərbi bazası var, bütün sərhəd xidməti rusların əllərindədir. Başqa nədən söhbət gedə bilər? Ermənistanın bütün iqtisadiyyatı, dəmir yolları və nəqliyyat infrastrukturu Rusiyanın əlindədir. Müdaxilə başqa necə olur, müharibə eləməyəcək ki?!

Ermənistanın nəyi var ki, nə də müharibə elan eləsin?! Əslində, bu, diplomatik gedişdir, guya Ermənistanı sevirlər. Bunun arxasında başqa maraqlar durur. Nə Rusiya Ermənistana müdaxilə edəcək, nə də İngiltərə ora gələcək. Belə gedişlərlə insanları özlərinə cəlb edə bilirlər, əsas məqsəd də budur.

- Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycanla sərhədin delimityasiyası Tavuşdan başlaya bilər. Qazaxın bizə qaytarılacaq 7 kəndi də bu istiqamətdə yerləşir. Paşinyanın açıqlamasını bu baxımdan necə dəyərləndirmək olar?

- Qazaxın 4 kəndi sərhədə bitişikdir, bundan başqa, Kərki ilə birlikdə 4 eksklavımız da oradadır. Azərbaycan bu ərazilərin qaytarılmasını tələb edir, bunun üçün heç müharibəyə də ehtiyac yoxdur. Torpaqlar qaytarılacaq. Yəqin ki, ermənilər Başkənd və həmin 4 eksklavın dəyişdirilməsi məsələsini müzakirə etmək istəyirlər. Həmçinin həmin kəndlərin əvəzinə Azərbaycana başqa yerdən torpaq verə bilərlər. Azərbaycan həmin eksklavlara çıxsa, Gürcüstan-Ermənistan yolu tam nəzarətimizə keçəcək. Ermənilər indiyədək buna görə məsələni uzadırlar.

Delimitasiyaya gəlincə, haradan başlayır-başlasın, bizim üçün fərqi yoxdur.

Paşinyan çox çətin durumdadır, çünki onu devirmək istəyirlər. Paşinyan Ukraynanın timsalında gördü ki, ABŞ və Avropanın Rusiya ilə bağlı problemləri var. Buna görə də çalışır ki, sülh müqaviləsi tezliklə bağlansın, ən azı çərçivə sazişi. Delimitasiya-demarkasiya prosesi bundan sonra da ola bilər.

- Paşinyan iddia edir ki, sülh prosesinin gedişinə uyğun olaraq, Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdə bir-birinə qarşı şikayətlərini geri çəkə bilərlər. Belə bir gəlişmə nə qədər mümkündür?

- Ermənistan bizi necə məhkəməyə verə bilər?! Ermənilər özləri çıxıb gediblər, torpaq Azərbaycanındır, dünya da bunu belə bilir. Azərbaycan isə Ermənistanı ona görə məhkəməyə verib ki, ərazilərini işğal edib, 30 il ərzində bu torpaqlarda vəhşilik törədiblər, 300-ə qədər yaşayış məntəqəsini dağıdıblar. Azərbaycana böyük ziyan vurublar. Ən azı Azərbaycana 300 milyard dollarlıq zərər dəyib. Bu müddətdə Azərbaycanın oradan götürə biləcəyi gəlirləri də nəzərə alsaq, söhbət 500 milyard dollardan vəsaitdən gedir.

Kimsə Paşinyanı başa salıb, o da bic gediş etmək istəyir. İstəyirlərsə, bizi məhkəməyə versinlər, nəyi sübut edəcəklər? Onsuz da veriblər, ortada heç nə yoxdur. İnanmıram ki, Azərbaycan şikayətlərini geri çəkəcək. Azərbaycan artıq təzminat məsələsini gündəmə gətirib və bunu da almaq istəyir.

Ermənistan qorxur ki, Azərbaycan bu təzminatın müqabilində Zəngəzuru istəyəcək. Dünyada belə bir presedent var, Almaniya ilə Yunanıstan arasında olub. Yunanlar borclarını ödəyə bilmədilər, əvəzində iki adanı almanlara verdilər.

İndi bu məsələdə də beynəlxalq qiymətləndirilmə aparıla bilər. Beynəlxalq audit qurumları gəlib dəyən ziyanı hesablaya bilərlər, bundan sonra təzminatı ödəyə bilməyən Ermənistan buna uyğun ərazi verməlidir. Ermənistan bundan qorxur və indidən qabağını almaq istəyir. Azərbaycanın geri çəkiləcəyinə inanmıram. Eyni zamanda, bu, Ermənistana siyasi təzyiq vasitəsidir, niyə bundan əl çəkməlidir?!

- İran yenidən Zəngəzur məsələsinə qayıdıb. Yenə də bu çərçivədə müxtəlif səviyyələrdə İrandan Azərbaycan əleyhinə hədyanlar səsləndirilir, təxribatçı açıqlamalar verilir. Mollaların bu dəfəki sancısı nədən qaynaqlanır?

- İran vəziyyəti gərgindir. İran daxilindən gələn xəbərlər Tehran üçün ürəkaçan deyil. SEPAH-la molla rejimi arasında güclü qarşıdurma var. Digər yandan, İran daxilində milli azadlıq hərəkatları güclənir. Başda Sistan-Bəlucistan olmaqla, bir neçə vilayətə nəzarət əldən çıxıb. Ayətullahlar Xameneyini qəbul etmirlər. Fars-türk qarşıdurması yaranıb. İranın problemləri sadaladıqlarımdan çoxdur. Kürdlər İranın qərb hissəsini və ya müstəqillik istəyirlər. Daxildəki gərginlikdən diqqəti yayındırmaq üçün Azərbaycana hədyanlar səsləndirirlər.

Zəngəzurla bağlı da ona görə ortaya düşüblər ki, Azərbaycan Orta dəhliz məsələsində İrana yox, Ermənistana üstünlük verə bilər. Bu, molla rejiminin düşüncəsiz siyasətidir. Bu adamlar doğurdan düşünə bilmirlər, psixoloji xəstədirlər. Azərbaycanın öz problemləri var, İranla hansısa düşmənçiliyi yoxdur. Onsuz da, Azərbaycan İranın xəyanətini bilir, görüb. İranın özü də münasibətini ortaya qoydu. İran gedib Suriya və İraqdakı problemlərini həll eləsin.

O həmin İran deyil ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edəndə bəyan etdi ki, biz bacardıq. İki gün sonra İsrail HƏMAS-a cavab verəndə qayıtdılar ki, bizim xəbərimiz yoxdur. ABŞ necə Ukraynanı Rusiyanın önünə yem kimi atdısa, İran da HƏMAS-ı İsrailə yem elədi. Kim zəmanət verə bilər ki, İranla İsrail gizli anlaşmayıb?

İranın dedikləri nağıllardan başqa bir şey deyil. İran gedib öz problemlərini həll eləsin. Bizə ehtiyac yoxdur, İranda güclü inqilab hazırlanır. Bu inqilabın başında da İngiltərədə yaşayan bir iranlı durur, onu hazırlayırlar. İranda texnokratları hakimiyyətə gətirmək istəyirlər. Bu baş tutmasa, İranı parçalayacaqlar, Amerikanın planıdır. Amerikaya söz deyə bilmirlər, Rusiyanın oyununu oynayır ki, Türkiyəni bölgədə zəiflətsin. Amma ağılları kəsmir ki, Azərbaycan bu gedişləri çoxdan oxuyub. Azərbaycan nə baş verdiyini bilir. İranın daxilindəki gərginliklə bağlı kifayət qədər dəqiq məlumatlar var.

- Rəşt şəhərində “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı separatçı tədbir keçirildi. Boris Talışinski adlı separatçı tədbirə “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi dəvət edildi. Bəs mollaların bu təxribatının izahı necədir?

- İranın ağlı yoxdur. 1993-cü ildə “talış-muğan respublikası” yaratmışdılar da. İki ay fəaliyyət göstərdilər, 7 rayonu bağlamışdılar. Bir gecədə hamısı aradan qaldırıldı. İndi İran öz ərazisinə hansı talışınskini gətirir-gətirsin, onun ayağı Azərbaycana dəyə bilməz, dəyməyəcək də, mümkün deyil. Azərbaycan buna imkan verməyəcək, eləcə də talışlar... İranı dəli edən də odur ki, talış xalqı İkinci Qarabağ Müharibəsində böyük qəhrəmanlıq göstərdi.

Talışların qələbəmizdə çox böyük xidmətləri var. İran bunu bağışlaya bilmir. İran mətbuatına baxın: hətta bu məsələdə talışları “xəyanət”lə də ittiham edirlər.

İrandan belə təxribatlar gözlənilən idi, başqa şeyləri də gözləyirik. İranın Azərbaycana qarşı hazırladığı proqramlardan xəbərimiz var. Avropada Azərbaycan diasporuna nələr edirlər, müxtəlif ölkələrdə bizə qarşı iş aparırlar, səviyyəsiz təbliğatlar İranın tapşırığı ilə həyata keçirilir – bütün bunların hamısı məlumdur. İran nə istəyir eləsin, hamısı boşdur. Əgər biz bunları biliriksə, demək, görəcəyimiz tədbirlər də hazırdır.

Bir az da qabağa gedəcəklər, amma bunlar İranın sonunu gətirəcək. Molla rejiminə qarşı inqilab hazırlanır, gedib bununla məşğul olsunlar. Amerikanın hazırladığı bu inqilabın içində ermənilər də var. İran daxilindən informasiyaları ermənilər ötürürlər. Ermənilərin məqsədləri var: Mazandaran, İsfahan və sair şəhərlərə köçmək istəyirlər, indidən özlərinə torpaq ayırırlar. Köçsünlər, lap yaxşı.


Ardını oxu...
Lent.az-ın müsahibi gənc kinorejissor Orxan Mərdandır. TEREF onunla söhbəti təqdim edir...

- Orxan bəy, bu günlərdə Kino Sənayesinin İnkişafı İctimai Birliyini (İB) yaratdınız, həm də bunu Kino İttifaqın qurultayının keçirildiyi gün elan elədiniz. Sizin birlik Kino İttifaqa rəqib və ya alternativ kimi meydana çıxıb?

- Düşünmürəm, biz rəqibik, düşünürəm ki, onlardan daha çox iş görəcəyik. İttifaqlar iş görmürlər. İttifaq Sovet dövründən qalmış bir qurumdur. 2024-cü ildəyik. Dünya hər cür kosmopolitik hadisələrə açıqdır. Dünya dəyişib, amma Sovet təhsili almış və ittifaqdan bərk-bərk yapışmış bəzi yaşlı sənətkarların dəyişmək fikir yoxdur. Fikir verin, ittifaqda var olanların ən cavanının 65 yaşı var. Özünü müasir sayan adamın köhnə sovet sisteminin içində nə işi var, mən anlamıram.

- İttifaqların bir ad altında birləşməsinin hansısa effekti olacaq?

- Bayaqdan iki yerə pul ayrılırdı, indi bir yerə ayrılacaq. Vəssalam. Gülməli situasiyadır, bu adamların uşaqlıqları birlikdə keçib. Bir-birlərinin hər şeylərini bilirlər, amma başlayıblar ki, sənin ittifaqın döyər, yoxsa mənim ittifaqım? Nəticə etibarı ilə onların davası yuxarıdan gələn bir əmrlə səngidi, amma dəyişən nəsə olmayacaq. Ortada pul var. Hə ittifaq 200-300 min alır. Yaşı yetmişi keçmiş qocalar üçün bu yaxşı puldur. Evini alıb, hörmətli-hörmətli oturub isti ofisdə, qabağında da kimlərsə baş əyə-əyə fırlanır. İşlərinin də adı da sakit oturmaqdır. Orada iş görən bir adam varsa, o da Əli İsa Cabbarovdur. Mənim öz birliyimi açmaqda məqsədim real iş görməkdir.

- Maliyyəni haradan əldə edəcəksiniz bəs?

- Biz bunu daha fərqli formada, daha özəl yanaşmayla həll edəcəyik. İstəyirəm Azərbaycanda böyük, nüfuzlu, milli bir mükafat olsun. “Oskar” kimi. Bunun üçün İB olması şərtdir. Pul taparıq. Azərbaycanda belə möhtəşəm hadisədə adlarının hallanmasını istəyən böyük şirkətlər var. Bu birliyin vasitəsilə müəyyən müsabiqələr keçirmək istəyirəm. Bir qalib olacaq və onun filmini istehsal edəcəyik.

- Kino ilə bağlı bütün problemlərin həlli, kino işçilərinə dəstək, Azərbaycan kino işçilərinə hörmət olunmasını təmin etmək, fondlaşdırmaq və istehsalı müəyyən qurumların asılılığından azad etmək, istehsalçını güc sahibinə çevirmək - Qayəniz budur . Amma kinomuzun indiki reallığını nəzərə alsaq, bir az inandırıcı görünmür, fantaziya kimi çatır insana...

- Biz xəyal qurmaq bacarığımız sayəsində irəliləyirik. 10 il əvvəl ilk dəfə biz kino çəkmək istəyəndə də hamı bizə xəyalpərəst kimi yanaşırdı. BDU-nun tarix fakültəsini bitirmiş bir oğlan film çəkəcək və bu film uğurlu olacaq. Sonra özünü əsl kino fədaisi hesab edən ağsaqqallar əl-ayağa düşəcək, deyəcəklər bizim milyonlarla büdcəmiz var, amma bunlar ortaya real iş qoyurlar. Mən bu işlərə 30 min manat sələmlə girmişdim. Qorxurdum, indi də qorxuram. Amma risk eləməsən, ortaya iş çıxmaz. Zamanla təcrübə qazanırsan, işin yolunu-yöntəmini tutursan. İqtisadi cəhətdən düzgün yanaşa bilirəm və milli xüsusiyyətlərimizi yaxşı bilirəm. İşi də düzgün insanlarla qururam deyə problem yaranmır.

- Yaxşı kino çəkmək üçün ən birinci güclü maliyyə olmalıdır, yoxsa güclü yaradıcı heyət?

- Maliyyə. Hər təzə gələn film özündən sonrakına daha çox pul qazandırır və onun daha yaxşı alınmasına kömək edir. Çox işlədikcə çox öyrənir, çox öyrəndikcə çox qazanır, çox qazandıqca çox xərcləyirsən.

- Dövlət filmlərinə nə qədər xərclənir, sizin çəkdiyiniz filmlərə nə qədər maliyyə sərf olunur?

- Dövlətin çəkdiyi ən ucuz film 600-700 min manatdır, bizim çəkdiyimiz ən baha film 200-300 min manat. Bu günə qədər “kinomuz bərbad vəziyyətdədir” deyənlərin çoxu o vəsaiti alıb, o məsuliyyəti daşımalı olan, amma daşımayan insanlardır. Azərbaycan hökumətinin kinomuzun inkişafına ayırdığı diqqət və vəsaiti göz görə-görə itirənlər mədəniyyətimizə, hökumətimizə, xalqımıza qarşı satqınlıq edirlər. Hökumətin, dövlətin gördüyü işə kölgə salmaqla, bu qayğıya xəyanət edirlər. Hər il dövlət müntəzəm olaraq kinoya 6-7 milyon pul ayırır. Kəsir boğazından, deyir ki, gedin çəkin. Bizi bəyənməyən öz aralarında ad, vəzifə, status davası edən adamların hamısı 30 ildən çoxdur o milyonlara sahib olurlar. Və hələ də ortada layiqli bir film yoxdur. İndi bizə kino, mərifət dərsi keçməyə çalışanlar, biz kinonun düşməni, özlərini qayğıkeşi elan edən o ağsaqqallar hər il 6-7 milyon pulu zibil qabına atırlar.

- Zibil qabına atırlar deməzdim. İnanmıram ki, bizdə kimsə cibinə atmaq imkanı varkən onu zibil qabına atsın.

- Son 30 ildə 6 milyondan hesablayanda dövlətin ayırdığı pul 180 milyon edir. Dövlət tərəfindən çəkilmiş bir “Dolu” filminin adını hamı tanıyır. Başqa nə var ortalıqda? Yaradıcılıq xalqa xitab eləməlidir. Vaqif Mustafayev dövlət hesabına 1 milyon 200 manata “Həyat sən necə gözəlsən” filmini çəkdi, hanı? Heç kimin xəbəri yoxdur, baxılmadı. Adamı yandıran odur ki, “ölkəmizi xaricdə təbliğ edirik” desələr də, nəticə yoxdur. Xarici ölkələrə pulsuz biletlər, səfərlər, bahalı otellər... Hansı filmimiz dünyada tanınır, başqa ölkələrdə ondan danışılır? Pul var, amma film yoxdur. Hər il 6 milyon ayrılır. Xərclənibsə, hanı film? Nizami Kino Mərkəzi Azərbaycan filminin kino məbədidir, milyonlar ayrılıb, təmir olunub, hər şey var, amma film üçün vacib olan ən birinci, ən lazımlı aparat, proyektor yoxdur. Bu biabırçılıqdır. Təsəvvür edin, xaricdən hansısa bir filmi götürüb gətirirəm Azərbaycana ki, ən böyük kinoteatrımızda, Nizami Kino Mərkəzində nümayiş etdirim. Kimə desən proyektor yoxdur, gülməkdən ölər. Kreslo qırıq ola bilər, ayaq altına salınan xalılar köhnələr, amma kinoteatrda proyektor yoxdur... Bu olmaz. Rayonlarda çoxlu mədəniyyət mərkəzləri açıblar. Müasirdir, hər şey var. Amma qapısını bağlayıblar və onların da içində proyektor yoxdur. Kinoteatr olmağın təməli proyektordur.

- Söhbət hansı proyektorlardan gedir?

- Bunlar xüsusi yeni qurğulardır, onlarda təqdim edilən filmləri kopyalamaq, oğurlamaq olmur, onlar kodlaşdırılmış faylı göstərirlər.

- Maliyyə ayrıldı, pul var, amma tərpəniş hiss olunmadı. Azərbaycanda kinonun inkişafı üçün başqa nə iş görmək lazımdır?

- Birincisi kinoteatr olmalıdır. İkinci isə kino vergidən azad edilməlidir. Kino vergidən azad edilsə, istənilən rayonumuzda 5 şadlıq evindən 3-ü kinoteatr kimi fəaliyyətə başlayacaq. Kino prestijli sahədir. Bu həm də yüksək mədəniyyət, yeni iş yerləri deməkdir. Bir il film çəkməyək, bu işi görək. Kino vergidən azad edilsə, kinoteatrlar açılsa, dövlətin film istehsalına pul ayırmasına ehtiyac qalmayacaq. Bunu əminliklə deyirəm.

- Uzun müddətdir Bakıdakı kinoteatrlarla davadasınız. Nədir probleminiz?

- Kinonun beynəlxalq standartlarına əsasən, istehsalçı filminin yayımından əldə olunan qazancın 50 faizinə sahib olur, qalan 50 faiz kinoteatra qalır. Yəni film kinoteatra 50-50 prinsipi ilə daxil olur. Xarici filmləri bu qaydada nümayiş etdirib, yerli filmlərə 60-40 faiz şərti qoyuldu. Yəni qazancın 60 faizi kinoteatra, 40 faizi istehsalçıya çatır. Bu işi ilk mən başlatmışam deyə, ən çox davanı da mən eləmişəm. Təzə başlayanda təcrübəmiz yox idi, imkansız idik deyə razılaşdıq. Sonra bizim filmlərimiz zamanının ən çox satışını gətirdi. Qeyd edim ki, Azərbaycan blokbasteri bir mövsümdə bütün amerikan, türk filmlərindən çox pul yığa bilir. Bunu əminliklə deyirəm. 5 belə Azərbaycan filmi olsa, kinoteatr bütün xarici filmlərdən qazandığından daha çox qazanar. Çünki xalq özünü görməyə meyillidir.

- Bəs niyə yerli filmlərə belə haqsızlıq edilir?

- Kinoteatrlar görəndə ki, Azərbaycan filmi daha çox pul qazandırır işi eksklüzivə keçirməyə başladılar. Daha çox qazanmaq üçün bir-birləri ilə rəqabətə girdilər, bu rəqabətdə də istehsalçıdan istifadə etdilər. “CinemaPlus” konkret mafiya rolunu oynayır. “Güc məndədir, istədiyimi edərəm” deyir. Deyir ki, film mənim şəbəkəmdə yayımlanacaqsa, başqa yerdə getməyəcək və 60-40 faiz şərti ilə yayımlanacaq. 2016-cı ilə qədər aktiv dava elədim, gücüm çatmırdı. Bu şəbəkənin Gəncədə, Sumqayıtda kinoteatrı var. “Parkcinema” 50-50, Nizmai Kino Mərkəzi 50-50 şərti ilə razılaşır, “CinemaPlus” 3 faiz fərq qoyur, 53-47 deyir. Ən vacib şərti də budur ki, kim bileti məndən ucuz satsa, mən sənə qazancı o ucuz bilet qiymətləri ilə hesablayıb verəcəm. Məcburuq ki, gedib biz digər kinoteatrla dava edək ki, sən Allah, bileti ucuz satma.

- İlanı seyid Əhmədin əli ilə tuturlar deyirsiniz?

- Bəli. İstehsalçını araya salıb, bir-birləri ilə rəqabət aparırlar, istehsalçısının əli ilə başqa istehsalçıları vurmaq istəyirlər. Seyid Əhməd də dirənib ki, bütün ilanlarla dostam (gülür).
Türk filmini göstərmək üçün öncədən zəmanət pul ödəyirlər. Azərbaycan filminə bu edilmir. Bir manat pul istəmirəm, dəstək istəmirəm. Hazır materialı gətirib verirəm, haqqım olanı doğru dürüst ver. Öz aralarındakı davanı özləri həll eləməlidirlər, istehsalçını salırlar qabağa. Yerli istehsalçını monopolist qanunlarla sıxırlar. Bunlarınkı mafiya işinə daha çox oxşayır, deyir burda mənəm, Bağdadda kor xəlifə. Mənim şəbəkəm böyükdür, mən burada at oynadıram. İstəyirsən sənin kinonu göstərim? Get rəqiblərimə de ki, mən bileti neçəyə satıram, sən də o qiymətə sat. Çarəsizlikdən getdim danışdım. Amma o da deyir ki, hansısa şəbəkə mənim satış strategiyama qarışa bilməz. Haqlıdır.

- Filmləriniz öz xərcini nə qədər vaxta çıxarır?

- “Səma ilə görüş” son filmimizdir. Kinoteatrlar problem yaratmasa son 10 ilin ən böyük satışını 40-50 gündə çıxara bilərdi. Di gəl imkan vermirlər. Qalmışıq balaca-balaca adamların əlində.

- Bayaq dediniz sizin yaratdığınız İB kino istehsalı ilə məşğul olacaq. Real işi nə zaman görəcəyik?

- Bu il qələbəmizə həsr olunmuş bir müharibə filmi çəkəcəyik. Hollivud kinolarından geri qalmayacaq film çəkə bilərik. Nə rus, nə türk filmlərindəki döyüş səhnələrindən geri qalmayacağıq. Bu ayın sonunda ssenari müsabiqəsini elan eləməklə işə başlayacağıq. Bəyənilən ssenarini istehsal edəcəyik, əgər istədiyimiz ssenari olmasa, bəyəndiyimiz ssenaristləri toplayıb, yeni bir ssenari yazacağıq.

- Qalib ssenarist üçün hansı məbləğdə mükafat nəzərdə tutulub?

- İşin keyfiyyətindən asılı olaraq 5-10 min manat arasında mükafat olacaq.

Ardını oxu...
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ səfəri maraqlı anlaşma ilə yadda qaldı. ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə razılaşdı. Anlaşmanın arxasında hansı məqamlar var?

- Hesab edirəm ki, bu anlaşma sülh prosesini tamamilə fərqli yönə döndərəcək. Bu, spontan olaraq ortaya çıxan nəticə və razılaşma deyil. Qənaətimə görə, Vaşinqtonda indiyədək sülh prosesi ilə əlaqədar baş verənlər və bunun doğurduğu yanlış nəticələr, həmçinin bu fonda region üçün yaranan geosiyasi təhlükələr də ciddi müzakirə predmeti olub. Yekun olaraq razılaşdırıldı ki, bu yöndəki siyasət dəyişsin. Artıq bu xüsusdə Türkiyənin prosesdəki rolu və müdaxiləsi ilə bağlı ABŞ-nin baxış bucağı dəyişib. Yəni indiyədək Fransanın bölgəyə müdaxilə cəhdləri kənardan ABŞ tərəfindən idarə olunurdusa, artıq bu rolun Türkiyə üçün ayrıldığı bəlli olur. Bu da o deməkdir ki, Amerika reallığı anlamağa başlayıb.

Fransanın siyasəti Cənubi Qafqazda dağıdıcı amilə çevrilib. Bu da region üçün ciddi təhlükələr vəd edir. Bu da təkcə Fransa və Avropa Birliyinin yox, ABŞ-nin də geosiyasi maraqları üçün təhdid yaradır. Buna görə də, Türkiyənin prosesdə daha böyük rol alması razılaşdırıldı.

Türkiyənin Ermənistanla sərhədinə uzaqmənzilli artilleriya sistemləri və ya minaatanlar gətirməsi təsadüfi hadisə deyil. İndiyədək Türkiyənin Ermənistanla sərhədində hücum silahları görülməyib. Türkiyənin Ermənistanla sərhədində hücum silahları yerləşdilməsi işinin içində həm də Rusiya təhlükəsi var. ABŞ anlayır ki, Rusiya Ermənistana hərbi təhlükə yaradarsa, bunun qarşısını Fransa və onun qurduğu “koalisiya” ala bilməyəcək. Gec də olsa, ABŞ reallığı anladı. Türkiyənin Ermənistanla sərhədində hücum silahları və canlı qüvvə yerləşdirməsi bölgəni qarışdırmaq istəyən güclər üçün çəkindirici faktor olacaq.

Hesab edirəm ki, bu siyasət davam edərsə, Türkiyə Azərbaycanla Ermənistan arasında növbəti vasitəçi ola bilər. Antalya Diplomatiya Forumundan sonra Ankara və İrəvan arasında əlaqələr və müzakirələr intensivləşib. Mirzoyan da etiraf etdi ki, Türkiyə və Ermənistan rəhbərlikləri arasında mütəmadi dialoq və təmaslar var. Bu da prosesin idarəolunan səviyyəyə keçdiyini göstərir. Hakan Fidanın son ABŞ səfərini bu yöndə dəyərləndirmək olar. Artıq Ermənistan-Azərbaycan sülh prosesinin təkanverici qüvvəsinin Türkiyə olacağını demək mümkündür. Bundan sonra müsbət nəticələr ola bilər.

- Qazaxın kəndləri ilə bağlı maraqlı ictimai-siyasi müzakirələr gedir. Erməni mənbələrinə inansaq, sərhədə bitişik 4 kənd ilkin mərhələdə təhvil veriləcək, anklavlarla bağlı məsələ də müzakirələr zamanı həllini tapacaq. Artıq Ermənistanda həmin kəndlərə girişin qadağan edildiyi, Vikipediyada qondarma məlumatların dəyişdirildiyi bildirilir. Təhvil-təslim başlayırmı?

- Qənaətimə görə, çox keçməz ki, Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı müsbət xəbər alacaq. Sərhədə bitişik işğal altındakı bu 4 kəndin qaytarılmaması üçün heç bir səbəb yoxdur. Əgər Ermənistan rəhbərliyi səviyyəsində bu ərazilərin işğal edildiyi etiraf edilibsə, bunun beynəlxalq hüquqdan irəli gələn gərəyi bu kəndləri Azərbaycana qaytarmaqdan ibarətdir. Əks halda, məsələnin həlli Azərbaycan ordusuna həvalə edə bilər, bu da cəmi bir neçə saat aparacaq. Belə bir addım da tam legitim sayılacaq. Qərb dünyası bunu bəhanə edərək Azərbaycanın üstünə gələ bilməz.

Həm Qərb, həm də Ermənistan bu torpaqların Azərbaycana məxsus olduğunu bəyan edib. Bu fonda Ermənistanın “31 kəndin Azərbaycan tərəfindən işğal edilməsi” iddiası absurddur. Bunu sübut edəcək dəlillər yoxdur. Üstəgəl, sərhəd hələ müəyyən edilməyib, bilmək olmaz ki, kimdə kimin ərazisi var. Hesab edirəm ki, 4 kəndin qaytarılması sərhəd komissiyalarının növbəti görüşündə əsas müzakirə mövzusu olacaq. Bununla bağlı anlaşma çox da uzaqda deyil.

- İran Zəngəzura marağını yenidən artırıb. Xüsusən də Ermənistan müdafiə naziri Suren Papikyanın ötən həftə Tehrana səfərindən sonra bu yöndə müəyyən iddialar irəli sürülür. İddialardan biri də, İranın Zəngəzurda hərbi baza quracağı ilə əlaqəlidir. Belə bir gəlişmə nə qədər mümkündür, ümumən, İranın yenidən diqqətini bura yönəltməsi nə ilə bağlıdır?

- Zənn edirəm ki, bu, Fransanın oynadığı oyuna daxildir. Bu oyunun içində İran da var. Həmişə demişəm ki, səhnənin arxasında Fransa-Ermənistan-İran anlaşması mövcuddur. Bəzi məsələlərdə Qərbin yanaşması çərçivəsində İranla Fransa arasında fikir ayrılığı ola bilər, ancaq Azərbaycana qarşı mövqedə və ya Ermənistan məsələsində yekdil fikir var. Bu kontekstdə İrana bölgədə müəyyən rol ayrıla, gələcəkdə Rusiya çıxarsa, ona bu yöndə müəyyən vədlər verilə, üstəgəl, Ermənistanın təhlükəsizliyi Tehrana həvalə oluna bilər. İran bu səbəbdən bir az aktivləşib, boyundan yuxarı tullanmağa çalışır, özündən yekə fikirlər səsləndirir. Amma İranın bu istəkləri o tərəfə keçməyəcək.

Bölgənin gələcək taleyi ilə bağlı qərarı verəcək dövlət Fransa deyil. Bölgənin gələcəyi ilə bağlı qərarlarda İran-Ermənistan hərbi-təhlükəsizlik əməkdaşlığı məsələsi yoxdur. ABŞ bunu qəbul etməz. İranın boyundan yuxarı atılıb-düşməsi, səsləndirdiyi fikirlər söz olaraq da qalacaq. Bu mümkün olsaydı, Ermənistan çoxdan Yunanıstan və Fransa ilə olduğu kimi, İranla da hərbi-təhlükəsizlik sahəsində saziş imzalayardı. Belə bir saziş yoxdursa, hətta perspektivdə də layihə olaraq görünmürsə, demək, ABŞ və Britaniyanın buna razılığı yoxdur. Ermənistan bu qlobal güclərin razı olmadığı məsələyə gedə bilməz, mümkün deyil. Bir sözlə, İranın istəkləri şirin yuxu kimi davam edəcək.
Ardını oxu...
Kult.az şair Vüqar Əhmədlə müsahibəni təqdim edir

- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. Dəqiq səbəb budur?

- Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız “Ədəbi Dram”la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən səni professor keçirdə bilmərəm, gərək, bütöv ştata keçəsən. Ərizəmi yazıb, AzTV-dən çıxdım. Rektor isə yaxşı mənada məni aldatdı. Sən demə, olarmış işləmək, amma mənim kimi kadrı tam ştat istəyirmiş. Elə AzTV-dən çıxmaq da ürəyimdən idi. Rəhbərlik dəyişmişdi, mühit o deyildi.

- Bəs indi necə, peşmansınız?

- Peşmanlıq deməzdim. Artıq yaşım keçib, cavan olsaydım, hazırki komanda ilə işləyərdim AzTV-də.

- Üç işdə işləmək çətin deyildi bir şair üçün?

- Şair işləməmişəm ki! Hərəsində öz işim olub. Onda uşaqlar da balaca idi, üç yerdən bir yerin maaşını alırdım, çatmırdı. Yenə yaxşıydı ki, dərsliklərim, kitablarım satılırdı, oradan da bir az gəlir gəlirdi. Rəsulzadə haqda romanımdan yaxşı pul qazandım. Ordan-burdan qonorarla da birtəhər dolanırdım.

- Vüqar müəllim, indiyə qədər nə qədər şeir yazmış olarsınız? Sizin haqqınızda sosial şəbəkədə bəziləri yazır ki, hər gün şeir yazır…

- Mən çox şeir yazmamışam axı. Deyirlər də. Bəlkə 500 sözümə mahnım var. Bizim elə xalq şairlərimiz var ki, onların on cild şeiri var. Bir söz var e, “az yazıram, saz yazıram”. Dəqiq bilmirəm, bəlkə, 800-1000 şeir olar.

- Düşünürsünüz ki, bir şair üçün min şeir azdır?

- Yox, siz nə danışırsız? Əvvəla, təqribi dedim. Oturub şeirlərimi sayım? Amma bir dəfə sizin xətrinizə sayaram. Camaatın on min, iyirmi min şeiri var. Bəlkə də 600 şeirim olar - 40 illik yaradıcılıq üçün çox azdır. Daim elmi fəaliyyətlə də məşğul olmuşam. Ən məhsuldar dövrüm müğənni, bəstəkarla işləyəndə olub. Təbi gələndə yazıram da. Sözlərimə oxunan mahnıları eşitməmisiniz? Bütün toylarda “Balaların xətrinə” oxunur, “Şuşanın dağları, başı vüqarlı” - Şuşada belə oxundu. “Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir.

- Sizə “nəğməkar şair” deyirlər. Hiss edirsiniz ki, “nəğməkar şair”i alçaltmaq, zəif göstərmək üçün deyirlər?

- Mən “nəğməkar şair” adından imtina eləmişəm. Bu adı mənə illər öncə Əlibaba Məmmədov vermişdi. Yaşar Nuri də yaradıcılıq gecəmdə çıxış edib, o cür təqdim elədi. O vaxt üçün bu ad çox yaxşı idi. Sonra gördüm ki, tədbirə çağırırlar, iki şeirinə mahnı oxunanı da nəğməkar şair kimi təqdim edirlər. Ümumiyyətlə, şair şairdi də. Vəssalam. Daha mənə belə demirlər. İndi olur, bir də görürsən, rayondan gələn saf adamdı, görüşür, öpür, deyir, nəğməkar şairimiz, sənin nəğməli ürəyindən öpürəm. Amma alimlər, ziyalılar bilirlər ki, kiməm, nəyə qadirəm.

- Bəstəkarlardan pul almağı alver hesab elədiyinizi demişdiniz. Belə çıxır ki, alanlar alverçidir?

- Mən özüm heç vaxt almamışam, kim də alırsa, halal xoşu. Ruzini Allah verir, maaş alıram, şeir satmağı isə bacarmıram. Mən belə düşünürəm, sadəcə. Demirəm ki, etmək olmaz, amma mən etməmişəm, edə bilmirəm.

- Az qala bütün şairlər danışanda deyirlər ki, mənə paxıllıq edən çoxdur, ayağımı çəkirlər. Sizə necə, paxıllıq edirlərmi?

- Elə şey olar ki, etməsinlər? Amma mənə heç vaxt istedadlı adamlar paxıllıq etməyib. Ciddi adamlar həmişə dəstək verib, dost olmuşuq.

- Kimdir o ciddi adamlar?

- Ustad saydığım Bəxtiyar Vahabzadə, Nəbi Xəzri. Rəhmətlik Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Şair Qabillə, Cabir Novruzla dost olmuşuq, alimlərimizdən İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Bəkir Nəbiyev - hamısı haqqımda da yazıblar. Paxıllıq istedadsız adamların işidir. Hələ çoxdur, yadıma düşən bunlar oldu.

- İzzət Bağırova şeir yazdığınıza görə peşman deyilsiniz ki?

- Xeyr, niyə peşman olum? İzzət o vaxt ağır qəza keçirmişdi, könlü xoş olsun deyə yazmışdım.

- Xoş oldu?

- Əlbəttə. Kimə xoş olmaz ki? İki dəfə ağır əməliyyatdan sonra ayılıb ona həsr elədiyim şeiri oxuyanda sevindi. O, həm də uşaqlarımın dayısıdır. Amma bunun dəxli yoxdur, başqası da olsa, yazardım.

- Xeyli adama şeir həsr eləmisiniz. Bəs sizə də şeir həsr ediblərmi?

- Mənə heç bilirsiniz nə qədər şeir həsr olunub? Balakənli bir şair poema həsr edib. Şair Tofiq İmişli var, mənə on şeir həsr edib. Nizami Rəmzi qəzəl həsr eləmişdi, baş hərfləri də Vüqar Əhməd… Daha sonra Cabir Novruz, Nəbi Xəzri də həsr edib. Çoxdur. Özümün onları çap etməyim düzgün olmaz. Öləndən sonra övladlarım edərlər.

- Xanımlara da şeir həsr edirsiniz? Yoxsa ancaq kişi şairlərə?

- Xanımlara da şeir həsr eləmişəm. Sevgi mahnılarım var da.

- Xanımlara deyəndə, zaman-zaman sevdiklərinizi nəzərdə tuturam…

- Brilyant Dadaşova “mən gizlincə səninləyəm” oxumuşdu. Bir elmlər doktoru var, dedi, Vüqar, utanmırsan, evli adamsan, bu nədi? Dedim, bəlkə elə yoldaşıma yazmışam? İnanmadı, əsəbiləşib dedi ki, yoldaşla gizlincə görüşmürlər, sənin gəzdiyin var. Bilmədim nə deyim, bu da poeziyanı anlayan alimimiz…

- Müsahibənin sonunda mənə bir şeir həsr edə bilərsiniz? Son sözümüz o olsun…

- İndi yox, amma söz verirəm ki, sizə şeir həsr edəcəm.
Ardını oxu...
 

Müəllimləri onu “fakültənin qaymağı” adlandırıblar və uğurlu olacağına inanıblar. Çünki enerjisi, çevikliyi, diqqəti, bilikləri ilə daim seçilib. Haqlı da çıxıblar. O, bu gün Azərbaycanı xaricdə təmsil edən alimdir. Ona İsveçrədə “super elmi ana” deyirlər, hətta onunla bağlı məqalələr də yazırlar. Bir yaşlı qızı ilə tədqiqat aparır, universitetə gedir, konfranslara, “zoom” görüşlərinə qucağında uşaqla qatılır. Ailə və karyera balansının öhdəsindən layiqincə gəlir. Özünü evinin xanımı, övladının anası, işinin sahibi adlandırır.

“Kaspi” qəzetinin müsahibi İsveçrə Fəxri Federal təqaüdçüsü Nərgiz Hacıyevadır.

45 isveçrəli içində yeganə əcnəbi direktor

Ardını oxu...

Gəncədə ziyalı ailəsində anadan olub. Cavad xan nəslinin davamçılarındandır. Orta məktəbi Gəncədə bitirdikdən sonra Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına qəbul olur və qırmızı diplomla bitirir. Daha sonra Litva və Fransa dövlətlərinin ayırdığı təqaüd hesabına Vitautas Magnus Universitetinin və Sciences PO-nun beynəlxalq münasibətlər və diplomatiya ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, UNEC Beynəlxalq İqtisadiyyat məktəbində ingilis dilində sosiologiya və politologiya fənləri üzrə müəllim vəzifələrində çalışıb. Hazırda UNEC-də elmi fəaliyyətin təşkili şöbəsinin müdiri,  Xanım Tədqiqatçılar Şurası tədqiqat mərkəzinin rəhbəridir. Nərgiz bununla kifayətlənmir. O, həm də İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik Metodlar işçi qrupunun direktoru vəzifəsini icra edir. 45 isveçrəli içində yeganə əcnəbi direktordur. İngilis, fransız, alman, rus, türk və Litva dillərini bilir.

Ardını oxu...

“Elmdə paxıllıq mütləqdir”

Nərgiz xanım, peşənizin vurğunusunuz. Hər kəs ixtisas seçimi ilə bağlı qərarında sizin qədər şanslı olmur. Siz nə vaxt dərk etdiniz ki, siyasi alim, tədqiqatçı olmalısınız?

- Uşaqlığımdan tarixi çox sevirdim. Bir dərsə beş-altı saat vaxt sərf edir, mətni dərk etdikdən sonra nöqtə, vergülünə qədər əzbərləyirdim. Hətta qəbul vaxtı tarixdən 25 sualı 1 dəqiqə 50 saniyəyə yazdım. Peşə sevgimi anam kəşf edib. O, bizə heç vaxt müdaxilə etməyib, sadəcə müşahidə edib və yönləndirib. Bacımla uşaq idik, bizə tarix kitabını verdi və dedi ki, öyrənin mənə danışın. Mən öyrəndiyimi çox detallı, maraqla danışdım. Bacım isə daha yığcam məlumat verdi. Anam bacıma dedi ki, sənin marağın texniki elmlərədir.

Universitetin ilk günü “buranı qırmızı diplomla bitirəcəyəm” demisiniz. Amma həvəsinizi qıranlar, buna inanmayanlar olub.

- O qədər sevincli idim ki... İlk dərs günü saat 7-yə 15 dəqiqə qalmış qapıda idim. Məndən başqa heç kim yox idi. Mənə elə ilk gün dedilər ki, burada qırmızı diplom almaq mümkün deyil. Elə o yaşımda deyirdim ki, bu, sizin yanaşmanızdır. Mən öz bildiyimdən dönməyəcəm. Bizim cəmiyyətin ən ağrılı yerlərindən biri mənfi rəyin daha çox yayılması və ona inanılmasıdır. Qırmızı diplom alanları da sanki güzəşt ediblər kimi təsvir edirdilər. Tələbənin savadına, öz hesabına əldə edəcəklərinə inana bilmirdilər. İlk gündən ön partada oturdum, məktəbə beş yaşımda getdiyim üçün yaşıdlarımdan balaca idim. Mən həmişə savadlı, rəqabətli, şəffaf qısqanclığın tərəfdarıyam. Elmdə paxıllıq mütləqdir. Amma bu paxıllıq başqalarını toksik şəkildə zəhərləməməlidir. Mənə inanmayanlara inad, universiteti qırmızı diplomla bitirdim.

Ardını oxu...

“Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın...”

Litvada cəmi üç azərbaycanlıya verilən təqaüdü qazanmısınız. Bu, necə oldu?

- Xaricdə təhsil üçün universitetlərə müraciət edirdim. Anam həmişə deyirdi ki, təhsilə pul xərcləmək olar, amma çalışmaq lazımdır ki, təhsil sənə pul gətirsin. Mən öz bacarığımı elmə çevirmək və ondan pul qazanmaq istəyirdim. Bu təqaüdü qazanmazdan əvvəl Gəncədə Heydər Əliyev mərkəzində ingilis dili qrupunun rəhbəri idim. 400-500 tələbəm var idi, onları təmənnasız hazırlaşdırırdım. Daha sonra bu fəaliyyətim dəyərləndirildi və qısa müddət icra hakimiyyətində işlədim. Burada vəzifəyə getmək imkanım yarandı, amma heç nə təhsilimin qarşısını ala bilməzdi. Litva Elm və Təhsil Nazirliyi tərəfindən verilən dövlət təqaüdünə layiq görüldüm. Bəli, bu təqaüd o zaman üç azərbaycanlıya verildi, biri də mən idim. Yataqxanada dedim ki, Nərgiz, sən bunu bacardın, sən artıq Avropada təqaüdlə təhsil alacaqsan. Yaxşı oxuduğuma görə bir semestrlik Paris Diplomatiya Akademiyasına göndərildim, daha sonra Avropa İttifaqının Erasmus təqaüdünü qazandım. Macarıstanda Soyuq Müharibə, Tarix və Hüquqi Araşdırmalar Mərkəzində tədqiqatçı kimi işlədim, bitirdikdən sonra yenə universitetə gəldim. Litvadan məzun olduqdan sonra Çexiya Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq Münasibətlər İnstitutunda yenə tədqiqatçı kimi fəaliyyət göstərdim.

Ardını oxu...

Azərbaycanı Argentinadan tutmuş Yaponiyaya qədər müxtəlif ölkələrdə təmsil etmisiniz. Sizin üçün ən yadda qalan hansı idi?

- İsveçrədə Ermənistan Amerika Universiteti və Sürix Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilirdi. O konfransda iştirak etmək üçün çox çalışdım. Məni qəbul etmələri üçün məqaləmin başlığını “Dəyişən qüvvələr balansı, status-kvo Qarabağ və Avropa İttifaqı nümunəsində” qoydum. Məqaləm qəbul olundu və İsveçrə Federal Departamenti bütün xərclərimi qarşıladı. Yoldaşım mənə dedi ki, orada təksən, çıxışdan sonra üstünə çox gələcəklər, problem olarsa, səni çöldə gözləyəcəm. Çıxışımdan sonra erməni professorları təkidlə yanaşmalarımın düzgün olmadığını deyirdilər. Mən isə onlara deyirdim ki, sizin yanaşmanızda müvafiq hüquqi təminat yoxdur, amma mən sizə faktlarla danışıram. Sizə öz dilimdən deyil, beynəlxalq konvensiyaların, deklarasiyaların, qətnamələrin dilindən danışıram. Azərbaycanı layiqincə təmsil etdiyim üçün xoşbəxt idim.

Ardını oxu...

“Vakansiyanın erkəyi, dişisi olur?”

İqtisad Universitetinə maraqlı təsadüflə işə düzəlmisiniz. Nə üçün “vakansiyaya bəylər müraciət edə bilər” şərtini oxuduğunuz halda, inadla müraciət etdiniz?

- Bəli, Beynəlxalq Əməkdaşlıq Departamentində beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilmişdi. “Ancaq bəylər müraciət edə bilər” sözü məni təəssüfləndirdi. Qəsdən bu vakansiyaya müraciət etdim. Məni bir ay sonra çağırdılar və bir xanım dedi ki, vakansiya bəylər üçündür, siz niyə müraciət etmisiniz? Dedim vakansiyanın da erkəyi, dişisi olur? Təsəvvür edin, müsahibəyə 20 bəy gəlmişdi, tək xanım mən idim. Mənə dedilər ki, bizi nə ilə təəccübləndirə bilərsən ki, səni işə götürək? Dedim ki, mən enerjiliyəm, motivasiya prinsiplərim var, ən əsası, ictimai rəyə görə ruhdan düşmürəm. Sonda rektorla görüşdüm və məni istisna hal kimi işə qəbul etdilər. Rektor Ədalət Muradovun təhsilimlə bağlı mənəvi dəstəyini daim hiss etdim, İsveçrədə tədqiqat apardım.

Nə üçün məhz bəy işçi istəyirdilər?

-Xarici qonaqları gec saatlarda qarşılamaq lazım idi. Dedim, mənim üçün problem deyil. Qadın da əgər işi üçün lazımdırsa, bunu edə bilər və etməlidir də.

Ardını oxu...

“Hərəkət sözdən daha güclüdür”

Vakansiyanın erkəyi, dişisi olmur deyirsiniz. Amma rəhbərlər, qurumlar, hətta qadınların özü belə çox vaxt belə düşünmür. Bu stereotiplər necə qırılmalıdır?

- O qədər ciddi problemdir ki... Xanım Tədqiqatçılar Şurası olaraq regionları gəzir, xanım sahibkarla müsahibələr edib, kitab kimi nəşr edəcəkdik. Təəssüflər olsun ki, regionlarda əlaqə saxladığım sahibkar xanımların əksəriyyəti deyirdi ki, yoldaşım müsahibə verməyimə icazə vermir. Xanım sahibkar olmaq sənin azad olmağın demək deyil. İnsan fikri, fiziki cəhətdən azad olmalıdır. Sənin bu gün fikrini ifadə etməkdə azadlığın yoxdursa, istənilən fəaliyyətin məhduddur. Bu gün Azərbaycan qadınlarının qarşılarında duran ən böyük əngəllərdən biri fikri azadlıqlarının olmamasıdır. Bu, regionlarda daha dəhşətlidir. Amma yavaş-yavaş dəyişəcək.

Xüsusilə, regionlarda qadınlarla bağlı maarifləndirilmə aparan insanlar haqqında “ailə dəyərlərimizi dağıdırlar”, “qadınları ayıltmağa çalışırlar” ifadələri səsləndirilir. Bəzən bunu qadınlar da deyir. Onlarla mübarizəniz necədir?

- Bəli, çox rastlaşıram. Amma heç nə demirəm, sadəcə fəaliyyət göstərirəm. Mənim mübarizəm ancaq hərəkətlədir. Sözlə 10 dəfə də cavab qaytarsam, xeyri olmayacaq. Hərəkət sözdən daha güclüdür.

Ardını oxu...

Sürət və savad

- İsveçrə fəxri federal təqaüdünü necə əldə etdiniz?

- Pandemiya dövründə özümü ilk dəfə çox uğursuz hesab edirdim. Övladımla bağlı analıq məzuniyyətində idim, faydasız olduğumu düşünürdüm. Uğurumun iki səbəbi olub, sürət və savad. Federal təqaüdün elanı başlamışdı. Təkcə professor tapmaq üç ay vaxtımı aldı. Təqaüdə müraciət etmək üçün ilk addım o idi ki, öz tədqiqat proqramını professora göndərirsən, səni bəyənirsə, dəstək məktubu yazır. 45 professora tədqiqat proqramımı göndərdim. İki aylıq proseslərdən sonra Cənubi Qafqaz üzrə araşdırmaçı professor Dirk Lehmkuhl məni elmi rəhbərlik üçün qəbul etdi. Sevincimin həddi-hüdudu yox idi. O maili alanda qızımı ayağımla arabada yellədir, maillərimi oxuyurdum. Qızım yatmışdı, sevincimdən qışqırmaq istəyir, özümü sıxırdım. 450 səhifəlik sənədlərlə İsveçrə səfirliyinə yollandım. Doqquz aydan sonra cavab çıxdı. Məni fəxri federal təqaüdə layiq gördülər. Mövzum işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərində idxal-ixracın iqtisadi hüquqi qiymətləndirilməsi idi. Qanunsuz patentlər, məskunlaşdırma, ticarət nişanları haqqında araşdırma aparmışdım.160-dan çox qanunsuz şirkəti tapmışdım. Tədqiqatlarımı İspaniya, Macarıstan, Yaponiya, İngiltərədə aparırdım. 15 şəxsdən 14 lehinə, 1 əleyhinə səslə bu təqaüdə qəbul olundum. İsveçrədə pandemiya rejimi idi, yoldaşımla qızımı apara bilmirdim. Qızımın ana südünə ehtiyacı var idi və mənimlə gəlməli idi. Professorum məktub yazdı və nəticədə qızım, yoldaşım və mən İsveçrəyə yollandıq. Həyat yoldaşım da mənə görə işindən çıxdı, maşınını satdı. Biz bir il bir ay İsveçrədə yaşadıq.

Ardını oxu...

Siyasi tədqiqat sahəsində qadınların kişilərə nisbəti çox aşağıdır. Nə üçün?

- Mentalitet ən birinci stereotipdir. İkincisi, xanımlarda tədqiqatın aparılması ilə bağlı maraq yoxdur, yaxud yaxşı tədris edən müəllim çatışmır. Xanımlara məqalə yazmaqla bağlı yön göstərən tədqiqatçı mentorlarımız yoxdur. Xanım tədqiqatçı olaraq mən bu konsultasiyaları pulsuz verirəm. Xanımların başını o qədər sosial məişət məsələləri ilə qatırlar ki, bilmir ki, tədqiqatına baxsın, yoxsa ailədəki problemlərini həll etsin. Qadınlar var, fəxr edir ki, həyat yoldaşım məni qısqanır, işləməyə qoymur. Problem 50 faiz kişilərdədirsə,50 faiz də qadınlardadır. Mən də yoldaşıma müəyyən nüansları razılaşdırır, bir-birimizə hörmət edir, güzəştə gedirik. Qarşılıqlı inam olmayan ailə qabağa gedə bilməz. Qadın kişiyə, kişi qadına inanmalıdır.

Biliyimi pula çevirib 48 Avropa şəhəri gəzmişəm

Qadın istəsə, hər şeyə qadirdir deyə bilərikmi?

- Bəli, qadın düzgün hədəflər qoyaraq hər şeyi bacarar. Hədəflərin olmalı, o hədəflərə çatmağa fokuslanmalısan. Mən Avropada müxtəlif konfransların, simpoziumların qalibiyəm, amma bir dəfə öz cibimdən beş avro verib Litvadan Varşavaya getməmişəm. Hədəfim beynimin məhsulunu pula çevirmək idi. Bacardım da. Məqalələr, layihələr yazıb, qrant udurdum, qarşı tərəf də biletimi alırdı. Biliyimi pula çevirib 48 Avropa şəhərini gəzmişəm.

Ardını oxu...

Sizcə, xanımların karyera yüksəlişinin qarşısında dayanan ən böyük əngəl nədir?

- Ailə həyatı qurduqdan sonra xanımların üzərinə böyük məsuliyyət düşür. Əslində, hər bir xanım elə insanla ailə qurmalıdır ki, onun həyatını dəyişməyə çalışmasın, əksinə, bir-birilərinə uğurlarında dəstək olsunlar. Yəni sənin həyat yoldaşın adından da göründüyü kimi həyat yolunda sənə yoldaşdır, yolunu kəsəcək fərd deyil. Mən ailə quranda anam yoldaşıma şərt qoymuşdu ki, qızım diplomat, səfir olsa, həyat yoldaşı ona mane olmamalıdır. Çox şükür ki, bu gün həyat yoldaşım mənə ən böyük dəstək verənlərdən biridir. Mən də görüşəndə bildirdim ki, sən sadəcə mənim yanımda gələcəksən, mənim həyatım köklü dəyişikliyə məruz qalmayacaq, bir-birimizə dəstək olacağıq və irəliyə gedəcəyik. İstədiyim kimi də oldu. Həyat yoldaşım mənimlə tanış olanda rus və türk dilini bilirdi, ingilis, alman, dillərini bir yerdə öyrəndik.

Ardını oxu...

Bəzi insanlar düşünür ki, qadın ya karyerada uğurlu olmalıdır, ya da ailədə. Siz hər ikisini idarə etməyi bacarmısınız. Bunun sirri nədir?

- Düzdür, bəzən balans pozulur, 40 faiz ailəyə, 60 faiz elmi tədqiqata gedir. Yaxud da əksinə olur. Mən İsveçrədə saat 6-da oyanır, həm bir yaşlı uşağa baxır, həm də ailəm, elmi işimlə məşğul olurdum. Hətta universitetdə mənim haqqımda məqalə də paylaşmışdılar. Mənə “super elmi ana” deyirdilər. Qızım ağlayırdı, məcbur olub özümlə universitetə aparırdım. Hətta professorum da mənə kömək edir, ona çay verirdi. “Zoom” görüşlərinə qucağımda uşaqla qoşulurdum. Elmi sferada övladım həyatıma rəng qatdı, mənə uğur gətirdi. Ailə və karyera balansımın öhdəsindən gəldim. Evimin xanımı, övladımın anası, işimin də sahibiyəm. Ailəmə və ölkəmə töhfə verməyə davam edəcəyəm.

 

Dünyapress TV

Xəbər lenti