Ardını oxu...
Hüseynbala Səlimov: “Qərb diplomatları və siyasətçilərinin standartlarına görə, tərəflər görüşüb hansısa problemləri müzakirə ediblərsə, bu, artıq nəticədir”

“Prinsipcə, hər bir hadisə, hər NATO sammiti qlobal əhəmiyyətli hadisəyə çevrilmir. Baxmayaraq ki, qlobal təhlükəsizlik baxımından Şimali Atlantika Alyansı demək olar ki, bu qəbildən yeganə hərbi-siyasi aktordur. Əksər hallarda biz NATO sammitləri haqqında Blokun hər bir təşəbbüsünə ağrılı reaksiya verən Kreml siyasətçilərinin bəyanatlarından öyrənirik. Bu dəfə belə oldu: İrəvan və Bakının bu sammitə dəvətinə diqqət yetirən rus siyasətçiləri bunu “yaxın müttəfiqlərini Rusiyadan ayırmaq cəhdi” adlandırdılar. Ona görə də İrəvan sammitdə iştirak edəcəyini dərhal qeyd etsə də, Azərbaycanın rəsmi mənbələri uzun müddət susdular - yalnız son gün məlum oldu ki, xarici işlər naziri Ceyhun Bayramov da sammitə qatılmaq üçün Vaşinqtona gedəcək və sammitdə eyni zamanda, dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə erməni həmkarı ilə görüş keçirəcək. Baxmayaraq ki, Bakının vasitəçilərin iştirakı olmadan ikitərəfli formatda danışıqlara üstünlük verdiyi dəfələrlə bəyan edilib”. Bu sözləri analitik Hüseynbala Səlimov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda NATO sammitinə qatılması və görüşü, ümumilikdə sammitlə bağlı “Zerkalo.az”da yazdığı məqalədə qeyd edib.

Siyasi icmalçı bir məsələnin əvvəldən məlum olduğunu qeyd edib: “Bilinirdi ki, Vaşinqton sammiti zamanı konkret yekun sənədin imzalanması çətindir. Demək lazımdır ki, Qərb diplomatları və siyasətçiləri özləri buna can atmırlar - onların standartlarına görə, tərəflər görüşüb hansısa problemləri müzakirə ediblərsə, bu, artıq nəticədir. Yəqin buna görədir ki, Qərb dövlətlərinin himayəsi altında, bəzən isə pərdəsi altında olan beynəlxalq münaqişələr onilliklər ərzində həllini tapmır. O zaman ABŞ və onun müttəfiqləri Cənubi Qafqazda hansı məqsədlər güdürlər? Vaşinqton hesab edir ki, Qafqaza sülh gələrsə, bu, avtomatik olaraq bu ölkələrin, xüsusən də Ermənistanın Rusiya təsirindən asılılığının azalmasına gətirib çıxaracaq. Məhz buna görə də analitiklərin böyük əksəriyyəti Qərb ölkələrinin diplomatik səylərini diqqətdən kənarda qoymur və bu səbəbdən Vaşinqton sammitini Cənubi Qafqaz prizmasından nəzərdən keçirməyə çalışırlar. Amma nəinki Bakı və İrəvan, hətta Aİ - Gürcüstan, NATO - Gürcüstan məsələsində də vəziyyət çox ağır olaraq qalır. Avropanın geosiyasi və geoiqtisadi vahidləri artıq Tbilisi ilə inteqrasiya proseslərini dondurur, baxmayaraq ki, sonuncu Cənubi Qafqaza açılan əsas qapı olaraq qalır”.

“Ermənistana gəlincə, burada vəziyyət çox ağırdır. Bu yaxınlarda Amerika sosioloji xidmətləri bu ölkədə çox maraqlı sorğular keçirib. Respondentlərin yalnız on yeddi faizi hesab edir ki, onların ölkəsi KTMT-də qalmalıdır. Hər kəs başa düşsə də, Rusiya ilə münasibətlərə real şəkildə yenidən baxmaq üçün Ermənistan Azərbaycan və Türkiyə ilə tamamilə yeni münasibətlər qurmalıdır. Bəs ermənilər bunu istəyirlərmi? Sorğular göstərib ki, Baş nazir Nikol Paşinyanın mövcud konstitusiyaya dəyişiklik etmək səylərini cəmi üç faiz dəstəkləyir. Belə çıxır ki, erməni əhalisi əslində müharibə istəmir, həm də erməni ideoloji narkotikindən ayrılmaq niyyətində deyil”, - deyə Səlimov qeyd edib.

Analitik vurğulayıb ki, sammitdə Ukrayna problemi də diqqətdən yayınmadı: “Hamı NATO sammitinin bu həqiqətən çətin istiqamətdə nə edəcəyini diqqətlə izləyirdi. Sammit ərəfəsində əslində daha dəhşətli hadisə baş verdi: Rusiya ordusu Kiyevdəki uşaq xəstəxanasını raket atəşinə tutdu. Ona görə də onlar sülhdən danışanda dərhal sual yaranır: Rusiya Prezidenti Vladimir Putin sülh istəyirmi? Bu yaxınlara qədər Ukraynanın Aİ və NATO-ya inteqrasiya proseslərinin qarşısını alan Macarıstanın Baş naziri Viktor Orbanın diplomatik səylərində hər hansı məna varmı? Qərbin siyasi müşahidəçiləri də eyni şeyi deyirlər: Qərbin özü sülh istəyir? Demək lazımdır ki, Varşava Blokunun dağılmasından sonra NATO-nun real geosiyasi missiyası yox idi. İndi onu tapıblar – əsl düşmən var, o, İran da deyil, Bin Laden də deyil, güclü, iddialı nüvə dövlətidir. Ona görə də sammitdə bütün günü Ukrayna problemini müzakirə etdilər və Kiyevə qırx milyard dollar həcmində hərbi yardım vəd etdilər. Proses əslində burada bitdi”.
Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Fransa Ermənistana hərbi-siyasi dəstək verməkdə davam edir. Belə ki, rəsmi Paris Cənubi Qafqazda Fransanın əsas geopolitik oyunçulardan birinə çevrilməsi üçün bütün vasitələrdən istifadə etməyə cəhd göstərir. Ona görə də, Fransa regional situasiyanın gərginləşdirilməsində əsas beynəlxalq təhlükə mənbəyi rolunu oynamaqda israrlı davranır. Və bu baxımdan, Fransanın Cənubi Qafqazda yeni savaşın birbaşa sponsoruna çevrilməsi qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Parisin Cənubi Qafqaza yerləşmək şansları hazırda o qədər də cəlbedici xarakter daşımır. Bu məsələdə Fransanın əsas problemi isə məhz beynəlxalq ermənipərəst siyasi mərkəz rolunu öz üzərinə götürməsi ilə birbaşa bağlıdır. Çünki rəsmi Paris ermənipərəst mövqeyi ilə Azərbaycanın maraqlarına zidd davranmaq məcburiyyətindədir. Və bu, rəsmi Bakını Fransa ilə qarşılıqlı münasibətlərini məhz mövcud situasiyaya uyğun müəyyən etməyə yönəldir.

Təbii ki, rəsmi Bakı ermənipərəst Fransanın bu regiona yerləşməsinə imkan vermək niyyətində deyil. Əksinə, Azərbaycanın siyasi rəhbərliyi Fransanın regional sülh prosesində iştirak cəhdlərini bloklamağa üstünlük verir. Və nəticədə Fransa Cənubi Qafqazda cərəyan edən proseslərdə oyundan kənar vəziyyətə düşüb.

Bu situasiyanı öz xeyrinə dəyişməyə çalışan rəsmi Paris Ermənistanı silahlandırmağa cəhd göstərir. Böyük ehtimalla Fransa siyasi dairələri Ermənistanı silahlandırmaqla, Azərbaycana təzyiq göstərə biləcəyinə ümid bəsləyir. Eyni zamanda, Cənubi Qafqazda yeni savaşın törədilməsini stimullaşdırmaqla, Ermənistanda hərbi kontingent yerləşdirmək bəhanəsi qazanmağa da can atır. Və bu baxımdan, yaxın gələcəkdə yeni regional savaş baş verərsə, beynəlxalq siyasi məsuliyyət məhz Fransanın üzərinə düşəcək.

Digər tərəfdən, Ermənistan da Fransanın hərbi-siyasi dəstəyinə ümid bəsləyərək, müəyyən mənada, cəsarətlənmiş kimi görünür. Hazırda rəsmi İrəvan daha çox sülh sazişinin imzalanması mövzusu ətrafında siyasi manipulyasiyalar etməklə məşğuldur. Reallıqdasa, Paşinyan hakimiyyəti Ermənistanı sülh prosesindən tədricən uzaqlaşdırmağa cəhd göstərir. Və böyük ehtimalla rəsmi İrəvan Fransanın icazəsi olmadan Azərbaycanla sülh sazişinin imzalanmasına həvəs göstərməyəcək.

Ancaq son vaxtlar Ermənistan üçün daha real təhlükə yaranmağa başlayıb. Belə ki, Fransada baş verən son hadisələr Ermənistanın maraqlarına tamamilə zidd xarakter daşıyır. Xüsusilə də, prezident Emmanuel Makronun hakimiyyətinin ciddi şəkildə zəifləməsi yaxın gələcəkdə Ermənistanı Fransanın intensiv hərbi-siyasi dəstəyindən də məhrum buraxar bilər. Və əslində, indi prezident Emmanuel Makronun özünün ciddi şəkildə siyasi dəstəyə ehtiyacı var.

Məsələ ondadır ki, prezident Emmanuel Makron və onun partiyası ardıcıl iki önəmli seçkini uduzub. Əvvəlcə Avropa Parlamentinə keçirilən seçkilərdə prezident Emmanuel Makronun əsas siyasi rəqibləri olan ultramillətçi qüvvələr qalib qalib gəldilər. Ardınca isə Fransa parlamentinə keçirilmiş seçkilərdə prezident Emmanuel Makronun partiyası çoxluğu əldən vermiş oldu. Və elə bir siyasi nəticə ortaya çıxdı ki, indi Fransada hakimiyyət böhranı artıq qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, Fransada parlament seçkilərinin demək olar, mütləq qalibi mövcud deyil. Həm prezident Emmanuel Makronun mərkəzçi partiyası, həm ultramillətçilər, həm də solçu düşərgə təxminən eyni sayda parlament yeri qazandı. Və bu baxımdan, Fransada prezident Emmanuel Makronun hakimiyyətini ciddi şəkildə məhdudlaşdıra biləcək koalisiyon hökumət qaçılmazdır.

Belə anlaşılır ki, prezident Emmanuel Makron "Fransanı bundan sonra hansı siyasi qüvvənin idarə edəcəyi məlum deyil" açıqlaması tamamilə reallığı əks etdirir. Hər halda, prezident Emmanuel Makron Fransanın daxili və xarici siyasəti ilə bağlı təkbaşına qərarlar qəbul etmək hüququnu tamamilə itirib. Və bu, rəsmi Parisin beynəlxalq məkanda tutacağı mövqeyə birbaşa təsir göstərəcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, prezident Emmanuel Makron və onun partiyası Avropa Birliyində liderlik iddiasındadır. Halbuki, ultramillətçilər Fransanın Avropa Birliyini tərk etməsinin vacibliyini ön plana çıxartmağa çalışırlar. Eyni zamanda, Makron hakimiyyəti Ukrayna savaşında NATO-nun da iştirakı ilə Rusiyanın məğlub edilməsinə yönəlik mövqe tutur. Fransa solçuları isə Ukrayna savaşının dayandırılması istiqamətində fəaliyyətə üstünlük verirlər. Və bu siyasi düşərgələr bir-birinə güzəştə getməyə də qətiyyən həvəsli görünmürlər.

Bütün bunlar belə təəssürat yaradır ki, Fransa yaxın vaxtlarda əvvəlcə xarici siyasət böhranı ilə üzləşməli olacaq. Eyni zamanda, bu, daha sonra daxili ziddiyyətləri də dərinləşdirə bilər. Fransanın tezliklə daxili siyasi-iqtisadi böhrana düçar olma ehtimalı kifayət qədər yüksəkdir. Yəni, yaxın gələcəkdə Fransanı ölkədaxili kütləvi etiraz dalğası və küçə iğtişaşlarının bürüyəcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, böyük ehtimalla onsuz da davamlı olaraq, zəifləməkdə olan Fransanın beynəlxalq mövqelərinə sarsıdıcı zərbələr vuran bilər.

Göründüyü kimi, Fransa tədricən dünyada nüfuzunu və geopolitik mövqelərini itirir. Rəsmi Paris ölkədaxili proseslərə də nəzarətini itirərsə, bu, Fransanın ümumiyyətlə, çöküşünü qaçılmaz edə bilər. Xüsusilə də, tezliklə Fransanı öz təsiri altına ala biləcək çoxhakimiyyətlilik faktoru bu ölkəni daxili xaosa sürükləyə bilər. Və bunun ilkin əlamətləri artıq müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Qərb siyasi dairələrində indi Fransa üçün iki variantın olduğu iddia edilir. Onlardan biri Fransanı mövcud təhlükə ehtimalından yayındırmaq üçün prezident Emmanuel Makronun istefa verərək, ölkədə hakimiyyət boşluğunu aradan qaldıracaq yeni seçkilərin keçirilməsi ilə bağlıdır. Prezident Emmanuel Makron və onun partiyası hələlik buna cəsarət etmir. Nəticədə Fransanın ikinci variant üzrə daxili xaosa sürüklənməsi qaçılmaz görünür.

Məsələ ondadır ki, Fransa prezidenti Emmanuel Makron bundan sonra "topal ördək" modeli üzrə fəaliyyət göstərməyə məhkumdur. "Topal ördək" variantı isə ümumiyyətlə, Fransanın fəlakətinə, hətta sonunun başlanğıcına çevrilə bilər. Üstəlik, bunun Ermənistanı da yenidən daha böyük hərbi-siyasi təhlükəyə doğru sürükləyə biləcəyi qətiyyən istisna deyil. Hər halda, bütün sahələr üzrə iflasa uğramış, taleyüklü savaşda biabırçı məğlubiyyətə məruz qalmış Ermənistan "topal ördəyin" himayəsi altında öz təhlükəsizliyini təmin edə bilməz. Və rəsmi İrəvan bu reallığı artıq indidən nəzərə alaraq, yaxınlaşmaqda olan təhlükədən daha az itkilərlə yayınmaq barədə düşünməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
Ardını oxu...
Bu gün Ankaranın Kızılay tərəfdə bir küçədə yürüyərkən sol tərəfimdə qalan bir bina üzərində böyük hərflərlə "Azərbaycan Evi" yazılmışdı. Marağıma səbəb oldu və içəri keçdim.

Fəaliyyətləri ilə bağlı məlumat almaq istədim. İçəridə bir bəy mənə mərkəzin Azərbaycanla bağlı fəaliyyətlərini izah etməyə başladı. Söhbət əsnasında "Azərbaycanla bağlı fəaliyyət göstərirsiniz, Azərbaycana marağınız hardan gəlir?" deyə soruşdum. Bəy isə "Azərbaycanlı yazar Mövlud Süleymanlı benim dayımdır" deyə söhbətə başladı. "Allah rəhmət eləsin!" dedim. Asta səslə "Yaşıyor," dedi. Təəccübləndim. Bacısı oğlusuz? Deyə soruşdum. Hə, dedi. Axı Mövlud Süleymanlı vəfat edib, bacısı oğlunun necə xəbəri yoxdur?!..

"Vəfatı ilə bağlı mənim bir yazım da var," - dedim. Adam o qədər əminliklə bir neçə dəfə "Yaşıyor" dedi ki, internetdə yazdığım yazının başlığını yazıb axtardım və həmin yazım çıxdı. Təkrar dedim ki, "Eyni insandan bəhs edirik, o yazıçımız rəhmətə getdi, bir neçə ay öncə!." Bəy isə "Allah, Allah",-deyib, "Bana neden haber vermediler ki?", - dedi. Təbii ki, bəyin Mövlud Süleymanlının bacısı oğlu olması yalanı ortaya çıxdı...

Bu vəziyyət məni şübhələndirdi. Mərkəzin fəaliyyət proqramlarını soruşdum. Nəsə ciddi bir fəaliyyət və ya tədbir adı çəkmədi. "Sənətçilərlə görüşlər olur...", - dedi.

"Hansı sənətçilər?" - Cavab yox.

"Azərbaycanın mədəniyyət sahəsində ciddi xidmətləri olan hansı sənətçiləri tanıyırsınız?" – Cavab yox.

"Bəs ədəbiyyat?" – Cavab yox.

"Bizim tarixi günlərimiz?" – Cavab yox.

Bəs son günlərin önəmli hadisələri? - Cavab yox.

(Söhbət əsnasında internetdə mərkəzin və rəhbərinin adını axtardım, bir ciddi fəaliyyət belə çıxmadı)

Mərkəzin qeyri-ciddi olduğu aydın oldu; Ya da rəhbər doğru seçilməyib.

Yeri gəlmişkən qeyd edim ki, belə "Azərbaycan evi", "Azərbaycan dərnəyi" adı olub, fəaliyyəti olmayan bir çox qeyri-hökumət qurumları var Türkiyədə. Azərbaycan adına heç bir faydalı işləri yoxdur. Azərbaycanı - tarixini, mədəniyyətini, dünənini, bu gününü bilmədən necə tanıtımla məşğul oluna bilər ki?!..

P.S. Azərbaycanın mədəniyyətini, ədəbiyyatını və tarixini təbliğ edən mərkəzlərin daha ciddi və məlumatlı şəxslər tərəfindən idarə olunması vacibdir. Hesab edirəm ki, Azərbaycanı həqiqətən tanıyan və sevən insanların bu işdə ön planda olması, doğru və dürüst tanıtım fəaliyyətlərinin həyata keçirilməsi əsas hədəf olmalıdır.

Hörmətlə!..
Şəhla İbişova
 
Ardını oxu...
Aleksandr Morozov: “Sülh danışıqlarına gedən yol ancaq Putinin vəzifədən kənarlaşdırılmasından sonra açılır”

“Yeni sülhməramlı peyda oldu - Macarıstanın Baş naziri Viktor Orban. O, Macarıstanın Avropa İttifaqına sədrliyindən istifadə edib və turneyə çıxıb: Kiyev, Moskva, Pekin, ardınca Vaşinqton. Təəssüf ki, onun təklif edəcəyi heç nə yoxdur və arxasında heç bir güc yoxdur. Ancaq indi heç kim müharibəni dayandıra bilməyəcək”. Bu sözləri rusiyalı politoloq Aleksandr Morozov Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə edilməsi ilə bağlı yazdığı analitik məqalədə bildirib.

Analitik qeyd edib ki, Viktor Orban Rusiya-Ukrayna müharibəsini bitirdiyinə görə Nobel Sülh Mükafatını almağa etiraz etməzdi: “Və bir çox başqaları bunu istər. Amma bunu necə etmək olar? Yeni müddətə Rusiya Prezidenti postuna oturan Vladimir Putin, başqa şeylərlə yanaşı, Kremlin müharibənin məqsədlərini formalaşdırmaqda aydın olmadığına dair fərziyyələri dayandırmaq məqsədi daşıyan siyasi bəyanatı verdi. Onun sözlərinə görə, atəşkəs və sülh danışıqları dörd şərt yerinə yetirildiyi təqdirdə mümkündür: Ukrayna qoşunlarını dörd rayonun inzibati hüdudlarından kənara çıxarır, bu bölgələrin Rusiya Federasiyasına keçidi beynəlxalq müqavilələrlə təmin edilir, Ukrayna NATO-ya üzv olmaq kursundan imtina edir və beynəlxalq sanksiyalar aradan qaldırılılr. Müharibənin sonunu bu formada təsəvvür etmək olarmı? Hipotetik olaraq, Ukrayna cəmiyyəti ərazilərin itirilməsi ilə nəticələnən tarixi məğlubiyyəti qeydə alaraq 2022-2024-cü illər müharibəsindən çıxmağa hazır və razı olarsa, Avropada müasir müdafiə siyasətindən imtina etməyə razılaşarsa, mümkündür. Avropa ölkələrinin tarixində belə olub. Düzdür, çoxdan. Məsələn, Finlandiya 1940-cı ildə Sovet-Fin müharibəsindən sonra ərazilərini itirərək sülh müqaviləsi imzaladı və İkinci Dünya müharibəsinin sonunda neytral dövlətə çevrildi. Onun SSRİ ilə siyasi qonşuluq modeli “Finlandiyalaşma” adlanırdı. Dünya siyasətində heç nə əbədi deyil. Və biz bunun şahidiyik. Kremlin Ukraynaya qarşı təcavüzü səbəbindən Finlandiya 2023-cü ildə neytrallıqdan əl çəkərək NATO-ya daxil olub. İndi Putin 2022-2024-cü illər müharibəsinin sonu kimi köhnə “Soyuq müharibə” formatında Ukraynaya “Finlandiyalaşdırma” təklif edir. Halbuki bütün bunlar fantaziyadır”.

“Sülhə doğru hərəkət indi iflic vəziyyətindədir. Birinci amil: cəbhədəki paritet. İki ildən çox davam edən hərbi əməliyyatların nəticələrinə görə, "blitskrieg"in uğursuzluğundan sonra həm Rusiya, həm də Ukrayna qoşunları taktiki uğurlar əldə etdilər. Ancaq düşmənin müdafiəsini darmadağın edən heç bir hücum olmadı. Ona görə də biz tez-tez ekspert bəyanatlarını eşidirik ki, hər bir tərəf danışıqlar apara bilər, lakin cəbhədə indikindən daha əlverişli vəziyyətə nail olduqdan sonra. Bu paritet problemini general Zalujnı da 2023-cü ilin payızında yazdığı məqaləsində qeyd etmişdi ki, mövcud paritetin məhv edilməsi üçün hansısa texnoloji irəliləyiş, yeni silah növündən istifadə tələb olunur. Ancaq bu silah orada deyil. Paritet böyük bir hücumla məhv edilə bilər. Amma indi, ümumiyyətlə, böyük bir hücum ehtimalı sual altındadır”, Morozov vurğulayıb.

Politoloq ikinci amili qeyd edib: “Putin Kiyevə təslim olmağı təklif edir. Amma bu formada onun təklifi döyüş meydanında böyük məğlubiyyət vəziyyətinə düşsə belə, Ukrayna cəmiyyəti tərəfindən qəbul edilə bilməz. Təbii ki, Ukrayna cəmiyyəti müharibədən yorulub. Lakin Putinin tələbləri formalaşdırma tərzi Ukraynanı sülh axtarmağa yox, müqavimət göstərməyə sövq edir. Aldanmayın, Putin qəsdən “sülh planı”nı bu şəkildə tərtib edib. Üçüncü amil mümkün sülh danışıqlarının dizaynına aiddir. Onları Minsk razılaşmaları modeli ilə qurmaq olmaz. Onlar imzalananda Rusiya üçüncü tərəf kimi, qarant dövlətlər qrupunun bir hissəsi kimi çıxış etdi. İndi Kreml müharibənin tərəfidir. Putin nə ABŞ-ı, nə də heç bir Qərb ölkəsini bu cür danışıqların təşkilatçısı kimi qəbul etməyəcək. Çünki belə olan halda “Trampın Putin üzərində təsiri olduğu” ortaya çıxacaq. Ukrayna üçün isə danışıqların tərtibatçısı müqaviləyə riayət olunmasına ən azı müvəqqəti təminat yaratmağa qadir olan ölkə və ya bir qrup ölkələr ola bilər. Buna görə də Zelenski bu yaxınlarda Çinin müharibənin bitməsində daha fəal rol oynaya biləcəyini söylədi. Putin isə öz növbəsində bildirib ki, müharibəyə son qoymaq üçün danışıqlar yalnız ikitərəfli ola bilər. Yəni heç bir “üçüncü” ölkə olmadan. Dördüncü amil: Rusiyanın daxilində Putini müharibəni bitirməyə məcbur edən heç nə yoxdur. Cəmiyyət və iqtisadiyyat artıq müharibəyə uyğunlaşıb, müharibənin əleyhdarları azdır və dağınıqdır. Siyasi və təhlükəsizlik aparatı müharibə əleyhinə bəyanatları uğurla yatırtdı. Və ən əsası odur ki, iki illik müharibə zamanı heç bir elit qrup meydana çıxmadı ki, onun haqqında deyə bilsin: bu insanlar kompromis şərtləri ilə sülh danışıqlarına başlamağa hazırdırlar. Və əgər bu insanlar varsa, deməli kompromis çərçivəsini formalaşdırmağa çalışmırlar”.

“Nəhayət, bütün əvvəlki düşüncələri bloklayan beşinci amil: nə qədər ki, Putin hakimiyyətdədir, müharibə davam edəcək və sülh danışıqları ilə bağlı bəyanatlar Kremlin operativ oyunu olaraq qalacaq”, - Morozov bildirib.

Analitik deyib ki, müharibənin sonu yalnız Putin siyasi səhnədən getdikdən sonra mümkündür: “Sülh danışıqlarına gedən yol ancaq Putinin vəzifədən kənarlaşdırılmasından sonra açılır, ya Xruşşovun devrilməsi modeli kimi, onun ölümü nəticəsində olur. Amma istənilən halda sülh danışıqlarının uğuruna yalnız Putindən sonra güc qazanacaq “xunta” şəraitində ümid etmək olar”.

“Mövcud bölücü xətt boyunca - məsələn, "Koreya ssenarisi"nə görə müvəqqəti atəşkəsə nail olmaq mümkündürmü? Məsələn, Rusiyada postsovet siyasətinin veteranı Qriqori Yavlinski dərhal atəşkəs tələb edir. Viktor Orban bu təkliflə dünyanı gəzir. Astanada Putinlə görüşdə Ərdoğan Türkiyənin atəşkəs razılaşmasının əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib. Bununla belə, iyulun 4-də Putin açıq şəkildə atəşkəs ideyasını, yəni müvəqqəti barışıq haqqında hər hansı razılaşmanı rədd etdi. Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı dediklərini ABŞ Prezidenti olacağı təqdirdə atəşkəs razılaşması əldə etmək niyyəti kimi də şərh etmək olar. Tramp administrasiyasının ilk addımlarını, o, seçkilərdə qalib gələrsə, 2025-ci ilin mart-may aylarına qədər çətin ki, gözləmək olar. Bununla belə, Trampın hazırda real planı yoxdur. Və onun açıqlamaları müxtəlif cür şərh olunur. Bəziləri Trampın Putinə “sövdələşmə” təklif edəcəyinə inanır, bəziləri isə Trampın Putinə hansısa təhdid nümayiş etdirəcəyinə inanır. Amma nə ABŞ-dan Kremli danışıqlara məcbur edəcək təhlükəni, ya da hipotetik dostluq sövdələşməsinin məzmununu təsəvvür etmək mümkün deyil. Sadəcə olaraq Trampın Kremlə təklif edəcəyi heç nə yoxdur. Müharibənin sona çatması ilə bağlı çoxlu “gözləntilər” və “ümidlər” var ki, bunların bir qismi təbliğat strukturları tərəfindən gücləndirilir. Bəziləri Qərb koalisiyasının dağılacağına inanır. Digərləri Rusiya iqtisadiyyatının tezliklə çökəcəyini deyirlər. Üçüncüsü odur ki, Qərb tezliklə Kiyevi sülhə məcbur etməyə başlayacaq və bu, hər şeyi dəyişəcək. Dördüncüsü, ukraynalılar ruslardan daha tez tükənəcək və Kiyev danışıqlar aparmalı olacaq”, - politoloq vurğulayıb.

Morozov hesab edir ki, bütün bu ümidlər yanlışdır: “Ukraynaya dəstək üçün qlobal koalisiya dağılmır. Əksinə, o, getdikcə daha çox institusionallaşır, konkret ölkələrdə hökumətlərin dəyişməsindən asılı olmayan uzunmüddətli dəstək strukturları yaradır. Qərb Kiyevi sülhə məcbur edə bilməz və onlar öz suverenliklərini və siyasi seçim azadlığını müdafiə etməyə hazır olana qədər ukraynalıların öz qətiyyətinə tabe olacaqlar. Ukraynanın tükənməsi - bu cür müharibə və Kremlin apardığı hücum əməliyyatları ilə - yaxın gələcəkdə baş verməyəcək. Amma əsas odur ki, Putinin siyasi konsepsiyası atəşkəs və sülh danışıqlarının başlanması ilə bağlı istənilən ümidlərin qarşısında dayanır. Kreml bu müharibəni regional münaqişə kimi deyil, Qərblə ekzistensial müharibə kimi aparır. Putin bunu birbaşa ifadə edir. Ukrayna dövlətinin Kreml üçün süqutu bütün Qərb üzərində, Kremlin “anqlosakslar və onların peykləri” adlandırdığı şey üzərində qələbənin təcəssümüdür. Qərb ərazi ilhaqının nəticələrini birləşdirəcək və Ukraynanın neytral statusuna və Kiyevlə qeyri-hərbi əməkdaşlıq rejiminə uyğunluğuna təminat verəcək beynəlxalq müqavilələr imzalamalıdır. Kremlin geosiyasi mifologiyasında müharibənin məqsədi bütün qlobal və Avropa təhlükəsizlik sistemini əvəz edən yeni dünya nizamını qurmaqdır. Rusiya elitası özünü inandırır ki, çoxlu əlamətlər var: Qərb tezliklə dağılacaq, dollar çökəcək, dünya maliyyə sistemi çökəcək və s. Onda Ukrayna ilə müharibədə qələbə və Qərbin özü də Moskvanın əlinə keçəcək. Aydındır ki, Putin tarixin bu xəyali məqamına qədər mübarizə aparmaq niyyətindədir. Bu isə o deməkdir ki, bu müharibənin real sonu Putinizmin və onun doktrinasının iflasının bu və ya digər forması ilə bağlıdır. Tanınmış bir şüarı ifadə etmək üçün deyə bilərik: “Putin yoxdursa, müharibə yoxdur!”.

“Belə bir müharibənin sonu yalnız iki ssenari ilə mümkündür. Birincisi, yumşaq çöküşdür. Yəni Rusiya elitası Vladimir Putinin siyasətini könüllü və məsuliyyətsiz hesab edir. Belə bir vəziyyətdə Moskva tez bir zamanda sanksiyalardan çıxmaq, bazarlara qayıtmaq, Avropa İttifaqı və xüsusən də ayrı-ayrı Avropa ölkələri ilə əlaqəni bərpa etmək şansı əldə edir. Amma bu, müstəqil Rusiyanın siyasi dönüşü olmalıdır. İkinci ssenari ağır çöküş və destabilizasiya, xaos və elit qruplar arasında açıq qarşıdurma yoludur. Bu ssenarilərin hər ikisi açıq tarixi imkanlar yaradır, hər ikisi “de-Putinizasiya”nı ehtiva edir. Lakin ortamüddətli perspektivdə nə bu, nə də digər ssenari görünür. Ona görə də qlobal siyasətin bütün iştirakçıları öz etdiklərini edə bilərlər: Avropa İttifaqı yenidən silahlanmalıdır. NATO-nun şərq cinahının yaraları - divar tikmək və yeni raketdən müdafiə sistemlərini maliyyələşdirmək, ABŞ, qlobal demokratik Alyans ilə birlikdə, - sanksiyaları daha da genişləndirmək və üçüncü ölkələrlə uyğunlaşmaya çalışmaq, üçüncü ölkələr üçün isə - manevr etmək. Kremldə dəyişikliklərin baş verməsini və Rusiyanın 2000-2010-cu illərdə daxil olduğu qlobal qarşılıqlı əlaqə dövrəsinə qayıtmasını gözləmək”, politoloq məqaləsini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
İşəgötürənlər yeniliyə uyğun iş yerləri yaratmağa təşviq edilməlidir

Az karbonlu iqtisadiyyata keçid, BMT ekspertlərinin fikrincə, yeni iş yerləri yaradacaq. Amma bunun sosial və iqtisadi baxımdan mümkün qədər ədalətli olması vacibdir. Mütəxəssislər razılaşırlar ki, iş mümkün qədər ekoloji cəhətdən təmiz olmalıdır.

Bəs hazırda “yaşıl” meyarlara cavab verməyən işlərdə çalışanların taleyi necə olacaq və bu səbəbdən hasilat azalmağa başlayacaqmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov AYNA-ya deyib ki, insan fəaliyyəti, xüsusən də təbii sərvətlərin çıxarılması qlobal iqlim dəyişikliyinə gətirib çıxaran əsas səbəblərdən biridir: “İndi dünya alternativ enerjinin payını artırmağa çalışır. Yeri gəlmişkən, Avropada artıq alternativ sayılmır. Bu, enerjinin başqa bir növüdür. Müvafiq olaraq, bu sektorda iş yerlərinin sayı artacaq. Amma eyni zamanda mənfi tərəfləri də nəzərə almalıyıq. Külək qurğuları onlara yaxın uçan bir çox quşun ölümünə səbəb olur. Bu, o deməkdir ki, onların müdafiəsi üçün üsullar hazırlamaq lazımdır. Günəş batareyalarını da zərərsiz adlandırmaq olmaz, çünki onların tərkibində düzgün atılmadıqda ətraf mühitə zərər verə biləcək maddələr var. Su elektrik stansiyaları ekoloji cəhətdən ən təmiz hesab olunur, lakin yaradılan su anbarları biomüxtəlifliyə mənfi təsir göstərə bilər”.

Və ya götürək ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafını. Həmsöhbətimizin xatırlatdığı kimi, ölkəmizə çoxlu hibrid avtomobillər gətirilib ki, onların da akkumulyatorlarının istismar müddəti bu yaxınlarda bitəcək: “Bizdə onların utilizasiyası üçün poliqon yoxdur. İndiyə qədər hətta adi akkumulyatorların təkrar emalı problem olaraq qalır. Hazırda insan fəaliyyətindən ətraf mühitə dəyən ziyanı tam aradan qaldırmaq mümkün deyil, lakin onun azaldılmasına çalışmaq lazımdır. Buna nail olmaq üçün tədbirlər kompleksi hazırlanmalıdır”.

Müstəqil Həmkarlar İttifaqları Assosiasiyasının sədri Fuad Əliyev də ətraf mühitə ziyan vurmayan iş yerlərinin yaradılmasının zəruriliyi ilə razılaşır: “İqlim dəyişikliyi hər il böyüyən problemə çevrilir və bu problemi görməzdən gəlmək olmaz. Bunu anlamaq üçün indi Xəzərlə bağlı baş verənlərə nəzər salmaq kifayətdir. Bəziləri bunun müvəqqəti bir hadisə olduğuna, heç bir şəkildə istiləşmə ilə əlaqəli olmadığına və müəyyən müddətdən sonra suyun səviyyəsinin bərpa olunacağına inanırlar, lakin bir çox ekoloqlar daha az optimistdirlər. Ölkənin həm çaylarında, həm də göllərində su azdır. Bu, bir çox balıq növlərinin məhvinə, ərazinin iqliminin dəyişməsinə, yerli əhali üçün çətinliklərə səbəb ola bilər”.

“Yaşıl” işlərə qayıdan müsahibimiz qeyd edib ki, onlar həm dövlət, həm də özəl sektorda yaradılmalıdır: “Amma fakt budur ki, indi adi iş yerlərinin yaradılmasında problemlər var. Statistikaya görə, işsizlik bazarı azalıb, lakin azalmayıb, sadəcə olaraq, işi olmayan bir çox vətəndaş məşğulluq xidmətində qeydiyyatda deyil. Məsələn, taksi fəaliyyəti ilə bağlı iyulun 1-dən qüvvəyə minən yeni qaydalar sərnişindaşıma sahəsində çalışanların bir çoxunun işsiz qalmasına səbəb olacaq. Bir tərəfdən taksilərin sayının azalması həm ekologiyaya xeyirdir, həm də yollardakı vəziyyəti yaxşılaşdıracaq. Digər tərəfdən, insanlara ilk növbədə variantları təklif etmək lazım idi ki, onlar işsizlər sırasına qoşulmasınlar. Köhnə avtomobili olan taksi sürücülərinə elektrik avtomobilləri üçün güzəştli kreditlər təklif oluna bilər. İstənilən sahədə isə ilk növbədə insanlara alternativ təmin etmək lazımdır”.

“İndi özəl sahibkarlar “yaşıl” iş yerlərinin yaradılmasında maraqlı deyillər. Amma bu addımı atan şirkətlər müəyyən fayda və güzəştlər əldə etsə, vəziyyət dəyişəcək. Dövlət tapşırıqlar qoymalı, onların icrasına görə mükafatlandırmalı, onlara məhəl qoymayanlara görə cərimələnməlidir. Məsələn, ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafını səmərəli şəkildə stimullaşdırır və artıq paytaxtda elektrobuslar fəaliyyətə başlayıb”, - deyə ekspert vurğulayıb.

Əlavə edib ki, istər idarələr, istərsə də zavodlar “yaşıllaşmalıdır”: “Sonuncuları böyük şəhərlərdən, əhalinin sıx məskunlaşdığı yerlərdən uzaqlaşdırmaq lazımdır, işçilər də onlara gedib-gəlmək üçün pulsuz nəqliyyatla təmin edilməlidir. Məncə, köhnə zavodları yenidən qurmağa dəyməz. Bütün müasir, o cümlədən ekoloji tələblərə cavab verən yenilərini tikmək daha yaxşıdır”.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
(Proloq əvəzi)

Gecənin bir aləmində Padşah əmr edir:

- Cəllad gəlsin!

Elə həmin dəqiqə Tarif Şurası şahın qarşısında peyda olur...

- Hüzurundayıq, qibleyi-aləm...

***

Televiziyaların efir məkanından qiymət artımına haqq qazandırmağa çalışan samballı, ağzı ballı fuksionerlər və ekspertlər özlərinə kənardan baxsaydılar...

...Görərdilər ki, yüz minlərlə (bəlkə də milyonlarla) tamaşaçı onların həlləm-qəlləm açıqlamalarına cavab olaraq, evlərindəki televizorun ekranına necə tüpürür. Özü də, lombayla!..

Görərdilər ki, camaat, əsasən p...xun yemiş xoruza bənzəyən bu şərhçi-şərçi yaltaqların yeddi arxa dönənini xoruz səsi eşitməmiş hansı söyüşlərlə yad edir!..

Bir şey tam dəqiqdi:

TŞ-nın gecə qərarları belə davam edəcəyi təqdirdə, buna rəvac verənlər küllü-məmləkət əhlinin neştərdən də iti ah-naləsinə, çeşidli qarğışlarına, eləcə də qeyri-normativ "beşmərtəbəli" söyüşlərinə tuş gələcəklər. Gəlirlər də!

Və əlimizdən özgə bir şey, ya bir zad gəlmədiyindən... keçid alaq yazının mübtədasına...

Analoqsuz fədakarlığa diqqət yetirin: bizlər gecələr mışıl-mışıl yatanda Tarif Şurası xalqın və məmləkətin dayanıqlı iqtisadi inkişafı (siz bir, ritorikanın möhtəşəmliyinə baxın!) uğrunda, təmənnasız olaraq əzmlə çalışır, dəridən-qabıqdan çıxır, tər tökür. Odur ki, xalqın əziz və sevimli Tarif Şurasına... nə olsun? Əlbəttə, - bir qucaq eşq olsun! Niyə? Çünki o yeganə novator və kreativ təşkilatdı ki, zaman-zaman öz doğma xalqına cəmi üçcə barmağından ibarət olan ecazkar bir kompozisiya göstərməyi bacarır və heç vaxt, heç kimdən, heç nədən qorxub-hürküb çəkinmir də!.. Qurd ürəyi yeyənin buynuzu olmur ki!..

Amma bütün bunlara rəğmən, mənim balaca bir təklifciyəzim də var: qoy, hörmətli TŞ müəllim öz növbəti - qəfl şillə effekti yaradan gecə iclasında... HÖKUMƏTİMİZİN QİYMƏTİNİ QALDIRSIN.

Yoxsa...dost var, düşmən var: ağız bahəm eləyib deyərlər ki, bu qədər ucuz, bu qədər "deşovıy" hökumət olar?! Hələ üstəlik, qayıdıb ağız da büzərlər ki, qiymətlərin lovğa-lovğa kəllə-çarxa dırmaşdığı bir vaxtda, dəyəri keçi qiymətindən də ucuz hökumətin olması "əyübdü", ya nonsensfason bir şeydi. Daha doğrusu, adımız-sanımız, filanımız var, fontan vuran iqtisadi inkişafımız-zadımız, nöyütümüz-qazımız, ahımız-göz yaşlarımız var...

Qısası, əzizlərim, evinizdəki televizorun ekranına tüpürmək əvəzinə, yaxşı olar ki, bu qəşəng təklifi ikiəlli dəstəkləyəsiniz. Dəstəkləyin və cəmi 10-ca qəpiklik bir "oxxayy", "əhsən", "bravo" ("malades" də keçər) deyibən, oturun öz Kəlmeyi-şəhadətinizi əzbərləməklə məşğul olun!..

***

(Epiloq əvəzi...)

Baxın ha, dünyanın işini bilmək olmaz, birdən fırlanıb ağlınızdan keçər və qayıdıb deyərsiniz ki, "neynək, cücəni payızda sayallar..." Əsla! Bunu birdəfəlik unudun və bilmərrə payız-mayız söhbəti etməyin. Ən yaxşısı, tısbağa təki çəkilin qınınıza, vəssalam! Çünki təklif olunmuş şəraitdə, yəni mövcud reallıqda məmləkətin hər yerində... gecə də, cücə də qaradır və nə yazıq ki, bu zəqqum qaralığın və bu zülmət qaranlığın içində veyil-veyil gəzə-gəzə azıb-itmişik... Belə olan təqdirdə isə, əlbəttə ki, nəyəsə qulp, ya mız qoymaq, kimlərəsə təpinmək, ya etiraz- metiraz eləmək... xeyirdən çox ziyan, hətta bəla gətirər!..

Təəssüf və səd heyif!..

Eldəniz QULİYEV
hurriyyet.az
 
Ardını oxu...
“Mahal” MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil”.

Dia-az.İnfo xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya müraciətində Sumqayıt şəhər sakini Ramin Əliyev bildirib.

O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır: “Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. “Mahal” MTK bizi çox incidir”.

Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.

Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxladıq. Şirkətdən saytımıza verilən cavab isə bu oldu: “Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə “fürsət” gözü ilə baxırlar”.

Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan vətındaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib: “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırılar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”.
Ardını oxu...
İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra böyük gözləntilər ortaya çıxıb: ölkəyə türk hakimiyyətinin rəhbərlik etməsi, rejimin yumşalması, azərbaycanlıların milli haqlarının tanınması və s;
Azərbaycanlı Pezeşkianın seçki kampaniyasında verdiyi mesajlar da bu gözləntiləri artırır, hərçənd, İranda seçki prosesinin bu yöndə inkişafına rejimin şərait yaratdığı ehtimalı daha çoxdur. Pezeşkianın nüfuzu kifayət qədər idi, rejim sadəcə seçki prosesinə müdaxilə etmədi və görünür, islahatçı azərbaycanlının ölkəyə rəhbərlik etməsi dini liderin mühafizəkar kölgəsinə sığınmış rejimin də marağındadır.
Birincisi, bu seçki İran əhalisi üçün böyük ümidlər yaradıb: seçkiyə böyük müdaxilənin edilməməsi, səslərin sayım prosesinin canlı yayımlanması rejimin imicini müəyyən qədər düzəltməklə yanaşı, əhalinin ötən il Məhsa Əminin ölümündən sonra tavana çıxan “qəzəb barometrinin” şkalasını da müəyyən qədər aşağı endirməyə zəmin yarada bilər;
İkincisi, islahatçı Pezeşkianın pezidentliyi İran rejiminin “hədəfdən yayınma” siyasəti üçün sərfəli ola bilər: son aksiyalardan sonra daxili ictimai rəydə “xilas yolunun rejimin dəyişdirilməsi” fikri güclənmişdi, rejim bu mənzərəni dəyişdirə, yaxud yumşalda biləcək və zamanla mühafizəkarların “imic təzələməsi” üçün Pezeşkianın “günah keçisi” ediləcəyi də istisna edilməməlidir;
Üçüncüsü və İran üçün ən vacib məqam etnik parçalanma perspektivinin qarşısının Pezeşkian üzərindən alınması, yaxud bu prosesdə zaman qazanmaqdır: Pezeşkian bütün etniklər tərəfindən rəğbətlə qarşılanırdı, onun prezident olması da bütün etnik qruplarda “İran hamımızın ölkəsidir” kimi ümidlər yaradır;
İran rejimi üçün mövcud vəziyyətdə azərbaycanlı və islahatçı olan Pezeşkian “xilas yolu” kimi görünür, lakin bu rejimin ümumi mahiyyətinin dəyişməsi demək deyil. Sadəcə olaraq, rejimin qorunub saxlanılması və ağrısız ötürülməsi üçün müəyyən yumşalmalar edilə bilər.
Asif Nerimanli
TEREF
Ardını oxu...
İranda Məsud Pezeşkianın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq. Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb. O bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq. Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın.
Elxan Şahinoğlu
TEREF
 
 
 
Ardını oxu...
BBC-yə çalışdığım vaxtlar idi.
Bəzən gündə bir neçə material (“dispatch” və müsahibə) sifariş verdikləri olurdu.
3 noyabr 2002-ci tarixində – AKP-nin iqtidara gəldiyi seçkilər günü isə Ankaradan düz 11 xəbər göndərmişdim Londona. O gün BBC-nin “Qafqaz və Orta Asiya” xidmətinin bütün əfasanə “profi” əməkdaşları – Famil Ismailov, Zülfüqar Rüfətoğlu, Elshan Aliyev (Şəhərli), Sevinc Osmanqızı günboyu yüksək peşəkarlıq göstərdilər. Türkiyə format dəyişdirirdi və R.T.Erdoğanın o gün başlayan iqtidara yürüşü həm ölkənin, həm də regionun çöhrəsini dəyişəcəkdi.
Bir müdət sonra London qonorarımı azaltdı, həm də az qala 25 faiz.
Etiraz etmək istəyirdim, ancaq dostum Famil İsmaylov (keçmiş “Zerkalo”çu, hazırda BBC-nin Rus xidmətinin rəhbəri) zəng vuraraq özünə xas təmkinlə “Doroqoy, bir az səbr elə, leyboristlər iqtidara gələndə maaş və qonorarlar yenə əvvəlki kimi olacaq” demişdi.
Ona belə bir cavab verdiyimi xatırlayıram: “Doroqoy, mən leyboristlərə inanmıram, sənə inanıram”. İkimiz də gülüşmüşdük.
Beləcə, yeni ödəmə sistemi ilə çalışdım bir müddət.
Mühafizəkarlar hər zamankı kimi “qaş düzəldən yerdə, göz şıxarırdılar”.
Doğrusu, sonralar maaşların artıq-artmaması barədə heç nə eşitmədim. Çünki 4 ay sonra – 2003-ün mart ayında prezident Heydər Əliyevin fərmanı ilə İstanbula Baş konsül təyin olundum. BBC ilə 6 illik çalışma həyatım sona çatdı…
Bu sabah baxıram ki, İngiltərədə keçirilən parlament seçkilərində 14 ildir iqtidarda olan Mühafizəkarlar partiyası görülməmiş bir nəticə ilə uduzublar.
Leyboristlər partiyası 650 yerlik İcmalar Palatasınnın 410, Mühafizəkarlar isə cəmi 131 yerini aldılar. Bu, Torilər (ing. Tories) üçün iki əsrlik siyasi tarixinin ən biabırçı məğlubiyyətidir.
Bu gün günortaya doğru Baş nazir Rişi Sunak istefa ərizəsini Kral III Çarlza tıqdim etdi. Böyük Britaniya monarxı qalib Leyboristlər partiyasının lideri Kir Stramerə yeni höküməti qurmağı tapşırdı…
Leyboristlər ənənəvi olaraq BBC-yə hər zaman “yaxşı baxıblar”.
61 yaşlı Stramerin yeni höküməti bu dəfə də 1922-ci ildə qurulmuş dünyanın ən köklü yayım quruluşuna yaxşı maliyyə dəstəyi verəcəkmi, bilmirəm. Ancaq bildiyim bəzi şeylər var ki, onları oxucularımla paylaşmaq istərəm (İngilislərin daxildəki vəziyyəti özlərinə qalsın, biz bizə maraqlı olacaq xarici məsələlərə bazaq).
Xarici məsələrədə radikal dəyişikliklər gözlənilmir.
“Avropa və qlobal təhlükəsizliyin təməl daşı” kimi Kir Stramer kabinəsi də NATO-ya sadiq qalacaq;
Birləşmiş Ştatların Londonun əbədi və şəksiz müttəfiqi olaraq qalacağı da təbiidir;
Maraqlı olan Leyboristlərin Ukrayna siyasətidir ki, burada Böyük Britaniya Kiyevə hərbi, maliyyə, diplomatik və siyasi dəstəyi davam etdirməyi planlaşdırır;
Hətta və hətta yeni hökümət Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək və onlardan Ukraynanın ehtiyacları üçün istifadə etmək yolunda da sələfinin siyasətini davam etdirəcək.
Son olaraq onu da qeyd edim ki, kim nə deyir, desin, ancaq biz Qarabağ Zəfərini məhz Mühafizəkarların hakimiyyətində qazanmışıq. Bunu da unutmaq olmaz, məncə…
İbrahim Nebioğlu
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti