Ardını oxu...
Azərbaycanın Ukrayna sammitində iştirak etməməsi Rusiyanın sifarişi ola bilərmi?

İyunun 15 və 16-da İsveçrədə baş tutan Ukrayna üzrə Sülh Sammiti 90-dan çox ölkəni bir araya gətirdi. Sammitdə Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı və bu gün də davam edən təcavüzü fonunda beynəlxalq hüquqa əsaslanan davamlı sülhə nail olmağın yolları müzakirə olundu. Tədbir 78 iştirakçı ölkənin yekun sənədi qəbul etməsi ilə başa çatdı. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün dövlətlərin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi vurğulanır.

Adı dəvət olunan ölkələr siyahısına salınmayan Rusiya sammit ərəfəsində sülh danışıqları üçün öz şərtlərini irəli sürmüşdü. Bu şərtlərə Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina etməsi tələbi də daxildir. Bu şərtlər Kiyev və onun Qərbdəki müttəfiqləri tərəfindən rədd edildi. Onlar bunu sülh təklifi kimi deyil, təslim olmaq üçün ultimatum kimi qəbul edirlər.

Bizim üçün ən maraqlısı odur ki, dəvət olunan, lakin tədbirdə iştirak etməyən ölkələr arasında Azərbaycanın da adı var. Nə Azərbaycanın Xarici İşlər Nazirliyi, nə də Prezident Administrasiyası tədbirdə iştirak etməməyimizə aydın izahat verməyib. Düzdür, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bu sammiti təbliğat adlandırıb. O, Turan-ın müxbiri ilə söhbətində o, Azərbaycanın tədbirdə iştirak etməməsinin Ukrayna ilə münasibətlərinə xələl gətirməycəyini deyib. Bu zaman o, Azərbaycanın Ukraynaya dəstək üçün əvvəlki tədbirlərdə, məsələn, bu ölkənin iqtisadiyyatının bərpası ilə bağlı Berlin sammitində iştirakını əsas gətirib.

Amma Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı fərqli mövqedədir. O, Azadlıq Radiosuna açıqlamasında qlobal siyasi mənzərəni avtoritar və demokratik düşərgələr arasında rəqabət kimi qiymətləndirib və İsveçrədə keçirilən konfransın bu fərqi ortaya qoyduğunu vurğulayıb. “Demokratik Qərb ölkələri tədbirdə ən yüksək səviyyədə təmsil olundu. Avtoritar dövlətlər, o cümlədən Azərbaycan orada yox idi”, - Qasımlı qeyd edib. - “Azərbaycanın yoxluğu onu Rusiya və digər avtoritar rejimlərlə daha da yaxınlaşdırdı və çox güman ki, bu qərara Moskvanın istəyi təsir edib”.

Həqiqətən də, Azərbaycan geosiyasi baxımdan getdikcə daha çox Rusiyaya meyl edir. Xüsusən də, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında 22 fevral 2022-ci il tarixində “müttəfiqlik haqqında deklarasiyanın” imzalanmasından sonra. Bu deklarasiyada siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunur. Bu da iki ölkə arasında dərin müttəfiqlikdən xəbər verir.

Azərbaycanın Belarus, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi avtoritar dövlətlərlə bərabər sammitdə iştirak etməməsi ciddi geosiyasi parçalanma olduğunu göstərir. Qərb demokratlarının Ukraynanı dəstəkləmək üçün toplaşdığı bir vaxtda, bu ölkələrin Rusiya ilə yaxınlaşması avtoritar blokun birləşməsindən xəbər verir. Bu da münaqişəyə qlobal reaksiyanı daha da çətinləşdirir.

İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammitinin məhdud əhatə dairəsinə və bəzi əsas iştirakçıların olmamasına baxmayaraq, münaqişənin həlli istiqamətində mühüm hadisə oldu. O, demokratik və avtoritar dövlətlər arasında artan uçurumu üzə çıxardı və bu da, çox güman ki, yaxın gələcəkdə qlobal siyasəti formalaşdıracaq.

Bəs Azərbaycanın sammitdə iştirak etməməsini necə izah etmək olar? Və bu, artıq onilliklərdir ölkəmizlə Ukraynanın rəsmi strateji tərəfdaş olması fonunda baş verir. Bundan başqa, Kiyev 44 günlük müharibə zamanı Azərbaycanın haqlı tərəf olduğunu açıq şəkildə bildirdi. Nəticədə, erməni gənclərin İrəvanda nümayişi zamanı Ukrayna səfirliyinin divarlarına borş atıldı. Azərbaycan Rusiyanın hazırkı təcavüzü zamanı dəfələrlə Ukraynaya milyonlarla dollar dəyərində humanitar yardım göstərib və göstərməkdə davam edir, fövqəladə hallar xidmətlərini pulsuz benzinlə təmin edib və təmin etməkdə davam edir, eləcə də Kiyev yaxınlığında Rusiya qəsbkarları tərəfindən dağıdılmış İrpen şəhərini bərpa edir. Ermənistan forumda iştirakdan çəkinməməsi fonunda, rəsmi Bakının bu forumda iştirakına nə mane ola bilərdi?

Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammit o baxımdan kifayət qədər mürəkkəb hadisədir ki, təcavüz qurbanı olan dövlət, bəlkə də tarixdə ilk dəfə belə bir tədbir təşkil edə bilib.

“Bu sammitə siyasi nöqteyi-nəzərdən verilən qiymətə gəlincə, təbii ki, qeyri-adi hadisədir. Və bu sammiti sırf təbliğat adlandırmaq olmaz - yanlış yanaşmadır.

Digər yanaşma isə daha böyük yanlışdır - bu sammitin az qala xeyirlə şər, demokratiya və avtoritarizm arasında qarşıdurmanı ifadə etməsi iddiası. Hesab edirəm ki, Azərbaycanın sammitdə yoxluğunu bu baxımdan qiymətləndirmək kökündən yanlışdır. Və bunu Azərbaycanın hazırda Rusiya ilə birgə siyasi ambisiyalarını həyata keçirməsi ilə izah etmək qətiyyən doğru olmaz. Beynəlxalq siyasətdə iştirak edən hər bir ölkə, ilk növbədə, öz dövlət maraqlarından çıxış etməlidir. Praktikada Azərbaycan Ukraynaya böyük, səmərəli yardım göstərib və göstərməkdədir. Bundan əlavə, Azərbaycanın bu tədbirdə iştirak etməsi heç nəyi dəyişməyəcəkdi. Bu sammitin yekun sənədinin özü əsasən deklarativ xarakter daşıyır: hətta Zelenski özü belə, münaqişənin sülh yolu ilə həlli ilə bağlı sənəddəki on tələbdən yeddisindən imtina edib. Əslində, sənəd beynəlxalq hüquq əsasında hamı tərəfindən qəbul edilmiş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini göstərməklə məhdudlaşır, bu da ümumiyyətlə heç kim tərəfindən mübahisə predmeti deyil”, - politoloq deyir.

O, hesab edir ki, təbii, Azərbaycan nümayəndə heyəti İsveçrədəki sammitə gedib bu sənədə səs verə bilərdi. Amma bizim orada olmamağımızdan faciə yaratmaq və məhz buna görə də Azərbaycanın az qala Cənubi Qafqazda Rusiyanın forpostuna çevrildiyini iddia etmək düzgün deyil. “Ermənilər bu sammitdə təmsil olundular, lakin yekun sənədə ümumiyyətlə səs vermədilər. Bəs buna nə ad verməliyik? Mənə elə gəlir ki, bu, bir dövlət üçün nümayəndə heyətinin olmamasından daha böyük çatışmazlıqdır. Yəni sammitdə iştirak edib heç bir mövqe bildirməmək, ümumiyyətlə qeyri-müəyyənlikdir. Bu cür davranış erməni nümayəndə heyətinin bu tədbirdə iştirakını tamamilə mənasız edir.

Onu da qeyd edə bilərəm ki, Türkiyə ilə Rusiya arasında kifayət qədər sıx iqtisadi əlaqələrin olmasına baxmayaraq, Ankara bu sammitdə Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində təmsil olunub və yekun sənədə səs verib.

Ümumiləşdirərək deyə bilərəm ki, bu sammitin əhəmiyyətini azaltmağa ehtiyac yoxdur. Lakin Azərbaycanın bu sammitdəki yeri baxımından onun dünya siyasəti üçün əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur”, - deyə Ağayev yekunlaşdırıb.

Rauf Orucov
Ardını oxu...
...Uşaqlığımın kiçik bir hissəsi kəndimizdə keçib. Heyvandarlıqla məşğul olan bir ailə olmuşuq. Heyvanların davranışına az-çox bələdçiliyim olub. Keçimiz olmayıb, amma qoyun-quzumuz olub. Həmişə istəmişdim ki, keçimiz də olsun. Çünki keçi qoyundan daha intellektual heyvandır.
Otlağa gedən heyvanlar üçün çobana gərək duyulmasının ən əsas səbəbi, məhz qoyunlardır. Yəni keçilərdən ibarət bir sürünüz olsa və otlaqlarda da canavar təhlükəsi yoxdursa, çobana gərək olmayacaq. Özləri qayıdıb gəlirlər. Yağış yağanda, günəş çıxanda, istidə, soyuqda harda durmaq, hara getmək lazım olduğunu bilirlər. Amma qoyun elə deyil. Məsələn, qoyun otlaya-otlaya düz uçurumun kənarına gedir, ordan da düşüb ölür. Qoyunların ölümü ya canavar hücumundan, ya da qayalıqdan düşmək olur. Ona görə də mütləq başlarının üstündə biri olmalıdır ki, gedib özlərini dağdan atmasınlar. Ya da hava bərk isti olanda, biri onları küyləyib kölgəliyə aparmalıdır.

Kənd, rayon yerində olanda, bəlkə də görmüsünüz, qızmar havada qoyunlar başlarını bir-birinin quyruğunun altına salıb gözləyirlər. Bir də görürsən ki, biri o birinin başına qığladı, o biri də başını kənara çəkmədi. Amma keçi elə deyil. Keçi yatdığı yeri təmizləyir. Ac olanda ağaca dırmaşıb, yarpaqları yeyir. Keçinin özünə xas inadı, tərsliyi, hikkəsi olur. Tərsliyinə saldısa, ya tövlədən çıxmayacaq, ya da tövləyə girməyəcək. Diqqət edin, heyvan sürüsünün önündə əksər vaxt boynunda zınqırov olan keçi - təkə gedir, qoyun yox. İstiqaməti keçi təyin edir ki, hara getmək lazımdır. Qoyunlar da ona tabe olurlar. Yəni qoyunların tabe olmaqla bağlı problemləri yoxdur, keçilərdə isə əksinədir.

Həftəsonu Dədə Qorqud parkındaydım. İnsanlar istirahət, sərinlik üçün bu parka axışmışdı. Ağacların altı qarışqa kimi insan qaynıyırdı. Sellofan torbalarda içkilər və unlu məmulatlar, hətta lülə-tikə gətirənlər də var idi. Bələd olmayan biri keçsə, elə bilər ki, kiminsə "kiçik toyu"dur.

Parkın ziyarətçiləri yeyib-içib, bir-birinə söykənib, yaşıl otluqda uzanmışdı. Qəfil yüngül bir külək əsdi, sellofan torbalar süfrənin altından çıxıb, bir neçə metr uzağa düşdü. Adamların bir qismi yarı oyaq idi. Bəziləri başını o birinin köynəyinin altına salmışdı, bəziləri də telefonla "məşğul" idi. Külək şiddətləndi. Qapaqsız "rəngli" sular süfrənin üstünə aşdı. Ətrafda nə varsa, şirə oldu. Bir tərəfdən sellofan və salfetlər göydə uçuşurdu, o biri tərəfdən yoldakı toz-torpaq uzananların üstünə gəlirdi. Süfrə başdan ayağa toz-torpaq, şirə içində idi. Ətraf da salfet, sellofan, boş plastik şüşə, birdəfəlik içki qabları ilə "bəzənmişdi". Küləyin "oyun"una gələnlər ailə deyildilər. Tələbə olduqları hər hallarından bəlli idi. Külək bir müddət sonra dayandı. Başını o birinin paltarının altına salıb yatanlar gözlərini qamaşdıra-qamaşdıra oyandı. Telefonda qurdalananlar da qulaqcığını çıxarıb cibinə qoydu. Sonra bu iki "qrup" birləşib yatanları ayıltdılar. Ardınca da küləyin süfrədə qoyduqlarını götürüb, arxa-arxaya düzülüb getdilər. Yolda da hamısı başı aşağı. Biri digərinə nə sual verir, nə danışdırırdı.

...Zibil parkın içində yox, park zibilliyin içində qaldı. Elə bil, Dədə Qorqud parkından Qaraca Çobanın qoyun sürüsü keçdi. Aralarında heç olmasa, bir "təkə" olsaydı, qabağa düşüb, o tullantıları toplayar, yatdıqları yeri təmizləyərdi. O da olmadı.

İndi bu parka xüsusi "çoban" təyin etmək lazımdır ki, uçuruma gedənlərin qabağını alsın. Çomağı havaya qaldırıb desin ki, "özünüzdən sonra yatdığınız yeri təmizləyin ki, sabah o tullantılar xəstəlik olaraq sizə qayıtmasın".

Təmizlik işçiləri, ya da ərazidən məsul şəxslər irad bildirəndə alacaqları cavab bu olacaq ki, "pulunu vermişik, sənin borcundur ki, təmizləyəsən, buna görə əməkhaqqı alırsan". İnanın ki, bunu deyən insanlar var. Hətta azyaşlılar, yeniyetmələr işlədir bu ifadəni. Valideynləri uşaqların yarım qalan tərbiyəsini tamamlamaq əvəzinə, övladına haqq qazandırır.

Parkdakı "qonaqlar"ın etdiyi hərəkətlər "sürü" psixologiyasını xatırlatsa da, özlərini keçi kimi müdafiə etməyi də bacarırlar. Belə olan halda çobanın çomağı keçinin buynuzunu "oxşayır".

Həyatı, insanlığı çobansız və çomaqsız öyrənmək mümkündür...

Mətin Şükürlü, Bizimyol.info
 
Ardını oxu...
...Şübhəli məqam: doğrudanmı dünyada azadlıq uğrunda müharibə gedir?

“Möhtəşəm siyasi "Sülh Sammiti" başa çatdı - iki gün ərzində inanılmaz dərəcədə gözəl İsveçrədə dünyanın yüzdən çox siyasətçisi və diplomatı Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə həllinin açarını tapmağa çalışdı. Nəticədə, mətni hələ tam mediaya açılmamış xüsusi sammit sənədi qəbul edildi. Rusiya sammitdə iştirak etmədi, onun nümayəndələri dəvət olunmadı, baxmayaraq ki, bu hal əvvəldən mübahisələrə səbəb oldu. Çünki sammit iştirakçılarının nəyi müzakirə edəcəyi bəlli deyildi: sülhə nail olmaq yolları, yoxsa müharibəni uğurla davam etdirmək yolları?”. Bu fikirləri siyasi şərhçi Hüseynbala Səlimov “Zerkalo.az” saytında yazdığı analitik məqaləsində qeyd edib.

Səlimov hesab edir ki, əgər sammit iştirakçılarını daha çox münaqişənin sülh yolu ilə həlli ilə bağlı məsələlər maraqlandırsaydı, nəzəri olaraq, Rusiya tərəfinin fikrini dinləməli idilər: “Amma etmədilər. Üstəlik, İsveçrədə keçirilən məşhur “Sülh Sammiti” ərəfəsində, daha dəqiq desək, bir neçə həftə əvvəl ilk olaraq on bir dövlət Kiyevə Rusiyanın dərinliklərində hərbi əməliyyatları genişləndirmək imkanının verilməsi ilə razılaşdılar. ABŞ, Almaniya və Böyük Britaniya kimi aparıcı tərəfdaş ölkələr əvvəlcə bitərəf qaldılar, lakin sözün əsl mənasında bir neçə gün sonra onlar da razılaşdılar ki, məhdud və “mədəni” müharibəyə son qoymağın vaxtı çatıb, ikinciyə simmetrik xarakter verilməlidir. Ukrayna isə müharibəni Rusiyanın daxili ərazilərinə qədər genişləndirmək hüququna malik olmalıdır. Prinsipcə, bütün mütərəqqi dünya artıq üç ildir ki, Ukraynanın müttəfiqlərinin bu qərarını gözləyir. Üstəlik, hər kəs Qərbdən daha çox qətiyyət və dürüstlük gözləyir ki, bunu indi nümayiş etdirir”.

“Bir vaxtlar NATO Yuqoslaviya münaqişəsinin “Qordi düyünü”nü qətiyyətlə kəsdi və sonra heç bir nüvə müharibəsi baş vermədi - Rusiya özünü yalnız “kəskin bəyanatlarla” məhdudlaşdırdı və diplomatiyaya yalnız “Primakovun döngəsi” termini daxil oldu. Çünki sonuncu, ABŞ-a uçuş zamanı, NATO qüvvələrinin artıq Yuqoslaviyanı bombalamağa başladığı barədə məlumat alaraq, pilotlarına artıq Atlantik okeanı üzərində uçan təyyarəni geri çevirməyi əmr etdi. Ona görə də insanlar indi eyni qətiyyəti NATO üzvü olan ölkələrdən də gözləyirlər. Lakin Qərb ölkələri, Ukraynanın tərəfdaşları, xüsusən də bu geosiyasi ansamblın “ilk skripka”sı – ABŞ hələ də tərəddüddədir. Və bu dəfə ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərində hərbi əməliyyatları genişləndirmək hüququ vermək qərarına gəldikdə, yenə də bəzi qeyd-şərtlər etdi: Moskva bombalana bilməz, üstəlik, Rusiyanın daxili ərazisində cəbhənin dərinliyi keçməməlidir. 200 mil!..”, - deyə analitik məqaləsində əlavə edib.

Siyasi şərhçinin qənaətincə, bu, olduqca "orijinal" mövqedir: “Elə buna görə də bəzən Qərb dövlətlərinin müharibəni tez bitirməkdə deyil, müharibəni davam etdirməkdə maraqlı olduğu görünür... Ona görə də gözləmək lazımdır, Ukrayna ona verilən növbəti məhdud imkanlarla Rusiyanı nə vaxt bombalamağa başlayacaq. Burada bir vacib detalı bir daha qeyd etmək lazımdır. Rusiya siyasətçiləri və diplomatları Qərbin müharibənin coğrafiyasını genişləndirmək qərarına gəlsələr, nüvə müharibəsinə başlayacaqlarını müdafiə edirdilər. Lakin buna bənzər heç nə baş verməyib, baxmayaraq ki, müvafiq qərar artıq Kiyevin Qərb tərəfdaşları tərəfindən verilib. Hələlik Kreml yalnız ölkənin hava məkanını gücləndirmək haqqında düşünür. Açığı, düşünmürəm ki, hətta Qərbin bu qərarı belə müharibənin gedişatını kökündən dəyişəcək - yox, o, daha sərt şəkildə həyata keçiriləcək. Ona görə də biz “Sülh Zirvəsi” ilə bağlı əvvəlcə bir daha soruşuruq: Qərb ölkələri sülh istəyirmi, yoxsa köhnə prinsipi rəhbər tuturlar: sülh istəyirsənsə, müharibəyə hazırlaş!.. Bəlkə Qərb dövlətləri bir vaxtlar Əfqanıstanda sınaqdan keçirdikləri Rusiya üçün də eyni aqibəti hazırlayırlar? Onlar yəqin ki, Ukraynada uzunmüddətli müharibənin gec-tez Rusiyanın dağılmasına səbəb olacağını düşünürlər. Təəssüf ki, müharibənin Rusiyadakı iqtisadi vəziyyətə təsiri haqqında hələ dəqiq məlumat yoxdur. Bəli, hazırda Moskvanın bütün xarici hesabları dondurulub və onların sayı o qədər də az deyil. Söhbət yüz milyardlarla dollardan gedir. ABŞ və müttəfiqləri bu vəsaiti müharibə aparan Ukraynanın ehtiyacları üçün istifadə etmək niyyətindədirlər. Beləliklə, bu faktdan başqa, Rusiya indiyə qədər heç bir xüsusi iqtisadi problemlə üzləşmir, üstəlik, ümumiyyətlə, iqtisadi çöküş əlamətləri yoxdur. Ancaq hər halda, müharibə böyük iqtisadi xərcdir və yəqin ki, gec-tez onun nəticələri Rusiyanın iqtisadi vəziyyətində öz əksini tapacaq və o zaman çox köhnə bir suala həqiqətən cavab vermək lazım gələcək: ruslar müharibə istəyirmi?”.

“Bu arada hamı ABŞ-da prezident seçkilərinin nəticələrini gözləyir. Hər iki partiyadan prezidentliyə əsas namizədlər - Donald Tramp və Co Bayden artıq bəlli olsa da, tezliklə ABŞ-da ölkənin iki aparıcı siyasi partiyasının konqresləri başlayacaq. Demokratların lideri Bayden kifayət qədər yaşlı adamdır. Amma Tramp da gənc deyil. Onlara baxanda istər-istəməz köhnə sovet dövrünü xatırlayırsan – o zamanlar amerikalılar köhnəlmiş qoca Leonid Brejnev haqqında zarafatlar yazırdılar. SSRİ ilə hər şey aydın olsa da: sovet xalqının öz siyasi və hökumət rəhbərlərini seçmək imkanı yox idi, buna görə də ölkənin “siyasi olimpiya”sı yalnız qocalardan ibarət idi. Amerikalılara nə oldu? Onların da gənc liderləri seçmək imkanı yoxdur? Qeyd edək ki, Trampın şansı Baydenin şansından az deyil. Lakin demokratlar ümid edirlər ki, Tramp seçilsə belə, o, ölkəni həbsxana barmaqlıqları arxasından idarə etməli olacaq. Ancaq nəinki ABŞ-da, hətta başqa ölkələrdə belə hesab olunur ki, Ukrayna müharibəsinin gedişində kardinal, dönüş yalnız bir halda, Donald Tramp seçkilərdə qalib gələrsə, baş verə bilər. Amma sonuncu da bu məsələ ilə bağlı o qədər də aydın bəyanatlar vermir. Məsələn, yaxın keçmişdə Tramp demişdi ki, hakimiyyətə gəlsə, Rusiya və Çini bombalayacaq! Bunun nə olduğu aydın deyil? Yaşlı çılğınlıqlar və ya təkcə “Amerika maşını”nın deyil, hətta ən sadə amerikalıların belə Ukraynaya Rusiyadan daha çox rəğbət bəslədiyini başa düşmək... Odur ki, daha realist politoloqlar hesab edirlər ki, hətta Amerika seçkiləri çətin ki, Rusiya-Ukrayna müharibəsinə son qoya bilsin. Kifayət qədər məşhur bir deyim var ki, gec-tez azadlıq qalib gələcək. Amma burada da şübhəli məqam var: doğrudanmı dünyada azadlıq uğrunda müharibə gedir?”, - deyə analitik məqaləsinə yekun vurub.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
İyunun 15-i və16-da İsveçrədə Ukrayna sülh konfransı keçirildi. Konfransda Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından bəri davam edən müharibə ilə bağlı beynəlxalq hüquqa əsaslanan daimi sülhə çatmağın yolları müzakirə olundu. Konfransa 90-dan artıq ölkə qatılıb. Tədbirin sonunda Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 78 iştirakçı ölkə dəstəkləyib.

Sənəd Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını birbaşa tələb etmir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində istənilən dövlətin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyindən bəhs olunur.

Konfransa Rusiya dəvət edilməmişdi. Üstəlik, bir çox ölkələr, o cümlədən Azərbaycan konfransa dəvət olunsa da, ora qatılmayıblar.

Konfrans başlamazdan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsindən imtina etməsini nəzərdə tutan sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürmüşdü. Kiyevdə və Qərbdə onları sülh təklifi deyil, kapitulyasiya tələbi adlandırıblar.

Dəvətə baxmayaraq, Azərbaycanın konfransa qatılmamasına Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Amma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov “Turan”a bildirib ki, İsveçrədə olan tədbir təbliğat xarakter daşıyırdı: “Heç nə orada həll olunmurdu. Ancaq bu sammitdən əvvəl Berlində Ukraynanın iqtisadiyyatına yardım, bərpası ilə bağlı tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak etmişdi”.

Deputat qeyd edib ki, Azərbaycan bu şəkildə Ukraynaya dəstək verir: “İsveçrədəki sammitə Azərbaycanın qatılmaması Ukrayna ilə münasibətlərə təsir etməyəcək”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə məsələ ilə bağlı bir qədər fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, indi dünyada iki düşərgə arasında açıq rəqabət gedir: “Onlardan biri avtoritar düşərgədir, o biri isə demokratik. Bu rəqabət daha da dərinləşəcək və daha dəqiq konturlar alacaq”.

Onun sözlərinə görə, sammitin keçirilməsi müəyyən bir göstərici idi: “Demokratik Qərb ölkələri orada iştirak etdilər. Onlar ya dövlət başçıları, ya nazirlər və ya da səfirlər səviyyəsində təmsil olunmuşdu. Azərbaycan isə bu tədbirdə, ümumiyyətlə, yox idi. Yəni, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan kimi avtoritar ölkələr kimi. Azərbaycan yerini artıq bu blokda, Rusiyanın yanında tutub və ora getmələri Rusiyanın xoşuna gəlməyəcəkdi. Məhz ona görə də belə qərar verilib”.

İki il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında “…müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıblar. Sənəddə iki ölkə arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir. Paşinyan sonrakı cümləsində birinci cümləsini inkar edən fikir söyləyib: “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”. Sovet dövrünün sərhədlərini bərpa edirsənsə, referenduma nə ehtiyac var? Məgər vaxtilə Azərbaycana aid olan kəndlər referendum yolu ilə işğal edilmişdi ki, indi həmin kəndləri geri qaytarmaq üçün referendum keçirilsin? Paşinyan referendum söhbətini ortaya atmaqla sanki Bakıya belə bir mesaj göndərib ki, “4 kəndi geri qaytarsam da, o biri 4 kəndi qaytarmaq üçün təkbaşına qərar verə bilməyəcəm”. Paşinyan daha əvvəl isə demişdi ki, kommunikasiya xətlərinin açılması sülh sazişindən əvvəl həyata keçirilə bilər. Deyəsən Paşinyan Azərbaycanla bütün məsələləri, o cümlədən, sərhəd, kommunikasiya xətləri və sülh sazişini paralel həll etmək istəyir. Ancaq o bunu istəyərkən elə təkliflər verir ki, həlləri çətindir.

Elxan Şahinoğlu - Dia-az.İnfo
 
Ardını oxu...
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.
Paşinyan “eskalasiya” dedikdə Azərbaycan ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaydığını iddia edir. Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır, atəşkəsi pozmaq nəyimizə lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur, üstəgəl silahlı qüvvələrə “Erkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Erkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.
Nikol Paşinyanın təklifi var: "Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq. Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram”.
Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli Ermənistan silahlı qüvvələrindəki “Erkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa fevralda olduğu kimi atəşin açıldığı post zərbə ilə dağıdılacaq.

“Atlas” Araşdırmalar Mərkəzi
Dia-az.İnfo
Ardını oxu...
Bu mövqe yeganədir - Ukraynanın mövcudluğu yox, onun məhvi

Rusiya diktatoru Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə şərtləri açıqlayıb və bundan sonra Rusiya Federasiyası ilə sülh danışıqlarının mümkün olacağını bildirib. Onların arasında Ukrayna Müdafiə Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisindən çıxarılması, eləcə də Ukraynanın NATO-ya qoşulmayacağına dair təminatlar var.

Putin təsdiqləyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara hazır deyil. Tammiqyaslı işğal başlayandan bəri onun mövqeyi dəyişməyib. Bu mövqe yeganədir - Ukraynanın mövcudluğu yox, onun məhvi.

Əgər bizə təklif edilsə ki, rusların ələ keçirdiyi o əraziləri (və Putin onları ələ keçirilmiş ərazilər adlandırır), Rusiya özü üçün götürür, Ukraynanın qalan hissəsi də istədiyini edir - NATO-da, Aİ-də, hətta orda-burda, lider seçir - onda bu, heç olmasa uzağa hesablan addıma bənzəyərdi. Lakin bu baş vermir.

Bundan əlavə, Putinin mesajı da avropalılar üçün təhlükədir: ya qəbul edin, ya da sizinlə daha çox problemimiz ola bilər. Fakt budur ki, onun istiqamət göstərməsi vacibdir: Rusiya "böyük və güclü" olmağa davam edəcək. Amma hədə-qorxu Putinin köhnə strategiyasıdır. Bu yeni bir şey deyil...

“Putin sülh planı” ətrafında və Rusiya-Ukrayna müharibəsindəki döyüş meydanında gələcək inkişaflar ABŞ seçkilərində kimin qalib gələcəyindən, digər ölkələrin məsələlərə necə reaksiya verəcəyindən, Putinin yeni heç nə təklif etmədiyindən və Çinin mövqeyindəm asılı olacaq. Pekin mövqeyini dəyişə bilər.

İndi mənə elə gəlir ki, ABŞ, Çin və Aİ arasında münasibətlərin, xüsusən də elektromobillər məsələsində daha bir kəskinləşmə var. Çinin iqtisadi problemləri var və Amerika və Avropa bazarlarından imtina etməyə hazır deyil. Buna görə də Rusiya və Çinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyinə təzyiq göstərmək mümkün ola bilər. Məsələn, Qərb potensial olaraq Çinə təklif edəcək: siz Rusiya Federasiyasına daha az kömək edirsiniz, əvəzində biz də sizə kömək edəcəyik...

Müəllif: Maksim Yakovlev – Ukraynalı siyasi elmlər namizədi.

Mənbə: UNİAN
 

Ardını oxu...
 

Təxminən 10 gün öncə Youtube (bundan sonra Yutub) saytında itkin düşən, sonra meyidi tapılan, zorlanmış və qətlə yetirilmiş tələbə qızlara dair bir sənədli krimal filmə baxmışam. O vaxtdan bəri gözünə döndüyüm Yutub hansı ölkədə bənzər hadisə olubsa və bu olaylara dair film çəkilibsə, hamısını ard-arda təklif edir.

Oturub baxıram, çoxu 20-25 dəqiqəlik filmlərdir, birnəfəsə baxılır.

Baxdıqca da adam öz ölkəsinə şükür edir ki, bizdə o cür dəhşətli kriminal hadisələr olmur. Olanda da az-az olur, onların da filmini çəkib Yutub-a qoymuruq. Amma bir yanı Yaponiya, o yanı Argentina, Tayland, Çili, CAR, Avropanın tərifli ölkələri (İspaniya, İngiltərə, Fransa), bu yanı Rusiya, nə qədər qaçırılan, oğurlanan, aldadılıb aparılan, sonra zorlanaraq öldürülən qızlar, qadınlar. Saysız-hesabsız.

Düzdür, əvvəllər qızqaçırma hadisələri bizdə də yayğın idi, amma bizdə qızları öldürmək məqsədi ilə qaçırmırdılar, evlənmək məqsədi ilə qaçırırdılar. Hazırda işin sonunda paz görünür deyə, gənclər yavaş-yavaş bu işdən vaz keçirlər.

Amerikalı, avropalı manyaklar isə gündən-günə artırlar. Bunun bir səbəbi də odur ki, hüququn aliliyinə riayət olunan ölkələrdə manyaklara ağır cəza verilmir. Canilər bilirlər ki, bu bəd əməllərə görə onlara ölüm cəzası verilməyəcək, ömürlük həbs cəzası alsalar da, bir müddət yatıb, çıxacaqlar.

Amma bizim manyaklar bilir ki, iş başında yaxalansalar, polis gələnə qədər sataşılmış qızın qohum-əqrəbası, qonşuları ona elə bir hala qoyacaqlar ki, sonradan iki mürdəşir yarım saat “dərman-napor” edərək onun meyidini yumalı olacaqlar. Yox, polis gəlsə, onu xilas etsə, iş məhkəməyə, adam türməyə getsə, bax, orda onu nə gözlədiyi barədə hər kəsdə aydın təsəvvür var.

Düzdür, həmin kriminal filmlərdə o da qeyd olunur ki, pis maddələrlə həbsə düşənlərə ABŞ-də də pis baxırlar, amma onların həbsdən sonrakı şəkillərinə baxanda hiss olunur ki, o “pis baxışlar” yaramazlara düşüb.

Filmlərə baxdıqca belə bir gerçəklik üzə çıxır: mədəni ölkələrdəki vəkillik institutu manyak qatillərin pasibanıdır. Məhz onlar ilk cinayətlərini törədən caniləri müdafiə edir, cəzadan yayındırır və sonradan onların hərəyə 5-6, bəzən 10 və daha çox qadını zorlayıb öldürməsinə səbəbkar olurlar.

Elə olur ki, detektivlər və təhqiqatçılar qətldə şübhəli bilinən birini saxlayırlar, yüzdə doxsan halda əmindirlər ki, qızı bu yaramaz öldürüb, amma ortada “yetərli dəlil-sübut” yoxdur, üstəlik, adam da dirəşib ki, cinayəti o, törətməyib. Prokurorlar, müstəntiqlər nə etsinlər? Adamı buraxırlar. O da gedib başqalarını da öldürür, ta ortada “yetərli dəlil-sübut” düzələnə qədər qıra-qıra gedir, axırda ilişir, cinayətini dana bilmir, adamı həbs edirlər. Bu yerdə vəkillər özlərini cırırlar ki, manyak qatilə ağır cəza verilə bilməz, çünki uşaqlıq travması var, atası əyyaş, maması fahişə olub, ona görə belə hərəkətlər edib. Belə bir üzrlü səbəb.
Düzdür, hər ölkədə manyak var, amma bu yankı ölkələrdə bir dəfə yaxalanan manyak qələt edər bir daha manyaklıq edə bilməz. Ona o lüksü tanıyan kimdir? İlişdisə, əlli-ayaqlı gedəcək.

“Dəlil-sbut çatışmazlığı” nədir, siz canınız? Hadisənin şahidi yoxmuş! Özünə nə gəlib? Babat profilaktiki söhbətdən sonra kimi harada öldürüb basdırdığını radio kimi danışacaq. Yoxsa ABŞ-də müstəntiq qatilə sual verir: “Ser, bu qətl hadisəsi barədə nə deyə bilərsiniz?” “Xəbərim yoxdur”. “Axı itkin düşən qızı axırıncı dəfə sizinlə bir yerdə görüblər”. “Nə olsun? Bir az söhbət etdik, getdi”. “Alibiniz var?” “Var. Qız gedəndən sonra dostumla pivə içdik. Təsdiq edə bilər”.

Nə alibi, a kişi? Nə dost? Bu tərəflərdə o dostu da maşına basıb içəri gətirirlər, müstəntiq ona “ser”, ya “bəy” demir, “düzünü danış, əəə” deyir, o da doğrusunu danışır, dostunun üzünə durur ki, dostu ona deyib ki, soruşan olsa birlikdə pivə içmək söhbətini təsdiqləsin. Vəssalam.

İndi elə çıxmasın ki, müəllif şübhəli şəxs qismində saxlanılanlarla “profilaktik söhbətlər”in tərəfdarıdır. Xeyr. İnsanları şərləmək, incitmək olmaz, amma manyaklar da cəzasız qalmamalıdır. Bir manyakın qolunu burma, boynunun kökündə durub suçunu boynuna qoyma, burax, o da gedib məsum qızcığazları zorlayıb, öldürüb, meşədə basdırsın?

Belə ədalət yoxdur. Bəziləri “manyak qatillərin də yaşamaq haqqı var” deyir, bu istiqamətdə çox qabağa gedirlər. Amma elə deyil. Quduz köpəklərin yaşamaq haqqı yoxdur. Onların yaşamaq haqqı olanda minlərlə məsum insan həyatlarını itirirlər.

Bir də bir məsələ var: Manyakları “yetərli dəlil-sübut” olmadığına görə azadlığa buraxan kriminalistlər bir çox hallarda öldürülmüş qızın atalığını və ya yatıb-çıxmış qonşularını içəri basırlar, bir də 15-20 ildən sonra bəlli olur ki, yazıqların günahı yoxmuş.

Xoşbəxtlikdən, bizim ölkədə itkin düşən qızların, qadınların, onda doqquzu sonradan sağ-salamat tapılır – daha haradan, necə tapılır, təfərrüata varmayaq. Əsas odur ki, salamatçılıqdır.

Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülh deyil, təslim olmağı təklif edib.
Kreml sahibinin Kiyevə ünvanladığı “Donetsk, Luqansk, Zaporojye və Xersondan vaz keç, masaya oturaq” tezisinin başqa adı yoxdur.
Üstəlik Kiyev NATO-ya üzv olmaq siyasətindən imtina etməlidir.
Rusiya prezidentinin “masaya otura bilərik” təklifinin bu gün səslənməsi təsadüfi deyil. Sabahdan İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumu işə başlayır.
Putin bu forumdan əvvəl təkliflərini, daha doğrusu tələblərini Qərbin diqqətinə çatdırıb.
Putin demək istəyib ki, müharibə Rusiyanın iddia etdiyi Ukraynanın 4 bölgəsinin administrativ sərhədinə çatana qədər davam edəcək.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı "müharibə" elan etməsi:
- Bunun birbaşa Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələrlə əlaqəli olduğunu düşünmürəm,
- KTMT mövzusu qalmaqalın müşahidə edilə bilən tərəfidir,
- İrəvan-Minsk xəttindəki gərginlik daha çox bir mövzuya doğru düşüncələri yönləndirir. Bu, Belarusun Azərbaycana dəstəyidir,
- Lakin aydındır ki, həmin dəstək yeni bir hal deyil, əsas məsələ Azərbaycanın Ermənistan üzərində qələbə qazandıqdan sonra Belarusun Azərbaycana dəstəyinin xarakterini yenilənməsindən gedir.
BELƏLİKLƏ:
- Lukaşenko hələ Ukraynada müharibə başlamamışdan öncə Ermənistanın regionda heç kimə lazım olmadığını bildirmişdi,
- Bu, Cənubi Qafqazda postmünaqişə dövründə Belarusun Azərbaycanla Ermənistanın niyyət və hiyləgərliyi barədə kəşfiyyat məlumatlarını bölüşməsi ilə nəticələ bilərdi,
- Paşinyan əslində Belarusun KTMT daxilindəki kəşfiyyat məlumatlarını Azərbaycana verməsinə eyham vura bilər,
- Buna görədir ki, Paşinyan "Lukaşenko Ermənistandan üzr istəsə və ya KTMT-ni tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər" deyir,
- Hadisəyə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovskinin yanaşması isə diqqət çəkir,
- Şpakovskinin" Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır" deməsi o mənaya gəlir ki, İrəvan Belarusun işlərinə müdaxilə edən qüvvələrin əlinə əməlli-başlı oynayıb və Minsk də bunun əvəzini çıxıb...
Aqşin Kərimov
TEREF
 

Dünyapress TV

Xəbər lenti