Sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb. Bu barədə Teleqraf-ın sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov cavab olaraq bildirib. Məlumatda bildirilir ki, əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət ediliblər.
Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib. Göründüyü kimi yeniyetmələrin məsuliyyətsiz davranışları hər dəfə müxtəlif formalarda özünü göstərir. Yeniyetmələr gah sərnişin qatarını daşa basır, gah məzarlıqda anlaşılmaz davanışlar sərgiləyirlər, gah da təhlükəsizlik kamerlarını sındırırlar. Bir müddət əvvəl Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmışdı. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumatda bildirilirdi ki, həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktik söhbətlər aparılıb. Yeniyetmələrin sərnişin qatarlarına daş atması isə “hobbi”yə çevrilir, deyəsən. Təkcə bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında qeyd olunub. Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələniblər. ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağıraraq valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşaqların məsuliyyətsiz davranışları valideynlərin məsuliyyətsizliyindən qaynaqlanır:
- Bu cür hərəkətlər edən, istər dövlət əmlakını, istərsə də hər hansı bir şəxsin, yaxud şəhər təsərrüfatına məxsus əmlakı korlayan, sındıran, dağıdan yeniyetmədirsə, burada günahı valideyndə axtarmaq lazımdır və çox doğru olaraq da bu uşaqların valideynləri hüquq-mühafizə orqanlarına çağırılır, lazımi tədbirlər görülür. Amma oxşar, eyni tipli hadisələr, görürük ki, müxtəlif şəkillərdə təkrarlanır. Deməli, valideynlər övladları ilə lazımi formada maaarifləndirici söhbətlər aparmır, onlara bu cür əməllərin yolverilməz olduğunu başa salmır, anlatmırlar. Valideyn bu cür məsuliyyətsiz davranışların nəyə gətirib çıxaracağını övladına aşılamalıdır. Dövlət əmlakı, fiziki şəxslərin əmlakı toxunulmazdır. Təkcə dövlət əmlakını deyil, qonşunun, hər hansı bir şəxsin, ümumiyyətlə, kiminsə əmlakını korlamaq, sındırmaq, dağıtmaq olmaz. Yeniyetmələr bunun fərqinə varmadan edirlər. Çünki valideynləri onlara bu haqda heç nə deməyib, söhbət etməyib, başa salmayıb. Valideynlər övladlarına bu cür hərəkətlərin yolverilməz olduğunu anlatmalı, onları çəkindirməli, onlarda məsuliyyət hissi aşılamalıdırlar.
Ekspert qeyd etdi ki, yeniyetmələrin dövlət əmlakını korlamasında cinayət məsuliyyətinə cəlb edilməmələri onları daha da “ürəkləndirir”: - Hüquq sistemi azyaşlıların, yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsinə yol vermir. Əlbəttə, bu, humanist yanaşmadır. Yeniyetmələrlə yalnız profilaktik söhbətlər aparılır. Amma valideynlər dəymiş zərəri ödəməli olur. Bu cür halların qarşısı alınsın deyə, valideynlər daha ciddi şəkildə cəzalanmalıdır, çünki valideyn uşağın hərəkətinə cavabdehdir. Valideyn bunu bilməlidir və hüququn sərtliyini üzərində hiss etməlidir. Belə olarsa, ata-analar övladlarına daha yaxından, daha ciddi nəzarət edər. Bu gün təhlükəsizlik kamerasını sındıran yeniyetmə, sabah başqa bir hərəkətə əl atar, sonra daha da ağır cinayətə sürüklənər. Cəmiyyətə, hüquqa hörmət kiçik yaşlarından uşaqlara aşılanmalıdır ki, böyüdükcə səhvlərə yol verməsinlər.