Kim haqlıdır - seçkiyə qatılanlar, yoxsa qatılmayanlar?
İyulun 13-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkilərini boykot etməklə bağlı qərar verib.

Digər müxalif qüvvələr isə seçkiyə qatılırlar. Onlar bildirirlər ki, seçkilərdə iştirak etməklə mövcud vəziyyəti dəyişmək istəyirlər.

Məmməd İbrahim
"Siyasi məhbusların sayı artıb"
AXCP sədrinin müşaviri Məmməd İbrahim AzadlıqRadiosuna qərarlarını şərh edərkən deyib ki, ötən parlament seçkilərindən bəri heç nə dəyişməyib: "Yenə həmin seçki komissiyası, yenə həmin qanunlar, yenə sərbəst toplaşmaq ilə bağlı qadağalar qalıb. Eyni zamanda, ötən seçkilər dövrünə baxanda siyasi məhbusların sayı artıb".

M.İbrahim qeyd edib ki, AXCP seçkilərdə iştirak üçün hökumətə bundan əvvəl şərtlərini irəli sürmüşdü: "Bunlar seçki komissiyalarında partiya üzvlərimizin iştirakçılığı, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığı hüququmuzun təmin olunmasıdır. Heç biri təmin edilməyib. Ali Məclisin iclası üçün yerin ayrılmasını istəmişik, onu ayırmayan hökumət bizə seçicilər ilə görüş üçün yer ayırarmı? Yox".

Müşavirin sözlərinə görə, seçkilər qismən də olsa, şəffaf keçirilərdisə, orada iştirak edib qalib gələrdilər: "Amma burada 1 faiz belə şəffaf seçki yoxdur. Belə olan halda, biz bu seçkilərdə niyə iştirak edək?".

Arif Hacılı
"Boykot mümkün deyil"
Başqa müxalif qüvvələr isə boykot qərarına qoşulmur. Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının da fikrincə, indiki siyasi şəraitdə hər hansı bir əsaslı dəyişikliklərə nail olmaq, demək olar ki, mümkün deyil. O, AXCP-dən fərqli olaraq seçkidə iştirak qərarlarını belə əsaslandırır: "Hər hansı siyasi partiya seçkilərə qatılmırsa, Azərbaycanda mövcud olan siyasi şəraitdə özünü faktiki olaraq proseslərdən təcrid etmiş olur".

A.Hacılı vurğulayır ki, Azərbaycan qanunvericiliyinə görə, seçkiləri boykot etmək mümkün deyil: "Çünki seçkilərdə yetərsay yoxdur. Bu baxımından seçkilərin boykot edilməsinin Azərbaycan qanunvericiliyində mexanizmi yoxdur".

Onun sözlərinə görə, Müsavat Partiyası bu seçkilərdə iştirak etməklə həm bütövlükdə Azərbaycanda hakimiyyətin seçki institutunu demokratik proses kimi sıradan çıxarmamasına çalışır, həm də seçki prosesinin gedişində baş verən qanun pozuntuları barədə cəmiyyəti və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyir: "Seçkilərdə iştirak etmədikdə ictimaiyyət bizi onu meydanda tək qoymaqda, hakimiyyətin bu məsələləri daha asanlıqla həyata keçirməsinə şərait yaratmaqda ittiham edir. Biz bu ittihamların qarşısını almaq məqsədilə bu seçkilərdə iştirak edirik. Biz seçki platformamızı ictimaiyyətə təqdim edəcəyik. İnanırıq ki, nə vaxtsa Azərbaycanda demokratik seçkilər olacaq".

Hikmət Babaoğlu
"Boykot etmək iqtidarında olmayan…"
Hakim Yeni Azərbaycan Partiyası (YAP) tənqidləri qəbul etmir. YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, hər bir demokratik cəmiyyətdə seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı siyasi partiyaların özləri verir: "Ancaq seçkilərin boykot edilməsi məsələsi tamamilə fərqli hadisədir".

Onun fikrincə, seçkiləri elə partiya boykot edə bilər ki, onun aldığı qərar həm seçkilərin nəticələrinə təsir göstərmiş olsun, həm də onun arxasında geniş kütlə olsun: "Burada isə "boykot" ifadəsi yerində deyil. Sadəcə, AXCP Azərbaycan siyasi sistemində öz uğursuzluğunu, fəaliyyətsizliyini ört-basdır etmək üçün bu şəkildə bəhanələrə sığınmağa çalışır... Boykot etmək iqtidarında olmayan bir siyasi partiyanın bu termini işlətməsi də doğru deyil".

H.Babaoğlu düşünür ki, AXCP bu gün seçicilərdən səs istəyəcək imkanlara sahib deyil: "Əgər nəticə əldə edilməyəcəksə, doğrudan da, iştirak etməsələr, daha yaxşıdır. Ölkənin siyasi nəbzi də ondan xəbər verir ki, çox mühüm mərhələdə atılan tarixi addımların təqdir olunmaması və AXCP-nin onları dəstəkləməməsi, 2020-2023-cü illər ərzində baş vermiş bütün hadisələr ilə bağlı bu partiyanın verdiyi proqnozların yanlış çıxması onun nüfuzunu bir qədər də azaldıb".

Onun sözlərinə görə, AXCP Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti və Laçın dəhlizi ilə bağlı yanlış proqnozlar verib: "Belə olan halda, bunu edən heç bir siyasi partiya istəsə də, seçicilərdən səs ala bilməz. Amma yenə də bu, onların qərarıdır. Düşünürəm ki, AXCP-nin seçkilərdə iştirak edib-etməməsi nə Azərbaycan demokratiyasını əksildəcək, nə də Azərbaycan xalqının demokratiya bayramına kölgə salacaq".
 

Bölmənin digər xəbərləri

11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı

Dünyapress TV

Xəbər lenti