Ardını oxu...
Bir neçə aydır Azərbaycanla Ermənistan arasında daha da dərinləşən Konstitusiya dəyişikliyi, yəni sülh müqaviləsinin imzalana bilməsi üçün ikincinin konstitusiyasında dəyişikliklə bağlı müzakirələr yeni məcraya qədəm qoyub. Bir neçə gün əvvəl TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşü zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoydu və əvvəldən də dəfələrlə bəyan etdiyi fikrini bir daha təsdiqlədi.

Söhbət ondan gedir ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsi ilə bağlı fikir var və 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsasən, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə parlamentdəki çıxışında bir daha diplomatik savadı və bacarığının olmadığını sübuta yetirib. Mirzoyan qeyd edib ki, rəsmi Bakının konstitusiya dəyişikliyi ilə bağlı tələbi Ermənistanın daxili işlərinə qarışmaq sayılır. Bir neçə ildir xarici işlər nazirliyinə rəhbərlik edən şəxs dərk etmir ki, Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların intensivləşdiyi, sərhədin demarkasiyasına başlanıldığı və artıq 12,7 km-lik ərazinin demarkasiya edildiyi bir vaxtda, haqlı tələbi daxili işə qarışmaq kimi şərh etmək ən azı siyasi savadsızlıqdır. Əgər Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı bir maddə varsa, Bakı diplomatiyası və siyasi elitası bunun ləğvini tələb edirsə, Mirzoyan və onun rəhbərlik etdiyi idarə ən azı susmalı, bu işə parlament və referendum vasitəsilə nail olmağın mümkünlüyünü araşdırmalıdır.

Başqa bir fakt isə Mirzoyanın bu dəfə də baş nazir Nikol Paşinyanın açıqlamalarına zidd fikirlər söyləməsidir. Çünki Paşinyan hakimiyyətə gəldiyi elə ilk günlərdən erməni konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı müxtəlif fikirlər söyləyib. Hələ yanvarın 19-da baş nazir bəyan etmişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var. Fevralın 1-də isə İctimai Radioya müsahibəsində hökumət başçısı konkret olaraq bəyan etdi ki, yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olmamalıdır: "Əgər Ermənistanın yeni konstitusiyasında bu bəyannaməyə istinad olsa, sülh heç bir zaman olmayacaq".

Paşinyan özü də deyir ki, konstitusiyanın preambulası sülhə maneədir. Göründüyü kimi, dövlətin rəhbəri konkret fikrini ortaya qoyur. Amma xarici işlər naziri bu müsahibəni ya dinləməyib, ya da başqa dairələrin maraqlarına xidmət edir. Əgər erməni tərəfi məsələni daxili işə qarışmaq kimi dəyərləndirirsə, ya sülh müqaviləsini imzalamağa həvəsli deyil, ya da xarici siyasət aparatının rəhbəri ölkənin maraqlarına xidmət etmir. Bu açıqlama isə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı Ermənistandan növbəti redaktəni aldığını, artıq açıq sualların az qalması ilə bağlı bəyanatı fonunda səslənib. Ermənistanın xarici siyasətinə rəhbərlik edən şəxs hələ də dərk etmir ki, konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları varsa, bu iki ölkə ilə heç bir halda sülh müqaviləsi və yaxşı, xoş, dostluq əlaqələri ola bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Ermənistana ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət edib. Onsuz da uzun müddətdir heç bir fəaliyyət göstərməyən qurumun ləğvi əslində hər iki ölkəyə də lazımdır. Zatən Azərbaycan bu yararsız qurumun fəaliyyətinə icazə vermir. Qanuni olaraq isə ləğvi üçün Ermənistanın da əlini daşın altına qoyması lazımdır. Maraqlıdır ki, hələlik bu məsələ ilə bağlı erməni tərəfindən rəsmi bir fikir və açıqlama yoxdur. Bu isə hələ də Ermənistanın Minsk qrupu kimi lazımsız qurumun saxlanılmasını üstün tutduğuna işarə edir. Qısacası, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının davam etdiyini deyə bilərik.

İndi isə Ermənistanın XİN başçısının "Azərbaycan da öz konstitusiyasını dəyişdirməlidir" fikrinə toxunaq. Məlumdur ki, siyasi cəhətdən kifayət qədər savadsız olan Ararat Mirzoyanın bu barədə fikir səsləndirməsi siyasi dairələrdə gülüşə səbəb olub. Məlum olduğu kimi, Azərbaycan Konstitusiyasında Ermənistanın ərazi bütövlüyünə təcavüz, iddia ilə bağlı heç bir maddə yoxdur. Ermənistanın qorxusu nədən ibarətdir? Qısası, Azərbaycanın 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisi olması yəqin erməni siyasi elitasının qorxulu röyasıdır. Əgər Zəngəzurun 1920-ci ildə Ermənistana SSRİ tərəfindən peşkəş verildiyini, eyni zamanda 1918-ci ildə yaradılmış Cümhuriyyətin müasir Ermənistanın bir sıra ərazilərini əhatə etdiyini nəzərə alsaq, bu qorxunun nədən yarandığını anlamış olarıq. Sadəcə yenə də siyasi cəhətdən savadsız erməni siyasi elitası hələ də dərk etmir ki, sözügedən maddə heç bir ərazi ilə bağlı deyil. Söhbət dövlətçilik ənənələrinə varislikdən və onun davamlılığından gedir.

Ermənistan konstitusiyasında isə konkret olaraq, Azərbaycana qarşı ərazi iddiası var. Amma baş nazirdən tutmuş, digər rəsmi şəxslərə qədər, dəfələrlə erməni tərəfi bəyan edib ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və ola bilməz. Yaxşı, doğrudan da Ermənistanın Azərbaycana ərazi iddiası yoxdursa, o zaman bu ölkənin Xarici İşlər Nazirliyi yuxarıda qeyd olunan preambulanı necə izah edə bilər? Bu tam cəfəngiyyatdır. Ya bu şəxslərin siyasi və tarixi bilikləri yoxdur, ya da sırf daxili auditoriyaya hesablanan açıqlamalar xalqı axmaq yerinə qoymağa xidmət edir. Eyni zamanda bu, erməni hiyləgərliyi də ola bilər. Çünki "Vətən uğrunda Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan da dəfələrlə bəyan edib ki, konstitusiya dəyişikliyi yolverilməzdir, Azərbaycanla sülh danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalıdır. Ehtimal etmək olar ki, bu tip bəyanatlar da destruktivliyə və sülhü baltalamağa hesablanıb. Çünki Konstitusiya dəyişikliyini ləngitmək, onun qarşısını almaq sadəcə bu məqsədə xidmət edə bilər. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş tutsa və sülh əleyhdarları hakimiyyətə gəlsə, bu zaman yenidən Konstitusiya maddəsi əsas götürüləcək, danışıqlar zədələnəcək. Məhz bu faktor isə Azərbaycanın səbir kasasının yenidən daşmasına, dəmir yumruğun işə düşməsinə səbəb ola bilər. Elə bu səbəbdən də erməni siyasi elitası konstitusiya ilə bağlı məsələni bu qədər şişirtməyə cəhd göstərirlər. Bununla belə, ehtimal etmək olar ki, payız aylarında Ermənistan parlamentində bu məsələ yenidən gündəmə gələcək və Paşinyan o dövrə qədər ölkədəki vəziyyəti stabilləşdirə bilsə, sözügedən maddənin konstitusiyadan çıxarılmasına nail ola biləcək. Çünki baş nazir də gözəl dərk edir ki, sözügedən maddə Azərbaycanla sülh müqaviləsinin bağlanması yolunda əsas maneələrdən biridir. Dünya praktikasında isə bu, yaşanmış hadisədir.

İngiltərədə "The Troubles" kimi tanınan münaqişə mərkəzi Britaniya hakimiyyət orqanları ilə Şimali İrlandiyadakı yerli respublikaçı milli təşkilatlar arasında regionun statusu ilə bağlı mübahisə nəticəsində yaranıb. Böyük Britaniyaya qarşı çıxan əsas qüvvə İrlandiya Respublika Ordusu (IRA) idi. Öz növbəsində İRA-nın əsas rəqibi Protestant Narıncı Ordeni və onu dəstəkləyən sağçı protestant təşkilatları idi. Qarşıdurmanın kökü orta əsrlərə gedib çıxır. Belə ki, İrlandiya orta əsrlərdə İngiltərədən asılı vəziyyətə düşüb. XVI əsrdən etibarən adada yerli sakinlərdən torpaqların müsadirə edilməsi və ingilis köçkünlərinə verilməsi prosesi başladı. Sonrakı illərdə İrlandiyada ingilis əhalisi artdı. Britaniya hakimiyyət orqanlarının torpaq siyasəti irland torpaq sahiblərini narazı salması münaqişələrə və üsyanlara səbəb oldu. Bu hadisələr XX əsrin ortalarına qədər və üçüncü rübünün sonuna qədər qanlı şəkildə davam etdi.

1921-ci ilin dekabrında Böyük Britaniya ilə İrlandiya arasında sülh müqaviləsi imzalandı. İrlandiya dominion statusu aldı. Bununla belə, münaqişə bitmədi və müntəzəm olaraq, tərəflərin can tələfatı ilə davam etdi.

Nəhayət, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən etdi. Şimali İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Belfast sazişi iğtişaşlara və terrora son verdi. Bu isə uzun illər davam edən qarşıdurma, qanlı toqquşmalara sadəcə Konstitusiyada iki maddənin dəyişikliyi ilə son qoyma praktikasının mümkünlüyünü sübut etdi.

Bu səbəbdən də Ermənistanın siyasi hakimiyyəti bu presedenti hakim tutaraq, öz Konstitusiyasına "əl gəzdirə" bilər və bunu misal çəkərək, haqlı olduğunu xalq və müxalifət qarşısında sübut edə bilər. Sözügedən maddənin ləğvi isə sülh müqaviləsi yolundakı ən böyük əngəllərdən birini aradan qaldıra bilər. Bu isə regionun, xüsusən də maliyyə və iqtisadi sferası çökmüş Ermənistanın inkişafına səbəb ola bilər.

"Report" İnformasiya Agentliyi
 
Ardını oxu...
İranda prezidentliyə ilk qadın namizəd Zöhra İlahian növbədənkənar prezident seçkilərində iştirak etməmək qərarına gəlib.
Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“Namizədlikdən geri çəkildiyimi bəyan edirəm”, – İslam Şurası Məclisinin sabiq üzvü bildirib.
Eyni zamanda, İlahian seçkilərdə “inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka” çağırıb.
Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevin Misir səfərində gündəlik çox zəngin olub. Dövlət başçısı Qahirədə keçirdiyi bir sıra görüşlərdə önəmli mesajlar verib, iki ölkı arasında bütün əlaqələrin ən üst səviyyədə inkişafda olduğunu vurğulayıb. Azərbaycan lideri Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlığın gücləndiyini bildirib. Bu təmaslar bir daha göstərir ki, Misir və Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür.
Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır".
Bəyanatdan da göründüyü kimi Azərbaycan həmişə islam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyini qoruyub. Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdafıdır. Azərbaycan Qoşulmama Hərakatının sədri olarkən də bu prinsiplərin təşviqinə daim önəm verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhamiyyəti var.
Azərbaycanın xarici siyasəti, dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş siyasi kursun uğurları aydın görünür. Azərbaycanın istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidentinin Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Prezidentin Misir səfərinin əhəmiyyətli hadisə olduğunu qeyd edib. Politoloq bildirib ki, Qahirə görüşündə müzakirə olunan önəmli mövzulardan biri də İsrail-Fələstin münasibətləri olub:

"İlham Əliyev Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışını edib.
Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin, bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün qeyd edə bilərik ki, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfət etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittiham altına salmaq cəhdləri edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə Fələstin məsələsi İran tərəfindən İraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar.
Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır".
Ardını oxu...
“Regionda sabitliyi pozmaq üçün hərəkətlərini dayandırsın deyə Fransa və Amerika Birləşmiş Ştatları İrana təzyiq göstərmək niyyətindədirlər”.

Bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında danışıqlardan sonra ABŞ prezidenti Cozef Baydenlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Paris və Vaşinqton Tehrana lazımi təzyiq göstərməkdə qərarlıdır:

Makron əlavə edib ki, İran regionda sabitliyin pozulmasına, İsrailə raket hücumlarına, eləcə də nüvə proqramı ilə bağlı mövqeyinə görə məsuliyyət daşıyır. \\Report.az
 
 
 
Ardını oxu...
"ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır".

Bu barədə ABŞ Dövlət Departamenti yerli mətbuatın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır:

"Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının diferensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpaolunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır".

Məsələ ilə bağlı politoloq Xaqani Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ABŞ Rusiyanı qlobal dünyadan təcrid edəcək layihələrin həyata keçməsinə çalışır:

“ABŞ üçün Şərq-Qərb marşrutu və digər logistik marşrutlar ona görə önəmlidir ki, bu marşrutlar Rusiyadan yan keçəcək və dünya iqtisadiyyatının əsas logistikasını təşkil edəcək.

Son zamanlar bir neçə təşəbbüs ətrafında ciddi fikir mübadiləsi aparılır. Bu günə qədər ABŞ və Avropa ölkələrinin Mərkəzi Asiya və Uzaq Şərqə çıxışı Rusiya üzərindən həyata keçib.

Bu gün isə Rusiyadan yan keçməklə Avropanı Mərkəzi Asiya və Uzaq Şərq ilə birləşdirən marşrut xəttinin reallaşması istiqamətində mühüm işlər görülür. Qərb bu təşəbbüsün reallaşmasında maraqlıdır.
Bununla yanaşı, ABŞ digər marşrut xətti – Hindistan-BƏƏ-Səudiyyə Ərəbistan-İsrail-Avropa marşrut xətti ilə bağlı təşəbbüsü də dəstəkləyir. Bu layihə də Vaşinqton üçün önəmlidir.

Həm Şərq-Qərb marşrutu, həm də Hind okeanın üzərindən keçən dəhliz Rusiyanın qlobal iqtisadiyyatdan təcrid olunmasına istiqamətlənib. Vaşinqton hər iki layihənin baş tutması üçün əlindən gələni edəcək”.

Politoloqun sözlərinə görə, Azərbaycan ABŞ-ın regionda əvəzolunmaz və etibarlı tərəfdaşıdır:

“İstər enerji təhlükəsizliyi, istərsə hərbi-siyasi strategiya, istərsə də logistik xətlərin reallaşması məsələsində Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı hesab olunur. Bildirim ki, bəzi məsələlərdə isə Bakı ilə Vaşinqtonun mövqeyi üst-üstə düşmür. Ancaq Bakı və Vaşinqton bu kimi məsələlərdə əməkdaşlıq edə bilərlər”.
 
Ardını oxu...
Ötən gün Çinin Pekin şəhərində baş tutan danışıqlardan sonra Şərqi Türküstana (Sincan Uyğur Muxtar Bölgəsi-red.) səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan həm açıqlamaları, həm də taxdığı qalstuk ilə gündəm olub.

“AzPolitika” xəbər verir ki, H. Fidan 2012-ci ildə dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğandan 12 il sonra Çin zülmü altında əzilən Şərqi Türküstana səfər edən ikinci türk rəsmisi olub. Kaşqar və Urumçi şəhərlərində olan türkiyəli nazir burada Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Ma Sinruy və muxtar rayon hökumətinin rəhbəri Erkin Tuniyaz ilə görüşüb. Nazir Urumçi şəhərində Yanghang məscidi və Beynəlxalq Böyük Bazarı gəzib, yerli əhali ilə söhbətləşib.

“Kaşqar və Urumçi qədim türk və İslam şəhərləridir” deyən Fidan, mavi rəngli qalstuku ilə də diqqət çəkib. H. Fidanın Şərqi Türküstan bayrağını təmsil edən bu rəngi seçməsi sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanb.

 
Ardını oxu...
“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib”.

Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

Dövlət başçısı bildirib ki, bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır:

“Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir.

Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik.

Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun yanında olacaq”.
 
Ardını oxu...
İran parlamentinin (Məclisin) hazırkı sədri Məhəmməd Baqir Qalibaf, ruhani liderin İran Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin keçmiş sədri Əli Laricani İranda keçiriləcək növbədənkənar prezident seçkilərində əsas namizədlər hesab edilir.

Azpost.info xəbər verir ki, bu barədə “Tehran Tayms” yazıb.

Məhəmməd Baqir Qalibafın 62 yaşı var. O, iranlı mühafizəkarların tərəfdarı, İran-İraq müharibəsinin (1980-1988) veteranıdır.

59 yaşlı Səid Cəlili də mühafizəkarlardandır və eyni zamanda İran-İraq müharibəsinin veteranıdır.

Əli Laricaninin 66 yaşı var və mötədil cinahdandır. O, 2008-2020-ci illərdə parlamentin sədri olub, bundan əvvəl İran Təhlükəsizlik Şurasının katibi və Siyasi Məqsədliliyin Müəyyənləşdirilməsi Şurasının üzvü olub.
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı bəyanatlarına cavab verib. Deyib ki, tərəflər mətn üzərində işi tam başa çatdıra bildikdən sonra yer və vaxt daha çox müzakirə oluna bilər.

“Əsas prinsiplər razılaşdırılıb, qalan yalnız onları sülh müqaviləsinin mətnində təkrarlamaqdır. Düşünürəm ki, bizim bu işi ən qısa zamanda başa çatdırmaq şansımız var”, - deyə Paşinyan bildirib.

Sülhün cari il ərzində baş tutması ehtimalı nə qədərdir? Erməni Baş nazirin sözlərindən belə çıxır ki, tərəflər artıq bütün vacib məsələlərdə razılığa gəliblər. Bu, reallıqla nə dərəcədə oxşardır?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Ermənistanlı ictimai xadimi, hüquq müdafiəçisi, publisist, sovet dövrünün siyasi məhbusu Vardan Arutyunyan:

“Ölkələrimizin düşmənçiliyə son qoymağın vaxtı gəldiyi qənaətinə gəlmək üçün üç onillik lazım oldu. Bu il sülh müqaviləsi imzalanacaq, ya yox - deyə bilmərəm. 2021-ci ildən bəri biz eşidirik: "Bu il sülh müqaviləsi imzalanacaq", lakin həmişə nəsə mane olur.

İndi deyəsən, vacib məqamlar razılaşdırılıb. Bu barədə həm Bakı, həm də İrəvan danışır. Eyni zamanda əlavə edirlər ki, iş hələ də davam edir. Mən sazişin imzalanmasını istərdim. Xalqlarımız müharibələrdən, düşmənçilikdən yorulub”.

Ukraynalı analitik, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos:

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına bu il nöqtə qoymaq mənə məntiqli görünür. Birincisi, Rusiya qoşunlarının Azərbaycanda mövcud olmaq hüququna malik olduğu İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı müqavilənin beş illik müddəti başa çatır. Və onlar Azərbaycanın suveren ərazisini tərk etdikləri kimi görünsələr də, geri qayıtmaq üçün hər cür şirnikləndiricilərdən və qalma səbəblərindən xilas olmaq arzuolunandır.

İkincisi, bu ilin ikinci yarısı dünyanın əsas paytaxtlarında və güc mərkəzlərində seçkilər kimi bir çox siyasi risklərlə bağlıdır. Bu gün nə edilə biləcəyini sonraya buraxmamalısınız - bu məşhur ifadə burada uyğundur.

Ermənistan daxilində gərginlik artır, revanşizm boş söz deyil, bu, o deməkdir ki, belə bir imzanın bütün tərəflər üçün faydalı olduğu məqamdan istifadə etməliyik. Paşinyanın açıqlamalarına əsasən, bu, məhz belədir. Ona görə də hesab edirəm ki, belə bir addımın atılma ehtimalı kifayət qədər yüksəkdir”.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Mühakimə edə bildiyim qədər, tərəflərin fikir ayrılığına düşdüyü fundamental məsələlər sadəcə olaraq ortadan qaldırılıb - Qarabağ erməniləri, onların hüquqları və təhlükəsizliyi məsələsində olduğu kimi. Ermənilərin hansısa qarantlarla bağlı irəli sürdüyü sual ortadan qaldırıldı - nəinki zaminlər, hətta vasitəçilər də ortada yoxdur.

Alma-Ata bəyannaməsinə gəldikdə, Paşinyan özü bildirib ki, tərəflər razılaşıblar ki, bu müddəa sazişdə olmalıdır. Müqavilədə konkret xəritələrin göstərilməsi məsələsi də ortadan qalxıb. Amma o barədə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlətlərarası komissiyanın işi zamanı qərar verilib. Görünür, nəqliyyat dəhlizlərinin açılması məsələlərində də müəyyən kompromislər axtarılır.

Hesab edirəm ki, sənəd, prinsipcə, çox qısa müddətdə paraflana və sonra imzalana bilər. Hesab edirəm ki, bu, Paşinyanın əleyhdarlarının Ermənistanda yaratdığı gərginlik aradan qalxan kimi (və Baqrat hərəkatının gücü tükənən kimi) baş verə bilər. İmzalanma COP29 ərəfəsində və ya bəlkə də sammit zamanı baş tuta bilər, çünki Ermənistan Azərbaycanın razılığı ilə iqlim sammitində Şərqi Avropa ölkələri qrupunun bürosuna seçilib.

Bu mənada COP29-da Ermənistanın nümayəndə heyəti iştirak etməlidir və bu nümayəndə heyətinə Baş nazir rəhbərlik etsə, düzgün olardı. Və bunun baş verməsi üçün ya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin artıq imzalanması, ya da müqavilənin birbaşa sammit zamanı, dünyanın bir çox dövlətlərinin nümayəndələrinin iştirakı ilə imzalanması vacibdir. Bu, COP29 üçün mühüm hadisə olardı”.
 
Ardını oxu...
Hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, M.Möhbər tərəfdarlarının çağırışlarına baxmayaraq, namizədliyini irəli sürməməyə üstünlük verib.
Onun qərarının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyat bu gün başa çatır.
 
 
 

Dünyapress TV

Xəbər lenti