Ardını oxu...
 

Fransada Jan-Lük Melanşonun rəhbərlik etdiyi solçu "İtaətsiz Fransa" partiyası Prezident Emmanuel Makronun istefası üçün şərt irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "La Tribune" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, partiya, parlamentdə səsvermə yolu ilə ölkənin hazırkı Prezidenti Paris Maliyyə Departamentinin rəhbəri Lüsi Kasetə baş nazir postunu təklif etmədiyi təqdirdə onun istefasına nail olmağa çalışacaq.

"Prezident, parlament seçkisinin nəticələrini qəbul etməli və "Yeni Xalq Cəbhəsi"nin təklif etdiyi kimi, Lüsi Kaseti baş nazir təyin etməlidir. Əks halda, biz onu vəzifədən kənarlaşdırmaq üçün bütün konstitusiya vasitələrindən istifadə edəcəyik," - partiyadan bildirilib.

Partiya üzvləri Fransada yeganə hakimiyyət mənbəyinin xalqın səsverməsi olduğunu vurğulayıblar.

Bundan başqa, partiya üzvləri Makronun Olimpiya Oyunları bitənə qədər hökuməti formalaşdırmaqdan imtina etməsindən hiddətləniblər. Onlar hesab edirlər ki, onun hərəkətsizliyi Fransa demokratiyası üçün ciddi təhlükədir. Bu vəziyyətdə parlament prezidentin vəzifədən uzaqlaşdırılmasını tələb edə bilər.

 
 
 

Ardını oxu...
Dünyada qloballaşmanın dağılması, regional birlik və təşkilatların əhəmiyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı yeni geosiyasi vəziyyət yaranır. Bu baxımdan Rusiya və Azərbaycan kimi bir-birinə vacib olan iki ölkə Rusiya liderinin Bakıya dövlət səfərini hər iki tərəf üçün aktual görünən bütün məsələlərin müzakirəsi üçün istifadə edəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Bakıya baş tutacaq səfərini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.

"Rusiya prezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramların həyata keçirildiyi şəraitdə baş tutacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir.

Eyni zamanda, Ermənistandan bir növ “Troya atı” kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək üçün regiondankənar oyunçuların israrlı səylərini görürük. Bu, istisnasız olaraq Cənubi Qafqazın bütün ölkələri üçün ciddi təhlükəsizlik çağırışıdır və prezidentlər bu barədə mütləq danışacaq.
Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Ümumiyyətlə, Azərbaycanın nüfuzu artır, xalqa və iqtisadiyyata xeyir vermək üçün Rusiya-Azərbaycan birgə səyləri son dərəcə vacib görünür”, - o bildirib.

Politoloq qeyd edib ki, əvvəlki dövrdə Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biri olub:

"Hərbi-texniki əməkdaşlıq məsələlərinin də Vladimir Putinin İlham Əliyevlə aparacağı danışıqların mühüm tərkib hissəsinə çevriləcəyini deməyə əsas var. Gözləyirik ki, səfər zamanı Rusiyanın müxtəlif profilli şirkətlərinin işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpasında iştirakına dair razılaşmalar da əldə olunacaq.

Bu, çox ciddi səfərdir, prinsipial xarakter daşıyır".
 
Ardını oxu...
Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətində hərbi əməliyyatı davam edir.

Qeyd edək ki, avqustun 12-də Rusiyanın Kursk vilayətinə müdaxilə edən Ukrayna ordusu ölkənin daxili ərazilərinə doğru irəliləməkdədir.

Hücum zamanı xeyli sayda rus hərbçisi öldürülüb, rus ordusunun ağır zirehli texnikaları sıradan çıxardılıb və yüzlərlə rus əsgəri əsir düşüb.

Rusiya və Ukrayna KİV-lərinin məlumatına görə, Ukrayna hərbçiləri Kursk və Belqorad istiqamətində bir çox məntəqələri nəzarəti götürüb. Hətta iddia olunur ki, Kurskda 1000 km-dən çox ərazi Ukrayna ordusunun nəzarəti altına keçib.

Rus mediasında Ukrayna hərbçilərinin daha yeni ərazilərə nəzarət etməsi barədə məlumatlar yayılmaqdadır. Maraqlıdır, dünyanın ən güclü ordusuna və kəşfiyyatına, taktiki nüvə silahına, qitələrarası ballistik raketlərə, geniş hərbi donanmaya və hava hücumundan müdafiə sistemlərinə malik olan Rusiya nəyə görə Ukrayna ordusunun hücumunun qarşısında bu qədər aciz qalıb.

Necə ola bilər ki, Ukrayna ordusu heç bir ciddi müqavimətlə üzləşmədən, heç bir əngəllə rastlaşmadan və heç bir itkiyə məruz qalmadan asanlıqla Rusiyanın içərilərinə doğru bu qədər irəliləyir? Bu, bir çox analitik mərkəzlərin baxışlarında ciddi suallar doğurub. Bəziləri Ukraynanın Kurska hücum əməliyyatının NATO mütəxəssisləri tərəfindən hazırlandığını və buna görə də əməliyyatın uğurlu həyata keçdiyini hesab edirlər.

Bəziləri isə iddia edirlər ki, Rusiyanın daxilində müəyyən hərbi-siyasi dairələr, hərbi elitada yüksək rütbəli şəxslər və Kremldə bəzi ünsürlər bilərəkdən Ukrayna ordusunun hücumuna şərait yaradıblar. Əsas məqsəd də Putin hakimiyyətinin sonunu yaxınlaşdırmaqdır. Hər iki tərəfin iddialarının nə dərəcədə doğru olub-olmadığını yalnız zaman göstərəcək.

Müharibənin gedişatı bütün gizli məqamlar ortalığa çıxacaq.

Məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, tarixdə bir çox müharibələr kimi Rusiya-Ukrayna müharibəsinin taleyini də geosiyasi maraqlar və məqsədlər müəyyən edəcək: “Bu müharibədə hər bir tərəfin öz maraq və məqsədləri var.

Həm Qərb güc mərkəzləri, həm Rusiya, həm də Ukrayna bu müharibədə yalnız maraqlarını güdür. Bütün tərəflər öz məqsədlərinə nail olmaq üçün var-gücü ilə mübarizə aparırlar. Müharibə məhz məqsədləri reallaşdırmaq üçün davam etdirilir. Yalnız tərəflər öz maraqlarını təmin etdikdən sonra müharibə dayandırılacaq”.

M. Əliyev Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin başlamasını bu cür şərh edib:

“Son proseslər onu göstərir ki, istər Qərb, istərsə Rusiya, istərsə də Ukrayna – hər bir tərəf müharibənin davam etməsində maraqlıdır. Qərb buna daha çox maraq göstərir. Ona görə də müharibənin yeni mərhələsini başlatmaq qərarına gəliblər. Kursk əməliyyatı düşünülmüş bir plandır və bu planda müharibəni sona çatdırmaq məqsədi güdülür. Müharibəni dayandırmaq üçün Ukrayna tərəfi Moskvadan tələb edir ki, rus qoşunları Ukraynanın cənub-şərq ərazilərindən geri çəkilməli və ölkənin beynəlxalq sərhədini tanımalıdır.

Rusiya isə Ukraynanın şərtlərini rədd edir və işğal etdiyi əraziləri öz ərazisinin tərkib hissəsi kimi tanınmasını tələb edir. Amma buna baxmayaraq, hesab edirəm ki, bir müddətdən sonra hər iki tərəf bir-birinə güzəştə getməyə məcbur olacaq. Rusiya Ukraynada işğal etdiyi ərazilərdən geri çəkiləcək, Ukrayna isə Rusiyada nəzarətə götürdüyü əraziləri sahibinə qaytaracaq. Yəni hər iki tərəf öz beynəlxalq sərhədlərinə çəkiləcək”.

M. Əliyev Putin hakimiyyətinin sonunun yaxınlaşması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını bildirib: “Əksinə, bu müharibə Putin hakimiyyətini daha da möhkəmləndirib. Rusiyanın daxilində hazırlanmış hərbi çevrilişin qarşısı alınıb, oliqarxların təsiri xeyli azalıb, dövlətin dayaqları gücləndirilib və ölkədə iqtisadi nöqteyi-nəzərdən sabitlik davam edir. Eyni zamanda, Rusiyanın hərbi sənaye kompleksi əvvəlkindən daha aktiv fəaliyyət göstərir. Rusiya bir imperiya dövlətidir və hər bir imperiya öz mövcudluğunu davam etdirmək üçün müharibə aparmalıdır”.

M. Əliyev deyib ki, yalnız nüvə təhlükəsi Rusiya və NATO-nu danışıqlar masası arxasına gətirəcək: “Müharibə başa çatandan sonra həm Moskva, həm də Kiyev öz üzərinə öhdəliklər götürəcək. Rusiya öhdəlik götürəcək ki, Ukraynanın ərazisinə hər hansı bəhanə ilə müdaxilə etməyəcək və onun beynəlxalq sərhədlərini tanıyacaq. Ukrayna isə NATO-ya üzv olmayacağı, hər hansı Qərb dövlətinin onun ərazisində hərbi baza yaratmasına imkan verməyəcəyi və Rusiyaya qarşı təhlükə törətməyəcəyi ilə bağlı öhdəlik götürəcək.

Bir önəmli məqamı da diqqətdən qaçırmaq olmaz. İndiki vəziyyət elə bir nöqtəyə çatar ki, Rusiya nüvə silahından istifadəyə əl ata bilər. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Ukrayna ilə deyil, məhz NATO ilə müharibə aparırlar. Moskvanın bu taktikaya əl atması NATO-nu onunla danışıqlara getməyə vadar edəcək. Ukrayna ilə danışıqlar ikinci dərəcəli məsələ olacaq. Bu danışıqlarda Rusiya və Qərb bir-birinə güzəştə gedib bir çox məsələlərdə anlaşacaqlar”.
 
Ardını oxu...
"Lukaşenkonun Kiyevlə Moskvanı danışıqlar masasına dəvət etməsi Kremlin sifarişidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna ilə Rusiyanı danışıqlar masası arxasına oturmağa dəvət etməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya hazırda çıxılmaz və ümidsiz vəziyyətdədir:

"Ölkə çox ağır duruma düşüb. Moskvanın özündə müəyyən qarşıdurmalar var. Telekanallara baxanda açıq şəkildə görünür ki, Putinin əlləri əsməyə başlayıb. Lukaşenko keçən dəfə Kremllə "Vaqner" hərbi təşkilatının rəhbəri Priqojin arasında vasitəçilik edərək, guya Putini xilas etdi, indi də eyni plan üzrə hərəkət edir".

Ekspertə görə, Lukaşenko düşünür ki, Kiyevlə Moskvanı danışıqlar masası arxasına dəvət etməklə yenidən xilaskar rolunda çıxış edə biləcək:

"Amma bu məsələdə Belarusun vasitəçi qismində çıxış etməsi, tərəfləri danışıqlara dəvət etməsi birmənalı şəkildə mümkünsüzdür. Lukaşenko bu prosesdə rol ala bilməyəcək. Yaxşısı budur ki, sakitcə yerində oturub öz işilə məşğul olsun".

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa dəvət edib. "Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa və müharibəni dayandırmağa dəvət edirəm, çünki nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara bu müharibə lazım deyil" deyən Belarus liderinin fikrincə, bu müharibə yalnız Amerika mənşəli yüksək rütbəli insanlara lazımdır.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini təqdim edib.

Bu barədə Ukrayna mətbuatı xəbər verir.

“Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edir. Bu, dövlətimiz üçün mühüm addımdır, ona görə də Ukrayna Prezidenti Ali Radaya “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası və ona düzəlişlər haqqında” qanun layihəsi təqdim edib”, - Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İrina Mudraya bildirib.

Onun sözlərinə görə, bu addım Ukraynanın beynəlxalq arenadakı mövqeyini gücləndirəcək.

“Ölkənin BCM-də iştirakı sayəsində Məhkəmədə Ukrayna ilə bağlı işlərin effektivliyini artırmaq və Ukrayna ərazisində törətdiyi cinayətlərə görə Rusiya vətəndaşlarını məsuliyyətə cəlb etmək mümkün olacaq”, - İ.Mudraya deyib.
 
Ardını oxu...
Türkiyə və İraq arasında təhlükəsizlik sazişi imzalanıb.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə mətbuat konfransında məlumat verib.

"Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Bu saziş tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, əməkdaşlığımızı növbəti səviyyəyə daşıyacağıq", - H.Fidan deyib.
 

 

Ardını oxu...
Gürcüstanda əhalinin 59.3%-i parlament seçkisində hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasına səs verməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu məlumat "İmedi" telekanalının sifarişi ilə "Qorbi" şirkətinin keçirdiyi sorğunun nəticələrində əks olunub.

Sorğuya əsasən, əhalinin yalnız 13.1%-i əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ı dəstəkləyir.

Bu rəqəmlər "Gürcü Arzusu"nun parlamentdəki 150 mandatdan 107-ni əldə etməsinə imkan verir.

Sorğu iyulun 24-dən avqustun 4-dək birbaşa müsahibələr vasitəsilə ölkə üzrə aparılıb və 1.7 min nəfəri əhatə edib.
 
Ardını oxu...
Ərdoğan Türkiyədən üzr istəməli olduğunu demişdi: Mahmud Abbasla Ankarada görüşdüƏrdoğan Türkiyədən üzr istəməli olduğunu demişdi: Mahmud Abbasla Ankarada görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada fələstinli həmkarı Mahmud Abbasla görüşüb.

Yenicag.az xəbər verir ki, prezident sarayında baş tutan görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Mahmud Abbas Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbədənkənar iclasında çıxış edəcək.

Xatırladaq ki, Ərdoğan daha öncə Abbasa Türkiyəyə səfər etmə təklifi etdiyini, lakin Fələstin Prezidentinin bu təklifi cavabsız qoyduğunu bildirmiş, onun Türkiyədən üzr istəməli olduğunu vurğulamışdı.
 
 
 
Ardını oxu...
“Aztelekom” MMC və “Baktelekom” MMC-nin birgə razılaşması əsasında avqustun 15-dən etibarən Azərbaycanda internetin qiyməti 40 faiz bahalaşdırılır. İnhisarçı dövlət şirkətləri internet paketinin minimum aylıq qiymətini 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata çatdırılacağını elan edib.

Şirkətlər iddia ediblər ki, keyfiyyət yaxşılaşır, qiymətlər əslində ucuzlaşır. Adıçəkilən qurumların izahatında qeyd olunur ki, internetin sürəti 2,5 dəfə artırılacağı üçün qiymət ucuzlaşıb və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək.

Ekspertlər isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiya Nazirliyinin bu qərarını kartel sövdələşməsi hesab edərək, istehlakçılara qarşı böyük haqsızlıq adlandırırlar.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, rəsmi statistikaya görə ölkə əhalisinin təxminən yarısı kəndlərdə yaşayır: “Biz bir daha hökumətə müraciət edirik. Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər. Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumətin min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əldə etsin, nəhayət, regionlar da inkişaf etsin, onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq. Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın. Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, bəlkə heç olmasa bu təkliflərə diqqət yetirə bilərlər”.
Ətraflı

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ekspertlərin və əhalinin narazılığını haqlı sayıb, eyni zamanda adı çəkilən inhisarçı qurumların bahalaşma qərarını qanunsuzluq, kartel sövdələşməsi hesab edib. Qurumdan verilən açıqlamda deyilir: “Kütləvi İnformasiya Vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur”.

Qeyd olunur ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir: “Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.

Məlumatda vurğulanır ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb: “Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir”.

Osman Gündüz isə ciddi bir dəyişiklik gözləmir, ekspert hesab edir ki, kosmetik yumşalma ola bilər.

Rasim Əliyev

“AzPolitika.info”
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevin də Astanada iştirak etdiyi dövlət başçılarının sammitində Mərkəzi Asiya “beşliyi”nin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İlham Əliyev çıxışında dünyada artan təhdidləri yada salıb, deyib ki, bu vəziyyət ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirməyi tələb edir.

Bu kontekstdə İ.Əliyev ötən ay Qazaxıstanda keçirilən və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulayıb.

“Mərkəzi Asiya ətrafında əsas dünya oyunçularının beynəlxalq fəaliyyəti son vaxtlar əhəmiyyətli dərəcədə artmışdı. Bölgə ölkələri bu çətin vəziyyətdə öz yollarını tapmağa çalışır, yaxın və uzaq qonşularla əlaqələr qurur. Rusiyadan tam ayrılmanın əsas bazarın itirilməsi və hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə nəticələndiyini başa düşmək bu cür addımları qeyri-real edir. Eyni zamanda Moskvanın regionda rolunun tədricən zəiflədilməsi istiqamətində addımlar atılır. Xüsusilə region ölkələrinin İranın cənub limanları, Transqafqaz və Yaxın Şərq vasitəsilə Qərb bazarlarına çıxması üçün alternativ logistika marşrutlarının axtarışı aparılır. Bu hadisələr fonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələrinin müdafiə birliyinin yaradılması təşəbbüsü ilə çıxış edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ehtiyacı var: “Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var. Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün təhlükəsizlik riskləri kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir”.

Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev “5+Azərbaycan” formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin - Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyasının hazırlanmasını təklif edib.

Bu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələri Xəzər dənizinin Qazaxıstan sahilində keçirilən “Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimlərində iştirak edib. Orta Asiya ölkələrindən olan kursantların Azərbaycanın hərbi təhsil müəssisələrində hazırlanması da davam etdirilir və regionun müdafiə nazirlikləri ilə Azərbaycanın hərbi idarəsi arasında daimi qarşılıqlı əlaqə aparılır.

“Man’o” Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev “Nezavisimaya qazeta”ya deyib ki, Tokayevin təklifi çox güman ki, qlobal vəziyyətin gərginləşməsinə və dünya gücləri arasında qarşıdurmanın güclənməsinə reaksiyadır. Mərkəzi Asiya Rusiya, ABŞ, Çin, Avropa İttifaqı, Türkiyə və digər güclərin maraqlarının kəsişdiyi əsas regionlardan birinə çevrilib. Amma ekspert hesab edir ki, Mərkəzi Asiya üçün təhlükələrin artmasına baxmayaraq, region ölkələri müdafiə ittifaqı yaratmağa hələ hazır deyil. “Bölgədə bir çox məsələlər, o cümlədən sərhəd və gömrük məsələləri hələ də həllini tapmayıb və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Türk Dövlətləri Təşkilatı (OTS) kimi birliklərlə bağlı fikir ayrılıqları mövcuddur. Regiondakı bütün ölkələr bu inteqrasiya birliklərinin mövqelərini bölüşmürlər. Bu baxımdan, Mərkəzi Asiyada müdafiə ittifaqı ideyasının yaxın gələcəkdə həyata keçiriləcəyinə ciddi şübhələrim var”, - deyə Erqaşev bildirib.

Bəs bu təhlükəsizlik formatının perspektivi nə ola bilər?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan bir neçə platformada birgə fəaliyyət göstərirlər: “Mərkəzi Asiya məkanı Avrasiyanın ən əsas regionlarından biridir. Elə bu səbəbdəndir ki, ABŞ və Çin başda olmaqla, dünyanın bütün böyük güclərinin bu regionda xüsusi maraqları var. Görünən budur ki, böyük güclərin bir çoxunun XVIII əsr işğalçılıq və talançılıq təfəkkürü hələ də dəyişməyib və onlar bu gün də Mərkəzi Asiya ölkələrinə resurs bazarı kimi baxmaqda davam edirlər. Bu isə Mərkəzi Asiya ölkələrinin hökumətlərini ciddi düşündürür və onlar çox haqlı olaraq belə çirkin baxışların layiqli cavabını verə biləcək gedişlər etməyə cəhdlər göstərirlər.

Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyevin “5+Azərbaycan” formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin - Regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyasının hazırlanmasını təklif etməsi də təsadüfi gediş deyil. Region ölkələri böyük güclərin haqsız basqılarına birlikdə cavab verməyi ən doğru seçim hesab edirlər və bu sırada Azərbaycanı özləri ilə birlikdə görməkdən məmnundurlar. Hesab edirəm ki, dünyada baş verən mürəkkəb siyasi və hərbi hadisələr dönəmində belə bir birliyin yaranması hər bir üzv dövlət üçün yeni bir dəstək platformasının yaranması demək olacaq".

VI Çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanın belə sammitdə iştirak etməsinin dövlət kimi dünyada önəmini bir daha sübut etdiyini qeyd etdi: “Azərbaycan Mərkəzi Asiya regionunda yerləşməsə də, artıq neçənci dəfədir ki, Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının sammitinə qonaq kimi dəvət olunur. Bu həmin regionun Azərbaycanla əməkdaşlığa verdiyi qiymətdir. Eyni zamanda bu həmin ölkələrin siyasi dairələrinin rəhbərlərinin Azərbaycan Prezidentinin fəaliyyətinin dünyada və regionda təhlükəsizliyin təmin edilməsində, problemlərin həll olunmasında oynadığı rola verdikləri qiymətdir. Cənab Prezidentin təklif etdiyi "5+1" formatı bu gün regionun, o cümlədən dünyanın maraqlarına cavab verir. Mərkəzi Asiya mürəkkəb bir regiondur. Ancaq bununla belə, həmin regionun liderlərinin əməkdaşlıqda maraqlı olmaları, buna meyl etmələri bir çox problemlərin qarşısını alır. Eyni zamanda həmin region Azərbaycanla əməkdaşlığın əhəmiyyətinə xüsusi fikir verir. Azərbaycan dünyaya bir çıxış qapısıdır. Ölkəmiz özünün imkanları ilə Mərkəzi Asiya ölkələrinin imkanlarını birləşdirməyə meyllidir. Azərbaycanın dövlətçilik təcrübəsi, qonşu dövlətlərlə münasibətlər qurmaq təcrübəsi həmin region dövlətlərinin diqqətini cəlb edir. 5 ölkədən 4-ü türkdilli dövlətlərdir. Tacikistan da bu formatda fəal iştirak edir. Bu 5 ölkədən hər biri ilə Azərbaycanın çox sıx əlaqələri var. Bunların birlik planları bütün sahələri əhatə edir. İlk növbədə bu ölkələrin xalqları birgə olmaq sosial sifarişini verirlər. Təhlükəsizlik, əməkdaşlıq modeli bir çox aktual, fundamental məsələləri özündə ehtiva edir. Bu birgə layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlıq, humanitar sahələrdə sıx əlaqələrin qurulması, mədəniyyət, incəsənət sahələrində əməkdaşlıq deməkdir, bir-birinin uğurlarına sevinmə məsələsidir. Bu sahələr istər-istəməz təhlükəsizlik məsələlərini öndə saxlayır. 5 ölkə və üstəgəl Azərbaycan birgə hərbi-texniki sahədə də fəaliyyət göstərməyə çalışırlar. Bu əməkdaşlıq regionun bu gününün və sabahının təmin edilməsində olduqca vacib bir məsələdir. Həmçinin bu əməkdaşlıq dünyanın digər regionları üçün də nümunə rolunu oynaya bilər".
 
Ardını oxu...
25 il əvvəl bu günlərdə heç kim bu qədər sürəcəyinə inanmırdı...

25 il əvvəl, 1999-cu il avqustun 9-da Rusiya prezidenti Boris Yeltsin televiziya ilə xalqa müraciət etdi. O, əvvəlcə xəbər verdi ki, Dövlət dumasına seçkilərin dekabrın 19-da keçirilməsi ilə bağlı fərman imzalayıb, sonra da prezident postunda öz varisi kimi gördüyü yeni baş naziri təqdim etdi.

Prezidentin fəaliyyəti və təklif olunan varisinin şansı ilə bağlı o zaman səsləndirilən dəyərləndirmələr xeyli bədbin idi.

Proqnozlar arasında isə biri, ən doğrusu yox idi: bütün bunlar 25 il davam edəcək.

“Bir ildən sonra prezident seçkiləri olacaq, - Yeltsin vətəndaşlara xitab etdi. - İndi mən cəmiyyəti konsolidasiya edə biləcək adamın adını çəkməyi qərara aldım. O, ən geniş siyasi qüvvələrə söykənərək Rusiyada islahatların davamını təmin edəcək. Böyük Rusiyanı XXI əsrdə yeniləyəcək şəxsləri ətrafında birləşdirə biləcək. O - Təhlükəsizlik şurasının katibi, FSB-nin direktoru Vladimir Vladimiroviç Putindir. Mən ona inanıram. İstəyirəm ki, 2000-ci ilin iyulunda seçki mətəqələrinə gələcək və öz seçimini edəcək adamalr da inansın”.

Prezident dedi ki, Putini yaxşı tanıyır, “çoxdan, Putin hələ Sankt-Peterburqda birinci vitse-mer işləyərkən onu diqqətlə” izləyib, son illər isə onunla çiyin-çiyinə işləyir, bu zaman o, “bütün vəzifələrdə inam və qətiyyətlə işləyib, yaxşı nəticələrə nail olub”.

Xatırlatmaqda fayda var ki, o zaman Yeltsin klanının hakimiyyəti saxlamaq şansları cüzi görünürdü.

Hökumət səbatsızlığı, ilyarım ərzində bir-birini dəyişən dörd baş nazir - Viktor Çernomırdin, Sergey Kiriyenko, Yevgeni Primakov, Sergey Stepaşin (həmin vaxt heç üç ay deyildi ki, hökumət başçısı işləyirdi).

O zaman siyasi elitada dominant əhval ondan ibarət idi ki, getdikcə sürət yığan “Primakov-Lujkov” ekspresini (tezliklə seçki blokunda birləşəcək “Vətən” və “Bütün Rusiya” hərəkatları) durdurmaq daha mümkün deyil. Primakov prezident, Lujkov isə baş nazir olacaq, zəhlələri getdiyi Yeltsin ətrafını və “Ailə”ni isə həsəd aparılmayacaq gələcək gözləyir.

Varisin anons edilməsindən iki gün əvvəl də Basayev və Xəttabın yaraqlıları Dağıstana soxulurlar.

Belə vəziyyətdə Yeltsin nəinki daha bir dəfə baş naziri dəyişir, həm də varisini elan edir. O vaxta qədər Peterburqda Anatoli Sobçakla işləməsi ilə tanınan, merin 1996-cı il seçkilərində məğlubiyyətindən sonra Smolnını tərk etməyə məcbur qalan, prezident adminsitrasiyasında və FSB-də işləyən birisi. Özü də seçkilərdə heç iştirak etməyən, siyasi səhnənin tanınmış personajlarından fərqli olaraq, publik siyasətdə özünü göstərməyən və geniş kütlələrin tanımadığı birisi.

Hə, Stepaşinə iradlar var - onu “çox yumşaq” hesab edirlər, halbuki “daxili siyasətin sərtləşməsi”, həm də çeçen yaraqlılarla daha qətiyyətli mübarizə zəruridir. Amma eyni zamanda qeyd edirlər ki, Stepaşin hökuməti rublun çökməsinə imkan vermədi, İMF, Dünya bankı və Paris kreditorlar klubu ilə razılıq əldə edərək yeni defolt təhlükəsini uzaqlaşdıra bilib.

Varis namizədinə gəlincə, Yeltsinin qərarı bütün tərəflərdən - sağdan da, soldan da - ciddi tənqid olunur. Yeganə istisna - daim özünü müxalifət adlandıran, amma bütün həlledici anlarda hökuməti dəstəkləyən LDPR-dir.

“Büsbütün ağılsızlıq” - kommunistlərin lideri Gennadi Züqanov Yeltsinin qərarını belə şərh edir. Axı “baş nazirlər əlcək kimi dəyişiləcəksə, kim onları ciddi qəbul edəcək?”. O deyir ki, hökumətin istefası “rejimin 100 faizlik aqoniyası”nı nümayiş etdirir. Deyir, “Putin və Stepaşin eyni komandadandırlar, aralarında prinsipial fərq yoxdur”. Sonra da bildirir ki, Konstitusiyaya prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq dəyişiklər təklif edəcək.

Züqanovun həmkarı, Dumanın spikeri Gennadi Seleznyov deyir ki, “Yeltsin birini öz varisi elan edirsə, deməli, onun siyasi gələcəyi üzərindən xətt çəkir. Dəfələrlə belə olub”.

Dmitri Roqozin və Sergey Qlazyevin “Rusiya icmaları konqressi” bildirir ki, “Stepaşinin istefası ilk növbədə ABŞ və NATO-ya sərf edir”, prezident və administrasiyası “Rusiya vətəndaşlarının maraqlarına heç məhəl qoymur”.

Yevgeni Primakovun “Vətən”i isə təsbit edir ki, “Kremlin hərəkətlərinə məna vermək və onları proqnozlaşdırmaq mümkün deyil” və bu hərəkətlər “siyasi problemləri zorakı metodlarla həll etmək meylinin indikatorudur”.

Digər cinahdan səslənən tənqid də heç az deyildi.

“Rusiyanın demokratik seçimi”nin lideri Yeqor Qaydar Putini prezident kimi görüb-görməməsi haqda suala “bunu təsəvvür etmək hələ ki, çətindir” cavabını verir. Həm də deyir ki, “Putini prezident administrasiyasının rəhbərinin müavini kimi tanıyır, orada effektli idi, amma bizdə prezidentləri təyin etmirlər. Elə indi baş verənlər də prezident kampaniyası üçün ən uğurlu start deyil”.

Qaydarın silahdaşı Sergey Yuşşenkov isə deyir ki, “prezidentin varis haqqında dediklərini Putini siyasi cəhətdən məhv etmək cəhdi kimi anlamaq lazımdır” və “bu bəyanatı prezidentin güclü gedişi kimi qiymətləndirmək çətindir”.

“İnsanlar öz işini yerinə yetirməyə qadir olmayan xəstə lider görməkdən yorulub”, - Boris Nemtsov radio çıxışında deyir. Digər çıxışında isə əlavə edir: “Belə görünür, Yeltsin ölkədəki siyasi vəziyyəti hiss etmir, sadəcə qeyri-adekvatdır və təəccüblüdür ki, ətrafında heç kim bunu ona izah edə bilmir”.

Putinə gəlincə, Nemtsovun sözlərinə görə, “bütün müsbət xarakteristikasına baxmayaraq, siyasi prosesə heç bir aidiyyatı yoxdur”. Hələ əlavə də edir: “bir vaxt mən də varis adlandırılmışdım, buna müəyyən yumor və istehza ilə yanaşmaq gərəkir”.

Anatoli Çubays Stepaşinin istefasının əleyhinədir, amma bunun qarşısını almaq üçün Yeltsinin qəbuluna düşə bilmir. Bildirir ki, Yeltsin “çox ağır siyasi nəticələr doğura biləcək riskli addım atıb”.

Sergey Kiriyenkonun rəhbərlik etdiyi “Yeni qüvvə” bildirir ki, “hakimiyyət ölkəyə nəzarəti faktiki itirir” və “vətəndaşların mülkiyyəti və azadlığı təhlükə altındadır”.

Prezidentin qərarı ilə bağlı ehtiyatlı nikbinlik göstərən siyasətçilər də tapılır, amma onların sayı lap azdır.

Keçmiş baş nazir Viktor Çernomırdin deyir ki, Putinin prezident olmaq şansı var, amma “bu, onun baş nazir postunda qalıb-qalmamasından və başçılıq etdiyi hökumətin iqtisadi siyasətindən asılıdır”.

Novqorod vilayətinin qubernatoru Mixail Prusak: “Mən ölkənin iqtisadiyyatını gerçəkdən inkişaf etdirən, Qafqazdakı problemləri həll edən adamı prezident görürəm. Putin bunu bacararsa, niyə prezident olmasın?”.

Nəhayət, Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukov: “Putin dövlət adamıdır, onda iradə, enerji, qətiyyətli addımlar bacarığı hiss olunur, düşünürəm ki, onun dövründə ölkədə qayda-qanun olacaq”.

Sonralar nə baş verdi - yaxşı məlumdur.

1999-cu il avqustun 16-da Putin birinci cəhddən baş nazir təsdiq olunur (deputatların bir hissəsi ehtimal edir ki, o, növbəti “texniki” baş nazirdir və kimin olacağı mühüm deyil).

Sentyabrın 4-də Buynakskda yaşayış evinin yanında partlayış baş verir, sentyabrın 9-da Moskvada Quryanov küçəsində yaşayış binası partladılır.

İkinci çeçen müharibəsi başlayır.

Dövlət dumasına seçkilər öncəsi hadisələrin iştirakçıları müxtəlif səmtlərə ayrıldılar.

Sergey Stepaşin “Yabloko”nun seçki siyahısının ilk üçlüyündə yer alacaq. Qriqori Yavlinskinin rəhbərlik etdiyi bu təşkilat Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını tələb edəcək.

Sergey Kiriyenko, Anatoli Çubays və Boris Nemtsov başqa tərəfdə olacaqlar: onların rəhbərlik etdiyi “Sağ qüvvələr birliyi” Duma seçkilərinə “Putin prezidentliyə, Kiriyenko Dumaya” şüarı ilə gedəcək (Nemtsov öz xatirələrində yazır ki, təşkilatın beş rəhbərindən özü və İrina Hakamada Putini dəstəkləməyin əleyhinə, Sergey Kiriyenko, Boris Çubays və Yeqor Qaydar lehinə olublar - Press klub).

Çubays deyəcək ki, Çeçenistanda “Rusiya ordusunun dirçəlişi” baş verir və Yavlinski ilə məşhur teledebatlara çıxacaq.

Sergey Şoyqu, Aleksandr Karelin və Aleksandr Qurovun rəhbərlik etdiyi “Birlik” bloku Putinin dayağı olacaq və Duma seçkilərində vəziyyəti ciddi dəyişəcək.

1999-cu il dekabrın 31-də Yeltsin istefaya gedəcək və prezident səlahiyyətlərini Putinə ötürəcək. Bundan sonra Primakov, Lujkov və əvvəlki “üsyankar” qubernatorlar Putinə biyət edəcək, Dumadakı “Vətən - Bütün Rusiya” bloku isə yetərincə hökumətyönümlü olacaq.

2000-ci il martın 26-da Putin prezident seçkilərini udacaq və mayın 7-də and içəcək.

...1996-cı ilin yayında Boris Yeltsini hakimiyyətdə təkcə “inzibati resurs”la deyil, həm də cəmiyyəti uydurma “revanş” perspektivi ilə qorxutmaqla saxladılar.

Üç ildən sonra real revanş üçün şəraiti Yeltsin özü yaratdı.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://novayagazeta.ru/articles/2024/08/09/revansh-pervye-dni
pressklub
 

Dünyapress TV

Xəbər lenti