Ardını oxu...
Rusiyadan NATO sərhədinə göndərilən hava şarları Estoniyada çaxnaşma yaradıb. Estoniya KİV-ləri bu hava şarlarının kəşfiyyat apardığını iddia edirlər. Üstəlik, sözügedən şarların üzərində Rusiyanın Ukraynadakı işğalının simvoluna çevrilən - “Z” hərfinin olması daha çox narahatlıq yaradıb.

Britaniya mətbuatının yazdığına görə, Kreml mütəmadi olaraq bu bölgəyə casus şarları göndərir. Qeyd edək ki, sözügedən hava gəmilərinin müşahidə olunduğu Estoniyanın Narva şəhərinin əhalisinin 96 faizini etnik ruslar təşkil edir.

Rəsmi Berlinin xəbərdarlığı reallığa çevrilir?

Xatırladaq ki, hələ dekabrın əvvəlində Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl bəyan etmişdi ki, Rusiya Ukraynadan sonra Baltik ölkələrinə-Latviya, Litva və Estoniyaya hücum edəcək. Kolun fikrincə, Rusiyanın Baltik ölkələrinə müdaxiləsi üçün bəhanə yerli rusdilli azlıqları qorumaq istiqamətində olacaq.

Bundan bir qədər əvvəl, noyabrın 27-də isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Şimali Atlantika Alyansının hərbi bazalarına zərbə endirməsi ssenarisini istisna etməyib.

Rusiya tərəfi Almaniyanın bir müddət əvvəl rəsmən elan etdiyi hücum ssenarisinə hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Rusiyanın Ukraynadan sonra Avropaya, əlalxüsus da Baltikyanı ölkələrə hücum edəcəyi barədə yayılan iddiaların heç bir əsası yoxdur:

“Rusiya kifayət qədər yara alıb. Bu gün onun əsas məqsədi Ukraynada nəzərdə tutduğu 4 vilayətin ərazisini tamamilə işğal etməkdir. Bundan artığına onun gücü və vaxtının çatacağını güman etmirəm”.

Həmsöhbətimizə görə, bu xüsusda ABŞ Prezidenti Trampın xarakteri də nəzərə alınmalıdır:

“O, Bayden kimi qətiyyətsiz deyil. Moskva sülh danışıqlarından imtina etsə, Tramp adminstrasiyası daha kəskin addımlar atacaq və öz arsenalındakı ən müasir silahları Ukraynaya verəcək. Belə vəziyyətdə Qərbin Kiyevə yardımları xeyli artacaq. Bu isə Rusiyanın 2022-ci ilin payızına qaytara bilər. Həmin dövrdə 2 ay yarım vaxt ərzində Ukrayna Rusiyanın nəzarətində olan ərazinin 78 min kvadrat kilometrini azad edib. Həmin zaman Rusiya ciddi qorxuya düşərək, ABŞ-ı atom silahından istifadə etməklə hədələdi. Bundan sonra Vaşinqtonun tələbilə Ukrayna hücumları dayandırıldı.

Bu onu göstərir ki, ABŞ ciddi yardım edəcəyi təqdirdə, Rusiyanın vəziyyəti kifayət qədər ağırlaşa bilər. O səbəbdən Moskva istəsə də, onun Baltik ölkələri və digər NATO üzvlərinə hücum ehtimalını mümkünsüz hesab edirəm. Çünki bu halda NATO nizamnaməsinin 5-ci maddəsi işə düşəcək”.
 
Ardını oxu...
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir.

TNS-in məlumatına görə, bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

V.Putin Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini olduqca yüksək qiymətləndirdiyini bildirib.

Ardını oxu...
  

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Suriya ilə bağlı aktual mövzularda mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Hakan Fidan Dəməşqə səfər edərək Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüş keçirib. Görüşdən sonra mətbuata açıqlama verən H.Fidan vurğulayıb ki, "Artıq gözləmə və müşahidə dövrü sona çatıb. Bir an öncə hərəkətə keçməliyik".

Nazir, Türkiyənin Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini qeyd edərək deyib: "Suriya ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. PKK/YPG-nin Suriyada heç bir yerə sahib ola bilməyəcəyini bir daha vurğulamaq istəyirəm".  

 

Musavat.com 

 

 
 
 
 
 

 

 

 
 
 

 

Ardını oxu...
 

“Macarıstan əmindir ki, Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub, çünki Rusiya mövqeyini günü-gündən gücləndirir”.

“Report” xəbər verir ki, bunu “M1” televiziyasına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Ukraynadakı vəziyyətdən danışarkən qeyd edib ki, ruslar döyüş meydanında tədricən irəliləyir: “Güclər balansı göz qabağındadır. Avropa Birliyi bu müharibədə məğlub olub”.

Ardını oxu...
Zurabişvili vətəndaşlar üçün təfərrüatlı şəkildə videomüraciət yayacaq

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan hakimiyyətinə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib.

AYNA xəbər verir ki, bu haqda “Sputnik Georgia” məlumat yayıb.

Məlumata görə sabah o, vətəndaşlar üçün təfərrüatlı şəkildə videomüraciət yaymağa söz verib.
 
Ardını oxu...
2030-cu ilə qədər İsrail və Türkiyə arasında hərbi qarşıdurma baş verə bilər. Bu iddia İsrail mediasında yer alıb. Nəşrin məlumatına görə, 2020-ci illərin sonlarına doğru ABŞ-Türkiyə münasibətlərində gərginlik daha da artacaq. Türkiyənin regional aqressiv siyasəti və İslam gücü kimi özünü tanıtması İsrail üçün ciddi təhlükəyə çevrilə bilər. 2040-cı illərdə isə bu aqressiv yanaşma İsraili daha ciddi addımlar atmağa məcbur edəcək.

2030-cu ilə qədər İsrail və Türkiyə arasında mümkün hərbi qarşıdurma ehtimalı reallığa çevrilə bilərmi? Bu qarşıdurma regionda hansı dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov Ajans.az-a açıqlamasında Türkiyənin xarici siyasət prioritetlərini və bu istiqamətdə əldə etdiyi uğurları vurğulayıb:

"Türkiyənin əsas xarici siyasət prioritetləri artıq bəyan olunub və bu strategiya fərqlidir. Türkiyənin əsas xarici siyasəti Türk Dövlətləri Təşkilatının və dövlətlərinin formalaşmasıdır. Buna görə də, cənuba ekstansiya nəzərdə tutulmayıb. Artıq Türkiyə öz qarşısında duran məqsədlərə çatıb. Onlar Suriyanın şimalında yaşayan türkdilli əhalinin təhlükəsizliyini təmin ediblər. Bu da Türkiyənin Yaxın Şərqdəki aqressiv hərbi genişlənmə planlarının olmadığını göstərir.

Sabiq nazir hesab edir ki, Suriyada hakimiyyətə gələcək hər hansı bir qüvvə ölkənin bərpası üçün əməkdaşlıq etməyə çalışacaq və bu, bölgədə yeni müharibə riskini azaldır. Zülfüqarovun fikrincə, Türkiyə ilə İsrail arasında müharibə riski kifayət qədər azdır:

"Türkiyə ilə İsrail arasında müharibə riski azdır. Türkiyə müharibə edərsə, Azərbaycanın bitərəf qalacağı mümkündür. Bu isə bir sıra siyasi və dini maraqlar fonunda baş verə bilər. Dini məsələlər, xüsusilə Qüdsün statusu, tərəflər arasında qarşıdurmanın mərkəzində ola bilər. O qeyd edib ki, Qüds bütün dünyada üç əsas dinin məskəni sayılır və bu səbəbdən müqəddəs yerlərin xüsusi statusu müzakirə mövzusu olmalıdır".

Müharibə ehtimalı baş verərsə, Azərbaycanın bu qarşıdurmada bitərəf mövqe sərgiləyəcəyini ehtimal edən Zülfüqarov ölkənin geosiyasi vəziyyətinin bunu tələb etdiyini qeyd edib. Azərbaycanın İsrail və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələri müharibəyə müdaxiləni çətinləşdirir.

Ümumilikdə, Tofiq Zülfüqarovun fikirləri İsrail və Türkiyə arasında müharibənin baş vermə ehtimalının çox aşağı olduğunu göstərir. Türkiyənin hazırkı xarici siyasət strategiyası və Suriyada əldə etdiyi məqsədlər yeni bir hərbi qarşıdurmaya ehtiyac olmadığını təsdiqləyir. Lakin bölgədəki dini və siyasi maraqlar hər iki tərəfi ehtiyatlı davranmağa məcbur edir.
 
Ardını oxu...
Donald Trampın ABŞ Prezidenti vəzifəsinə başlamazdan əvvəl Ukraynadakı münaqişənin həlli üçün hər hansı addım atacağını gözləmək sadəcə olaraq qeyri-realdır, lakin yanvarın 20-də andiçmə mərasimindən sonra ilk 24 saat ərzində müəyyən qərarlar verilə bilər.

APA xəbər verir ki, bunu Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban deyib.

Viktor Orban əlavə edib ki, Ukraynadakı münaqişənin həlli Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvinə gətirib çıxarmalıdır.
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Görüşün təfərrüatları hələlik açıqlanmayıb.
 
Ardını oxu...
Polşa Xarici İşlər Nazirliyi (XİN) Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bu barədə Polşa XİN-in saytında məlumat verilib.

Eyni zamanda Macarıstanın Varşavadakı səfiri notanın təqdim edilməsi üçün nazirliyə çağırılıb.

"Biz Baş nazir Viktor Orban hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan Marçin Romanovskiyə (ədliyyə nazirinin keçmiş müavini) siyasi sığınacaq vermək qərarını Polşa Respublikasına qarşı qeyri-dostluq aktı hesab edirik", - bəyanatda deyilir.

Polşa XİN bildirib ki, bu qərarın siyasi təqiblə əsaslandırılması Polşa vətəndaşları və hakimiyyətinə qarşı təhqirdir.

Qeyd olunub ki, əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.

Hazırda müxalif "Hüquq və Ədalət" partiyasından olan deputatı Romanovski Ədalət Fondunun vəsaitlərinin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxslərdən biridir.
 
Ardını oxu...
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.
Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili
siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə
sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 21 ilin mənzərəsi
göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən
proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur.
Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və bu il 7 fevral
seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin
fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və
minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu.
Son 21 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş
misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib
çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik
inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə
köklü islahatlarla yadda qalıb.
İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 21 il ölkəmizin tarixinə
yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 21 ildə verdiyi
hər bir vədi yüksək səviyyədə yerinə yetirib.
Əsrə bərabər 21 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın
azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən
müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə
əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün
ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində
qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib
ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni
reallıqlar yarandı.
Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik
keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən
mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya
müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı
xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol
oynadı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda
başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq
səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə
nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi
iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında
“dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş
etdirdi.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş
ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və
əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan
vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək
məqsədi daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur
obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib
istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın
geniş perspektivindən xəbər verir.
Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam
etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər
və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.
Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir
manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi
gücünün göstəricisidir.
Azərbaycan ötən 21 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb.
Onlardan bəzilərini xatırlamaq yerinə düşər.
2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı
oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara
verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə
Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.
Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP,
TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da dünya enerji
xəritəsində yeni mənzərə formalaşdı.
2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər
dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları
blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi” 2050-ci
ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son
seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə
Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı.
Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars
dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və
Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-
Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu və digər
layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər
qazandırmaqdadır.
Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini
dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata
keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət
etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin
qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət
kursunu bu prinsiplər əsasında qurub.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik,
ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə
qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu
praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər
fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət
yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir,
Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək
verir.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu
ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud
münasibətlərini daha da möhkəmləndirir.
Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq
əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna
əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya
miqyasındakı nüfuzunun göstəricisidir.
Bu ilin noyabr ayında Bakıda dünya ölkələrinin ən böyük beynəlxalq
konfransı olan COP29-un böyük uğurla keçirilməsi Azərbaycana və onun
liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin
daha da artdığını göstərdi.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
 

Dünyapress TV

Xəbər lenti