Ardını oxu...
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Belə ki, 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhəri və 9 kəndi ordumuz tərəfindən erməni işğalçılarından azad olundu.
Məlum olduğu kimi Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal zamanı minlərlə yerli sakin öz dogma yurdlarından köçkün düşmüşdür. Yerli sakinlərin yaşayış yerləri erməni işğalçıları tərfindən dağıdılmış, xarabalığa çevrilmişdi. Eyni zamanda, burada çox sayda tarixi abidələr, mədəni sərvətlərimiz, müsəlmanların müqqəddəs ibadət yeri olan məscidlərimiz dağıdılmış, talan edilmişdir. İşğal nəticəsində 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Bu işğal nəinki yerli sakinlərin, bütün xalqın ürəyində sağalmaz yara olmuşdur.
Beləliklə, 2020-ci il 27 sentyabr ölkəmizin tarixində unudulmaz iz qoydu. Bu tarixdə, nəhayət, 30 il düşmən tapdağı altında olan Qarabağ üçün haqq savaşı başladı. Bu savaşda Azərbaycanın rəşadətli ordusu öz canı-qanı bahasına döyüşür, tarixi qələbələr əldə edirdi. Hər gün güclü ordumuzun qələbə xəbərlərini eşidir, fəxr və qürur hissi yaşayırdıq. Belə xəbərlərdən biri də Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük sevinclə xalqımıza elan edildi. Bu Cəbrayı şəhəri idi. Bu şəhərin azad olunması üçün yüzlərlə Azərbaycan gənci, əsgəri cəsarətlə vuruşmuş və layiqli şəkildə qələbə qazanmışdır. Bu qələbədən 4 il əvvəl isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Prezident İlham Əliyev bu barədə də məlumat vermişdi: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”. Beləliklə Prezidentin də bəyan etdiyi kimi Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. Nəticədə torpaqlarımız işğaldan azad edildi.
Prezident İlham Əliyev torpaqlarımız azad olunduğdan sonra həmin ərazilərə səfərlər etmiş və bərpa-quruculuq işləri üçün mühüm mərasimlərdə iştirak etmişdir. Prezidentin həmin səfərləri, həyata keçiriləcək gələcək layihələr istər xalqımız, istərsə də dünya tərəfindən diqqətlə izlənilirdi. Belə ki, 2020-ci il 16 noyabr tarixində Cəbrayıla səfər zamanı Dövlət başçısı Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltmışdır. Eyni zamanda, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirmişdir. Prezident İlham Əliyevin Cəbrayıla səfəri müxtəlif tarixlərdə davam etmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra əsas hədəf yerli sakinlərin öz yurdlarına köçürülməsi idi. Buna görə də, ilk olaraq infrastruktur layihələri həyata keçirilməli idi. Bu məqsədlə də, Cəbrayılın Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuşdur.
Prezident 2021-ci ildə Cəbrayıla bir neçə dəfə səfər etmişdir. Belə ki, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmişdir. Daha sonra dövlətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı olmuş, hərbi qulluqçular ilə görüş keçirilmişdir.
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna növbəti səfər çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin , Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak etmişdir. Eləcə də qısa müddət ərzində hazır olan “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak etmişdir. Həmçinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi və Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi baş tutmuşdur. Beləliklə qısa müddət ərzində böyük layihələr həyata keçirilmişdir. Bununla da 2024-cü il 26 sentyabr tarixində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınmışdır. Beləliklə, ümumilikdə, Cəbrayıl şəhərinə 117 ailə köçürülüb.
Bu bütövlükdə Azərbaycan üçün böyük qürur, sevinc və fəxarət hissidir. İlk dəfə olaraq Azərbaycan öz suverenliyini bərpa etdi, qısa müddət ərzində infrastruktur layihələri uğurla həyata keçirildi və artıq Cəbrayıl Şəhər Gününün qeyd edilməsinin ikinci ilində sakinlər öz yurdlarına dönmüş oldular. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, güclü, yenilməz ordumuzun göstərdiyi şücaətin nəticəsidir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
 
 
 

 

Ardını oxu...
31 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.
Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Dörd il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq” düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılıb.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr - Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. bu işlər böyük sürətlə davam edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Ardını oxu...

Qarabağ Universitetinin tələbəsi Nərgiz Əliyeva çox maraqlı videopaylaşım edib.

Musavat.com xəbər verir ki, o, ilk gündən başlayaraq Qarabağ Universitetində yaşadığı və gördüklərini çəkərək şüjet halında özünün TikTok hesabında paylaşıb.

Maraqlı olması səbəbindən həmin görüntüləri təqdim edirik:

 

 
 
 
 
 

 

Musavat.com


Ardını oxu...
 
ilk yayınlanma: 28.09.2024

Bu şəhəri işğalçı “dövlət” etmək daha mümkün deyil, amma buna cəhdlər var və olacaq

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin həftənin əvvəlində Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyini, bunun guya “Azərbaycanda sabitliyin bərpası üçün son dərəcə vacib olduğunu” vurğulamasının rəsmi Bakının diqqətindən yayınması mümkün deyil. Amma ciddi reaksiya yoxdursa, bunun iki səbəbi ola bilər. Əvvəla, Harrisin dediklərinə əhəmiyyətsiz hesab edilib, Bakının bu mövzuda hər hansı narahatlığının olmadığının mesajı verilib. Yəni erməniləri biz qovmamışıq, özləri gediblər, qayıtmaları üçün də şərt bəlliddir: Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunları ilə yaşamalıdırlar.

Ardını oxu...

Harris məktubu vitse-prezident statusunda imzalasa da, noyabrın 5-dən sonra o, Ağ Evdə ilk qadın prezident də ola bilər, ona görə mümkümdür ki, rəsmi Bakı “erməniyə boş vəddən” xüsusi gərginlik yaratmaq istəməsin. Harris ilk dəfə rəsmi olaraq Qarabağ ermənilərinin “çox həssas mövzusuna” toxunsa da, onların Qarabağa qayıdışını hansı mexanizmlərlə təşkil etmək niyyətində olduğunu açıqlamayıb. Necə deyərlər, havaya söz buraxıb…Amma qarşıdakı günlərdə, ermənilərin çoxluq təşkil etdiyi seçki mitinqlərinin birində ola bilər ki, bu mövzuda daha “irəli getsin.”

Adətən, belə rəsmi təbriklər prezident adından göndərilir, indi Baydenlə bərabər Harrisin də Ermənistana təbrik göndərərək Qarabağ ermənilərini yada salması ABŞ-dakı Erməni Milli Komitəsinin məmnun edib, o səbəbdən sevincək tirajlayıblar.

Ardını oxu...

Harrisin siyasi karyerasında, xüsusilə Kaliforniyanın ədliyyə naziri olduğu dövrdə 1915-ci il hadisələrinin “erməni soyqırımıkimi tanınması üçün ciddi səy göstərdiyi bəlli faktdır. Seçki kampaniyasının vurhavurunda Harrisin Qarabağ ermənilərinin qayıdışını gündəmə gətirməsinin əsas səbəbi erməni səslərini qazanmaqdır. ABŞ-da indi elə seçki gərginliyi yaşanıb ki, hər ştatda hətta ən kiçik etnik toplumların səslərini qazanmaq uğrunda da qızğın mübarizə gedir.

Biz rəsmi şəxs olmadığımız üçün Harrisin ABŞ-dakı erməni seçicilərin səslərini qazanmaq üçün Qarabağa burnunu soxmasını onsuz da hamar olmayan ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdi, təxribat kimi qiymətləndiririk.

Ardını oxu...

Ermənilər zatən respublikaçı namizəd Donald Trampı “qaralayıblar”. ABŞ-dakı erməni diasporu hesab edir ki, Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Ermənilər ümid edir ki, Harris qalib gələrsə, ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər. İndi isə hətta Xankəndinə qayıtmağa belə ümidləri yaranıb.
Harris seçki kampniyasında Ukrayna mövzusunda da xeyli vədlər verir. Məsələn, Zelenski ilə son görüşündə deyib ki, bəziləri Ukraynanı öz torpaqlarını Rusiyaya verməyə məcbur etmək istəyirlər, lakin o, bu yanaşmaya qarşıdır. Bu yolla o, rəqibi Donald Trampa eyham vurur və mahiyyət etibarı ilə amerikalıları noyabrda “Ukraynanın ərazilərini qurban verməli olub-olmadığını seçməyə” dəvət edir.

Ardını oxu...

...Həftənin ikinci günü Xankəndiyə qısa bir səfər oldu. Ən azı 35-37 il sonra bu şəhərə qayıtmaq həyəcan qarışıq, hədsiz sevinc bəxş etdi. Bu şəhərdə xalam yaşayırdı, dinməz, heç kimə ziyanı dəyməyən bu qadını günlərin birində bir nazik plaşda qovmuşdular, onun göz yaşlarını heç vaxt unuda bilmərəm. Qaçqın kimi Oğuzda bir yataqxanada həyatdan köçdü. Xankəndinin yollarında ən çox onu xatırladım…

Xankəndi 100 illik erməni işğalından sonra indi-indi özünə gəlir, ev sahiblərinə yaraşmağa çalışır. Sovet dövründə bu şəhərdə Azərbaycan dilində bir yazıya imkan verilməyib, indi doğma dilimizdə yazılar adama ləzzət edir. Ötən yazımda da qısa qeyd etmişdim ki, bu balaca, erməni pintiliyinin xas olduğu şəhəri qudurdub “dövlət” olmasına bir daha imkan verilməyəcək. Bunu Makronun da, Harrisin də bilməsi gərəkdir…

Nazim SABİROĞLU,
Musavat.com

 
 
 
Ardını oxu...
Vətən müharibəsinin ikinci günü - diqqət yalnız cəbhədən gələn xəbərlərə yönəlib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Azərbaycan Ordusu yüksək peşəkarlıq və əzmkarlıqla yalnız irəliyə doğru addımlayır. Buna baxmayaraq, düşmən yenə də ənənəvi xislətinə uyğun olaraq, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, müharibəni cəbhə bölgəsindən kənara daşıyır, dinc əhalini və mülki obyektləri hədəf alır.

Oxu.Az xatırladır ki, düşmənin bu fəaliyyəti nəticəsində 2020-ci il sentyabrın 28-də Tərtərdə üç nəfər həlak olur, beş nəfər isə yaralanır.

Təbii ki, mənfur düşmənin yenidən mülki əhaliyə divan tutması erməni faşizminin sülh və insanlıq əleyhinə yönələn təcavüzkar siyasətinin növbəti göstəricisi idi. Azərbaycan Ordusu isə dinc sakinlərə zərər vurmadan, müharibəni yalnız döyüş meydanında apararaq irəliyə addımlayırdı.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə geri çəkilməyə məcbur edilir. Nəticədə Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçılardan təmizlənir.

Həmçinin, bu istiqamətdə gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna yaxın Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qaldığını açıqlayır:

"Düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd "OSA" zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun üç silah-sursat anbarı məhv edilib".

Müharibənin ilk günlərindən əsas diqqət həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırmağa yönəlir. Döyüşlərin ikinci günündə Prezident İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında keçirilən görüşdə Azərbaycanın haqq səsi dövlət başçısı tərəfindən dünya ictimaiyyətinə çatdırılır.

Mərahim Nəsib
Ardını oxu...
Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.

Dörd il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Vətən müharibəsi həm də xalq-ordu-iqtidar birliyinin bütün dünyada ən nümunəvi təcəssümü kimi yadda qalıb.

Lakin müharibənin gedişində ölkəmiz bir sıra haqsız xarici təzyiqlərlə də üzləşib, BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələrin qəbul edilməsinə cəhdlər olub. Ancaq İlham Əliyevin qətiyyətli siyasəti bu təzyiqləri müvəffəqiyyətlə dəf edib və ordumuzun uğurlu əməliyyatları məntiqi nəticə ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.

Vətən müharibəsi nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik düşmən tapdağından azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən Azərbaycana qaytarılıb.

Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mif tarixin tozlu səhifələrinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.
 
Ardını oxu...
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"DogruXeber.az" xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Ardını oxu...
Tərtər rayonunda yaşayan və Qərbi Azərbaycanın Vedi rayonunda doğulan Hümbətov Zilfiqar və Hümbətova Gülnaz öz doğma yurdları olan Qərbi Azərbaycana tezliklə qayıdacaqlarına inanırlar.

Hümbətov Zilfiqar Məhərrəm oğlu 1936-cı ildə Vedi rayonunda anadan olub. Hümbətova Zilfiqarın atası və babası da Vedi rayonunda anadan olub.

Hümbətova Gülnaz Bilal qızı 1940-cı ildə Vedi rayonunda anadan olub. Hümbətova Gülnazın atası və babası da Vedi rayonunda anadan olub.

Hümbətova Gülnaz xanım deyir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və Biz Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarımıza tezliklə qayıdacağıq, mən buna səmimi qəlbdən inanıram.

Qeyd edək ki, Hümbətov Zilfiqar və Hümbətova Gülnaz məşhur Abasqulu bəy Şadlinski və onların nəsilləri ilə yaxın qohum olublar.
TEREF
Ardını oxu...
 
Ardını oxu...
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, 20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günü, ölkəmizin müstəqillik yolunda keçdiyi çətin və şərəfli tarixin bir simvoludur. Xarici KİV ötən həftə ərzində oxucularına həm bu tarixi hadisənin önəmindən, həm də ölkəmizin dünya çapındakı uğurlarından xəbərlər təqdim edib. Keniyanın "The Standard" nəşri "Qarabağın yenidən qurulması müharibədən zərər görmüş rayonlara necə ümid verir" başlıqlı məqalə dərc edib.

Qeyd olunub ki, Azərbaycanın bu bölgəsi artıq otuz ildən çoxdur ki, mübahisə nöqtəsidir. Azərbaycan Qafqaz regionunda Şərqi Avropa ilə Qərbi Asiya arasında yerləşir. Bildirilib ki, otuz il əvvəl, dörd illik müharibədən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalından sonra Bişkek protokoluna əsasən, Rusiya Dağlıq Qarabağın de-fakto müstəqil olmasını təmin edən atəşkəsə vasitəçilik edib.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının ərazidən çıxarılmasını tələb edən dörd qətnaməsi isə diqqətdən kənarda qalıb. Məqalədə qeyd olunub ki, 2020-ci ilin noyabrına gəlincə, İkinci Qarabağ müharibəsi Azərbaycanın öz ərazilərinin böyük hissəsini geri qaytarması ilə başa çatıb.

Rusiyanın "Vestnik Kavkaza" nəşri xəbər verir ki, Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlini qoyub. Məqalədə qeyd olunub ki, dövlət başçısı İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

İordaniyanın "Menafn" nəşri "Prezident İlham Əliyev: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir" başlıqlı xəbər yayımlayıb. Mənbə qeyd edir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlət başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti