Ardını oxu...
8 Noyabr - Zəfər Günü kimi şanlı tariximizin ən parlaq səhifələrindən biridir. Keçən il noyabrın 8-də qeyd edilən Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu. Məhz Vətən müharibəsində qazanılmış tarixi zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir.
4 il bundan əvvəl, 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm qələbəmizin əldə olunması ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərdə inamla irəliləyən qəhrəmanlarımız əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından bir dəfəlik azad etdi. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlət başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də coğrafi cəhətdən alınmaz qala sayılan Şuşanın düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.
Yüngül silahlarla döyüşən igidlərimiz Şuşada qazanılmış qələbə ilə növbəti dəfə düşmənə ən ağır zərbəni vurdu. Vətən müharibəsində ordumuz yalnız erməni hərbi qulluqçulara qalib gəlmədi, həm də Ermənistan və onun himayədarlarına dövlətimizin gücünü göstərdi. Ermənistan tərəfi Azərbaycanın qətiyyətli mövqeyini və qəhrəmanlarımızın döyüş meydanındakı şücaətini gördükdən, habelə Şuşa şəhərinin işğaldan azad olunmasından sonra təslim olmağa məcbur oldular. Qəhrəmanlarımızın göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış qələbə Ermənistanın məğlubiyyətini qaçınılmaz etdi, erməni ordusunun 12 mindən artıq hərbi qulluqçusu döyüş meydanında qoyub qaçması, düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi.
Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan düşməndən azad olundu. Dövlət başçısı Xankəndi şəhərində paradda çıxış edərkən bildirdi ki, “onsuz da bu rayon və şəhərlərimizi işğaldan azad edəcəkdik, sadəcə Azərbaycan Ordusundan şəhid olmasını istəmədim.
Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan heç zaman sülh istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi”.
Ermənistan 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə keçən ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi, Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən birdəfəlik əl çəkməlidir. Sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlət başçısının təbilincə desək “Dəmir Yumruq yerindədir!”


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

 

         
Ardını oxu...
Erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə təbliğat aparan çoxlu sayda təşkilatlar mövcuddur. Varlıqlarını beş-on dollara satanlar lazım olan vaxt fəaliyyətə keçir, ermənilərdən aldıqları tezisləri mətbuata çıxarırlar. Azərbaycana qarşı böhtan kampaniyası aparmaq, ölkəmizin imicinə zərbə vurmaq üçün həmin tezislərdən məharətlə istifadə etməyə çalışırlar.

KONKRET.az xəbər verir ki, bunlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Əslən Argentinadan olan bu adam, ermənilərin əlində siyasi oyuncağa çevrilib. Onun COP29 ərəfəsi Azərbaycana qarşı böhtan kampaniyasının başında durması, tez-tez Ermənistana getməsi, erməni diasporu ilə işbirliyi Okamponun hansı yuvanın quşu olmasından xəbər verir. Görünür keçmiş prokurorun qonorarı azalan kimi, Okampo şantaj üsuluna keçir. Okamponun əlində yüzlərlə fakt var ki, bundan da məharətlə istifadə etmək onun üçün çətinlik yaratmır. Məsələ burasındadır ki, bu saxtakar adam uzun müddətdir Azərbaycanı etnik təmizləmədə ittiham edir. Hər dəfə də guya Qarabağdakı erməni əhalisinə qarşı “soyqırımı” həyata keçirilməsindən danışır. Üstəlik, COP29 ərəfəsi Azərbaycan əleyhinə xüsusi şəbəkənin başında dayanan Okamponun birdən-birə sifəti çönür və Ermənistanı işğalçı adlandırır. Bu, sadəcə onun erməni “dostlarına” kiçik bir mesajıdır. Ola bilsin siyasəti alverlə səhv salan keçmiş prokuror ona ödənilən qonorarın artırılmasını istəyir. Keçmiş prokuror almaniyalı jurnalist, Azərbaycan əleyhinə aparılan kampaniyada Okamponun silahdaşı Bianka Şmolzeyə müsahibəsində erməniləri şoka salacaq fikirlər səsləndirib. Təxribatçı jurnalist Okampoya qondarma “Artsax Respublikası”nın legitimliyi ilə bağlı sual verib.

Cavab isə ermənilərdə soyuq duş effekti yaradıb:

“Doğurdan da Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi və bu faktdır. 4 il əvvəl Azərbaycan işğal altındakı əraziləri geri qaytardı”,-deyə Okampo bildirib.
Azərbaycan ərazilərinin işğal olunmasını etiraf edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru bununla qiymət qaldırmaq niyyətindədir. O, bu mesajla ermənilərə bildirir ki, sizin ödənişizə görə mən yalnız COP29-la bağlı kampaniya aparıram. Bu ödəniş Bakıda həbsdə olan erməni əsirlərin azad olunması çağrışına güclə çatır. “Artsax”ı müstəqil dövlət kimi təqdim etmək, Ermənistanın işğalçılığı barədə susmağın qiyməti isə başqa sövdələşməyə aiddir və bunun üçün əlavə ödəniş tələb olunur. Alman jurnalistlə söhbətində o bunu açıq-aydın etiraf edib: “Bizim mesajımız aydındır. Erməni girovlarını azad edin, soyqırımı dayandırın, Dağlıq Qarabağı və Ermənistanı qoruyun”.

Bu, Okamponun Azərbaycana mesajı deyil, erməni sponsorlarına göndərdiyi ismarıcdır. Dələduz yaranan imkanı qaçırmaq istəmir və daha bir neçə milyon qazanmaq fikrinə düşüb. Əks halda Okampo Ermənistanı işğalçı dövlət adlandırmaqda davam edəcək. Sadəcə istiqamətini Bakıda həbsdə saxlanılan cinayətkarların azad olunmasına qarşı yönəldən Okampo, sentyabrın 13-də İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, həmin adamların azadlığa buraxılması məsələsi COP29 sammitinin gündəliyinə daxil edilməlidir.

Qarabağdan köçüb gedən erməniləri “etnik təmizləmə qurbanı” hesab edən Okampo həm də özü-özünü ifşa edib. Məsələ burasındadır ki, Ermənistanı Azərbaycan ərazilərini işğal etdiyini söyləyən argentinalı alverçi, bununla Qarabağdan köçənlərin də həmin işğalda iştirakını etiraf edir. Deməli, götürdüyü öhdəliyi 5-10 dollara görə dolaşığa salan Okampunu maraqlandıran erməni məsələsi deyil. Tələb etdiyi ödənişi tam ala bilməyən Okampo üçün pul ermənidən qiymətlidir.
 
Ardını oxu...
Avropa İttifaqının Ermənistan ərazisində olan “missiyası"nın son günlər Azərbaycanla sərhəddə görünməsi, vizual müşahidələr aparması heç də sıradan bir hadisə deyil. Bu, öncədən düşünülmüş planın bir hissəsi kimi açıq təxribat elementlərini özündə ehtiva edən hərəkətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.

“Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə öz “missiyası"nı göndərib nə axtarması cəmiyyətimiz üçün tam aydındır. Onlar qeyri-sabitlik, xaos, bəhanələr, müharibə axtarırlar. Məqsədləri odur ki, bu region inkişafdan, inteqrasiyadan geri qalsın”, - deyə o əlavə edib.

Komitə sədrinə görə, bu cür təxribat xarakterli səfərlər heç də təsadüfən baş vermir:

“Onlara şərti sərhədə yaxınlaşmağa icazə verən Ermənistan hakimiyyətinin də mövqeyinin nə dərəcədə ziddiyyətli olduğu bir daha ortaya çıxır. Fransızların və onun ətrafında olan qüvvələrin hansı niyyətdə olması bizə məlumdur. Amma onlara dəstək vermək və sərhədə göndərmək təbii ki, hökumətin razılığı olmadan mümkün deyil. Bu o deməkdir ki, Ermənistan hakimiyyətinin verdiyi açıqlamlarda səmimiyyət yoxdur. Çünki erməni tərəfi xarici işlər naziri vasitəsi ilə “bir iki həll edilməmiş məsələ qalıb və biz sülh müqaviləsinin imzalanmasına hazırıq” deyir. Başqa tərəfdən isə təxribatlara əl atırlar”.

Səməd Seyidov bildirib ki, Ermənistanın bu kimi davranışları sülh prosesinə zərbə vurur: “Nəticədə yenə də uduzan tərəf Ermənistan olacaq. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ölkəmiz regionda və qlobal miqyasda böyük nüfuza malikdir. Ona görə də, Azərbaycana qarşı çıxmağa çalışan qüvvələr real mənzərəni doğru-düzgün qiymətləndirməlidir”.
Ardını oxu...
“Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları
Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra bu ölkə vətəndaşlarının əksəriyyətinin psixikasında dönməz metamorfozalar baş verib. Və bu fenomen olduqca başadüşüləndir.

Təsəvvür edin ki, ermənilər uzun illər onların məğlubedilməzliyi, bəşəriyyət tarixi boyu bir çox müharibələrdə qələbəyə tarixi töhfəsi və sair haqqında nağıllarla qidalandırıldılar və birdən belə bir zərbə - azərbaycanlı “alverçilər” tərəfindən məğlubiyyətlə üzləşirlər. Və cəmi bir neçə gün ərzində. Hayların incə ruhi qida mənbəyi darmadağın edildi və acınacaqlı vəziyyətdən çıxış yolu tapmaq lazım idi.

“Acı həbi şirinləşdirməyin” yolu, heç olmasa, bir az da qeyri-mümkün qədər primitiv oldu. Sözü uzatmadan erməni aqtipropu öz adi “təsir alətindən” - yalanlardan və ya indi dəbdə olduğu kimi, “feyk”lərdən istifadə etdi.

Müharibədən dərhal sonra erməni təbliğatı ilk dəfə bəyan etdi ki, Azərbaycan ancaq bizim tərəfdə “döyüşən” türklərin hesabına qalib gələ bilib. Amma bu, kifayət etmədi və qısa müddətdən sonra pakistanlıları da türklərə qoşdular.

Ancaq suriyalı terrorçuların timsalında “cəhənnəm qarışığı”na əlavə oluna biləcək “ədviyyat” əmələ gəldi. Yaxşı, bu mənzərəni tamamilə maraqlı və ürəkaçan etmək üçün azərbaycanlıların “dinc Artsax xalqına” “paçka-paçka” atdıqları fosfor bombalarını da əlavə etdilər.

Bu dəhşətli və eyni zamanda aldadıcı saxtakarlar iki məqsəd güdürdülər:

- Birincisi, ermənilərə Azərbaycana yox, iki dövlətin mifik qüvvələrinə və muzdlulara uduzlarını göstərmək;

- İkincisi, ölkəmizi dünya ictimaiyyətinə terrorçuların köməyinə üz tutan, hətta qadağan olunmuş kimyəvi silahlardan istifadə edən dövlət kimi təqdim etmək.

Belə ki, məğlub olan ölkə bir daşla iki quş vurmağa cəhd edib. Amma nə birinci, nə də ikinci halda apriori boş olduğundan atəş hədəfə çatmadı. Cəfəngiyatlara inanan yeganə insanlar Makronun Fransası, “Human Rights Watch” kimi bir neçə korrupsiyalaşmış insan haqları təşkilatı və erməni lobbisinə xidmət edən senatorlar və konqresmenlər idi.

Bu günlərdə özünü yazıçı kimi təqdim edən Aşot Beqlaryan yeni “sensasiya” ilə gündəmə gəldi. Belə çıxır ki, Azərbaycan müharibə zamanı nəinki kimyəvi silahdan, hətta bioloji silahlardan istifadə edib.

İnanmayacaqsınız, amma Beqlaryan ciddi şəkildə iddia edir ki, “2020-ci ilin yazından sentyabrın sonuna qədər olan müddətdə Azərbaycan “Artsax”a qarşı böyük bioloji və ekoloji təxribat həyata keçirib”.

“Azərbaycan silahlı qüvvələrinin hücumu zamanı bölgənin müdafiəçilərinin mövqelərini daha həssas vəziyyətə salmaq və mülki əhaliyə ziyan vurmaq üçün Azərbaycan yerli meşələrə böyük ziyan vurmaq üçün “Artsax” ərazisinə barama ipəkqurdlarının tırtıllarını səpib. Zərərvericilər dronlarla yayılıb. Ümumiyyətlə, tırtıllı qırğın silahları Dağlıq Qarabağ meşələrinə çox böyük ziyan vurub. Əslində, Bakı rejimi meşə təsərrüfatlarının zərərvericilərinin kütləvi çoxalmasının yanğınlarla müqayisə oluna biləcəyini nəzərə alaraq, ipəkqurdu tırtılından yeriyən “bioloji bomba” kimi istifadə etdi - ağac yarpaqlarının geniş miqyasda yeyilməsindən (defoliasiya) sonra meşələr tez-tez xəstəlikdən ölür”, - deyə Aşot iddia edib.

Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinin daha bir “səbəbi” budur: ipəkqurdu tırtılları. Yeri gəlmişkən, Beqlaryan düşmənin həşəratlardan “döyüş bölməsi” kimi istifadə etməsi ilə bağlı cəfəngiyyat danışan ilk şəxs deyil.

Hələ 2022-ci ilin oktyabrında, Rusiyanın Ukraynaya təcavüzündən 7 ay sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın təhlükəli virusa yoluxmuş ağcaqanadları daşıya bilən patentləşdirilmiş pilotsuz uçan aparatlara malik olduğunu bildirmişdi: “Belə bir dron infeksiya daşıyıcısı olan çoxlu sayda ağcaqanadın olduğu konteyneri müəyyən əraziyə daşıyıb buraxır. Ağcaqanadlar dişlədikləri zaman hücum etdikləri insanlara xüsusilə təhlükəli xəstəliklərin patogenlərini yoluxdurur”.

Sonra o, izah etdi ki, ağcaqanadlarla müharibə aparmaq “ən müasir silah və hərbi texnikadan” daha effektiv ola bilər. Hələ bundan əvvəl Rusiya tərəfi Ukrayna ərazisində bioloji silahların Rusiya ərazisinə yayılması üçün müəyyən layihələrin hazırlandığını iddia etmişdi. Kamikadzelərin rolunu isə... yarasalar və quşlar oynayırdı.

Yəni, Aşot təsəlli ala bilər: o, axmaq qənaətlərində tək deyil. Onun Rusiyada xüsusi müəssisədəki “yumşaq divarlı ağ otaqları”ın gözlədiyi Aşot kimi “ruh qardaşları” var...

Ayna.az
 

Ardını oxu...
 

 

İşğaldan azad edilmiş rayonlarımıza qayıdan keçmiş məcburi köçkünlərin məşğuliyyəti məsələsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Xüsusən onların heyvandarlıq və əkinlə məşğul olması nəzərdə tutulur. Ancaq hələlik bu proses başlamayıb. Bununla bağlı iki gün öncə Milli Məclisdə də danışılıb.

“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir”. Bunu Milli Məclisin 29 oktyabrda keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də! Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.

Qeyd edək ki, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə azad olunmuş ərazilərdə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi əksini tapıb.

Bəs qanun nə zaman tətbiq ediləcək? Sakinlər nə zaman əkin və maldarlıq üçün torpaq sahələrinə sahiblənə biləcəklər? Yerli əhali içərisində torpaq sahələri götürüb böyük təsərrüfatlar qurmaq istəyənlər  yetərincə varmı?

Ardını oxu...

Ceyhun Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə qəbul olunan qanun layihəsinin də əsas məramı və məqsədi sakinlərin torpaq icarəyə götürməsi prosesinin tənzimlənməsi və sürətləndirilməsi, prosedurların müəyyən edilməsidir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra torpaqlarımız işğal olundu və işğal səbibi ilə həmin torpaqlarda özəlləşdirmənin həyata keçirilməsi, torpaqların icarəyə verilməsi ilə bağlı hüquqi normativ sənədlər qəbul edilməmişdi. Torpaqlarımz azad edildikdən sonra təbii ki, bu məsələ ilə bağlı hüquqi normativ aktların qəbulu zərurəti meydana gəlib. İndi hüquqi normativ sənədlər hazırlanır. Bu sənədlərə uyğun da prosedurlar həyata keçiriləcək. Yəni söhbət artıq bu torpaqların güzəştli şərtlərlə icarəyə verilməsindən gedir. Yaxın müddətdə bu tətbiq olunacaq. İnsanlara şərait yaradılacaq ki, onlar bu torpaqlara sahiblənsinlər. Eyni zamanda şübhəsiz ki, yerli əhaliyə də torpağın verilməsi və onların bu torpaqlardan istifadə etməsi üçün də lazımi qanuni şərait yaradılacaq. Təəssüf ki, bu gün müxtəlif müzakirələrin şahidi oluruq. Yəni burada həm evinin qarşısında, həm də kənar ərazilərdə torpaqların əhaliyə verilməsi nəzərdə tutulub.

Hazırda fəaliyyət göstərmək, iş qurmaq istəyən şəxslər müraciət edərək torpaqları icarəyə götürə biləcəklər".  

Ardını oxu...

Arzuxan Əlizadə

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə bildirdi ki, “Torpaq icarəsi haqqında” Qanuna dəyşikliklər mövzusu və bundan irəli gələn məsələlər cəmiyyətdə öz aktuallığını saxlamaqdadır, cəmiyyətdə bununla bağlı davamlı müzakirələr var: "Xüsusilə də işğaldan azad edilən ərazilərdən o dövrlərdə qovulmuş məcburi köçkünlük həyatı yaşayan insanların tezliklə öz torpaqlarına geri qayıdaraq məskunlaşdırılılmaları arzuları başadüşüləndir. Eyni zamanda məsələyə obyektiv olaraq yanaşsaq görürük ki, həmin ərazilər hələ də minalardan tam olaraq təmizlənməyib, onda məskunlaşmanın heç də qısa müddətdə həyata keçirilməsinin asan olmadığı qənaətinə gəlmək olar. İstənilən halda minalardan təmizlənmiş ərazilərə sakinlərin maksimum sürətli köçürülməsi, onlara torpaq paylarının verilməsi və qanunda da nəzərdə tutulduğu kimi torpaqların icarəyə verilməsi prosesi aparılmalıdır. Mən o fikirlə tamamilə razıyam ki, ilk növbədə torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi məsələsində həmin torpaqlardan zamanında qovulmuş vətəndaşlara ilkin olaraq təklif olunmalıdır. Güzəştli şərtlərlə torpaq icarəyə verilməsi məsələsi ilkin olaraq onlara  təklif edilməlidir. Müəyyən addımlar atılmalıdır ki, tezliklə qanunun icra edilməsinə şahidlik eləyə bilək. Qanunvericiliyə lazım olan dəyişikliklər edilib. Ümid edirəm və əminəm ki, prosesi sürətləndirmək imkanı olacaq. Vətəndaşlarımızın haqlı narahatlıqları geridə qalacaq və istəkləri təmin olunacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 4 il ötür.

"DogruXeber.az" xatırladır ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişid

Ardını oxu...
  

Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür.

Musavat.com xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib.

2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb.

Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 
 
 
Ardını oxu...
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

"Genosid" haqqında filmə qarşı çıxan Paracanova Demirçyan qadağa qoydu" adlı süjetdə erməni əsilli kinorejissor Sergey Paracanovun Azərbaycanı, onun mədəniyyətini sevdiyinə, Bakıda və Şəkidə çəkdiyi "Aşıq Qərib" filminə görə şəkillərinin ermənilər tərəfindən yandırılmasından bəhs olunub.

Bildirilib ki, azərbaycanlılardan film çəkdiyinə görə söyülən, İrəvanda şəkilləri yandırılan, ukraynalılara görə rus həbsxanasında yatan, Gürcüstanda doğulan S.Paracanovu ermənilər təhqir edirlər: "Çünki erməni rejissor Bakıda çəkiliş edərkən bəstəkar Cavanşir Quliyevin musiqisinə, muğam ifaçısı Alim Qasımovun ifasına heyran qalıb, "Genosid" haqqında filmə qarşı çıxıb. O, Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan edib. Ona görə də Ermənistan rəhbərliyi S.Paracanova qadağa qoyub. Bunlara rəğmən erməni rejissor deyib: "Aşıq Qərib" vəsiyyətim, filmdəki Azərbaycan musiqisi mənim səsimdir".

Sonda vurğulanıb ki, İrəvanda ermənilər məscidlərimizi dağıdanda, yandıranda erməni rejissor Bakıda, Şəkidə bədii filmin çəkilişini aparır, Azərbaycanın sənət adamları, qurumlar, sadə insanlar ona kömək edirdilər. Paracanovun sevgi haqqında çəkdiyi uğurlu "Aşıq Qərib" bədii filmi məhz azərbaycanlıların sevgiyə, ədəbiyyata, incəsənətə olan münasibətini göstərir. "Aşıq Qərib"in İrəvanda Göy məsciddə olan çəkilişləri isə azğın erməni millətçilərindən gizli aparılırdı. Təbii ki, S.Paracanov Tiflisdə, azərbaycanlı və gürcülərin bərabər yaşadığı məhəllədə doğulub böyüməsəydi belə miqyasda rejissor və sənətkar ola bilməzdi. Erməni xəstəliyi onu da vandala, mədəniyyət talançısına çevirəcəkdi".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Ardını oxu...
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Hüsənli kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 250 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti