Ardını oxu...
“Aylıq 300-400 manat əmək haqqı alan kasıb adam niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki? Ümumiyyətlə, 300-400 manat alan adamlarına yadına belə yerlərdə istirahət etmək düşür? Onlar ancaq axşam evə gedəndə nə yeyə biləcəyi haqqında düşünür”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli istirahət mərkəzlərinin qiymətindən danışarkən deyib. Ekspertin fikirincə, kasıb işləməli, gəlirlərini artırmalıdır:

“Kasıb varlı kimi istirahət edəcəksə, varlı ilə kasıbın nə fərq olacaq ki? Sahibkarlar istirahət mərkəzlərinə istədiyi qiyməti təyin edə bilər, heç kim qiymətin enməsi ilə bağlı sahibkara tapşırıq verə bilməz. Hamının dincəlməsi üçün yeganə ümid hökumətin minumum əmək haqqını artırmasından keçir”.

Xalid Kərimli istirahət mərkəzlərinin əksəriyyətinin özəl, şəxsi kapitalla qurulan biznes olduğunu vurğulayıb:

“İstirahət mərkəzlərinin tikilməsi üçün sahibkarlar bəlkə də milyonlarla pul xərcləyirlər. Bundan əlavə orada mərkəzin əməkdaşları işləyir, onların əmək haqqı, kommunal, vergi və s. xərcləri də var. İstirahət mərkəzləri sosial, xeyriyyə obyektləri deyil, sahibkarlar oradan pul qazanmalıdır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdır. Hərə öz büdcəsinə görə ayağını uzatmalıdır. Elə istirahət mərkəzləri var ki, günü 250 manat təşkil edir”.
Ardını oxu...
Bir-iki gün əvvəl Gəncədə idim. Bakıdan sonra ən çox rusca danışılan şəhərin Gəncə olduğunu hələ sovet dövründən bilirdim. Burada sanki "biz də urusca bilirik, Bakıdan əskik döyülük" kimi kompleksləri o vaxtdan müşahidə etmişdim.
Bu son dəfələrdə isə Bakıdan sonra ən çox it, yəni bahalı, baxımlı əyləncə itləri gəzdirilən şəhərin Gəncə olduğunu gördüm... görünür bu məsələdə də "əskik döyülük..." şüuru rol oynayır...
Bu dəfə gördüyümü isə heç görməmişdim.
Çox əziz bir insanın qonağı idik. Məclisdə Gəncədən, Bakıdan, Moskvadan qonaqlar vardı. Bir də ata türk (azərbaycanlı), ana rus olan, Moskvada doğulub böyüyən Gəncə əsilli gözəl balalar... on yaşın altında oğlanlar... onaltı yaşlı qız... onların heç biri - Türk tarixi qəhrəmanlarının adlarını daşıyan bu balaca igidlərin heç biri ata dilini bilmirdilər... ənənəvi olaraq...
Gəncədən olan ailənin iki oğlu da qonaqlar arasında idi... onlar da rusca danışırdılar... Söhbətin əvvəli haradan başladı bilmədim... Gəncəli uşaqların anası rus qadına dedi:
- Yox, başa düşürlər, ancaq yaxşı bilmirlər, aksentlə danışırlar.
Görünürdü ki, bu "aksent" məsələsi ananın qürur mənbəyidir.
Bu qüruru üzündə ifadə edən qadının özü də rusca "aksentlə" danışırdı, hiss olunurdu ki, rus dili onun işlək dili deyil.
Moskvalı qadın russayağı "arvad" çılğınlığı ilə dedi:
-Necə yəni?! Bu uşaqlar azərbaycanlıdırlar, Azərbaycanda yaşayırlar və Azərbaycan dilini bilmirlər... mən bunu başa düşmürəm... bu, nə deməkdi?!
Gənc qadın, xoş simalı, göyçək, gəncəli ana rus qadının etirazına incə-incə gülümsünməkdə, bəzi izahlar verməkdə idi...
Həmin gün, həmin məclisdə axşama kimi o rus qadın soyuq mavi gözlərini bərəldib bəlkə dörd-beş dəfə səsini qaldıraraq eyni söhbətə qayıtdı:
- Mən heç cür anlaya bilmirəm... Necə ola bilər ki azərbaycanlı Azərbaycanda doğulur, böyüyür, yaşayır və Azərbaycan dilini bilmir? Mən bunu anlamıram... bu necə olur?
Gənc qadın isə gülə-gülə: "onlar böyüyüb Rusiyaya gedəcəklər" dedi.
Rus qadın bir az da coşdu:
- Qətiyyən anlamıram! Axı bu uşaqlar Azərbaycanda yaşayır... azərbaycanlıdırlar...
Gənc qadın yenə incə-incə gülür və rusun hayqıran soruları qarşısında qısıq səslə izahlar verirdi. Onun dediklərinin bəzilərini eşidir, bəzilərini eşitmirdim. Məsafəli oturmuşduq... rusun səsi isə aləmi başına götürmüşdü...
Olaya uzaqdan tamaşa edirdim...
Məni bilirsiniz nə maraqlandırırdı? Gənc qadın rus qadının hayqıraraq söylədiyi bu ağır sualları qarşısında, görəsən, hansı hissləri keçirir? Ümuniyyətlə, hər hansı bir hiss, rahatsızlıq, utanc yaşayırmı?
Çox istəyərdim bunu ondan soruşum.
Amma belə bir fürsətim olmadı... uzaqdan gördüyüm isə həyat verib böyütdüyü oğullarına ana dilini, dövlət dilini öyrətməyi lazımsız hesab edən, "aksent" sevinci yaşayan bir qadının... nə analığını, nə vətəndaşlığını, nə kimliyin idrak etmiş birinin məmnun təbəssümü idi...
Mehriban Vezir
Teref.az
Ardını oxu...
Bu şərtlər, əmək hüquqları pozulmuş hər bir işçinin bilməsi üçün vacib olan şərtlərdir:
1. Əmək hüquqlarınızın pozulmasında əsas şərt: əmək münasibətlərində işəgötürən tərəfindən sizə qarşı həqiqətən əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş verməlidir.
2. Pozulmuş əmək hüquqlarınızın bərpasında imkanınız və gücünüz çatan səviyyədə mübarizə aparmaq və bütün qanuni yollardan istifadə etmək.
3. Hüququnu müdafiə etməklə işçi məhkəmə qərarı ilə öz əmək hüquqlarını tam bərpa edə bilər.
4. Məhkəmə qərarı ilə dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsinə nail ola bilərsiniz.
5. Məhkəmə qərarı ilə iddianızı qismən də olsa təmin edə bilərsiniz.
6. İşəgötürənlə qarşılıqlı razılıq əsasında iddia tələbləriniz barədə qismən də olsa razılıq əldə edə bilərsiniz.
7. İddia tələbləri hətta qanunsuz olaraq təmin edilmədikdə belə, haqqım üçün əlimdən gələni etdim deyə özünüzü rahat hiss edə bilərsiniz.
8. Əmək hüquqlarını müdafiə etmək üçün əsas şərtlərdən biri də əmək qanunvericiliyini bilən hüquqşünas və vəkilin hüquqi xidmətlərindən istifadə edilməsidir.
9. İddia tələblərinin qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmasıdır.
10. Əmək hüquqlarının bərpa olunması uzun bir prosesdir, həmkarlar təşkilatı, məhkəməyə qədər, mediasiya prosesi, məhkəmələr və s. Hər hansı bir mərhələdə uğursuzluqdan həvəsdən düşməmək və yekun məhkəmə qərarı qəbul edilənədək öz haqqınızı müdafiə etmək.
11. Əmək hüquqlarınızın bərpa olunması üçün əsas şərtlərdən biri də sizin öz mübarizənizdə haqlı olmağınız, haqlı olmağınıza inanmaq, heç bir çətinlikdən qorxmadan prinsipial mübarizə aparmağınızdır.
12.Mediasiya prosesində mübahisənin İşəgötürənlə sülh yolu ilə həll olunmasıns nail ola bilərsiniz.
13. Yekun olaraq nəzərə lazımdır ki, əmək hüquqlarınızı pozan işəgötürən də güclüdür, müəyyən maddi və digər əlaqələrə malikdir, hüquqşünas, kadr, iqtisadçı və sair kimi mütəxəssislərə malikdir, öz müdafiənizi düzgün qurmadıqda uğur qazana bilmək şansınız da azalmış olur.
Praktikaya və təcrübəmə əsasən deyirəm, tam olmasada, öz əmək hüquqlarını axıra qədər prinsipial müdafiə edən işçilərin əksəriyyəti bu hüquqlarını bərpa etmıyə nail olur.
Azər Quliyev.
 
Ardını oxu...
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi ötən həftə məlumat yayaraq, 650 nəfər əlilə ümumilikdə 70 min manatdan artıq birdəfəlik yardım verildiyini bildirmişdi. Sakinlər tərəfindən redaksiyamıza daxil olan çoxsaylı təkzib müraciətlərindən sonra, Naxçıvanda qeydiyyatda olan birinci dərəcəli əlillər arasında müxtəlif vasitələrlə sorğu keçirdik. Məlum oldu ki, sorğuda iştirak edən 100 nəfər əlilin heç birinə bu yardımdan verilməyib. Halbuki, nazirlik məlumatında H. Əliyevin 100 illiyi münasibəti ilə baş tutan bu aksiyada müxtəlif dərəcəli 105 əlilə 200 manat, 514-ünə 100 manat, bir nəfərə isə 500 manat yardım verdiyini iddia edirdi.
Sorğuda iştirak edənlərin cavablarından belə məlum olur ki, tək onlar yox, ətrafda tanıdıqları digər əlillər də adı çəkilən yardımdan bəhrələnməyib. Digərləri kimi birinci qrup əlil olan Y. Babayev də onlara ayrılan yardımların mənimsənildiyini iddia edir:
“Belə bir yardım haqda birinci dəfədir ki, sizdən eşidirəm. Tanıdığım çoxsaylı əlillərin də heç biri belə bir yardım almayıb. Alsaydılar, xəbərimiz olardı. Çünki, belə bir şey olsa mütləq bir-birimizə xəbər verərdik. Mən özüm ağır dializ xəstəsiyəm. Əgər yardım verilirsə, birinci növbədə mənim kimi xəstələr nəzərə alınmalı idi. Mənim müalicəm üçün xeyli vəsait lazımdır, imkanımız çatmır, borc-xərc edirik. Dəfələrlə həmin nazirliyə müraciət etsəm də, nəticəsi olmayıb. Sonuncu dəfə iki həftə öncə müraciət etmişəm. Yardım verirdilərsə, niyə nəzərə almayıblar? Belə çıxır ki, nazrlik yardım adı altında bizə ayrılan 70 min manatı mənimsəyib“.
Yataq xəstəsi olan birinci qrup əlil Şərur rayon sakini F. Cəfərov da tanıdığı xeyli sayda əlilin bu yardımı almadığını bildirir:
“Yalan söhbətdir. Tanıdığım 10-larla əlil var, heç birinə yardım verilməyib. Bu birinci dəfə deyil. Ehtiyacı olmayan öz adamlarının adına yazıb, pulları mənimsəyirlər“.
Naxçıvan şəhər sakini S. Musayev isə deyir ki, iki həftə öncə pul yox, küçədə əlillər üçün ərzaq yardımının paylandığını eşidib. Ancaq, vəsiqəsini götürüb, hadisə yerinə gedib çatana kimi yardım bitib:
“Dedilər ki, Naxçıvan MR Prokurorluğunun qarşısında əlillərə ərzaq paylayırlar. Cəmi 10-15 bağlama olub. Mən çatdım ki, qurtarıb. Bağlamanın hər birinin içində iki makaron, iki litr duru yağ, düyü, çay və qənd olub. Demək olar ki, şəhərdəki bütün əlilləri tanıyıram. Heç kimə bir manat da olsun yardım verilməyib. Belə bir yardım haqda da eşitməmişik. Varsa da özləri mənimsəyib”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi ilə əlaqə saxlasaq da, əlillərin iddiaları ilə bağlı cavab ala bilmədik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
“Cərimələrin artırılması, əslində, vətəndaş üçün böyük bir yükdür. Bu səviyyədə cərimə artırılmaz. Çünki bu, doğru bir yanaşma deyil. Ona görə ki, cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaş yoxsullaşanda isə dövlət yoxsullaşır. Mən bu prinsipin əleyhinəyəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yol hərəkəti ilə bağlı cərimələrin artırılması məsələsinə münasibət bildirib.

Xatırladaq ki, yol hərəkəti qanunlarının pozulması ilə əlaqədar cərimələrin 5 dəfədən çox artırılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri cərimə məbləğlərinin fantastik şəkildə artırılmasının əleyhinə olduqlarını söyləyiblər.

Məlumat üçün qeyd edək ki, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr yeni layihəyə əsasən, 5 dəfədən çox artırılıb.

Məsələn, məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilirsə, dəyişikliklərə əsasən, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər isə 2.000 manatdan 3.000 manatadək məbləğdə cərimə olunacaq.

Öz növbəsində, F.Mustafa söyləyib ki, son illər bu tendensiya daha da sürətlənməkdədir və ayrı-ayrı yerlərdə vəsait azlığı vətəndaş üzərindən edilməyə yönəlir:

“Bu da yanlış bir yanaşmadır. Əksinə, bacardıqca, vətəndaşın yükünü azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır”.

“Biri var, vətəndaş zəngin yaşaya, bu, başqa məsələ. Məsələn, ABŞ-da səhiyyə xərci adambaşına 10 min dollardır. Bizdə isə sadəcə 100 dollar. Əgər bir adam müalicəsi üçün normal dərman ala bilmirsə, yaxud həkimə gedə bilmirsə, bunun adı nədir?! Buna görə də bu kimi cərimələr vətəndaşlara çox böyük ziyan vurur. Qısası, cərimələrin bu qədər artırılması prinsipinin əleyhinəyəm”, - deputat fikirlərini tamamlayıb.
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı günlərdir ölkəsində müzakirə olunur. Ermənilər bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. Siz Paşinyanın bu gözlənilməz addımı ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəla, bu bir dəvət səfəri idi. Paşinyan bir qonşu ölkənin hökumət başçısı kimi Türkiyəyə dəvət olunmuşdu, o da bunu qəbul edərək Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etdi. Bu həm Türkiyənin yeni seçilən prezidentinə legitim münasibət, həm də gələcək münasibətlərin bərpası yönündə atılmış ciddi bir təməldir. Paşinyan Ermənistan hökumətinin başçısı kimi dolayı yolla nümayiş etdirdi ki, bütün düşmənçiliyi unudaraq normal qonşuluq münasibətləri qurmağa hazırdır. Məncə, verilən mesajlardan biri də bu idi.

Qənaətimə görə, Paşinyan Ermənistanın bütün siyasi çevrələrindəki şəxslərdən fərqli olaraq düşünür ki, Ermənistanın gələcəyi nə İran, nə Rusiya, nə digər ölkələrlə münasibətlərdən keçir. Buna görə də Qərbə inteqrasiya xəttini götürən Nikol Paşinyan bu yolun Türkiyədən keçdiyini anlayır. Bu səbəbdən də regionun əsas strateji ölkəsi olan iki türk dövləti – Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Əlbəttə, buna mane olmağa çalışan daxili və xarici amillər var. Birincisi, daxili ictimai rəydir, ikincisi də Rusiyanın Ermənistandakı “5-ci kolon”u və “Qarabağ klanı”dır. Artıq görürük ki, Paşinyan ictimai rəyi buna hazırlamaq üçünü ciddi təbliğat sistemi qurub.

Moskva görüşü öncəsi səsləndirilən sərt bəyanatların mahiyyəti bu idi ki, Azərbaycanla sülhün yeganə alternativi müharibədir. Yəni demək istəyir ki, əgər sülh istəmirlərsə, hər bir erməni ailəsi öz övladını növbəti müharibəyə hazırlamalıdır. Paşinyan da anlayır ki, erməni xalqı yeni müharibəyə hazır deyil. Buna görə də çox seçim qoymur - ya sülh, ya müharibə. Ermənistanın ictimai rəyi buna uzunmüddətli dirəniş göstərə bilməz. Müxalifət bunu “düşmənçilik” kimi qəbul edir, Paşinyanı xalqa “satqın” kimi göstərməyə çalışır və insanları müqavimətə çağırır. Bu qondarma prosesin içində din xadimləri, erməni kilsəsi də iştirak edir. Amma biz Paşinyan hökumətinə qarşı kütləvi etiraz görmürük. Bu da onu göstərir ki, Paşinyan təbliğat baxımından istəyinə nail ola biləcək.

Artıq ictimai rəyi hazırlayan bəyanatlar və sərt anti-Rusiya açıqlamaları verilir, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və sülh müqaviləsinin imzalanacağı mesajları bəyan edilir. Yəni Ermənistanda ictimai rəy sülhə hazırlanır. Digər yandan da Türkiyə ilə münasibətlərin bərpasına yönəlik ciddi bir jest edilir. Hədəf də əhatəli sülhə nail olmaqdır.

- Ermənistandan Rusiyaya yönəlik sərt və açıq mesajlara diqqət çəkdiniz. Necə düşünürsünüz: Ermənistanın Rusiyadan aralanması üçün münbit zəmin varmı?

- Ermənistanın Rusiyadan uzaqlaşması üçün ciddi cəhdləri var. İrəvan Kremlin Azərbaycanla sülh prosesində yer almasını da istəmir. Digər yandan, KTMT-dən uzaqlaşır, artıq Ermənistanın KTMT-nin heç bir toplantısında birinci şəxs səviyyəsində iştirak etmir, bu qurumun qəbul etdiyi sənədləri imzalamaqdan imtina edir. KTMT-nin hərbi təlimlərindən də yayınırlar. Artıq KTMT-dən çıxmaq məsələsi açıq formada qoyulub.

Ermənistan 10 noyabr anlaşmasının 9-cu bəndindən imtina etdi. 9-cu bənddə deyilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan bu ifadədən imtina etdiyini açıqladı. Ermənistan bütün sərhədlərinin öz sərhəd qoşunları tərəfindən qorunmasının vacibliyini bildirir. Yəni Rusiyanı prosesdən uzaqlaşdırmağa çalışır. Bu da o deməkdir ki, tədricən Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhəd qoşunları çıxarılacaq. Buna hazırlıq gedir. Bu da mərkəzdənqaçma prosesinin ən açıq nümunələrindən biridir.

Nəhayət, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı kontingetindən narazıdır və açıq şəkildə onları tənqid edir. Bu o deməkdir ki, Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşır. Paşinyan son Moskva görüşündə də göstərdi ki, Rusiya platformasında hansısa anlaşmanın əldə edilməsini istəmir. Liderlərin üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsi də bunu göstərdi. Rusiyadan sürətlə uzaqlaşan bir Ermənistan görürük. İstəyir Paşinyanın öz təşəbbüsü, istəyir Qərbin təhriki ilə olsun, əsas budur ki, bu proses gedir.

Sülh müqaviləsinin imzalanmasından, Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşmələrin çıxarılmasından və separatçı rejimin ləğv edilməsindən sonra növbə Rusiyanın Ermənistandakı hərbi bazalarına çatacaq. Bu gəlişmə Rusiyanın bu ölkədəki bazalarının çıxarılmasını tətikləyəcək. Əslində, Rusiyanı narahat edən ən ciddi məsələlərdən biri budur. Çünki rus qoşunlarının Azərbaycanla (Qarabağ) yanaşı, Ermənistandan çıxarılması da Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması anlamına gəlir.

- Xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən, ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Düşünürəm ki, ABŞ-ın öz əlini daşın altına qoyması və təşəbbüsü ələ alması Fransanın dağıdıcı fəaliyyətinin qarşısını almağa hesablanıb. Çünki Kişinyovdakı görüşdə Makronun öz dağıdıcı missiyasını davam etdirdiyini gördük. Diqqətçəkən bir məqam da Almaniyanın prosesə qoşulmasıdır. Yanlış olaraq düşünürlər ki, Almaniya Fransaya qarşı bir balans üçün bura daxil edilib. Bu belə deyil. Zənnimcə, bir “xristian klubu”nun müsəlman Azərbaycanına qarşı danışıqlar aparması sülh prosesinə töhfə vermir. Əlbəttə, Azərbaycan bununla razı ola bilməz. Kişinyovda elementar bir bəyanatın imzalanmaması da bunu ortaya qoydu. Buna görə də ABŞ Vaşinqton və Brüsseldə əldə edilmiş anlaşmalar, mövqelərin yaxınlaşması çərçivəsində geridönməz proses yaratmaq istəyir. Ən azı ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağ məsələsinin birdəfəlik həllinin formulunun tapılmasına cəhd edir.

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin Moskva görüşündən öncə separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyi ilə bağlı bəyanatını təqdir etdiyini açıqladı. Bu da o deməkdir ki, ABŞ həllin bu formulunu dəstəkləyir. Bu da Azərbaycanın mövqeyini gücləndirən amildir. Əslində, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən məsələ Qarabağla əlaqəlidir. Bu məsələ tam həll olunmalı və Ermənistan öz mövqeyini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqləməlidir ki, sülh müqaviləsi sürətlə imzalansın.

Sərhədlərin delimitasiyasına gəlincə, bu, uzunmüddətli məsələdir. Bunu illərlə danışıb, ayırıcı xətləri müəyyən etmək mümkündür. Məsələn, bu gün də Azərbaycan və Gürcüstan sərhəd məsələsini müzakirə edir. Ermənistanla da edə bilərik. Ona görə də sülh müqaviləsi ilə bağlı açar məsələ Qarabağla bağlıdır. Ermənistan ərazimizə əsassız iddiaya son qoyduğunu rəsmən təsdiqləməlidir ki, bu sazişi imzalamaq mümkün olsun. Bunun üçün də Ermənistanın Qarabağın dağlıq hissəsində qalan qoşunları çıxarılmalıdır. Ermənistan bu addımı atsa, məsələləri çözmək daha asan olacaq. Bunun alternativini isə Ermənistanla yanaşı, onun havadarları, Rusiya və Qərb də bilir. Azərbaycan bu prosesin uzun çəkməsinə uzun müddət dözməyəcək. Necə ki Laçın yolunda sərhəd-buraxılış məntəqəsini özümüz qoyduq, qalan məsələləri də birtərəfli qaydada beynəlxalq hüquq normaları çərçivəsində özümüz həll edə bilərik. Əvvəl antiterror əməliyyatları, sonra separatçı rejimin ləğvi və sair.

Azərbaycan bu addımları özü atsa, ABŞ-ın, ümumən Qərbin bu prosesdəki mövqeləri zəifləyəcək. Əlbəttə, ABŞ da, Avropa Birliyi də bunu istəməz. İndi ABŞ-ın imkanı var, bu imkanı fürsətə çevirə bilsə, prosesi finişə çatdırmaq mümkün olacaq.
 

Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev növbəti tədris ilindən 6-cı siniflərdə “Təbiət” fənninin tədris ediləcəyi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağını deyib.

Elm və Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib: “Ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib.

2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. “Təbiət” fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır”.

Qeyd edilib ki, V-VI siniflərdə təbiət fənni tədris edilmiş şagirdlər IX və XI siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırılacaq.

Qeyd edək ki, VI siniflərdə “Təbiət” fənninin tədrisi, əvəzində isə biologiya və fizikanın tədris olunmayacağı fikri birmənalı qarşılanmayıb.

Yeni fənnin tədrisi şagirdlərin dərs yükünün azaldılmasında müsbət addım olsa da, həmin fənləri hansı fənn müəlliminin tədris edəcəyi, müəllimlərin dərs yükünün azalacağı müzakirə edilir?

DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, bu proses ötən ildən başlanılıb və V-VI siniflərində “Həyat bilgisi”nin əvəzinə “Təbiət” fənni tədris olunur:

“VI sinifdə “Həyat bilgisi” ilə yanaşı, biologiya, fizika, coğrafiya fənləri də burada öz əksini tapıb. Dərslik çox yüksək keyfiyyətlə, Sinqapur modelinə uyğun olaraq hazırlanıb. Bütün dünyada fənlərin istiqamətlər üzrə tədrisinə üstünlük verilir. Ancaq bu, o demək deyil ki, bizdə fizika, kimya, biologiya fənləri artıq tədris olunmayacaq. V-VI sinifdən həmin fənlər haqqında ilkin təsəvvürlər yaradacaq mövzular salınıb.

VII sinifdən isə dərsliyə davam edəcək. Ancaq problem ondadır ki, bunu kim tədris edəcək? Fizika, kimya, biologiya müəllimi tədris edəcək? Çox güman ki, yenə fizika, kmya, biologiya müəllimləri tədris edəcəklər”.

O bildirib ki, ümumilikdə isə yalnış anlaşma olub:

“Fənlər ləğv olunmur. VI sinifdə fənlər birləşdiriləcək və orada fizika, kimya, biologiyadan da mövzular var. Problem həmin fənni tədris edəcək müəllimlərin olmamasıdır. Yaxud da kim olması ilə bağlı bir həftəlik təlimlər lazım olan keyfiyyəti verməyəcək.

İstər-istəməz həmin dərslik Azərbaycan məktəblərində keçirilən dərsliklərə nisbətən daha keyfiyyətlidir. Ancaq fənni kimin tədris edəcəyi ilə bağlı məsələ problemlidir, kadr yoxdur. Müəllim bir fənni tədris etsə, digər fənn qalacaq. Orada eyni zamanda bir neçə fəndən mövzu var. Ümumilikdə isə “Təbiət” fənnində adıçıkilən fənlərlə bağlı ilkin təsəvvür yaradan mövzular var. Arzu edərdim ki, digər dərsliklər də həmin dərslik keyfiyyətində olsun”.
Ardını oxu...
2012-ci ildən bəri yoxsulluq həddində yaşayan vətəndaşların sayı iki dəfə azalıb və o vaxtdan bəri demək olar ki, yarım milyon insan yoxsulluğun öhdəsindən gəlib.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

"2012-ci ildə 1,1 milyon insan yoxsulluq həddindən aşağı yaşayırdı, biz hakimiyyətə gələndən sonra bu rəqəm iki dəfə azalıb", - baş nazir bildirib.

Onun sözlərinə görə, yoxsulluq səviyyəsi 15,6%-ə çatıb və bu, hələ də böyük problem olaraq qalır, lakin tarixi minimumdur.
 
Ardını oxu...
Prezident İlham Əliyev 2010-cu il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişikliklər edib.
Prezident bununla bağlı yeni Fərman imzalayıb.
Dəyişikliyə görə, “3.2-1. tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2. 3.3-cü bəndin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilib”.
 
Ardını oxu...
Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızının müraciəti.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI.

CƏNAB İLHAM ƏLİYEVƏ.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi.

(Ünvan: AZ1108, Bakı şəhəri, Z. Bünyatov, 43)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə.

(Ünvan: AZ1110, Bakı şəhəri, Nərimanov rayon, H.Əliyev, ev 143)

Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızı tərəfindən.

Ə r i z ə

Bildirmək istəyirəm ki, Qazax rayon, Fərəhli kəndində anadan olmuşam, Vətənim Azərbaycana 5 oğul böyütmüşəm, oğlanlarımın İkisi Qoşqar və Mahmud Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olublar, bir oğlum mərhum Qurbanov Qoşqar Məqsəd oğlu 2014-cü ildə 707 nömrəli hərbi hissədə döyüş tapşırığın icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

İkinci oğlum Qurbanov Mahmud Məqsəd oğlu 2002-ci ildən 2004-cü ilədək 706 nömrəli hərbi hissədə, 2010-cu ildən 2017-ci ilədək 707 saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə ağır xəstəliklə əlaqədar Silahlı Qüvvələrdən təxris olmuşdur.

Qeyd etmək istəyirəm ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlu 07.12.2014-cü ildə hərbi xidməti vəzifələrini icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

Mənim isə 73 yaşım var, pensianerəm.

Müraciətim ondan ibarətdir ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlunun hərbi qulluqçu kimi pensiyasının mənim adıma təyinat aparılmasına və şəhid oğlum üçün nəzərdə tutulmuş hərbi qulluqçu kimi mənə pensiya ödənilsin.

Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Mahmudun himayəsində mən yaşlı anası, öz ailəsi 4 nəfər və şəhid oğlumun ailəsi 3 nəfər hamısı bir yerdə yəni 8 nəfər oğlumun himayəsindədir.

Sizdən xahiş edirəm ki, şəhid oğlum Qurbanov Qoşqar Məqsəd oğlunun hərbi qulluqçu kimi pensiyasının mənim adıma təyinat aparılmasına və şəhid oğlum üçün nəzərdə tutulmuş hərbi qulluqçu kimi mənə pensiya təyin edilməsinə köməkdarlıq edəsiniz.
İmza: Qurbanova Hamaya Mustafa qızı.
 
 
 
Ardını oxu...
Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydasına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlilliyi olan şəxslərin reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. İndiyə qədər bu səlahiyyət AzərbaycanPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində idi.

Dünyapress TV

Xəbər lenti