Ardını oxu...
Son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlardan zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya veriləcək.

Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.

Fond son günlər respublikada müşahidə olunan güclü yağışlar və daşqınlarla bağlı fermerlərə müraciət edərək, baş verən sığorta halları ilə barədə fonda məlumat verməyə çağırıb:

"İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu halları qeydə alınıb.

Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyunda 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyunda 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir”.

"İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.

Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər çəkmiş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.

Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır”.

Fond bildirib ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.

"Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta hadisələrini qeydə almaqla məşğuldurlar”, - Fonddan bildirilib.

Fond bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.
 
 
 
Ardını oxu...
Məcburi köçkünlərin Qarabağda işğaldan qurtarılan ərazilərdə məskunlaşması başlanıb. Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində məskunlaşma aparılıb. Di gəl, məcburi köçkün statusunda 600 min nəfərdən çox şəxs var və onların ata-baba torpaqlarına qayıdışla bağlı gözlənti və ehtiyacları, təbii ki, öyrənilməlidir. Əks halda Azərbaycan toplumu "Böyük Qayıdış"ın heç də kiçik olmayan problemləri ilə üz-üzə qalacaq.

Bu ehtiyac və gözləntiləri üzə çıxarmaq üçün Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası "Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı" adlı araşdırma aparıb və bu çərçivədə 705 köçkün qadın arasında sorğu keçirib.

Gənclər qayıtmağa elə də həvəsli deyillər
Sorğuya qatılanların "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablarından aydın olur ki, məcburi köçkünlərin çoxu qayıtmaqda maraqlıdır. Respondentlərin 70.6 faizi Qarabağa qayıtmağı düşündüyünü bildirib. Sorğu iştirakçılarının 15.1 faizi Qarabağa qayıtmaq istəmədiyini, 14.3 faizi isə, hələlik, qərarsız olduğunu dilə gətirib.

Məcburi köçkünlərin böyük bölümü Qarabağa qayıtmaqda maraqlı olduğunu bildirsə də, sorğuya qatılanların müxtəlif sosial-demoqrafiq göstəricilər üzrə təhlili göstərir ki, bəzi sosial qruplar arasında qayıtmaq istəyənlərin payı ortalama göstəricidən daha aşağıdır. Məsələn, respondentlərin yaş qrupları üzrə "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablardan aydın olur ki, 60 yaşdan yuxarı şəxslərin 89 faizi bu suala müsbət cavab versə də, 18-29 yaş qrupunda eyni göstərici 61 faizdir.

İşğaldan öncə Qarabağda kənd təsərrüfatının durumu necə idi?
Araşdırmada bildirilir ki, Qarabağa qayıtmaq istəməyənlərin və qərarsız qalanların ən yüksək özəl paya sahib olduğu qrup 18-29 yaşlılardır. Orta yaş azaldıqca Qarabağa qayıdışla bağlı istək də aşağı düşür. Araşdırma çərçivəsində gənc yaşda məcburi köçkün qadınlarla aparılan dərinləşdirilmiş müsahibələrdə ən çox rahatsızlıq doğuran məsələlər dilə gətirilib. Yeni mühitə öyrəşməyin çətinlikləri, köçəcəkləri yerlərdə yaşayacaq insanların çoxunu tanımamaları, iş tapmaq imkanları ayrıca narahatlıq kimi vurğulanıb.

Anket sorğusu iştirakçılarının yaşadıqları yerlərdə Qarabağa qayıdışla bağlı qərarlarda fərqlər gözə çarpıb. Əgər Abşeron yarımadasında yaşayan respondentlərin 62.9 faizi Qarabağa qayıtmağı düşünürsə, əyalətlərdə yaşayan məcburi köçkün qadınlar arasında bu göstərici 79.28 faiz olub. Tədqiqatın nəticələrinə görə, Bakıda yaşayan məcburi köçkün qadınların geri qayıdış prosesində əsas narahatlıqları təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxış imkanlarının və müvafiq xidmətlərin keyfiyyətcə paytaxtdakı qədər yaxşı olmaması ehtimalından qaynaqlanıb. Bu baxımdan, azad edilmiş ərazilərdə sosial xidmətlərin keyfiyyətcə ən az paytaxtdakı səviyyədə təşkili, eləcə də əhalinin hər qrupu üçün cəlbedici gəlir səviyyəsinin təmin edilməsi paytaxtda yaşayan məcburi köçkünlərin Qarabağa qayıdış qərarına təsir göstərəcək ən vacib amillərdən biri olması üzə çıxıb.

Fərdi sahibkarlar nədən rahatsızdır?
Anket sorğusunun nəticələrinə görə, məşğulluq durumu üzrə də məcburi köçkün qadınlar arasında Qarabağa qayıtmaq istəyənlərin sayında fərqli meyllər gözə çarpır. Pensiyaçıların 92 faizi, muzdlu işçilərin 73 faizi, kənd təsərrüfatı ilə məşğul olanların 72 faizi, işsizlərin 69 faizi, evdar xanımların 68 faizi, fərdi sahibkarlarınsa cəmi 53 faizi Qarabağa qayıtmaq istədiyini bildirib.

Məşğulluq durumu baxımından Qarabağa qayıtmaq istəməyənlərin ən yüksək xüsusi çəkisi fərdi sahibkar olan məcburi köçkün qadınlar arasında qeydə alınıb. Bu sosial qrup üzrə Qarabağa qayıtmaq istəyənlərin payı ortalama göstəricidən təxminən yarıbayarı geri qalır. Araşdırmaya görə, bunun əsas səbəbi həmin qrupa daxil olan qadınların öz bizneslərini itirmək qorxusudur. Onlar yeni köçəcəkləri ərazilərdə indiki bizneslərini davam etdirib-etdirməyəcəklərini dəqiq bilmirlər. Biznes subyektləri təşkil olunarkən ölkənin digər yerlərində eyni fəaliyyətlə məşğul olan məcburi köçkün qadınlara öncəlik verilməsi həmin qadınları Qarabağa qayıdışa daha çox həvəsləndirə bilər.

Sorğuya qatılanların təhsil səviyyələri baxımından qayıdışla bağlı qərarlarında önəmli fərqlər gözə çarpmır. Bütün təhsil səviyyələri üzrə (ali, orta ixtisas, peşə təhsili, ümumi təhsil) rəyi soruşulanların təxminən 70 faizə yaxını Qarabağa qayıtmaq istədiyini bildirib.

azadliq.org
 
Ardını oxu...
Göygöl rayonu, Topalhəsənli kənd sakini, II Qarabağ müharibəsi qazisi Məmmədov Orxan Vilayət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi növbədə olmasına baxmayaraq, ona ev verilmədiyini bildirir:

"Mən, Məmmədov Orxan Vilayət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Göygöl rayon icra başçısı qərəzli şəkildə mənə ev vermir. Məndən sonra növbədə olanlara ev paylanılıb, mənə hələ verilmir. Gedirəm, deyirlər ki, növbən çatmayıb.

Hal-hazırda yaşadığım ev qəzalı vəziyyətdədir. Buna baxmayaraq mənim növbəmin nə vaxt çatacağını belə demirlər.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 


 
Ardını oxu...
Turistik səyahət təkcə bir yerdən başqa yerə getmək deyil, həm də mədəni, iqtisadi və sosial ünsiyyətdir.

Turizm sayəsində insanlar yaşadıqları bölgədən kənarda, digər ölkələrin gözəlliklərindən, mədəni irsindən xəbərdar olurlar. Turistlər getdikləri ölkədə və ya bölgədə gördüklərinin müqabilində yerli əhaliyə pul qazandırırlar. Başqa sözlə, turizm səfər edilən ölkənin və regionun iqtisadiyyatına böyük maliyyə gətirir. Bu gün artıq dünyada gəlir gətirən sahələrin sırasında turizm mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, müxtəlif ölkələr bu sırada ilk yerdə qərarlaşmağa çalışır.

Son illər isə davamlı olaraq bu sektorda ilk sıraya Fransa, İspaniya, Misir, Türkiyə kimi ölkələr ilk sıraya adını yazdırırlar. Bunun isə səbəbi təsadüfi deyil. Belə ki, turizmin inkişaf etdiyi ölkələr daha çox turist cəlb etmək üçün əlindən gələni edirlər. Daha yaxşı turist destinasyaları, otellər, daha yaxşı xidmət, daha maraqlı və turisti cəlb edəcək vasitələr yaratmaq, ölkədəki turizm növlərinin sayını artırmaq, "yaşıl çimərlik bayrağı"əldə etmək kimi bir çox faktorlarla bu sektorda lider olmağa, həm ölkəsini təbliğ etmək, həm də qazanc əldə etməyə çalışırlar.

Dünya turizmi pandemiyadan xilas olsa da, Azərbaycan turizmi yerində sayır

Azərbaycan da bir neçə il bundan öncə turizmi prioritet elan edib və bu istiqamətdə addımlar atmağa başlayıb. Bu istiqamətdə bir sıra proqramlar, Yol xəritəsi hazırlandı. Ancaq illər keçsə də, hələ istənilən nəticə yoxdur. Ölkəyə ən çox turistin gəldiyi il 2019-cu il olub ki, həmin dövrdə 3, 5 milyon turist gəlib. Bunu fəxrlə qeyd etsək də, əslində bu, turizmin inkişaf etdiyi ölkələrin yanında çox kiçik bir rəqəmdir. Sonra isə turizmdə baş verən çöküşü pandemiya ilə bağlalar. Artıq pandemiya başa çatıb və dünya ölkələrində bu sektorun sürətlə inkişafını görürük.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı hesabatında (UNWTO) dünyanın bütün bölgələrində turistlərin sayında artım olduğunu, epidemiyadan əvvəl, 2019-cu ildə təxminən 1,5 milyard ilə rekord qırıldığını, 2022-ci ildə isə dünya üzrə əvvəlki turistlərin sayı ilə müqayisədə 900 milyon ilə 63% bərpa olduğunu açıqlamışdı. Epidemiyadan əvvəlki rəqəmlərin 83 faizinə çatan ən yaxın bölgə Yaxın Şərq oldu. Keçən il 585 milyon ilə ən çox turistin getdiyi bölgə olan Avropa, epidemiya öncəsi rəqəmlərin 80 faizinə çatdı. Ümumdünya Turizm Təşkilatının ekspertləri, 2023-cü ildə dünyada turist sayının iqtisadi böhranın inkişafından asılı olaraq epidemiyadan əvvəlki səviyyələrin 80-95 faizi arasında olacağını təxmin edib. Azərbaycan turizminin bugünkü vəziyyətinin "günahkarı" hələ də pandemiya olaraq qalır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.

Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. 2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirmişdi ki, xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir:

“Xarici turistlərin ölkəmizə aktiv və səmərəli fəaliyyətini dəstəkləyirik. Hazırda əsas hədəfimiz pandemiyadan əvvəlki rəqəmləri bərpa edib, əvvəlkindən də çevik fəaliyyəti təmin etməkdir. Ötən il 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul etmişik. Bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmağı hədəfləyirik.

Həmçinin ÜDM-də turizmdən gələn gəlirin 1,5 dəfə artacağını, turizm sektorunda 20 faiz artım olacağını proqnozlaşdırırıq. Əsas məqsəd Azərbaycanı dayanıqlı, keyfiyyətli turizm destinasiyası kimi tanıtmaqdır. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu tərəfindən genişmiqyaslı işlər görülür".

Pandemiyadan əvvəlki hədəfə niyə çata bilmirik?

Statistikada maraqlı məqamlardan biri odur ki, ölkəyə 713 min əcnəbi gəlib, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub və bu da gedənlərin gələnlərdən az olmadığını göstərir. Eyni zamanda, cari ilin rəqəmlərinə nəzər salsaq görünən odur ki, bu il də pandemiyadan əvvəlki hədəfə çata bilməyəcəyik. Bir faktı da qeyd edək ki, turizm ölkələrinin bu sektorda yararlandığı amillərdən biri də məhz bayram tətillərindən faydalanmaqdır. Biz istər Yeni il, istər Novruz, istərsə Raamazan bayramlarında bu faktordan yararlana bilmədik. Məsələn, bu gün siyahıya turizm ölkəsi kimi adını yazdıran qonşu Türkiyə bayram tətilllərini fürsətə çevirməyi bacarır.

Türkiyə 2023-cü ilin ilk 5 ayında cəmi 15 milyon 593 min 489 ziyarətçiyə ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Türkiyəyə gələn ziyarətçilərin 14 milyon 34 min 175 nəfərini əcnəbi, 1 milyon 559 min 314 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. 2023-cü ilin yanvar-may dövründə Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65 faiz artıb.

Türkiyə il ərzində 60 milyon turistə çatmağı və 56 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyir.Turizmdəki transformasiya ssenariləri 2033-cü il üçün 120 milyard dollar gəlir və 104 milyon ziyarətçi hədəfini ortaya qoyur. Ötən il Türkiyəyə 51,5 milyon ziyarətçi gəldiyi halda, 46 milyard dollar turizm gəliri əldə edilib. Bu statistikaya baxdıqda turizmin inkişafı göz qabağındadır və həmin ölkə də pandemiya yaşayıb.

Doğrudur, bu gün bizdə əsas problemlərdən biri kimi quru yollarının bağlı olması göstərilir və həqiqətən də bu, sektora mənfi təsir göstərir. Ancaq bu da bir faktdır ki, pandemiyadan öncə quru yolları bağlı olmadığı təqdirdə də biz heç milyonlarla turist cəlb edə bilməmişdik. Hazırda isə ölkədə Qurban bayramıdır və Türkiyənin müxtəlif bölgələrində həm yay turizm mövsümü, həm də bayram tətili ilə bağlı gələn turist sayının 80-100 faiz təşkil etdiyi bildirilir.

Ölkəmizə isə nə mövsüm, nə də məhz bayram tətili üçün gələnlərin sayında elə bir artım müşahidə edilmir. Ancaq daxili turizmdən gəlir əldə etmək hədəflənib ki, bölgələrdə baha qiymətə olan turizm imkanlarından isə vətəndaşlar yararlana bilmir. Əgər hələ 2026-cı ildə xarici turist sayını 4 milyona çatmasını hədəfləyiriksə, demək ki, adımızı turizm ölkəsi siyahısında uzun illər görə bilməyəcəyik.
 
Ardını oxu...
Qurban kəsilən bəzi ölkələrdə ən ucuz qoyun Azərbaycandadır.

Bu barədə bayram ərəfəsində müxtəlif ölkələrdə heyvanların qiyməti ilə bağlı hazırlanan infoqrafikadan məlum olub.

Azərbaycanla yanaşı, yeddi ölkənin yer aldığı siyahıdan aydın olur ki, ölkəmizdə qoyunun qiyməti 150 - 170 dollar (255 - 289 manat) arasında dəyişir.

Tacikistan 150 - 175 dollarla (255 - 297 manat) ikinci, Qazaxıstan 156 - 170 dollarla (256 - 289 manat) üçüncü yerdə qərarlaşıb.
Bundan sonra siyahını Qırğızıstan (172 - 183 dollar / 292 - 311 manat), Özbəkistan (250 - 280 dollar / 425 - 476 manat), Türkiyə (253 - 270 dollar / 430 - 459 manat) və Türkmənistan (300 - 320 dollar / 510 - 544 manat) davam etdirir.
Ardını oxu...
Mənbə: “Sputnik” Özbəkistan
 
Ardını oxu...
“20-30 ildir müəllim işləyən müəllimlərin imtahanına niyə ehtiyac görülür? Təkmilləşməsinə, peşə yeniliklərindən yararlanması, maaş artımı üçün olduğu iddia edilir, lakin illik seminar və kurslarla da bunu etmək olardı”.
DİA.AZ xəbər verir ki, bu sözlər sosioloq Lalə Mehralıya aiddir. Müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını tənqid edən sosioloqun fikrincə, 30 ildir şagird hazırlayan, özü məktəb olan müəllimi kimlər, niyə, nə üçün imtahana çəkməlidir? Nazirlik universitetlərin verdiyi təhsilə güvənmir demək, verdiyi diplomun sertifikasiya təsdiqini gözləyir:
“Müəllimlər sertifikasiya ərəfəsində başını itirir. Məcburən məktəbdəki dərslərini atırlar bir kənara, imtahana hazırlaşırlar. Əgər müəllimləri imtahan edəcəksə, o zaman müvafiq nazirlik bunun üçün imkan və şərait yaratmalıdır müəllimə. Pullu kurs yerinə dövlət kursları, imtahana salınacaq mövzu siyahısı, vahid kurikulum-metodika vəsaiti və sınaq imtahanları təqdim etməlidir. Ekspertlər fənlər üzrə imtahanlar, orada istifadə olunacaq testlərin mahiyyətini izah etməlidir. Müəllim, məktəb şagirdi qəbul imtahanına hazırlaşdığı kimi imtahana hazırlaşmamalıdır, o öz imtahanını zamanında verib, illərdir müəllimlik edərək biliyini də sübut edib, əməkhaqqı da bu illərinə görə hesablanmalı, gənc həmkarından daha yüksək məvacib almalıdır. İşə qəbul mərhələsində gənc kadrlar onsuz da MİQ imtahanına girir, biliyinin sayəsində iş yeri qazanır. 50-60 yaşındakı müəllimin biliyini yoxlamaqda məqsəd nədir?!”.
L.Mehralının sözlərinə görə, sertifikasiyaya heç bir ali məktəbdə öyrədilməyən materialların salınması da çox absurddur. Repetitor köməyi ilə sertifikasiyaya hazırlaşan müəllimlər bu material barədə məlumatlı olur, bəs repetitorsuz hazırlaşan müəllimlər? Sertifikasiya aparılırsa, o zaman bütün təhsil işçiləri – müvafiq nazirlik də daxil imtahandan keçsin: “Müəllimə heç bir təlim, treninq təşkil etmədən sertifikasiyaya göndərmək doğru deyil. Hər gün bir sistem tətbiq edilən təhsilimiz oyuncaq olmamalıdır. Baloniya, kurikulum sistemləri tətbiq edilirsə, məktəblərdə bu sistemlərin tətbiqi üçün müvafiq şərait yaradılmalıdır.
Sertifikasiyada 50-dən çox bal yığan müəllimlər, əlbəttə, alqışlanmalıdır. Lakin 30-40 bal yığan müəllimlərə qarşı olan stiqma da yığışdırılmalıdır. Müəllim də insandır, imtahan ərəfəsində həyəcanlana, texnoloji bacarıqlarının az olması səbəbindən kompüterləşdirilmiş imtahana adaptasiya ola bilməyə də bilər. Azərbaycan təhsili tək 50 baldan yuxarı toplayan müəllimlərin nəticəsi üzərində qurulmayıb. Şagirdi öyrətmək, yaxşı pedaqoq olmaq bala görə müəyyən edilmir, edilməməlidir. Siz o müəllimin sinifdəki performansının, universitetə qəbul olan şagirdlərinin sayını öyrənin”.
 
Ardını oxu...
20 il hakim olmuş Ülvi Mayılov indi özü yarım ilə yaxındır ki, məhkəmə yollarındadır. Səbəb ona verilən pensiyanın bir müddət sonra azaldılmasıdır və o, yenidən pensiyasının artırılmasını istəyir.

Ülvi Mayılov 2000-2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin, 2007-2020-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2020-ci ildə - 65 yaşında pensiyaya göndərilib.

Dediyinə görə, pensiyası əvvəlcə normal qaydada hesablanıbmış, məbləğ də onun ürəyincəymiş, ancaq sonradan azaldıblar.

Ülvi Mayılov deyir nəyə əsaslanıb onun pensiya kartına 6 min 148 manat köçürülür onu anlamır və vurğulayır ki, öz hesablamasına görə, pensiyası 7 min 342 manat olmalıdır.

Keçmiş hakim məhkəməyə qədər Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə daxil olan şəxslərlə də dəfələrlə görüşüb, ancaq nəticəsi olmayıb.

Daha sonra Bakı İnzibati Məhkəməsinə üz tutub. Bu instansiya onun iddiasını təmin edib. Qərardan narazı qalan Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verib. Fondun Ülvi Mayılova qarşı bu şikayətinə elə onun 13 il hakimlik etdiyi Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Fondun nümayəndəsi məhkəmədə deyib ki, Ülvi Mayılovun pensiyası əvvəl yanlış hesablanıb və nəticədə ona alacağından artıq məbləğ ödənilib.

Nümayəndə bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna görə, keçmiş hakimə veriləcək aylıq məbləğ son iki ildəki orta aylıq əməkhaqqının 65 faizi miqdarında hesablanmalıydı, ancaq bu halda 80 faizlə hesablanıb. Nəticədə ona öncə daha çox pensiya verilib:

“Sonradan Bakı Apellyasiya Məhkəməsinə sorğu verilib. Son 24 ayın əməkhaqqı cədvəli alınıb və onun əsasında yenidən hesablanma aparılaraq, yekun məbləğ təyin edilib”-Fond nümayəndəsi bildirib.

Amma Bakı Apellyasiya Məhkəməsi də bu məsələdə keçmiş hakimi haqlı sayıb və Fondun şikayəti təmin olunmayıb.

Ülvi Mayılov hakim kimi fəaliyyət göstərdiyi 20 il ərzində əsasən mülki xarakterli məhkəmə mübahisələrinə baxıb.

“Azadlıq” qəzetinin uzun illər yerləşdiyi Xaqani 33 ünvanındakı redaksiyasından çıxarılması haqda qərarı da o verib. Həmin vaxt bir neçə saat ərzində məhkəmədə həm hazırlıq iclası keçirilib, həm araşdırma aparılıb, həm də qərar qəbul edilib. Ertəsi gün “Azadlıq” qəzeti, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və “Turan” informasiya agentliyi həmin binadan çıxarılıb.
Azadlıq Radiosu

Ardını oxu...
Dövlət Statistika Komitəsi mütəmadi orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlayır. Hər dəfə yeni rəqəmlər ortaya çıxanda sosial mediada istifadəçilər hesabatı rişxəndlə qarşılayırlar. Çünki orta aylıq əməkhaqqı ilə bağlı təqdim olunan statistika reallıqdan xəbər vermir. Son açıqlamada təxminən 901 manatdan söhbət gedir. Halbuki ətrafımızdakı insanların əksəri bu məbləğdən xeyli az məvacib alır. İnsanların statistikaya inanmaması təbii görünür.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, indi dünyada orta aylıq əməkhaqqı sosial mənzərəni göstərmək baxımından əhəmiyyətli göstərici sayılmır. Bu rəqəmlər daha çox maaş artımını göstərmək üçün lazım olur. Gerçək vəziyyət barədə median əməkhaqqı danışır.

Nədir median əməkhaqqı? Bu, ümumi əməkhaqqı cədvəlinin tən ortasında qərarlaşan işçinin məvacibidir. Yəni müəssisədə 19 nəfər çalışırsa, maaşının həcminə görə 10-cu sırada qərarlaşan şəxsin məvacibi median əməkhaqqı sayılır. Deməli, median əməkhaqqı ölkədəki işçi qüvvəsinin yarısının hansı göstəricidən az qazandığını ortaya qoyur.

Azərbaycanda 2021-ci ilin əvvəlindən median əməkhaqqı hesablanır. Amma açıq-aşkar görünür ki, hökumət bu məsələdə həvəsli görünmür. Çünki orta məvaciblə median əməkhaqqı arasında kəskin fərq var. Məhz bu amil Dövlət Statistika Komitəsinin şəffaflığına xələl gətirir.

Son açıqlamaya görə, ölkədə median əməkhaqqı 410 manatdır. Yəni orta məvacibdən 2,2 dəfə az. Olduqca böyük fərqdir. Ya Dövlət Statistika Komitəsi gerçəkliyi gizlədir, ya da müəyyən müəssisələrdə yüksək maaş verilməsi orta aylıq əməkhaqqının məbləğini şişirdir.

Sosial mediada orta aylıq əməkhaqqı ilə bağlı bir zarafat dolaşır. Belə deyilir: “Mən kələm, məmur ət yeyir. Orta göstərici budur ki, kələm dolması yeyirik”. Həqiqətən də, orta aylıq əməkhaqqının riyazi göstəricidən başqa bir şey olmamasına, real sosial durumu ortaya qoymamasına ən bariz nümunədir. Kimlərinsə yüksək maaş alması hələ ölkədə məvacibin qənaətbəxş olması anlamına gəlmir.

Ölkədə median əməkhaqqının 410 manat olması o deməkdir ki, işləyən kəsimin yarısı bundan daha az qazanır. Təsəvvür eləyirsiniz, necə ağır durumdayıq? Minimum əməkhaqqı 345 manatdır. Deməli, işləyən kəsimin 50 faizə qədəri minimum əməkhaqqına yaxın məbləğlə keçinməli olur. Sadəcə, rüsvayçılıqdır. Hökumət iddialı danışanda elə özü açıqladığı rəqəmlərə diqqətlə baxsın. İnsanlar qəpik-quruşla yaşamaq məcburiyyətində qalıb.
 

Ardını oxu...

Hurriyyet.az-a müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsinin sədri, Birinci və İkinci Qarabağ müharibələrinin qazisi Elmar Yaşar oğlu Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyinin ləğv edildiyini bildirib.



Hər iki savaşın ilk günündən son gününədək səngərlərdə olduğunu, bir sıra əməliyyatlarda iştirak etdiyini vurğulayan qazinin sözlərinə görə, Birinci Qarabağ savaşında 3 güllə yarası, kəllə-beyin travması alıb, günlərlə komada olub. Lakin bütün bunlara rəğmən, Elmar Məmmədovun əlillik dərəcəsi ləğv edilib: "Mən Goranboy rayonu, Dəliməmmədli şəhər sakiniyəm. Birinci Qarabağ savaşı zamanı 1994-cü il may ayının 2-də ağır yaralanmışam. 3-cü qrup Qarabağ əlili kimi pensiya alırdım. İkinci Qarabağ savaşında da könüllü kimi sonadək iştirak etmişəm. Əlimdə bunu sübuta yetirən foto və video görüntülər mövcuddur. Ancaq buna baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev heç bir səbəb olmadan əlilliyimi ləğv edib. Ayağımda hələ də qəlpə qalıb, səhhətim ağırdır, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, sən sağlamsan. Halbuki, "İnsulin"lə yaşayan adamam, gündə iki dəfə bunu vururam. Başqa yerdən gəlirim yoxdur, ancaq əlillik pensiyamla dolanırdım, artıq onu da kəsiblər".

Məsələ ilə bağlı baş prokuror Kamran Əliyevin qəbulunda olduğunu deyən Elmar Məmmədov qeyd edib ki, bunun da heç bir faydası olmayıb: "Kamran Əliyev zəng edib tapşırsa da, bunun heç bir nəticəsi olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovla da iki dəfə görüşmüşəm. O, "Sən bizim qəhrəmanımızsan, narahar olma, düzələcək" desə də, hələ də pensiya ala bilmirəm. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan ləğv edilmiş əlillik dərəcəmin bərpasında mənə yardım etmələrini xahiş edirəm".

Ardını oxu...
 
Ardını oxu...
Məktəblilərin tətilə buraxılmasından sonra iş yerlərindən məzuniyyət götürən valideynlər ailələri ilə birgə istirahət etmək üçün ya bölgələrə, ya da müxtəlif ölkələrə axın edirlər.

Bəzi tur şirkətləri isə ənənəvi olaraq seçilmiş rayonlarda turistik məkanlara turpaketlər təşkil edirlər. Lakin istirahət heç də ucuz başa gəlmir.

Maraqlısı odur ki, ən çox ziyarətçisi olan istirahət məkanları qiymətləri hər il artırır.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, artıq bu ilin əvvəlindən regional destinasiyalara yarım milyondan artıq səfər baş tutub ki, əcnəbilərin də sayında artım gözdən qaçmır:

“Ümumilikdə COVID 19 pandemiyası turizm sənayesini çökdürsə belə, onun müsbət təsirlərindən biri də xaricə səfərlərdə məhdudiyyətlər fonunda daxili turizm bazarının inkişafı oldu. Bu istiqamətdə artım yüzlərlə faiz təşkil edib. Turizm sektoru üçün yüksək mövsüm hesab edilən yaz-yay aylarında turizm fəaliyyəti canlanır.

Ölkənin bir çox bölgələrində yeni infrastrukturun yaradılması, mədəni irsin qorunması və bərpası istiqamətində xeyli işlər aparılır. Bunlar imkan verir ki, ölkə üzrə turizm təklifləri genişləndirilsin. Son illərdə kulinariya, aqrar, mədəni, ekoloji festivallara marağın artması ilə Azərbaycanın müxtəlif məkanlarında yeni turizm marşrutlarının formalaşması, olanların isə daha da populyarlaşması baş verir”.

Ekspert bildirir ki, təxmini olaraq, yay aylarında regionlara 100-120 min səfər baş tutur ki, bu il də göstəricilər artan tempdədir:
“Bizim hesablamalarımıza görə, artıq bu ilin əvvəlindən regionlara yarım milyondan artıq səfər baş tutub və bu rəqəm artmaqdadır. Statistikaya nəzər yetirsək, görərik ki, yalnız may ayı ərzində ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım olub. Düşünürəm ki, yay aylarında bu rəqəm daha da yüksələcək.

Regionlarda turizm fəaliyyətləri bir neçə istiqamətə bölünür. Bunlar sırasında qısa və uzunmüddətli turları fərqləndirə bilərik. Son illərdə ekoloji turizmə maraq artmaqdadır, təbii ərazilərin seyr edilməsi və gəzintilər, kənd yerlərində aqroturizm fəaliyyətləri, mədəni irs nümunələrinin ziyarəti və digərlərini bu sırada sadalamaq olar”.

Samir Dübəndi vurğulayıb ki, bəzi hallarda xidmətlərin qiyməti və keyfiyyəti arasında mütənasiblik də pozulduğu üçün qiymətlər yüksəlir:

“Yayda istirahət mərkəzlərinə yüksək tələbin olması müşahidə olunur. Və əgər artan tələblər kifayət qədər təkliflərlə qarşılanmazsa, bu halda müxtəlif fəsadların baş verməsi mümkündür. Misal üçün, qiymətlərin artması, yerlərin çatışmazlığı, tıxacların baş tutması və s.

Bir sıra hallarda qiymətlərə vətəndaşlar tərəfindən yanlış yanaşmalarla üzləşirik. Məsələn, beşulduzlu hotelin qiyməti arzu olunur ki, daha ucuz olsun, amma bu belə olmur. Ona görə də hotelçilik sahəsində yerləşmə vasitələrinin kateqoriyalaşması tələbləri mövcuddur. Yəni ulduz kateqoriyaları arasında göstərilən xidmətlərin çeşidi və komfortun dərəcəsilə yanaşı, təbii ki, qiymət fərqinin də olması başadüşüləndir.

Digər tərəfdən, regionlarda kiçik və alternativ yerləşmə vasitələrinin sayının da az olduğu müşahidə edilir. Bu səbəbdən həmin seqmentdə rəqabət aşağıdır, təkliflərin sayı məhduddur.

Düşünürəm ki, kənd evləri, qonaq evləri, butik hotellər, çadır şəhərcikləri və digər yerləşdirmə vasitələrinin sayı artsa, rəqabət də artar və nəticədə alternativ qiymətlərin əmələ gəlməsinə nail ola bilərik”.
 

Dünyapress TV

Xəbər lenti