Ardını oxu...
Azərbaycan Milli Məclisi ABŞ Senatı tərəfindən qəbul edilmiş S.3000 (ermənilərin müdafiə aktı) qanunu ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycana qarşı olan akt pislənilir və Cənubi Qafqazda baş verən proseslərlə bağlı “obyektiv” mövqe tutmağa çağırış edilir.

“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu cür hərəkətləri regionda sülh və sabitliyə mənfi təsir göstərir.

ABŞ-ın işğalçı Ermənistana dəstəyi onun Azərbaycan torpaqlarını işğal etməsinə kömək edib.

ABŞ 30 il ərzində Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib, əksinə, maliyyə yardımı ayırıb, yüksək səviyyədə görüşlər keçirib.

Amerika tərəfinin bu cür addımları Azərbaycan cəmiyyətində ABŞ-ın nüfuzuna xələl gətirib. Təəssüf ki, Birləşmiş Ştatlar 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na ayrı-seçkilik xarakterli 907-ci düzəlişin qəbulu ilə Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır”, – bəyanatda bildirilir.

Daha sonra sənəddə ABŞ-ın Qarabağdakı separatçı rejimə də dəstək verdiyi bildirilir.

“Birləşmiş Ştatların vasitəçi kimi bugünkü addımları Azərbaycan cəmiyyətində etibarını itirməsinə səbəb olub və son illərdə Amerikanın xarici siyasəti tamamilə iflasa uğrayıb. Bunu ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı siyasəti sübut edir”, – parlament deputatları hesab edirlər.

“Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”, – bəyanatda deyilir.

Xatırladaq ki, noyabrın 15-də senatorlar S.3000 aktının təsdiqinə səs veriblər. Bu akt ABŞ prezidentinin 107-115 ictimai qanundan istifadə edə bilməyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş Azərbaycana kömək göstərməyi qadağan edir. Öz növbəsində 107-115 ictimai qanunu prezidentə bu düzəlişin qüvvəsini dayandırmağa icazə verir.

Əgər layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və dövlət başçısı tərəfindən imzalansa, ABŞ prezidenti 907 saylı düzəlişin qüvvəsini dayandıra və 2024-2025-ci illərdə büdcə ayırmalarından Azərbaycana kömək üçün maliyyə ala bilməyəcək.

Qanun layihəsini bu ilin sentyabrın 29-da Miçiqandan olan senator Qeri Piters təqdim edib.

“Azadlığın Müdafiəsi Aktı”na 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. Amma ABŞ prezidentləri 2002-ci ildən bəri hər il 907-ci düzəlişin tətbiqini dayandırırlar. Prezidentə bu səlahiyyətlər 2001-ci ildə Konqresin tərəfindən verilib.

Son hadisələr Azərbaycan və ABŞ arasında münasibətlərin soyuduğunu göstərir. Maraqlıdır, amerikalı parlamentarilər nəyə nail olmağa çalışırlar? ABŞ administrasiyası və şəxsən prezident Bayden onların mövqelərini bölüşürmü? Rəsmi Bakıya qarşı bu cür təzyiqlərin sonu necə ola bilər? Təzyiqlər Azərbaycana ciddi ziyan vurmağa qadirdirmi?

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) fikirlərini Pressklub.az-la bölüşüb.

O, hesab edir ki, bu kəskinləşmə Rusiya və Azərbaycanın maraqlarının ancaq bir anlıq üst-üstə düşməsi ilə əlaqədardır. “Çünki indi hər şey ilk növbədə kommunikasiya məsələləri ilə bağlıdır – bu, ən birinci qıcıqlandırıcı səbəb və əsas intriqadır“, – analitik hesab edir.

Onun sözlərinə görə, ABŞ hazırkı halda Ermənistanı dəstəkləməyə hazırdır. “Ermənistan üçün isə onun öz ərazisindən keçəcək kommunikasiyalara nəzarət etmək vacibdir.

Laçın dəhlizində əməliyyat keçirən Bakı, sanki Ermənistana işarə etdi ki, indi İrəvan da öz ərazisində də nəzarət-buraxılış məntəqəsi qura bilər və bununla da sanki Moskvanı “aldatdı”. (Əslində, Ermənistan aprelin 22-də birinci olaraq birtərəfli qaydada Azərbaycanla sərhəddə – Laçın-Xankəndi yolunun girişində buraxılış məntəqəsi yaradıb, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri isə aprelin 23-də Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurublar – red.)

Amma buna baxmayaraq, hazırkı vəziyyətdə Moskva və İrəvanın mübarizəsini kənardan müşahidə etmək imkanı olan Bakı hələlik Rusiyanın tərəfindədir. Və şübhəsiz ki, maraqların bir anlıq üst-üstə düşməsi Azərbaycan rəhbərliyi üçün vacibdir.

Bakı, əlbəttə ki, yola Moskvanın nəzarət etməsini istəyərdi. Çünki onunla razılığa gəlmək daha asandır”, – Dubnov hesab edir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırda Ermənistanın mövqeyini müdafiə edir. Xüsusən də, Azərbaycanın İran üzərindən real layihədən daha çox hədə kimi görünən yol çəkmək niyyəti fonunda. “Əslində belə bir yolun tikintisinə heç nə mane olmasa da, heç kim onun əsas yol olmasını istəməz – çünki onlar əsas yolun Ermənistandan keçməsini istəyirlər.

Hesab edirəm ki, hazırkı mübarizə də buna görə gedir. Mənə elə gəlir ki, buna həm də dərhal siyasi çılğınlıqla bu intriqaya qoşulan rəsmi Bakının tərzi də təsir edir. Amma düşünürəm ki, hər şeyin bir məhdudiyyəti var.

Bu, uzunmüddətli ola bilməz. Çünki Bakının siyasəti həm Moskvadan, həm də Qərbdən bərabər məsafədə olmağı nəzərdə tutur. Və buna görə də, Rusiya ilə yaxınlaşma resursu tükənməyə yaxındır və ya ən azından tezliklə tükənməyə yaxın olacaq. Mən hələ də hesab edirəm ki, ABŞ-la uzun və ciddi çəkişmə riski Bakının strateji planlarına daxil deyil”, – rusiyalı ekspert yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
 
Ardını oxu...
Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşündə bildirib.

"Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir", - Prezident qeyd edib.
 
Ardını oxu...
Havada uçuşan gürultulu tezislər real siyasətdə niyə özünə yer tapmır
Azərbaycanla ABŞ və Avropa İttifaqı arasında yaranmış gərginlik ictimaiyyətə nə qədər doğru
təqdim olunur?
İndi bu suala cavabın xüsusi önəmi var. Çünki media resurslarında “qara piar” səviyyəsinə enmiş
kampaniya gedir. İstər hökumətyönümlü media, istəsə də Qərb xəttini müdafiə edən, əsasən
xaricdən yayımlanan onlayn mediada tamamilə antaqonist tezislərlə dolu təbliğat reallığı təhrif
edir. Müstəqil ekspertlərin, KİV-lərin şərhləri isə çox zaman aramsız siyasi təbliğatın
tozanağında görünməz olur.
Bəs, bu şəraitdə real situasiyanı görmək üçün nə etmək lazımdır? Əlbəttə, ilk növbədə, hər iki
tərəfdən rəsmi şəxslərin, dövlət qurumlarının bəyanatlarına diqqət etmək. Həmçinin təbliğat
tezislərində istifadə edilən arqumentlərin etibarlılığını yoxlamaq tələb olunur.
Beləliklə, Qərb xəttini müdafiə edən ekspertlər və media resursları bir neçə əsas məqamı
vurğulayırlar:
ABŞ və Avropa İttifaqının Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı
barədə xəbərdarlıqları doğrudur və kəşfiyyat məlumatlarına əsaslanır. Azərbaycan Ermənistanla
sərhədə 40 min nəfərlik şəxsi heyət, ağır texnika cəmləşdirib, 2022-i ilin 12-14 sentyabr
əməliyyatlarına bənzər hücum ssenarisi gerçəkləşdiriləcək;
Bakı müstəqil siyasət yeridə bilməz, ancaq Rusiya rəhbərliyinin siyasi tapşırıqlarını yerinə yetirir.
Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarını ölkədə saxlamaqla faktiki ölkənin işğalına
şərait yaradıb, hərbi baza qurulacaq;
Qərb Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edəcək, ölkə ağır iqtisadi, siyasi böhrana girəcək
və s.
Birincisi, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı məlumat ilk dəfə “Politico” nəşri
tərəfindən, Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə istinadla yayılıb. Qeyd olunurdu ki,
dövlət katibi konqresmenlərlə məxfi söhbətdə bu barədə danışıb. Amma bir gün sonra Dövlət
Departamenti bu məlumatı təkzib etdi.
Daha sonra ABŞ Dövlət katibinin müavini Ceyms O Brayn noyabrın 16-da Konqresin Xarici
Əlaqələr Komitəsində çıxışında bu barədə danışıb. Amma o, Azərbaycanın Ermənistana hücum
edəcəyi barədə ifadələrə yer verməyib, bildirib ki, Zəngəzur dəhlizinin zorla açılması cəhdlərinə
sərt cavab veriləcək.
Eyni məzmunlu bəyanatı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Cozef Borel də səsləndirib. Amma o da ümumi ifadələrlə, ehtimallar əsasında
danışıb. Nə Borel, nə ABŞ rəsmiləri kəşfiyyat məlumatlarına əsaslandıqlarını dilə gətirməyiblər,
peyk görüntüləri və s. maddi sübutlar təqdim etməyiblər, Azərbaycanın Ermənistanla sərhədə 40
minlik hərbi qüvvə cəmləşdirdiyini deməyiblər. Bu, sırf təbliğat məhsuludur.
İkincisi, tezisdə Azərbaycan siyasi rəhbərliyinin Kremlin tapşırıqlarını həyata keçirdiyi iddia
olunur. Bu ittiham konkret nəyə əsaslanır, onu hansı qərarlar, bəyanatlarda görmək mümkündür?
Azərbaycan 19 sentyabrda Qarabağda antiterror əməliyyatı həyata keçirib və ərazi bütövlüyünü,
suverenliyini bərpa edib. Ərazidə olan Rusiya sülhməramlı qüvvələri bu əməliyyata, onun
nəticəsi olaraq qondarma rejimin çökməsinə, erməni əhalisinin bölgədən köçməsinə mane
olmayıb. Əlbəttə, hərbi əməliyyatın Rusiya ilə razılaşdırılmasına şübhə yoxdur, amma ermənilərin
kütləvi köçü Rusiya üçün nə qədər arzuolunan olması sual doğurur. Çünki onların böyük
əksəriyyətini 44 günlük müharibədən sonra Rusiya qaytarıb, Qarabağda yerləşdirib, ən zəruri
ehtiyaclarını təmin edib. Erməni əhalinin qalması Rusiyanın bölgədə hərbi-siyasi varlığının
davam etdirilməsini legitimləşdirən başlıca şərt idi.
Azərbaycan Rusiyanın susmasının, bitərəf qalmasının qarşılığında nə verib, yaxud nə vəd etməsi
isə maraqlı sualdır. Əməliyyatlardan keçən 2 ay ərzində Bakı və Moskva arasında yeni ikitərəfli
razılaşma olmayıb, tərəflər 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq sülhməramlıların
bölgədə qalmaqda davam edəcəyini bildiriblər. Bakıdakı hakim dairəyə yaxın çevrələr
yarımrəsmi şəkildə bu məsələnin ən çoxu 2025-i ilə – razılaşmanın bitmə tarixinə qədər
uzanacağını qeyd ediblər. Hərbi bazaya gəldikdə, Azərbaycan Konstitusiyası başqa ölkənin hərbi
strukturlarının ölkədə yerləşdiriməsini birmənalı şəkildə qadağan edir. Rusiya ilə bu barədə
müzakirələrin aparılması ağlabatan deyil.
Mövcud geosiyasi qarşıdurmanın gedişində mövqelərin uzlaşdırılması məsələsində isə “inkişaf”
var. Azərbaycan 19 sentyabrdan sonra Ermənistanla sülh danışıqlarının Qərb paytaxtlarında
davam etdirilməsini dayandırıb, İrəvana Tbilisidə, yaxud sərhəddə görüşməyi təklif edir. Bakı,
həmçinin, Rusiya, İran və Türkiyə tərəfindən dəstəklənən 3+3 formatının fəal iştirakçısıdır. Bu
format regionun 3 böyük və 3 kiçik ölkəsinin qarşılıqlı əməkdaşlığını, problemlərin kənar (oxu:
Qərbin) qüvvələrin iştirakı olmadan həllini irəli sürür. Avropa İttifaqından üzvlük təklifi alan
Gürcüstan artıq bu formatda iştirak etməyəcəyini bildirib, Ermənistan isə cəmi bir dəfə Tehranda
xarici işlər nazirlərinin görüşünə qatılıb və prosesə maraq göstərmir, Qərblə əməkdaşlığı
dərinləşdirməyə üstünlük verir.
Bakı-Moskva münasibətlərinin yaxınlaşmasını, maraqların uzlaşdırılmasnı Azərbaycan siyasi
rəhbərliyinin Kremlin direktivlərini həyata keçirilməsi kimi təqdim olunması doğru deyil. Bakının
bu siyasəti aparmaqda konkret maraqları var, bu da Qərbin 19 sentyabr əməliyyatının bölgədə
müəyyənləşdirdiyi status-kvonu qəbul etməməsi ilə bağlıdır. Birləşmiş Ştatlar açıq şəkildə tələb
edir ki, Rusiya ordusu Azərbaycandan çıxmalı, erməni əhali qaytarılmalı, Qarabağa beynəlxalq
sülhməramlı missiya yeridilməlidir. Bu tələbin qarşılığında Azərbaycanın bölgədə suverenliyini
qəbul edən Rusiya hərbçilərinin hələ bir müddət ölkədə qalması məqbul görünür. Əlbəttə,
Azərbaycan rəhbərliyinin digər maraqları da var, onların başında Rusiyanın geosiyasi
müharibədə zəiflədiyi fonda Qərbin Cənubi Qafqazda yerləşməsini istəməməsi durur.
Nəhayət, Qərbin Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edərək, onu dərin böhrana salacağı
barədə tezislərdə real problemlər həddindən artıq şişirdilib.
Birincisi, ABŞ və Avropa İttifaqı siyasi rəhbərliyi Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyi
barədə açıqlama verməyib, verilən bəyanatlarda bu tədbirin istisna olunduğu qeyd olunub. 907-
ci düzəlişə qoyulan məhdudiyyətin 2 il müddətinə dayandırılması isə ABŞ-ın Azərbaycana hərbi
yardımlarını qadağan edir və bu çərçivə ilə kifayətlənir.
İkitərəfli münasibətlərdə əlaqələr sabitdir, enerji sektorunda, xüsusən Cənub Qaz Dəhlizinin
genişləndirilməsi, yaşıl enerji istehsalı və ixracı ilə bağlı yeni memorandumlar, müqavilələr
imzalanıb, sərmayə qoyuluşları planlaşdırılır.
Əlbəttə, Azərbaycanın siyasi əlaqələri, Avropa strukturları ilə münasibətləri dərinləşdirəcəyi
gözlənilən deyil. Bakı 10 ildən artıqdır ki, bu sahədə taym-aut götürüb. Xüsusən Avropa İttifaqı
ilə Hərtərəfli Əməkdaşlıq Sazişi 5 ildən artıqdır müzakirə masasında qalıb.
Beləliklə, Qərbin Azərbaycanı çökdürəcək iqtisadi, siyasi sanksiyalar tətbiq edəcəyi barədə
deyilənlər təbliğat məhsuludur, reallığı əks etdirmir.
Azərbaycan mediasında anti-Qərb isterikasına gəldikdə, ictimaiyyət, eləcə də Qərbin özü zamanzaman baş verən gərginliklər zamanı buna alışıb. Bu cür ictimai çıxışlar real siyasətdə əks
olunmur və praqmatik maraqlara təsir göstərmir. Məsələn, Fransa-Azərbaycan arasında
diplomatik, siyasi ritorika ən kəskin ifadələrlə doldur, Fransa Milli Assambleyası ləğv olunmuş
qondarma rejimin müstəqilliyini belə tanıyıb, amma Bakı Parisdəki səfiri geri çağırmaq haqqında
düşünməyib. Fransanın “Total” neft şirkəti 10 ildir başladığı “Abşeron 2” qaz yatağından ilk
hasilatı ötən aylarda əldə edib. Ticarət dövriyyəsində ötən illərlə müqayisədə artım da nəzərə
çarpır.
Əlbəttə, Qərbin düşmən obrazında təqdim edilməsi ölkədə Qərb dəyərlərinə qarşı mənfi
münasibətin formalaşmasına təsirsiz ötüşmür. Xüsusən, ABŞ və Fransanın timsalında Qarabağ
böhranında ermənipərəst mövqenin ifadə olunması Azərbaycanda anti-Qərb dəyirmanına
bolluca su tökür.
Dünyanın ən inkişaf etmiş iqtisadi, siyasi sistemlərinə, mütərəqqi dəyərlərinə sahiblənmiş Qərb
Azərbaycana düşmən deyil, müəyyən dövrlərdə siyasi, geopolitik maraqların toqquşmasını bu
şəkildə təqdim etmək səhv siyasətdir. Çünki bundan itirən elə Azərbaycan cəmiyyətinin,
dövlətinin özüdür.
pressklub.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto Azərbaycana səfərə gəlib.

Bu barədə nazirin “Facebook” səhifəsində bildirilib.

Qeyd edək ki, Macarıstan və Azərbaycanı regional əhəmiyyətli irimiqyaslı layihələr birləşdirir. Xüsusilə, Azərbaycan qazı artıq bu ölkəyə tədarük edilir. İki ölkə Avropanın təmiz enerji təchizatına töhfə verəcək “yaşıl dəhliz” layihəsi üzrə də əməkdaşlıq edir.
Macarıstanın “MOL Group”neft şirkəti Mərkəzi Avropadan Azərbaycana ən böyük investordur.

Bundan əvvəl məlumat verildiyi kimi, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaxın vaxtlarda qəsəbənin yenidən qurulmasına başlayacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib.
Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

Sözügedən məsələyə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a söyləyib ki, Britaniyalı nazir Leo Dokertinin Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr zamanı səsləndirdiyi fikirlər iki ölkənin təhlükəsizlik, iqtisadi, energetika sahələrindəki münasibətlərin çoxşaxəliliyindən xəbər verir:
"Böyük Britaniyanın Cənubi Qafqaz üzrə strategiyası Azərbaycanın alternativ enerji mənbələrini inkişaf etdirməsi fonunda yenilənir və London üçün Bakının əhəmiyyəti daha da artır. Çünki Azərbaycanın Avropa bazarlarına çıxardığı enerji resursları Avropa qitəsinin təhlükəsizlik arxitekturasına töhfə verir. Bu, dünyanın qüdrətli dövlətlərindən biri olan Böyük Britaniyanın regional siyasətinin Azərbaycanla əməkdaşlıq formatında tərtib edilməsinə gətirib çıxarır".

A.Kərimov həmçinin vurğulayıb ki,Britaniya başqa bir çağırışla qarşı-qarşıyadır:
"Yəni onun qlobal səhnədəki müttəfiqi ABŞ Azərbaycana qarşı təzyiq metoduna əl atır. Bakı ilə Vaşinqton arasındakı gərginlik London üçün məqbul bir variant deyil. Bu mənada Dokerti həm də Azərbaycanla ABŞ arasında uzlaşmanı təmin etməkdən ötrü regiona gəlib. Digər bir sfera Fransanın regiondakı ambisiyalarını hərbiləşdirmək cəhdləridir ki, bu da Britaniyanın strateji maraqları ilə ziddiyyət təşkil edir. Britaniya ilə Fransa arasında rəqabət olduğunu nəzərə alsaq, deyə bilərik ki, London Parisin Cənubi Qafqazdakı oxları tərpətmək üçün iddialarını sarsıtmaq istəyir. Britaniyanın Fransaya qarşı tutduğu həcm Azərbaycanın yararınadır. Hesab edirəm ki, danışıqlarda Parisin ambisiyalarının zərərsizləşdirilməsi istiqamətində mühüm aspektlər əhatə olunub".
Ardını oxu...
23-24 noyabr tarixlərində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya işgüzar səfərə gələcək. O, BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) birinci sammitində iştirak edəcək. Bu barədə Özbəkistan prezidentinin saytında yer alan məlumatda bildirilir.

Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Hədəf Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə “yol xəritəsinin” qəbulu, biznes təşəbbüslərinin təşfiqi və digər məsələlər daxil edilib.

SPECA 26 mart 1998-ci ildə iqtisadi əməkdaşlığa yardım məqsədilə təsis edilib. Proqramın iştirakçısı olan dövlətlər Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandır. (Turan)

İraq Prezidenti Əbdüllətif Camalın Azərbaycana səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ikitərəfli əlaqələri inkişaf etdirməyin düsturlarını tapmaq və onu dəyişən regional konfiqurasiyanın arasında mövqeləndirmək baxımından diqqətəlayiq idi.
Hər iki prezident mətbuata birgə bəyanat zamanı Azərbaycan-İraq münasibətlərinin səmərəli dərinləşməsini özündə ehtiva edən formulu qarşılıqlı iqtisadi əməkdaşlıq modeli qurmaq çağırışları ilə səsləndirdi.
Amma Əliyevlə Camalın görüşünün daha geniş regional gündəliyi əhatə edən fazası da mövcuddur.
Niyə Fransa?
Əliyevin mətbuata birgə bəyanat zamanı Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etməsi, Fransanın regionda gizli və ambisiyalı gündəlik qurmaq planlarını qabartması Cənubi Qafqazla Yaxın Şərqin əlaqəli ola biləcək konteksti fonunda əhəmiyyətlidir.
Bunun batinində duran motivləri təhlil etmək üçün Fransanın Cənubi Qafqaz və Yaxın Şərqin İraq cinahındakı mövqelərini bir-birilə calaq etmək tendensiyasına diqqət etmək lazımdır.
Yəqin ki, İlham Əliyev fikri Azərbaycanın İraqdakı iqtisadi iştirakında Fransanın maneəyaradıcı səylərinə yönəldir. Yoxsa çox asanlıqla və ilkin qənaətlə sual etmək olardı ki, Azərbaycan Prezidenti niyə məhz iraqlı həmkarının yanında Fransa ilə əlaqədar bəyanat səsləndirir?
Mövzu üzrə daha da dərin qatlara enmək üçün Fransa ilə İraqın münasibətlər sisteminə konseptual baxışla nəzər yetirmək ehtiyacı yaranır.
Öncəliklə bunu diqqətdən qaçırmayaq ki, Fransanın Yaxın Şərq regionu boyunca maraqları Böyük Britaniya və ABŞ ikilisinin enerji tədarükündəki üstünlük təşkil etdiyi məsələlərə ehtiyatla baxaraq şişir.
Fransa 1920-ci illərdən bəri İraqın neft hasilatında 25 faizlik paya malik idi. Nəticədə, 1970-ci illərin sonunda İraq Fransanın özünün əsas ticarət, hərbi və nüvə texnologiyası tərəfdaşına çevrildiyini yeganə istisna kimi təqdim edib.
Fransa da bunun qarşılığı olaraq İran-İraq müharibəsi zamanı Bağdadı yüksək texnoloji avadanlıqlarla silahlandırıb və onu Tehrana qarşı dəstəkləyib.
Amma Fransa 1990-cı ildə İraqın Küveyti işğal etməsinə qarşı ABŞ və Böyük Britaniya koalisiyasına qoşuldu, bununla da Parislə Bağdad körpüsü dağılmağa başladı. Bundan 13 il sonra -2003-cü ildə ABŞ, Böyük Britaniya və Fransa üçlü ittifaqı İraqdakı müharibə nəticəsində dağıldı, çünki Parisin London və Vaşinqtonla prinsiplərinin toqquşması yenidən baş qaldırmışdı.
Vəziyyət o yerə çatmışdı ki, o dövrdə Fransanın prezidenti olmuş Jak Şirakın administrasiyası İraqın ABŞ tərəfindən işğalına etiraz etmişdi və Vaşinqtonun birtərəfli gündəlik formalaşdırmaq cəhdinə qarşı müxalif mövqedə idi. Amma bunun özü belə, Fransa ilə İraqın yenidən yaxınlaşmasını təmin etmədi.
Yaxın Şərqdə İŞİD terrorizmi səhnəyə çıxdıqda isə Fransa Yaxın Şərqdəki mövcudluğunu daimi əsasa çevirmək üçün siyasi, hərbi və humanitar vasitələrlə dəstək paketini xərclədi və bunun fonunda İraqla əməkdaşlığı canlandırdı. Sonradan, 2020-ci ildə İraq Fransanın yardımından faydalanan dövlətlər arasında ön sıralarda oldu.
Belə ki:
- 2017-21-ci illər arasında Fransanın İraqa yardımı 60 milyon avroya çatıb,
- 2019-cu ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1,3 milyard dollar olub.
Deməli, Fransanın Yaxın Şərqdəki dirçəlişində İraqla münasibətlər alternativ pəncərələrdən biridir və indi Parisin regionda artan ambisiyaları Azərbaycanın İraqdakı maraqlarına qarşı stimullaşa bilər.
Azərbaycana bu baxımdan Fransanın İraqdakı ambisiyalarını təhlil etmək əhəmiyyətlidir, burada təkcə iqtisadi əməkdaşlığa qarşı Parisin qura biləcəyi oyunlardan bəhs oluna bilməz.
Çünki Fransanın İraqa doğru addımları Parisin Türkiyə əleyhinə şəbəkəsində birləşdirici halqadır.
Fransa regional güc mərkəzi olan Türkiyənin İraqda dominantlıq etdiyi bölgələrdə mövcudluğunu artırmaq cəhdlərini gizlətməkdən qaçmır.
Fransanın belə fürsətçi radarlar quraşdırması Bakı-Ankara strateji müttəfiqliyinin regiondakı birgə maraqlarına qarşı qiymətləndirilir.
Mənim düşüncəmə əsasən, İlham Əliyevin iraqlı həmkarına Azərbaycan-Ermənistan münasibətləri fonunda Fransa ilə bağlı mövqeyini çatdırması daha böyük bir gündəliyin ortaya çıxardığı çağırışın qiymətləndirilməsidir.
Britaniyalı nazirin gəlişi
Yuxarıda Britaniya amilini və Fransanın Londonla rəqabətini havadan fikirlərimizin arasına yerləşdirmədik.
Bir neçə mühüm məqam var ki, bunu diqqətdən kənarda saxlaya bilmərik. Bu ilin iyulunda Londonda İraq və Britaniya rəsmiləri arasında ikigünlük strateji dialoq keçirilmişdi. Böyük Britaniya müxtəlif sektorlarda Bağdadı dəstəkləmək öhdəliklərini təkrarlayıb və təhlükəsizlik məsələlərində əməkdaşlığı artırmaq barədə razılıq əldə olunub.
Hazırda Kürdüstan bölgəsi də daxil olmaqla İraq ərazilərində 1400-ə yaxın britaniyalı hərbi personal xidmət edir.
İndi keçid edək məsələnin Cənubi Qafqaz və İraq regionu ilə əlaqəsinə, burada başqa bir məlumat əhəmiyyətli ipucu kimi qabarıqlaşır.
İraq prezidentindən sonra Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz regionuna səfərinin başlayacağına dair rəsmi məlumat yayıldı.
L.Dokerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq.
Bu fikirdə xəta ehtimalı olsa da, mənə görə, ümumiyyətlə səfərlərin ardıcıllığı strateji məntiq nöqteyi-nəzərindən təsadüfi deyil.
Böyük Britaniya Azərbaycanı artıq strateji tərəfdaş kimi nəzərdən keçirir və bunu müttəfiqlik əlaqələrinə qədər irəlilətmək planını pərdəarxası danışıqların predmetinə gətirir.
Buna görə də Britaniya nəinki Azərbaycanın Cənubi Qafqazdakı strateji genişlənməsində, həmçinin Bakının İraqın iqtisadi mühitindəki perspektiv investisiya portfelinin böyüməsində maraqlıdır...
Camal nəyə işarə edir?
Camal isə mətbuata bəyanat zamanı Yaxın Şərqin İsrail-Fələstin qanlı səhnəsi barədə çıxış etdi, onun bu fonda Azərbaycanla İraqın gələcək qarşılıqlı investisiyalarını ümumi qiymətləndirməsi maraq doğurur.
Burada təhlükəsizlik çağırışı da olmamış deyil, çünki İsrail-HƏMAS hərbi qarşdurması İraqın da sabitliyini, Bağdadın Qərblə münasibətlərində irəliləyişlərini təhdid edir.
Təhlükəsizlik tədbirlərinin əhəmiyyətli fazasını təmin etmək isə iqtisadi əməkdaşlığın dərinləşməsindən keçir, buna görə də Əliyevlə Camalın gələcək üçün daha genişmiqyaslı yol xəritəsini müzakirə etdiyini söyləməyə əsas var.
Yaxın Şərqdə, o cümlədən İraqda təhlükəsizliklə əlaqədar həyəcanlara baxmayaraq, ehtimalım budur ki, Azərbaycan həm özünün formalaşan regional gündəliyi, həm də Türkiyə ilə strateji müttəfiqlikdən doğan maraqlarından irəli gələrək İraqdakı aktivlik dərəcəsini qaldıracaq.
Aqşin Kərimov,
Siyasi şərhçi
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqlədi: “Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.

Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.

İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə Müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.
 
Ardını oxu...
“İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.”

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavabında deyib.

“ABŞ böyük danışır, çünki İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. ABŞ regionun daxili işlərinə qarışmasa yaxşı olardı”, Kənanı bildirib.

Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməməyə çağırıb.

Siyasi təhlilçi Nəsimi Məmmədli İran Xarici İşlər Nazirliyinin sözçüsünün çıxışını şərh edərək bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəiflədikcə İran regionda geosiyasi rəqabətə daha da meyllənir.

“İranın Cənubi Qafqazda ən gərgin, barışmaz münasibətlərdə olduğu yeganə dövlət Azərbaycan idi. Bu reallığı nə İran, nə də Azərbaycan qısa zamanda dəyişə bilər. İranla Azərbaycan arasında dərin strateji ziddiyyətlər var. Mövcud geosiyasi proseslərin təsiri ilə yaranan taktiki yaxınlıq müvəqqətidir. İran bu fürsətdən maksimum yararlanmağa çalışır. İran ABŞ-la Azərbaycan arasında soyuq münasibətlərin dərinləşməsində maraqlıdır. Hər əlverişli fürsət düşəndə bu istiqamətdə müəyyən qızışdırıcı addımlar atır “, o bildirib.

Məmmədlinin fikrincə, hazırda İran bəzi regional məsələlərdə Azərbaycanla ortaq mövqedə olduqlarını qabartmaqla ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına ümid edir.

“Azərbaycanın təhlükəsizliyinin əsas qarantı NATO üzvü olan Türkiyədir. İranla münasibətlər iqtisadi-ticarət, kommunikasiya məsələləri üzərindədir. ABŞ-ın Azərbaycan-İran münasibətlərinə qarışması ilə bağlı deyilənlər reallığı əks etdirmir”, siyasi təhlilçi əlavə edib.

Xatırlatma

Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını deyib.

ABŞ dövlət katibi köməkçisinin müavini həmçinin bildirib ki, tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyət saxlanılmalıdır.

“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn əlavə edib.

Daha sonra altkomitənin üzvləri O’Brayn və Sokolovksiyə ABŞ-ın bölgədəki siyasəti, sülh sazişi ilə bağlı son vəziyyət, Rusiya və İranın bölgəyə təsiri, o cümlədən Qarabağda hərbi əməliyyatdan sonra ABŞ administrasiyasının Azərbaycan rəhbərliyi ilə münasibətlərinin gələcəyi ilə bağlı suallar verdilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin dinləmələrə cavab olaraq şərhində bildirilib ki, Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir.

Azərbaycan Xarici İşlər Nazirliyi dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.

“Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır," şərhdə deyilir və əlavə olunur ki, ABŞ rəsmisi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasına etinasız yanaşıb.

Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.

“ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüquqdur”, şərhdə qeyd edilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller noyabrın 16-da ənənəvi brifinqdə Azərbaycan tərəfinin ABŞ-da keçiriləcək görüşdən imtinası ilə bağlı sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək.

“Daha əvvəllər də dediyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə olsun, hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq", Metyu Miller qeyd edib.
 

Ardını oxu...


Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı “boğucu mexanizmlər”ini işə salacağı qətiyyən şübhə doğurmur... Rusiyanın yalnız elə Ermənistandan idxal prosesini və güzəştli enerji resursları nəqlini dayandırması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər, bu, olduqca güclü “silah”dır...
Rusiya və Ermənistan arasında ziddiyyətlər kəskinləşməkdə davam edir. Rəsmi İrəvan israrla Rusiyadan uzaqlaşmaq istiqamətində addımlar atır. Üstəlik, daha çox provokativ xarakter daşıyan bu addımların məhz ABŞ və Qərbdən aldığı təlimatlardan qaynaqlandığını da gizlətməkdə çətinlik çəkir. Sanki ABŞ və Qərb Ermənistanı “siyasi xizəyə” oturdub və Kremlin vaxtilə süni şəkildə yaratdığı bu qondarma ölkə “sürüşərək”, Rusiyadan uzaqlaşmağa çalışır. Və Ermənistanın Rusiya ilə hərbi müttəfiq olduğunu nəzərə aldıqda, rəsmi İrəvanın bu davranışlarının kifayət qədər təhlükəli məşğuliyyət olduğu qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi İrəvan indiyə qədər Kremlə qarşı açıq demarş xarakteri daşıyan “sərt dönüşlər” edib. Rusiyanın Paşinyan hakimiyyətinin siyasi xəyanətinə konkret addımlarla deyil, məhz sadəcə, bəyanatlarla reaksiya verməsi isə rəsmi İrəvanı müəyyən mənada, arxayınlaşdırmağa başlayıb. Hətta bəzi müşahidələrə əsasən, Paşinyan hakimiyyətinin son vaxtlar daha da cəsarətlədiyini də iddia etmək olar. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə qapalı toplantıda Kremlin sərt reaksiya ehtimalından narahatlığını gizlətməyən siyasi komandasının bəzi üzvlərini “Rusiya indi heç kimi cəzalandıra biləcək imkanda deyil” izahı ilə sakitləşdirməyə çalışması da belə düşünməyə əsas verir.

Paşinyan hakimiyyəti Kremlə qarşı ən ağır demarşı məhz Rusiya prezidenti Vladimir Putin üzərindən etmişdi. Belə ki, rəsmi İrəvan Kreml sahibinə həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu ratifikasiya etmişdi. Kremlin Rusiyaya müttəfiq Ermənistanın bu davranışının nəticəsiz qalmayacağı barədə xəbərdarlıq mesajlarına belə, əhəmiyyət verməyərək, müəyyən mənada, meydan oxumuşdu. Və bu, Ermənistan ilə Rusiya arasında siyasi münasibətlərin ciddi şəkildə korlana biləcəyinin önəmli əlamətlərindən biriydi.

Maraqlıdır ki, sonrakı mərhələdə Paşinyan hakimiyyəti Rusiya əleyhinə addımlarını eyni intensivliklə davam etdirməyə üstünlük verdi. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumları baykot etməyə başladı. Kreml təmsilçilərinin qatıldığı dövlətlərarası toplantılarda iştirakdan nümayişkaranə şəkildə imtina etdi. Buna misal olaraq, MDB və KTMT-nın son zirvə toplantılarını göstərmək olar. Və buna əlavə olaraq, Paşinyan hakimiyyətinin təmsilçiləri beynəlxalq görüşlərdə Rusiyaya qarşı sərt ittihamlar irəli sürmələri ilə də diqqəti çəkirlər.

Ancaq rəsmi İrəvanın açıq Rusiya düşmənçiliyi yalnız bunlarla məhdudlaşmır. Belə ki, Ermənistan Avropa Birliyi ilə yeni sənəd imzalayıb. Həmin sənədə görə, Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının gələcək statusu müəyyən olunacaq. Eyni zamanda, yeni müqavilə ilə avropalı müşahidəçilərin sayının artırılması da təmin olundu. Halbuki, Kreml hesab edir ki, müttəfiq Ermənistandakı avropalı müşahidəçilər Rusiyaya qarşı fəaliyyət göstərən hərbi kəşfiyyatçılardır. Və vaxtilə KTMT müşahidəçilərin analoji milki hədəflərlə Ermənistana yerləşdirilməsinə razılaşmayan rəsmi İrəvana Kreml tərəfindən bu barədə sərt xəbərdarlıq edilib.

Digər tərəfdən, KTMT-nın son toplantısına qatılmaqdan vaxt bəhanəsi ilə yayınan baş nazir Nikol Paşinyan bu hərbi-siyasi alyansa müraciət edərək, Ermənistana dəstək layihəsinin müzakirədən çıxarılmasını da xahiş edib. Erməni baş nazir bununla Kremlə mesaj verib ki, Ermənistanın Rusiya və KTMT-nın dəstəyinə ehtiyacı yoxdur. Və indi rəsmi İrəvan Qərbin himayəsini daha üstün tutur, dolayısı ilə Ermənistanın qapılarının Rusiyanın üzünə bağlandığını qabardır.

Belə anlaşılır ki, rəsmi İrəvan Rusiya ilə müttəfiqlik münasibətlərini tamamilə kəsmək niyyətindədir. Ancaq baş nazir Nikol Paşinyan “Ermənistan KTMT-nı deyil, məhz KTMT Ermənistanı tərk edir” tezisini gündəmə gətirsə də, rəsmi İrəvanın tamamilə rahat olduğu da müəyyən şübhələr doğurmaqdadır. Hər halda, rəsmi İrəvan Kremli ittiham etsə də, Rusiya ilə hərbi müttəfiqliyin sonlandırılması, Ermənistanın KTMT-dan çıxaması istiqamətində konkret rəsmi addımın atılmasına da tələsmir. Və böyük ehtimalla Paşinyan hakimiyyəti hər hansı belə bir addımın dərhal Rusiyanı hərəkətə gətirəcəyini də deyəsən, anlamamış deyil.

Əslində, bu, real vəziyyəti tamamilə izah edir. Belə ki, hazırda Kreml Ermənistanın davranışlarından elə də narahat görünmür. Hətta Paşinyan hakimiyyətinin atdığı addımlara münasibətdə maksimum səviyyədə səbrli yanaşmağa çalışır. Böyük ehtimalla Kremlin bu mövqeyi daha çox iki önəmli məqamdan qaynaqlanır. Birincisi, Rusiya hazırda əsas diqqətini məhz Ukrayna savaşında hərbi məğlubiyyətdən yayınmağın yollarının tapılmasına yönəldib.

Yəni, ABŞ və Qərblə bütün istiqmətlər üzrə qarşıdurma vəziyyətində olan Kremlin hazırda Ermənistanı özünə ciddi problemə çevirməyə həvəsli deyil. Yəqin ki, Ukrayna savaşından sonra Kreml Rusiyanın ən çətin dövründə xəyanət edən Ermənistanla bağlı yekun və prinsipial qərarını verəcək. Və Kremlin Ermənistan barədə həlledici qərarının daha da tezləşməsini indi yalnız rəsmi İrəvan stimullaşdıra bilər.

Məsələ ondadır ki, əgər, rəsmi İrəvan Rusiya ilə hərbi müttəfiqliyin pozulduğunu və Ermənistanın KTMT-dan çıxdığını rəsmən elan edərsə, bu halda, situasiya ciddi şəkildə dəyişə bilər. Belə ki, Kremlin səbrli davranmasının ikinci səbəbi Ermıənustanda Rusiyanın iki hərbi bazasının olmasıyla birbaşa bağlıdır. Digər tərəfdən, Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına demək olar ki, tam şəkildə nəzarət edirlər. Üstəlik, Ermənistanın xarici ixracatının təxminən 55 faizi məhz Rusiyanın payına düşür. Və bu kimi önəmli faktorlar Rusiyanın Ermənistanla bağlı səbrli davranmasına imkan verir.

Ancaq rəsmi İrəvan Ermənistanın Rusiyadan qopılması istiqamətində konkret hüquqi addımlar atarsa, bu halda, Kremlin dərhal öz çoxsaylı boğucu mexanizmlərini işə salacağı qətiyyən şübhə doğurmur. Məsələn, yalnız Ermənistandan idxal prosesinin və güzəştli enerji resursları nəqlinin dayandırılması belə, rəsmi İrəvanı Kreml qarşısında diz çökdürə bilər. Və bu baxımdan, Rusiyanın Ermənistanda dərin sosial-iqtisadi böhran yaratmaq imkanları Kremlin əlində kifayət qədər güclü “silah”dır.

Bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti də bu reallığı bilir və konkret addımlar atmaqdan çəkinir. Rusiya əleyhinə kampaniya isə əslində, Ermənistanın deyil, məhz Paşinyan hakimiyyətinin siyasi maraqlarından qaynaqlanır. Və əsas hədəf Rusiyaya qarşı demarşlarla Qərbin dəstəyini qazanaraq, hakimiyyətinin uzunmüddətli olmasını təmin etməkdən ibarətdir.(Yeni Müsavat)

Dünyapress TV

Xəbər lenti