Ardını oxu...
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Britaniyanın xəbər kanalı “GB News”da aparıcı olacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Conson kanalla müqavilə imzalayıb.

Televiziya kanalından bildirib ki, Conson gələn il aparıcı və şərhçi kimi onlara qoşulacaq.

Keçmiş Baş nazirin kanalla imzaladığı müqaviləsinin dəyəri açıqlanmayıb.
 
 
 

Ardını oxu...

Dünən Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasının premyerası baş tutdu. Səhnə əsərində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda ərsəyə gəlib.Dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadı. 

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış etdilər

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadı.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak etdilər

"Leyli və Məcnun" tamaşasına Mədəniyyət Nazirliyinin rəhbər işçiləri də qonaq buyurmuşdu. 

Qeyd edək ki, səhnə əsərinin növbəti nümayişi 18 noyabr saat 19.00-da olacaq. 

Tamaşayla bağlı adı çəkilən teatrın mətbuat katibi Fəridə Aslanova-Rüstəmovanın fikirlərini bölüşdü: 

"Bu gün çoxdan gözlənilən "Leyli və Məcnun" tamaşasının premyerası gerçəkləşdi. Premyeralar teatr üçün əlamətdar hadisədir. Bizim üçün də bayram ab-havalı bu özəl gündə kollektivimizi təbrik edirəm. Hər kəsə uğurlar! Şərqin ilk operası "Leyli və Məcnun" 115 il öncə də bu məkanda - Tağıyev teatrında oynanılıb. Bu gün burada bizim teatr yerləşir - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı...

Bir əsrdən çoxdur ki, bu tamaşa müxtəlif rejissorların yozumunda ölkəmizin, eləcə də dünyanın bir çox teatr səhnələrində oynanılır.  Bu gün izlədiyimiz eyniadlı tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Samir Qulamovdu. Fərqli rejissor yozumda təqdim olunan "Leyli və Məcnun" təkcə teartımızda deyil, ölkəmizdə bir ilkdi".

Səhnə əsərini quruluşçu rejissoru Samir Qulamovdan da tamaşayla bağlı müxtəsər söhbətimiz alındı. 

Ardını oxu...

- Samir müəllim, "Leyli və Məcnun"u Musiqili teatrda ərsəyə gətirdiz. Fikirləriniz maraqlıdı...

 

- Böyük Füzulinin bu əsərinə müraciət etdikdə, dahi mütəfəkkirin həm öz dövründə nələri demək, gələcək üçün hansı mesajları vermək istəməsini anlamağa çalışdım. Ölməz şairimiz sadə bir qız ilə bir oğlanın sevgi fəryadını yox, həmin qovuşa bilməyənlərin timsalında daha böyük faciələri göstərmək istəyirdi. Füzuli o dövrdəki cəhaləti, ərəb dünyasınsa qadının heç bir nüfuzunun olmamasını, təhsilsizliyi, erkən nikahı və digər bu kimi problemləri göstərmək istəyirdi. 

 

- Nizami Gəncəvinin "Leyli və Məcnun"dan fərqli olaraq Füzulinin əsərində həsrətli aşiqlər bir-birinə qovuşur. Amma siz bu gün sevənləri qovuşdurmadan öldürdüz. Fərqliliyin səbəbi nədi? 

 

- Mən də onları qovuşdurdum. Amma öləndən sonra ruhən qovuşdular. Tamaşada  diqqət etdinizsə, Məcnun sevdiyinin məzarı  başında canını tapşırmaqla ona qovuşur. Məcnun həyatda  ikən məğlub, ölərkən isə qalib oldu. Səhnə əsərimdə 2 bədbəxt insan var. Leylinin əri İbn Səlam və Füzuli. İbn Səlam o qədər pul-para sahibiydi, Qəbilə başçısıydı, sərkərdəydi, şan-şöhrətiylə məşhur olmasına rəğmən Leylinin könlünə yol tapa bilmir. Baxmayaraq qız onun arvadı idi. Eyniylə şairimiz də gəncliyində sevdiyinə qovuşa bilməyib.  

 

- Belə çıxır ki, siz də Qabriyel Qarsiya Markesin "dünyanın altını-üstünə gətirən xoşbəxt yox, bədbəxt eşqlərdi" fikrini təsdiq edirsiz?

 

- Sözsüz.

 

- Klassiklərimizi yaşatmaq üçün yenə bu kimi tamaşaları səhnəyə qoyacaqsızmı? 

Ardını oxu...

- 2006-cı ildən quruluşcu rejisor kimi tamaşalar hazırlayıram. Hər zaman ciddi əsərlərə yer vermişəm. Məqsədim klassikanı, nostaljini gənclərə, tamaşaçıları modern şəklində çatdırmaq istəmişəm. Özünə "müasir" deyən, əllaməçilik edən, absurd qururb müəllif tamaşası kimi təqdim olunan "tərəqqiçi"lərdən uzağam. Bir çox insanlar və özünü "rejissor" kimi təqdim edənlər modernizmi düzgün anlamır və tamaşaçıya da səhv çatdırırlar. Müasirlik  aktyorun səhnə kəllə-mayallaq aşması, fərqli cür geyinmək deyil. Modernizm yanaşmada özünü göstərməlidi. Şəxsən mənim yadıma gəlmir ki, Azərbaycan tamaşalarında əvvəldən, sonacan səhnə əsəri qırmızı fonda getsin. Ən çətin fon qırmızı fonda işləməkdi. Bu səhnə əsərim üçün 7 ay gərgin məşqlər keçdik. Mən bir qırmızı çadırın içində tək 2 gəncin yox, o dövrün sivilizasiyasının faciəsini göstərməyə çalışdım. Çadırlarda  məhv olan ülvi hislərin,  azad sevginin, haqq-ədalətin necə dəfn olunduğunu seyrcilərə izah etmək istədim. Məsələn, səhnədə 20 qızların qəmli oxuması, əslində leylilər, Füzulin açdığı qəbirlər isə məcnunlar idi. 

 

- Bu səhnə əsərinizlə ölkə xaricində qastrol səfərləri planlaşdırırsızmı? 

 

- Bəli. Bu gün tamaşaya Mədəniyyət Nazirliyinin nümayəndələri də gəlmişdi. Onlara da təşəkkür edirəm. Adı çəkilən nazirliyin əməkdaşlarının gəlməsiylə həm də göstərmək istədik ki, "Leyli və Məcnun" tamaşasıyla ölkə xaricinə çıxmağa hazırıq. Öncəliklə türk dilli dövlətlərin teatrlarında səhnə əsərimi nümayiş etdirmək istəyirəm. 

 

ABDULLA İSMAYILOĞLU

GundemXeber.az

 
 
 

Ardını oxu...
 

Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.

Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.

Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Ardını oxu...

 
Ardını oxu...
“Səhnəyə çıxmağıma görə o qədər çətinliklər çəkmişəm ki. Hətta bir müddət bunu valideynlərimdən gizlətmişəm. Ağdam rayon yeri idi. Qız uşağının hünəri nə idi səhnəyə çıxsın? Mən aktrisa doğulmuşdum. Amma aktrisa yox, müğənni olmaq istəyirdim. 16 yaşımda Leyli rolunu oynamışam. O muğamları, qəzəlləri Heydər Şəmsizadə mənə öyrədib. Mən ömrümün sonuna qədər ona minnətdar olacağam. Arzum Bakıda böyük səhnələrə çıxmaq idi. Çünki mən o səhnə üçün yaranmamışdım. Ədil İskəndərov kimi böyük sənətkardan dərs almışam. AZDRAMA-da səhnəyə çıxmaq böyük arzum idi. Bəxtim elə gətirdi ki, Akademik Musiqili teatra gəldim. Burada da böyük rollar nəsibim oldu”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Həyatda balalarımla, doğmalarımla xoşbəxt olmuşam. Ümumiyyətlə mənim xoşbəxtliklərim də anlıq olub. Desəm ki, taleyimdən çox razıyam yalan olar. Taley bəzən üzümə gülüb, bəzən isə yox. Bir ona görə sevinirəm ki, öz adıma, atalarının adına layiq övlad böyütmüşəm. Həmişə dik gəzmişəm, heç kim hiss etməyib ki, mənim həyatımda nə baş verib! Səhhətimdə problemlər də olsa heç vaxt açıb deməmişəm” deyə xalq artisti bildirib.

Fatma Mahmudova bildirib ki, illər əvvə onu tamaşaçılara serial sevdirib.

“Elməddin Cəfərova, “Bacanaqlar” serialına çox borcluyam. Serial məni unudulmağa qoymadı. Məni tamaşaçılarıma qaytardı sanki. Teatr öz yerində, amma serial olmasaydı mən də yaddan çıxmış sənətkarların aqibətini yaşayacaqdım. Belə olsaydı gərək illər sonra üzə çıxıb deyərdim ki, mən filan tamaşada oynayan filan aktrisayam. Tamaşaçı da səni ya tanıyacaqdı, ya da ki, yox. Bu mənim üçün böyük faciə ola bilərdi” deyə aktrisa bildirib.

Sənətkar doğulduğu Ağdamdan da danışıb.
“30 ildən sonra iki il öncə Ağdama ayaq basdım. O qədər hönkürtü ilə ağladım ki. Mənim üçün çox çətin idi. Həm də ona görə çətin idi ki, Ağdama Tofiqsiz gedirdim. Tofiqin məzarını ziyarət edəndən sonra Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət etdim. Tofiqə göz aydınlığı verdim. Evimiz Ağdam teatrı ilə üzbəüz idi, ermənilər oranı elə dağıdıb ki, heç deməzsən ki, həmin yerdə nə vaxtsa 3 mərtəbəli bina olub. Bəlkə də çinar ağacı və teatrın sütunları olmasaydı evimizin yerini tapmayacaqdım” deyə sənətkar bildirib.
Ardını oxu...
Dünən böyük Azərvaycan yazıçısı Hüseyn Cavidin 141 yaşı tamam oldu. Cavid əfəndinin həyatı və yaradıcılığı geniş tədqiq olunsa da, ömrünün son məqamlarından birini məndən başqa yazan olmamışdı.
Dünən gənc jurnalist həmkarım Gunel Musa divarında paylaşım etmişdi, mövzusu və yazdığım şərh Hüseyn Cavidlə də bağlı olduğu üçün burada gətirirəm.
“Peşimansan bir mövzuya xoşlarina gəlməyən reaksiya verəsən. O saat "uğursuz" sözünü yapışdırırlar adamın alnına. Şəxsən mən uğurlu hesab etdiyiniz bir çox adamdan uğurluyam. Başı üstündə, dili gödək olmadan yaşayan, sağlam düşünən, sürü psixologiyasından uzaq bir insan olaraq çox uğurluyam. Bircə pulum yoxdu”.
Belə bir şərh yazdım:
Günel xanım, insanın uğuru pulla ölçülmür. Bu sözləri mən yox, ABŞ prezidenti Cohn Fitscerald Kennedinin milyonçu atası, ABŞ-ın İngiltərədə səfiri olmuş, üç ABŞ prezidentinin seçilməsində ciddi iştirak etmiş, Cozef Kennedi deyib.
İnsanın uğuru pulla ölçülmürsə, qələm əhlinin uğuru heç ölçülməz. Sübutu - fransız şairi Şarl Bodlerin "Albatros" şeiri. Başqa bir sübutu - tərcüməçi və şair Samuil Marşakın şeiri. Daha başqa bir sübutu - uğuru pulla, maddi nemətlərlə ölçənlər haqlıdırsa, belə çıxır ki, Süleyman Rüstəm Hüseyn Caviddən uğurlu qələm sahibidir? Və ya Süleyman Rüstəm kimi dövlətdən yaxşı mənzil, vəzifə, ad, mükafat, honorar alan, firavan dolanan, amma adı belə unudulan partiyalı şair və nasirlər Mikayıl Müşfiq, Almaz Yıldırım, Əhməd Cavaddan uğurlu adam və qələm sahibləridir? Əlbəttə ki yox!
Linkini şərh bölümünə qoyduğum, - hamısı ordadır, - yazımda belə düşüncəni təhlil və tənqid etmişəm. Məqalə Hüseyn Cavidə həsr olunmasa da, qələm əhli, mövqeyi, dəyərləri və uğur anlayışı haqqındadır. Məmurun, biznesmenin, rüşvətxor məmurun, seks xidməti işçilərinin və yazıçının uğuru başqa-başqa meyarlarla ölçülür.
Cingiz Sultansoy
Teref.az
Ardını oxu...
"Uduzmuşam və kişi kimi çəkilmişəm kənara"

Bakupost az xəbər verir ki, bunu bir neçə il öncə yayımı dayandırılan keçmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev BBC Azərbaycana müsahibəsində deyib.
O, bildirib ki, bununla bağlı ona çoxlu suallar verilib. ANS-in Fətullah Gülənlə müsahibəyə görə bağlandığını təsdiqləyən keçmiş ANS rəhbəri bildirib ki, onlar son instansiya məhkəməsinə kimi gediblər.
"Fakt olaraq bu məsələ oldu və son məhkəməyə qədər mübarizəmizi apardıq. ANS-lə bağlı instansiya məhkəmələrini sona qədər getdik və uduzduq. Uduzmuşam və kişi kimi çəkilmişəm kənara. Udmağı da uduzmağı da bacarıram. Çünki adam uduzanda kişi kimi uduzmalıdır. Biz bu hadisədə uduzduq. MTRŞ bizi uddu. Söhbət qurtardı".
Qeyd edək ki, ANS TV 2016-cı ilin iyulunda Fətullah Gülənlə müsahibəni yayımlayacağını elan etdikdən sonra TV-nin yayım lisenziyası ləğv edilib.
 
Ardını oxu...
” Aylıq jurnalım var. Tədbirlər siyahısının illik proqramından edə biləcəyimizi seçib hazırlayırıq. Ancaq tamaşalar olmur, çünki səhnəmiz yoxdur. Tamaşaları harda göstərək? İllərdir vəd eşidirik, kömək edən yoxdur”.

Göyçay Xalq Teatrının rejissoru Mətləb Şirinov belə deyir.

Teatr Rəsul Rza adına Mədəniyyət evində fəaliyyət göstərib. Mətləb Şirinov isə 2019-cu ildən bu teatrın rejissorudur.

Nə pərdəsi var, nə kulisi, nə oturacağı, nə işıqlandırması, nə də dekorasiyası”

Teatr 1961-ci ildə Göyçayda yaradılıb. Mətləb Şirinov Meydan TV-yə deyir ki, teatrın fəaliyyətsizliyi onlardan asılı məsələ deyil. Səhnə tərtibatı, tamaşaçı zalının oturacaqları yoxdur deyə əziyyətlə hazırlanan kütləvi tamaşalar nümayiş edilmir. Odur ki, rayon səviyyəli tədbirlərlə kifayətlənməli olurlar.

Bir sözlə, dörd aylıq bağlanan mədəniyyət evinin təmiri düz dörd ildir ki, yubanır, səbəbi isə bəlli deyil.

“2019-cu ilin 10 oktyabrından burada rejissoram. Həmin il bizə dedilər ki, boşaldın buranı təmir edirik. Dörd il keçsə də, hazır deyil. Mədəniyyət evinin digər otaqları təmir olub, ancaq xalq teatrına lazım olan tamaşaçı zalı, səhnə qalıb təmirsiz. Heç nə yoxdur”, – rejissor deyir.

“Hündür yerdir səhnə hissəsi, nə pərdəsi var, nə kulisi, nə oturacağı, nə işıqlandırması, nə də dekorasiyası. Səhnədə beşqat pərdə olmalıdır. Bir məkandan digər məkana keçmək üçün. Oturacaqları da yoxdur. 400 oturacaq olmalıdır ki, cəmi 150-ni gətirib keyfiyyətsiz yerləşdiriblər, onlar da dağılıb gedir. Oturacaqlar döşəməyə keyfiyyətli bərkidilməli idi. Nazirlik səviyyəsində məsələ qaldırmışıq, müraciət etmişik. Bilirlər, ancaq heç bir iş görülmür. Dövlətdən tək istəyimiz odur ki, səhnəmiz, tamaşaçı zalımız təmir olunsun, biz də məşq və tamaşalarımızı orda nümayiş etdirək”, – Mətləb Şirinov gileylənir.

Qol çəksək, elə təmirsiz qalacaq”

Mətləb Şirinov bildirir ki, teatrın repertuarında ona yaxın kütləvi tamaşa hazırlansa da, ancaq heç biri səhnə dekorasiyası olmadığından nümayiş olunmayıb. Tarixi gün və bayramlara aid tədbirlər keçirməklə aylıq, illik iş planını başa vururlar. Xalq teatrında hazırda 13 nəfər könüllü aktyor kimi fəaliyyət göstərir. Ancaq yalnız rejissor, qarderob işçisi və rəssam əməkhaqqı alır. Rejissor pulsuz çalışan aktyorları hazırlanan tamaşaların nümayişindən gələn gəlirlə mükafatlandırmaq istəyir: “Təəssüflər ki, bu da səhnə şəraiti olmadığı üçün mümkünsüzdür”.

“Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşasını hazırlamışıq, hətta İsmayıllıda oynadıq, 45 rayon arasında yer tutduq. “Dədə Qorqud”, Əlikram Məmmədovun hazır “Vətən oğulları” tamaşası var ki, beş şəkillidir. “Xəlifə”, “Laçın yuvası” kimi ona yaxın tamaşanı əlimizdə olan vəsaitlə hazırlamışıq, ancaq nümayiş etdirə bilmirik. Ancaq kənd mədəniyyət klublarında oynayırıq, mədəniyyət evinin tədbirlərini seçib keçiririk, xalq teatrının tamaşaları, arzuları qalır kənarda”, – rejissor deyir.

“46 şəhidin dəfn mərasimini biz keçirmişik, ədiblərin yaradıclıq yubileyini edirik. Düzdür, maaş alırıq, tədbirləri edirik, ancaq səhnə şəraitini, zalı düzəltsinlər ki, tamaşalarımızı hazırlayıb nümayiş etdirək, böyük işlər görək, tədbirlərlə yetinməyək. Birpərdəli tamaşa hazırlayıb məcburiyyətdən onu da musiqi məktəbində qaçaraq nümayiş etdiririk, onda da heç səhnə şəraiti yoxdur, xahiş – minnətlə icarəyə götürürük. Onun avadanlıqlarını qurmaq özümüzün də imkanları xaricindədir”? – Mətləb Şirinov problemlərdən danışır.

Onun sözlərinə görə, təmir aparan dörd fərqli şirkət indi teatr rəhbərliyindən işin tamamlanmasını təsdiqləmək üçün imza atmasını istəyir:

“Biz də razı deyilik ki, avadanlıqları qurun, tam hazır olsun. Səhv edib elə götürsək, qol çəksək, elə də təmirsiz qalacaq, heç iş görülməyəcək. Vəsaitin miqdarını bilmirik, ancaq dörd fərqli şirkət işi görüb və indi bir-birinin üstünə atır. Xalq teatrına, özü də mədəniyyət evində bir rejissor otağı, səhnə otağı və səhnə otağının arxasında bir otaq aiddir ki, hazırda orada gənclər dərgi işinə baxır. Onlar təmir olunmalıdır və səhnə qurulmalıdır ki, teatr iş görsün, cüzu miqdarda bilet satışını edib könüllü aktyorları mükafatlandırsın, müəyyən xərclərini qarşılasın”.

Nə vaxta qədər bığ, saqqalı flomasterlə çəkəcəyik?”

Teatrın rejissoru həm də geyim, qrim məsələrindən narazıdır. Deyir ki, bəzi geyim və qrim ləvazimatlarını əldə edə bilmir, əvəzində əlacsız qalıb uyğunsuz geyimlərdən, sadə üsullardan istifadə edir. Nəticədə çəkilən əziyyət boşa gedir. Teatr heyəti nazirlikdən və onun bölgələrdə yaratdığı regional qurumdan kömək istəyir:

“Həm rejissoram, həm qrim ustasıyam, həm aktyorların geyimini axtarıb tapanam. Ciddi problemdir. Əziyyət çəkirik bığ, saqqal tapmaqda. Mərkəzi Aran Regional İdarəyə yaxın Gəncə, Mingəçevir, Ağdam Dövlət Dram və Qax Kukla teatrları var ki, onların dekorasiyasından, geyimindən bizə göndərə bilərlər. İnvertar kimi yazarlar bizim idarəyə, istifadə edərik. Hansı ki, istifadə etmirlər. Dədə Qorqud obrazına geyimimiz yoxdur, nə vaxta qədər Bahar qızını göy gəlinlik geyimində çıxaracam? Nə vaxta qədər bığ, saqqalı flomasterlə çəkəcəyik? Novruz bayramında tədbir hazırlayanda məcburiyyətdən dekorasiyanı iki saata dəyişdim. Əmr verilir ki, belə yox, elə. Əlimizdə nə var onu edirik, çətinliklərlə ortalığa nəsə çıxarırıq”.

Vaxtilə qaynar xalq teatrı indi fəaliyyətini itirib”

Xalq teatrı məhsuldar dövrünü 1966-1989- cu ildə yaşayıb. Rejissor Rəhman Şıxıyev ondan artıq kütləvi tamaşalar hazırlayıb, nümayişini keçirib. Bütün uğurları da elə onun adı ilə bağlıdır. Teatrın 72 yaşlı aktyoru Əlikram Məmmədov deyir ki, ömrünün 50 ilindən çoxunu xalq teatrına həsr edib, bir-birindən maraqlı tamaşalarda maraqlı obrazlar yaradıb. Üç ildir təqaüdə çıxsa da, hələ könüllü aktyor kimi gündəlik teatra gedir. Ancaq nə həmişəki səhnə var, nə də müstəqillikdən bu tərəfə kütləvi nümayiş olunan tamaşalar:

“Hər gün bütün işçilərdən qabaq ora gedirəm. Çox bağlıyam. Əldən düşməmişəm, cavan obraza deyil, ata, əmi, baba obrazında oynamağıma şans var. Mədəniyyət evində, xalq teatrlarında müəyyən fiqurların yeri səhv düşüb. Kədərlənirəm. Səhnəyə baxanda həmişə doluxsunuram. Fiqurlar səhv düşüb deyə vaxtilə qaynar xalq teatrı indi fəaliyyətini itirib”.

“Əsər yazıb xalq teatrına vermişəm. Ancaq şəraitsizlik üzündən səhnələşdirib nümayiş edə bilmirik. Ömrümün 50 ilini bu səhnədə olmuşam. Son on beş ildə, yeni quruluşdan sonra bu sahəyə güclü zərbə dəydi. Napoleon deyirdi: “Quruluş dəyişəndə təhsilə, mədəniyyətə daha çox zərbə dəyir”, biz bunu görürük. Üzdən təmir var, ancaq səhnə qalıb elə. Səhnə olsa təklif edərəm ki, tamaşalar hazırlayaq, yoxladaq və müəyyən cuzi ödəniş müqabilində bilet satıb tamaşaları geniş kütləyə çıxaraq. Həm teatr ənənəsi yaşasın, həm də mədəniyyət formalaşsın”, – aktyor danışır.

O da deyir ki, hazırlanan tamaşaların nümayişinə yer yoxdur:

“Bəzi geyim və ləvazimatlar üçün də dram teatrlarından xahiş edək. Uman yerdən küsərlər, Mədəniyyət Nazirliyi bizə kömək etsin”.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşı İlqar Vəliyev Meydan TV-yə bildirdi ki, onların balansına daxil yeddi rayondan ikisində xalq teatrı fəaliyyət göstərir. Onun sözlərinə görə, Göyçay Mədəniyyət evinin təmiri bitib, ancaq avadanlıqlarla təminat gecikir:

“Biz bilmirik niyə təminat yoxdur. Mədəniyyət Nazirliyi bilər. Nazirliyin məlumatı var, təmin olunacaq deyiblər, gerisi bizlik deyil”.

Meydan TV-nin Mədəniyyət Nazirliyinə göndərdiyi sorğuya mətbuat xidmətindən “Suallarınızla bağlı araşdırma tələb olunur, araşdırıldıqdan sonra sizin sorğuya cavab verəcəyik” deyilsə də, günlərlə gözlənilən sorğuya, edilən zənglərə cavab gəlmədi.

Xalq teatrları yaradıcı əlaqələr qursa, onlara qismən kömək olarlar”

Ölkədə hazırda 13 Dram və 32 Xalq Teatrı fəaliyyət göstərir. Mədəniyyət sahəsi üzrə çalışan mütəxəssislər hesab edir ki, könüllü dram dərnəklərinin, xalq teatrlarının vəziyyəti dram tearlarına nisbətən qənaətbəxş deyil. Onların həm kadr, həm məkan, həm də maddi texniki bazası yetərli deyil.

Azərbaycan Kukla Teatrının mətbuat katibi, teatr məsələləri üzrə ekspert Həmidə Rüstəmova Meydan TV-yə danışıb ki, Azərbaycan teatr mədəniyyətinin təşəkkülü və inkişafında xalq teatrlarının rolu xüsusi olub. Ölkənin bir sıra tanınmış aktyorları, teatr siması məhz xalq teatrının yetirməsidir. O, xalq teatrlarının problemlərinin həllində çıxış yolunu paytaxt və bölgələrdə fəaliyyət göstərən mədəniyyət qurumları ilə sıx yaradıcılıq əlaqələrinin qurulmasında görür:

“Bir dram dərnəyinə, həvəskar truppaya xalq teatrı statusu verilirsə, birmənalı ştat cədvəlinə uyğun əməkhaqqı təyin edilir. Əməkdaşların mütləq şəkildə səhnəsi olmalıdır. Xalq teatrları yerli mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərdiyi üçün çilingərdən tutmuş işıqçısına qədər mədəniyyətə bağlı insanlardı, yəni o binanın əməkdaşıdırlar. Səhnə, geyim və digər çatışmayan məsələlərin həllində birbaşa fəaliyyət göstərdikləri mədəniyyət evlərinin, klubların, musiqi məktəblərinin imkanlarından istifadə etməlidirlər. İstər məkan, istər şərait baxımından”.

Həmidə Rüstəmova deyir ki, xalq teatrları seçdikləri repertuarlara uyğun fəaliyyət göstərməlidir:

“Bəzən aktyor truppaları səhnə və digər imkanları nəzərə almadan tamaşalar hazırlayır və bu da problem yaradır, işlərini həvəskar səviyyəyə salır. Potensiallarına uyğun janr, üslub seçib birpərdəli pyeslər hazırlayıb heyətin, məkanın imkanlarını nəzərə alsınlar. Onlardan yüksək akademik səviyyəli tamaşalar gözlənilmir, özünü ifadə təqdimatı gözlənilir. Bu mənada onlara xüsusi geyim və qrim ləvazimatlarına ehtiyac olduğunu düşünmürəm. Əgər ehtiyac duyulursa, mütləq xalq teatrlarının heyəti paytaxt və digər region teatrları ilə, eləcə Teatr Xadimləri İttifaqı ilə əlaqə qurub, yaradıcılıq mübadiləsi etməlidirlər. Onlar rekvizitlər, geyim, bığ, saqqal və digər vacib ləvazimatlar üçün müraciət edib, ala bilərlər”.

Mütəxəssisin sözlərinə görə, xalq tearlarına, yəni mədəniyyət evinə müəyyən məbləğdə vəsait ayrılır ki, sadalanan çatışmazlıqların, səhnə və işıqlandırma kimi problemlərin həllində rol oynasın:

“Gəncədə dram və kukla, Lənkəranda dram teatrı var ki, onlara da müraciət edə bilərlər. Azərbaycan Kukla Teatrı ölkənin bir neçə bölgəsindəki kukla tearlarına repertuardan çıxmış bütöv bir tamaşanı verir. Bu, kifayət qədər məbləğ deməkdir. Kuklalar, səhnə dekorasiyası, rekvizitlər hədiyyə olunur. Əminəm ki, xalq teatrları da yaradıcı əlaqələr qursa, onlara qismən kömək, fəaliyyətinə dəstək olar”.

Xalq teatrlarının problemlərinə işıq tutulmalı, şərait yaradılmalıdır”

Digər mütəxəssis, müstəqil “M Teatr” nın mətbuat katibi Turan Etibaroğlu isə deyir ki, ölkədə fəaliyət göstərən xalq teatrları maddi texniki baza və ixtisaslı kadr baxımından problem yaşayır. Dövlətin illik festival, qastrollar zamanı etdiyi vəsait köməkliyindən əlavə xalq teatrları çalışıb marketinqini gücləndirməlidir ki, problemlərinin həllinə özü kömək ola bilsin:

“Xalq teatrları arasında Bakıya gəlib tamaşa nümayiş etdirən, yer tutanlar olur. Onların başlıca problemi öz məkanlarının olmamasıdır. Qrim, geyim, rekvizit problemləri var. Dram dərnəkləri isə daha çox əziyyət çəkəndir”.

“Xalq teatrlarının problemlərinə işıq tutulmalı, şərait yaradılmalıdır. Ancaq indi marketinq dövrüdür. Hansısa şirkətlərlə, yaradıcı qurumlarla əlaqə qurub əməkdaşlıq edə bilərlər. Dövlət dəstəyi ilə yanaşı, özləri reklam gəlirlərində maraqlı olmalıdır. Teatr əməkdaşlarının maaşı azdır, məhz tərəfdaşlıq, əməkdaşlıqla problemlərini qismən həll edə bilərlər. Dövlətdən asılı olmasınlar. Xalq teatrları həm də potensiallarına, maddi imkanlarına uyğun repertuar seçsinlər. Yaxşı tamaşa maddi imkan istəyir. Texniki və yaradıcı bazaya uyğun tamaşa hazırlamalıdırlar”, – mütəxəssis deyib.
 
Ardını oxu...
Son illər Azərbaycan yazıçıları və şairləri öz kitablarını küçədə satırlar. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, başqa çarə yoxdur. İnsanlar öz beyinlərinin məhsulundan başqa cür pul qazana bilmirlər.
Gənc şair Eminquey Akifin bu yaxınlarda "Susdum" adlı kitabı dərc olunub. Şair bildirir ki, Azərbaycanda kitab satışı ilə bağlı problem illərdir davam edir:
"Mən də daxil olmaqla bəzi yazarlarımız kitablarını özü satmaq məcburiyyətindədir. Mən rayonlardan və xarici ölkələrdən onlayn sifarişlər qəbul edirəm. Bəzən hörmət naminə artıq pul ödəyənlər də olur. Adətən kitabımı hansısa kitab dükanına verəndə və sonra görəndə ki, kitabım göz qabağında deyil, onda həmin dükanla əməkdaşlığı dayandırıram. Mən kitabımı öz büdcəm hesabıma nəşr etdirmişəm. Məsələn, 500 tirajlıq kitaba 1600-2000 arası pul xərcləyirəm. Belə olan təqdirdə, qazancımın 60 faizini dükana verə bilmərəm. Bizdəki kitab dükanları gəlirin 60 faizini istəyirlər, müəllifə qazanc qalmır. Axı mən kitabdan qazandığımla maşın, ev almıram. Sadəcə, oradan əldə etdiyim gəlirlə növbəti kitabımı nəşr etməyə çalışıram. Bizə heç kim qucaq açmır ki, gəlin sizin kitabınızı nəşr edək".
E.Akif bildirir ki, bizim xalq kitaba pul verməyə qıymır: "Bizim insanlar gedib restoranda yemək yeməyi kitab almaqdan daha üstün tuturlar. Mənim sosial mediada xeyli izləyicim var. Amma bu qədər izləyicinin içində 100 nəfər oxucunu güclə toplamışam. Ümumiyyətlə, ölkədə kitabın təbliğatı çox zəifdir. Bundan həm naşirlər, həm də yazarlar əziyyət çəkirlər. Biz şairlər, yazıçılar satış öhdəliyini öz üzərimizə götürmüşük. Sözsüz ki, bu situasiya heç kimə xoş deyil. Buna sərf etdiyimiz vaxtı yaradıcılığımıza sərf edə bilərik. Mən gün ərzində 8 saat kitab satışı ilə məşğul oluram. Ona sərf etdiyim vaxtı yaradıcılıqla məşğul olaram, nəinki yağışda, küləkdə, qarda kitab sataram".
Müəllif qeyd edir ki, ötən il kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiqinə başlanılıb. Buna baxmayayaraq, vəziyyət dəyişməyib. Əksinə, naşirlər deyirlər ki, kağızın qiyməti artıb.
"Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə öz kitabını satan yazıçı və şair ən uca məqamdadır. Onun sözlərinə görə, o məqamdan üstün heç nə ola bilməz. Lakin könül istərdi ki, kitab industriyası elə qurulsun, yazıçının buna ehtiyacı qalmasın:
"İstərdik ki, nəşriyyatın sifarişindən, yayım şəbəkətlərindən tutmuş, kitabın Azərbaycanın hər bölgəsinə gedib oxucuya çatmasına qədər bütün işləri görən sistem qurulsun və mexanizm işləsin. Bundan sonra yazıçı yalnız öz işi ilə məşğul olsun. Kitab həm də əmtəədir. Demək, onun biznes tərəfi ilə də məşğul olan qurumlar və mütəxəssislər olmalıdır. Necə ki, digər sahələrdə var. Biz indi çalışırıq ki, buna doğru gedək".
Yazıçı Cəlil Cavanşir bildirir ki, yazarların öz kitablarını satması heç də xoş mənzərə deyil. Xarici ölkələrdə bu məsələlərlə müəllif agentlikləri, nəşriyyatlar məşğul olurlar. Onun sözlərinə görə, kitab çapı və satışı ilə məşğul olmaq yazıçının yaradıcı tərəfini əlindən alır:
"Məsələn, Kəramət ilin böyük hissəsini kitablarının satışına həsr edir. Amma onun kitablarının satışı ilə məşğul olan menecer olsa, Kəramət satışa ayırdığı vaxt ərzində gedib kitab yazar. Azərbaycanda Kitabxana Kollektoru var. Ötən il kitabxana kollektoru yerli müəlliflərin kitabını alıb, kitabxanalara bağışladı. Bu müsbət addım idi. İndi bunu davam etdirmək lazımdır. Özəl nəşriyyatların satış meneceri var. Arzu olunan odur ki, kitab satış işi ilə məşğul olanlar yerli yazarlara üstünlük versinlər. Azərbaycanda sırf yerli yazarların əsərlərinin çapı və piarı ilə məşğul olan bir nəşriyyat yoxdur".
dia.az
 
Ardını oxu...
İş elə gətirdi ki, 44 günlük müharibədən - Şuşa fatehlərimizin dünyanı heyrətə gətirdiyindən az sonra Anadolu səfərinə çıxdım. Artvindən Vana, oradadan da İstanbula səfər etdik. Anadoluda durumu birlirsiniz, terror təhlükəsi var deyə, maşınlar yoxlanır. Yollardakı yoxlamalarda Azərbaycan arabası görən hərbçilər bizi generalları salamlayır kimi qarşılayırdılar. Gənc zabitlər od tökülən baxışları ilə belə "Qarabağ" deyirdilər, təbrik edirdilər.
Anadolu yollarındakı o "törən" insana özünü yalın əllə qayalara dırmaşıb Qalanı düşmən caynağından qoparmış o fəthin həmmüəllifi duyğusunu yaşadırdı.
O günlərdə İstanbuldakı durumu bilirsiniz, İstanbulun nəbzi "Azərbaycan" deyə vururdu... həmin günlərin birində son 30 ildə ilk dəfə avtobusda hay-küylü bir müzakirə getdiyini gördüm. Sanki səyyar dəyrimi masa qurulmuşdu. Qarabağın alınmasından, əskərimizin hünərindən söhbət gedirdi, 7-8 nəfər bir-birini tanımayan adam bu müzakirəyə qoşulmuşdu, ağızlardan od tökülürdü...
Sözəgəlməz duyğulardı... dinməzə oturmuşdum, pəncərədən keçdiyim yollara baxır, söhbəti dinləyir, gözlərimdən yaş axırdı...
Yenə iş elə gətirdi. 23 saatlıq Suverenlik təmizliyindən sonra Özbəkistana səfər etdik. O yerlərdə 7 il öncə də olmuşdum. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Moğolistan səfərlərimlə bağlı "Qutsal Torpaqlarda" adlı kitab nəşr etdirmişəm. İndi özümə də maraqlı gəlir: həmin kitabda çox sonralar elan edilmiş Turan Dövlətlər Birliyinin proqramına düşmüş təkliflər, "birlik, birlik" deyən çağırışlar da var... demək, çerçəkləşməkdə olan bu dönəm göydən düşməyib, türklərin yüzillər boyu damarlarında gəzdirdikləri istəklərdir...
Bu dəfəki Özbəkistan səfəri bir az da uzun çəkdi. Karakalpakistana, paytaxtı Nukusa, Aral sahillərinə qədər gedə bildik. Amudəryanın biri əskilikdə misilsiz olan iki körpüsündən keçdik.
Yollar ağırdı, Daşkənddən min kilometr geri - Xəzərə doğru, səhralara qədər getmək və geri dönmək konfort axtarışında olanlar üçün deyil. Bu dözümün qaynağı yalnız eşqdir. Eşq! Mənsub olduğun kimliyə və kültürə EŞQ... xoş halımıza...
Əvvəlki səfərdə də çox adamla söhbət etmişdim, bir dünya təssüratım, bir kitab yazım var, sual etməyi, öyrənməyi sevərəm. Elə o vaxtdan görmüşdüm ki, Özbəkistanda Azərbaycan adına sayqı var, Azərbaycanlı həm sevimli, həm də dəyərli insandı. Ölkə işlərində də yeri, mövqeyi mötərbərdi.
Lakin bu dəfə... gördüyüm heyranlıq idi, sevda idi. Rast gəldiyim hər kəs sinifindən asılı olmayaraq qələbəmizdən xəbərdar idi. Amma təkcə xəbərdar deyildi. Həm də mutlu idi. O baxışlar, o kutlamalar, o duyğular əsrarəngiz idi... duyğulandırırdı... həm də ağladırdı. Qan bahasına, can bahasına əldə edilən milli qələbə yalnız sevinc gətirmir ki. Özü ilə iztirab da, gözyaşları da gətirir...
Təsadüfən, 44 günlük və 23 saatlıq "təmizlikdən" sonraya düşmüş bu səfərlərimdə bir gerçəyi kəşf etdim: Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dərdi imiş. Bu işğal bütün Turan ellərini sarsıdıbmış, alçaldıbmış... bu haqsız itkidən kimisinin ruhu anlayaraq sarsılmış, kimisi heç özü də bilmədən qəlbi əzilibmiş bu əskiklikdən...
Bu dəfə uzaq Karkalpakda belə insanları bu konudan danışarkən mutlu gördüm. Azərbaycan deyərkən gözləri qürurla gülən gördüm...
Yəqin gördüklərim barədə ayrıca bir yazı yazacam, indi isə uzun sözün qısası:
Bu dəfə Böyük Əmirimizin belə gözləri gülürdü...
Mehriban Vezir
Teref.az
 
Ardını oxu...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında onun həmkarı Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün 28 May metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.
 

Dünyapress TV

Xəbər lenti