Ardını oxu...
Bu gün ən müzakirə edilən məsələlərdən biri də Mənzil Tikinti Kooperativlərinin (MTK) fəaliyyəti ilə bağlıdır. Onlardan razı olan da var, narazı qalan da...

Vətəndaşların narazılığına əsas səbəblərdən biri mənzil kommunal haqqlarının MTK-lar tərəfindən tez-tez artırılmasıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün hündürmərtəbəli binaların mənzillərinin və qeyri-mənzillərinin mülkiyyətçiləri (qanunda onlara sahə mülkiyyətçiləri deyilir) olan şəxslərin mənzil haqqları, kommunal haqqlar ödəməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənmişdir:

“Məbləğin miqdarını sahə mülkiyyətçilərinin ümumi yığıncağı müəyyən edə bilər. Sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini də yarada bilər. Həmin cəmiyyətlərin ali orqanı olan ümumi yığıncağa da bu səlahiyyəti, yəni mənzillərə göstərilən kommunal xidmətlərin dəyərini müəyyən etmək səlahiyyəti də verə bilər”.

Vəkil bildirib ki, Mənzil Tikinti Kooperativləri yüksək mərtəbəli binaları tikib dövlət komissiyalarına təhvil verdikdən sonra MTK-nın fəaliyyətinə xitam verilməlidir:

“Bundan sonra binaların sahə mülkiyyətçiləri ümumi yığıncaqlarının qərarı ilə 3 idarəetmə formasından birini seçə bilərlər. Ya birbaşa özləri öz binalarını idarə edə bilərlər, eyni zamanda kommunal xidmət haqqlarını da özləri müəyyən edə bilərlər, yaxud kənar idarəedici təşkilata verə bilərlər. Həmin təşkilat da sakinlərlə müqavilə bağlayaraq mənzil kommunal haqqının dəyəri müəyyən edilə bilər. Üçüncü yol isə bu barədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin və ya ixtisaslaşdırılmış mənzil kooperativlərini yarada bilərlər ki, həmin təşkilatlar da bu yöndə fəaliyyət göstərə, eyni zamanda həmin təşkilatların ümumi yığıncaqları kommunal haqqlarının ümumi dəyərini müəyyən edə bilərlər”.
 
Ardını oxu...
Son günlər tikinti materialları bazarında qiymət artımı ilə bağlı ajiotaj var. Qeyd edilir ki, havaların soyuması tikinti bazarına da təsir edib. Satıcılar qeyd edir ki, son günlər alıcı qıtlığı yaşanır. Taxtanın qiyməti 380-420 manat təşkil etdiyi qeyd edilir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri illik müqayisədə bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin iyun ayında açıqladığı məlumatda bildirilir. Həmin materiallardan parket, sulu boya, pəncərə şüşəsi, divar kağızları və onlar üçün yapışqan, sement kimi materiallar isə illik mübahisədə bahalaşıb.

Bahalaşma isə ən çox parket (8,3%), sulu boya (8%), pəncərə şüşəsi (5,5%) və divar kağızlarında (5,3%) müşahidə olunub. İllik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırıcısı aylıq müqayisədə bahalaşıb. Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir. Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb. Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib. Parketin, kanalizasiya borusunun, polietilen su borusunun və parket üçün lakın qiymətində son bir ayda heç bir dəyişiklik olmayıb.

2023-cü ildə Azərbaycanda 1 milyon 180,3 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur. bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 3,725 milyon ton sement (artım 4,6%), 31,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 37,5%), 159,3 min ton asfalt (azalma 27,2%), 616,7 min kubmetr tikinti kərpici (azalma 19,1%) və 8,807 milyon kvadratmetr tikinti şüşəsi (artım 12,9%) istehsal edilib.

Bundan başqa, 3,869 milyon ton sement klinkeri (artım 36,9%), 85 min ton tikinti gipsi (artım 98,1%), 4,054 milyon ton hazır beton qarışığı (azalma 7,6%) və 44 min ton tikinti əhəngi (azalma 5%) istehsal edilib.

2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.

Ekspertlər qeyd edir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb. Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb. Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Aparılan təhlillərə əsasən, yerli istehsal artıb və bunun nəticəsində inşaat materiallarının qiymətlərində müəyyən stabillik yaranıb. Məsələn, sement, armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzunmüddətli stabillik müşahidə edilir. Amma kənardan alınan materialların qiymətində artım təbiidir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, tikinti materiallarının tikintinin maya dəyərində ümumi payı təqribən 40-45 civarında dəyişir: “Təbii ki, tikinti materiallarının qiymətinin əhəmiyyətli dərəcədə azalması və artması tikinti bazarında maya dəyərində artım və azalma ilə nəticələnir. Nəticədə də tikinti şirkətləri öz satış qiymətlərinə müvafiq dəyişikliyi edirlər. Bu da təbiidir, bazarın tələbindən irəli gələn addımlardır. O ki qaldı bəzi tikinti materiallarının bahalaşmasına, bəzisinin isə ucuzlaşmasına, idxal edilən tikinti materiallarının satış qiymətini tikinti materiallarını satanlar istədikləri kimi tənzimləyə bilmirlər. Çünki bu idxal edilən xərclərlə birbaşa bağlıdır. Ona görə qiymətləri adətən idxaldan asılı olur. Amma daxildə istehsal edilən tikinti materiallarının qiyməti isə həmin tikinti materialları istehsal edən şirkətlərin bazar marjasından asılı olaraq korrektə edə bilirlər. Maksimum 15 faiz azalda yaxud da artıra bilirlər. Ona görə bazarda tələb olmayanda daxildə istehsal edilən tikinti materiallarında müəyyən qədər ucuzlaşma müşahidə edilir. Amma idxal edilən tikinti materiallarında isə yox. Qaldı ki, bahalaşmanın səbəbinə, indi payız mövsümüdür, taxtanı Rusiyadan idxal etdiyimiz üçün orada yağış və qarın intensiv yağan vaxtıdır. İstehsalçılar meşə zolağına giri bilmirlər. Demək olar ki, taxta materialının istehsal həcmi də aşağı düşür və bazarda müəyyən defisit yaranır, son nəticədə qiymətlərin artımına gətirib çıxarır. Taxta materiallarının qiymət artımı hər il payızda bu səbəbdən müşahidə edilir”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının cüzi ucuzlaşması və bahalaşması mənzilin hər kvadratmetrində 30-50 manat civarında fərq edir: “Tikinti materialları cüzi ucuzlaşandan bəri qiymətlər hər kvadratmetrə 200-500 manata qədər bahalaşıb. Qiymətlərin artımına əsas səbəb odur ki, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi qalmayıb. Satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir. Tikinti materiallarının ucuzlaşması həyət evlərinin də qiymətlərinə təsir etməyib. Həyət evləri də kəskin bahalaşıb. Əsas səbəb isə ev tikintisi üçün yararlı torpaqların azalmasıdır. Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır”.
 
Ardını oxu...
Mərkəzi Bankın ölkələrarası birbaşa sərmayə axınları ilə bağlı son illər açıqladığı məlumatlarda diqqəti cəlb edən maraqlı məqamlar var. Ən maraqlısı isə Azərbaycandan çıxan birbaşa investisiyaların coğrafiyasında müşahidə edilən dəyişikliklərdir.

Birləşmiş Ərəb Əmirliyi və Özbəkistanda kimlər hansı sahələrə sərmayə yatırır?

Mərkəzi Bank ölkələrası birbaşa investisiya axınları ilə bağlı məlumatları 2019-cu ildən etibarən ictimailəşdirməyə başlayıb. Məhz həmin dövrdən başlayaraq baxdıqda son 3 ildə Azərbaycandan çıxan birbaşa sərmayə axınlarının seçdiyi ünvanda Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Gürcüstan və Özbəkistanın prioritet bölgələr olduğu aydın görünür. Məsələn, 2024-cü ilin ilk yarısında ölkədən birbaşa sərmayə formasında çıxan kapitalın təxminən 40 faizi və ya 397 milyon dolları BƏƏ-yə gedib. Bu dövrdə sərmayənin ən çox getdiyi ilk 5 ölkəyə liderliyi də məhz BƏƏ edib. Digər ölkələrin ardıcıllığı isə belə olub: Türkiyə 108,2 milyon dollarla 2-ci, Özbəkistan 67,4 milyon dollarla 3-cü, Gürcüstan 65 milyon dollarla 4-cü və Böyük Britaniya 51 milyon dollarla 5-ci yerdə qərarlaşıb.

2024-cü ilin yanvar-iyun ayları ərzində həmin 5 ölkəyə gedən birbaşa investisiyaların həcmi 688 milyon dollar və ya bütün sərmayələrin 69 faizi qədər olub.

BƏƏ-yə Azərbaycandan invesitiya axını əsasən son 3 ildə sürətlə artmağa başlayıb. 2022-ci ilin ilk yarısında birdən-birə 133 milyon dollar investisiya qeydə alınıb. Sonrakı ilin eyni dövründə 2 dəfə azalma baş versə də, bu il 6 dəfədən çox artım baş verib. 2022-2024-cü illərin ilk yarısında BƏƏ-yə gedən Azərbaycan sərmayəsinin ümumi məbləği 592 milyon dollar təşkil edib. Halbuki ondan əvvəlki ilin eyni dövründə bu göstərici cəmi 21 milyon dollar olmuşdu. Heç bir açıq mənbədə Azərbaycan kapitalının BƏƏ-də hansı biznes sahələrinə yönəldiyi, Azərbaycanda kimlərin kapitalının bu axınlarda həlledici pay sahibi olması ilə bağlı məlumata rast gəlmək mümkün deyil.

Lakin BƏƏ-dən fərqli olaraq Azərbaycandan çıxan kapitalın yeni ünvanlarından biri olan Özbəkistanla bağlı informasiyalar internet məkanında xeyli geniş yayılıb. Məsələn, son 3-4 ayda müxtəlif xəbər saytlarında Azərbaycan prezidentinin ailəsinə məxsus “PAŞA Holding” şirkətlər qrupunun Daşkənddə "The Ritz-Carlton Residences" layihəsinin icrasına başladığı və bu layihəyə artıq 200 milyon dollar sərmayə qoyuluşuna start verdiyi barədə çoxsaylı xəbərlər paylaşılıb. Holdinq layihənin icrası məqsədilə Özbəkistanda özünün "PASHA Development" adlı törəmə müəssisəsini də təsis edib. "The Ritz-Carlton Residences" layihəsi mənzil və otel tikintisini əhatə edir.

Gürcütana yatırlan sərmayələr haqqında da detallı məlumatlar yoxdur, amma zaman-zaman müxtəlif layihələrlə bağlı xəbərlər yerli mediaya sızdırılıb. Məsələn, hələ bir müddət əvvəl AZAL-ın keçmiş rəhbəri, siyasi hakimiyyətlə xüsusi münasibətləri olması ilə tanınan Cahangir Əsgərovun Batumidə böyük sahəyə (2 hektardan çox) malik “Gazelli Hotel” layihəsini həyata keçirdiyi haqda xəbərlər yayılmışdı. Eyni zamanda, Azərbaycanın ən böyük özəl şirkəti olan “PAŞA Holding” Gürcüstanın maliyyə-bank sektoruna yatırımlar edib.

Türkiyə Azərbaycan sərmayəsi üçün prioritet ölkə mövqeyini saxlayır

Türkiyəyə yatırımlarda, şübhəsiz ki, həlledici amil mənzil alışı ilə bağlıdır. Türkiyə statistika qurumu 2015-ci ildən başlayaraq mənzil alan əcnəbilərin sayını mənsub olduğu ölkələr üzrə açıqlayır. Statistikadan aydın olur ki, 2015-ci ilin yanvarın 1-dən 2024-cü il oktyabrın 1-dək Azərbaycan vətəndaşları Türkiyədə 10400-ə yaxın mənzil alıblar. Hətta ən kobud hesablama ilə bir mənzilin alış qiyməti 100 min dollardan götürülsə, bu ən azı azərbaycanlıların Türkiyədə 1 milyard dollardan çox mənzil fonduna sahib olduğunu ehtimal etməyə əsas verir. İllər üzrə baxdıqda Türkiyədə alınan mənzillərin 4800 ədədi pandemiyadan əvvəlki dövrə (2015-2019-cu illər) təsadüf edir. Bu müddətdə hər il orta hesabla 960 mənzil alınıb. Son 5 ildə (2020-2024-cü illər) isə ümumilikdə 5600 mənzil alınıb ki, bu da hər il üçün orta hesabla 1120 ədəd mənzil deməkdir. Göründüyü kimi, azərbaycanlıların Türkiyədə mənzil alması son illər daha sürətlə artıb. 2019-2024-illərdə Azərbaycandan Türkiyəyə gedən birbaşa sərmayələrin ümumi həcmi 3,5 milyard dollar təşkil edib. Mənzillərin yuxarıda ehtimal olunan alış qiymətindən çıxış etsək, bu sərmayənin təxminən 25-30 faizinin mənzil bazarına yönəldiyini iddia etmək mümkündür. Aydındır ki, biznes ofisləririnin və dayanıqlı gəlir gətirən qeyri-mənzil əmlakının alınması da mümkün seçimlər arasındadır. Təəssüf ki, mənzil bazarından fərqli olaraq digər sektorlara qoyulan sərmayələrlə bağlı hətta Türkiyə mənbələrində də yetərincə məlumat tapmaq çətindir.

Azərbaycandan xaricə birbaşa sərmayələri artıran səbəb nədir?

Ölkədə kapital axınına çox sərt nəzarət var və siyasi hakimiyyətin razılığı olmadan heç bir iş adamı Azərbaycandan böyük həcmdə vəsait çıxarıb xarici iqtisadiyyatlara sərmayə qoya bilməz. Bu baxımdan iri məbləğdə kapital çıxışlarının siyasi hakmiyyyətin himayəsində olan şəxslərə məxsus olmasını ehtimal etmək çox da cətin deyil. Pandemiya və postpandemiya dövründə (2020-2021-ci illər) Azərbaycandan xaricə birbaşa sərmayələr azalsa da, son 3 ildə yenidən sürətlə artmağa başlayıb. 2019-2023-cü illərdə xaricə çıxan kapitalın ən yüksək məbləği 2023-cü ildə (3,1 milyard), ən aşağı həddi 2021-ci ildə (825 milyon dollar) qeydə alınıb.

Əldə olan ən yeni statistika 2024-cü ildə də artımların davam etdiyini göstərib. Bu ilin lik yarısında Azərbaycandan xaricə birbaşa sərmayələrin məbləği əvvəlki ilin eyni dövrünə nisbətən 50 faizə yaxın artıb.

Əgər xaricə gedən yerli kapital ölkəyə mənfəətin geridönüşü formasında hər hansı fayda gətirmirsə, bunun tək adı ölkədən kapital oğurlayıb çıxarmaqdır. Belə kapital həm də ölkəni həmişəlik tərk edir – geri dönməmək şərtilə.
toplummedia.tv/
 
Ardını oxu...
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 123,9 milyon dollar dəyərində kərə yağı idxal edib.

AzFakt.com-un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 84,5% çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.
 
Ardını oxu...
Amerikalı milyarder İlon Maskın sərvəti “Tesla” avtomobil şirkətinin səhmlərinin qiymətinin 22% artması hesabına 33,5 milyard dollar artaraq, 270,3 milyard dollara çatıb.

Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu, avtomobil istehsalçısının 2023-cü ilin yayından bəri ən böyük rüblük mənfəətidir.
Ardıcıl üçüncü il “Forbes” jurnalının ən varlı amerikalılar siyahısına başçılıq edən 53 yaşlı Mask indi reytinqdə ikinci olan “Amazon”un qurucusu Ceff Bezosu 61 milyard dollar qabaqlayır.
Üçüncü yerdə 181 milyard dollar sərvəti ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşır.
Qeyd edək ki, Mask ABŞ prezidentliyinə seçkilərdə Donald Trampı dəstəkləyir. İyul ayından bəri sahibkar Respublikaçılar Partiyasının prezidentliyə namizədini dəstəkləyən siyasi komitəyə ən azı 75 milyon dollar töhfə verib. Tramp isə qalib gələcəyi təqdirdə Maskı administrasiyasında yüksək vəzifəyə təyin edəcəyini vəd edib.
 
Ardını oxu...
Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə eyni məbləğdə cərimə tətbiq edilir. Maşının qiyməti baha da olsa, ucuz da.

Sosial şəbəkədə sözügedən mövzu müzakirəyə çıxarılaraq qeyd edilib ki, bu sistem yanlışdır.

İstifadəçilərin fikirlərinə görə, bahalı avtomobillərə daha çox cərimə tətbiq edilməlidir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "maşının qiymətinə görə cəza dəyişməlidirmi?" sualı ilə sorğu keçirib.

"Taksi sürücüsüyəm. 7 min manatlıq maşın sürürəm. Mənə də 100 manat cərimə gəlir, 150 minlik avtomobil sürənə də", - deyə sakin narazılıq bildirib.

Bəs görəsən, cərimənin avtomobilin qiymətinə görə dəyişməsini reallaşdırmaq mümkündür?

Nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı qeyd edib ki, bunun olması üçün qanunvericilik səviyyəsində dəyişiklik edilməlidir.

"Azərbaycanda buna ehtiyac olduğunu düşünürəm. Çünki bahalı avtomobilləri olan imkanlı adamlar qanunlara yuxarıdan aşağı baxırlar. Onlar üçün 100 manatlıq cərimənin əhəmiyyəti yoxdur", - deyə ekspert əlavə edib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli pensiyalarla bağlı qrafikin dəyişməsinə münasibət bildirib. Deputatın fikrincə, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir.

Əli Məsimli təklif edib ki, banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin.

Banklar belə bir təşəbbüslə çıxış edə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, kredit ödənişlərində avtomatlaşdırılmış prosedur tətbiq olunur:

“Hər xidmətin öz işi var. Əslində, bankları bu mövzuda təqsirkar çıxarmaq olmaz. Çünki prossedur qaydaları var və onlar elektronlaşdırılıb. Artıq insan faktoru yoxdur və avtomatlaşdırılmış idarəetmə üslubu öz rolunu oynayır. Müqavilə, ödəniş və şərtlər üzrə qrafik sistemi vurulur və vaxtı çatanda sistem avtomatik tələb edir ki, filan şəxsin borcu yaranıb. Ödənişlər zamanında həyata keçirilsə, belə problemlər də yaranmaz”.

Ekspert qeyd edib ki, əsas məsələ pensiya və digər müavinətlərin köçürülməsini vaxtı-vaxtında təmin etməkdir:

“Hər bir halda insan faktoru var və söhbət eyni xalqın, millətin bir dairədə olan fəaliyyət növündən gedir. Əlbəttə, istənilən halda bu tənzimlənə bilər. Amma hər dəfə bununla bağlı dövlət orqanları qərar qəbul etməməlidir. Yeri gələndə bank sektoru bununla bağlı özü qərar çıxara bilər. Məsələn, vətəndaşın kartı ləğv olunmayıbsa, deməli, maaşı gələcək. Amma bu, hər dəfəsində sistemdə çoxlu dəyişiklik tələb edir. Pensiyalar zamanında verilsə, belə problemlər də olmaz. Əsas problemi kənarda qoymamalıyıq. Bu proses həll olsa, kredit ödənişində gecikmələr də baş verməz”.
 
Ardını oxu...
Mütəxəssislər müəyyən ediblər ki, Britaniya əhalisinin 55%-i məişət texnikasını gözləmə rejimində saxlayır ki, bu da ziyana səbəb olur. Texnikadan istifadə edilmədiyi zaman sadəcə elektrik açarını basmaq və onu söndürmək il ərzində çoxlu enerjiyə qənaət edə bilər.

“Express” nəşri ekspertlərdən evdə hansı cihazların ən çox enerji istehlak etdiyini öyrənib.

"Enerji istehlakını azaltmağın və pula qənaət etməyin ən sadə yolu vampir cihazlardan imtina etmək və lazımsız enerji israfının qarşısını almaqdır. Hər dəfə cihazları söndürmək yorucu ola bilər, amma uzunmüddətli perspektivdə bu, elektrik israfınıza əhəmiyyətli təsir göstərə və istifadə etmədiyiniz enerji üçün pul ödəməkdən sizi xilas edə bilər", - deyə “Quotezone.co.uk” qiymət mütəxəssisi Tiffani Miliff bildirib.

Ən çox enerji istehlak edən cihazlar:

- Oyun konsolu
- Stolüstü kompüter
- Noutbuk
- Ağıllı səsgücləndiricilər – onlar gözləmə rejimində saatda 3 vatt enerji sərf edir, bu isə il ərzində hesabınıza əhəmiyyətli məbləğ əlavə edəcək
- Qabyuyan maşın
- Paltaryuyan maşın
- Quruducu
- Mikrodalğalı soba – tez-tez gözləmə rejimində qalır və elektrik haqlarınıza ciddi təsir göstərə bilər
- Televizor
- Qəhvə maşınları.
 
Ardını oxu...
İnvestorlar prezident seçkilərini izləyərkən uçot dərəcəsinin azaldılması trayektoriyasını yenidən nəzərdən keçirdikləri üçün çərşənbə günü dolların məzənnəsi iki ay yarımın ən yüksək həddinə çataraq səssiz qalıb.

Valyuta.az xəbər verir ki, bir sıra əlverişli iqtisadi məlumatların açıqlanmasından sonra ABŞ-da aqressiv faiz endirimi gözləntiləri zəiflədiyi üçün Green artıq üç həftədir güclənir.

CME-nin FedWatch alətinə görə, FED-in noyabr ayında təvazökar rüb faiz dərəcəsini azaltma şansı 91%-dir.

Bu daha az güvercinli dünyagörüşü ABŞ dövlət istiqrazlarının gəlirlərinin artmasına kömək edib. Çərşənbə axşamı günü 4,222% ilə 10 illik gəlir 26 iyuldan bəri ən yüksək səviyyəyə çatıb.

Çərşənbə axşamı bazarların diqqət mərkəzində FED-in Bej Kitabının nəşri olub.

Bej Kitabın əvvəlki nəşri bəzi parlaq ləkələrlə iqtisadi yavaşlamanın şəklini verib və oktyabr hesabatında da eyni olacaq, City Index-dən Matt Simpson deyir.

Bununla belə, son məlumatların gözləniləndən daha yüksək olduğunu nəzərə alsaq, nikbin nəticə daha çox görünür, deyə o əlavə edib.

"Lakin dollar indeksi və ABŞ istiqrazlarının gəlirləri çərşənbə axşamı günü bir qədər yüksəldi, bu, xüsusilə iki illik xəzinədarlıq gəlirlərinin 4%-dən aşağı qayıtdığını görsək, buğaların ehtiyatlı olmalarını təklif edir".

Dolların indeksi altı əsas valyutanın səbətinə nisbətdə avqustun 2-dən bu yana ən yüksək həddi 104,19 səviyyəsinə yüksəldikdən sonra Bakı vaxtı ilə saat 09:45-də 104,14 yaxınlığında sabit qalıb.

Eyni zamanda, ABŞ-da keçirilən prezident və Konqres seçkilərinin nəticələrinin yekunlaşmasına cəmi bir neçə həftə qalıb və investorlar Respublikaçıların qələbəsi riskini qiymətləndirirlər ki, bu da bütün hesablamalara görə, respublikaçıların qələbəsi dollar üçün ən əlverişli senaridir.

Dolların və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin möhkəmlənməsi yenanın minimum üç aya qədər ucuzlaşmasına səbəb olub.

Yapon yeni dollara nisbətdə 0,68% ucuzlaşaraq 152,09-a düşüb.

Yaponiyada ümumi seçkilər bazar günü, oktyabrın 27-də keçiriləcək. Bir neçə son sorğular hakim koalisiyanın parlamentdəki çoxluğunu itirə biləcəyini göstərir ki, bu da baş nazir Şiqeru İşibu işinə sərf edə bilər və ya Liberal Demokrat Partiyasını hakimiyyətdə qalmaq üçün əlavə koalisiya tərəfdaşı axtarmağa məcbur edə bilər.

Avqustun 2-dən bu yana 1,0792 dollar səviyyəsinə enərək avronun məzənnəsi 1,0803 dollara qədər çox az dəyişib.

Britaniya funtu 1,2987 dollara yaxın qalıb - əvvəlki sessiyada Britaniya valyutası avqustun 19-dan bəri ən aşağı səviyyəyə - 1,2945 dollara düşüb.

Aussie 0,1% ucuzlaşaraq 0,6674 dollara düşüb.

Kivi 0,1% ucuzlaşaraq 0,6036 dollara düşüb.

İsveçrə frankı 0,18% ucuzlaşaraq 0,8669-a düşüb. Avroya nisbətdə valyuta 0,24% ucuzlaşaraq 0,9367-ə düşüb.

Yuan heç bir açıq dinamika göstərməyib: materik bazarında valyuta 7,1279 səviyyəsində, ofşor bazarda isə 7,138-ə yaxınlaşıb.

Bitcoin 0,7% ucuzlaşaraq 67 009,54 dollara, Ethereum isə 0,85% ucuzlaşaraq 2 609,88 dollara düşüb.

Nicat
 
Ardını oxu...
2024-cü ilin ilk 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 22 faiz artaraq 335 milyon dollara yaxın olub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Hüsyev X platformasında yazıb.

“Bu, iqtisadi əlaqələri gücləndirir, yeni biznes imkanları açır, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi əsas sektorlarda əməkdaşlığı gücləndirir”, səfir qeyd edib.
Rəsmi məlumatlara görə, Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə 1 milyard 82 milyon dollar səviyyəsində olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir ay öncə, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı iki ölkə prezidenti 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması barədə razılığa gəlib. Lakin, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqələrdə fasilələr yaranıb.

Bununla yanaşı, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 214 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb. Bu il inoktyabrında İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi bəyan edilib.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.
https://x.com/Husyev/status/1849031232090222814?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1849031232090222814%7Ctwgr%5Ea31fbd0ecd3c1f7dd1cdceadb7a0e8262e987198%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7835594.html

Dünyapress TV

Xəbər lenti