Ardını oxu...a
Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb.

TEREF Tribunainfo.az-a istinadla xəbər verir ki, Star Təmir Conctruction MMC ilə bu məqsədlə satınalma müqaviləsi imzalanıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərə görə 247.776,4 manat pul ayırıb. 1900 kvadrat metr ərazidə bu məqsədlə 7500 ədəd ağacın əkilməsi, ağac əkiləcək ərazinin zibillərinin əllə təmizlənməsi nəzərdə tutulur.

“Star Təmir Conctruction” yeni şirkət olsa da, bir çox tenderdə qalib olub. Məsələn, şirkət iki il öncə Laçın İcra Hakimiyyətinin sifarişini yerinə yetirib. 50 min manatlıq işin müqabilində Ağcabədidəki Laçın qəsəbəsinə asfalt yol çəkib.

Analoji proses Göygöl Rayon İcra Hakimiyyəti ilə də baş tutub. Bu zaman sözügedən MMC İcra Hakimiyyəti ilə “Göygöl şəhərində yolların əsaslı təmiri işləri”nə görə 829.075,32 manatlıq müqavilə bağlayıb.

Bildirək ki, STAR TƏMİR CONSTRUCTİON MMC-nin qanuni təmsilçisi Zaur Marif oğlu Əsgərovdur. Şirkətin nizamnamə kapitalı isə cəmi 20 manatdır.
 
Ardını oxu...
“Veranda Resort Hotel Villas” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Xəlilli Seymur Nərman oğlu olan “Veranda Resort Hotel Villas” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 41609.25 manat vergi borcu var. Şirkət Xəzər rayonu Mərdəkan qəsəbəsində “Veranda Hotel”i fəaliyyət göstərir. Şirkətin Bakı şəhərində müxtəlif ünvanlarda restoranlar şəbəkəsi mövcuddur.
 
Ardını oxu...
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:

"Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək", - deyə qeyd edilib.
 
Ardını oxu...
Son günlər ölkəmizə Monqolustandan gətirilən ət məhsulların artması ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur.

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb.

2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.

Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir:

“Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.
Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?

Sualımızı cavablandırmaları üçün iqtisadçı ekspertlər Xalid Kərimliyə və Natiq Cəfərliyə müraciət etdik.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan ət məhsulları ilə yanaşı qonşu dövlətlərdən diri heyvanlar da alır: “Təbii ki, alınan ət məhsulları və heyvanlar olmasa bazarda qiymətlər daha yüksək olar. Xaricdən məhsulların idxal edilməsi daxili bazardakı qiymətlərin stabil qalmasına şərait yaradır”.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycana xaricdən gətirilən dondurulmuş ət bazara demək olar ki, təsir etmir: “Çünki o ətlərin spesifik istifadə yerləri var. Buraya həm dövlət sifarişləri, həm də özəl sifarişlər daxildir. Məsələn ordunun, məktəblərin, bağçaların, uşaq evlərinin ehtiyacları, eyni zamanda tenderlər vasitəsilə müqavilələr əsasında müəssisələrin təminatı bunlara aiddir. Xaricdən gətirilən dondurulmuş ətlər daha çox bu sahələrdə istifadə olunur. Onların daxili bazara heç yoxdur demirəm, amma yox dərəcəsindədir”.
 
Ardını oxu...
İlkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub.
BAKI, 3 noyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və "MeetUp Networking Club" Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib. Bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Şyen ilə görüş keçirilib.
Mərkəzdən Sputnik Azərbaycan-a məlumat verilib ki, görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. Tani Şyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
"Azexport" portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirib. Daha sonra ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şri-Lanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İdxalçı şirkət nümayəndəsi Tani Şyenin görüşlərinin aqrar sektorda fəaliyyət göstərən şirkətlərin bağlarında və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini "azexport.az" portalı və "MeetUp Networking Club" vasitəsilə təqdim edə bilərlər.
"Azexport" portalı
Qeyd edək ki, "Azexport" portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. İndi sahibkarların öz yerli məhsullarını 150-ə yaxın ölkədə fasiləsiz tanıtmaq imkanı var. Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi adı altında təşviqinə dəstək verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
 
Ardını oxu...
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2,5 milyard dollar olub.

Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (150,7 milyon dollar) birinci, pomidor (139,6 milyon dollar) ikinci, qızıl (115,3 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 9 ayında Rusiyaya 843,7 milyon dollar, Türkiyə yə 435,1 milyon dollar, Gürcüstana 195,1 milyon dollar, İsveçrəyə 119,6 milyon dollar, ABŞ-a isə 113 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Qeyd edək ki, bu ilin ilk 9 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“MKT İstehsalat Kommersiya” MMC – 79,4 milyon dollar

“Silk Vey Vest Aviaşirkəti” MMC – 75,5 milyon dollar

“ASG Business Aviation” MMC – 70 milyon dollar

“Baku Steel Company” QSC – 47,6 milyon dollar

Süleymanova Göhər Süleyman qızı – 34,8 milyon dollar

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 32 milyon dollar

“Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti – 28 milyon dollar

“Tabaterra” QSC – 27,5 milyon dollar

“Paqro” MMC – 25,6 milyon dollar

“My Vegetables” MMC – 22 milyon dollar

Yeniavaz.com
 
Ardını oxu...
Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.

Maraqlıdır, yaxın gələcəkdə manata hər hansı ciddi təhlükə varmı?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik:

“2023-ci illə müqayisədə 2024-ci ildə Azərbaycanda idxal göstəriciləri kifayət qədər artıb, amma ixracatda göstəricilərin azaldığını müşahidə edirik. Bu tendesiya uzunmüddət davam edir.

Son 5 il ərzində, yəni 2019-2024-ci illəri əhatə edən dövrdə qeyri-neft sektoru üzrə ixracat göstəriciləri azalmağa doğru gedib. Əvəzində isə idxalda artım müşahidə olunub.

Bu da manata xarici təsirlərin güclənməsinə gətirib çıxarır.

Manatın 0.5 bənd dəyər itirməsi və dəyər itkilərinin davam etməsi manatın həm alıcılıq qabliyyətinin, həm də məzənnəsinin zəifləməsinə səbəb olur. Bu, davamlı şəkildə davam edirsə, çox ciddi risklər yaranacaq.

Ən böyük risk neftin qiyməti ilə bağlıdır. Bildirim ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra yeni prezident və yeni administrasiya həm Yaxın Şərqdəki münaqişələr, həm də Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək qərarlar verəcək.

Hər iki tərəf - demokratlar və respublikaçıların hər iki məsələ ilə bağlı fərqli baxışları var. Lakin gözləntilər bundan ibarətdir ki, istər Yaxın Şərqdəki münaqişələrin, istərsə də Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində ABŞ öz siyasi xəttini müəyyən edəcək. Yəni, bununla yeni dönəm başlayacaq. Bu da münaqişələrin tədricən zəifləməsinə gətirib çıxaracaq.

Sözsüz ki, bu, dünya birjalarında neftin qiymətinə təsir edəcək.

Belə demək mümkünsə, neftin qiyməti azalacaq. Bu da əhəmiyyətli dərəcədə Azərbaycana təhlükə yaradacaq.

Azərbaycan iqtisadiyyatı həm idxaldan, həm neft-qazdan asılı olması fonunda manatın zəifləməsi və sürətlə dəyər itirməsi müşahidə olunacaq.

Manatın ölkə daxilində rəsmi statistik məlumatlardan fərqli olaraq, yəni 8 və ya 10 % bənd üzrə deyil, faktiki olaraq manat təxminən 20 və ya 30 % civarında dəyər itirir.

Süni şəkildə xarici valyutalar ilə məzənnənin saxlanılmasına baxmayaraq, real ticarət münasibətlərində manatın alıcılıq qabiliyyəti aşağı düşməkdədir. 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik”.
 
Ardını oxu...
Gürcüstan Rusiyadan təbii qaz tədarükünü artırıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika xidməti məlumat yayıb.

Belə ki, Gürcüstan 2024-cü ilin ilk üç rübündə Rusiya qazının alışını artıraraq bu dövr üçün rekord məbləğə - 90,1 milyon dollara yüksəldib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir.
 
Ardını oxu...
Bu il oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 45 milyard 586,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, aylıq müqayisədə 1,3 % çox, ilin əvvəlinə nisbətən 1,1 %, illik müqayisədə isə 8,5 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi oktyabrın 1-nə 35 milyard 772,7 milyon manat təşkil edib. Bu, sentyabrın 1-nə olan analoji göstəricidən 1,4 %, ilin əvvəlinə nisbətən 1,1 %, illik müqayisədə isə 7,8 % çoxdur.
 
Ardını oxu...
Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,46 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəlinə nisbətən 0,02 bənd az, illik müqayisədə isə 0,19 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti