Ardını oxu...
İdarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.
İdarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.
Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.
 
Ardını oxu...
Abşeron yarımadasında yerləşən Bakı tikinti normalarını və sıxlıq tələblərini tez-tez pozan çoxmərtəbəli binaların tikintisi səbəbindən mərkəzdə, həm də yeni birmərtəbəli və çoxmərtəbəli məhəllələrin meydana gəldiyi şəhər kənarlarında əhalinin sıxlığı ilə əlaqədar getdikcə daha böyük meqapolisə çevrilir. Bu 20 illik tikinti bumunun fonunda az adam şəhər planlamasının vacib hissəsi olan yeni qəbiristanlıqların salındığını xatırlayır. Nəticədə qəbiristanlıqlar doludur. Şəhərin mərkəzində, Xəzər, Sabunçu və Suraxanı rayonlarında kritik vəziyyət yaranıb, digər şəhərətrafı zonalarda da vəziyyət yaxşı deyil.

Azərbaycanda qəbiristanlıq siyasəti 4 dekabr 2018-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları» və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsilə tənzimlənir. O vaxtdan Bakıdakı qəbiristanlıqlar Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən bələdiyyələrə verilib. Azərbaycanda 4204 qəbiristanlıq var (Bakıda 40-a yaxın), onlardan 3268-i bələdiyyələrə verilib, ədliyyə nazirinin müavini Vilayət Zahirov mətbuata bildirib. Nazir müavini açıqlama verib ki, 900-dən çox qəbiristanlıq torpaq xəritələrindəki qeyri-dəqiqlik və bəzi qəbiristanlıqlara dair mülkiyyət sənədlərinin olmaması səbəbindən bələdiyyələrə verilməyib. Bələdiyyələr öz ərazilərindəki torpaqları idarə etmək hüququndan məhrum ediliblər. Qaydalara əsasən, qəbiristanlıqların ərazisinin genişləndirilməsi və ya yeni qəbiristanlıqların yaradılması bələdiyyələrin sorğusu əsasında həyata keçirilir, lakin qaydalarda bələdiyyələrin bu sorğuları hara göndərməli olduqları göstərilmir. Ancaq qeyd olunur ki, belə sorğu alındıqdan sonra qərar qəbul etmək üçün səkkiz dövlət orqanından ibarət komissiya yaradılır.

Qaydalara əsasən, belə müraciəti nə zaman etmək olar?

5.2. Bu Qaydaların 5.3 və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir.

5.3. Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir:

5.3.1. qəbiristanlıq köçürüldükdə;

5.3.2. qəbiristanlıq bağlı elan edildikdə;

5.3.3. yeni yaşayış məntəqəsi salındıqda.

5.4. Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.

Ancaq qəbiristanlıqlar 100 faiz doludur. Niyə yeni qəbiristanlıqlar üçün qərar yoxdur? Niyə yeni qəbiristanlıqlar salınmır? Biz bir neçə bələdiyyənin rəyini öyrəndik və onlar şikayət edirlər ki, dövlət orqanları müxtəlif səbəblərlə onların tələblərini rədd edirlər. Dəfn yerlərinin olmadığını, lakin yeni qəbiristanlıqların yaradılmadığını nəzərə alsaq, onların müraciətləri etimada layiqdir.

Problem ondadır ki, qaydalar qəbul edildikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin timsalında Vahid idarəetmə mərkəzi ləğv edilib, qaydalar isə bu sahədə siyasətə məsul olan subyekti müəyyən etməyib. Bələdiyyə müraciətlərinə baxılması üçün yaradılan komissiya yalnız torpağın ayrılması barədə qərarlar qəbul edir, siyasət aparmaq, idarəetmə və nəzarət barəsində yox.

Belə vəziyyət xaosa və korrupsiyanın artmasına səbəb olub. Dəfn yeri üçün rəsmi ödəniş 67 manat olsa da, vətəndaşlar ölənləri dəfn etmək üçün qeyri-rəsmi olaraq 500 manatdan 7000 manata qədər pul ödəməli olurlar. Torpaq məsələsi ciddidir. Qeyd edildiyi kimi, bələdiyyələrin torpaqları yoxdur. Torpaq dövlətin, dövlət və özəl şirkətlərin, ayrı-ayrı şəxslərin nəzarəti altındadır. Bu, qəbiristanlıqlar üçün torpaq ayrılmasını çətinləşdirir.

Qəbiristanlıq böhranının həlli üçün aşağıdakıları vacib hesab edirəm:

Qəbiristanlıq siyasətinə məsul dövlət orqanının yaradılması. Orqan qəbiristanlıqların inkişafı, idarə edilməsi və onlara nəzarət üzrə strateji plan hazırlamalıdır.
Özəl qəbiristanlıqları təchiz etmək prioritet olardı. Bu, Azərbaycan praktikası üçün qeyri-adi olan həssas məsələdir, lakin burada beynəlxalq təcrübədən istifadə etmək olar. Məsələn, 1832-ci ildə Böyük Britaniyada parlament şəhərlərdən kənarda özəl qəbiristanlıqların salınmasını təşviq edən qanun qəbul edib. Bu gün bu ölkədəki qəbiristanlıqlar o qədər gözəl, yaşıl və baxımlıdır ki, şəhər parkları kimi tarixi qəbiristanlıqları da ziyarət etmək üçün ödəniş alınır. Qeyd etmək vacibdir ki, qəbiristanlıqdakı sahələr reallıqda rəsmi olan 67 manata satılmır. Buna görə də qəbiristanlığın yerindən asılı olaraq bazar qiymətləri leqallaşdırılmalıdır. İkincisi, özəl qəbiristanlıqlardakı məzarların sahibləri qəbiristanlıq siyasətinə cavabdeh qurum və ya Tarif Şurası tərəfindən müəyyən edilmiş minimum illik ödənişlər edəcəklər. Məzarın saxlanılmasına görə ödəniş üzrlü səbəblərdən ödənilmədiyi təqdirdə (qohumların ölümü, imtina və s.) dövlət xərcləri büdcədən ödəyəcək.
COP29 fonunda maliyyə, tikinti, nəqliyyat və digər sahələri "yaşıllaşdırmaq" tendensiyanı nəzərə alaraq, yeni qəbiristanlıqlar üçün ekoloji tələbləri, o cümlədən, günəş batareyaları ilə işıqlandırmanı və yaşıl zonaların genişləndirilməsini (hazırda qəbiristanlıq sahəsinin 15% - ni təşkil edir) nəzərdə tutmaq məqsədəuyğun olardı.
Qaydalarda qəbiristanlıqların saxlanmasının bələdiyyələr və ya özəl ianələr hesabına maliyyələşdirildiyi bildirilir. Bəs bələdiyyələrin vəsaiti yoxdursa və ya var, amma ayırmırlarsa, nə etməli? Bir çox qəbiristanlığın vəziyyətinə baxdıqda aydın olur ki, onlar ya idarə olunmurlar, ya da pis idarə olunurlar. Belə idarəetmə növü bizə lazımdırmı?

Qəbiristanlıq mövzusu necə yarandı? Qəbiristanlıqları ziyarət edirəm və hər yerdə eyni mənzərəni görürəm-yer yoxdur. Bu, əsasən qəbiristanlıqların yaxınlığında evlərin tikintisilə əlaqədardır. Qaydalara görə, yaşayış binaları ilə qəbiristanlıqlar arasındakı məsafə ən azı 300 metr olmalıdır. Ancaq heç kim bu qaydalara əməl etmir. Belə olan halda qaydaların mənası nədir?

Yaşadığım Buzovna qəsəbəsindən nümunə göstərəcəyəm. Burada üç kənd qəbiristanlığı və bir qəsəbə qəbiristanlığı var. Kənd qəbiristanlıqları Buzovna kəndindədir. Onlardan birinin yaşı 600-dən çoxdur. Bu məqbərəli unikal qəbiristanlıq guya dövlət tərəfindən qorunur, ancaq əslində baxımsız vəziyyətdədir və ekoloji amillərlə əlaqədar sistematik olaraq tənəzzülə uğrayır. Digər ikisi doludur. Qəsəbə qəbiristanlığı 1970-ci illərin əvvəllərində salınıb və xalq arasında “Xrustalnı” (bir kilometr məsafədə yerləşən keçmiş xrustal zavodunun adı ilə) adlanır. Son 25 ildə Buzovna bir neçə dəfə böyüyüb. Faktiki olaraq Şağan, Maştağa, Binə və Bağlar kəndlərilə birləşib. Ancaq bu müddətdə yeni qəbiristanlıqlar salınmayıb. “Xrustalnı” qəbiristanlığı doludur, hazırda qəbirlər qəbiristanlığın içindəki yollarda salınır. Bunun səbəbi qəbiristanlıqların tikintisi qaydalarına əməl edilməməsidir. Qaydaların 8.1-ci bəndinə əsasən, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 sakinə 0,24 hektar hesabı ilə müəyyən edilir. Burada və digər yerlərdə əhalinin sıxlığı dəfələrlə yüksəkdir və normalara əməl edilmir.

Qəbiristanlığın yaxınlığında “Buzovnaneft”in ərazisi var ki, neft quyuları tükənmə səbəbindən sürətlə bağlanır. Müxtəlif bəhanələrlə burada qəbiristanlıqlar üçün torpaq ayırmırlar. Lakin Nazirlər Kabinetinin qaydalarını pozaraq SOCAR öz əməkdaşları üçün qəbiristanlıqdan cəmi 20 metr aralıda (normaya görə, 300 metrdən yaxın olmamalı) fərdi evlərin tikintisinə torpaq ayırıb. Və bu qanunsuzluq Daşınmaz Əmlak Reyestri ilə qanuniləşdirilir. Ancaq neft şirkətinin işçiləri bu sahələri yenidən satırlar. Hər kəs qəbiristanlığın yanında yaşamaq istəmir. Bir çox ərazidə "satılır" yazılarını görmək olur. Bələdiyyə heç nə edə bilmir, icra hakimiyyəti laqeyddir və qəbiristanlıq siyasətinə məsul orqan yoxdur. Bu, bütün ölkə üçün tipik nümunədir.

Beləliklə, Bakı qəbiristanlıqlarında mövcud vəziyyət qeyri-sabitdir. Şəhər əhalisi artmağa davam etdikcə, şəhər planlamasının əsas komponent kimi qəbiristanlıqların inkişafını əhatə etməsi vacib hala gəlir. Milli qəbiristanlıq idarəsi yaratmaqla, prioriteti özəl qəbiristanlıqların inkişafına verməklə və davamlı təcrübələr tətbiq etməklə Azərbaycan öz qəbiristanlıq böhranını həll etməyə başlaya bilər və mərhumlara hörmətin qorunmasına zəmanət verər, eyni zamanda artan şəhər əhalisinin praktiki ehtiyaclarını təmin etmiş olar.

Ümid edirəm ki, hökumət qəbiristanlıqlarla bağlı vəziyyətlə məşğul olacaq və bu sahədə effektiv strategiya və siyasətin hazırlanması üçün təcili tədbirlər görəcək. Hər il Bakıda 15000 nəfər ölür.(Turan)
 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu barəsində məhkəmə prosesi başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qaldırılmış vəsatətlər rədd edilib və növbəti məhkəmə prosesi 31 oktyabr tarixinə təyin edilib.
 
 


 
Ardını oxu...
"Böyük şəhər bələdiyyələrinin yaradılması ilə maliyyə vəsaitlərinin daha qənaətli, səmərəli istifadəsinə keçiləcək”.

Qaynarinfo-ya açıqlamasında bunu bələdiyyə eksperti İlqar Hüseynli Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılmasının nəyi dəyişəcəyini şərh edərkən deyib:

"Böyük şəhər bələdiyyələrinin yaradılması Azərbaycanın Avropa Xartiyası qarşısında götürdüyü öhdəlikdir. Bu barədə sənəd imzalanarkən, həmin tələb də orada əksini tapıb. İkinci bir tərəfdən, böyük şəhər bələdiyyələrinin yaradılması ilə şəhər təsərrüfatının idarə olunmasının seçki orqanı vasitəsilə icra olunmasına gətirib çıxaracaq. Hazırkı icra başçıları isə birbaşa Prezident tərəfindən təyin olunan şəxslərdir. Ona görə də onların bu gün seçicilər qarşısında hər hansı öhdəlikləri yoxdur. Ona görə də icraedici və təyin olunan orqandan birbaşa vətəndaşlar tərəfindən seçilmiş bir qurumun fəaliyyətinə keçid etməliyik. Böyük şəhər bələdiyyələri vəsaitlərdən daha səmərəli istifadə etməyə imkan yaradacaq. Çünki bələdiyyə qurumları seçicilər qarşısında hesabatlıdırlar”.

Qeyd edək ki, Milli Məclisin son iclasında şəhələrdə böyük bələdiyyələrin yaradılması təklif edilib.

Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edib. O, bələdiyyələrin inkişafının təmin edilməli olduğunu vurğulayıb.

"Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq", - komitə sədri deyib.

Deputat bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməli olduğunu qeyd edib.
 
 

 


Ardını oxu...
Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.

TEREF Modern.az-ın məlumatına görə, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.

Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

O bildirib ki, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

"Diaqnostik qiymətləndirmənin test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılır. Hər düzgün sual 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Diaqnostik qiymətləndirmənin nəticəsi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edəcək”.

Şöbə müdirinin sözlərinə görə, diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. O bildirib ki, burada heç bir inzibati tədbirdən söhbət getmir. "Dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib".
 
Ardını oxu...
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TEREF APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını telefon dirəyinə, daha sonra isə evə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.

Fakt araşdırılır.
 
Ardını oxu...
"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və zərərçəkənlərin ifadələri dinlənilib.

Şahid Nigar Fəxrəddinli məhkəmədə bildirib ki, Toğrul Kərimovun tabeçiliyində ofisdə çalışıb:

"Mən sosial şəbəkədə iş axtarmaq məqsədilə elan paylaşmışdım. Toğrul müəllim məni ofisə dəvət etdi. Məni köməkçisi qarşıladı, katibə işini təklif etdi. Yazı-pozu işi ilə məşğul olurdum. Elanla gələn müştəriləri qəbul edib, məlumatlarını toplayırdım. Mənə rəsmi olaraq 700 manat maaş verirdi. Demişdi ki, dənizdə işləməklə bağlı elan paylaşmışıq, ona görə gələnlər olacaq, onları qəbul etmək lazımdır. Orada işlədiyim müddətdə insanlardan müxtəlif məbləğlərdə pul alıb Toğrul müəllimə vermişəm".

Zərərçəkən Famil Cəfərov ehtiyatda olan zabit olduğunu bildirib:

"Dostum dedi ki, Nərimanovda belə bir iş var. Yaxınlaşdım ofisə, dedilər ki, sertifikat alacaqsan. Ona görə də 430 manat ödədim, sonra dedilər ki, iclas olacaq, deyərik, gələrsiniz. Sonra çağırmadılar. Dedilər ki, bunlarla bağlı narazılıqlar var. Ondan sonra bildim ki, məni aldadıblar.

Digər zərərçəkən Samir Bəhramov bildirib ki, iş barədə ona qonşusu deyib:

"Getdim ofisə, Arzu xanımla görüşdüm. Mən oraya ilməkçi işinə getmişdim. Orada dedilər ki, səni mexanik kimi götürə bilərik. Dedilər ki, sənə sertifikat lazımdır. Buna görə məndən 330 manat pul istədilər, mən də verdim. Sonra basa düşdüm ki, bunlar məni aldadıblar".

Zərərçəkən Ramin Məmmədov da Toğrul Kərimovu sosial şəbəkələrdən tanıdığını qeyd edib. Ofisə gedərək orada işçi olan Ülviyyə xanıma özü və həyat yoldaşının işə qəbul olunması üçün 760 manat verib.

Təqsirləndirilən Toğrul Kərimov isə zərərçəkənlərin heç biri ilə pul sövdələşməsi etmədiyini deyərək, ittihamları qəbul etməyib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin "Dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Ardını oxu...
1999-cu ildən etibarən Ermənistandan Azərbaycana gələn qaçqınlara vətəndaşlıq verildikdən sonra onların adları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından çıxarılıb. Bəs, Qərbi Azərbaycanlıların qaçqınlıq statusunun yenidən geri qaytarılması gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.

Politoloq açıqlamasında Qərbi Azərbaycan qaçqınlarının yenidən həmin torpaqlara qaytarılmağ ilə bağlı sülh müqaviləsində də qeydlərin yer almasının mümükünlüyünü qeyd etdi:

"Bu gün biz görürük ki, Ermənistan israrla ermənilərin Qarabağa qaydışı məsələsini qaldırır. Bunun arxasında bir sıra mühüm proseslər dayanır. Önəmli təəssürat yaratmağa çalışırlar ki, bu qayıdış mütləq xarakter daşımalıdır, Azərbaycana təzyiq edilməlidir. Lakin əsas yanaşma balanslı olmalıdır. Belə bir mövqe sərgilənməlidir ki, Qərbi Azərbaycanlılar da dədə-baba torpaqlarına qayıda bilsinlər. Bu da çox mühüm piroritet təşkil edən məsələdir. Hesab edirəm ki, sülh müqaviləsində də bununla bağlı qeydlər yarana bilər. Çünki simmetrik yanaşma və qarşılıq prinsip beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət təşkil edir. Biz müasir beynəlxalq münasibətlər sisteminin diktə etdiyi şərtlərdən çıxış edərək bütün reallıqları qəbul edir və ona uyğun addımlar atırıq. Bu xüsusda qərbi azərbaycanlıların Azərbaycan ərazisinə müxtəlif vaxtda köç etməsi təzyiqlərə, repressiyalara, gec tətbiq edilməsinə məruz qalması nəticəsində canını götürərək qaçdığı faktı tarixə məlumdur. Bütün dünya da bunu qəbul edir. Təəssüflər olsun ki, Ermənistan hələ də qərbi azərbaycanlıların öz torpaqlarına layiqli və ədalətli qayıdış hüququnu tanımaq istəmir. Bunun üçün lazımı şərait, təhlükəsizlik tədbirləri keçirilmir. Lakin, geci-tezi Qərbi Azərbaycana qayıdılacaq. Qərbi azərbaycanlıların qaçqınlıq statusunun bərpasına gəldikdə isə, sözügedən məsələyə qanunvericilik müstəvisində yenidən baxıla bilər".
 
Ardını oxu...
 

Ekspert: “Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar”

Son  günlər Azərbaycanda tiktokerlərin paylaşımları yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10-20-30 sutka həbs cəzası alan tiktokerlər də var.

Bu yaxınlarda “Renka” kimi tanınan tiktoker Rəna Cəfərova da cəzalandırılıb. O, sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğulu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Bu sosial şəbəkələrdə tez-tez azyaşlıların canlı yayımlara çıxdığının, qeyri-etik fikirlər səsləndirdiyinin, yaşlarına uyğun mövzularda valideynləri ilə söhbət etdiyinin şahidi də oluruq. Məsələn, 1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev buna görə bu ilin aprel ayında 30 sutkalıq həbs edildi. O, TikTok sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxırdı.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

Polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov da saxlanılıb. Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu cür tiktokerlərlə bağlı zaman-zaman tədbirlər görülsə də, yenə də bu cür hallar təkrarlanır. Bəs bunun səbəbləri nədir?

Ardını oxu...

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin faydası var: “TikTok kimi sosial şəbəkələrin bu şəkildə həyatımıza nüfuz etməsi yeni baş verir. Artıq bu neçənci tiktokerdir ki, hüquq-mühafizə orqanları ya saxlayır, ya da cərimə edir. Biz rəqəmsal cəmiyyətdə yaşayırıq və sosial şəbəkə reallığını qəbul etməliyik. Sosial şəbəkə platformalarının proqmatik tərəfləri də çoxdur. Bundan kifayət qədər faydalanan və onun üzərindən iş quran insanlar var. Sosial şəbəkə reallığını biz qəbul etməliyik.  Hərçənd bəzi ölkələrdə sosial şəbəkələrlə bağlı qadağalar var. Baxmayaraq ki, TikTok Çində yaradılıb bu ölkədə həmin sosial şəbəkənin istifadəsi qadağandır, ancaq onun analoqundan istifadə olunur. Analoqundan istifadə zamanı da limit qoyulur.  Çünki müəyyən olunub ki, TikTok və digər sosial şəbəkələrdən istifadə əmək qabiliyyətli insanların enerjisini tükəndirir və bu da məhsuldarlığa öz təsirini göstərir. Uşaqlarda isə analitik qabiliyyəti zəiflətdiyinə görə azyaşlılara 45 dəqiqədən artıq istifadəyə icazə verilmir. Analoji addımlar digər ölkələrdə də özünü göstərir. Məsələn, Avropa ittifaqına daxil olan ölkələrdə sosial şəbəkə platformalarından istifadə dövlət işində çalışanlara qadağan olunub. Qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Orada yaşlar üzrə konkret limitlər var.  2017-ci ildə Almaniyada sosial şəbəkə platforması operatorları arasında müqavilə bağlandı. Həmin müqaviləyə əsasən Almaniya hökuməti həmin operatorlarla belə bir razılıq əldə etdi ki, sosial şəbəkələrdə saxta adlarla daxil olub, insanları aşağılayan, dezolar yayan şəxslərin kimlikləri müəyyənləşib hökumətə təqdim edilsin.

Azərbaycanda operatorlarla analoji müqavilə bağlana bilər. Sosial şəbəkə platforma istifadəçiləri ilə sosial iş aparmaq lazımdır. Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar. Onlar bilməlidirlər ki, istənilən hüquqazidd davranışların, zərərli informasiyaların paylaşımı real həyatdakı məsuliyyəti yaradır. 

"Media haqqında" Qanunun 10 və 14-cü maddəsində sosial şəbəkələrlə bağlı istiqamət var. Dövlət başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun da imzalayıb. Onun icra mexanizmi gücləndirilməlidir. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanun olsa, daha yaxşı olar. Həmin qanunda biz olmazları görə bilərik. Belə qanuna ayrı bir ehtiyac var. 

Cinayətkar hər yerdə, istər real, istərsə də virtual həyatda cinayətkardır. Adi həyatda da sağlam pul qazanan, yaxud oğurluq edən insanlar var. Virtual arenada da belədir. Biz tiktokerlərin əxlaqa və hüquqazidd əməllərlə pul qazanmasına şans tanıya bilmərik. Cəmiyyət adekvat yanaşmanı tanıyır".

Ardını oxu...

 Günel İsmayıllı 

Psixoloq Günel İsmayıllı deyir ki, tiktokerlərin bütünlüklə cəmiyyətimizi təmsil etdiyini düşünmək çox yanlış və xətalı düşüncədir. Cəmiyyət təkcə onlardan ibarət deyil: “Bir neçə şəxsə görə ümumi ölkə adına mənalandırmaq kökündən doğru deyil. Hazırda bu platformanın ölkəmizdə yaxşı mərhələsi deyil. Bu ondan irəli gəlir ki, TikTokda rahat şəkildə pul əldə etmə üsulu daha çoxdur. Və bir fərd olaraq formalaşmayan insanlar bu sosial şəbəkələrdə pul qazanmaq üçün hər şeyi etməyə hazırdılar.  Onlar həyatda qalmaq üçün ən iyrənc davranışlara belə özlərini məruz qoyurlar.

Burada mövzudan kənara çıxaraq deyim ki, biz hər zaman döymənin, qorxunun, uşağın sərhədlərini işğal edərək onu tərbiyə etməyin yanlış olduğunu vurğulayırıq. Halbuki böyüklər deyir ki, əşi bizi də uşaq olanda döyüblər, söyüblər və s. Beləliklə, zorakılığı norma olaraq qəbul edirlər. İndi gördüyümüz tiktokerlər o cür valideynlərin övladlarıdırlar. Onlar bəlli bir yaşa çatıblar və tez, rahat maddiyyat əldə etməklə görmədikləri sevgi, qayğı, dinlənmə hisslərini kompensasiya etmək istəyirlər. Bir fərd olaraq formalaşmayan insanlar belə platformalarda özlərini bu cür aparacaqlar. Onlar bir insan olaraq cəmiyyətdə insan olaraq öz missiyalarını yerinə yetirməkdə acizdirlər. Bu məsələ zamanla hər bir dövlət qurumunun üzərinə düşən məsuliyyətlə tənzimlənəcək. Bununla bağlı müəyyən bir əmək sərf etmək lazımdır. Nə qədər çox təhsilə, inkişafa, kitaba maraq olacaqsa, bir o qədər cəmiyyətimiz də gözəlləşəcək, belə tiktokerlərin sayı da minimuma enəcək. Zamanla belə məsələlər öz aktuallığını itirəcək. Çünki paralel olaraq başqa inkişaf edən tərəflər də var. Bəzən media reytinq xətrinə bu cür insanlarla bağlı xəbərlər paylaşır. Çünki insan beyni neqativə açıqdır, daha tez reaksiya verir. Hər bir insan dəyişimə başqasından deyil, özündən başlamalıdır. İnanıram ki, cəmiyyəti gözəlləşdirən və dəyişimə açıq olan belə insanlarımız olacaq". 

Şahanə RƏHİMLİ,
Musavat.com

 

Ardını oxu...
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti