![]() |
![]() ![]() ![]() |
|
Ermənistanın və bütövlükdə türk düşmənlərinin üstünə sanki qaynar su tökülüb. Azərbaycanla İran arasında münasibətlərin bu tezliklə normallaşacağını gözləmirdilər. Diqqət edirsinizmi, İranla guya “müharibə aparan”, amma gizli və açıq şəkildə danışıqları davam etdirən Qərb paytaxtları da Bakı ilə Tehran arasında yaşanan gərginliklərin geridə qalmasını, münasibətlərin yeni fazaya adlamasını görməzdən gəlirlər.
Azərbaycandan İrana qarşı – həm də Güney Azərbaycana, bu coğrafiyadakı 40 milyondan artıq Azərbaycan türkünə qarşı hərbi əməliyyatlar üçün Azərbaycan Respublikasının ərazisindən istifadə etməyə cəhd göstərənlər və Bakıdan heç cür dəstək qazana bilməyənlər üçün arzuolunmaz situasiya yaranıb. Amma Azərbaycan dövləti, onun lideri növbəti dəfə uzaqgörən siyasəti ilə araya üçüncü qüvvələrin girməsinə, suları bulandırıb, balıq tutmalarına imkan vermədi.
Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinin çox uğurlu keçdiyini bəyan etməklə bir çoxlarını lal sükuta qərq etdi. Onlar Bakı ilə Tehranın düşmən görmək istəyirdilər. Azərbaycan dövlət başçısı isə bir çoxlarının arzularını gözündə qoydu və iki müsəlman qonşu arasında əldə olunmuş anlaşmalar haqqında nikbin danışdı. Sitat: “Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir”.
Bəli, əsl siyasət düşmənləri dosta çevirməkdir və Azərbaycan özünün qətiyyətli, prinsipial mövqeyi ilə bir çox maneələri dəf edərək, barış, ikitərəfli qarşılıqlı hörmət yolunu seçərək istəyinə nail olub. Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində prioritetdir. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan region ölkələri ilə - hətta diplomatik münasibətləri olmayan və on illərlə təcavüzkar siyasətindən əziyyətlər çəkdiyi Ermənistanla da normal əməkdaşlığı özündə ehtiva edən əməkdaşlıq formatını – “3 + 3”-ü irəli sürdü. Diqqət edin, Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
İllərdən bəri Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının davam etdirilməsi də məhz Azərbaycan dövlət başçısı İlham Əliyevin təşəbbüsləri, həmçinin uzaqgörən siyasəti nəticəsində mümkün olub. 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşlərinin keçirilməsi iki böyük qonşu ilə münasibətlərin inkişafı, qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm hadisələr olub. İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə qalmayıb, yaxud da xeyli sədlər aşılıb. Hazırda Bakı ilə Tehran arasında əlaqələrin möhkəmləndirilməsi üçün tarixi fürsət yaranıb, İran prezidentinin dostları, qardaşları məmnun edən səfəri və əldə olunan razılaşmalar, verilən mesajlar da bunu təsdiqləyir.
Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etməsini nə zamansa eşitmişdinizmi? Şəxsən mən belə bir halı xatırlamıram. Azərbaycan və Türkiyə arasında ənənəvi və təbii müraciət formasına çevrilən bu səmimi ifadə artıq Azərbaycan və Türkiyə liderlərinin müraciətində özünə yer alırsa, demək münasibətlərdə yeni dönəmin başladığına şəkk-şübhə ola bilməz. Burada həm də mənəvi tellər var. 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının iştirakçısı olan ölkə başçılarının sammitindəki çıxışında Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanına malik olmamasından təəssüflə danışan Azərbaycan Prezidenti “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, söyləmişdi.
2024-cü ilin yayında İran prezidenti seçilən Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımını atdı. Bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edildi. 15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirmişdi. Göründüyü kimi, milli-mənəvi dəyərlər baxımından liderləri birləşdirən önəmli amillər var və qarşılıqlı “qardaş” kəlməsi sıradan söz deyil. Tarix boyunca qardaşlar arasında nifaq salmağa çalışan, bir çox hallarda buna nail olan mərkəzlər üçün arzuolunmaz vəziyyətdir, amma “karvan öz yolu ilə gedir”, özü də Ağbənd stansiyasından Arazı adlayaraq üzü Naxçıvana və daha sonra qardaş Türkiyəyə doğru…
Kim bilir, bəlkə günün birində elə Azərbaycanın təşəbbüsü və təklifi ilə əhalisinin 60 faizini türklər təşkil edən İran İslam Respublikası da Türk Dövlətlər Təşkilatının ən azı müşahidəçi statuslu üzvü olacaq. Niyə də olmasın? Bir ölkənin ki prezidenti “mənim anam da, atam da türkdür”, deyirsə, türk olmasını fəxarətlə dilə gətirirsə, həmçinin soyu soyundan olan azı 45 milyonun yaşadığı ölkəyə rəhbərlik edirsə, onun Türk Dövlətlər Təşkilatında təmsilçiliyi tam məntiqli olardı. Əgər Azərbaycan və İran İslam Təşkilatı Konfransı, D-8, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlıq edirsə, üstəlik, Azərbaycan və Türkiyə İranın da iştirakı ilə 3+3 formatında əməkdaşlıq təşkilatında bir yerdə olmaqda problem görmürsə, onda İran niyə Türk Dövlətlər Təşkilatında məsələn, Macarıstan kimi müşahidəçi statusla çıxış etməsin? Bu, arada körpü atılmasını sürətləndirə, gərginliyi azaldar, həm də Azərbaycan türklərinin təbii haqlarına qovuşmasını sürətləndirə bilər. Fars şovinistləri və onların həmfikirləri də anlayarlar ki, türklərdən təhlükə gəlmir, türkün olduğu yerdə barış var, yetər ki, onun qüruruna toxunma, səbrini daşırma!