Ardını oxu...
Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında deyib.

O, Ukraynanın hökumət nümayəndələrinin Gürcüstanla bağlı çağırışlarının təəssüf doğurduğunu qeyd edib:

“İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hökumətinin nümayəndələrinin praktiki olaraq açıq formada belə çağırışlar etməsi çox təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir”.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinis Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar siyahsına qoşulacağına ümid etdiyini bildirib.
 
Ardını oxu...
Ermənilər Şuşa-Xankəndi yolundakı aksiyaçıların üzərinə yürüş etmək fikrinə düşüblər
Ermənistanda fəaliyyət göstərən siyasi təşkilatlar Laçın dəhlizi və Qarabağın Ermənistanla əlaqəsinin bəpası məsələsi ətrafında yenidən həşir qoparıblar. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu məqsədlə dünən İrəvanda daha bir aksiya keçirilib.

Aksiyanın təşəbbüsçüləri bir sıra məsələlərlə yanaşı, həm də vəziyyətdən çıxmaq üçün təkliflər də irəli sürüblər. Onlardan biri Narek Ayvazyan bildirib ki, bunun üçün dörd yolları var. “Birinci yol, Laçın dəhlizində keçirilən aksiyaçıları oradan çıxarmaq üçün piyada və ya maşınlarla həmin yerə getməkdir. Bununla dəhlizi aça biləcəyik. İkincisi isə beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqlərini pik həddə çatdırmaqdır. Onlar Bakıya elə təzyiqlər edir ki, azərbaycanlılar oradan getməyə məcbur olurlar. Üçüncüsü isə elə bir vəziyyət yaratmaqdır ki, yolu bağlayanlar üçün çıxılmaz vəziyyət yaratmaq və onların getməsini təmin etməkdir. Məsələn, tutaq ki, yük və sərnişin daşımalarını hava yolu ilə həyata keçirilməsi. Belə olan halda dəhlizi bağlı saxlamaq mənasız olur. Biz bu variantları müzakirə etməli və istədiyimizi mümkün qədər səmərəli həyata keçirməyə imkan verəcək növü seçməliyik”.

Ayvazyan 4-cü versiyanın da olduğunu deyir. “Əslində 4-cü versiya da var. Bu, əvvəlki üç variantın qarışdırlaraq, hamısının bir yerdə edilməsindən ibarətdir”.
 
Ardını oxu...
Almaniyanın Berlin-Brandenburq Hava Limanında (BER) bütün uçuşlar ləğv edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava limanındakı işçilərin tətilə çıxmasıdır.

Kollektiv danışıqların nəticəsiz qalması səbəbiylə təşkil edilən tətilə qatılan çox sayda personal səhər saatlarından etibarən hava limanında toplaşıb.

İştirakçıların əsas tələbləri sırasında onların iş imkanlarının yaxşılaşdırılması yer alır.

Aksiyada işəgötürənlərin güzəştə getməməsi halında daha çox tətillərin təşkil ediləcəyi barədə xəbərdarlıq edib.

Bu səbəbdən bütün uçuşlar ləğv edilib.

Tətildən xəbərsiz olaraq hava limanına gələn bəzi sərnişinlər rəsmilərin xəbərdarlığından sonra geri dönməli olublar.

Qeyd edək ki, son günlər Berlində bir çox iş yerlərində tətil dalğası hökm sürür.
 
Ardını oxu...
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir.

“Report”un əldə etdiyi məlumata görə, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq.

Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter Aİ-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda Aİ və BMT missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.

Qeyd edilib ki, almaniyalı təmsilçinin missiyanın rəhbəri təyin edilməsi Berlin və Paris arasında razılaşdırılmış oyunun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir.
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveçdə Quranın yandırılması və NATO baş katibi Yens Stoltenberqin məsələ ilə əlaqədar açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi insanların dini inanclarına hörmətin istəyə bağlı olmadığını, bunun bir öhdəlik olduğunu bildirib.

Beynəlxalq ictimaiyyətin dəfələrlə dözümsüzlük və ayrı-seçkiliyə qarşı öhdəliklər götürdüyünü xatırladan Zaxarova BMT, Avropa Şurası və ATƏT-in qəbul etdiyi qərarları sadalayıb:

“Bu sənədlərdə müsəlmanlar üçün müqəddəs olan kitabı yandırmaq bir yana qalsın, ifadə azadlığının hər hansı din və ya dini məsələ haqqında tənqidi və təhqiredici fikirlər söyləmək hüququnu ehtiva etmədiyi xüsusi olaraq vurğulanır. Stoltenberq niyə bundan xəbərsizdir? Çünki Qərb aşağı təhsilli insanları Avropada əsas vəzifələrə təyin edir. Çünki onları idarə etmək daha asandır, bu da əksər avropalıları manipulyasiya etməyə kömək edir”.
 
Ardını oxu...
“Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq”.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel deyib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub.
Ardını oxu...
İkinci dünya müharibəsinin bitməsindən az sonra Antihitler koalisiyası üzrə keçmiş müttəfiqlər – bir tərəfdə SSRİ, digər tərəfdə isə Qərb ölkələri olmaqla – rəqibə çevrildilər və “soyuq müharibə” adını alan qarşıdurma başladı. Bu qarşıdurmanın episentri Berlin şəhəri idi.

***

ABŞ, Böyük Britaniya və SSRİ hələ müharibə qurtarmamış, 1944-cü il sentyabrın 12-də London konfransında məğlub Almaniyanın üç işğal zonasına bölünməsi barədə razılığa gəldilər. Bu zaman ölkənin şərqi sovet, şimal-qərbi Britaniya, cənub-qərbi də Amerika zonası olacaqdı. 1945-ci ilin fevralında keçirilən Yalta konfransında isə amerika-ingilislərin hesabına bir az fransızlara da yer vermək qərarı qəbul edildi.

Ölkənin paytaxtı Berlin sovet işğal zonasında yerləşirdi, amma tamamilə SSRİ-nin nəzarətində deyildi. Bu şəhər də dörd ölkənin işğal sektoruna bölünürdü.

Almaniyanın təslim olmasından bir ay sonra, iyunun 6-da həm Almaniyanın, həm də Berlinin dörd işğal zonasına bölünməsi rəsmiləşdi. İyulun 30-da isə Almaniya üzərində ali hakimiyyətə malik Müttəfiqlərin Nəzarət Şurası yaradıldı. Berlini idarə edəcək Müttəfiqlərarası komendatura da Şuranın nəzarətində idi.

Qeyd edim ki, qarışıqlıq olmaması üçün bundan sonra yazıda “işğal zonası” deyiləndə ölkə üzərində bölgü, “işğal sektoru” deyiləndə isə Berlin üzərində bölgü nəzərdə tutulacaq.

1945-ci ilin noyabrında əldə olunan razılaşma əsasında Qərb ölkələri öz işğal zonaları və işğal sektorlarını sovet işğal zonası üzərindən birləşdirən hava dəhlizi hüququ qazandılar. Bu da yazıda bəhs edilən hadisələr zamanı ciddi rol oynadı.

***

Tezliklə Almaniyanın idarə olunması ilə bağlı SSRİ və Qərb müttəfiqləri arasında fikir ayrılıqları ortaya çıxdı. İxtilaf, əsasən, ölkədə qurulacaq siyasi rejimlə bağlı idi. Moskva kommunist diktaturasının yaradılmasını istəyirdi, qərblilər isə demokratik üsul-idarənin bərpası tərəfdarı idilər. Məsələn, 1947-ci ildə Stalinin şəxsən tanıdığı keçmiş kommunist, indi isə sosial-demokrat olan Ernst Reyter bütün Berlinin meri seçiləndə, ruslar bunu qəbul etmədilər. Nəticədə Reyter yalnız üç sektorda fəaliyyət göstərə bildi.

Tədricən istər Almaniyanın, istərsə də Berlinin dördlü işğal hissələrinin dualist (sovet və qərb) zonalara bölünməsi baş verir. Hələ 1946-cı ilin dekabrın 2-də ABŞ və Britaniya işğal zonalarının birləşdirilməsi qərara alındı və yaranan qurum Bizoniya adlandı.

Qərb müttəfiqlərində getdikcə belə bir fikir formalaşırdı ki, bütöv Almaniya məsələsində SSRİ ilə əməkdaşlıq etmək qeyri-mümkündür, öz işğalları altında olan ərazinin gələcəyi barədə düşünmək lazımdır. 1948-ci ildə Londonda ABŞ, Böyük Britaniya, Fransa, eləcə də Benilüks ölkələrinin (Belçika, Niderland, Lüksemburq) iki raunddan ibarət (fevral-mart və aprel-iyun aylarında) konfransı keçirilir. Burada Fransa işğal zonasının da Bizoniyaya qatılması ilə Trizoniyanın yaradılması, həmin ərazilərdə federativ və demokratik Almaniya dövlətinin təsis olunması barədə razılıq əldə olundu.

Bundan əlavə, 1948-ci ilin aprelində ABŞ-ın Marşal planı çərçivəsində 17 Avropa ölkəsinə yardımı başladı. Həmin ölkələrin içində Qərb işğal zonasına aid alman torpaqları da vardı.

London konfransına dəvət olunmaması Moskvanın kəskin narazılığına səbəb oldu. Ruslar buna cavab olaraq hələ konfransın birinci raundundan sonra, martın 20-də Müttəfiqlərin Nəzarət Şurasında iştirakını dayandırdılar. İyunun 16-da isə Müttəfiqlərarası komendaturanı tərk etdilər.

İyunun 20-də Qərb ölkələri pul islahatı keçirdilər. Dəyərdən düşmüş reyxsmarka yeni döyçmarka ilə əvəz olundu. Üç gün sonra isə SSRİ öz zonasında analoji islahat keçirdi. Bu islahat əslində köhnə reyxsmarkaların üzərinə möhür vurub, yenidən dövriyyəyə buraxmaqdan ibarət idi. Beləcə, Almaniyada iki pul vahidi ortaya çıxdı. Bundan sonra Moskva iddia etdi ki, Berlin sovet işğal zonasında yerləşdiyindən bütün şəhərdə Şərqi Almaniya markası işlənilməlidir. Qərb ölkələri isə bunu rədd etdilər.

Get-gedə artan fikir ayrılıqları və birgə idarənin mümkünsüzlüyü fonunda SSRİ Berlinin xüsusi statusuna son verməyi, şəhəri tamamilə öz nəzarətinə keçirməyi qərara aldı. Bunun üçün Qərbin işğal zonaları ilə Berlindəki işğal sektorlarının, başqa sözlə, Qərbi Almaniya ilə Qərbi Berlinin əlaqəsini kəsmək lazım idi.

***

Qərb ölkələrinin Berlindəki işğal sektorları ilə üç yerüstü kommunikasiya vasitələri vardı: dəmiryolu, avtomobil yolu və çay nəqliyyatı. Hava dəhlizindən fərqli olaraq yerüstü nəqliyyatı tənzimləyən heç bir müqavilə yox idi və Moskva bundan istifadə etmək qərarına gəldi.

Hələ aprel ayından qərbli hərbçilərin sovet zonasından tranzitlə istifadə edərək Qərbi Almaniyadan Qərbi Berlinə gediş-gəlişlərində məhdudiyyətlər tətbiq olundu. Əvvəlki dövrdən fərqli olaraq, onlar saxlanılır, sənədləri yoxlanılırdı. Üstəlik, hava dəhlizi üzrə uçuşlara da müəyyən maneələr törədilir, qorxulu vəziyyətlər yaradırdılar. Bu səbəbdən aprelin 5-də SSRİ-nin Yak-3 hərbi təyyarəsi ilə Britaniyanın “Vickers VC.1 Viking” təyyarəsi toqquşdu. Sovet pilotu ilə yanaşı, Britaniya təyyarəsində 14 nəfər həlak oldu.

İyunun 24-də SSRİ Qərb ölkələrinin işğal zonaları ilə işğal sektorları arasındakı bütün yerüstü əlaqəni kəsdi. Bundan əlavə, bütün elektrik stansiyalarının öz işğal zonasında olmasından istifadə edərək, Qərbi Berlinin elektrik təchizatını dayandırdı. Təxminən 2,6 milyon nəfər əhali blokadaya düşdü.

Moskvanın addımları Qərb ölkələrində təbəddülat yaratdı. ABŞ işğal zonasının rəhbəri general Lusius Kley Qərbi Berlinə hərbi karvan göndərməyi və sovetin reaksiyasını yoxlamağı təklif etdi. Amma bu addım isti müharibəyə gətirib çıxarardı. Qərb bunu istəmirdi, üstəlik, hazır da deyildi. İkinci dünya müharibəsi bitəndən sonra hərbi qüvvələrində ixtisar aparılmış, Almaniyadakı hərbi qüvvələri SSRİ qüvvələrindən xeyli az idi. Məsələn, ABŞ-ın Almaniyada cəmi 98 min nəfərlik qoşunu vardı, bunun da 9 mini Qərbi Berlində yerləşirdi. SSRİ-nin isə Almaniyada 1,5 milyonluq hərbi qüvvəsi vardı.

Buna görə də hava dəhlizindən istifadə etmək qərarı verildi. Hərçənd, o qədər əhalini təyyarələrlə təchiz etməyin mümkünlüyü inandırıcı görünmürdü. Ən pessimistlərdən biri elə general Kley idi. Amma başqa çarə yox idi və o, eləcə də Avropada ABŞ HHQ-nin komandanı general Lemey qollarını çırmalayıb, işə başladılar. Berlinin meri Reyter isə amerikalılara “siz havada hər şey edin, yerdəkini mən təşkil edəcəyəm” vədini verdi. Bu zaman Qərbi Berlində 45 günlük daş kömür, 36 günlük ərzaq ehtiyatı qalmışdı.

Hava təchizatı iyunun 26-da başladı. İlk günlər təyyarə azlığı səbəbindən istənilən qədər yük daşınmırdı. İlk gündə cəmi 32 təyyarə havaya qalxdı və cəmi 80 ton yük apardı. Halbuki 2,6 milyonluq əhalinin həm ərzaq, həm də kömür, benzin ehtiyatını ödəmək üçün hər gün 4-5 min ton yük daşınmalı idi. Amma qərblilər, xüsusən ABŞ tədricən öz qüvvələrini artırdılar, Almaniyaya yeni təyyarələr gətirildi, mülki şirkətlərdən icarəyə götürüldü.

Təyyarələrin artması isə yeni çətinlik yaratdı: müxtəlif modelli və müxtəlif sürətli bu təyyarələrin Qərbi Berlinə fasiləsiz axınını təşkil etmək lazım idi. Buna görə təyyarələr Berlinə gedərkən üç dəhlizdən ikisindən istifadə edirdilər: Hamburqdan və Frankfurt-Mayndan Qərbi Berlinə uçur, ortadakı dəhliz vasitəsilə Hannoverə qayıdırdılar. Uçuş üçün hər dəhlizdə beş mərtəbə mövcud idi.

Hər təyyarənin bir eniş şansı var idi. Əgər hər hansı səbəbdən enmək mümkün olmazdısa, konveyeri pozmamaq, enmək istəyən digər təyyarələrə mane olmamaq üçün yükü boşaltmadan geriyə qayıtmalı idin. Uçuşların, demək olar, ¾ hissəsini amerikalılar, qalanını britaniyalılar həyata keçirirdilər. Digər ölkələrin qatqısı cüzi idi.

Sovet tərəfi Qərb müttəfiqlərinin bu cəhdlərini istehza ilə qarşıladı, amma bu istehza tezliklə heyrətə döndü. Qeyd etmək lazımdır ki, ruslar qərb sektorlarındakı əhalinin Şərqi Berlinə inteqrasiyası üçün sovet administrasiyasından ərzaq kartoçkaları götürməyi təklif edirdilər. Amma cəmi 100 min qərbi berlinli (3,84%) bu kartoçkalardan götürmüşdü.

Üç il əvvələ qədər ABŞ və Britaniya aviasiyasından gizlənən berlinlilər indi təpələrdən, evlərin balkonlarından və pəncərələrindən boylanaraq, onların yolunu gözləyirdilər. Çünki həmin aviasiya indi işıq və istilik əldə etmək üçün yanacaq və ərzaq daşıyırdı. Üstəlik, özü keçmiş kommunist olan Ernst Reyter indi Qərbi Berlinin kommunist əsarətinə düşməməsi üçün çalışırdı.

Berlinlilər arasında Qərb ölkələrinin bu təchizatdan usanıb SSRİ-yə güzəştə gedəcəkləri, özlərinin alver predmeti olacaqları qorxusu geniş yayılmışdı. 1948-ci il sentyabrın 9-da Reyxstaqın binası qarşısında böyük, 350 mindən çox adamın iştirak etdiyi mitinq keçirildi. Burada Reyter məşhur nitqini söylədi:

“Bu gün qoy diplomatlar və siyasətçilər sussunlar. Bu gün dünya Berlin əhalisinin səsini eşidəcək. Dünya xalqları! Amerika, İngiltərə, Fransa, İtaliya xalqları! Bu şəhərə baxın. Siz Berlini və berlinliləri tərk edə bilməzsiniz! Və bunu etməyəcəksiniz!”

Bu nəhəng mitinq ictimai rəyə önəm verən ABŞ-da xüsusi rezonans doğurdu.

Sovet rəhbərliyi qışa böyük ümid bəsləyirdi (indi Putin bəsləyən kimi), çünki bu zaman istilik əldə etmək üçün daş kömür daşınmasını xeyli, iki dəfəyə yaxın artırmaq lazım gələcəkdi. Amma Qərb ölkələri bunun da öhdəsindən gəldilər. Xoşbəxtlikdən qış da nisbətən mülayim keçdi.

Qərbi Berlinin blokadasına cavab olaraq, ABŞ və Britaniya da sovet işğal zonasına qarşı əks-blokada təşkil etmişdilər: Şərqi Almaniyaya daş kömürün və poladın göndərilməsi dayandırılmışdı. Bu isə sovet işğal zonasının sənayesinə ciddi təsir edirdi. Buna görə də Qərbi Berlinin blokadasının istənilən effekt vermədiyini görən Stalin 1949-cu il mayın 12-də blokadanı qaldırdı. Buna baxmayaraq, Qərb ölkələri ehtiyat bolluğu yaratmaq üçün sentyabrın 30-a qədər hava dəhlizi vasitəsilə təchizatı davam etdirdilər.

15 ay ərzində 278 228 uçuş həyata keçirildi. Başqa sözlə, orta hesabla hər gün 600 (!) uçuş. Yaxud, orta hesabla hər 2 dəqiqə 24 saniyədə bir uçuş. Amma bu, orta hesabla idi, təchizatın ən gərgin vaxtlarında uçuşlar arasındakı fərq 1 dəqiqədən də az olub. Hava şəraitindən asılı olmayaraq, yaxşı havada, pis havada, dumanda, yağışda, qarda, gecə və gündüz hər gün yüzlərlə təyyarə.

Ümumən əməliyyat zamanı 2,3 milyon tondan çox yük daşındı. Onların 76,4% amerikalıların, 23,3% isə britaniyalıların payına düşür. Gün ərzində rekord təchizatın 12 941 ton olduğu söylənilir (1949-cu ili aprelin 15-dən 16-a qədər). Amerika təyyarələri 148 milyon km qət etdilər ki, bu da təxminən Yerdən Günəşə qədər olan məsafəyə bərabərdir.

Tempelhof və Qatov hava limanında işləyən berlinlilər də yükü boşaldarkən xarüqələr yaradırdılar. 12 nəfərdən ibarət briqadanın 10 tonluq yükü 5 dəqiqə 45 saniyəyə boşaltması faktı məlumdur.

Belə nəhəng əməliyyatın qəzasız baş verməsi möcüzə olardı, təəssüf ki, möcüzə baş vermədi. Nəticədə, 39 britaniyalı, 31 amerikalı pilot və 13 berlinli həlak oldu.

***

Blokadanın qaldırılmasından 11 gün sonra, mayın 23-də ABŞ, Böyük Britaniya və Fransanın işğal zonasında – Trizoniyada Almaniya Federativ Respublikası yaradıldı. SSRİ, buna cavab olaraq, oktyabrın 7-də öz işğal zonasında Almaniya Demokratik Respublikasını yaratdı. Qərbi Berlin isə xüsusi siyasi vahid kimi öz mövcudluğunu sürdürdü. Bu parçalanmış vəziyyət 1990-cı il oktyabrın 3-ə kimi davam etdi.

Berlin blokadasının ən sentimental əhvalatı “kişmiş bombardmanları”dır ki, onun haqqında da növbəti məqaləmdə danışacağam.

Yadigar Sadıqlı
pressklub
 
 

Ardını oxu...
Ermənistanda yanğın zamanı həlak olan 15 erməni hərbçinin valideynləri övladlarının məhz yanğın nəticəsində öldüyünə inanmırlar.

Bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb.

Hərbçilərin valideynləri hadisə ilə bağlı rəsmi versiyanın həqiqətə uyğun gəlmədiyini bildirib və absurd adlandırıb. Onların fikrincə, təcrübəli zabitlər davranışlarının nə dərəcədə təhlükəli olduğunu dərk etmədən sobanı 5 litrlik benzin bidonu ilə yandırmağa cəhd etməzdi.

Ölən hərbçilərdən birinin atasının sözlərinə görə, onlar kazarmada öldürülüb, daha sonradan orada yandırılıb: “Biz əminik ki, onları əvvəlcədən zəhərləyiblər, daha sonra üzərlərinə benzin tökərək yandırıblar”.

Bununla yanaşı, hərbçilərin yaxınlarının sözlərinə görə, yatan halda ölən hərbçilər yanğınla bağlı səs-küyə ən azından oyanardılar.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən sözügedən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb.

İnsidentlə bağlı araşdırma davam etdirilir. Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib.
 
Ardını oxu...
Çin İrandan qanunsuz olaraq böyük həcmdə neft almağa davam edərsə, ABŞ hakimiyyəti Pekinə təzyiqi artırmaq hüququnu özündə saxlayacaq.

Bu barədə “Bloomberg” ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malliyə istinadən məlumat yayıb.

Çin və İran arasında ticarət əlaqələrinin genişləndirilməsi Vaşinqtonun respublikanın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə Tehrana qarşı yeni məhdudiyyətlər tətbiq etmək planlarına ziddir.

Bildirilib ki, ABŞ və İran arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilənin yenilənməsi ilə bağlı danışıqlar böyük ölçüdə uğursuzluqla nəticələnib: “Bu səbəbdən belə vəziyyətdən ən çox ehtimal olunan çıxış yolu Tehrana sanksiya təzyiqlərini artırmaq olacaq”.
 

Ardını oxu...


Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır.

Qeyd olunub ki, məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd, Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə ölkəmizin ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb.

Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə ərazilərimizin qeyri-qanuni işğalı həmvətənlərimizin Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. Bugünədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan edilib.

Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının mühüm elementi və ağır mirasıdır.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.

Azərbaycan tərəfi sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.

Dünyapress TV

Xəbər lenti