İnsanları intihara sürükləyən səbəblər hansılardır? -
İntihar dünyada erkən ölüm halları arasında ilkin səbəblərdən biridir. Daha çox ümidsizliyə qapılan və ya psixi problemlərdən əziyyət çəkən insanlar “çıxış yolu” kimi intihar etməyi seçirlər. Statistikaya görə, son dövrlərdə orta hesabla baş vermiş dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
Gərgin iş və yaşam tərzi, ailə daxili problemlər, maddi sıxıntılar (borc), toplumun fərdə olan təyziqi intihar səbəbləri arasındadır.
Hər bir insanın yaşadığı müddətdə qarşılaşdığı çətinliklər, müəyyən dövrü əhatə edən problemlər olur və bir qisim, (xüsusilə iradəsi zəif, psixoloji problemli) bu kimi hallarla mübarizə aparmaq əvəzinə ölməyi seçir. İntihar hallarının qarşısının alınması üçan ilk olaraq sağlam cəmiyyət qurulmalıdır. Bu istiqamətdə müxtəlif maarifləndirmə işlərindən əlavə, hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. Empatiya quraraq qarşımızdakı fərdi anlamağa çalışmalıyıq, onu mühakimə etmədən dinləməyi bacarmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Həmçinin ÜST dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 2003-cü ildən etibarən 10 sentyabrı “Dünya İntiharının Qarşısının Alınması Günü” elan edib.
Hər zaman aktual olan bu mövzuyla bağlı
psixoloq Sevinc Həbibova Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, intihar hallarıyla bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılması insanları, xüsusilə azyaşlıları buna sövq edə bilər: “Müasir dövrdə sosial şəbəkələrdə baş vermiş intihar görüntülərinə sıx-sıx rast gəlirik. Belə mövzuda foto və videogörüntülərin yayılması düzgün deyil. Çünki əhalinin əksəriyyəti yaşından asılı olmayaraq sosial şəbəkələri izləyir və bu onların psixikasına mənfi təsir göstərə bilər. Özəlliklə azyaşlılar və yeniyetmələr arasında sosial şəbəkələrə maraq daha çoxdur və belə hadisələr onlar tərəfindən izlənilir. Ona görə də intiharla bağlı görüntüləri bacardıqca az paylaşmaq məqsədəuyğundur. Çünki yeniyetmələr böhran dövrünü yaşadıqları üçün intihara daha meyilli olurlar. Psixoloq olaraq tövsiyə edirəm ki, valideynlər övladlarının asudə vaxtlarını daha səmərəli keçirmələrinə və gələcəklərini düzgün şəkildə inşa etmələrinə köməklik göstərsinlər. Məsələn onları maraq göstərdikləri hər hansı bir məşğuliyyət sahəsinə - rəsmə, musiqiyə, idmana yönləndirə bilərlər. Böhran dövrünü yaşayan yeniyetmə üçün hər şeydən əvvəl valideyn qayğısı və diqqəti önəmli faktordur”.
Psixoloq, insanların ən çox hansı səbəblərdən intihara cəhd etməsi məsələsinə də toxunub: “Uzun müddət davam edən depressiya, emosianal pozğunluq və sevgisizlik (ailə fərdləri arasında soyuq münasibət, lazımi qayğı, diqqətin göstərilməməsi, boşanma) insanları intihara sürükləyən əsas səbəblərdəndir. İntihar etmək istəyən fərd zarafatla, yaxud ciddi şəkildə öncədən “özümü öldürəcəm” deyə bilər. Bu artıq fərdin beynində intihara hazırlıq prosesinin getdiyini göstərir. İntihar edən insanlar özlərini hec cür bağışlamırlar, törətdikləri əməli həzm edə bilmirlər və sanki dünyada ən böyük günahı ediblər kimi düşünürlər. Təbii ki, bu düşüncəyə sahib insanlar ölümü xilas yolu kimi dəyərləndirirlər”.
Sevinc Həbibova bəzi insanların diqqət mərkəzində olmaq üçün intihara cəhd etdiklərini qeyd edib: “Bəzi insanlar isə manipulyasiya üsulu kimi daha çox diqqət cəlb etmək məqsədilə intihara cəhd edirlər. Sevdiyi insanı yenidən qazanmaq üçün intihara cəhd edirlər. Yaxud sevgisinin qarşılığını görmədikləri üçün ölümü seçirlər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti