Sülhməramlıların Qarabağda qalma müddəti uzadılır?
“Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək”.

Bu sözləri ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi ilə mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir.

"Artıq onlar akkredasiyadan keçirilir. Texniklar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə başlayacaq".

Maraqlıdır, Rusiya sülhməramlıların Qarabağda minatəmizləmə əməliyyatında iştirak etmələri onların bölgədə qalma müddətinin uzadılmasına səbəb ola bilər?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya şərhində qeyd edib ki, ANAMA-nın bu qərarı rus sülhməramlıların qalma müddətinin uzadılmasına dəlalət etmir:

“Ortada üç dövlətin rəhbəri tərəfindən imzalanan bəyanat var. Həmin bəyanatda rus sülhməramlıların Qarabağda xidmət müddətini müəyyən edən müddəa əks olunub. Amma Azərbaycan Ordusunun antiterror əməliyyatlarından sonra rus sülhməramlıların bölgədə fəaliyyət funksiyaları faktiki olaraq məhdudlaşıb.

Sülhməramlıların ərazilərimizdə vaxtın bitməsinə qədər qalması üçün heç bir şərt yoxdur. Ona görə də onların boş oturmalarındansa, mina təmizləmə əməliyyatlarında iştirak etmələri əslində bizim maraqlarımıza cavab verir.

Amma bu, o demək deyil ki, Rusiya sülhməramlıların mina təmizləmə əməliyyatlarında iştirak etdəcəklərinə görə, onların xidmət müddəti uzadılacaq. Bu, heç vaxt baş verməyəcək. Müddətin başa çatmasına qədər Azərbaycan rus sülhməramlılara ehtiyac olmayacağını bəyan edəcək”.
 

Dünyapress TV

Xəbər lenti