Ardını oxu...
Zamanı yetişdi. AFFA tezliklə Növbəti Hesabat-Seçki Konfransında quruma prezident və İcraiyyə Komitəsinə üzv seçilmək istəyən şəxslərin siyahısını açıqlamalıdır. Nizamnaməyə əsasən, Konfransa 10 gün qalarkən hər şeyin rəsmiləşməsi şərtdir.

Seçkinin aprelin 2-də baş tutacağını nəzərə alsaq, ən yaxın saatlarda adlar rəsmən açıqlanmalıdır. Amma AFFA yəqin ki, son dəqiqələrədək gözləyəcək. Çünki kabinet döyüşləri gedir, son tamamlamalar aparılır, siyahı dəqiqləşdirilir. Maraq, nüfuz müharibəsində “küçə döyüşləri”nə start verilib. “Strateji obyektlər” üçün kimsə heç nədən çəkinmir.

Futbolinfo.az Rövşən Nəcəfin prezidentliyə yeganə namizəd olduğunu xeyli öncə yazıb, bir neçə gün öncə isə İcraiyyə Komitəsində təmsil olunacaq şəxslərin siyahısını təqdim edib. Elə bu siyahının açıqlanması ilə yuxuya getmiş bir çox şəxslər ayılıb. Gənclər və İdman Nazirliyi nümayəndəsinin İK-da olmayacağından qeyzlənib, AFFA-nı bölüşdürməkdə olan iki dəstənin narazı üzvləri ortadakı üçüncü barmağın fərqinə varıb.

Ona görə elə bu saatlarda siyahının yenidən dəqiqləşdirilməsi aparılır. Mümkündür ki, siyahıda dəyişikliklər olsun. Çünki siyahını diqtə edən insanlar hər nə qədər tapşırığın “yuxarı”dan gəldiyi görüntüsünü yaratmağa cəhd etsələr də, indi onların özlərinin təqdim etdikləri raportla kimlərisə aldatdığı ifşa olunur.

Vəziyyəti yenə Elşad Nəsirovun dəstəsi idarə edir. İllərini Azərbaycan futbolunun məqsədyönlü məhvinə həsr etmiş adamlar yeni AFFA prezidentinə “xoşməramlı məsləhətlər” verməklə, əsas kuratorun başının altına yastıq qoymaqla işini görür. Vəziyyət elə alınıb ki, Nəsirov vitse-prezident postlarından birini özü üçün qoruyub, millinin baş məşqçi postunu növbəti məsləhətləri üçün vakant saxlayıb və nəhayət, baş katib vəzifəsini hansısa kadrları üçün azad edib.

İcraiyyə Komitəsinin digər üzvləri ilə işimiz yoxdur, amma iki nəfərin bu siyahıya salınması birbaşa Elşad Nəsirov – Elxan Məmmədov xəttinin məhsuludur.

Birincisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məqşisini İK üzvləri siyahısına salanlar bir güllə ilə iki dovşan vurmaq istəyir. Onun nüfuzunun altında əzilənlər təcrübəli mütəxəssisi yanlarındaymış kimi göstərir. Guya ki, Qurbanov onlarladır, futbolun inkişafında təcrübəsindən faydalanacaqlar. Halbuki Qurban bəy əvvəllər də bir il komitədə olub və oradakı mühitin çalışması, ideyalarını həyata keçirməsi üçün əlverişli olmadığını görərək istefa verib.

Onu yenidən məmur donuna salmaq istəyənlərin digər hədəfi milli komandanın baş məşqçi postunu əcnəbi üçün boş saxlamaqdır. Hamıya aydındır ki, bu vəzifəyə bir nömrəli namizəd Qurbanovdur. İndi onu İK üzvü etməklə əcnəbi təyinatı üçün əlyeri saxlayırlar.

Nə yaxşı ki, Qurbanov ayıqdır, növbəti dəfə oyuna çəkildiyini bilir. Ona görə də hələlik yekun razılığını verməyib. Qurban bəy bu dəqiqəyədək İK üzvlüyünə rəsmi namizədliyini verməyib, AFFA-nın yeni rəhbərliyinin əsl niyyətini bilmək üçün gözləmə mövqeyindədir. Hər şeyə yaxın bir sutka ərzində aydınlıq gələcək.

İkincisi Sərxan Hacıyevdir. AFFA-nın baş katibi kimi cəmi bir ilə sığan fəaliyyət dövründə onun etdikləri yalnız təqdir edilə bilər. Əvvəlki rəhbərliyin ifşasında onun əməyi danılmazdır. Hacıyev paralel olar “keçid hökuməti” funksiyasını məharətlə yerinə yetirdi, eyni zamanda ölkə futbolunda vəziyyətin nizama salınmasında önəmli işlər gördü. Yeni liqanın yaradılması, çempionatda sabitlik, idman priniplərinin qorunması kimi çoxdan unudulan ən önəmli məsələlərdə məhz Sərxan bəyin fəaliyyəti həlledici oldu.


Vəzifəsinin öhdəsindən məharətlə gələn, özünü bacarıqlı kadr kimi sübut edən bu şəxsi indi mədəni yolla sıradan çıxarırlar. İşi ilə müsbət imic qazanan Hacıyevi kənara atmaq mümkün deyil, əvəzində onu məhz Nəsirovun planı ilə İcraiyyə Komitəsinə sürüşdürürlər. Belədə onun səlahiyyətləri azalacaq, İK-da sıradan “əlqaldıran”a çevriləcək və ən yaxın zamanda və fürsətdə birdəfəlik “vurulacaq”.

Hacıyevi İK-ya göndərmək yeni prezident Rövşən Nəcəfin öz ideyası deyil. Bunu da Nəsirov düşünüb. O, yəqin ki, tezliklə Kamran Quliyev və ya başqa bir sevimli kadrını baş katibliyə namizəd kimi göstərib arzusuna çatacaq. Hələ ölkə futbolunda xaos yaratmaq cəhdi, Elxan Məmmədovun yalançı xilasedici kimi geri qaytarılması da mümkündür. Bu şəxsin FIFA ilə müqaviləsi tezliklə başa çatır və Nəsirov sevimli əlaltısını Nəcəfin komandasına pərçim etmək üçün hər şeyə əl atacaq.

Göründüyü kimi, Nəsirov AFFA-da islahat dalğasını da idarə etməyə çalışır və buna nail olmaqdadır. Belədə o, yenə hakimiyyəti əlində saxlayıb Azərbaycan futbolunu məhv etməyə davam edəcək. Seçki baş tutmamış islahatın həvalə olunduğu insanlar ayılsa, bu məqamlara diqqət etsə, yaxşı olar.

AFFA-nın yeni rəhbərliyi zatən əvvəlki işlərində uğursuz olduqlarından tənqid hədəfidir, indidən onlara qarşı kin formalaşır. Bu fonu dağıtmaq üçün müsbət addımlar atmaq, futbol təsərrüfatını Elşad Nəsirov – Elxan Məmmədov tandemindən, onların dəstəsinin üzvlərindən təmizləmək şərtdir. Hətta Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunacaqsa da, fəaliyyəti uzun sürməyəcək. Çünki yenə də əsas söz sahibləri eyni adamlar olacaq və onlar Qurbanovun uğursuzluğu üçün hər şey edəcəklər.

AFFA-nın yeni rəhbərliyinin başqa bir qüsuru indidən saxtakarlığa əl atmalarıdır. İstədikləri adamları İcraiyyə Komitəsinə yerləşdirmək üçün yolverilməz işlər görürlər. Onların fəaliyyətə Nizamnamə pozuntusu ilə başlaması çox pis mesajdır.

AFFA Nizamnaməsinin 34-cü maddəsinin 5-ci bəndində qeyd olunub:

– Bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmaqla, AFFA üzvlərinin birində, yaxud FİFA və ya UEFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınan orqanı daxilində aktiv fəaliyyət göstərməlidir.

Lakin İcraiyyə Komitəsinin bəzi gələcək üzvləri bu kriteriyalara cavab vermir. Məsələn, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov və ya hətta AGİN-in də işdən çıxardığı Fərid Mansurov bu tələblərə necə uyğun gəlib? Elşad Nəsirovun namizədliyini regional futbol federasiyalarından birindən verməsində də məna yoxdur – bu, yerləşdirmək naminə yerləşdirməkdir.

Deyək ki, bu şəxsləri hansısa formada əsaslandırıb futbola calaq ediblər, bəs, Balakişi Qasımov? Axı, İTV-nin baş direktorunun AFFA üzvlərinin birində, yaxud FİFA və ya UEFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınan orqanı daxilində hər hansı fəaliyyəti yoxdur. 2021-ci ilin noyabrından Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olan bu şəxsin indi futbolda qərarverən quruma düşməsi Nizamnamə pozuntusudur.

Doğrusu, şəxsən Qasımovun belə faktla xatırlanmasını istəməzdim. Çünki televiziyadakı işinə görə şəxsən məndə rəğbət qazanan, fəaliyyəti müsbət çalarlarla dolu olan Balakişi bəy Nəsirovun səhv məsləhətləri ilə çətin duruma düşməməlidir. Çünki sabah onun Nizamnaməni pozduğunu ilk olaraq məhz köhnə AFFA rəhbərliyi ifşa edəcək. İndidən diqqətli olmaqda fayda var.

Başqa bir məqam namizədlərin sənəd işlərində diqqətli olmamasıdır. Heç bir namizəd AFFA üzvləri tərəfindən namizəd göstərildikləri iclasların foto/video görüntülərini üzə çıxara bilməz. Çünki olmayan iclasların protokolları da saxtadır. İmzalana, möhürlənə bilər, lakin heç biri real deyil, təsdiqedici fakt yoxdur.

QEYDLƏRİMİZDƏN NARAHAT OLANLAR ÜÇÜN

Bu məqamları seçkiöncəsi son ictimai xəbərdarlıq kimi qəbul edə bilərsiz. Kimi istəyirsiz seçin, amma qanunları ayaqlamayın, Nizamnaməyə əməl edin. Bir də bacarıqlı kadrları məkrli oyunlarınıza qurban verməyin, ya birdəfəlik kənarda saxlayıb daha faydalı bildiyiniz öz kadrlarınızı təyin edin, ya da onlardan bacarıqlarına uyğun istifadə etməyə çalışın. Qamarlamağı yox, Azərbaycan futbolunun inkişafını istəyirsizsə…

VÜSAL MAHMUDOV
 
Ardını oxu...
Martın 4-də elektron mediada Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə xəbərlər yayılmışdı. İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Daha sonra isə Baş prokurluq İcra Hakimiyyətində əməliyyatın keçirilməsini təsdiqlədi və əlavə məlumatların veriləcəyini açıqladı. Lakin üstündən artıq neçə gün keçməsinə baxmayaraq sözügedən əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı Baş prokurluqdan hələ heç bir məlumat açıqlanmayıb.

Buna baxmayaraq missiya.az Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrinə əsaslanıb olduqca ilginc məlumatlar yaydı. Məlumatda əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur və qeyd edilir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin arxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə? https://missiya.az/64834-gencede-hebsler-davam-edecek.html

Aktualinfo.org Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı yayılan xəbərlərdən sonra yaydığı məqalədə Baş Prokurorluğun verəcəyi açıqlamadan asılı olmayaraq Niyazi Bayramovun öz əməllərinə kimisə qurban edəcəyini göstərmişdi. Bəzi əlavələrə ehtiyac olduğundan mövzuya bir daha qayıtmalı olduq. Təbii ki, burada ibtidai istintaqa maneəçilik, yaxud da gedişata mənfi təsir göstərə biləcək hər hansı bir hala yol verməmək şərti ilə.

Qeyd etdiyimiz kimi missiya.az-ın Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən aldığı məlumatlarda şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur. Bəs baş memarın Gəncə şəhər İcra Hakimiyyətinin bulaşdığı korrupsiya işlərində nə kimi iştirakı ola bilər? Məlum olduğu kimi İcra Hakimiyyətinin baş memarı daha çox şəhər ərazisində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınmasını təmin edir. Yəni, baş memarın hər hansı bir obyektin, evin tikintisinə icazə verməkdən başqa o qədər də güclü səlahiyyəti yoxdur və bu işləri də İcra başçısının göstərişləri ilə həyata keçirir. Buradan da o, ancaq rüşvət ala, müəyyən pay götürə bilər. O, da Niyazi Bayramovdan xəbərsiz ola bilməz. Yəni Elxan Məmmədov yalnız rüşvətlə var-dövlət yığırsa, Niyazi Bayramov rüşvətlə bərabər, büdcədən ayrılan pullardan da paya sahibdir.

Elektron medianın yaydığı bəzi məlumatlardan başqa bu gün Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncə şəhər İcra Hakimiyyətində qəfil keçirdiyi əməliyyatın təfərrüatı heç kimə məlum deyil. Çox böyük ehtimalla sözügedən qurumun keçirdiyi əməliyyat Gəncə şəhər İcra Hakimiyyətində yol verilən dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya halları ilə bağlıdır.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi seçdikləri şirkətlər vasitəsi ilə mənimsənilib.

Son vaxtlar sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olması barədə yayılan məlumatlar bu yöndə şübhələri bir az da artırmış oldu. Bu da ictimaiyyət arasında bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair haqlı suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

Aşağıda Niyazi Bayramovun Gəncə İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra şəhərin təmir-bərpa, abadlıq-quruculuq işlərinə ayrılmış dövlət vəsaitlərinin kiçik bir qısmini diqqətinizə çatdırırıq. Onda Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasına pulu haradan aldığını təxmin etmək olar. Bununla da Gəncədə kimlərin həbs olunma ehtimalının daha çox olduğunu müəyyən etmək olar.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-2023-cü illərdə “ƏRDAGI” MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 12 220 277 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bunlardan başqa Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan İstehsalat Birliyi tərəfindən 2018-2023-cü illərdə Gəncə şəhərində çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə Ximekspress-2000 firması 6.173.373,55 manat, “OASA” MMC ilə 2.435.000 manat, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliy ilə 5.985.000 manat, “ATLAS ES” MMC ilə birbaşa müqavilə 3.301.261,44 manat, Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarının tikintisinin davam etdirilməsi üzrə “ALİANS”MMC ilə 8.506.646,26 manat, istirahət parklarında əsaslı təmir və abadlıq işləri, işıqlandırılma sistemlərinin əsaslı təmiri işləri üzrə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 1.623.552,89 manat və 897.824 manat, “VEDİ CONSTRUCTİON” MMC ilə 897.240,78 manat və abadlıq işlərinin satınalınmsı üzrə 1.225.288 manat məbləğində ümumi dəyəri 31 045 214 manat olan 9 satınalma müqaviləsi bağlanılıb.

Biz buraya Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında ümumi dəyəri 78 644 630 manat olan 9 satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat dövlət satınalmalarının vahid elektron portalı vasitəsi ilə açıqlanıb. Bununla da Gəncə şəhər İcra Hakimiyyəti 2019-2023-cü illərdə, yəni son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 100 milyon manata yaxın dövlət vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.

Onu xüsusilə vurğulamaq istərdik ki,Niyazi Bayramov bütün bu kimi işləri Gəncədə təkbaşına görmür. Ona bu işlərdə yaxından köməklik göstərənlərin biri İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovdur. O, 1999-2016-cı illərdə Vergilər Nazirliyində baş müfəttiş, şöbə rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Nurəhməd Əhmədov da MKTİB-də rəis müavini vəzifəsinə gətirilib.O, 2022-ci ilin yanvar ayından isə Birliyin rəisi vəzifəsində çalışır.

Maraqlıdır, Bakıda anadan olmuş, uzun müddət Vergilər Nazirliyi kimi bir qurumda müxtəlif vəzifələrdə çalışmış Nurəhməd Əhmədovu Gəncə şəhərində “JEK” müdiri işləməyə nə vadar edib? Avtobioqrafiyasından da göründüyü kimi Vergilər Nazirliyində işləyib, maliyyə işini yaxşı bilir, biznes fəaliyyəti ilə də məşğul olub, geniş əlaqələri var. Niyazi Bayramova da Gəncə şəhərinə ayrılan pulları talan etməyə məhz Nurəhməd Əhmədov kimi peşəkar lazımdı.

Niyazi Bayramovun Gəncədə talançılıq işlərinin başında başqa bir neçə şəxslər də var. Əldə etdiyimiz məlimatlara görə onlardan biri Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifovdu. O, da Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən dərhal sonra bu vəzifənin başına gətirilib. Gəncədə İdman Sarayının da, Dram Teatrının da yeni binasının tikintilərinə və digər abadlıq-quruculuq işlərinə ayrılan pulların dəqiq hesabını, Niyazi Bayramovun bu yollarla nələrin əldə etdiyini hamıdan yaxşı Rəşid Yusifov bilir. Onunla bağlı əldə etdiyimiz məlimatlara ayrıca qayıdacağıq.

Həmçinin İcra başçısının yaxın dostu, adını hələlik hallandırmaq istəmədiyimiz başqa bir nəfərin Niyazi Bayramovla olan işbirliyinə də ayrıca toxunacağıq. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub külli miqdarda pullar qazanır. Oğluna da milyonlarla manat dəyəri olan dəbdəbəli avtomobillər alır.

Aktualinfo.org
 
Ardını oxu...
Şahbuz rayon Polis Şöbəsinin əməkdaşları Sələsüz məktəbində müəllimlərin döyüb, təhqir etdiyi şagirdi və onun atası Əfqan Hüseynovu təhdid edirlər ki, şikayəti geri götürsünlər. Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkmiş şagirdin qohumları məlumat verib. Onlar iddia edirlər ki, buna səbəb şagirdi döyməkdə ittiham olunan müəllimlərin polisi, yerli Təhsil Nazirliyini və digər aidiyyəti qurumları pulla ələ almasıdır.
Şabuh rayon Sələsüz kənd orta məktəbində 7-ci sinif şagirdinin döyülüb, təhqir edilməsi ilə bağlı məlumat ictimailəşdikdən sonra yerli Təhsil Nazirliyinin təşşəbüsü ilə araşdırma dünəndən başladılıb. Rayon polis şöbəsi əməkdaşları müəllimlərdən izahat aldıqdan sonra bu gün zərərçəkən şagirdin evinə gediblər.
Qohumları bildirirlər ki, polislər onları hədələyərək, şikayətlərini geri götürmələrini tələb edirlər:
“Bir neçə gün məsələni ört-basdır etmək istədilər. Lakin, məsələ ictimailəşəndən sonra işə məcburi Təhsil Nazirliyi, DTX, İcra Hakimiyyəti və polis işə qarışdı. Dünən gedib, məktəbdə müəllimlərdən izahat almışdılar. İzhatdan sonra dərs hissə müdiri hamının yanında deyib ki, puluna minnət, hamısının pulunu verib, işi bağlatdıracağıq. Elə də oldu. İndi araşdırma aparan bütün qurumlar müəllimlərin tərəfini tutub, döyülən uşağı günahkar çıxarmaq istəyirlər. Bu gün polis evə gəlib, uşağın və ata-anasının üzərinə hücum çəkib, üstlərinə qışqırıblar. Məlumatı mətbuata kimin ötürdüyü ilə maraqlanıblar. Tələb ediblər ki, günahın uşaqda olması ilə bağlı izahat yazsınlar, əks təqdirdə həbslə hədələyiblər“.
Qohumları bildirirlər ki, polislərin təhdidindən sonra şagirdin və anasının vəziyyətləri pisləşib:
“Polislər elə qorxudub, qışqır-bağır salıblar ki, uşaq ikinci dəfə psixoloji travma alıb. Ana da bir neçə il öncə iflic keçirib. Polislərin hədə-qorxusundan sonra vəziyyəti daha da pisləşib. Kasıb, fağır ailədilər, atanın 350 manat maaşı ilə birtəhər dolanırlar, indi nə edəcəklərini bilmirlər. Buradan İlham Əliyevə, onun səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edirik ki, məsələ ədalətli araşdırılsın“.
Hədələnən Əfqan Hüseynovun Naxçıvan Dövlət Televiziyasında 350 manat maaşa operator vəzifəsində işlədiyi bildirilir.
Bundan öncə, qohmları 7-ci sinifində oxuyan qız şagirdinin döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunması ilə bağlı məlumat vermişdilər. Ona qarşı bu hərəkəti edənlərin isə, dərs hissə müridi Sahilə Həsənova və məktəbdəki Uşaq Birliyinin rəbhəri Çiçək Novruzovanın olduğu bildirilirdi. Qohumların „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Çiçək Novruzovanın eyni məktəbdə oxuyan nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb.
Məsələ ictimailəşdikdən sonra yerli Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbdə araşdırma başlanmışdı.

 
 

Ardını oxu...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Beyləqan rayon şöbəsinin rəisi işləmiş, hazırda Sabirabad rayon şöbəsinin “komissarı” işləyən Əlsəfa Məmmədov yüzlərlə həqiqi hərbi xidmətə yararlı gəncləri hərbi xidmətdən yayındırması ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Belə ki, Əlsəfa Məmmədovun 44 günlük Vətən müharibəsində yüzlərlə çağırışçıları müharibədən yayındırmaqla bağlı xəbərlər dolaşmaqdadır. Hələ o vaxtlar Əlsəfa Məmmədovun, rüşvət yolu ilə imkanlı şəxslərin övladlarını müharibədən yayındırdığı, əvəzində maddi durumu zəif olan, müharibəyə yararsız, bir evin 2-3 oğlunu birdən, hətta xəstə ata-ananın yeganə övladını belə müharibəyə göndərdiyi haqda mediada yazılar dərc edilib. Həmin təkzib olunmayan yazılar hələ də saytlarda qalmaqdadır. Saytların iddiasına görə, Əlsafa Məmmədov 44 günlük Zəfər savaşı dövründə 7-10 min AZN arası nəğd pul alaraq, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırmaqla məşğul imiş. 

GundemXeber.Az Reportyor.tv-yə istinadla bildirir ki, məhz həmin yazıların davamlılığına görə, o vaxtkı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Arzu Rəhimov Əlsəfa Məmmədovu Beyləqan rayonundan Sabirabad rayonuna transfer etdirdi.

Qeyd edək ki, Əlsəfa Məmmədovun Beyləqanda Hərbi Komissar kimi fəaliyyəti heç də müsbət xarakterizə edilmir. Xatırladaq ki, vətən müharibəsindən bir qədər sonra, rayonun icra başçısı, hüquq mühafizə orqanları əməkdaşları rayonun Təzəkənd kəndində şəhid məclisinə gedərkən, kənd sakinləri və şəhid atası Əlsəfa Məmmədovu kənddən qovublar. 

Əlsafa Məmmədovun haqqında internet üzərindən kiçik araşdırma apardığımız zaman məlum oldu ki, onun iş saatının böyük hissəsini kabinetində kompüter arxasında keçirdiyini və porno ulduzların videolarını izlədiyi haqda məlumatlara da rast gəlirik. Sizcə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimova iş saatının çox hissəsini kabinetdə oturub “PORNO” ulduzların videolarını zövüqlə izləyən Əlsəfa Məmmədov adlı bir işçi lazımdırmi?! Və yaxud həqiqi hərbi xidmətə yararlı çağırışçıları “neqodnı” edən komissar?..

Buyurun söz sizdədir, cənab Mürsəl İbrahimov...

 

GundemXeber.Az

 
 
 
Ardını oxu...
Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Sonuncu yazı burada: Abşeron-Xızı Regional təhsil İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR... - İTTİHAM VAR...

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə nyus.az-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə...

***

Məktəblərə laborant və kiçik texniki işçi adı altında işə qəbul edilən işçilərin müəllimlər otağında, kitabxanada, kargüzarın yanında, direktor müavinlərinin otağında əyləşməklə günlərini boşu-boşuna keçirərək dövlətin onlara ayırdığı pulları beləcə İlhamə Abdullayeva öz yaxın ətrafına hədiyyə edir. Bir neçə Şəhid, qazi ailələrinin övladlarını, o cümlədən bacı-qardaşlarını da işlə təmin edir ki, gözdən pərdə assın. Lakin bu heç də İlhamə Abdullayevanın belə insanların qayğısına qalmasından irəli gəlmir. Çünki, işə qəbul edilmiş, ortada yeyib kənarda gəzən “laborantlar”ın (laboratoriyalar) hansı yolla vəzifəyə təyin edilməsi nəzərimizdən qaçmadı. Araşdırma zamanı məlum oldu ki, ortada yeyib, kənarda gəzən “laborantlar” müəyyən məbləğ müqabilində işlə təmin olunublar. Bu işləri isə İlhamə Abdullayevanın “qara kassaları” həyata keçirir.


***

Məktəbəqədər müəssisələrdə araşdırma apardıq. Aparılmış araşdırma nəticəsində Abşeron Xızı Regional İdarənin tabeliyində olan bütün məktəbəqədər müəssisələrdə qeyri-qanuni pullu qruplar fəaliyyət göstərir. Bu qruplara şagird qəbulu 500 manatdan başlayır. Həmçinin, hər bir valideyndən əlavə olaraq aylıq 50 manat pul yığılır. Bu qruplar müəssisələrdəki qruplardan əlavə açılır ki, burada tərbiyəçi müəllimlər işə qəbul edilir. Lakin başqa maraqlı fakt odur ki, əlavə qruplara cəlb olunan uşaqlar bağçalara ayrılmış gündəlik maliyədən qidalanırlar. Bəs o zaman valideynlərdən niyə aylıq 50 manat rüşvət yığılır, – hər bir uşaq üçün?

***

İttihamlar seriyası davam edir....
 
Ardını oxu...
Bəlli olduğu kimi, Elm və Təhsil Nazirliyi ötən ilin dekabr ayında “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlayıb. Müsabiqə nəticəsində 17 təşkilatın layihəsi qalib elan edilib. Müsabiqənin nəticələri açıqlandıqdan sonra qalib layihələr sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə və tənqidlərə səbəb oldu.

Məsələn, dosent, təhsil eksperti İlham Əhmədov “Paralel” qəzetindəki yazısında Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsinə belə münasibət bildirib: ETN-nin QHT-lər üçün Qrant müsabiqəsinin nəticələri dərc edilib. Nəticələrlə tanışlıq göstərir ki, “davam edir dosta güzəşt, daha rahat, daha sərbəst”.

Xatırladaq ki, nazirliyin qrant müsabiqəsinin nəticələrini elan etməsinin üzərindən artıq 3 ay zaman keçir. Məntiqlə artıq həmin layihələrin icrasına start verilməlidir.

Təhsil sahəsindəki prosesləri daim diqqət mərkəzində saxlayan Editor.az Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsində qalib layihələrin icra vəziyyətini öyrənmək üçün kiçik bir araşdırma aparıb. Əməkdaşlarımız müasir dünyanın açıq mənbə kimi qəbul etdiyi “Google” beynəlxalq axtarış şəbəkəsi üzərində müsabiqədə qalib layihələrin adlarını axtarışa verib.

Nəticə isə həqiqətən ürəkağrıdıcı və düşündürücüdür: Bütün yerli və beynəlxalq qrant layihələrinin icrası zamanı QHT-lər üzərinə layihənin icrası müddətində şəffaflıq və hesabatlılığın əsas meyarı kimi media ilə əməkdaşlığı öhdəlik kimi götürür. Yəni, layihənin icrası müddətində QHT layihənin gedişi ilə bağlı həm donor təşkilata, həm də mediaya mütəmadi məlumat verməli, cəmiyyəti layihənin gedişi ilə bağlı məlumatlandırmalıdır. Bu həm də layihənin ideyası və cəmiyyətə vermək istədiyi mesajın təbliği baxımından son dərəcə vacibdir.

Ancaq, təəssüf ki, 3 ay keçməsinə baxmayaraq, Elm və Təhsil Nazirliyinin dövlət büdcəsi hesabına maliyyələşdirdiyi bu layihələrin 4-ü istisna olmaqla(epizodik), 13-ü haqqında internet şəbəkəsində, mediada hər hansı məlumata rast gəlmək mümkün deyil. Yəni, ictimaiyyət, media yüksək məbləğlər ayrılan bu layihələrin ümumiyyətlə icra olunub-olunmadığından belə əmin deyil…

Elə isə “təhsildə güzəşt vətənə xəyanətdir” deyənlərə sual edirik: Formallıq naminə və ya bir çox mənbələrin iddia etdiyi kimi hansısa maddi maraq qarşılığında dövlət büdcəsini bu şəkildə istifadə etməyin adı nədir?

Qeyd edək ki, müsabiqənin qalibi olan təşkilatlarım bir çoxu xüsusi diqqət çəkir.

Nazirliyin 45 min manat vəsait ayırdığı Azәrbaycan Gәnc Müәllimlәr Assosiasiyası İctimai Birliyi və “Bir könüllü” Tәlәbәlәrin Әmәkdaşlığı İctimai Birliyi Elm və Təhsil nazirliyinin rəsmi QHT qolu hesab edilə bilər. Bu İctimai Birliklərin nazirliyin Aparat rəhbəri Mətin Kərimlinin nəzarətində olduğu deyilir.

27 min manat qrant alan “Müasir Azәrbaycan Psixoloqları” İctimai Birliyinin sədri deputat, Milli Məclisin EIm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyevdir. Görünür, nazirlik rəsmiləri xüsusi fənd işlədərək onlar üzərində ictimai nəzarəti həyata keçirməli olan parlamentin Elm və Təhsil komitəsini bu şəkildə zərərsizləşdiriblər.

Qalib təşkilatlardan biri də özünü sosial şəbəkələrdə feminist qrup kimi tanıdan “Yuva” Humanitar Mәrkәzi İctimai Birliyidir. Birliyin sədri Rəna Tahirova beynəlxalq təşkilatlara və nazirliyin İctimai Şurasının müxtəlif üzvlərinə yaxınlığı ilə seçilir.

29 min manat qrant hədiyyə edilən Azәrbaycan Gәnc Alim, Doktorant vә Magistrlar Cәmiyyәti İctimai Birliyinin sədri İlqar Orucov Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvüdür.

15 min manat qrant alan Gәncә Regional Qadın Mәrkәzi İctimai Birliyinin sədri isə Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, keçmiş məmur Məleykə Əlizadədir.

Belə yerdə nazirlik yanında İctimai Şura üzvlərinin qurumun fəaliyyətinə necə ictimai nəzarəti həyata keçirəcəkləri ciddi sual doğurmaya bilmir.

20 min qrant verilən “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri keçmiş prezidentliyə namizəd, uzun illər müxalif partiya liderlərindən olan Fuad Əliyevdir. Onun təhsillə yaxından-uzaqdan əlaqəsi ilə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

20 min manat qrant alan “Ümidli gәlәcәk” Sosial Tәşәbbüslәr İctimai Birliyinin fəaliyyəti haqqında mediada çox sayda məlumata rast gəlmək mümkün deyil. Birliyə faktiki olaraq, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini Nabil Seyidovun rəhbərlik etdiyi bildirilir.

18 min manat qrant alan Azәrbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin isə uzun illər Gənclər və İdman nazirinin müavini işləmiş, adı mediada qalmaqallarda və FETÖ ilə əlaqədə hallanan, hazırda “İçərişəhər” Qoruğu İdarəsində Aparat rəhbəri kimi çalışan İntiqam Babayev tərəfindən himayə edildiyi iddia olunur.

Nazirlikdən 30 min manat qrant alan “Worldskills Azerbaijan Association” İctimai Birliyi ilə bağlı isə internetdə açıq mənbələrdə ümumiyyətlə, heç bir məlumata rast gəlmək mümkün olmadı. Bu qurumun hansı fəaliyyət istiqamətləri ilə məşğul olduğu, təhsil sahəsinə nə qədər aid olduğu sirr kimi qorunur.

Editor.az
 
Ardını oxu...
Bakının bir çox rayonunda olduğu kimi Binəqədi rayonu ərazisində yaşıllıqlara qənim kəsiliblər. Yeni inşa edilən obyektlərin qarşısındakı ağaclıqlar “maneə” yaratdığı üçün ağacları kökündən çıxarıb yerinə beton tökürlər. Günün gündüz çağı, hər kəsin gözü önündə aparılan bu işləri hamı görür, ancaq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi görmür. Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, metronun “Azadlıq prospekti” stansiyasının çıxışında yeni açılacaq bir obyektin qarşısında təzə əkilmiş ağaclar məhv edilib.

Sakinlərdən biri obyektdə təmir gedən vaxt ağacların kəsiləcəyi ehtimalını nəzərə alaraq şəkillər şəkib. O, bu gün həmin ağacların kökündən məhv edildiyinin şahidi olub.

“Bu gün görürəm ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur. Lap əvvəl kola bənzər ağac da var idi. O da getdi. Kökündən çıxarıb yerinə beton töküblər. Gözdən kənar qalmış ərazi də deyil, yol kənarıdır, hərəkətli yoldur. Yəni bu işi kimsə gizlin edə bilməz. Kimsə həyətində bir ağacı budayan kimi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi xəbər tutub gəlib cərimə yazır. Bəs ağacların yerinə beton tökən obyekt sahibini niyə görmür? Niyə vaxtında tədbir görmürlər?”.

Narazı sakinlərin problemlə əlaqədar aidiyyəti qurumlara müraciət etdiyi də bildirilir. Ancaq onların sözlərinə görə, heç bir tədbir görülməyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dia-az.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirov Bakının
Novxanı çimərliyi yaxınlığında yerləşən “Sarıqaya” yaşayış massivi “Metallurq” düşərgəsinin
bir hissəsini zəbt edib. Zəbt edilən əraziləri hasarlasa da, ərazidə inşaat işlərini müvəqqəti
dayandıran əmlak məmuru, artıq 3 gündür ki, tikinti prosesini bərpa edib. Bu məqsədlə zəbt
edilən ərazinin hər iki tərəfinə yük maşınlarının rahat girib-çıxması üçün nəhəng darvazalar
qoyulub. Bununla da zəbt olunan ərazi digər şəxslərin üzünə tam qapadılıb. Artıq əraziyə daxil
olmaq mümkün deyil.
Ərazidə işləyən ağır texnikalar villa inşası üçün ilkin hazırlıq işləri həyata keçirməkdədir. Zəbt
olunan ərazidə qonşu “Şəfəq” düşərgəsində olduğu kimi yarım milyon, bir milyon qiymətində
olan bahalı villalar inşa ediləcək. Satış məqsədilə inşa ediləcək villalardan biri isə Taleh
Bəşirovun özü üçün nəzərdə tutulub.
 
Ardını oxu...
Teref jurnalist Farahim Ilqaroglu Gasimov Istanbul NS Klinikasinda müalicə alan anasının qəfil ölümü ilə bağlı status paylaşıb.
TEREF statusu təqdim edir:
"Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib."
Ardını oxu...
 
Ardını oxu...
Xırdalan şəhəri, Qalibiyyə küçəsi (köhnə adla Nəsibə Zeynalova küçəsi), 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilməsi, binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilənin onun etibarlılığını və təhlükəsizliyini azaltması, beton təbəqələrin kəsilərək qapı oyuğu açılması, dayanıqlığı təmin edən armaturların doğranması barədə narahatlığımızı “Nyus.az” internet xəbər portalında dərc olunan “Abdin Fərzəliyev yaşayış binasını qəzalı vəziyyətə salıb?” sərlövhəli, video-materialla müşayiət olunan tənqidi məqaləmizdə bildirmişdik. Sözügedən neqativ faktla bağlı ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, Baş nazirə, Fövqəladə hallar nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısına ünvanladığımız 6 mart 2024-cü il tarixli məktublarımızda sözügedən binanın zirzəmisinin sakinlərin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov tərəfindən peşəsi həkim olan bir şəxsə satıldığı barədə informasiyanı, habelə Mehman Səfərovun özünün bu məsələ barədə sualımıza verdiyi cavabı qeyd etmişdik: “Həmin işlər mənlik deyil, yaxşı olar ki, bu kimi suallarınızı Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verin. Bilmək lazımdır ki, bu rayonun ərazisində bütün işlər icra başçısının razılığı ilə həyata keçirilir. Halbuki, “Nyus.az” xəbər portalında gedən məlum başlıqlı məqaləyə Abşeron Rayon İcra Hakimiyyətinin feyzbuk səhifəsindən yazılmış şərhdə bildirilir ki, sözügedən videoda nümayiş olunan neqativ halın tez bir zamanda aradan qaldırılması üçün RİH-nin Memarlıq və Tikinti Şöbəsinə və Abadlıq və Kommunal Xidmətlər İdarəsinə müvafiq tapşırıqlar verilmişdir.
Deməli, Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, əlbəttə ki, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Başqa sözlə, idarə rəisi ictimaiyyətdə elə rəy yaratmağa çalışır ki, guya icra başçısı “dovşana qaç, tazıya tut” deyir. Hərçənd, nə bilmək olar? Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyidir və icra hakimiyyəti zirzəmidə aparılan qanunsuz işlərin təcili dayandırılması üçün heç də tələsmir. Qarşıdan Novruz bayramının gəldiyini nəzərə alsaq, keçmiş müşahidələrimizdən çıxardığımız təcrübəyə əsasən deyə bilərik ki, yəqin vaxtı uzatmağa çalışırlar – ümid edirlər ki, tətil günlərində “dərə xəlvət” olacaq, “tülkü bəylər” də öz işlərini sürətlə görüb-bitirəcəklər.
Amma məsələ burasıdır ki, Allah eləməmişkən, sabah zirzəmisinin dayaqları sökülmüş bina uçub-dağılsa, bunun cavabını kim, hansı vəzifəli şəxs verəcək, FHN rəhbəri cənab Kəmaləddin Heydərovmu, Abşeron RİH başçısı cənab Abdin Fərzəliyevmi? Problemin faciə ilə sonuclanmasını qabaqlamaq üçün qeyd olunan yaşayış binasının zirzəmisinə aidiyyəti orqanların əməkdaşları baxış keçirməli, vəziyyəti yerində qiymətləndirməli, lazımi ölçü götürməli, ən əsası isə söküntü işlərini dərhal dayandırmalıdırlar. Ən nəhayət, təqsirkarlar müəyyənləşdirilərək, barələrində müvafiq tədbir görülməlidir. Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyi, cənab başçı Abdin Fərzəliyevdir.
Vahid Məmmədov

Nyus.Az
 

Dünyapress TV

Xəbər lenti