b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_26dc874247aba741ce38828f72512c56.jpg
  

Ölkədə 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır - iqtisadçıdan fərqli rəy

2025-ci ilin yanvar ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 158 260 nəfər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən, onların 33,3 faizini kişilər, 66,7 faizini isə qadınlar təşkil edib. Bir il əvvəl isə yaşa görə müavinət alanların sayı 145 min nəfər civarındaydı.

Nazirliyin digər məlumatına əsasən, 2024-cü ilin yanvar ayında yaşa görə pensiya alanların sayı 708 min nəfərdən çox olub. Onların 42,1 faizini kişilər, 57,9 faizini isə qadınlar təşkil edib. 2024-cü ilin sonuna doğru yaşa görə əmək pensiyası alanların sayında azalma qeydə alınıb -  oktyabr ayında onların sayı 706,9 min nəfər təşkil edib.

Beləliklə, rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda pensiya yaşına çatan, lakin sosial hesabındakı kapitalı minimum məbləğdə də olsa pensiya almağa yetməyən insanların sayı sürətlə artır. Bunun bir səbəbi əmək haqlarının bir çox hallarda işəgötürənlərin xərclərini azaltmaq məqsədilə aşağı - əsasən minimum əmək haqqı səviyyəsində təsdiqlənməsidirsə, digər səbəbi də qeyri-leqal işçi sayının çox olmasıdır. Bu isə ölkədə kölgə iqtisadiyyatının payının dünya ortalamasından dəfələrlə yüksək olaraq qalmasından qaynaqlanır. İqtisadçı-ekspert Natiq Cəfərlinin hesablamalarına əsasən, Azərbaycanda 1.3 milyon nəfərdən çox əmək qabiliyyətli insanın harada işlədiyi rəsmi statistikada əksini tapmır: “Rəsmi məlumatda deyilir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir. Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında qanuna əsasən muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar, özünü işlə müstəqil əmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin fermerlər və onların istehsalda iştirak edən ailə üzvləri məşğul əhalidir. Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1 milyon 778.5 min nəfər olub; Ölkədə VÖEN-lə çalışan 700-800 min işçi var, tutalım, onların hamısı aktivdir;  Pay torpağı olanların hamısına, onların ailə üzvlətinə ölkədə "fermer" deyib rəsmiləşdirirlər - onların sayı da, təqribən 1 milyon 400 min nəfərdir. Bu isə o deməkdir ki, ən yuxarısı 4 milyon nəfər işləyən-məşğul əhali var. Belə çıxır ki, 1 milyon 300 min nəfər ya işsizdir, ya da qeydiyyatsız işləyir".

Qeydiyyatsız işləyənlərin, həmçinin əməkhaqqı minimum qeydə alınanların sayının yüksək olması orta və uzunmüddətli dövrdə pensiya yaşına çatıb əmək pensiyası almayan insanların sayının sürətlə artmasını şərtləndirəcək. Bu isə əhalinin ehtiyaclı təbəqəsinin artması deməkdir. Bu problemin qarşısının alınması üçün özəl pensiya fondlarının yaradılması əsas yollardan biri hesab olunur. Qeydiyyatsız işləyən, yaxud əməkhaqqı aşağı qeydə alınan, həmçinin kənd təsərrüfatında məşğul kimi rəsmiləşsə də, sosial sığorta hesabına hər hansı ödəniş olmayan vətəndaşlar belə fondlara öz imkanları hesabın ödəniş etməklə ahıl vaxtları üçün təhlükəsizlik yastığı formalaşdıra bilərlər.

Azərbaycanda uzun illərdən sonra özəl pensiya fondunun yaradılması istiqamətində addımlar atılmağa başlanıb. Ötən ilin dekabrında verilən açıqlamadan aydın oldu ki, artıq ƏƏSMN tərəfindən “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub. Müvafiq qurumlarla müzakirələr nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.

Azərbaycan Mərkəzin Bankından verilən açıqlamada qeyd edilir ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.

AMB-dən bildirildiyinə görə, bu istiqamətdə ƏƏSMN-in rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Xüsusilə Rumıniya, Polşa, Fransa, Xorvatiya və Türkiyə kimi ölkələrin təcrübəsi öyrənilərək, qanun layihələrinin müasir və effektiv mexanizmlərə əsaslanması təmin olunub: “Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir və ilkin təkliflər işlənib hazırlanır”, - cavabda deyilir.

Vəfat etmiş şəxsin pensiyasını bu halda həyat yoldaşı ala bilər | ENA.az

AMB-də hesab edilir ki, özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər: “Sığortaçılar tərəfindən özəl pensiya fondlarının tətbiq olunduğu beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən pensiya fondlarının fəaliyyətində sığortaçıların rolu, işlərin təşkili və digər effektiv mexanizmlərlə bağlı təhlillər aparırlar. Ümumiyyətlə, Mərkəzi Bank sığorta sektorunun inkişaf etdirilməsi, sektorun maliyyə sabitliyinin təmin edilməsi istiqamətində bir çox işlər icra etməkdədir”. Eyni zamanda sığorta sektorunun inkişafı üçün Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslər həyata keçirilir.

AMB qeyd edir ki, özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra effektiv idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur: “Şəffaflıq və maliyyə sabitliyini təmin etmək üçün fondların fəaliyyətində şəffaflığın təmin edilməsi və maliyyə sabitliyinin qorunması əsas prioritetlərdəndir. İnvestisiyaların qorunması üçün vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək. Diqər məsələ isə vətəndaşların maarifləndirilməsidir. Fondların fəaliyyətinə marağın artırılması və pensiya yığımlarının əhəmiyyəti barədə məlumatlandırma kampaniyalarının təşkili planlaşdırılır”.

Dünya təcrübəsindən çıxış etsək, özəl pensiya fonduna toplanan vəsaiti vətəndaş müqavilədə nəzərdə tutulan minimum ödəniş müddətindən sonra götürmək imkanı əldə edəcək. İstəyərsə, 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Vətəndaş rəhmətə getdiyi təqdirdə, onun varisi(ləri) toplanan vəsaiti ala biləcək. Hansı ki, bu, hazırda tətbiq olunan pensiya mexanizmində əksini tapmayıb.

Belə bir mexanizmin həyat sığortası şirkətlərinin iştirakı ilə qurulması ehtimalı yüksək qiymətləndirilir. Bu, baş verərsə, əlavə fondların yaradılmasına ehtiyac qalmayacaq - sığorta şirkətləri özləri bu funksiyanı icra edəcəklər. Son illərdə həyatın yaşam sığortasında qeydə alınan yüksəliş göstərir ki, dövlətin stimullaşdırıcı dəstəyi ilə özəl pensiya sisteminin də inkişafına nail olmaq mümkündür. Hətta prosesi özəl pensiya sistemi qoymadan, hazırda Azərbaycan qanunvericiliyində mövcud olan bir mexanizmin tətbiqi buna imkan verər. Belə ki, dünyada işləyən şəxslər üçün annuitet sığorta adlı əlverişli sığorta növü tətbiq olunur. Adətən bu sığorta növündən orta yaşlı insanlar daha çox istifadə edirlər. Mahiyyəti budur ki, insan sığorta şirkətinə həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər həmin şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni vəfat edənə qədər ödənilə bilər. Belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında da imzalana bilər Bu zaman işəgötürən - yəni iş yeri hər ay işçinin əməkhaqqından müvafiq sığorta haqqını sığorta şirkətinə köçürür. Həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü və ya varisi yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.

XalqHəyat sığorta şirkətinin satış idarəsinin müdiri Şəhriyar Məcidovun sözlərinə görə, Azərbaycanda da annuitet sığorta növü qanunvericilikdə nəzərdə tutulur: “Bu növ sığorta qanunda nəzərdə tutulub, lakin hələ satışa çıxarılmayıb. Vaxtilə Sovet dövründə bunu tətbiq edirdilər. Adətən valideynlər övladları üçün edirdilər bunu. İndi Avropada, Türkiyədə geniş tətbiq olunur. Türkiyədə buna əməkli sığortası deyirlər. Bizdə gözləyirik ki, bu məhsuldan nə vaxt istifadə edə biləcəyik. Fikrimcə, tətbiq edilsə, ona maraq yüksək olacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti