Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik”
İqtisadçı: “Dövlət qurumlarının yaxşı işləməməsinin, yığdıqları borcların əvəzi vətəndaşın cibindən çıxarılmamalıdır”

2025-ci ilin ilk günlərində, konkret desək, yanvarın 2-də Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər artıb. Tarif Şurasının yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC, SOCAR, "Azenerji" ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.

Suyun qiyməti artmasa da, su xəttinin qoşulmasına görə tariflər artırılıb. Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Qazın, işığın və istiliyin qiyməti isə artırılıb. Bahalaşma həcmdən asılı olaraq 5-20 faiz arası dəyişir. Məsələn, 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində müəyyənləşib. 2500 kubmetrdən çox olan hissə üçün qiymət 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Elektrikdə isə 200 kVt/s olan hissə üçün 1 kilovat/saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovat/saatdan 300 kilovat/saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovat/saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

Şura əsaslandırmasında qeyd edib ki, ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Eyni zamanda, vurğulanıb ki, təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq, elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Respublikaçı Alternativ Partiyanın (REAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli qiymət artımı ilə bağlı AYNA-ya deyib ki, sözügedən artım əhaliyə böyük zərbə vurmayacaq: “Ümumiyyətlə, qiymət artımı əhali üçün də, dövlət üçün də yaxşı hal deyil. Bizim kimi əməkhaqqı, pensiya məbləği aşağı olan ölkələrdə kommunal qiymətlər olsun, ərzaq qiymətləri olsun, artım yaşayış durumunu pisləşdirir. Son qiymət artımı da mənfi tendensiyadır. Amma artımla əhali ciddi itkiyə məruz qalmayacaq. Məsələn, son artımla dörd nəfərlik ailə aylıq büdcəsində orta hesabla 5 manat məbləğində hiss edəcək”.

Əsaslandırmaya gəlincə, N.Cəfərli bildirib ki, artım kommunal xidmətləri göstərən dövlət qurumlarının yaxşı işləməməsi, effektsiz fəaliyyəti ilə bağlıdır: “Düşünürəm ki, dövlət qurumlarının yaxşı işləməməsinin, yığdıqları borcların əvəzi vətəndaşın cibindən çıxarılmamalıdır. Bu qurumlar həmişə borc yükünü artırırlar, çıxış yolu düşünmədən də borcu əhalinin üzərinə yüklənir. Bu, illərdir ki, davam edən tendensiyadır. Əslində isə yanaşma tamam fərqli olmalıdır. Ciddi audit aparılmalı idi, həmin şirkətlərin xərcləri aşağı salınmalı idi. Bununla effektiv idarəetmə və maliyyə dayanıqlılığına keçə bilərdilər. Bu addımlar atılmır, əvəzində 2-3 ildən bir qiymət artımına gedirlər”.

“Biz, yəni əhali dövlət qurumlarının pis işləməsinə görə daha çox ödəməyə məruz qalırıq. Çıxış yolu haqqında yuxarıda bildirdim. Bir yol da var: kommunal xidmətlər göstərən dövlət qurumlarının özəlləşdirilməsi. Bu yolla həmin qurumların effektivliyinin artırılması mümkündür. Təəssüf ki, bu barədə illərdir hökumətə verdiyimiz təkliflərə reaksiya verilmir”, - deyə iqtisadçı partiya sədri fikrini tamamlayıb.

Müəllif: Banu Çiçək
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti