Ardını oxu...
"Rusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Rusiya ümid edir ki, Soçidə keçiriləcək üçtərəfli sammit Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcək", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan liderləri ilə görüşü də planlaşdırılıb.
 
Ardını oxu...
“Baş katib Antoniu Quterreş Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını dayandırmasının qarşısını almaq üçün intensiv əlaqələri davam etdirir".

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında BMT-nin sözçüsü Stefan Dujarik deyib.

Sözçü bildirib ki, Antoniu Quterreş məsələnin həllinə yönəlik çalışmalarda iştirak etmək üçün Əlcəzairdə keçiriləcək Ərəb Liqasının Sammitinə səfərini növbəti günə qədər təxirə salıb:

“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı davam edən vəziyyətdən dərin narahatdır. Bu istiqamətdə Quterreşin apardığı fəaliyyətlər Ukraynadan ərzaq və gübrə ixracının asanlaşdırılması təşəbbüsünün yenilənməsi və tam həyata keçirilməsi, eləcə də Rusiyanın ərzaq və gübrə ixracı qarşısında qoyduğu əngəllərin aradan qaldırılması məqsədi daşıyır”.
 
 
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb.

“Report” xəbər verir ki, dövlət başçısının çıxışından parçaları Prezidentin Mətbuat Xidmətinə yaxın olan “Pul Pervoqo” teleqram kanalı dərc edib.

Aleksandr Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb.

Dövlət başçısı Azərbaycanı və KTMT üzvü olan Ermənistanı dost ölkələr hesab edir və bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil:

“Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”.

A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: “Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan - olmaz.

O, tərəfləri yekdil fikrə nail olmağa, bu yekdil fikri “baxmadan” dəstəkləyəcəyini vurğulayıb.

Belarus lideri KTMT üzvlərinə “öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı da tənqid edib:

“Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edən, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”.
 
Ardını oxu...
Rusiya tərəfin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə oktyabrın 28-də RF prezidentinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını, Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirmək planlaşdırılır.

Eyni zamanda ticari-iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri müzakirə olunacaq.

Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrı söhbətləri nəzərdə tutulub”, deyə məlumatda bildirilir.

Nikol Paşinyan bir müddət əvvəl görüşdə iştirak edəcəyini təsdiq edib. İlham Əliyev hələ də iştirakı və görüşün gündəliyi ilə bağlı şərh verməyib.
Ardını oxu...
"ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı sazişi alqışlayırıq".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirlik bu sazişin hazırda bir çox problemlərlə üzləşən Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə verəcəyinə ümid edir.

"Müqavilə hər iki tərəfin kontinental şelfində üçüncü tərəf vasitəsilə birgə əməliyyat modeli və gəlirlərin bölüşdürülməsini nəzərdə tutur. Dünyada oxşar nümunələri olan bu model Kipr türkləri və yunanlar üçün müsbət presedent yarada bilər", - XİN-in məlumatında deyilir.

Qeyd olunub ki, Şimali Kipr Türk Respublikası keçən ilin iyul ayında yunan tərəfinə beynəlxalq neft şirkətlərinin mövcud hüquqlarını pozmadan ədalətli gəlir bölüşdürmə dərəcələri təyin edərək, ortaq iş anlayışına əsaslanan əməkdaşlıq təklif edib.

Xatırladaq ki, bu gün İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb. Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.
 
Ardını oxu...
Türkiyə Macarıstanla kəşfiyyat məlumatlarının mübadiləsi, müştərək təlimlər, təlim və müdafiə sənayesi və logistika sahəsində əməkdaşlığı ehtiva edən yeni hərbi müqavilə imzalayıb.

“Nordic Monitor” xəbər verir ki, Macarıstanın Müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin Tükiyəyə rəsmi səfəri zamanı əldə olunan razılaşma həm də yaxın aylarda yeni satınalmalara da işarə edir.

İmzalanma mərasimindən sonra mətbuata açıqlama verən Türkiyənin Müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib ki, iki nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Viktor Orban arasında müsbət əlaqələr çərçivəsində çalışıb: “Bir çox məsələlərdə oxşar fikirlərin olduğunu müşahidə etdik və inanıram ki, gələcəkdə də əlaqələrimiz daha da inkişaf edəcək”.


Nazir Szalay-Bobrovnicski də 2017-ci ildən bəri Macarıstan ordusunu NATO-ya uyğun texnika ilə təmin etməyi hədəflədiklərini və bu mövzuda Türkiyənin müdafiə sənayesinə güvəndiklərini qeyd edib. O, bildirib ki, indiyədək Türkiyə istehsalı olan 10 ədəd “Ejder Yalçın” zirehli maşını gətirilib və yaxın vaxtlarda onlardan daha 40 ədəd alacaqlar.

Türkiyənin “Ejder Yalçın” 4×4 zirehli döyüş maşını həm kənd, həm də şəhər ərazilərində hərbi hissələrin və təhlükəsizlik qüvvələrinin əməliyyat tələblərini ödəmək üçün hazırlanıb. Macarıstan Türkiyədən hərbi pilotsuz təyyarələr də almağa çalışır. Macarıstan mətbuatı keçən il Türkiyənin “Vestel” şirkətinin hazırladığı “KARAYEL-SU” pilotsuz təyyarəsinin Macarıstan silahlı qüvvələri tərəfindən sınaqdan keçirildiyi barədə məlumat yayıb.


Xatırladaq ki, Türkiyə və Macarıstan iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı məxfi məlumatların təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayaraq müdafiə müqavilələrini daha ciddi məxfilik altında saxlamağa razılaşıblar. Əldə edilən müdafiə sənayesində məxfi məlumatların qarşılıqlı qorunması haqqında 2019-cu il sazişinə əsasən, ölkələr hərbi texnikanın və silahların, müdafiə sistemlərinin və ehtiyat hissələrinin alınması və müdafiə materiallarının tədqiqi, inkişafı və istehsalına dair məxfi məlumatların təhlükəsizliyini təmin etmək üçün prosedurların yaradılması barədə razılığa gəliblər.
 
Ardını oxu...
“Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diktə edə bilmərik”.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Putin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir.

“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq lazımdır, biz bunu dəstəkləyirik”, deyə Putin qeyd edib.
 
Ardını oxu...
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki Avropa ölkəsini Şimali Kipr Türk Respublikasında “xüsusi ofis” açmağa razı salıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Kipr Respublikası rəhbərliyinin xarici işlər naziri İoannis Kasoulides açıqlama verib. O bildirib ki, Türkiyə Şimali Kipr Türk Respublikasının tanınması üçün ciddi siyasi həmlələr edir. Yunan nazir həmin ölkələrin adlarını açıqlamayıb. Onun sözlərinə görə, həmin ölkələr Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımayacaq. Lakin həmin ölkələr “xüsusi ofis” açmağa razılıq veriblər.

Qeyd edək ki, ABŞ Kipr Respublikasına qarşı silah embarqosunu ləğv edəndən sonra Türkiyə Şimali Kipr Türk Respublikasının tanınması barədə diplomatik səylərini artırıb. Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq açacağını bəyan edib.

 
Ardını oxu...
Amerikan mətbuatı Səudiyyədəki mənbələrə istinadən iddia edir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman şəxsi məclislərində Co Baydeni ələ salır və onun əqli vəziyyətinin yerində olmadığını deyir.

Bu iddiaya cavab verməkdən yayınan Ağ Evin mətbuat katibi Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib.

Səudiyyənin ABŞ-dakı səfiri də bugünkü müsahibəsində deyib ki, ABŞ münasibətləri yenidən nəzərdən keçirsə yaxşıdır “çünki Səudiyyə 5 il, 10 il əvvəlki Səudiyyə deyil.”

Səudiyyə enerji naziri də öz növbəsində ABŞ-ın strateji neft rezervlərini bazara çıxarmasını tənqid edib. Enerji naziri deyib ki, strateji rezervlər təklif qıtlığı zamanında istifadə edilməlidir, bazarları manipulyasiya etmək üçün yox. Qeyd edim ki, OPEC+ tərəfindən neft hasilatının azaldılması qərarından sonra ABŞ rəhbərliyi yüksələn neft qiymətlərini endirmək üçün strateji neft ehtiyatlarından istifadə etmişdi.

Ukrayna münaqişəsi Yaxın Şərqin geosiyasi mənzərəsini gözləniləndən daha radikal şəkildə dəyişdirir. Böyük güclərin öz aralarındakı mübarizəsi bir sıra orta və kiçik dövlətlərin asılılığını azaldır və manevr imkanlarını artırır. Bu proses sadəcə Yaxın Şərqdə yox, bir sıra digər regionlarda aşkar hiss olunur. Ukraynadakı müharibənin uzanması həm Rusiya, həm də ABŞ-ın geosiyasi dayaqlarını zəiflədəcək. Şübhəsiz ki, mövcud gedişatdan ən çox məmnun olan ölkə Çindir.

Şərqə Baxış Analitik Mərkəz

 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığında ikitərəfli münasibətləri və Skandinaviya ölkəsinin NATO-ya daxil olması məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına dair məlumat yayıb.

"Prezident Ərdoğan yeni Baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Baş nazirin noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafına çağırıb", - xəbərdə deyilir.

Həmçinin qeyd edilir ki, Ərdoğan terror təşkilatlarının İsveçi NATO-ya üzv olmaq girovuna çevrilməməsindən danışıb. "Onlara mane olmaq ikitərəfli maraqlara cavab verir", - Türkiyə Prezidenti vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti