Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıla bilər Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AŞPA-nın rəsmi saytında yayımlanıb. Məlumatda bildirilir ki, Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe Azərbaycanda siyasi məhbusların olduğunu, insanların Dağlıq Qarabağdan zorakılıqla köçürüldüyünü, Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gedə bilməmələrini, həmçinin fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Assambleyaya dəvət göndərilmədiyini əsas gətirərək Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib. Frank Şvabenin təklifi Assambleyanın ən azı otuz üzvü tərəfindən dəstəklənib və müraciət Assambleyanın Monitorinq Komitəsinə, həmçinin rəy üçün Qaydalar Komitəsinə göndərilib. Bildirilir ki, yanvar ayının 24-də Frank Şvabenin təklifi Assambleyada müzakirə olunacaq. Qaydalara əsasən, Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olaraq müvəqqəti otura bilərlər, lakin onlar səsvermədə iştirak edə bilməzlər. Qeyd edək ki, Azərbaycan Parlament Assambleyasında 6 həqiqi və 6 əvəzedici üzvdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Səməd Seyidov (Nümayəndə heyətinin rəhbəri) , Nigar Arpadarai, Sabir Hacıyev, Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva həqiqi üzvlər, Sevinc Fətullayeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Erkin Qədirli, Asim Mollazadə və Fazil Mustafa isə əvəzedici üzvlərdir.
Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi Avropa üçün ciddi problem olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Donald Trampın keçmiş müşaviri Entoni Skaramuççi deyib.
“Tramp NATO-ya nifrət edir və hər şeydən çox onu ləğv etmək istəyir. Rusiya Prezidenti Vladimir Putini isə sevir. Ancaq güman edirəm ki, Putini dayandıracaq. Trampın qələbəsinə inanmıram, çünki onu faşizmə və ağ irqin üstünlüyünə inanan kiçik bir qrup insan sevir, ABŞ əhalisinin qalan hissəsi isə ona nifrət edir. Tramp diktator olmaq istəyir, ona görə də daha hakimiyyətsevər bir proqramı təşviq edəcək", - Skaramuççi bildirib.
Avropa Birliyi (AB) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.
Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.
“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.
10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.
Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.
İsveç NATO üzvlüyünə uyğun olması ilə bağlı bizi inandırmaq üçün heç bir iş görməyib və alyansa qoşulmağın bu ölkə üçün prioritet olmadığı təəssüratını yaradıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstan Baş nazirinin Ofisinin rəhbəri Gergely Gulyas brifinqdə deyib.
"İsveç münasibətlərimizin müttəfiq və dostluğa çevrilməsi üçün etimadı gücləndirmək istiqamətində heç bir addım atmır", Macarıstan rəsmisi bildirib.
O deyib ki, iki ölkə arasında mövcud münasibətlər hazırda hüquqi cəhətdən müttəfiqlik səviyyəsindədir, "lakin onu dostluq hesab etmək olmaz".
"Ona görə də belə nəticəyə gəlirəm ki, bu gün İsveçin NATO-ya sürətlə daxil olması prioritet deyil".
Gulyas təklif edib ki, İsveçin xarici işlər naziri və ya Baş naziri İsveçin NATO-ya daxil olması ilə bağlı "bu ölkə ilə əlaqə saxlasın və Macarıstan parlamentinin narahatlığını soruşsun".
Macarıstan rəsmisi ölkəsinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən sonuncu ölkə olmaqdan yayınmaq istədiyini, lakin "yəqin ki, İsveçin köməyi olmadan buna nail ola bilməyəcəyik. Əgər İsveç üçün vacib deyilsə, bu, nə üçün bizə vacib olsun ki", - deyə əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə öz həmyerlisinin kosmosa uçuşu münasibətilə xalqa müraciət edib. Ərdoğan bu hadisəni bütün Türkiyənin qüruru adlandırıb. “İlk insanlı kosmik missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə, Türk əsrinə qədəm qoyuruq. Tanrı yolumuzu, bəxtimizi açıq etsin”, - deyə dövlət başçısı qeyd edib. Həmin videomüraciəti təqdim edirik:
Fransa Senatı 336 "lehinə", 1 "əleyhinə" olmaqla Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur. Bu sənəd və onun nəticələri ilə bağlı senatorun fikrini öyrənmək qərarına gəldik.
Natali Qule çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, Fransa Senatında qəbul edilən qətnamə Cənubi Qafqazda sülhün əleyhinə yönəlib. "Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar".
Qule əlavə edib ki, Fransadakı erməni diasporu çox təhlükəli oyun oynayır.
Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub.
Görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər.
Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar.
Hakan Fidan il boyu təşkil ediləcək mədəni, akademik və iqtisadi tədbirlər, eləcə də qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni təkan verəcəyinə inamını ifadə edib.
Görüşdə gündəmdəki mühüm məsələlərin müzakirə olunduğunu deyən Fidan bu il həm Türk-Yapon Elm və Texnologiya Universitetinin fəaliyyətə başlayacağını, həm də ilk dəfə keçirilməsi planlaşdırılan Türkiyə-Yaponiya Enerji Forumu ilə bağlı işlərin davam etdiyini bildirib.
Nazir, həmçinin uzun müddətdir davam edən iqtisadi tərəfdaşlıq və sosial təminat müqavilələrini müzakirə etdiklərini, bunların qarşılıqlı fayda əsasında ən qısa zamanda imzalanmasını istədiklərini ifadə edib.
Qeyd edilib ki, iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına önəm verilir.
Yaponiyalı nazir öz növbəsində iki ölkə arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayaraq, ölkəsi ilə Türkiyə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək arzusunu ifadə edib.
Nazirlər, həmçinin terrorla birgə mübarizədə və Qəzzaya humanitar yardımların çatdırılması mövzusunda həmfikir olduqlarını bildiriblər. publika.az