5 ilə Ermənistan və Gürcüstan Azərbaycandan daha çox böyüyəcək –
Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayını yayımlayıb. Hesabata görə, fond bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Ötən il bu artım 5.6 faiz olmuşdu. 2020-ci ildə isə ÜDM-də bütövlükdə azalma qeydə alınmışdı. Həmin il pandemiya və enerji qiymətlərinin azalması ucbatından ÜDM 4.2 faiz azalmışdı.

Fondun hesabatında qarşıdakı illərdə ölkənin böyümə göstəricilərinin azalmasına da ayrıca diqqət çəkilir. BVF-nin hesabatında qeyd edilir ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının builki proqnozdan daha az – 2.5 faiz böyüməsi gözlənilir. 2027-ci ildə də ÜDM artımının 2.5 faiz olması gümanlaşdırılır. Azərbaycanın Cənubi Qafqazdakı digər iki qonşusu – Ermənistan və Gürcüstanın nəticələrini gözdən keçirdikdə aydın olur ki, həmin ölkələrin iqtisadiyyatlarının böyümə göstəricisi qarşıdakı illərdə Azərbaycanı qabaqlayacaq. BVF-nin proqnozlarına görə, 2023-cü ildə Gürcüstan iqtisadiyyatı 4 faiz, Ermənistan iqtisadiyyatı 3.5 faiz artacaq. Azərbaycanla bağlı proqnoz 2.5 faizdir. 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2 faiz olacağı gözlənilir. Eyni il Azərbaycan iqtisadiyyatı ilə bağlı böyümə gözləntisi cəmi 2.5 faizdir. Deməli, 2027-ci ildə digər iki Cənubi Qafqaz ölkəsinin iqtisadi artım tempinin Azərbaycan iqtisadiyyatını iki dəfəyə yaxın qabaqlaması ehtimal edilir.

Cari il ilə bağlı böyümə proqnozlarına görə də Gürcüstan və Ermənistan Azərbaycandan irəlidədir. Əgər 2022-ci ildə BVF Azərbaycan iqtisadiyyatının 3.7 faiz böyüməsini gözləyirsə, Gürcüstanda bu rəqəm 10.4 faiz, Ermənistanda 7 faizdir. Deməli, bu il Gürcüstan və Ermənistan iqtisadiyyatının artım göstəriciləri Azərbaycan iqtisadiyyatı ilə bağlı uyğun göstəriciləri iki-üç dəfə qabaqlaya bilər.

Qarşıdakı illərdə inflyasiya necə olacaq?

Hazırda Azərbaycan iqtisadiyyatının ən ciddi çətinliklərindən biri bahalaşma sürətinin artmasıdır. İndi ölkədə inflyasiya göstəricisi 14 faizə yaxınlaşır. Bu, ölkədə bir il ərzində iki dəfə devalvasiyanın yaşandığı 2015-ci ildən sonrakı dövrdə qeydə alınan göstəricilərdən də yüksəkdir. Özəlliklə qida inflyasiyasının 21 faizə çatması insanların sosial rifahına ciddi təsir göstərir. BVF-nin açıqladığı proqnozda növbəti il inflyasiyanın nisbətən səngiyəcəyi düşünülür. Fond 2023-cü ildə ölkədə inflyasiya göstəricisinin 9 faiz olacağını güman edir. Azərbaycan Mərkəzi Bankı ölkədə inflyasiya göstəricisini, adətən, 4 faiz olaraq hədəfləyir. Bu baxımdan, gələnilki inflyasiyanın da hədəf göstəricisini aşacağı inandırıcı görünür. Növbəti ilin inflyasiya göstəricisinə görə də digər iki qonşusu ilə müqayisədə Azərbaycan iqtisadiyyatının daha pis göstəricisi var. BVF gələn il Azərbaycanda 9 faiz illik inflyasiya planlayırsa, Ermənistanda bu proqnoz 6 faiz, Gürcüstanda 3.8 faizdir. Hazırda inflyasiya sarıdan ciddi problemlər yaşayan Türkiyə ilə bağlı proqnozdan aydın olur ki, növbəti il də Türkiyə vətəndaşları üçün ağır keçəcək. BVF bu ilin sonunda Türkiyədə 73.5 faiz, gələn il 37 faiz inflyasiya proqnozlaşdırır. Rusiyada bu il 12.5 faiz səviyyəsində proqnozlaşdırılan inflyasiyanın gələn il 4 faizə enməsi proqnozlaşdırılıb. Azərbaycanın digər bir qonşusu İran da yüksək inflyasiya gözləntiləri olan ölkələr arasındadır. BVF bu il üçün İranda 45 faiz, gələn il 35 faiz inflyasiya gözləyir. İnkişaf etmiş ölkələrdə gələnilki inflyasiyanın 3.2 faiz olması proqnoz edilir.

Bəs neft qiymətləri?

İxracın 90 faizdən artığı neft-qaz sektoru hesabına formalaşan Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin gözlənilən səviyyədə olması həyati önəm daşıyır. Axı büdcə gəlirləri planlanan şəkildə olmadıqda hökumət maliyyə öhdəliklərini yerinə yetirməklə bağlı ciddi çətinliklərlə üzləşir. Beynəlxalq Valyuta Fondunun açıqladığı proqnozlar arasında neft qiymətləri ilə bağlı göstəricilərə də yer verilib. BVF iyuldakı hesabatıyla müqayisədə gələn ilə gözlənilən neft qiymətlərinə dair proqnozunu aşağı endirib. Əgər iyulda fond gələn il neftin orta qiymətinin 91 dollar olacağını proqnozlaşdırırdısa, oktyabr hesabatında bu göstərici 85 dollara endirilib. 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin bir barelinin orta qiyməti 50 dollardan hesablanıb. BVF 2025-ci ilədək neft qiymətlərinin bir qədər də azalaraq 76 dollar olacağını ehtimal edir. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, son illər dünya iqtisadiyyatında baş verən qlobal və geosiyasi hadisələr tez-tez gözlənilməz hadisələr doğurur. Bu səbəbdən növbəti illərdə həm iqtisadi artım, həm inflyasiya, həm də neft qiymətləri ilə bağlı göstəricilərin formalaşmasına iqtisadi amillərlə yanaşı, siyasi proseslərin də ciddi təsir imkanları var.(Azadliq radiosu)
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti