Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır - AXI NİYƏ?..
Kartofun qiymətində artım davam edir. Baxmayaraq ki, bazara təzə kartof çıxarılıb, qiymət nəinki enir, əksinə, qalxır. Məlumatlara görə, bazarda kartof alıcılara 1,70-2,2 manata təqdim olunur. Təzə kartofun qiyməti isə 4-5 manat arasındadır. Ucuz qiymətə satışa qoyulanlarsa keyfiyyətsiz, yararsız məhsullardır. Qiymət artımına bir çox səbəblər göstərilir. Yerli istehsalın azlığı və daxili tələbatı ödəməməsi, ölkəyə idxal olunan kartofun qiymətində artım, təzə məhsulun hələ tam yetişməməsi, az partiyalarla bazara çıxarılması əsas səbəb kimi vurğulanır.
Bakupost.az-ın məlumatına görə, ekspertlər son bir neçə ildə kartofun əkin sahəsinin 75 mindən 25 min hektara düşdüyünü, əkin sahələrinin azalmasının məhsuldarlığa mənfi təsir etdiyini, nəticə etibarilə qiymətlərin bahalaşmasına gətirib çıxardığını bildirirlər. Ekspertlər bildirir ki, hazırda bazarda satılanlar anbarlarda saxlanılan depolanmış kartoflardır. Bu kartofun müəyyən saxlanma, daşınma və s. xərcləri var. Yəni məhsulun əkini, yığımı ilə yanaşı saxlanması da son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır. Anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır. Bu da qiymətin qalxmasına təsir edir. Digər tərəfdən, istehsal olunan məhsul daxili tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur. İdxal məhsulunun qiymətinin üzərinə isə daşınma – logistika qiymətləri də əlavə olunduqda, bu da bahalaşmaya səbəb olur. Çünki daşınma xərcləri də müxtəlif səbəblərdən zaman-zaman artır.

İqtisadçı Rauf Qarayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, qiymət artımının qarşısını almaq və daxili tələbatı ödəmək üçün ən vacib məsələ yerli istehsalı artırmaqdır. Bunu hamı bilir, anlayır, lakin təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır:

- Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müəyyən etdiyi istehlak normasına əsasən adambaşına illik 107 kiloqram kartof düşür. Bu hesabla ölkədə illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir. Amma bizim ölkədə kartof istehsalı 1 milyona çatmır. Təxminən 900 min ton kartof istehsal edilir. Fermerlərə lazımi səviyyədə subsidiya ayrılmadığından kartof istehsalı getdikcə azalır. Kəndliyə min bir əziyyətlə kartof əkilib becərmək sərf etmir. Sahədən ucuz alınan kartof şəhərə çatanda bahalaşır. Kəndli də görür ki, onun becərdiyi məhsula dəyər verən yoxdur, əkib becərmək istəmir. Fermerlərə toxum, dərmanlar, əkin,becərmə mərhələsində lazımi dəstək verilməlidir. Ancaq dəstək yoxdur. Kartof toxumu xaricdən alınır, yerli toxum istehsalı yoxdur. Toxumçuluq inkişaf etdirilmir. Kartof suya tələbatı olan məhsuldur. Suvarma problemi bütün bölgələrdə kəskin şəkildə özünü göstərir. Fermerlər əkdikləri məhsulu vaxtlı-vaxtında suvara bilmədiklərindən şikayətlənirlər. Məhsuldarlıq aşağı düşür. Yığım zamanı da problemlər yaranır. Məhsulun xeyli hissəsi sahədə toplanmamış qalır, ya da yığılan məhsul standartlara uyğun olmayan soyuducu anbarlara toplanır, orada qeyri-adekvat şəraitdə xarab olur, çürüyür, beləliklə, böyük ölçüdə məhsul itkisi baş verir. Yəni göründüyü kimi problem bir deyil, iki deyil, çoxdur. Bütün bunlar bazarda məhsul qıtlığına və bahalaşmaya səbəb olur.
İqtisadçı qeyd etdi ki, ən çox kartof idxal etdiyimiz ölkə Rusiyadır. Amma son zamanlar digər ölkələrdən idxal da azalıb. Ümumiyyətlə, yazın ilk aylarında tərəvəzə ehtiyac artır. Müəyyən çətinliklər baş verir. Çünki tədarük olunan məhsul bitmək üzrədir, tələbat isə yüksəkdir. Bu da bazarda qiymətlərin qalxmasına səbəb olur. Yerli istehsal az olduğuna görə məcburuq kartofu digər ölkələrdən idxal edək. O cümlədən Rusiyadan. Məsələn, Belarusiyadan alınan kartofun həcmi də azalıb. Bazarların çox olması yaxşı haldır, amma yerli məhsulun az olması idxaldan asılılıq yaradır. Ölkəyə kartof yalnız idxal olunmur, həm də daşınır, ixrac olunur. Sahibkarlara sərf edir ki, məhsulu xarici ölkəyə satsın. Çünki daxildə müxtəlif ölkələrdən idxal olunan kartofun qiyməti ucuzdur, yerli fermerlərə yetişdirdikləri məhsulu ucuz qiymətə daxili bazara çıxarmaq sərf etmir. Sahibkarların daxili bazara girişində də çətinlik var. Təəssüf ki, bu sahədə inhisarçılıq davam edir. Qıtlıq yaranmasın deyə, digər ölkələrdən idxal olunan məhsul hesabına bazar doldurulur. İdxal isə həmişə qiymət artımına səbəb olur.

R.Qarayev qeyd etdi ki, məhsulun tədarükündə ortaya çıxan problemlər də fermerlərin xarici bazarlara üz tutmasına səbəb olur:

- Soyuducu anbarların sayı çox azdır. Soyuducu anbarlara əlçatanlıq aşağıdır. Bölgələrin heç də hamısında soyuducu anbarlar tikilməyib. Çox yerdə yoxdur. Anbarda məhsulun saxlanma qiyməti də bahadır. Bu səbəblərdən fermerlər payızlıq kartofu elə payızda da xaricə satırlar ki, əldə qalıb xarab olmasın, ziyana düşməsinlər. Anbarlarda ehtiyat toplanmadığına görə qıtlıq yaranır. Fermerlərə münasib güzəştlər edilməlidir ki, məhsulu soyuducu anbarlarda saxlaya bilsinlər, tələbat artdıqca, bazara çıxarsınlar, məhsulu yerli bazarda satmağa meyilli olsunlar. Bütün bu problemlərin həlli yolları əlbəttə vardır, lakin nədənsə, müəyyən qurumlar, bazarı monopoliyada saxlayanlar özlərinə sərf edən variantı seçir, idxala üstünlük verirlər. İdxal olunan məhsulsa heç də həmişə keyfiyyətli olmur. Ölkəmizdə daha keyfiyyətli kartof sortları yetişdirilə bilər. Lazımi tədbirlər görülsə, məhsuldarlıq da artar. İdxaldan asılılıq azalar, əhali də keyfiyyətli ərzaq məhsulu ilə təmin olunar.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti