Ardını oxu...
“Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub”.

DİA.AZ bildirir ki, bu sözləri kulis.az-a müsahibəsində mərhum bəstəkar Bəhram Nəsibovun oğlu Adil Nəsibov deyib.

Müsahibəni təqdim edirik:

– Atanızın öz şeirləri olub?

– Bəli. Xalq şairlərinin yazdığı sözlərə melodiyalar da əlavə edirdi. Hərtərəfli istedadlı idi.

– Gözəl musiqilər bəstələsə də, Konservatoriya təhsilinin olmamağını çox yerdə bəhanə gətiriblər. Niyə Konservatoriya təhsili olmayıb? O dövrdə çətin olub, yoxsa başqa səbəbləri var?

– Başqa səbəbləri var. Bu, sadəcə, bəhanə idi.

– Səbəb nə idi?

– Konservatoriyada tələb belə idi ki, oranı bitirmək üçün simfonik əsərlər yazmalı idin. Mahnını adi janr kimi qəbul edirdilər.

– Ələkbər Tağıyev də Konservatoriyanı bitirməmişdi. Prokuror idi.

– O da həvəskar idi. Onu da qəbul etmədilər.

– Amma ona bu qədər qadağa qoyulmayıb.

– O, Zeynəbin (Zeynəb Xanlarova - red.) hesabına nələrsə edib. Zeynəb olmasa, heç nə edə bilməzdi.

– Deyəsən, qoyulan qadağalar ona gənc yaşında o qədər də təsir etməyib.

­– Əslində, bütün vaxtlarda təsir edib.

– 300-dən çox musiqinin müəllifi olub.

– Ondan da çox. Amma paylayıb ora-bura. Notları öyrənib yazmadığı üçün ancaq şifahi bəstələyib. Toylarda da həmin mahnıları zümzümə edib. Bir növ Molla Nəsrəddin kimi. Bəhram Nəsibov bütün həvəskar bəstəkarların mahnılarını toplayıb televiziyaya təqdim etdi ki, onları efirlərə çağırsınlar.

– Neçənci ildə?

– Təxminən, 1960-70-ci illər.

– O vaxt hələ xəstə deyildi?

– Yox, hələ təzə yazmağa başlamışdı. Onu televiziyadan göndərdilər ki, Bəstəkarlar İttifaqından rəy alsın. Ələkbər Tağıyevi oraya yaxın buraxmırdılarsa, onu heç buraxmazdılar. Xalq yazıçısı Əli Vəliyevin yanına getdi. O da Bəstəkarlar İttifaqına tapşırdı ki, bu cavan uşaqlara şərait yaratsınlar. Televiziyaya göstəriş verildi. Nəticədə, həvəskar bəstəkarların mahnılarından ibarət konsert təşkil olundu. Amma onun bir dənə də mahnısı orada getmədi. O da gedib dava-qırğın etməyib. Kim olsa idi, edərdi.

– Konkret kim mane olurdu Bəhram Nəsibova?

– Mən bir neçə ad eşitmişəm. Açığı, o adları demək istəmirəm. Onunla rəqabətdə olan adamlar mane olurdular.

– Müğənnilər idi?

– Yox, bəstəkarlar.

– Öz dövrünün bəstəkarları?

– Bəli. Onların nə mahnıları oxunurdu, nə də çoxlu simfonik əsərləri var idi. Amma əlləri uzun idi. Paxıllıq edirdilər ki, biz musiqi təmayüllü orta məktəbi bitirmişik, Konservatoriyanı da qurtarmışıq. Bəs niyə onun mahnıları oxunur, bizimkilər yox?! Sənin istedadın yoxdursa, o nə etsin?! Onun heyifini alırdılar atamdan. Tofiq Quliyev və Cahangir Cahangirovun da problemi yox idi. Ona kömək edirdilər.

– Atanız məişətdə necə biri idi?

– Onu çox az hallarda evdə görürdük. Amma keçirdiyimiz az vaxt bizə çox kimi görünürdü. Şən, pozitiv adam idi. Televiziyada Çingiz Abbasov adında bir adam var idi. Onun yaxşı mənada bir xəstəliyi var idi. Zəng edib adamlara deyirdi ki, sənin filan vaxt çalmağını, oxumağını efirə salıblar, aç, bax. Amma bizim evə tam başqa məqsədlə zəng edirdi.

– Niyə zəng edirdi?

– Deyirdi, Bəhramın iştirak etdiyi verilişdən çıxışını kəsiblər. Evdən çıxarın, görüb əsəbiləşməsin. O vaxt Bəstəkarlar İttifaqının rəhbəri Tofiq Quliyev idi. Polad Bülbüloğlu, bir də Məmməd İsmayıl bununla bağlı ora açıq məktub yazdılar. Bunların da xeyri olmadı. Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub.

– Xəstə olanda siz mahnılarını ona dinlədib başı ilə razılıq alırmışsınız.

– Bəli. Çoxunu edə bilmədim amma. Bu adamın bəxti heç gətirməyib...

– Bölgələrə səfəri olub?

– Bəli. Vətənpərvərliyə aid bir neçə mahnı da yazdı. Onu da televiziyada Ramiz Mustafayev xor oxutdurdu. Filarmoniyada yazdırmaq istədik. Heç qulaq asmadan pozdurdular ki, bu, zəif mahnıdır. Ramiz Mustafayev hər şeyi bəyənən adam olmayıb. Orada senzurada oturan adam özü də əsgər mahnısı yazmışdı. Özünə rəqib olmasın deyə onun yazdığı mahnını sıradan çıxardı. Paxıllıq belə olur. Paxıllıq ən çox da bəstəkarlar arasında olur. Konservatoriyanı bitirməməyi onların əlinə bəhanə kimi düşmüşdü. Bir ara həvəskar bəstəkarların mahnılarını da yığışdırdılar. Çünki rəhbərlik onları danlamışdı ki, hara gedirəm, həvəskarların mahnılarını eşidirəm, bəs siz nə işlə məşğulsunuz?!

– Əsəbi biri idi?

– Hə, dəhşət əsəbi idi. Həm də iş düz getməyəndə kim əsəbiləşməz ki? Onun da işləri, göründüyü kimi, heç düz getməyib. Kömək edən yaxın bir adamı da olmayıb.

– Sənət adamlarından kimlərlə yaxınlıq edirdi?

– Ad çəkmək istəmirəm.

– Niyə?

– Sonra zəng edib bezdirirlər...

– Konkret olaraq Bəhram müəllimin adına təsdiq olunan mahnılar hansılardır?

– Kifayət qədər elə mahnı var. Onun ölümündən sonra siyahı topladım. 20 yanvar günü toya getməli idi. Həmin gün faciə olacağından xəbərsiz idi. İki-üç gün öncə bildi ki, toy olmayacaq. Dedilər ki, 21-i gələrsən. Burada bəxti gətirdi. Çünki getsəydi, öləcəkdi.

Sonra biz maşınla gedəndə artıq 20 Yanvar hadisələri olmuşdu. Rus əsgərləri burada idilər. Ərazidə fırlanırdıq. Orada yekə bir heykəl var idi. Qarşısına keçib dedi, tfu sizin üzünüzə. Camaatın hamısı dönüb ona baxdı. Belə qəribəlikləri var idi.

– Çılğın adam olub.

– Hə. Dəhşət çılğın idi.

– Sizi ona oxşadırlar?

– Xasiyyətdə çox oxşadırlar. Əsəbiləşəndə heç nəyi gözüm görmür. Verilişdə görmüsünüz, yəqin, dava edəndə.

– Özü heç deyirdi ki, mənim mübarizəmi apar?

– Yox. O, mübarizə aparmırdı. Bilirdi ki, sınıb. Əldən düşüb. Axırda xəstələnməmişdən qabaq mahnılarını toplayırdım. 20 Yanvar hadisələrindən sonra sənətdən bir qədər soyudu. Sonra da elə oldu ki, onun adam etdiyi, birlikdə toylara getdiyi müğənnilərdən biri başladı pulunu kəsməyə. O ifa edən zaman musiqinin səsini də kəsməyə başladı.

– Adil bəy, dolanışığınız necə olub?

– Çox yaxşı olub. Bizi dolandırıb. Axır vaxtlarda ailəni saxlamaq üçün Peterburqda satmağa mal aparmaq istəsə də, səhhətində problem yarandığı üçün alınmayıb.

– Onun xəstə olduğu vaxtların kadrlarını görmüşəm. Evin təmirsiz olması da gözümdən qaçmayıb. Ona görə dolanışığınız necə olub sualını verdim.

– Pulu olsa da, bəxtsiz olub.

– Bir evi olub?

– Bəli.

– Amma toylardan yaxşı qazancı olub.

– Qazansa da, qohum-əqrəbasına xərcləyib. Bir növ Hacı Zeynalabdin Tağıyevə də oxşayırdı. Hamı onunla dərdini bölüşürdü.

Sovetlər dağıldığı vaxtlar tikinti malları ucuz idi. Bir qohum ona dedi ki, gəl evi təmir edək. Onun evini öz hesabına təmir etdirdi. Bu belə bir adam olub. Amma xəstə olanda o adam bir dəfə də gəlib atamı ziyarət etməyib.

– Kim olub o adam?

– Oxuyanların hamısı alçaqdır. Bircə Xan Şuşinski yaxşı olub. Bir də barmaqla sayılası bir-iki nəfər. Qalanlar hamısı namərddir. Atam xəstə yatanda heç biri gəlmədi.

– Yaqub Məmmədovla arası necə idi?

– Bizimlə qonşu idi. Pis deyildi.

– Uşaqlığı çətin keçib. Heç bu haqda danışırdı?

– Uşaq vaxtı kövrək biri olub. Kövrəlmədiyi vaxt olmurdu.

– Sizə həm ata, həm dost ola bilmişdi? Videolardan və şəkillərdən görünür ki, həmişə onun yanında olmusunuz.

– Biz onu ancaq axşam, bəzən də səhər görə bilirdik. Axşam gəlib yatırdı, səhər tezdən çıxıb gedirdi. Onu ən çox xəstələndiyi vaxt evdə yatanda görmüşük.

Fikrini dağıtmaq üçün rayonlara gedirdi. Amma darıxdığı üçün çox qala bilmirdi. Yaradıcı adamlar belə olurlar. Bəlkə, oturaq həyata öyrəşə bilmədiyi üçün bir az da gerilədi. Heç vaxt kabinetdə oturub nəsə yazmayıb. Fikrində sözləri ölçüb-biçir, sonra onları mahnıya çevirirdi. Öz aləmi var idi.

– Yaradıcılığının ilkin dövründə mahnıları konkret ünvanlı olub. Sevdiyi qadına yazıb. Qadın da, deyəsən, dünyasını dəyişib.

– Hə ona da yazıb. Həmin qadınla Naxçıvanda tanış olmuşdular.

– Ananıza da yazıb?

– Yazıb. Bu onun konteksti idi. Naxçıvanda tanış olduğu qızı ailəsi ona verməyib.

– Ananızı da vermək istəmirlərmiş.

– Yox. Anamın atası Sovet İttifaqı Qəhrəmanı və tarix müəllimi idi. Aktyora qız vermirəm deyirdi.

– Ölümünü Füzulinin işğalı ilə bağlayırlar, düzdür?

– Düzdür. Füzuli işğal olunduqdan sonra stres keçirdi. Peterburqdan qayıdandan sonra, 1993-cü ildə həkim demişdi ki, istənilən vaxt infarkt keçirmək riski var. Ondan sonra daha da pisləşdi.

– Torpaqların işğaldan azad olunacağına inanırdı?

– İnanırdı. Füzulidə konsert verdiyi zaman atışma başlayıb. Onda bilib ki, vəziyyət ciddidir. Torpaqların geri qayıdacağına inanırdı. Bu haqda mahnı yazıb Zeynəb xanıma da oxumuşdu. O, da çox bəyənmişdi. Biz Yasamalda qalırdıq. Bacısı da Əhmədlidə. Axşam evdən çıxıb onun yanına getdi. Evə qayıdanda küçədə tappıltı eşitdik. Beyninə qan sızdığı üçün yıxılmışdı. Ondan sonra dörd il yaşadı... Ancaq yataqda oldu. Buna da yaşamaq demək olarsa...

– Ürəyində nə problem var idi?

– İki dəfə infarkt olmuşdu. Peterburqa müalicə üçün getdi. Gəldikdən sonra da insult keçirdi.

– Ananızla münasibəti necə idi?

– Yaxşı idi.

– Başqa qadınlarla bəs?

– Sağa-sola getmək kimi xasiyyətləri yox idi. Yaradıcılıqda hər dövrə öz münasibətini bildirib. Səhnəciklərini Nəsibə xanım oynayıb. Onu da qısqanırdılar. Deyirdilər ki, özün yazmırsan. Toydan çoxlu pul qazanıb, kiməsə verib yazdırırsan. Bu da sübut etmək üçün onların qarşısında da yaza biləcəyini deyirdi. Belə şeylərlə onu iyrəndirdilər. Getdikcə yaradıcılıqdan uzaqlaşdı.

– Ailədə neçə uşaq olmusunuz?

– İki qardaş, iki bacı. Böyüyümüz Güldəstədir. Sonra mən, sonra Ceyran. Ən çox Ceyrana şeir yazırdı. Ona “Ceyranın kələyi” səhnəciyini də yazmışdı. Mənə isə heç nə yazmayıb.

– Sizə münasibəti maraqlıdır. Heç sizi vurub?

– Çox nadir hallarda. O da tərslik etdiyimdə. Uzağı, bir-iki dəfə vurub. Oğlum da indi tərslikdə mənə oxşayır.

– Yanında siqaret çəkir və ya içki içirdiniz?

– Yox. Aramızda pərdə var idi.

– Nə qədər xərclik verirdi sizə?

– Birinci sinifdə üç manat verirdi. Sonradan artırdı. Ansambldan çıxandan sonra isə bir az çətin oldu.

– Həmin ansamblı özü yaratmışdı?

– Nəzakət Məmmədova ilə birlikdə yaratmışdılar. Adı “Şahnaz” idi. Sonra adını dəyişdi “Vətən” qoydu.

– Deyirlər, əlyazmalar yanmır. Bəhram Nəsibovun müsahibələri, yazdığı mahnılar da elədir.

– Vaxtında ona şərait yaratmayıblar. Öləndən sonra bir çox mahnıların ona aid olduğunu biliblər.

– Ən çox üzdə olan mahnısı “Deyin haradadır?” idi. Bəhram Nəsibov sonrakı 300 mahnını yazmasa da, bu mahnı bəs edir.

– Bütün bunlara rəğmən, elə bil, bu adamı ləkələmək üçün səfərbərlik elan edilib. Atam da bəstələrinə qarşı laqeyd olub. Dostları da xatirələrində belə deyirlər. Mahnılarını bir yerə yığıb saxlamayıb.

– Buna görə onu qınayırsınız?

– Yox. Peterburqdan qayıdandan sonra xəstəliyini bildi və mahnıları toplamağa başladı. Mən də onun zəhləsini tökürdüm ki, bunu etməlisən. Kömək edirdim ki, həvəslənsin. Çox qısa bir müddətdə buna cəhd etdi. O vaxt indiki kimi asan olmayıb. Mən bir sıra mahnılarını siyahıya aldım. Bir neçə mahnısını daha da təkmilləşdirdik.

İndi onun dəst-xətti ilə yığdığım mahnıları üçcildlik kitab kimi hazırlamaq istəyirəm. Dördüncü cilddə isə ikinci variantlarını tapdığım mahnıları ayrıca yığmaq istəyirəm. Düzü, imkan vermirlər.

– Siz onun varisisiniz. Nə deyə bilərlər ki?

– Biri çıxıb deyir, o sözləri mən yazmışam, digəri deyir, o musiqi mənimdir. Başqa biri deyir, fars musiqisinə niyə söz yazıb? Vətənə xəyanət edib və s.

– Bəhram müəllim həm də toylarda gitara çalırdı...

– Məcburiyyətdən. Ona şərait yaratmırdılar. Çox toya gedib. Hər toydan da 50, 100 manat qazanıb. Amma pulları bir yerə yığmayıb. Mahnıları kimi.

– Evdə məclis qurmağı xoşlayırdı? Kimlər gəlib-gedirdilər?

– Hə, xoşlayırdı. Qazandığı pulların çoxu elə yeyib-içməyə gedirdi. Televiziya işçiləri gəlirdilər. Məclis adamı idi. Qonşuları da çağırırdı. Bir dəfə eşitmə qabiliyyəti zəifləmiş bir dostuna şeir yazmışdı. Deyirdi ki, qulaq köçürə bilən bir həkim tap, mən öz qulağımın birini sənə verim. Belə bir adam idi. Övladı olmayan bir qohumu var idi. Ona demişdi ki, Ceyranı verim, sən saxla. O da istəmədi.

– İstəsəydi, doğrudan, verərdi?

– Beş gün verdi, saxladılar. Sonra onsuz ürəyi dözmədi.

– Eşitdiyimə görə, ananız ona qarşı çox yumşaq olub. Pul xərcləməsinə də.

– Hə. Onunla çox işi olmazdı.

– Ananız atanızdan sonra rəhmətə gedib?

– Bəli. Qazandığı pulları yığan olmayıb. İmkanlı vaxtlarında həmişə adamlara borc verirdi. Kasıb vaxtında gəlib ondan borc istəyirdilər, qaçıb gizlənirdi yox deməmək üçün. Borc verdiyi adamlar da yumşaq biri olduğunu görüb aldıqları pulu geri qaytarmırdılar.

– Atanızla bağlı həmişə yadınıza düşən hansı xatirə var?

– Çox şey var. Onun haqqında düşünmədiyim gün yoxdur. Məni əsəbiləşdirən bir çoxlarının bu adamı plagiatlıqda ittiham etməsidir. İndi o qədər də yaxşı maddi imkanım yoxdur ki, vəkil tutub onlara cavab verim. Onu fars mahnılarını oğurlamaqda da ittiham edirlər. Elə deyil axı. Bu adam, sadəcə, bir-iki fars musiqisinə söz yazıb. Onları milliləşdirib. Bu nə vaxtdan Vətənə xəyanət hesab olunur? O, təmənnasız şəkildə xalqına xidmət edib. Əgər bu xəyanətdirsə, mən xalqdan üzr istəyirəm. Bu boyda bəstəkarı oğru çıxartmaq istəyirlər.

2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi.

– Reanimasiyada olduğu vaxtlarda danışa bilirdi?

– Danışırdı, amma çox şey yadından çıxırdı. O vaxtında belə, şeir deyirdi, biz onun yerinə yazırdıq.

– Mahnıya görə ona hücum edən adamlar arqument kimi nəyi gətirirlər?

– Bizdə ümumiyyətlə arxiv olmayıb. O vaxt həvəskar bəstəkarlara qarşı münasibət də pis olub. Onları Bəstəkarlar İttifaqına yaxın buraxmayıblar. Həvəskarlar daha çox toyda öz mahnılarını təşviq edirlər. Həmin toylardan çıxan mahnılar bir müddət sonra konsertlərə gedir. Dörd-beş il sonra oradan televiziyaya çıxır.

Bu qədər müddət keçəndən sonra o mahnılar lentə yazılır, arxivə göndərilir. Farslar, ermənilər və digərləri isə o mahnıların arxivləşməsini daha tez edirlər. Ona görə bir çox mahnılarımız da onlarınkı kimi bilinir.

İndi həmin arxivçilər gəlib Bəhram Nəsibova ilişirlər. Onun mahnılarının oğurluq olduğunu iddia edirlər. Bizdə arxivləşmə gec olduğu üçün də sübut edə bilmirik. Bizimkilər də özününküləri başqasının ayağına verməkdə maraqlıdırlar. Ona görə onlar da bu adamlara qoşulub Bəhramı oğru adlandırırlar.

– Ad verildi atanıza?

- Yox. Hələ həvəskar bəstəkar kimi siyahı verəndə də onun adını oradan çıxardılar. Özü də bunu edən adam öz qarabağlısı idi. Qarabağlı bəstəkar Süleyman Ələsgərov da onu ən çox vuran adamlardan biri idi. Bir dəfə eyni toyda iştirak edirdilər. Süleyman müəllim atama deyib ki, “Qarabağ” mahnısını çal. Oynadıqdan sonra Bəhram Nəsibov ona yaxınlaşıb, deyib ki, mən bəstəkar Bəhram Nəsibovam. O da deyib ki, belə bəstəkar tanımam. Deyib, bəs bayaq oynadığın “Qarabağ” haqqında xoş söz dedin. O da deyib ki, həmin mahnı xalq mahnısıdır. Bəhram deyib, xalq mahnısı deyil, mənim mahnımdır. Ondan sonra deyib, tanıdım.

– Arif Babayevlə münasibəti necə idi?

– Yaxşı idi.

– Bayaq Zeynəb Xanlarovanın adını çəkdiniz…

– Hə, onunla arası çox yaxşı olub. Ona mahnı da yazıb. Sonra paxıl adamlar onun adından Zeynəb xanıma xoş olmayan sözlər çatdırıblar. Beləcə, o utandığından daha Zeynəb xanımın yanına getməyib. Amma getsə idi, o da Ələkbər Tağıyev kimi tanınardı.

– Bəhram bəyin son günlərini necə xatırlayırsınız?

– Anama deyirdi ki, mən səni çox incitmişəm. Bundan sonra incitməyəcəm.

– Evdə idi o vaxt?

– Hə. İki-üç gün sonra rəhmətə getdi.

- Uşaqlarının toyunu görə bildi?

– Bircə kiçik qardaşımın kiçik toyunu etdi.

– Qohumlarla münasibəti də pis olub?

– Qohumlar onu sağılan inək kimi görüblər. Heç biri onun dərdinə yanan olmayıb. Özü də şeirlərində qeyd edib anasının, qardaşının ona yad olduqlarını.

– Xəstə yatanda gəlib ziyarət etmədilər?

– Xəstə olanda insan acizləşir. Bizimkilər adamı belə görəndə daha çox sevirlər.

– Qohumlarını gözləyirdi?

– Hə. Birlikdə oxuduğu adamlara zəng edirdi, telefonu açmırdılar.

– Ən çox kimi görməyi arzulayırdı?

– Özü qəzetdə iki nəfərin - Şamo İsayev ilə Niyaməddin Musayevin - adlarını yazmışdı.

– Şamo da gəlməmişdi?

– Yox. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır.

– Aradan uzun illər keçib. Zaman yaraları sağaldır deyirlər. Atanızın xəstəliyi, başına gələnləri unuda bilmisiniz? Yoxsa hər şey olduğu kimi qalıb?

– Zaman heç nəyi sağaltmır. Belə olması daha yaxşıdır. İnsan sağalmayanda intiqam hissi də güclənir. Qisas keçmişə, intiqam gələcəyə hesablanır. Məndəki intiqam hissidir. İmkanım olan kimi bütün çaqqalları məhkəməyə verəcəyəm.
Ardını oxu...
Məşhur bəstəkar 20 illik ayrılıqdan, tənhalıqdan və yaratdığı əsərlərdən danışdı

Küçəni, evi, bloku rahatlıqla tapdım. 20 il əvvəl də bu mənzildə onunla həmsöhbət olmuşuq. Yoxluğunda ayağım o küçəyə düşəndə, evinə tərəf nisgilli bir həsrətlə baxırdım. Bura onun evidir – elə bil sükuta, kədərə qərq olub. Bircə qayıtsaydı… İkinci mərtəbəyə qalxan pilləkənləri çıxıram. Qapını açıb ki, mənzili səhv salmayım, amma mənzil də dəqiq yadımdadır.

Ölkədə ziyalı qıtlığı var, bunu hamı bilir, barmaqla sayılacaq ziyalı qalıb. O azlardan biridir Cavanşir Quliyev, özü, sözü, şəxsiyyəti və sənətkarlığı ilə bütünlük təşkil edən adam. 20 il Azərbaycandan kənarda yaşadı… Yaşadımı? Artıq Azərbaycandadır və bütün sualları da özünə vermək şansımız var. Pressklub.az-ın oxucularının qonağı bəstəkar Cavanşir Quliyevdir…


– Cavanşır müəllim, beşinci aydır Bakıdasınız. Az da olsa, hər hansı məyusluq olub ki, niyə qayıtdım?

– Yox. Bilmirəm, Allahın işidir, valideynlərimin tərbiyəsidir, bir addımı atmazdan əvvəl çox düşünüb-daşınıram, özüm özümlə çoxsaylı iclaslar keçirib, qərar verirəm. Bütün amilləri nəzərə alıb qərar verdiyim üçün peşman olmuram. Bilirdim hara gəlirəm, hər il ən azı iki dəfə gəlib-getmişəm, xəbərim vardı nə var, nə yox. Buna rəğmən, mənim üçün sanki yeni ölkə oldu. Hərdən mənə elə gəlir ki, başqa ölkəyə gəlmişəm. Qoyub getdiyim Azərbaycan deyil. 20 il keçib, təbii ki, dəyişməli idi. Yaxşı tərəflər də görürəm. Xüsusi ilə məni rast gəldiyim gənclər sevindirir. Bu boyda problemli cəmiyyətin gənclərinin bir qismi bilikləri, dünyagörüşləri ilə məni şad etdilər.

– Tələbələriniz deyirsiniz?

– Təbii ki, gördüyüm gənclər onlardır. Xəzər Universitetində və Bakı Musiqi Akademiyasında dərs deyirəm. Çox rahatlaşdım ki, irəlidə bu gənclərin içindən ölkə idarə edəcək səviyyədə yetişəni də olar. Təbii ki, cəmiyyətin bəzi yaraları hələ də sağalmayıb, davam edir. Mən bilirdim hara gəlirəm, bilə-bilə gəldim, çünki artıq gəlməli idim. Belə deyəndə bəzi həmkarlarınız mənə məşhur bayatını xatırladır:

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı…

Vətən ölmək üçün deyil. Amma həm də elə rahat ölmək üçündür. Bayatının mənası budur ki, vətən sənin ölünə də sahibdir, səni hər cür qəbul edir.

– Bayaq dediniz bir qism gənclər, onlar elə həmişə bir qism olublar…

– Bəli, yaxşı ki, o qism var. Olmaya da bilərdi. Məsələn, gedəndə ümidsiz idim. Ora universitetə oxumağa gələn gənclərimizin heç biri mənə bu ümidi vermədi. Hamısı zəngin ailənin ərköyün uşaqları, heç nə bilmirlər. Zor gücünə ingilis dili kurslarına qoyublar ki, xaricə oxumağa göndərsinlər. İngilis dili bilməklə iş tamam olmur. Bilik lazımdır, o yoxdur. Ora gələn kimi ətrafdakı tələbələrin biliklərini, bir-biri ilə elmi mübahisələrini, ağıllı söhbətlərini görüb, büzüşürlər.

– Bayaq bir ifadə işlətdiniz, özümlə iclas keçirirəm, yaradıcı insanlar iclası sevməz axı.

– Hər kəs müşkülə düşəndə düşünür, mən bir az iclas formasında düşünürəm. Özüm özümə bəzi suallar verirəm, cavabını axtarıram. Uşaqlıqdan, “Robinzon Kruzo”nu oxuyandan beləyəm. Robinzon Kruzo adaya düşəndə oturub düşünür, hətta qumun üstündə yazır-mənim bu adada olmağımın yaxşı tərəfləri və pis tərəfləri. O vaxtdan bu mənim xoşuma gəlib və elə də analiz edirəm.

– Özünüzü danladığınız da olur?

– Təbii ki, peşman olduğum da olur, gərək etməzdim deyirəm. Hər kəsdə olur. Ancaq unuda bilmədiyim elə böyük peşmanlıq olmayıb.

– Bəs, ölkədən gedəndə nədən incimişdiniz?

– Durumum çox pis idi. İşdən çıxarmışdılar. İşim yox, aşım yox, cibim boş, qarnım ac. Belə bir vəziyyət idi, əsəblər də tarımda. Kimsə yardım etmədi, maddi demirəm. Kimsə ümid vermədi, ovundurmadı, dostlarım belə. Müğənnilər də, həmkarlarım da, özünə ziyalı deyən nadanlar da. Oyun seyr edirdilər. Hamısı gördü ki, Cavanşir uduzdu, getdi. Sevinənlər də oldu, xüsusən həmkarlarımın bəziləri dedilər ki, canımız qurtardı ondan, getsin cəhənnəmə.

– Çəkildi qarşımızdan.

– Hə… Getdim Kiprə, orda da bir müddət hər şey rəvan olmadı. Nə qədər eyni millət olsaq da.

– Sıfırdan başlamalı oldunuz.

– Demək olar ki. Heç kimə kimliyimi demədim, müəlliməm, vəssalam. Bilsəydilər, onlar da məni çəkəcəkdilər ictimai-siyasi işlərə. Orda siyasət daha maraqlıdır, çünki hər seçkidə rəhbərlik dəyişir. 20 il yaşadım orda, beş prezident dəyişdi, 7-8 baş nazir. Hər dəfə dəyişirlər, çünki həyatları pisləşəndə bunu ölkə başçısını dəyişməklə həll edirlər. Ona görə o işlərə qarışmadım. Dərsimi deyib, gəlib əsərlərimi işləyirdim.

– Əslində siz heç vaxt siyasətdə olmamısınız.

– Yox, heç vaxt özümü siyasətdə görməmişəm, deyiləm də. Bizim məmləkətin bir xüsusiyyəti var, bir adam tənqid edirsə ki məsələn, avtobus yaxşı işləmir, deyirlər müxalifətçisən. Orta bir vətəndaşın tənqidini qəbul etmirlər. Düşünürlər ki, tənqid edirsə, siyasi marağı var. Mən ömrümdə heç bir siyasi partiyanın üzvü olmamışam, heç sovet vaxtı komsomola üzv olmadım. Konservatoriyaya sənədləri təqdim edəndə, komsomol üzvlüyündən çıxarış gətirib verməlisən, dedim unutmuşam, sən qeyd elə, rayona gedib gətirəcəm, o da qeyd etdi, qoydu qırağa və unutdu. Elə də oxudum, sonra hətta komsomol mükafatı da aldım. Gülüstan sarayında təqdimat idi, Mərkəzi Komitənin məsuluna yavaşca pıçıldadım ki, indidən deyim, sonra eşidib məni günahlandırmayasınız, mən komsomolun üzvü deyiləm. Bir az dondu, düşündü və dedi ki, daha gecdir, fərman verilib, heç kimə demə.

– Dövlət adamını da yalana ortaq etdiniz? Bəs, o mükafat nəyə görə verilirdi sizə?

– İki əsərimə görə, mükafatın kağızında belə də yazılıb – “Sazla skripka üçün sonata”, bir də “Orkestrlə zurna üçün uvertura” əsərlərinə görə.

– Bəs, orda necə oldu, bildilər sizin kim olduğunuzu?

– Bəstəkar olduğumu internetdən öyrənib bildilər, ünlü bəstəçisiniz – dedilər. Amma ictimai məsələləri bilmədilər. Universitet üçün bəstələrim oldu, musiqilər yazdım, bəzən səhnədə canlı ifa edirdim. Bir dəfə “Şahnaz” operettasında canlı ifa etdim, həm də orkestrin əvəzinə. 2016-cı il 15 Noyabr Şimali Kiprin cümhuriyyət günündə Azərbaycanda tədbir keçirilirdi. Mən ordan bir müğənni ilə gəldim, Bakıda Kipri təmsil etdim. Dedilər, məmləkətinizi də görmüş olarsınız, gedin bizi təmsil edin. Hətta burda çıxışımda “mən bir kiprli olaraq” cümləsini işlətdim.

– Həyatınızı neçə dövrə bölmək olar? Kiprə qədərki və ondan sonra?

– O da var, amma burda da etaplar olub, 3-5 olar.

– Hansı dövr daha məhsuldar və ürəyincə olub?

– Kiprdə daha məhsuldar olub. Ürəyimcə deyə bilmərəm, amma məhsuldar olub. Kəmiyyət baxımından ən çox əsərimi orda yazmışam, üç balet, üç oratoriya, bir simfoniya, bir sıra kamera əsərləri. Ordan bura mahnılar, burdakı tamaşalara, filmlərə musiqilər. Burda həyat gərgin olur.

– Orda yaradıcı rahatlığı tapmısınız.

– Beş aydır gəlmişəm, görürsən, otağım bomboşdur, işləməliyəm, mümkün deyil, işləməyə qoymursunuz (gülümsəyir – R.Q.).

– Hə, günah yenı biz jurnalistlərin oldu?

– Təbii ki, zarafat edirəm. Bir gündə iki televiziya çəkilişinə getmişəm. İmtina etmək olmur, onları da başa düşürəm, eyni simalardan qurtulmaq istəyirlər. Başqa işlər də çıxır, buranın həyatına alışmaq lazımdır. Orda həyat daha aramlı, sakit idi. Kiprliyə səhər-səhər “günaydın” deyirsən, günorta yeməyində cavab verir ki, “günaydın, əfəndim”.

– Son dəfə sizinlə söhbət edəndə, “Müşfiq” oratoriyasını işləyirdiniz və nigaran idiniz ki, oratoriyanı tamamlayıb Bakıda premyera edə biləcəm, ya yox. Şükür etdiniz, çox sevindim.

– “Müşfiq” oratoriyasını yazanda onun ruhu ilə söhbət edirdim, elə bil, ruhu da insanlardan küskündür, mənə mane olurdu, yazmağa qoymurdu. Gah xəstələndim, gah başqa maneələr çıxdı, çox çətin yazıb tamamladım. Deyirdim Müşfiqin ruhuna ki, sənin üçün edirəm, imkan ver, yazım. Xəstəliyim də elə oratoriya ilə birgə gəldi. O qış Kiprdə çox soyuq oldu. Ordakı evlər soyuğa hesablanmayıb, çünki soyuq olan yer deyil. O soyuq havada, soyuq evdə oturub, təkcə işləyirdim. Gərgin işlədim, soyuq da öz işini gördü.

– Siz qoyub gedəndə necə olduğu aydındır, qayıdandan sonra nə gördünüz yaradıcı sferada – teatr, kino və musiqidə?

– Köhnə sistem artıq yoxdur. Kinostudiya dağılır, bilərəkdən durdurdular ki, yenisini quracağıq. Yenisini də cəhdlər oldu, hələ nəticə yoxdur. Kənardan belə görünür- bir qrup kino işçiləri istəyirlər ki, kino, sovet vaxtı olduğu kimi, dövlətdən maliyyə alsın. Hardasa haqlıdırlar, düşünürlər ki, kino adamı qapı-qapı pul yığmaz, kinosunu çəkməklə məşğul olar. Yeni nəsil deyir ki, dövlət pul versə, sifariş verəcək. Azad olaq, istədiyimiz çəkək, amma pul da olsun. Hansı doğru, hansı yanlışdır, zaman göstərəcək. Balaca ölkələrdə, məncə, böyük kinofabrik saxlamağa ehtiyac yoxdur. Çəkdik, bunu harda göstərib pul qazanmaq olar, axı ölkə balacadır. Türkiyə böyükdür, ən kiçik kəndlərində belə kinoteatrları var. Bir filmi yüz nüsxə çıxardıb, ölkənin hər yerinə göndərirlər. Sovet vaxtı deyirdilər biz sizə pul veririk, siz bizi vəsf edin. İndi təbliğat yoxdur, pul da yoxdur. Dövlət deyir, qazan, çək, çək, qazan. Çox vacib məsələdir, dərindən araşdırlıb, yolu tapılmalıdır. Maliyyə ayıran haqlı olaraq deyir ki, hanı sənin çəkdiyin hansı film son illər bu millətə nə isə verib? Festivallar üçün çəkirsiniz? Yaxşı, bəs millət necə görsün, faydalansın o filmlərdən?

Mən heç bir ideologiyanın tərəfdarı deyiləm. İdeologiya tərəfdarları deyirlər ki, görün sovet vaxtı nə qədər bəstəkar yetişdi. Deyirlər Sovet hökuməti təhsili təşkil etmişdi, oxuyub yetişirdilər. Bəlkə müəyyən həqiqət var, amma istedadı olmadan yetişmək mümkün deyil.

– İdeologiyanı sevmirsiniz, bəs dinə münasibətiniz necədir?

– Mən Allahın, yaxud bir yaradıcı qüvvənin olduğuna bəlkə var deyə, düşünürəm, amma din nədir, anlamıram.

– Hərdən adam düşünür ki, milyonlar inanırsa, yəqin bir bildikləri var.

– Hə, çünki milyonlar kütlədir, nadan insan daha çoxdur dünyada. Din deyir ki, mən dediyimə kor-koranə inan, sual vermə. Elm deyir ki, yoxlamadan heç nəyi qəbul etmə, sübutunu axtar. Daban-dabana zidd düşüncələrdir. Biri deyir, araşdırmayacaqsan, inanacaqsan, o biri deyir, inanmayacaqsan, araşdıracaqsan. Hərə öz tərəfini seçir, ağlını işlətmək istəyən elm tərəfi seçir, digərləri düşünməyi sevmir, rahat tərəfə keçir. Dindar deyiləm, Allahsız da deyiləm. M.F.Axundov Allahsız deyildi, mollalarla mübarizədə idi. Mən də onun kimi düşünürəm, mən niyə Allahla sizin kimi fırıldaqçılar vasitəsi ilə ünsiyyət qurmalıyam… Bir dəfə bir Avropa alimi demişdi ki, vicdanla yaşayan, amma kilsəyə getməyən insan Allaha o kilsəyə gedən vicdansızdan daha yaxındır.

– Yazıb-yaratmaq mühiti tapmaq üçün istirahətə getmək istəməzdiniz, ailənin yanına, məsələn?

– Mən istirahəti axşam yatmaqla edirəm, musiqi ilə məşğul olaraq edirəm. Gedib dənizdə qumda yatmaq mənim üçün istirahət deyil, anlamıram onu. Dincəlmək başqa, əylənmək başqa, mən musiqi ilə dincəlirəm, əylənmək də mənlik deyil. Çalışacam burda bir şərait yaradıb, işləyim.

– Cavanşir müəllim, tənhalığı özünüz seçdiniz, yoxsa taleyin işidir? Baxıram, otağınız büsbütün nəvənizin şəklidir…

– Buna tənhalıq deyilməz, yox. Həyatımda iki qadın var – biri qızımdır, biri nəvəm.

– Amma onları sizə bəxş edən qadın yoxdur həyatınızda.

– Bu mövzuya toxunmayaq, özünün icazəsi olmadan kiminsə haqqında danışmaq düzgün olmaz, bəlkə istəmir bunu.

– 70 yaş çox deyil, amma gəlinən yola baxıb, özünə hesabat vermək üçün kifayətdir.

– İnana bilmirəm 70 olub. Necə oldu 70 oldu. Arada xəstəlik gəldi, hələ ki, uyutmuşuq xəstəliyi. 70 budursa, 30-da, 40-da da beləydim. Bir bu xəstəlik olmasa, immun sistemim məni qorumaq yerinə, mənə hücum edir. Aradan keçən 20 il elə bil olmayıb, qayıtmışam, evdə hər şey qoyub getdiyim kimidir, elə bil zamana səyahət etmişəm.

70 yaşın hesabatı isə o qədər pis deyil. Arzum, amalım, işim-gücüm ancaq peşəm olub. Soruşsanız ki, qarşıya qoyduğun məqsədə hər baxımdan çata bildinmi, həyata keçirdinmi? Yox. Ümid varmı? Allah ömür versə…

Ramilə Qurbanlı
 
 
 
Ardını oxu...
Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibə verib.

Rusiyanın Baş Kəşfiyyat İdarəsi öz agentlərini Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə daxil edə bildimi? Generallar Nəcməddin Sadıkov, Şahin Musayev və elə Elbrus Orucovun özü niyə Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham olunublar? Baş Qərargah rəisi Nəcməddin Sadıkovla müdafiə naziri Səfər Əbiyev arasında maraq müharibəsi hansı səbəbdən baş verdi? Türkiyəli təlimatçıları Azərbaycan Ordusundan kim çıxarıb? Bəs Ermənistanın hərbi rəhbərləri Azərbaycan Müdafiə Nazirliyinin hərbi xəritələrini necə əldə ediblər?

 
Ardını oxu...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev LAF TV-yə son vaxtlar Naxçıvanda baş verənlər haqda müsahibə verib.
Müsahibə zamanı Qüdrət Həsənquliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyəti ilə bağlı bir sıra faktları açıqlayıb:

“Naxçıvanda sadə insanlar mənə yaxınlaşırdılar ki, sənin statusun var, millət vəkilisən, vəziyyəti görürsən. Kəndlər boşalır, iş yerləri yoxdur. Hamı məndən iş istəyirdi ki, bizə kömək et. Hesab edirdim ki, bu barədə açıq danışım. Çalışırdım ki, bu zaman Vasif Talıbovu qıcıqlandıran formada etməyim.
Söyləyirdim ki, naxçıvanlılar Azərbaycanın başqa bölgələrinə, hətta Rusiya, Ukrayna, Türkiyəyə səpənəliblər. Artıq İstanbulda azərbaycanlıların 3 məhləsi var ki, toyu da, yası da orada edirlər. Ölülərini Naxçıvana gətirmirlər, əlaqələri kəsilib. Bakıda da Naxçıvanın böyük kəndlərinin, Ordubadın, Nehrəmin qəbiristanlıqları var. Ona görə də bu artıq dövlətimizin təhlükəsizliyi məsələsi idi ki, Naxçıvan boşalmasın. Naxçıvan qapalı bir zonaya çevrilmişdi.
Vasif Talıbova çox böyük etimad var idi. Çox təəssüf ki, bu etimaddan sui-istifadə edildi. Naxçıvan faktiki surətdə boşaldıldı, boş qaldı.
İstənilən jurnalist getsin yoxlasın, evlərdə qaz var amma insanlar o qazın pulunu ödəyə bilmədikləri üçün istifadə edə bilmirlər. Gedib odun gətirib yandırırlar. Naxçıvanın reallığı budur. Niyə Vasif Talıbov Naxçıvan əhalisinə qarşı belə qəddardır? O özünü qızıl qəfəsə salınmış şəxs hesab edir. Düşünür ki, çoxdan Bakıya dəvət olunub, yüksək vəzifə verilməlidir”.
Daha ətraflı videoda:

 
Ardını oxu...
Moskvanın Qarabağa göndərdiyi erməni milyarder hamilərinin üzünə ağ olmağa başlayıb

Ruben Vardanyanın partiyası Sergey Lavrovun Alma-Ata Bəyannaməsi ilə bağlı sözlərini tənqid edib.

“Həyat üçün ölkə” partiyası regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasının prioritetliyini birmənalı olaraq qəbul edərək hesab edir ki, Rusiya Federasiyası xarici işlər nazirinin Alma-Ata Bəyannaməsinin ilkin şərt olmadan imzalanması ilə bağlı şərhində bəzi qeyri-müəyyənliklər var. News.am xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda deyilir.


Bəyanatda vurğulanır:

“Qeyd olunan Alma-Ata Bəyannaməsinin əsasını təşkil edən və müstəqil dövlətlər arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan saziş 1992-ci ilin fevralında Ermənistan Respublikasının Ali Soveti tərəfindən xüsusi şərtlərlə ratifikasiya edilib. Ermənistan üçün sazişin 5-ci maddəsi aşağıdakı mühüm məzmuna malikdir: “Tərəflər xalqların öz müqəddəratını təyinetmə hüququnu, bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır və ona hörmət edir”.

Bəyannamədə istifadə olunan “bir-birinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi” sözləri mövcud sərhədlərə aid idi və Azərbaycana gəldikdə, bu, “Artsax Respublikasının” (Qarabağ – red.) mövcudiyyətini tanımaq anlamına gəlir. Bu isə Ermənistan və Azərbaycan arasında dəqiq demarkasiya olmaması deməkdir.

SSRİ-nin inzibati-ərazi bölgüsü isə uti possidetis juris prinsipinin məntiqinə görə dövlət sərhədi ola bilməzdi. Çünki birincisi, bu, mexaniki fəaliyyət prinsipi deyildi, aydın razılaşma əsasında və çox sərti olaraq yalnız Cənubi Amerika və müstəmləkəlikdən xilas olan bəzi Afrika dövlətlərinə tətbiq edilirdi. İkincisi, Ermənistan və Azərbaycan müstəqil dövlətlər kimi sözügedən bəyannamənin ratifikasiyasına qədər heç vaxt demarkasiya və delimitasiya aparmayıblar və bəyannamədə qeyd olunan sərhəd mövcud olmayıb.

Eyni zamanda, Minsk Qrupu çərçivəsində iki onillikdən də çox davam edən danışıqların məqsədi cənab Lavrovun Alma-Ata Bəyannaməsini ilə bağlı şərhinin təsdiqlənməsinə deyil, məhz “Artsaxın” statusu məsələsi üzrə razılıq əldə etməyə yönəlib.

MDB çərçivəsində xalqların öz müqəddəratını təyinetmə hüququnun Ermənistan Respublikası üçün prioritet olaraq qalmalı olduğunu bir daha təsdiq edərək vurğulayırıq ki, imzalanmış bəyannamələrdən və sazişlərdən asılı olmayaraq, “Artsax” Azərbaycanın bir hissəsi olmayıb, ola bilməz və olmayacaq”.

Beləliklə, ortaya nə çıxır? Kremlin qeyri-qanuni olaraq Qarabağa gətirdiyi şəxsin partiyası hamıya beynəlxalq hüququ öyrədərək, hansısa beynəlxalq xarakterli planlar cızmağa çalışır. Ermənistanın vaxtilə Alma-Ata Bəyannaməsini hansısa şərtlə imzaladığını əldə rəhbər tutan bu “siyasətçilər” ən sadə həqiqəti tamamilə unudurlar – həm Ermənistan, həm də Azərbaycan bütün dünya birliyi tərəfindən Ermənistan SSR və Azərbaycan SSR sərhədləri daxilində tanınıb və bu sərhədləri daxilində BMT üzvlüyünə qəbul edilib. Vəssalam! Bu, hər şeyin əsas və başlanğıc nöqtəsidir.

O da diqqət çəkir ki, Ruben Vardanyan özünün “Həyat üçün ölkə” partiyasının bu bəyanatı ilə faktiki kuratorlarına qarşı çıxıb. Axı Lavrov Kremlin nöqteyi-nəzərini ifadə edir. Axı bu keçmiş rusiyalı oliqarx məhz Kremlin xeyir-duası ilə bu yaxınlarda Qarabağda peyda olub və tez bir zamanda “DQR dövlət naziri” kürsüsünə oturub. Nə baş verib ki, birdən-birə ona himayədarlıq edən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinə qarşı çıxmağa cürət edir? Belə bir vəziyyətdə Vardanyan kimin dəstəyinə arxalana bilər? Onun həqiqətən də xaricdə başqa himayədarları ola bilərmi?

Press Klubun suallarını Rusiyanın tanınmış ekspertləri cavablandırıb.

“Bildiyiniz kimi, “Həyat üçün ölkə” partiyası 2022-ci ilin sentyabrında Ermənistanın Alaverdi şəhərində keçirilən bələdiyyə seçkilərində uğurla çıxış etdi və bu, bir çox ekspertlərin diqqətini çəkdi”, – Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov deyir.

– Partiya, əlbəttə ki, 2023-cü ildə Yerevan Ağsaqqallar Şurasına keçirilməli olan seçkilər də daxil olmaqla, dəstək bazasını genişləndirməyə çalışacaq, lakin bu seçkilərin dəqiq tarixi hələ müəyyən edilməyib. Ermənistan əhalisinin üçdə birindən çoxunun paytaxtda yaşadığını nəzərə alsaq, bu kampaniya xüsusi əhəmiyyət kəsb edəcək”.

Təhlilçi hesab edir ki, “Həyat üçün ölkə” partiyasının Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Alma-Ata Bəyannaməsi ilə bağlı şərhini tənqid etməsi gözlənilən idi. Çünki bunu etməsəydi, Ermənistandakı etirazçı auditoriya ilə işini çətinləşdirəcəkdi. “Partiya lideri Mesrop Arakelyan rəsmən Ruben Vardanyanın müşaviri oldu. Vardanyanın prioritet fəaliyyəti isə hamıya məlumdur. Bununla belə, “Həyat üçün ölkə”nin Moskvaya münasibətdə bəyanatının kifayət qədər yumşaq olduğuna diqqət yetirmək lazımdır. Eyni zamanda, onu da unutmayaq ki, siyasətdə ictimai ritorika və faktiki əməkdaşlıq çox zaman fərqli müstəvilərdə olur. Deməli, “Həyat üçün ölkə”nin bu bəyanatı heç də o demək deyil ki, bu partiya və ya Ruben Vardanyanın komandası Moskva ilə münasibətləri həqiqətən gərginləşdirəcək”, – Neyjmakov hesab edir.

Öz növbəsində, rusiyalı politoloq, PolitRUS ekspert və analitik şəbəkəsinin yaradıcısı Vitali Arkov qeyd edib ki, Nikol Paşinyana potensial rəqib olan Ruben Vardanyan bir siyasətçi kimi populyarlığını artırmaq məqsədi daşıyan bəyanatlar vermək hüququna malikdir. “Amma Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas vasitəçi və Bakı ilə İrəvan arasında danışıqların əsas mediatoru olan Moskvanın mövqeyini rəhbər tutmaq lazımdır. Çünki son söz Moskvada olub, var və qalacaq”.

Moskva isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dili ilə həm Azərbaycanın, həm də Ermənistanın üzvü olduğu MDB çərçivəsində sərhədlərin toxunulmazlığına dair Alma-Ata Bəyannaməsinə əməl etmək qərarını dəstəklədiyini bildirir.

“Əslində Qarabağın de-yure Azərbaycanın bir hissəsi olması Ermənistan tərəfindən imzalanan, İkinci Qarabağ müharibəsini dayandıran və regionda sülh prosesinin gələcək inkişafı üçün vektoru müəyyən edən sənədlərdə də qeyd olunur. Bəli, orada əsasən erməni xalqının nümayəndələri yaşayır və buna görə də de-fakto İrəvanın məhdud (mən buna xüsusi diqqət yetirirəm) protektoratı altında qalır. Və bu, təkcə hərbi əməliyyatların dayandırılmasının deyil, həm də erməni tərəfinin öz beynəlxalq öhdəliklərini yerinə yetirmək və işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmaq niyyətində olmadığı məlum olandan sonra Moskvanın Qarabağ münaqişəsinin Bakı tərəfindən hərbi yolla həllinə susqun razılıq verməsi üçün şərtlərdən biri idi.

Nikol Paşinyanın Ermənistanın baş naziri kürsüsünə əyləşməsi də məhz sonuncu hal səbəb oldu – çünki erməni siyasətçilərinin heç biri Artsaxı (Qarabağ və ona bitişik ərazilərin erməni adı) təslim etməyə razı olmurdular. Bu, əhalisi çoxillik millətçi təbliğatla bəslənmiş müasir Ermənistanda siyasi intihara bərabər idi”, – deyə Arkov bildirib.

Qarabağın statusu sülh müqaviləsinin hazırlanması və imzalanması prosesində əsas maneə idi. Ermənistan regionun “Dağlıq Qarabağ Respublikası”nın suverenliyinin tanınmasında israr edirdi. Azərbaycan orada yaşayanlar üçün xüsusi şəraitin yaradılması, məsələn, milli məktəb, o cümlədən ana (erməni) dilində təhsil, milli mətbuat və mədəniyyət mərkəzlərinin açılması, sənədlərin erməni dilində təkrarlanması və s. nəzərdən keçirməyə hazır idi.

“Bildiyiniz kimi, hazırda rəsmi Yerevan Moskvanın tutarlı arqumentlərini dinləyərək Qarabağın statusunun müzakirəsini “sonraya” (ən azı onu şərtlər siyahısından çıxarmağa) təxirə salmağa razılaşıb. Bakı isə regionda yaşayan ermənilərin milli kimliklərinin qorunub saxlanması üçün dialoqa açıqdır. Bu, dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına və xalqlar arasında mehriban qonşuluğun qurulmasına yol açır.

Bununla belə, siyasi məqsədlər üçün Qarabağın statusu kartını oynamağa, hətta revanşist əhval-ruhiyyəni qızışdırmaqda davam edən ayrı-ayrı ictimai xadimlər, ictimai qüvvələr var. Buna qaçılmaz hal kimi yanaşmaq və diqqəti onlara yönəltməmək lazımdır. Məşhur bir atalar sözündən olduğu kimi, karvan öz yolunu davam etditrir”, – Arkov deyir.

“Mənə elə gəlir ki, bu vəziyyəti Ruben Vardanyanın “Kremlin təyinatı” olmaması ilə izah etmək daha asandır”, – deyə öz növbəsində Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasiç bildirib.

– O, “Moskvadakı kuratorlarına və himayədarlarına” qarşı çıxmayıb, çünki onlar yoxdur. O, Qarabağa “kimlərinsə xeyir-duası ilə” yox, şəxsi siyasi ambisiyaları əsasında gəlib. Vardanyanın Qarabağ məsələsinə öz baxış bucağı var, onu dəyişməyib.

Mediada onun adı ilə bağlanan “Həyat üçün ölkə” partiyası Ermənistanda qanuni qeydiyyatdan keçib və yerli siyasi həyatda iştirak edir. O, iqtidarda deyil və hətta parlamentə də daxil olmayıb. Buna baxmayaraq, bir sıra rayonlarda yerli seçkilərdə yaxşı nəticələr əldə edə bildi. Ona görə də, bu nöqteyi-nəzər İrəvanın rəsmi mövqeyini ifadə etmir”.

Rauf Orucov
 
Ardını oxu...
Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Araik Arutyunyan bir neçə gündür Fransadadır. O, səfəri çərçivəsində fransalı siyasilərlə, Paris meri ilə görüşdü, Senatda oldu, bu ölkənin dövlət telekanalına müsahibə verdi. Sizcə, erməni separatçısını Parisə çağıran Fransa hakimiyyəti nə etməyə çalışır?

- Əvvəla, biz baxmalıyıq ki, o, görüşləri hansı sifətlə və ya siyasi statusla keçirir. Əgər Arutyunyan Fransada keçirdiyi görüşlərdə və verdiyi müsahibələrdə qondarma qurumun rəhbəri kimi təqdim olunursa, təbii k, Azərbaycan buna sərt şəkildə cavab verməlidir. Fransaya nota verməlidir ki, Azərbaycan ərazisindəki separatçı qurumun başçısını “dövlət rəhbəri” kimi qəbul etmək olmaz.

Gələcəkdə ola bilsin ki, Arutyunyan Fransadan sonra Rusiya və ABŞ-a, hətta İrana da getsin və orada kimlərləsə görüşlər keçirsin. Şərt deyil ki, prezident olsun, məsələn, Nyu-Yorkun meri, Tehranın bələdiyyə sədri ola bilər. Bu kimi addımlarla Azərbaycan ərazilərindəki bu separatçı qurumun “legitimləşdirilməsi”nə çalışılır. Guya görüşüb nə imzalayacaqlar, nəyi razılaşdıracaqlar - bunların hamısı önəmsizdir. Əsas məsələ dünyanın siyasi dairələrinə verilən mesajdır. Azərbaycan separatçıların bu təbliğatına kəskin cavab verməlidir.

Ümumiyyətlə, Laçın yolunda belə şəxslərin giriş-çıxışı məhdudlaşdırılmalıdır. Hansı pasportla getdiyi araşdırılmalıdır, çox güman ki, Ermənistan pasportu ilə gedib. Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var? Düşünürəm ki, bunların hamısı araşdırılmalıdır.

Səhv etmirəmsə, Araik Arutyunyan İnterpolun axtarışına verilib. O, niyə saxlanılmayıb və Azərbaycana məlumat verilməyib? Hesab edirəm ki, prokurorluq orqanlarımız da bununla bağlı etiraz açıqlaması verməlidir.

- Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Rejimin bu dəfə Ermənistana raket kompleksləri hədiyyə etdiyi üzə çıxdı. Maraqlıdır ki, Tehran niyə Azərbaycanla münasibətlərini az qala qıra biləcək formada addımlar atır?

- Əslində, İran Azərbaycanla münasibətləri qırmaq istəmir. İran bölgədə varlığının ölüm-dirim savaşını aparır. İran başbilənləri düşünür ki, Azərbaycan regionda hazırkı formatda güclənməsi, Qarabağ problemini həll etməsi, bu məsələ üzərindən Rusiyadan asılılığının azalması, eyni zamanda Azərbaycanla münasibətləri fonunda Türkiyənin Cənubi Qafqazda güclənməsi Tehranın maraqlarına uyğun gəlmir. Çünki İran özünü beynəlxalq gücə çevirmək istəyir. Bunun üçün də ən azı regional güc olmalısan. Bölgədən də sıxışdırılırsansa, sən necə regional güc ola bilərsən?

Əslində, bölgədə beynəlxalq səviyyədə bir mübarizə gedir. İran da bu mürəkkəb situasiyada öz imicinin, özü haqda yaratdığı obrazın dərdindədir. Təbii ki, İran Türkiyənin Azərbaycanda və ya öz qonşuluğunda yerləşməsini də qəbul edə bilmir. İrana görə, bu, onun imici və rejimin gələcəyi üçün ölüm-qalım savaşıdır. Yəni rejim özünü düşündüyü üçün Azərbaycana qarşı belə aqressiv, təhdidkar davranış sərgiləyir, nə din qardaşlığına, nə qonşuluğa, nə də tarixi birliyə önəm verərək, açıq-aşkar, həyasızcasına özünü bütün İslam-Türk dünyasına düşmən elan etmiş ermənilərə dəstək verir.

İran öz imicinin hayındadır, amma bu davranışları onun imicini daha da bərbad hala salır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz öz ərazilərimizdən İrana qarşı istifadə olunmasına icazə verməyəcəyik. Amma artıq mən düşünürəm ki, İranın bu davranışı davam edərsə, Azərbaycan bu yanaşması üzərində yenidən fikirləşməlidir.

- Bəs Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi və ya ittifaqı ölkəmizə qarşı olan dövlətləri çəkindirəcək qədər güclənibmi?

- Belə olduğunu düşünürəm. Artıq sərhədlərimizdə Türkiyə ilə hərbi təlimlər keçiririk, çay üzərində körpü salıb tankları, xüsusi təyinatlıları keçiririk. Bu, birbaşa İrana cavab mesajı idi.

Xatırlayırsınızsa, onlar da guya Azərbaycanla sərhədlərində təlim keçirmişdilər, çay üzərinə körpü atmışdılar. Yaxud bir gündə başda müdafiə naziri olmaqla Türkiyənin hərbi elitasının bütün üzvləri Azərbaycana səfər etdilər, prezidentlər görüşdülər, türk ordusunun F-16-ları ölkəmizə gəldilər. Bu gün artıq çox rahatlıqla deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyi iki dövlət – bir ordu səviyyəsinə gəlib çatıb.

Təbii ki, bu da Fransanı, Rusiyanı və İranı təşvişə salır. Bəziləri Azərbaycana, bəziləri də Türkiyəyə görə təşviş keçirirlər. Türkiyənin regionumuzda güclənməsi, öz geosiyasi nüfuzunu daha da genişləndirməsi və bu fonda qlobal aktor olmaq yolunda irəli addımlaması İran, Rusiya və Fransanın marağında deyil.

Düşünürəm ki, Türkiyə-Azərbaycan müttəfiqliyini daha da dərinləşdirmək olar. Zənnimcə, indiki hədd son hədd deyil, bundan da irəli getmək olar: təkcə hərbi yox, iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə. Kifayət qədər imkanlar var ki, bunlardan istifadə etmək, yaxınlaşmanı daha da dərinləşdirmək lazımdır.

- Fransa və İranla yanaşı, son zamanlarda Rusiyanın ərazilərimizdəki sülhməramlılarının davranışları da Azərbaycanda etiraz yaradır. Sülhməramlıların jurnalistlərimizi Xocalıya buraxmaması isə səbr kasasını daşıra biləcək addım oldu. Ruslar nə etməyə çalışırlar və ya onların sülhməramlıları niyə bölgədə özlərini ermənilərin qulluqçuları kimi aparırlar?

- Son gəlişmələrdən bu oldu ki, Rusiya hərbçiləri sıravisindən tutmuş generalınadək yerləşdikləri ərazilərin Azərbaycana məxsus olduğunu unudublar. Ya da regiona gələndə o düşüncədə olmayıblar ki, biz Azərbaycan ərazilərinə gəlirik. Onlara elə gəlir ki, buralar “erməni əraziləri”dir və oranı da azərbaycanlılardan müdafiə edirlər.

Jurnalistələrimizin və Ekologiya Nazirliyinin əməkdaşlarının sülhməramlılar qarşısındakı duruşlarını təqdir edirəm. Sıravi rusdan tutmuş Şoyqu və Putinədək hər kəs bildi ki, bu ərazilər azərbaycanlılarındır, lazım olanda da lazımi müdaxilələri etməyi bacarırıq. Düşünürəm ki, son hadisələrdən sonra rus hərbçiləri sülhməramlı kimi üzlərini itirmiş sayılırlar.

Sülhməramlılar bitərəf olur və qarşıdurmaların qarşısını almasına və ya belə bir zəminin yaranmamasına çalışırlar. Amma görünən bu oldu ki, Rusiya bitərəf deyil, ermənilərin mövqelərini müdafiə edir və onların Azərbaycan ərazilərindəki separatçı fəaliyyətlərinə dəstək verir, eyni zamanda bizim öz ərazilərimizdə suverenliyimizi bərpa etməyimizə maneə yaradır.

Azərbaycan bütün bunların hamısını əsas gətirərək, bütün beynəlxalq təşkilatlardan, BMT və digərlərindən tələb etməlidir ki, Rusiyanın ərazilərimizi tərk etməsi üçün lazımi siyasi addımları atsınlar. Əgər Rusiya öz hərbçilərini yerləşdirdiyi əraziləri başqasınınkı hesab edərsə, o zaman Azərbaycan növbəti 44 günlük müharibəsini başlatmalıdır və ərazilərini qeyrilərinin silahlı qüvvələrindən təmizləməlidir.

İstər fars, istər erməni, istər rus, istərsə də fransız olsun – kim olur-olsun... Azərbaycan bütün torpaqlarında suverenliyini bərpa etməlidir.
Ardını oxu...Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı
Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Azərbaycanın tələbindən sonra Laçın yoluna gömrük postu qurulacaq. Sizcə, bu gəlişmə Laçın yolundan Azərbaycana qarşı separatçı-terrorçu fəaliyyətlər üçün istifadə edilməsinin qarşısını alacaqmı?

- Düşünürəm ki, almayacaq. Qənaətimə görə, ora qoyulacaq post və burada quraşdırılacaq ən müasir cihazlara nəzarət Rusiya sülhməramlılarının öhdəliyində olacaqsa, heç nə dəyişməyəcək. Məsələ budur ki, Rusiyanın Qarabağla bağlı siyasəti dəyişməyib. Təklif etdiyi sülh müqaviləsinə baxdıqda da görürük ki, Rusiya bölgəki problemlərin həllini birmənalı olaraq istəmir. Bu kontekstdə də öz hərbçilərinin uzun müddət Qarabağda qalmasını istəyir. Rusiyaya Azərbaycana təzyiq mexanizmi lazımdır ki, bu da Azərbaycan ərazilərindəki separatçılar və Ermənistandır. Ona görə də, düşünürəm ki, Laçın yolunda qurulacaq posta nəzarət Azərbaycan dövlətində olmasa, burada heç bir nəzarətdən söhbət gedə bilməz.

Baxın, Volkovun açıqlamasından iki gün keçməmiş İran xüsusi xidmət orqanlarının casusları və ya terrorçu yetişdirən diversantları qanunsuz olaraq yenidən Azərbaycan ərazilərinə - Qarabağın dağlıq hissəsinə buraxıldı. Bu, bütün sualların cavabıdır. Buna görə də Rusiya ilə heç bir anlaşma keçərli deyil. Ötən illərdə baş verənlər bunu sübut edib. Təkcə Azərbaycana yox, bütün dünyaya bəllidir ki, Rusiyanın atdığı imza suya atılmış imzadır. Yəni etibarsızdır. Necə ki, Rusiya imza atdığı 10 noyabr anlaşmasının müddəalarını yerinə yetirmir, eynilə Azərbaycanın bu ölkə ilə imzaladığı digər razılaşmalar da keçərsizdir. Özümüzü aldatmayaq.

- İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərə gələnlərin sayı da artıb. Ötən dəfə 14, bu dəfə isə 13 nəfər iranlının Azərbaycan ərazilərinə qanunsuz keçid etdiyi müəyyən edilib. Sizcə, İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik həddə olduğu vaxtda bu şübhəli gəlişlər nədən xəbər verir?

- Bu o deməkdir ki, artıq Rusiya bölgədə İranla müttəfiqlik səviyyəsində əməkdaşlığa başlayıb. Hiss olunur ki, Rusiyanın Ukraynada məğlub olması fonunda İranın Cənubi Qafqazda fəallaşmasını istəyirlər. Yəni Rusiya bölgədə İranın imkanlarından istifadə etmək niyyətindədir. Biz bunu Ukraynada da görürük. Çox təəssüf ki, Qarabağ və Ermənistanda da müşahidə edirik. Ona görə də, bu, birbaşa olaraq İran-Rusiya anlaşmasının nəticəsi kimi düşünülməlidir. Anlamalıyıq ki, Rusiya ilə bölgədə sülhün təmin olunmasında, kommunikasiyaların açılmasında və Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin qalıcı həllində maraqlı deyil. Rusiya ilə əldə edilmiş anlaşmalar da buna imkan yaratmayacaq.

Hesab edirəm ki, Azərbaycan və qardaş Türkiyə Ermənistanla ikitərəfli müstəvidə problemləri çözməyə çalışmalıdır. Bunun üçün ciddi əsas var. Bu gün Ermənistana havadarlıq edən dövlətlərin heç biri bu ölkəni subyekt olaraq görmürlər. Ermənistana söz və müəyyən maraqlarını ifadə etmək haqqı tanıyan yeganə iki dövlət Azərbaycan və qardaş Türkiyədir. Düşünürəm ki, az da olsa, Ermənistanda buna inanan insanlar var. Fəaliyyət də təxminən bu yöndə olmalıdır. İran və Rusiya ilə isə bölgəyə sülh gətirmək mümkün deyil.

- Azərbaycan və Türkiyənin ilk dəfə olaraq İranla sərhədlərimizdə birgə təlim keçirməsi də gündəmin əsas mövzularından biridir. Təlim İran, Rusiya və dünyanın bir çox ölkələrində əks-səda doğurdu. Təlimlərdən sonra Türkiyə müdafiə naziri Hulusi Akarın verdiyi mesaj da kifayət qədər sərt idi. Akar bildirdi ki, Azərbaycana təhdid haradan gəlir-gəlsin, qarşılarında Azərbaycanı Türkiyə ilə birlikdə görəcəklər. Təlimləri və Türkiyə müdafiə nazirinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

- Bu, hər kəsə - İrana, Rusiyaya, Ermənistana və bölgədə qarışıqlıq yaratmaq istəyən digər qüvvələrə verilən mesajdır. Amma bu, təkcə mesaj xarakteri daşımır. Ortada strateji anlaşma var. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizlik sistemlərinin birləşdirilməsi ilə əlaqəlidir. Azərbaycan və Türkiyə orduları bütün məsələləri koordinasiya edərək, birgə fəaliyyət mexanizmi yaradırlar. Bir cümlə ilə desək, bu, iki qardaş dövlətin vahid ordusunun yaradılması prosesi və ya fəaliyyətidir. Son hərbi təlimlərə də bunun sınaqdan keçirilməsi kimi baxmaq lazımdır.

Təbii ki, bu təlimlərin mesaj tərəfi də var. Ancaq artıq buz yerindən təpənib və heç kim bunu dayandıra bilməz. Əgər əvvəllər Türkiyə geosiyasi çərçivədə hərəkət etmək üçün NATO-dan icazə alırdısa, artıq belə bir şey yoxdur. Türkiyə artıq öz müttəfiqlərini özü müstəqil şəkildə seçir vəbu yöndə hərbi fəaliyyətə başlayıb. Türkiyə qlobal gücə çevrilməkdə olan bir gücdür.

Son birgə təlimlər çox ciddi hərbi-siyasi hadisədir. Eyni zamanda, bunun təkcə Türkiyə-Azərbaycanla məhdudlaşacaq proses olmadığına inanıram. Əmin olun ki, Türkiyə və Azərbaycan ordularının birləşdirilməsi Orta Asiyanın türk dövlətlərinə də bu yöndə stimul verir. Bu gün Türkiyə və Azərbaycan arasında olan birlik sabah digər türk dövlətlərini də əhatə edəcək. Ona görə də, bu mesaj sadəcə regional deyil, qlobal xarakterlidir. Alanlar bu mesajı aldılar, almayanlar da gec-tez alacaqlar, ya da bunun nəticələrini görəcəklər.
 
Ardını oxu...
İnstitut rəhbəri: “Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır”

Dekabrın 5-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Rusiya XİN-in Qəbullar Evində keçirilən ikitərəfli görüşün protokol hissəsində nazirlər çıxış ediblər. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçirilib. Konfransda Azərbaycanla Ermənistan arasında imzalanması vacib olan sülh sazişindən danışan Lavrov bildirib ki, tərəflərin sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Rusiya XİN başçısı qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan var: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".

Bayramov isə rusiyalı həmkarı ilə görüşdə Ermənistanın öhdəlikləri yerinə yetirməməsindən, Üçtərəfli Birgə Bəyanatda göstərilən müddəaların icra olunmamasından şikayətlənib. Nazir rəsmi Bakının mövqeyini Rusiya tərəfinə çatdırıb.

Moskvadakı müzakirələri, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə bağlı mövqeyini AYNA-ya müsahibəsində Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı şərh edib. Analitik bildirib ki, Azərbaycanın XİN başçısı Prezidentin göstərişlərinə əməl edir, rəsmi Bakının mövqeyini Moskvanın diqqətinə çatdırır:

- XİN başçısı sərbəst deyil, təkbaşına qərar vermək imkanı yoxdur ki, onun hansısa görüşündə nələrsə əldə edilsin, yaxud edilməsin. Prezidentin tapşırıqlarını rusiyalı həmkarı ilə müzakirə etdi, vəssalam. Hesab edirəm ki, bu görüş hansısa detallar müzakirə olundu. Bu baxımdan, görüşlə bağlı ciddi nələrinsə əldə edildiyini söyləyə bilmərəm.

- Görüşdən sonrakı mətbuat konfransında Lavrov bəyanatlar verdi. Rusiya XİN rəhbəri bildirdi ki, həm Ermənistan həm də Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinin imzalanmasına razıdırlar. Bu mesajın arxasında nə dayanır?

- Azərbaycan XİN, nazir bu bəyanatın nə demək olduğunu ictimaiyyətə açıqlasaydı, daha yaxşı olardı. Bu görüşdən 2 gün əvvəl Lavrov mətbuat konfransı keçirdi və fərqli-fərqli bəyanatlar verdi. Məsələn, dedi ki, Rusiya və Azərbaycan prezidentləri arasında “centlmen anlaşmalar” var. Amma bunların nələrdən ibarət olduğunu açıqlamadı. İndi isə Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinə razılıqdan danışır. Lakin yenə detalları açıqlamır. Nələr razılaşdırılır, ortaq məxrəc nədən ibarətdir, deyilmir. Yaxşı olardı ki, bizim XİN detalları açıqlayardı. Əks halda, biz sadəcə ehtimal edə bilərik.

- Sizin ehtimalınız nədir?

- Lavrovun bəyanatlarından, bundan qabaq Putinin dediklərindən bu qənaətə gəlmək olar ki, Rusiya tərəfi Qarabağı formal olaraq Azərbaycan ərazisi kimi qəbul edir, amma regionun statusu ilə bağlı bu gün qərar verilməsinin lehinə deyil. Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh istəyirsə, hər iki dövlət, hər iki xalq Rusiyanın moderatorluğunu, vasitəçiliyini qəbul etməlidir. Və prosesdə yalnız Moskva olmalıdır, nə Brüssel, nə Ankara olmalıdır. Xüsusilə, Rusiya Qərbin bu prosesdə iştirakını qətiyyən istəmir.

Bununla yanaşı, Rusiyanın mövqeyi budur ki, Qarabağın statusunu gələcək nəsillərə saxlamaq lazımdır. Söhbət hansı “gələcək nəsillər”dən gedir, 15 il, yoxsa 30 il sonradan gedir, bilinmir. Daha bir məqam, gələcək status müəyyənləşənədək Rusiyanın hərbi qüvvələrinin Qarabağda qalmasını istəyirlər. Əslində Rusiyanın dediyi və istədiyi bunlardır. İndi bunamı razılaşıblar, mən deyə bilmərəm.

- Rusiya XİN başçısı həm də “Altılıq platforması”nın inkişafı perspektivləri haqqında danışdı, bunun müzakirə olunduğunu bildirdi...

- Bununla mesaj ötürüldü ki, “3+3” ideyasına qayıtmaq istəyirlər. Həm də “Altılıq platforması” adlanan bu formatda 3 Cənubi Qafqaz ölkəsi – Azərbaycan-Ermənistan-Gürcüstan, 3 isə region ölkəsi – Rusiya-Türkiyə-İran nəzərdə tutulub. Ümumi desək, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiyanın vasitəçiliyindən başqa hansısa platforma olmamalıdır, Ermənistan və Azərbaycan yalnız Rusiya ilə oturub danışmalıdırlar, razılaşdırmalıdırlar. Və bölgənin problemlərin həlli məsələləri Rusiyanın lideriliyi ilə müzakirə oluna bilər, digər bölgə ölkələri – Türkiyə və İranda iştirakçı ola bilər. Ermənilərə də mesaj verirlər ki, ABŞ-dan, Fransadan fərqli olaraq, Rusiya onların hüquqlarını daha yaxşı qoruya bilər. “Valday” Diskussiya Klubunun iclasında bunu Putin açıq şəkildə bildirmişdi. Deməyim odur ki, hər şey göz önündədir.

- Rusiya əvəllər açıq deməsə də, sülhə narazı olduğuna işarələr edirdi. İndi isə Lavrov Alma-Ata Bəyannaməsi əsasında sülhdə razı olduqlarını bildirdi. Sizcə, Rusiyanın mövqeyində dəyişiklik varmı?

- Birincisi, Alma-Ata Bəyannaməsi əsasında sülh razılığı deyəndə nə nəzərdə tutulur, forma nədir, bunu heç bir tərəf açıqlamır. Rusiyanın mövqeyinə gəlincə, mən bunda heç bir dəyişiklik görmürəm. Rusiyanın mövqeyi bundan ibarətdir ki, SSRİ dövründə necə idisə, elə də qalsın. Məsələn, SSRİ dövründə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Moskva yenə bu variantın olmasında maraqlıdır. Rusiya heç də istəmir ki, Qarabağ Azərbaycandan qoparılsın Ermənistana verilsin. Buna da razı deyil. Yeri gəlmişkən, Rusiya Dnestryanının Moldovadan, Abxaziyanın, Cənubi Osetiyanın gürcüstandan qoparılmasını da istəməzdi. Kreml sadəcə bu bölgələrdə münaqişəli vəziyyətin davam etməsini, bu səbəblə də hərbi kontingentinin orada yerləşdirilməsində maraqlıdır. Birinci mərhələdə sülhməramlı adı ilə bölgədə yerləşsin, müəyyən müddətdən sonra da hərbi kontingent baza statusu alsın. Abxaziyanın və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıması Rusiya tərəfindən ciddi səhv idi, sonradan bunu özləri də başa düşdülər. Çünki Gürcüstana təsir rıçaqlarını əllərindən vermiş oldular. Demək istəyirəm ki, Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır. Lavrov deyir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın tərkibində olub”. Diqqət edin, “muxtar vilayət” deyir. Deməli, məsələ aydındır. İstək odur ki, Qarabağ formal olaraq Azərbaycan ərazisi kimi qalsın, amma orada Rusiyanın hərbi bazası olsun. Moskvanın hər zaman istəyi bu olub, məsələ bu qədər sadədir. Buna Rusiyanın mövqeyinin dəyişməsi demək yanlış olar.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
“Əslində filmə və seriala çəkilməkdən çox yorulmuşam. Vallah teatrdan yaxşı maaş alsam, heç gedib çəkilmərəm. Çünki başdan-ayağa əziyyətdir. Bütün günü setdə olursan, evdən səhər çıxıb o biri gün evə qayıdırsan. Hal-hazırda “Sevgisizlər” adlı internet serialına çəkilirəm. O ki, qaldı film və seriallara dəvət almamağıma... Mən bahalı aktrisayam, rejissorların pulları çatmır mənim qonorarımı verib, dəvət etsinlər. Ucuz qonorara çəkilmirəm. Onların da qonorarı yoxdur (gülür). Əslində hamısı dost-qardaşdır, amma nə vaxta kimi dosta, qardaşa işləməliyəm?! Onlar bir az artıq versin, mən dolanım. Bəzən deyirlər ki, dostsan, kömək et. Adam nə qədər kömək edər?! Mən uşaqlara yemək yedirtməliyəm, dost-qardaş yox! Onlar bir az artıq versinlər, özümə gün ağlayım, ev tikim. 19 ildir ki, kirayədə yaşayıram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres deyib. O, daha sonra əlavə edib.

“Kirayələrdə qalmağıma səbəb sənətimə qiymətin verilməməsi olub. 29 ildir ki, işləyirəm. Bu qədər işləyirsən, ora qaçırsan, bura qaçırsan. Elə də böyük miqdarda pul qazanmırsan ki, özünə gün ağlayasan. Hələ xəstə uşaqla ümumiyyətlə mümkün deyil. Bilmirsən kirayə verəsən, yoxsa kommunal xərcləri ödəyəsən. Hər şey bahalaşıb. Adam hansına qaçsın?! Bəzən deyirlər ki, aktrisalar əla yaşayır. Əslində biz göz önündə olan insanlarıq. Hamı elə bilir ki, dərdimiz, problemimiz yoxdur. Bütün günü deyib-gülürük. O qədər problem, dərd-sərimiz var ki. Sadəcə biz o səhnədə olduğumuz iki saat ərzində hər şeyi unuduruq. Səhnədə səni alqışlayan zaman bütün kommunal xərclərin, kirayə pulu, kredit yadına düşür. Camaat necə, biz də elə dolanırıq. İmkanı olan sənətçilər də var. Onlarda ya təməl elə qurulub, ya da ki, hansısa biznesləri var. Bu sənətlə onları etmək çox çətindir. Bilmirəm, bəlkə də naxışım gətirməyib. Mənim bacardığım bu işdir. Bu işə də verilən maaş, qiymət, dəyər budur. Əlini vəlinin başına qoyub vəlini əlinin başına bu aydan o biri aya ötürə-ötürə gedirik. Ümid edirəm ki, bəlkə bizim tərəfə də gün doğar. 19 ildir ki, gün doğur, sonra buludun arxasına girir. Ümid ancaq ona qalıb ki, uşaqlar böyüyür, bəlkə onlar nəsə edə bilər. Mən bu sənətlə uşaqlarıma gün ağlaya bilmədim, ancaq ehtiyac içərisində yaşayırsan. Uşaqlarıma deyirəm ki, çaşarsınız birdən bu sənətə gələrsiniz! Heç vaxt istəmərəm, imkan da vermərəm” deyə sənətçi bildirib.

Mətanət Eres verilişlərdə ekspert qismində oturan sənətkarları qınayanlardan da danışıb.

“Verilişlərə ekspert qismində çıxan sənətkarların özləri müəyyən həyat məktəbindən keçmiş insanlardır. Bu həyatın şirinini, acısını yaşayanlar, başı daşdan-daşa dəymiş insanlardır. Çünki onlar həmin situatsiyanı yaşayıblar, məsləhət verə bilərlər. Kim nəyi necə görüb, düşünürsə bu hər kəsin öz fikridir. Guya bizim öz dərdimiz, sərimiz yoxdur?! Orada oturan şəxs demək ki, özü kiməsə məsləhət verə bilər. Aktyor adam deyil?! O kiməsə məsləhət verə bilməz?! Biz sadəcə göz önündə olan insanlarıq, ona görə də qınanırıq. Göz önündə olmayanlar elə hoqqa verirlər ki, deyiləsi deyil” deyə aktrisa bildirib.

Ardını oxu...
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko müharibənin gedişi, Ukraynadakı asayişin təmini, görülən işlərlə bağlı UNİAN-a müsahibə verib. DİA.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Elektrik şəbəkələrinin raketlə vurulmasından və söndürmə işlərindən danışaq. Bunun nəticələrinin nədən ibarət olması və problemin aradan qaldırılması prosesinin necə getdiyi barədə artıq danışmaq olarmı?

- Ukrayna xalqı üçün nəticələr odur ki, xalq Rusiya üzərində, Putin rejimi üzərində qələbə ideyası ətrafında daha sıx toplaşır. Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafında daha böyük birləşmədir. Ən ağır nəticələri isə təbii ki, liftləri işləmədiyi üçün hündürmərtəbəli binalarında qalan, mərtəbələrinə çıxıb-düşə bilməyən yaşlı həmvətənlərimizə oldu. Xəstəxanaların işində problemlər yarandı, sağlamlıqlarını qorumaq üçün elektrik cihazlarının məcburi istismarına ehtiyacı olan insanların problemləri var. Bu, ölkəmizin bütün enerji sektorunun problemidir.

Ən əsası isə bütün dünya başa düşdü ki, Putin və onun ordusu Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək iqtidarında deyil. Onlar transformatorlarla, qadınlarla, uşaqlarla, qocalarla döyüşürlər.

Biz müttəfiqlərimizin Ukrayna ətrafında daha da birləşməsini, bizə kömək etmək üçün səmimi istəklərini görürük. Prezidentin Rusiya işğalının ilk günündən xahiş etdiyi hava hücumundan müdafiə sistemlərində olduğu kimi, bəzən yardımlar təəssüf ki, gecikdirilir. Ancaq hazırda Ukraynaya silahların gəldiyini, yeni hava hücumundan müdafiə sistemlərinin tədarük edildiyini görürük. Amerikanın NASAMS və İRIS-T sistemlərinin Kiyev ətrafında quraşdırılması sayəsində raketlər artıq Kiyevin mərkəzinə çatmır, havada vurulur. Eyni şey tədricən Ukraynanın digər böyük şəhərlərində də həyata keçiriləcək.

Açıq desək, bizə verilən hava hücumundan müdafiə sistemlərinin sayı Ukraynanın bütün ərazisini əhatə etməyə kifayət etmir.

- Mülki obyektlərə raket hücumları gözlənilirmi?

- Putinin Ukrayna ərazisinə və enerji sisteminə zərbələri şübhəsiz ki, olacaq. Və biz aydın başa düşməliyik ki, qarşıda çətin bir qış var. Bununla belə, qələbə əzmimiz qırıla bilməz. Elə şərait yaradılır ki, orada istilik məntəqələri olsun, orada insanlar isti yemək və içki ala bilsinlər. Təbii ki, tamamilə ədalətlidir ki, əgər sizin bu kataklizmləri yaşamamaq üçün müvəqqəti olaraq Ukrayna ərazisini tərk etmək imkanınız varsa, ölkənin müdafiəsi ilə məşğul deyilsinizsə, həyatı təmin etmək üçün zəruri olan müəssisələrdə işləyirsinizsə, o zaman bu, edilsin.

- Siz təkrarlanacaq hücumlardan danışırsınız, amma Putinin hələ də istifadə üçün raketləri var, demək ki. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov deyir ki, Rusiya Federasiyasında maksimum 3-4 belə hücum üçün raketlər qalıb. Bu kifayətdirmi?

- Mən Ukraynanın enerji sistemini tamamilə çökdürmək üçün qalan zərbələrin sayını ölçməyə hazır deyiləm. Məndə olan məlumata görə, ayrı-ayrı yarımstansiyalarda elektrik kəsilsə də, enerji adaları qalır. Məsələn, Kiyev elektrik enerjisini Kiyev SES-dən ala bilər və bu, müəyyən sayda fəaliyyət göstərən qovşaqlar üçün - metronun, elektrik nəqliyyatının, hərbi sənayenin istismarı üçün kifayət edəcək. Amma aydındır ki, enerji sisteminin bu cür sarsıntılara tab gətirməsinin yeganə yolu sönmələr, planlı işıqlandırmalar və bəzən işıqların kəsilməsidir.

Son zərbədən sonra energetiklər atom elektrik stansiyalarını söndürməli olublar. Yəqin ki, dünya tarixində ilk dəfə olaraq, bir anda hərbi təhlükə səbəbindən üç, hətta dörd, o cümlədən Zaporojye də fəaliyyət göstərən AES-in fəaliyyəti dayandırıldı.

Bu, bütün sivil dünya üçün təhlükədir. Atom elektrik stansiyalarında təhlükəsizlik sistemləri olsa da, atom elektrik stansiyaları 7-10 gündən çox enerjisiz, alternativ mənbələrsiz qaldıqda vəziyyətin necə olacağını heç kim bilmir.

Biz güclü olmalıyıq, başa düşməliyik ki, onsuz da qalib gələcəyik. Putin bu zərbələrlə nəyə nail olmaq istəyir, izah edə bilərəm. Bu yolla o, Ukrayna Prezidentini Rusiya ilə müqavilələr bağlamağa məcbur etmək istəyir. Putin Zelenskinin onunla danışmaq istəmədiyini başa düşə bilmir. O, bu barədə açıq şəkildə bildirib ki, danışıqlar yalnız Rusiyanın gələcək prezidenti ilə ola bilər, Putinlə deyil. Bunu Putin həzm edə bilmir.

- Eenerji sektorunda vəziyyətin xeyli pisləşməsi belə, hakimiyyəti danışıqlar masası arxasına əyləşdirə bilməyəcək?

- Mən əminəm ki, Prezident və Ukrayna xalqı belə danışıqlara razı olmayacaq. Heç kim bu şantaja boyun əyməyəcək. Son sorğular da göstərir ki, ukraynalılar bunu istəmir.

Eyni zamanda, ölkənin enerji sisteminə bu hücumlar Ukrayna Silahlı Qüvvələrinin hücumlarını davam etdirmək qabiliyyətinə təsir göstərmir, çünki Ukrayna Silahlı Qüvvələrinin öz işləri və elektrik üçün lazımi əlavə mənbələri var. Bu fəaliyyət davam edəcək, Zaporojye bölgəsində, Ukraynanın şərqində döyüşlər gedəcək. Və bu, işğalçıların Ukrayna ərazisindən tamamilə qovulması ilə başa çatacaq.

Eyni zamanda başa düşmək lazımdır ki, Rusiya və Putin heç yerə getmir. Bizim həm də işğalçı dövlətlə, həm Belarusla uzun sərhədimiz var. Biz ölkə daxilində güclü müdafiə sistemi yaratmalıyıq. Biz 70 il düşmənlərin əhatəsində yaşayan İsrail kimi yaşamalıyıq. 70 il xəstə və dəli Şimali Koreya rejimi ilə sərhəddə yaşayan Cənubi Koreya kimi yaşamalıyıq. Bütün dünya ukraynalıların cəsarətinə heyrandır. “Ukrayna kimi cəsur” ifadəsi artıq bütün dünya üçün brenddir.

- Sual yaranır ki, Kremlin qarşısına qoyduğu məqsədləri bu raket hücumunun nəticələri ilə nə dərəcədə uyğunlaşır?

- Raket hücumlarında məqsəd enerji infrastrukturuna ziyan vurmaqla yanaşı, Putinin müharibə tərəfdarları olan “Vatniklər” adlanan şəxslərin gözündə öz nüfuzunu xilas etmək cəhdi olub. Onlara başqa "nəsə" olduğunu göstərməlidir.

Döyüş meydanında heç bir uğur qazana bilmirlər. Bu həm də Ukrayna hakimiyyətini enerji şantajı üsulu ilə danışıqlara sövq etmək üçün əsasdır. Amma uğur qazana bilməyəcəklər.

- Xoşagəlməz bir sual var, amma bu barədə danışmaq lazımdır. Düşmən Ukraynanın kritik infrastrukturunun yeri ilə bağlı belə dəqiq məlumatları haradan əldə edir? Hüquq-mühafizə orqanları bu barədə düşünürmü?

- Bunu SBU-dan və ya başqasından soruşmaq lazım deyil. Əslində Ukraynanın yarımstansiyaları ilə bağlı tamamilə bütün məlumatlar sovet illərində nəşr olunan energetika dərsliklərində var. Ukrayna elektrik stansiyalarının yerləşdiyi "İqtisadi coğrafiya" mövzusunda çoxlu şəkillər var - Rivne, Çernobıl, Cənubi Ukrayna atom elektrik stansiyaları... Beş atom elektrik stansiyasının yeri açıqdır. Açığı, onların yaxınlığında yarımstansiyalar var. Dneprdə altı su elektrik stansiyası var. Onların hamısı kosmosdan görünür. Və hər bir elektrik stansiyasının öz transformator yarımstansiyası var. Ona görə də burada heç bir sirr yoxdur. Bütün dünya çoxdan kosmosdan hər yeri görür. İstənilən yarımstansiyanın yeri tam bəllidir.

Ruslar nə edir? Onlar enerji sisteminə zərbə vururlar, sonra onların agenti, tərəfdarı olan adamlar vasitəsilə Kiyevdə, Dneprdə, Odessada elektrik enerjisinin olub-olmaması barədə məlumat alırlar. Və yeni bir zərbəyə hazırlaşırlar.

Digər tərəfdən, bu zərbələrin qarşısını ancaq hava hücumundan müdafiə sistemi gücləndirməklə almaq olar. Təəssüf ki, qanadlı raketlərə qarşı bizə ən təsirli vasitələr verilmir. Bu aviasiyadır. “Kruiz” raketinin mahiyyəti aşağı hündürlükdə uçmaqdır və bizim radarlarımız bunu heç də həmişə tuta bilmir. Eyni zamanda, təyyarə radarları qanadlı raketləri bir baxışda görür. Aviasiyadan istifadə taktikasına görə, qırıcıda olan kəsici qanadlı raketin arxasınca gəlir, onu 100 faiz ehtimalla atəşə tutur və vurur. Belə nümunələrimiz çoxdur. Amma təəssüf ki, bizdə çox az təyyarə var. Qərbli müttəfiqlərimiz isə hələ də bizə aviasiya verməkdən qorxurlar.

Pilotlarımız 9 ay ərzində F-16, F-18 və istənilən digər Qərb qırıcılarını çoxdan mənimsəyəcəkdilər, lakin siyasi qərar lazımdır. Bu mütləq olacaq. Yadınızdadırsa, əvvəlcə məşhur HİMARS-ı bizə verməkdən imtina etdilər, indi isə Ukraynada onları elə reklam edirlər ki.... Bizə NASAMS və IRIS-T kimi güclü hava hücumundan müdafiə sistemləri vermək istəmirdilər, amma nəhayət, onlar da verildi. Düşünürəm ki, bizə yeni tankların, yeni təyyarələrin veriləcəyi gün də uzaqda deyil.

- Başqa bir məsələ də var. Elektrik enerjisi, suyun olmaması ilə bağlı şikayətlərə şahid olduq. Odessalılar yolu bağlayıb etiraz etdilər. Necə düşünürsünüz, bunlar Rusiyanın təxribatları idi?

- Elektrik enerjisi ilə yaşamağa öyrəşmiş insanlar təcili söndürmələri başa düşmür. Atom elektrik stansiyaları yarımstansiyaların sıradan çıxması səbəbindən bağlanıb. Burada isə çıxışlarla, yolları bağlamaqla heç nə əldə etməyəcəklər. Ola bilsin ki, Odessadakı həmvətənlərimizə yerli hakimiyyət başa salmayıb ki, problem hər hansı etirazla həll oluna bilməz. Energetiklərə sakit işləmək imkanı verilməlidir, onlar nə vaxt və nə edəcəyini daha yaxşı bilirlər.

Məsələn, mən ölkənin enerji sənayesinin rəhbərlərini tanıyıram, amma mənim yaşadığım əraziyə nə vaxt elektrik enerjisi veriləcəyini soruşmaq heç ağlıma da gəlməzdi. Niyə? Bəli, energetikləri narahat edə bilməyəcəyiniz üçün. Onların öz planları var, onlar ilk növbədə nə təmin edilməli olduğunu bilirlər - dəmir yolu, metro stansiyaları, hərbi müəssisələr, mühüm dövlət qərarlarının qəbul olunduğu yerlər əvvəlcə elektriklə təmin olunur. Bəli, insanlar səbirli olmalıdırlar. Sistem tədricən bərpa olunur. Ötən gün məsələn, aylarla işıqsız qalan Xersona elektrik verdilər. Ona görə də bütün Ukrayna bərpa olunacaq, çiçəklənəcək. Sadəcə səbir lazımdır.

- Xerson demişkən, indi orada vəziyyət çox ağırdır. Şəhər intensiv atəşə tutulur, çoxlu yanğınlar var. Şəhəri artilleriya atəşlərindən xilas etmək mümkündürmü?

-Təbii ki, ruslar hər dəfə Xersonu atəşə tutanda bizim topçularımız onlara cavab verirlər, ağızlarından vururlar. Çünki mərmilərin yerini müəyyən edən xüsusi radiolokasiya stansiyaları var və ondan sonra bizim mərmilərimiz, HİMARS-larımız artıq ora uçur. Buna görə də, təbii olaraq, hər bir ölü üçün beş qat intiqam olacaq.

- Ümumiyyətlə, sol sahilin azad edilməsi ilə bağlı heç olmasa bir növ proqnoz vermək olar?

- Baxın, bu proqnozlar düzgün deyil. Baş Qərargah var, hücum üçün qüvvə və vasitələrin hesablaması var və onlar bunu nə vaxt edəcəyini daha yaxşı bilirlər. İndi məsələn, çox çətin hava şəraitidir, tanklar Ukraynanın qara torpağında batırlar. Ona görə də düşünürəm ki, hava, deyək ki, əlverişli olanda, yer donanda, ağır texnika irəliləyib hücuma keçə biləndə hücum başlayacaq.

- Rusiyada bizim problemlərimizə baxıb sevinirlər. Ukraynalıları işıqdan, sudan, istilikdən məhrum etmələrini bayram edirlər. Solovyov bir neçə gündür ki, nüvə zərbəsi vəd edir və tamaşaçılarını sevindirir. Eyni zamanda, mühacirətdə olan rus müxalifətçilərinin belə ümid bağladıqları səfərbərlərin iğtişaşlarının boşa çıxmasına diqqət çəkmək istərdim. Sizcə, ruslar nəhayət ki, müharibə ilə barışıblar və hər şeylə razıdırlar, yoxsa gec-tez oyanacaqlar?

- Birincisi, yalnız zaman vəziyyəti daha da pisə doğru dəyişə bilər. Sizə deyə bilərəm ki, müharibələrin tarixinə görə, Birinci Dünya müharibəsini götürsək, 1914-cü ildə də ona daxil olan bütün ölkələrin xalqları - fransızlar, ingilislər, ruslar və almanlar sevinclə daxil oldular. Onlarda hamı qışqırdı: "Ura! Ura! Düşməni mütləq məğlub edəcəyik" və s. Hər kəsin müharibənin onların dövlətlərini tamamilə dağılmasına apardığını başa düşməsi üçün ən azı bir il və yüz minlərlə qurban lazım idi.

Rusiyada aparılan sosioloji sorğulara inanmıram ki, 75 faiz müharibəyə dəstək verir. Birincisi, Rusiya tam qorxu içərisindədir. Orada müharibənin əleyhinə olduğunu deməyə görə 7 il həbs cəzası ala bilərsən. Təbliğatçıların aylarla necə dediklərini xatırlayın: "Bəli, bunların hamısı cəfəngiyyatdır, nə müharibədir, müharibə olmayacaq!". Sonra müharibə başladı, üç günə Kiyevi alacaqlarına söz verdilər. Amma nəinki Kiyevi ala bildilər, beş aydır ki, Baxmuta girə bilmirlər. Bütün digər uğurlarını isə sürpriz faktorla yalnız ilk günlərdə əldə etdilər. Bundan sonra onlar artıq Xarkov vilayətindən, Xerson vilayətindən geri çəkildilər və s. Ona görə də bu proses tədricən davam edəcək. Rus xalqının yoxsullaşması prosesi baş verəcək. Bu gün 2023-cü il üçün Rusiya büdcəsinin üçdə biri ordu və hüquq-mühafizə orqanlarının xərcləridir. Bu o deməkdir ki, insanlar sosial proqramlardan, tibbdən, səhiyyədən puldan məhrum olacaqlar. Bu, gec-tez nifrətin alovlanmasına səbəb olacaq.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, Ukraynada nə qədər çox rus ölürsə, Kremldə çevrilişin vaxtı bir o qədər tez gələcək. Biz artıq Rusiyanın 90 minə yaxın itkisinin olduğunu bilirik. Yəqin ki, bu, Rusiyada çevriliş üçün kifayət deyil, elə deyilmi?

- Putinin qondarma əsgər anaları ilə görüşdüyü zaman görünməmiş bir hadisə baş verdi, baxmayaraq ki, onlar xüsusi seçilmişdilər... Orada oğlu üçün həqiqətən kədərlənən ən azı bir ana gördünüzmü? Bu videonu görmüsünüz? Məncə, orada oğulları ölən analar olmayıb, oğulları döyüşən analar olub. Hətta düşünürəm ki, sonradan oğullarından biri artilleriyamızın və qoşunlarımızın zərbələri altında həlak olanda nə baş verəcəyi maraqlıdır. Mən bu haqda danışıram. Putin artıq öz qabığından çıxıb xalqı ilə ünsiyyət qurmalıdır ki, nə baş verdiyini birtəhər izah etsin. Amma bu izahatlar yumşaq desək, inandırıcı deyil. Bu gün heç kim “Vətən üçün, Putin üçün” qışqıraraq döyüşə getmir. Sovet illərində “Vətən üçün, Stalin üçün” var idi. Rusiya təbliğatı əslində onların düşündükləri qədər güclü deyil.

Yeri gəlmişkən, bu ilin iyul ayından etibarən Rusiya informasiya istifadəçilərinin əksəriyyəti artıq televiziyaya baxmırlar, hazırda hər kəs “Telegram”dadır. Yəni ruslar başa düşürlər ki, Solovyovun, Skabeyevanın və başqalarının televiziyada dediklərini yarıya bölüb 180 dərəcə çevirmək lazımdır. Deyirlər ki, ikinci səfərbərlik dalğası olmayacaq, deməli, mütləq olacaq. Deyirlər ki, inflyasiya olmayacaq, deməli olacaq.

- Putin ötən həftə təkcə analarla görüşdə deyil, KTMT-nin İrəvandakı iclasında da göründü. Lukaşenko dedi ki, ölkəsinə hücum olarsa, KTMT Belarusun müdafiəsinə qalxacaq. Maraqlıdır, Belarusa kim hücum edəcək ki... Eyni zamanda, bu yaxınlarda KTMT-dən belə yardım istəyən və almayan Ermənistan da eyni masa arxasında oturur. İştirakçılar bu təşkilatın onlara nə üçün lazım olduğunu başa düşürlərmi?

- Putin özünü böyük strateq, dünya lideri kimi təsəvvür edirdi. Hesab edirdi ki, bütün dünyanın, bütün kainatın gələcəyi onun qərarından asılıdır. Gözləyirdi ki, Ukraynanın işğalı uğurlu olacaq, Ukrayna yıxılacaq, bütün dünya üçün dəhşətli olacaq, hamı ondan qorxacaq. Bu, alınmadı. Putinin xarici siyasətdə demək olar ki, təcrid olunması onu Mərkəzi Afrika Respublikasının Prezidenti və ya digər Afrika ölkələri ilə görüşməyi şərəf hesab etməyə vadar edir. KTMT Putin tərəfindən yaradılan struktur idi, guya Rusiyanın ətrafında NATO-da olduğu kimi münasibətdə olduğu müəyyən ölkələr var ki, onlar bir-birinin müdafiəsinə qalxsınlar. Amma məlum oldu ki, əslində bunların hamısı saxtadır və bu KTMT Rusiya qorxusu üzərində qurulub. Orta Asiya və Zaqafqaziya ölkələri birdən Putinin axmaq biri olduğunu görməyə başlayanda, məsələn, hətta bir çox məsələlərdə Putindən asılı olan Tacikistanın Prezidenti belə birbaşa ondan açıq şəkildə xahiş etdi ki, onunla ünsiyyətdə olmasın.

Nikol Paşinyana gəlincə, Rusiya Federasiyasının müttəfiqi olan o, birdən-birə Rusiyanın Azərbaycanla münaqişədə Ermənistanı və onun maraqlarını heç bir vasitə ilə, hətta elementar diplomatik yolla, bir sözlə müdafiə etməkdən necə imtina etdiyini gördü. Buna görə də o, bəyannaməni imzalamaqdan imtina etdi. Bundan sonra Putin stolun üzərinə qələm atdı və Lukaşenko çiyinlərini çəkdi. Bu videonu bütün dünyaya nümayiş etdirdik.

Artıq Putinin ətrafında ittifaq yoxdur, o, təkdir. Onun yanındakı bəlkə də bircə adam var – o da Lukaşenkodur. O da ki, qorxudan Putini dəstəkləyir, çünki tamamilə Putindən asılıdır. İran öz siyasətini qurur, sadəcə olaraq Putinə pul müqabilində raket və ya dron satır və Putindən istədiyi hərbi texnologiyanı alır. Hazırda Qərbin fırıldaqlarına məruz qalan Rusiyadan neft və digər resursları almaq Çin üçün sərfəlidir. Putin isə tək qaldı. Bu təcrid Rusiyanı terrorizmin himayədarı kimi tanımaq üçün bütün bu qərarlarla daha da artacaq.

- Düzgün qeyd etdiniz ki, KTMT-nin iclasında yalnız Lukaşenko Putinin müdafiəsinə qalxaraq, Ukrayna ilə bağlı cəfəngiyyatın daha birini səsləndirdi. Sizcə, bu nə idi, o, müharibəyə qatılmaq qərarına gəldi, yoxsa Kremlin xoşuna gəlmək üçün bu ifadələri işlətdi?

- İkinci varianta üstünlük verirəm. Yenə deyirəm, Lukaşenko Putindən tamamilə asılıdır, onun hakimiyyəti tamamilə rus agentlərinin əlindədir - həm xüsusi xidmət orqanları, həm də ordu. Özü də Putinin kuklasıdır, heç nə etmək imkanı yoxdur. Onu saxlayan yeganə şey sağ qalmaq istəyidir ki, özü və ailəsi hakimiyyətdə qalmağa davam etsin. Amma o, Kiyevə, Çerniqova xain hücum üçün Putinə ərazi verdi. O, Belarus ərazisini minlərlə ukraynalının ölümünə səbəb olan xain hava və raket zərbələri üçün təmin edib. Ona görə də bu, Putinlə bərabər ədalət qarşısında cavab verəcək mənliksizdir.

- Görünür ki, bu davranış, Putin üçün kifayət deyil. Çünki amerikalı analitiklər Kremlin Lukaşenkonun fiziki olaraq məhvinə artıq icazə verdiyindən danışmağa başlayıblar...

- Düşünürəm ki, bu, mümkün olmayan ssenaridir. Çünki o zaman Putin Belarusda baş verənlərə nəzarət edə bilməz. Onun Belarus rəhbəri postuna öz varisini təyin edə biləcəyinə və bunun onun üçün ağrısız olacağına dair təminatları kifayət qədər azdır. Mən bu plana inanmıram.

- Bəlkə bu məlumat Kremldən gəlir ki, nəhayət, Lukaşenkonu qorxutsun və o, müharibədə iştirak etməyə məcbur qalsın?

- Əgər Belarus ordusu Lukaşenkonun göstərişi ilə Ukraynaya hücuma cəhd etsə, düşünürəm ki, bu müharibə Minskdə bitəcək. Putin İkinci Dünya müharibəsi zamanı Hitler hansı vəziyyətdə qalmışdısa, indi o vəziyyətdədir. Mussolini və başqaları kimi bütün müttəfiqləri onu yalnız zəiflətdi, qoşunları təsirli olmadı. İkinci Dünya müharibəsi zamanı italyanların necə davrandıqlarını xatırlayın. Onlar silahlarını yerə atıb sovet ordusuna təslim oldular, cəbhənin hissələrini ifşa etdilər və alman ordusunun, Vermaxtın vəziyyətini pisləşdirdilər. Belarus ordusunda da vəziyyət eynidir. Orada heç kim döyüşməyəcək və hücumun effektivliyi olmayacaq.

- Buna baxmayaraq, hazırlaşmağa əhəmiyyət verməliyik...

- Əlbəttə, hazır olmalıyıq. Ukraynanın bütün şimalında "Minalardan ehtiyatlı olun" nişanları var və bütün yerli sakinlər meşə yollarının, keçidlərin, körpülərin minalandığını bilirlər.

Müttəfiqlərimizin peykləri var, kəşfiyyatımız işləyir. Çox sayda məlumat verənlər var. Hətta Belarus müxalifətinin “Belorusski Qayun” adlı ictimai saytı var ki, orada hər gün hansı Belarus və ya Rusiya hərbi maşınının hara getdiyi barədə məlumat verilir. Yəni ki, hər şey o qədər nəzarət altındadır ki, bir növ işğal üçün on minlərlə qoşunu sakitcə toplamaq mümkün deyil. Belarusdan hansısa təhlükənin gəldiyini deməyə çalışan hər kəs ya məlumatsızdır, ya da təxribat edir.

- Siz həm də əla hərbi analitiksiniz. Ona görə də sizdən xahiş edəcəyəm ki, qarşıdakı ayda cəbhələrdə bizi hansı vəziyyət gözlədiyini deyəsiniz?

- Cəbhədə vəziyyət belədir: sağ sahildə qələbəmizdən və düşmənin qaçmasından sonra Xerson vilayətini azad etmək üçün irəliləməli, hərbi əməliyyatlar aparmalı olan on minlərlə yaxşı təlim keçmiş və təchiz edilmiş qoşun azad edildi. Bu qoşunlar Ukraynanın indi vəziyyətin ən çətin olduğu şərqinə (Avdivka, Vuqledar) cəlb olunacaq. Məhz orada bizim təzə qoşunlarımız Rusiyanın irəliləyişini dayandırmağa kömək edəcək. Biz hamımız şərqdə hücumun davamını gözləyirik. Qoşunlarımız Svatovo, Kremennaya hücum edir. Qoşunlarımız bu yaşayış məntəqələrini tez bir zamanda işğaldan azad etsələr, ruslar Lisiçanskdan, Severodonetskdən, Rubijnedən qaçmalı olacaqlar.

Təbii ki, əhval-ruhiyyə çox yüksəkdir. Təəssüf ki, bizim istədiyimiz qədər silah yoxdur. Qərb tərəfdaşlarımız daha çox silah verə bilərdilər. Maşınlarda, yükdaşımalarda müəyyən çatışmazlıqlar var, amma əsgərlərimizin ruh yüksəkliyi o qədər yüksəkdir ki, dayanmaq heç kimin ağlına belə gəlmir.

Hesab sadədir: ruslar nə qədər çox məhv edilsə, bu müharibə bir o qədər tez bitəcək. Enerji strukturuna hansısa zərbə həm Putini, həm də onunla birlikdə bu təcavüzkar müharibəni planlaşdıranları amansız qisasdan xilas etməyəcək. Biz mütləq qalib gələcəyik, buna şübhə yoxdur. Bəli, biz bu çətinliklərə dözməliyik. Bəli, arvadımızın, uşaqlarımızın, qohumlarımızın qayğısına qalmalıyıq. Ukraynanı kim tərk edə bilər, biz bunu dəstəkləməliyik. Amma biz mütləq qalib gələcəyik.

Dünyapress TV

Xəbər lenti