Ardını oxu...
“2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ailə həyatımla, ən əsası da övladımla bağlı önəmli, yaddaqalan illər oldu. Ərimin keçmiş həyat yoldaşı ilə bağlı problemlərimiz bitdi. Çox şükür! Uşağımız dünyaya gələndən sonra qadın nə yoldaşımı, nə də ki, məni narahat etmir. Özü də başa düşdü ki, nə var, nə yox”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə deyib.

“Sənətə günü bu gün qayıdaram. Amma övladımın böyüməsini gözləyirəm. Çünki mənsiz qala bilmir. Yoldaşım da icazə verir, mənə qadağası yoxdur. Sənətimi atmamışam, davam etdirəcəm, sadəcə bir az zamana ehtiyacım var. Bir il bəs edər məncə. Aktrisalıq fəaliyyətimi Türkiyədə davam etdirəcəm. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, insan özü istəsin, çaba göstərsin” deyə aktrisa bildirib.

Cəmilə Tağızadə bildirib ki, sənətdə hər şey maddiyatdan asılıdır.

“Bəzən deyirlər ki, sənətdə mütləq adamın olmalıdır. Bu sözlə razı deyiləm. Vaxtilə Azərbaycanda ən çox çəkilən aktrisalardan biri də mən idim. Mənim nə adamım, nə də tapşıranım var idi! Öz istedadımla, gücümlə, biliyimlə bu sahəyə gəlmişdim. Məncə bunlar hamısı bəhanələrdir. Bəli, elə aktyor, aktrisalarımız var ki, daim onlar çəkilir. Buna görə bir çox rejissorlarımızı qınaya bilərəm. Eyni simalar nə qədər olar?! Teatrlarımızda bir bilsəniz ki, nə qədər yeni üzlər, yeni simalar var. Rejissorları da bir yandan qınamaq düzgün deyil. Çünki istehsalçı şirkət öz filmində tanınmış, məşhur simanı görmək istəyir. Kim istəməz ki, Bred Pit olan filmi izləməsin?! Bütün dünya praktikasında bu belədir. Kim daha çox tələb olunursa, izlənilirsə o da çəkilir. Bizdə elə aktrisalar var ki, dostluqla, tanışlıqla, tapdığı sponsorla özünü baş rolda çəkdirir. Bu tək Azərbaycanda deyil, hər yerdə belədir. Türkiyənin yeşilçam ulduzu Türkan Şorayı da vaxtilə Rüçhan adlı iş adamı qabağa çəkib, ulduz etmişdi. Kimin pulu varsa o həmişə öndədir. Mən də buna qarşıyam. Bizdə yaxşı rejissorlar da, prodüsserlər də var, sadəcə tək problem maliyyədir. Maliyyə problemi aradan qaldırılsa, biz də yüksək səviyyəli filmlər çəkib, nüfuzlu festivallara çıxararıq” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Xankəndidən çıxış üçün kəndlər arası yollar var. Amma o yollarla qış aylarında hərəkət etmək mümkün deyil. Erməni tərəfi həmin yollarda bir az abadlıq işləri aparmaq istəyirdi. Rus sülhməramlıları tərəfindən bu fəaliyyətlərin qarşısı alındı. Bütün bunların müqabilində Xankəndidəki separatçıların bəlli ehtiyyatları var. Sözsüz ki, bu ehtiyyatlar onların iddiasına görə, indiki dövrə kimi tükənmiş olmalı idi. Hazırda Xankəndidə yanacaqla bağlı problemlər ola bilər. Amma Qarabağ ərazisindəki avtomobillərin əksəriyyəti sıxılmış qazla işləyir. Qaz təchizatında problem olmadığına görə, bu prosesdə dayanma qeydə alınmayıb.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki Xankəndidən çıxış üçün alternativ yolların olması da istisna deyil: “Amma bununla bağlı da tutarlı fakt mövcud deyil. Azərbaycanlı aksiyaçıların Şuşa-Xankəndi yolunda erməni əsilli insanlara humanitar yüklərin daşınmasının qarşısını almaq niyyəti yoxdur. Burada ekoloji problemlərin, təbii sərvətlərimizin talanmasının qarşısını almaq üçün aksiya keçirilir. Ermənistandan Qarabağa gələn hümanitar yüklərin keçidində heç bir problem yoxdur. Amma şərt odur ki, o maşınların içərisində olan yüklərə baxış keçirilməlidir. Çünki biz bilməliyik ki, ora daşınan kartof kisələrinin altında nə daşınacaq Azərbaycan tərəfi yolun humanitar məqsədlər üçün açıq olmasını, eyni zamanda Dəmirçi, Qızıl Bulaq yataqlarında monitorinq aparılmasını istəyir”.

Hərbi ekspert vurğulayıb ki, Xankəndiyə giriş-çıxışla bağlı yolun bağlanmasını rus sülhməramlıları həyata keçirir:

“Azərbaycanın bununla bir əlaqəsi yoxdur. Amma bu o demək deyil ki, biz Qarabağa daşınan yüklərə nəzarət etməməliyik. Sözsüz ki, dünya birliyi ilkin olaraq erməni hay-küyünə bir az aldanmışdı. Amma Azərbaycan tərəfi bunun əksini sübut etdi. Burada maraqlı cəhət odur ki, orada yaşayan ermənilər ac qalmağa razıdırlar, amma yüklərin bizim tərəfimizdən yoxlanmasını istəmirlər. Bu başa düşülən deyil. Məhz bu amil o yüklərin içərisində hərbi məqsədli vasitələrin olmasından xəbər verir”.

Ədalət Verdiyev deyib ki, Qax rayonunda Yeni il şənliyi keçirilmədi, heç yolka da quraşdırılmadı, şaxta baba, qar qızı da görən olmadı:

“Amma Xankəndidə yeni il bayramı keçirilirdi, restoranlarda boş yer yox idi. Ona görə də boş-boş erməni hay küyünə heç kəs inanmasın. Artıq dünya ictimaiyyəti də ermənilərin bu hay-küyünə inanmır. BMT TŞ-nın son qərarından göründüyü kimi Fransa-Ermənistan və İrandan başqa bu hay-küylərə inanan yoxdur”.
Ardını oxu...
Taras Zaqorodnı: “Putin üçün əhaliyə nəyisə demək lazımdır, “uğur“ vermək lazımdır. SSRİ-nin bərpası 2023-cü ildə ruslara “yaxşı hədiyyə” olardı”

“Putin elita üçün artıq tullantı məhsuludur. Elitanın qlobal vəzifəsi Putinlə və ya Putinsiz hakimiyyətdə qalmaqdır. Ölkənin başında kim olacaq? Onlar üçün fərq etməz”

Siyasi texnoloq Taras Zaqorodnı UNİAN-a müsahibəsində Kremldəki vəziyyət, Rusiya Federasiyasının Belarusla bağlı addımları və Moldovaya hücumun gözlənilib-gözlənilməməsindən danışıb. AYNA Zaqorodnının müsahibəsini istinadla təqdim edir:

- Putinlə Lukaşenkonun görüşünün rəsmi nəticələri məlumdur. Onlar kosmosda əməkdaşlıq, iqtisadiyyatın və elmin dirçəldilməsi planlarını açıqlayıblar. Amma təbii ki, görüşdə sanksiyalar, müdafiə, təhlükəsizlik məsələlərini müzakirə olunub. Sizcə, Putin Minskə səfəri zamanı nəzərdə tutduğu razılaşmalara nail olubmu?

- Aydın məsələdir ki, ölkə rəhbərləri müdafiə nazirini iqtisadiyyat, kosmos və digər maraqlı mülki məsələləri müzakirə etmək üçün özləri ilə aparmırlar. Məlumdur ki, Putin Belarusun rəsmi şəkildə müharibəyə girməsi üçün Lukaşenkoya təzyiq göstərməyə çalışır. Üstəlik, təxminən iki həftə əvvəl Belarusa gələn Şoyqu Lukaşenko ilə kifayət qədər mülayim danışdı. Məsələn, o, dialoqunda iki dəfə Belarusun müdafiə naziri ilə danışdığını, bəzi müqavilələr imzaladığını qeyd etdi və dedi: “Mümkünsə, sizinlə görüşərik”. Bu, əslində Lukaşenkoya qarşı açıq şəkildə səslənən təhdiddir. Xarici işlər naziri Makey o qədər də yaşlı deyildi, amma qəflətən öldü. Bu, çox güman ki, Lukaşenkonun özünə xəbərdarlıq idi: “Əgər müqavimət göstərməyə davam etsəniz, sizi bu yolla ağıllandıracağıq”. Hesab edirəm ki, Lukaşenko nə qədər dirəniş göstərsə, bir o qədər çox təhdid alacaq.

- Rusiya Lukaşenkonun hakimiyyətdən devirə, öz adamını hakimkiyyətə gətirə bilərmi?

- Müharibəyə açıq şəkildə girmək üçün lazım olan əmrləri də elə həmin müdafiə naziri verə bilər. Ola bilsin ki, o, hətta Yanukoviçin sxemi ilə Rusiya qoşunlarını Belarusa dəvət etsin. Putin bunu “böyük uğur” kimi təqdim edər və deyər: “Biz başqa ölkəni inteqrasiya etdik, Sovet İttifaqını yenidən yaradırıq”. Unutmayaq ki, bu il SSRİ-nin yaranmasının 100 illik yubileydir. Mən istisna etmirəm ki, ümumiyyətlə, Belarusun işğalı baş versin, çünki orada müqavimət göstərən yoxdur. Sifarişləri yerinə yetirmək üçün istifadə olunan mərkəzləşdirilmiş aparat var. Vətəndaş cəmiyyəti, milli kimlik, müstəqil biznes, media azadlığı yoxdur. Lukaşenkoya müqavimət göstərənlər isə ya indi həbsxanalardadır, ya xaricdə, ya da Ukraynada Kalinovski alayının tərkibində döyüşürlər. Putinə hərbi sənaye kompleksinin Belarus müəssisələri, belarus əsgərləri insan resursu şəklində lazımdır.

İkinci variant odur ki, Lukaşenko istəməsə belə, yenə də əmr verir. Sonradan gücünü və həyatını itirir. Belarus ordusu kiçikdir. Hətta bizim sərhəd xidmətimizdən də kiçikdir. Onun döyüşə hazır bölməsi 7-10 gün ərzində məhv ediləcək.

- Bəs Lukaşenko hakimiyyətini saxlamaqda kimə arxalanacaq?

- Bu, çətin sualdır. Çünki ordu ona hakimiyyəti saxlamağa kömək edir. Hesab edirəm ki, Lukaşenkonu xilas edə biləcək yeganə ölkə Çindir. Çinlilərin onunla hələ də yaxşı münasibətləri var. Hətta Lukaşenkonun oğlu bir dəfə Çin dilində mahnı oxuyub, dili öyrənib.

Putin üçün isə əhaliyə nəyisə demək lazımdır, “uğur“ vermək lazımdır. SSRİ-nin bərpası 2023-cü ildə ruslara “yaxşı hədiyyə” olardı. Əlbəttə, o deyəcək: “Ukraynadan istədiyimiz nəticəni almadıq, amma Belarusu aldıq”.

Aydındır ki, hər iki variant Lukaşenkoya uyğun deyil. Biz görürük ki, o, Kremldən 10 ay ərzində daha çox uzaqlaşmaq xətti götürüb. KİV-in məlumatına görə, Lukaşenko ağasının Minskə səfərindən, görüşdən yayınmaq istəyib. Onun qripə yoluxduğu barədə məlumat yayılıb. Düşünüb ki, Putin xəstəlikdən qorxacaq. Amma bu baş vermədi, Putin Minskə getdi.

Lukaşenko çox çətin vəziyyətdədir. Amma bu vəziyyətə özü-özünü salıb. Mən Rusiyanın hələ də Belarusu işğal etməyə çalışacağı variantına inanıram.

Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasına bir neçə həftə qalmış, Zelenskinin fiziki olaraq məhv edilməsi əmrini verən Vladimir Putin eyni ssenari ilə gedir.

- Moldovanın informasiya və təhlükəsizlik xidmətinin rəhbəri bildirib ki, Rusiya Federasiyası 2023-cü ildə ölkəni işğal etməyi planlaşdırır. O bildirib ki, məsələ işğalın olub-olmayacağı deyil, buna nə vaxt başlayacaqlarıdır. Sizcə, Putinə belə bir qərar verməyi kim məsləhət görüb?

- İnanıram ki, belə bir ehtimal var. Dnestryanıda bir qruplaşma mövcuddur. Bəli, kiçikdir, amma nəzərə almaq lazımdır ki, Moldovanın əslində ordusu yoxdur və ölkənin özü də kiçikdir. Son vaxtlara qədər Moldova Rusiya mediasının çox güclü təsiri altında idi. Orada geniş "beşinci kolon" var. Unutmayaq ki, bu, Sanduya seçkidə uduzan Dodondur. Onun Kreml agentlərindən ibarət çoxlu tərəfdarları var. Muxtar yaşayan rusiyapərəst Qaqauziya var. Ona görə də Rusiyanın Moldovanı işğal etmək ehtimalı çox yüksəkdir.

Belə bir ssenarinin qarşısını almağın yeganə yolu odur ki, Moldova Ukraynadan Dnestryanı məsələsini nəhayət həll etməyi xahiş etməlidir. Çünki biz özümüz Dnestryanı əraziyə qabaqlayıcı zərbələr endirə bilmirik, lakin bu anklavı ləğv etmək bizim maraqlarımıza uyğundur. Çoxlu qüvvələr bu istiqamətdə dayanır, çünki qarşı tərəfdən irəliləyiş riskləri var. Xatırladaq ki, Ukrayna artıq Maya Sanduya bu məsələni həll etməyi təklif edib. Təbii ki, burada qərar yalnız Sanduya aiddir. O, ya Moldova Parlamenti rəsmi olaraq Ukraynaya müraciət etməlidir. Təəssüf ki, hələ də belə bir müraciət daxil olmayıb. Amma nə qədər gec olsa da, mən cənab nazirin səsləndirdiyi ssenariyə inanıram. Çünki yenə deyirəm, Kreml agentləri Moldovada çoxdur.

- Üç gün ərzində Kişinyovu götürmək variantı işləyə bilərmi?

- Bəli, orada işləyə bilər. Belə bir risk mövcuddur.

- Qayıdaq Rusiyaya. Blaqoveşenskdə əhalinin raket zərbəsi zamanı nə etməli olduğu barədə sosial çarxlar peyda olub. Bunları kim vura bilər ki?

- Rusiyada əslində eyni vaxtda çoxlu proseslər gedir. Bir tərəfdən Ukraynadakı müharibə ilə birbaşa əlaqəli olanlar, digər tərəfdən dolayısı ilə müharibə ilə bağlı olanlar var. Rusiya elitası artıq başa düşüb ki, müharibə uduzulub. Uduzulan müharibə faktorundan hakimiyyət uğrunda mübarizə, aktivləri qorumaq üçün mübarizə və hakimiyyəti saxlamaq amili kimi istifadə edirlər.

İstisna etmirəm ki, Putinin indiki səfərbərlik qərarı Ukraynadakı müharibə üçün deyil, ölkədə hakimiyyəti saxlamaq üçün istifadə olunacaq.

Söhbət Çin sərhədindən də gedir. Çünki Putin çinli dostlarına güvənmir. O, Çin sərhədindən çox pis xəbərlər gözləyir. Buna görə də, məsələn, Çinin hücumu zamanı ən azı bir növ ordunun əlində olması üçün səfərbərliyə ehtiyacı var. Baxmayaraq ki, mən buna inanmıram, çünki Tayvandan başqa Çinin hələ belə bir niyyəti görünməyib.

Səfərbərlik ölkə daxilində etirazlardan çəkindirən amildir. Bu, Rusiyanı Şimali Koreyaya çevirir. Çünki Şimali Koreyada hakimiyyəti belə saxlayırlar. Həmçinin Çində olduğu kimi “rəqəmsal əsir düşərgəsi” üsullarının tətbiq ediləcəyini istisna etmirəm. Üstəlik, düşünürəm ki, Çin öz texnologiyalarını məmnuniyyətlə onlara ötürəcək. İnsanları qorxutmağın ən yaxşı yolu nədir? Deyirsən: "Müharibə olacaq! Bomba sığınacaqlarında oturun! Raket zərbələri olacaq!". Əvvəllər Putin çeçen terroru qorxusu altında idi, indi isə ölkənin parçalanmaq üzrə olduğu qorxusu ilə yaşayır.

- Çin artıq Rusiya iqtisadiyyatını ələ almağa başlayır?

- Rusiya ehtiyatlarının yuanda yerləşdirilməsinin öz xüsusiyyətləri var. Əminəm ki, çinlilər orada hiyləgərcəsinə işləyirlər. Yəni ruslar yuan ala biləcəklər, lakin ödənişlər dollarla tələb ediləcək.

Bəli, Çin ucuz qiymətə neft almaqla Rusiyanı yavaş-yavaş mənimsəyəcək, onu xammal əlavəsinə çevirəcək. Onlar maya dəyərinə çox yaxın olan 60 dollardan aşağı qiymətə neft alacaqlar. Bu, Çin üçün faydalıdır. Bu formatda onlar əməkdaşlıq edəcəklər, lakin çox ehtiyatla ki, sanksiyalara məruz qalmasınlar. Çin Rusiyaya daha az elektronika satmağa çalışır ki, onların çiplərindən istifadə edilməsin.

- Deyirsiniz ki, Putinin elitası artıq Rusiyanın uduzacağına əmindir. Onların əlamətlərindən biri də qarmaqarışıq fiqur olan Girkinidir. O, sanki dəli olub. Artıq açıq şəkildə deyir ki, Ukraynanı məğlub etmək mümkün deyil, Putinin demensiyası var, özü də Haaqa məhkəməsindən və Kiyevdə asılmaqdan qorxur. Eyni zamanda, bildirir ki, Ukrayna Silahlı Qüvvələri Yeni ildə Moskvanı vura bilər. Girkin niyə belə bəyanatlar səsləndirir?

- Putin elita üçün artıq tullantı məhsuludur. Elitanın qlobal vəzifəsi Putinlə və ya Putinsiz hakimiyyətdə qalmaqdır. Ölkənin başında kim olacaq? Onlar üçün fərq etməz. Lap sabah Navalnının da hakimiyyətdə olmasına razıdırlar. Onlar üçün əsas məsələ hakimiyyəti saxlamaq və prosesə nəzarət etməkdir. Girkinin dedikləri elitanın artıq müharibədən çıxmaq cəhdidir. Deyirlər: “Biz bütün NATO-ya qarşı vuruşuruq, buna hazır deyildik, gəlin bir növ barışıq edək”. Əgər hazır olmadıqları üçün Ukraynanı tərk etdiklərini deyirlərsə, bu, Putinin günahı ola bilər. Amma çox güman ki, Surovikin və Şoyqunu əsas günahkar elan edəcəklər. FSB Girkinin ağzı ilə bütün günahı onların üzərinə atır. Putin isə... Rusiyanın başında kimin olacağı o qədər də önəmli deyil. Rusiya ümumilikdə monarxiyaya çevrilə bilər. Orada indi pravoslav kommunizminə aparan proseslər baş verəcək. Onlar İran yolu ilə gedirlər: “Bəli, biz inkişaf etməmişik, Qərbin üstünlüyünü dərk edirik, amma ruhaniyik”. Bu cür sxemlər olduqca davamlıdır. Əgər İran sanksiyalar altında sağ qala bilibsə, Rusiya Federasiyası da mütləq sağ qalacaq. Onlar ruslar üçün müəyyən minimum yaşayış səviyyəsini təmin edə biləcəklər, lakin onların qanı töküləcək. Qərb nə edir? Elə edir ki, müharibəni davam etdirməyə pulları qalmasın.

- Bütün bunlar Rusiya üçün necə bitə bilər. Yəni ki, ən real mexanizm hansıdır?

- Məncə, dediyim ən real mexanizmdir.

- Yəni ölkənin dağılacağı ilə bağlı proqnozların tərəfdarı deyilsiniz?

- Yox. Biz tez-tez Rusiya ilə Sovet İttifaqını qarışdırırıq. Əvvəla, Sovet İttifaqı respublikalara bölündü, burada az-çox hakimiyyəti mərkəzdən ələ keçirə bilən milli elitalar var idi. Rusiyada belə deyil. Orada bütün milli elitalar ancaq kağız üzərindədir. Yalnız iki respublikada milli elita var - Çeçenistan və Dağıstan.

İkincisi, Sovet İttifaqını Rusiya özü dağıdıb. Hər kəs xatırlamır ki, əslində mərkəzdənqaçma qüvvələri Moskvadan gəlirdi. Bu, Boris Yeltsinin birlik mərkəzi ilə hakimiyyət uğrunda mübarizəsi nəticəsində yaranıb. O, Rusiya üçün vuruşdu və Qorbaçovu devirdi. Bunu, məsələn, ölkələrin müstəqilliyini elan etmə tarixləri ilə asanlıqla izləmək olar. Sovet İttifaqında müstəqilliyini ilk elan edən kimdir? Əlbəttə, Rusiya.

Üçüncüsü, Sovet İttifaqı komanda iqtisadiyyatına malik olduğu üçün tam idarəetmə iflicində idi. Rusiyada bazar iqtisadiyyatı hələ də yüksək səviyyədə uyğunlaşma qabiliyyətinə malikdir. Rusiya kənd təsərrüfatı indi Sovet İttifaqında olduğundan daha yaxşı miqyasdadır. Taxıl yetişdirə bilər, qida verə bilər. Keçmiş sovet dövründəki kimi qıtlıq olmayacaq, o vaxt ərzaq, tualet kağızı, diş pastası yox idi, çünki onu xaricdən gətirmək mümkün deyildi. Onlarda belə bir kəsir və aclıq olmayacaq.

Biz çöküşdən danışanda sosioloji araşdırmalara baxmağı unuduruq. Rusiya əhalisinin 80 faizi özünü rus kimi tanıyır. Bu, əslində monoetnik ölkədir. Rusların üstünlük təşkil etmədiyi yeganə respublikalar Çeçenistan və Dağıstandır. Hesab edirəm ki, respublikanın geri çəkilməsi baxımından bu, ən perspektivlisidir. Onların xarici sərhədləri var. Məsələn, Tatarıstan əslində anklavdır. Rusların istənilən millətçi hərəkatı məğlub etmək üçün kifayət qədər resursları var. Ona görə də orada nəsə olacağını demək mənim üçün çox çətindir.

Daha sonra onların əlində qaz yataqları var ki, bu da indi əsas gəliri təmin edir. Formal olaraq yataqlar Komi, Yamal, Evenkia Respublikası ərazisində yerləşirlər, lakin bu, yalnız kağız üzərindədir. Onlar çoxdan assimilyasiya olunublar, ruslar çoxdan orada yaşayırlar. Orada heç kim heç nə edə bilməz. Ayağa qalxsalar belıə, Moskvanın bu ayaqlanmanı yatırmaq üçün kifayət qədər resursu var. Bu amillərə əsaslanaraq, mən hələ Rusiya Federasiyasının Sovet İttifaqı kimi parçalandığını görmürəm.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az onunla müsahibəni təqdim edirik:

– Ziyafət müəllim, Azərbaycan kimi güclü regional liderlə düşmənçiliyə bir də Rusiya ilə qarşıdurma mühitinin əlavə olunması Ermənistan üçün nə vəd edir?

– Ermənistanın siyasi elitasında türkəfobiya, azərbaycanafobiya elə bir epidemiya halı alıb ki, onları sadəcə olaraq sağaltmaq mümkün deyil. Bu gün ermənilərin bütün qonşularla münasibəti yoxdur. Arxalandıqları Rusiya idi, onunla da münasibətləri hər gün daha çox gərginləşdirirlər. Çünki erməni toplumu elə hesab edir ki, Rusiya gəlib onların əvəzinə vuraşacaq. Bu günlərdə Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirdi ki, Ermənistan bizdən çox şey gözləyir. Amma bizim haqqımızda yalan sözlər deyir. Onlar unutmasınlar ki, bizim Azərbaycanla dost, müttəfiq münasibətlərimiz var.

– Bu cür davranışlarda məqsəd nədir? Bu addımlar nəyə hesablanıb?

– Bu o deməkdir ki, Rusiya Ermənistana görə, Azərbaycanla düşmən olası deyil. Ermənilər həmişə hamıdan yardım istəyirlər. Hesab edirlər ki, hamının onlara kömək etməyə borcu var. Çünki onlarda Azərbaycana, Türkiyəyə qarşı olan fobiya o qədər böyük vüsət alıb ki, artıq başlarını itiriblər. Amma unudurlar ki, yeganə çıxış yolları Azərbaycanla və Türkiyə ilə münasibətləri düzgün qurmaqdan asılıdır. Əgər bu siyasət düzgün aparılacaqsa, onlar özləri də sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılmasından mənfəət götürəcəklər. Çünki indi Ermənistan iqtisadi-siyasi cəhətdən dalana dirənmiş bir ölkədir. Ermənistanın coğrafi mövqeyi də tam qapanmasına imkan verir. İranla dostluq edirlər. Onun da vəziyyəti heç də Ermənistandan yaxşı deyil.

– Sizcə, Kremlə qarşı bütün “qırmızı xətləri” aşan rəsmi İrəvana mümkün cavab necə ola bilər?

– Erməni tərəfi artıq bütün kriteriyaları aşıb. Nəyə arxayındılar, bunu bilmək olmur. Bunu sadəcə olaraq erməni xəstəliyinin əlaməti kimi izah etmək olar. Çünki bu cür yanaşmalara başqa ad atpmaq olmur.

– Geri dönüşü olmayan “geopolitik cığır”la irəliləmək Ermənistana nə verir?

– Bu yol Ermənistana heç bir müsbət nəticə vəd etmir. Azərbaycan onsuz da öz məqsədinə nail olub. Ölkəmizin mübarizəsi haqqa əsaslanır. Ərazimiz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı təmin olunub. Azərbaycanın təklifi odur ki, sülh müstəvisində prosesləri davam etdirsin. Qalib ölkə olsaq da, biz Ermənistana sülhlə bağlı təkliflər edirik. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh prosesində öz pozucu mövqeyini ortaya qoyur.

– Ermənistanın əsas himayədarı olan Kremlə qarşı sərt ittihamlarla nəyə nail olmaq istəyir?

– Əslində erməni tərəfinin şantaj siyasətinin heç bir perspektivi yoxdur. Onlar Rusiyanın hesabına dövlət olub. Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Bu üzü çar Rusiyası dövründən bəri belədir. Burada tarixi Azərbaycan, Zəngəzur ərazisi hesabına Ermənistan dövləti yaradılıb. II Qarabağ müharibəsindən sonra Ermənistan öhdəlik götürmüşdü ki, Azərbaycanın işğalda saxladığı 8 kəndini azad edəcək. Amma hələ də bu məsələ öz həllini tapmayıb.

– İrəvan-Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyasının davam etməsi fonunda ermənistan Rusiyanı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Eyni zamanda Azərbaycanı üçtərəfli Bəyanatın 6-cı bəndini kobud şəkildə pozmaqda günahlandırıb. Öz üzərinə götürdüyü öhdəlikləri icra etməyən dövlətin bu cür ittihamlara çıxış etməsinə reaksiyalar necə ola bilər?

– Bu gün ermənilər bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan yolu bağlayıb. Amma Azərbaycan tərəfindən dəfələrlə açıqlama verilib ki, yolu biz kəsməmişik. Həmin yol hümanitar məqsədlər üçün açıqdır. Amma 30 ildən artıqdır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan faktiki olaraq blokada şəraitində yaşayır. Onlar Naxçıvana gedən yeganə quru yolu bağlayıblar. Nədənsə, dünya birliyi bundan danışmır. Azərbaycan dəfələrlə bununla bağlı bəyanat verib ki, Naxçıvana yol açılmalıdır. Sadəcə olaraq dünyada ədalət məhz bu “cürdür”.

– Rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunması ilə bağlı məsələlərə nə dərəcədə ciddi yanaşmaq olar?

– Bu Ermənistanın ortaya atdığı növbəti cəfəng yanaşmadır. Azərbaycanın razılığı olmadan onun ərazisinə bir nəfər də olsa beynəlxalq missiya üçün gələ bilməz. Ermənistan öz sərhəddində istədiyi missiyanı çağıra bilər. Amma Şuşa-Xankəndi-Laçın yoluna hansısa bir beynəlxalq missiya gələ bilməz. Bu bizim beynəlxalq hüquqla tanınmış ərazimizdir. Erməni tərəfi də bu reallığı artıq başa düşməlidir. Sadəcə olaraq biz yeni ildə arzu edək ki, erməni təərfini bu xəstəlikdən müalicə edən tapılacaq.
Ardını oxu...
Öz səsi, istedadı ilə seçilən müğənnilər hər zaman yadda qalan olur. Amma çox zaman onlar diqqət mərkəzindən kənar qalır, tanınmaq, məşhurlaşmaqdan çəkinirlər. Elə bu dəfəki həmsöhbətimiz də bu qəbildəndir.

DİA.AZ Bizim.Media-ya istinadla estrada ifaçısı Zaur Cəlilovla olan müsahibəni oxuculara təqdim edir:

- Gəlin, öncə sizi tanıyaq, Zaur Cəlilov kimdir?

- Mən Zaur Cəlilov 33 yaşım var. Əslən Qax rayonundanam. Musiqiyə həvəsim demək olar ki, uşaqlıq illərimdən yaranıb. Artıq 8-ci sinifdən mən səsimin olduğunun fərqinə varmışdım. Musiqi məktəbində qarmon aləti üzrə təhsil almışam. Həmçinin bununla yanaşı xorda da ifa edirdim. Hətta yarışmalara qatılıb diplomlar, təltifnamələr almışam. Zamanla musiqiyə sevgim daha da böyüyüb.

- Müğənnilik fəaliyyətinizə nə zamandan başlamısınız?

- 2018-ci ildə "Azərbaycanın səsi" müsabiqəsinin finalçısı olmuşam. Demək olar ki, ekran qarşısında çıxışlarım o illərdən bəri davam edir. Müsabiqənin münsiflər heyəti tanınmış sənətçilərimiz, sənətkarlarımız - İntiqam Kərimov, Nazpəri Dostalıyeva, Elza Seyidcahan və Asif Kərimov idi. Onlardan nələrsə öyrənmək, eyni səhnəni paylaşmaq bizim üçün çox xoş idi.

- Yarışmalar həyəcan və ən əsası polemikalar ilə yadda qalır. Bəs sizin üçün necə?

- Mən bu suala cavab verib yarışmaya və onun qaliblərinin uğuruna kölgə salmaq istəmirəm. Amma haqsız rəqabət var idi. Təvazökarlıqdan uzaq olsa da mən özümü qalib kimi görürdüm. Amma yenə də seçimlərə hörmətlə yanaşıram mənim üçün əsas iştirak idi.

- Uzun illər musiqi aləmindən kənarda qalmaq məcburiyyətində olmusunuz. Buna görə müqəssir "kim"lərdir?

- Təkcə insanlarla bağlı olmayıb bu sahədən kənarlaşmağım. Əsgərlikdən gələndən sonra düz 10-11 il musiqi sahəsindən uzaqlaşmışdım. Ölkə xaricində başqa ixtisasda təhsil aldım. Daha sonra ətrafım, dostlarım musiqiçi kimi məni görə bilmirdilər.

Bu sahə sənlik deyil deyib motivasiyadan salmağa çalışırdılar. Yaxşılığımı istəməyən, gözügötürməyənlər də uğursuz olacağımı deyirdilər. Amma sonunda özümdə güc tapıb deyilənlərə məhəl qoymadım. İntiqam müəllim çox sağ olsun ki, məni yarışma haqqında məlumatlandırdı və onun vasitəsilə qatıldım.

- Toy məclislərində iştirak edirsinizmi? Hansı məşhur ifaçılarla bir səhnəni bölüşmüsünüz?

- Hələki toy sahəsinə daxil olmamışam. Amma təbii ki, yaxın zamanlarda getməyi planlaşdırıram çünki bunun üçün səsim, repertuarlarım imkan verir. Demək olar ki, bütün janrlara müraciət edə bilirəm, muğam isə istisnadır.

O ki, qaldı müğənnilərə, çox əlaqəm yoxdur, düzü bəzi problemlərimə görə zamanım da olmayıb onlarla ünsiyyət yaratmağa. Hazırda ətrafımda olan ən yaxın bildiyim müğənnilər Pərvin Lətifov, İntiqam Kərimov və Ceyhun Bakinskidir. Əhatəmdə az və keyfiyyətli, bayağı olmayan ifaçıların olmasını daha çox tərcih edirəm.

- Kimləri bayağı ifaçı hesab edirsiniz ki?

- Ad çəkməyi heç sevmirəm, onsuz da elin gözü tərəzidir. Amma onlar bilməlidir ki, bu gün sevənləri çox olsa belə, sabah yaddaşlarda qalmayacaqlar. İnsanların düşüncə tərzi, zövqü daim dəyişir. Mən ümid edirəm ki, bayağı ifalara, ifaçılara maraq get-gedə azalacaq. Amma bunu da etiraf edim ki, bizim bayağı dediyimiz Üzeyir Mehdizadənin muğam ifa etdiyi videonu izləyəndə şoka düşmüşdüm. Bəlkə də onlar asana qaçaraq məşhurlaşmaq, qazanc əldə etmək istəyirlər.

- Hansı müğənniləri özünüz üçün nümunə, "kumir" kimi görürsünüz?

- Müslüm Maqomayev və onun kimi digər dünyəvi sənətçiləri özüm üçün nümunə hesab etmişəm. Hətta mənim repertuarımda onun ifası, bəstəkar mahnıları üstünlük təşkil edir. Mübariz Tağıyev də mənim ən sevdiklərimdəndir, onu hətta estradanın atası hesab edirəm.

- Səhnəsində yer aldığınız restoran və istirahət mərkəzlərində hansı problemlərlə üzləşmisiniz?

- Demək olar ki, problemi dinləyici deyil, daha çox müdiriyyət yaradır. Sənətə qiymət vermək onlar üçün demək olar ki, çətin məsələdir. Qonaqlar isə bəzən repertuarla bağlı problem yaratmağa çalışırlar, çünki zövqlər müxtəlifdir. Hər kəs bəstəkar mahnısına qulaq asmır. Lakin səhnə mənimdirsə, bayağı musiqidən söz gedə bilməz və əksər qonaq da bunu problem kimi görməyib. Eyni səhnəni bölüşdüyüm elə tanınmış müğənnilər olub ki, heç 1 qəpiklik səsləri belə yoxdur amma o daha çox qonarar alır. Bu da demotivasiya edən şeylər arasındadır.

- Başqa hansı səs müsabiqələrində iştirak etmək istəyirsiniz? Bunlar arasında hansı müsabiqələr var?

- Bir az maddiyyatla bağlı sıxıntılar olduğu üçün hələ addımlar ata bilmirəm. Amma "O ses Türkiye", hətta dünyamiqyaslı "Eurovision" yarışmasında belə iştirak etmək istəyərəm, niyə də yox. Çünki bu sahədə yaxşı mənada ad qoymaq, musiqi sahəsinə öz töhvələrimi vermək istəyirəm.

- Hansı məşhurla düet oxumaq, eyni səhnəni bölüşmək istəyirdiniz?

- Demək olar ki, ifamı eşidən 90% məşhur ifaçı səsimi yüksək dəyərləndirib. Nazpəri Dostalıyeva, Elza Seyidcahan yarışma boyu hər zaman xoş sözlərini əsirgəməyiblər. Amma düet ifa etmək istədiyim əksər ifaçı təəssüf ki, hazırda həyatda deyil.

Ağlımda hələlik ifaçı adı yoxdur. Amma sənətinə, şəxsiyyətinə hörmət etdiyim Gülyaz və Gülyanaq xanımla düet ortağı olmaq istəyərdim. Gülyaz xanımın oğlu Ramazanla hətta dostluq münasibətlərimiz var, bir səhnəni də bölüşmüşük. Deyə bilərəm ki, gitaranın mahir ifaçısıdır.

- Sonda dinləyicilərə nələri demək istərdiniz?

- Yenə də dediyim kimi, elin gözü tərəzidir. Onlar pisi yaxşıdan ayırmaqda çox mahirdirlər. İnanıram ki, keyfiyyətli musiqilərə, musiqiçilərə bundan sonra daha çox dəyər veriləcək.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 22-də fərman imzalayıb.

İlham Əliyev bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb. Fuad Nəcəfli “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü olub, həmçinin “Pasha Holding”də də çalışıb. 47 yaşlı Fuad Nəcəfli əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindəndir. İndiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkədə “Xan”, “Naxçıvan xanı” adlandırılırdı. O, dekabrın 21-də öz vəzifəsindən istefa verib.


Naxçıvan Muxtar Respublikasına qanunvericiliyə görə Ali Məclisin sədri rəhbərlik etməlidir. İndi səlahiyyətli nümayəndəlik institutunun təsis edilməsi və səlahiyyətli nümayəndə təyin olunması bir sıra suallar ortaya çıxarır. Belə ki, Ali Məclisin sədri istefa verdikdən sonra Ali Məclis özünə yeni sədr seçməlidir. Belə olduğu halda idarəetmə kimdə olacaq? Ali Məclisin sədrində, yoxsa səlahiyyətli nümayəndədə?

Teref.az yazır ki, bu məsələlərə aydınlıq gətirmək üçün ASTNA hüquqşünas, Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənova suallar ünvanlayıb.

Ardını oxu...
* * *

Sual: Hafiz bəy, Naxçıvan Muxtar Respublikasına prezident özünün səlahiyyətli nümayəndəsini təyin etdi. Nümayəndəliyin yaranması üçün fərman verdi, daha sonra şəxs təyin etdi. Qanunvericilik, Konstitusiya buna imkan verirmi?

Cavab: Prezidentin bu fərmanı Konstitusiyanın Prezidentin səlahiyyətlərini müəyyən edən 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilib. Həmin bənddə Prezidentin qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll edlməsi nəzərdə tutulur. İndiki halda adıçəkilən fərmanda nəzərdə tutulan məsələlərin heç də hamısı icra qaydasında həll edilən məsələlər deyil. Burada Naxçıvan MR-in Ali vəzifəli şəxsinin səlahiyyətləri, funksiyaları ilə toqquşan məsələlər yer alıb. Bunlar isə, 109-cu maddənin 32-ci maddəsində nəzərdə tutulan qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll ediləcək məsələlər deyil.

Bundan başqa, Konstitusiyada idarəetmə forması kimi səlahiyyətli nümayəndəlik institutu Konstitusiyada nəzərdə tutulmayıb. Konstitusiyaya görə hakimiyyətlər bölgüsü sistemində icra hakimiyyətinin sturukturu ali icra hakimiyyəti, yuxarı icra hakimiyyəti, mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanları kimi nəzərdə tutulub. Yəni, Konstitusiyada nə regional icra hakimiyyəti orqanı, nə də regional idarəetmə orqanı nəzərdə tutulub. Prezidentin bu fərmanı ilə isə, Konstitusiyada nəzərdə tutulmayan regional icra hakimiyyəti də yox, regional idarəetmə orqanı (strukturu) yaradılıb. Belə ki, səlahiyyətli nümayəndəlik özünün səlahiyyətləri və funksiyaları baxımından regional idarəetmə orqanıdır (regional icra hakimiyyəti orqanı yox).

Digər tərəfdən səlahiyyətli nümayəndəliyin Əsasnaməsinə görə bu qurum Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi hesab edilir. Regional idarəetmənin ali icra hakimiyyəti orqanı tərəfindən birbaşa həyata keçirilməsi Konstitusiyaya uyğun hesab edilə bilməz.

Bununla bağlı onu da qeyd edək ki, deyilə bilər ki, Konstitusiyada səlahiyyətli nümayəndəliklə bağlı normaların olmaması o demək deyildir ki, belə struktur yarada biməz, yaxud qanunla qadağan edilməyən hərəkətlər edə bilər.

Hesab edirəm ki, belə yanaşma da bu məsələdə düzgün hesab edilə bilməz. Çünki, Konstitusiyanın 71-ci maddəsinin IX-cu hissəsinə görə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər” prinsipi vətəndaşlara aid edilib, dövlət orqanlarına yox. Eyni zamanda, həmin maddənin X-cu hissəsində deyilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. İndiki halda səlahiyyətli nümayəndəliyin səlahiyyətləri və funksiyaları yalnız icra hakimiyyətinin səlahiyyət və funksiyalarından ibarət deyil.

Bunlardan əlavə, Naxçıvan MR-in Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib. Bu da adıçəkilən fərmanın Konstitusiya Qanunu ilə təsdiq edilmiş Naxçıvan MR Konstitusiyasına uyğunuğu məsələsəni gündəmə gətirir.

Həmçinin, onu da qeyd edim ki, Konstitusiyaya görə dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr Konstitusiya Məhkəməsi tərəfindən həll edilməlidir. Hesab edirəm ki, bu cür məsələlərə Konstitusiya Məhkəməsi tərəfindən münasibət bildirilməlidir.

Sual: Konstitusiyaya görə Naxçıvana rəhbərlik edən şəxs Muxtar Respublikasının Ali vəzifəli şəxsidir və bu, Naxçıvan Ali Məclisinin sədridir. Doğrudur hələlik bu post boşdur. Amma bu vəzifəyə yeni seçkilərdən sonra idarəetmədə qarışıqlıq yaranmayacaqmı? Yəni iki fərqli idarəetmə institutunun olması idarəetmədə qarışıqlıq yaratmayacaqmı?

Cavab: Proseslərin gedişi Naxçıvan MR Ali vəzifəli şəxsi postunun yaxın vaxtlarda tutulacağını deməyə əsas vermir. Ancaq bütün hallarda bu post həm AR Konstitusiyası, həm də Naxçıvan MR Konstitusiyasında təsbit olunub və gec-tez tutulmalıdır. Təbii ki, bu vəzifə tutulacağı halda, Ali vəzifəli şəxsin və səlahiyyətli nümayəndənin səlahiyyət və funksiyalarının həyata keçirilməsində müəyyən qarışıqlıq yaranacaq.

Sual: Təxminən ötən ilin əvvəlində biz Prezidentin xüsusi səlahiyyətli nümayəndəlik institutunun yaradılmasının şahidiyik. O vaxtlar belə fikirlər vardı ki, yaxın vaxtlar Kostitusiya dəyişiklikləri olacaq və bunun nəticəsində islahatlar aparılacaq. Köhnə idarəetmə institutu sayılan İcra hakimiyyətləri ləğv olunacaq və bu yeni idarəetmə üsulu tətbiq olunacaq. Ancaq bunun Naxçıvan Muxtar Respublikasına şamil olunması suallar doğurur. Çünki Naxçıvanın idarəetməsi iki Konstitusiya ilə tənzimlənir. Həm Azərbaycan Respublikasının, həm də Muxtar Respublikanın. İndi necə olacaq? Hakimiyyət idarəetməni dəyişmək üçün yaxın vaxtlarda Konstitusiya dəyişikliklərinə gedə bilərmi?

Cavab: Əvvəlcə onu qeyd edim ki, bundan əvvəl regionlarda yaradılan qurumlar Prezidentin xüsusi nümayəndəlikləridir. Hazırda Naxçıvan MR-də yaraılan qurum isə, xüsusi nümayəndəliyi deyil, Prezidentin səlahiyyətli nümayəndəliyidir. Səlahiyyətli nümayəndəlik səlahiyyətlər və funksiyalar baxımından xüsusi nümayəndəliklərdən daha çox statusa malikdir. Proseslərin gedişi göstərir ki, hazırda idarəetmə daha çox mərkəzləşdirilmə prinsipi üzrə qurulur. Yəni, regional idarəetmə, bir sıra hallarda isə yerli idarəetmə ali icra hakimiyyəti tərəfindən həyata keçirilir. Bu isə, demokratik hüquqi dövlətin prinsiplərindən olan idaəetmənin əks-mərkəzləşməsi prinsipi ilə uyğunluq təşkil etmir. Bu tendensiya onu deməyə imkan verir ki, ola bilər ki, gələcəkdə idarəetmədə ciddi islahatlar həyata keçirilsin. Ancaq indiki halda, bunun hansı qaydada ediləcəyini proqnozlaşdırmaq mümkün olmur.

Sual: Sizcə, bu dəyişiklik idarəetmədə hansısa müsbət nəticələr gətirə bilərmi? Təcrübə nə deyir? Bundan əvvəlki işğaldan azad olunmuş rayonlara tətbiq olunan bu yeni idarəetmə institutunun hansısa müsbət işartıları varmı?

Cavab: Müsbət təcrübə kimi idarəetmənin operativliyini göstərə bilərəm. Yəni bu cür idaəetmə daha çevik və birbaşa idarəetməyə imkan verir ki, bu da problemləri daha tez həll etməyə imkan yaradır. Ancaq bu cür idarəetmənin dayanıqlı, təkmil və demokratik idarəetməyə gətirib çıxara biləcəyi sual altındadır. İndiki halda artıq müəyyən müddət tətbiq olunan xüsusi nümayəndəlik institutlarının səmərəliliyi barədə də ictimai açıqlamalar verilməyib.

Sual: Təklifləriniz nədir?

Cavab: Öncə onu qeyd edim ki, Naxçıvan MR-də idarəetmə və mərkəzi hakimiyyətin bu bölgə ilə münasibətləri ilə bağlı həm AR Konstistusiyasında, həm də Naxçıvan MR Konstitusiyasında dəyişikliklər aparılmalıdır.

Eyni zamanda hesab edirəm ki, ölkədə idarəetmə sahəsində dərin islahatlar aparılmalıdır. İdarəetmədəki paralellik aradan qaldırılmalı, icra strukturlarında ciddi ixtisarlar aparılmalıdır. İcra hakimiyyəti institutları regionalı əhatə etməli və yerli idarəetmə bütövlükdə insanlara daha yaxın olan yerli özünüidarə orqanlarına verilməlidir. İdarəetmədə hesabatlılıq daha çox xalq qarşısında olmalı və kadrlar ədalətli rəqabət əsasında bacarıqlarına uyğun seçilməlidir. Bütün bunların fövqündə isə, qanunun aliliyi və hamının qanın qarşısında bərabərliyi təmin edilməlidir.
Ardını oxu...
“Təbii ki, vəzifəyə gələn adamlar xalqı düşünən, ağılı başında olan və özündən əvvəlkilərin aqibətindən nəticə çıxaran adamlar olmalıdır”.

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.

Onun sözlərinə görə, vəzifəyə təyin olunan məmurları əvvəlcə psixoloji dispanserə göndərib, yoxlatmaq lazımdır:

“Çünki bir adam ki, özündən əvvəlkilərin bada getdiyini görür, amma buna rəğmən onun etdiklərini təkrar edirsə, deməli, o, normal insan deyil. Əgər, sənə etibar edilirsə, bu inamı doğrultmalısan”.

“Bizim insanlar elə bilirlər ki, onları vəzifəyə ona görə qoyurlar ki, onlar hamıdan ağıllıdır. Halbuki, onları vəzifəyə ona görə qoyurlar ki, vaxtıykən orada olub. Yəni, kimisə vəzifəyə qoymaq xalqa xidmət üçündür. Xarici ölkələrdə kimisə vəzifəyə qoyanda, bunu özlərinə şərəf bilirlər ki, xalqa, vətəndaşa xidmət etmək imkanı əldə ediblər. Amma bizdə bəzi insanlar vəzifəyə qoyanda, bunu yanlış anlayırlar”-xalq şairi vurğulayıb.

Vahid Əziz əlavə edib ki, elə işləmək lazımdır ki, vəzifədən uzaqlaşanda xalq üzünə tüpürməsin, hörmətlə yanaşsın:

“Mənə elə gəlir ki, vəzifəyə təyin olunan adamların tamah dişlərini çıxarıb, sonra vəzifəyə qoymaq lazımdır. Çünki onlar bir şey bilmlədir ki, ölkənin dəmir yumruqlu sahibi var. O dəmir yumruq isə təkcə düşmənin başına yox, yoldan çıxan istənilən adamın başına dəyə bilər”.
 
Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Teref.Az onunla müsahibəni təqdim edir:

- Separatçılar Xankəndidə növbəti mitinq keçirdilər. Mitinqdə çıxış edən separatçı Ruben Vardanyan Azərbaycana “savaş” elan etdi, hədəflərinin “müstəqillik” olduğunu dedi. Hadisələr bundan sonra hansı məcrada davam edə və Azərbaycanın ona cavabı necə ola bilər?

- Bu mitinq və oradakı radikal ab-havadakı çıxışlar, üstəgəl, Vardanyanın “son nəfəsinə qədər Azərbaycana qarşı mübarizə” aparacağı ilə bağlı fikirləri vəziyyəti kifayət qədər gərginləşdirir. Azərbaycan indiyədək məsələləri siyasi yolla, diplomatik müstəvidə çözməyə çalışırdı. Çünki bütün dünya və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək səyləri və vətəndaşlarımızın Xankəndi-Şuşa yolundakı dinc aksiyalarına tamam başqa münasibət görürük və bu da vəziyyəti dəyişir.

Vəziyyətin dəyişməsi onunla bağlıdır ki, separatçılara dəstək verən və onları ruhlandıran dövlətlərin sayı artıb. Əlbəttə, burada ilk yerləri Rusiya, Fransa və Ermənistan tutur. Ermənistan bu məsələ ilə bağlı Azərbaycana müəyyən vədlər verməsinə baxmayaraq, separatçıların hərəkətə keçmələri üçün zəmin yaratmağa çalışır. Bu durumda Laçın yolunun separatçı və təxribatçı məqsədlərə xidmət edəcək səviyyədə açılmasından söhbət gedə bilməz, yol humanitar məqsədlər üçün açıqdır.

Azərbaycan Laçın yoluna nəzarəti gücləndirmək üçün burada sərhəd və gömrük məntəqələrinin qoyulmasına ciddi ehtiyac var. Paralel olaraq, bu ərazilərdə hələ də qalmaqda davam edən Ermənistan ordusunun tör-töküntülərinə qarşı antiterror tədbirlərinə başlanılmalıdır. Həmin qüvvələrin yerləşdirildikləri ərazilərdə demək olar ki, Rusiya sülhməramlıları yox dərəcəsindədir. Bu məqamdan istifadə edərək, həmin ərazilərimizdə suverenliyimizi bərpa və torpaqlarımıza soxulmuş terrorçu dəstələri yox etmək üçün bütün imkanlardan istifadə edilməlidir. İrəvana da Qarabağdakı durumla bağlı xəbərdarlıq edilməlidir ki, burada vəziyyətin gərginləşməsi Ermənistan-Azərbaycan münasibətlərinə də təsir edir, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını ləngidir.

Beynəlxalq təşkilatlarla, ilk növbədə BMT ilə ciddi iş aparılmalıdır. Çünki məlum oldu ki, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı reallıqla uzlaşmayan xeyli məsələlər gündəmə gətirilib. Bu saxta məlumatlar əsasında da Azərbaycana qarşı ittihamlar səsləndirilib. Bunları nəzərə alaraq, bütün kanallar vasitəsilə bu yöndə ciddi iş aparılmalıdır və bölgədəki durumun səhih və düzgün şəkildə BMT və digər beynəlxalq təşkilatlara çatdırılmasına səy göstərilməlidir.

Son mitinqdən və oradakı çıxışlardan sonra Ruben Vardanyan və Araik Arutyunyanı dayandırmaq üçün mütləq silaha, lokal xarakterli olsa da hərbi əməliyyatlara ehtiyac olacaq. Azərbaycan bunu etməkdən çəkinməməli, hətta beynəlxalq təşkilatların birtərəfli qınaqlarını bir kənara qoyaraq, öz ərazi bütövlüyünün tam bərpası istiqamətində praktiki addımlar atmalıdır.

- Brüsseldə gedən danışıqlar ilin sonunadək sülh müqaviləsinin imzalanacağına ümid yaratmışdı, ABŞ da bu yöndə səy göstərirdi. Amma hadisələr birdən-birə bu yerə gəlib çatdı. Sizcə, bu prosesi kim pozdu?

- Bu haqda danışarkən, iki ölkənin adını cəsarətlə çəkmək olar. Onların birinci və ya ikinci yerə qoyulmasına da ehtiyac yoxdur. Məsələn, Fransa Prezidenti Makron diplomatik nəzakət gözləmədən, açıq şəkildə Azərbaycanı ittiham edirsə, Rusiyanın siyasi dairələri bunu kamuflyaj edərək və ya gizli formada edir. Rusiya üzdə bir söz, arxada başqa söz deyir, sülhməramlılarına isə tamam başqa tapşırıqlar verir.

BMT də bu məsələdə çox destruktiv mövqe tutur. BMT-nin Azərbaycanda qaçqınlar üzrə xüsusi missiyası var. Amma onlardan müəyyən məlumatları almaq əziyyətini çəkmək istəmirlər. Eləcə də Azərbaycanın rəsmi qurumlarına müraciət edərək, onların mövqelərini də öyrənməyə həvəs göstərmirlər.

Azərbaycanın BMT-dəki nümayəndəsi bu qurumun Təhlükəsizlik Şurasının son iclasında baş verənlərlə bağlı ətraflı məlumatları təqdim etsə də, şuranın daimi və qeyri-daimi üzvləri buna önəm vermədilər. BMT Təhlükəsizlik Şurasının toplanmasında Fransanın fəal rolu oldu.

Azərbaycana qarşı mənfur planlar quran bəlli dairələr ölkəmizin əleyhinə apardıqları qaralama kampaniyasını daha da genişləndirmək fikrindədirlər. Bununla da bu nüfuzlu beynəlxalq təşkilata və onun erməni işğalı ilə bağlı məlum qətnamələrinə kölgə salmağa çalışırlar. Bir sözlə, müəyyən dövlətlər Qarabağ məsələsi ətrafındakı münasibətləri gərginləşdirməklə, bu bölgədə özlərini qorumaq üçün təminat axtarırlar, yaxud Cənubi Qafqaza soxularaq, dominat rola sahib olmaq istəyirlər.

Böyük dövlətlərin bölgə uğrunda rəqabəti ciddi qarşıdurmaya gətirib çıxarır. Bölgədə yeni, ilk mərhələdə lokal, ikinci mərhələdə geniş antiterror əməliyyatlarının əlamətləri özünü açıq şəkildə göstərir.

- Sizə görə, ehtimal olunan bu savaş Ermənistanla Azərbaycana arasında olacaq, yoxsa Ukraynaya bənzər qlobal bir prosesdən söhbət gedir?

- Ukraynaya bənzər bir durumun yarana biləcəyi qənaətinə deyiləm. Amma Ermənistanın Azərbaycanın öz suverenliyini bərpa etmək üçün başlayacağı mümkün antiterror əməliyyatlarına öz qüvvələri ilə müdaxilə ehtimalı var. Rusiya sülhməramlıları isə əvvəldən ikibaşlı oynayırlar, sırf ermənipərəst mövqe tutublar. Bundan sonra da onların hansı mövqedə dayanacaqlarını proqnozlaşdırmaq o qədər də çətin deyil.

Birinci mərhələdə Rusiyadan hədələrin və beynəlxalq təşkilatlardan həyasız bəyanat və dəyərləndirmələrin arta biləcəyini proqnozlaşdırmaq olar. Zənnimcə, Azərbaycan onlara qarşı obyektiv və təsiredici izahat işi qurmaqla bu işdə çəkingən davranmamalıdır, hücum diplomatiyası həyata keçirməlidir.

Vardanyan kimi dələduz, quldur, Qarabağda doğulmayan bir nadürüstün Azərbaycana meydan oxumasına imkan verməməliyik. Ya özü ərazilərimizdən çıxıb getməlidir, ya da xüsusi əməliyyatla onun zərərsizləşdirməyə nail olmalıyıq. Qaradan başqa rəng yoxdur.

Laçın yoluna nəzarətimizi daha da gücləndirməliyik. İndiyədək ictimaiyyət nümayəndələri burada dinc aksiya keçirirdilərsə, bundan sonra Azərbaycanın müvafiq strukturları da bu işə cəlb edilməlidir. Bununla Laçın yolu tam nəzarətə götürülməli, daha sonra isə Qarabağın qalan ərazilərində də Azərbaycanın suverenliyinin tam bərpa edilməsinə çalışılmalıdır.
 
Ardını oxu...
"Həyatda insanın rəftarını və davranışını nizamlayan iki güc var: Biri ictimai əxlaq, digəri isə qanunlardır. Biz qanun deyirik, amma dədə-babalarımız törə deyib. Törə cəmiyyətin təcrübəsindən doğulan, onun ümumi həyat tərzinə uyğunlaşan qanunlar sistemidir".
Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının "Sabir Rüstəmxanlı söhbətləri" verilişində deyib.
Millət vəkilinin fikrincə, törələr bəzən əsrlər boyu dəyişmir:
"Çünki cəmiyyətin istəyi bəllidir. O istəyi dəyişdirmək, başqa səmtə döndərmək çətindir. Amma qanunlar daha çox hakimiyyətlər tərəfindən yaradıldığına, onların marağına xidmət etdiyinə görə tez-tez dəyişilir, onlara əlavələr edilir. Bu iki amildən biri olan əxlaq insanın cəmiyyətdəki yerini müəyyənləşdirir, ona güc verir. Bəzən onu zirvələrə, bəzən isə bataqlıqlara aparır. Bəzən də insanın əxlaqı köməyə gəlmir, onu idarə edə bilmir. İnsanın əxlaqı cəmiyyətin maraqlarıyla düz gəlmirsə, onda qanunlar onu nizama salır".
✓Qanunu qorumaq üçün təyin olunan şəxslərin özü qanunu daha çox pozur
✓Bəzən quldurun yekəsi əxlaqdan və dövlət marağından danışır
✓Ölkədə rüşvət və talançılıq zənciri var. O zəncir qırılmalıdır ki, proses dayansın
✓Balaca məmurların balaca milyonları, böyük məmurların böyük milyardları var
✓Büdcəmiz böyük olsa da, oğurlanmış milyonlar dibsiz uçurum yaradır və dövlət bundan sarsıntı keçirir
✓Məmurlara verilən maaşlar yaşamağa kifayət edər. Əgər onlar normal insan həyatı yaşamaq istəyirlərsə...
✓Əyrilik, korrupsiya bataqlığında boğulan cəmiyyətdə təmiz şəxsiyyətlərin yaşamaq imkanları minimuma enir, beyinlər donur, yaradıcılıq imkaları tükənir
✓Bizdə məmurlara nəzarət bəzən xeyirdən çox zərər vurur. Çünki nəzarət edənlərin də məqsədləri doğru deyil
✓Dövlətin yüksək vəzifəsində otur, bütün təminatlarını ödə, etdiyin əməllər də dövləti sarsıtsın. Belə olmaz.
Məmurlarımız elə bilirlər ki, bu vəzifələr onlar üçün yaradılıb.
✓Bəziləri təkcə ailəsi, qohumları üçün deyil, bütün nəsilləri, tanışları üçün yüzillik para qazanırlar
✓Cəmiyyətdə insan sevgisi və bu sevgiyə inam olmalıdır
Millət vəkilinin qanunlar və əxlaq barədə mülahizələri haqda daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə dinləyə bilərsiniz...

 
Ardını oxu...
DİA.AZ Azərbaycan Memarlar İttifaqının (1989-cu ildən), Azərbaycan Dizaynerlər İttifaqının (1998-ci ildən), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin (1994-cu ildən), Azərbaycan Yazıçılar Birliyinin (2018-ci ildən) üzvü olan, 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən, memarlıq üzrə elmlər doktoru (2014) Elçin Tofiq oğlu Əliyevin Yeniavaz.com-a müsahibəsini təqdim edir:

Elçin bəy, bir memar kimi əhvalınız necədir? Özünüzü necə hiss edirsiniz?
Memarlıq sahəsində baş verənlərə görə ürəyim ağrıyır. Məsələn, sizin ofisinizin daxil olduğu binalar kompleksi mənim dostum, istedadlı memar Nəriman İmaməliyevin layihəsidir, amma mən bura gələndə gördüm ki, sol tərəfdə də bir dənə eyni xarici görünüşlü kompleks tikilib. Bu isə onun layihələndirilmiş kompleksi deyil. Dünyada belə bir hadisə olmayıb ki, hansısa bir memar digərinin işini bilə-bilə təkrarlasın və Memarlar İttifaqı, hökumət orqanları, memarlığa cavabdeh olan qurumlar həmin memarı cəzalandırmasınlar. Bu biabırçılıqdır. Belə hadisə nəyə görə mənim doğma şəhərimdə və ölkəmdə baş verir? Memarlar İttifaqı nəyə görə susur, axı onlar memarların hüquqlarını müdafiə etməlidirlər. Ona görə bu nəzər nöqtəsindən əhvalım yaxşı deyil.

Azərbaycanda memarları narahat edən problemlər hansılardır?
10 ildir ki Azərbaycan Memarlar İttifaqında (AMİ – Ə.A) bir sədr var. O sədr memarlar üçün nə edib? Memarların rahatlığı üçün nə işlər görülüb? Memarlara cəmiyyətdə hörmət qalxıbmı? Baxın: sifarişçilərin daimi özbildiyindən əziyyət çəkən memarlar - bu belə də davam edir; memarların əməkhaqqı sistemi tənzimlənmədiyindən heç nə dəyişməyib; ölkədə memarlıq bazarı hələ də yaranmayıb; ölkənin memarlarını narahat edən real problemlər müzakirə edilmir; ölkədə layihələrin ictimai müzakirəsi heç aparılmır və s.… Məsələn, korrupsiyanın nəticəsidir ki, bizdə memarlıq müsabiqələri keçirilmir. Bu, əslində layihə sifarişçisinin mədəniyyətidir. Məsələn, sifarişçi hansısa memarı dəvət edir və deyir ki, sən mənim tanışımsan, mənim üçün böyük yaşayış binasının layihəsini hazırla və memar da hazırlayır. Amma sifarişçi başa düşməlidir ki, onun üçün daha yaxşı olar ki, həmin layihəyə bir neçə alternativ olsun. Memarlıqda tanışlıq yaxşı nəticə vermir. Nə olardı ki, bir neçə milyonluq bina tikiləndə sifarişçi tərəfindən müsabiqə keçirilsin, elan verilsin, əlli memar arasında sırf ideya baxımından müsabiqə keçirilsin və onun qalibinə 10 min manat verilsin. Nə olar ki?! 5-6 milyonluq bina tikənə 10-15 min nədir ki?! Amma vermirlər, bu mədəniyyətsizlikdir. Deyirlər ki, memarı sifarişçi memar edir.
Dəfələrlə görmüşəm ki, cənab prezident hansısa məscidin, Qarabağ zonasında ictimai binanın layihəsini təsdiqləyir, təməlini qoyur. Mən bir memar kimi sual verirəm: Bəs, görəsən, bu layihənin memarı kimdir? Nəyə görə bunu ictimaiyyət bilmir? Bizim müstəqillik tariximizdə yeganə dövrdür ki, həqiqətən, müsabiqələr keçirilmir. Hətta, Lenin, Stalinin vaxtında da, 1920-30-cu illərdə belə memarlıq müsabiqələri keçirilirdi. Məsələn 30-cu illərdə Azərbaycan prospektində “Azərnəşr”in binası var idi. 20-ci illərin sonunda memarlıq müsabiqəsi elan edildi. Sverdlovsk şəhərindən (indiki Yekaterinburq şəhəri – Ə.A) Semyon Samoyloviç Pen Azərbaycana poçtla öz layihəsini göndərdi və qalib gəldi, onun layihəsi ilə bina tikildi. Müasir Azərbaycanda bunu təsəvvür edə bilərsiniz? Gülməli gəlir. Heç bir dövlət orqanı bina tikdirmək istəyəndə, müsabiqə keçirmir. Utanmırlar da. Məmurlar, memarlığa cavabdeh olan bütün dövlət layihə institutlarının direktorları, Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, Memarlar İttifaqının sədrinin şəxsi şirkətləri var, bu biabırçılıqdır. 99 faiz dövlət sifarişləri bu şəxsi şirkətlərə gedir. Mən onlara demək istəyirəm ki, utanmırsınız? Məncə, belə insanlara qarşı ictimai qınaq kampaniyası aparmalıyıq. Bir dənə də olsun müstəqil memarlıq şirkəti qalmayıb.

AMİ-nin sədri sizin tənqidi fikirlərinizlə bağlı açıqlamasında “Mən Elçin Əliyev adlı memar tanımıram” deyib. Sizin buna münasibətiniz necədir?
Memarlar İttifaqına son yarım əsrdə rəhbərlik etmiş sədrlər - dahi Mikayıl Hüseynov, Nazim Hacıbəyov, İlham İsmayıl oğlu Əliyev, Hafiz Əmirxanov, Abbas Ələsgərov - təşkilatın maddi sərvət baxımından özləri və yaxınları üçün bir mənbəyə çevrilməsinə imkan verməyiblər, başqa dövlət strukturları qarşısında öz maraqları üçün lobbiçilik etməyiblər. Bu gün sədrin oğlu ilə birgə yaratdığı özəl şirkət, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən tenderlərdə “udaraq”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyindən, digər dövlət qurumlarından sifarişlər alır – ona görə də, yeri gəlmişkən, Memarlar İttifaqı cəmiyyətdə vətəndaşları narahat edən məsələlər müzakirə edilərkən, tarixi binalar sökülərkən və ya bu layihələrə yenidən müdaxilə edilərkən “səssiz”dir. Ayıb olsun.
Əgər məmur övladlarını rəhbərlik etdiyi quruma təyin edirsə, xüsusi rəğbəti olan qadınları yanında vəzifəyə təyin edirsə, xərclərinə görə heç kimin qarşısında cavabdeh deyilsə, qurumun büdcə pullarını öz şəxsi şirkətlərinə köçürürsə, şəxsi sədaqət prinsipinə görə təşkilat üzvlərini bölürsə, intriqalar, süni şəkildə qurma dava-dalaş və çaşqınlıq salınırsa, təşkilatda olan bütün seçkilərin nəticələri saxtalaşdırılırsa, dövlət mükafatları öz qohumlarına, yaxın adamlarına paylanılırsa, belə insana necə hörmət etmək olar? Ayıb olsun.
Bilirsiniz, uzun müddət Qasımzadənin (Elbay Qasımzadə, AMİ-nin sədri – Ə.A) müavini işləmişəm. Amma üç ildən çox dözmədim, ərizə yazdım ki, korrupsiyaya görə çıxıram. Ona görə ki, işləmək mümkün deyildi. Hər 2 həftədən bir biz memarları toplayırdıq, görüşlər keçirirdik. Mənə şəxsən dedi ki, Elçin sən niyə memarları tez-tez bura yığırsan? Dedi ki, memar İttifaqa gələndə ürəyi möhkəm döyünməlidir, ildə bir-iki dəfə gəlməlidir. Bu, köhnə sovet nəzər nöqtəsidir. Ümumiyyətlə, dünyada memarlıq ittifaqı anlayışı yoxdur, bu ancaq postsovet, totalitar anlayışıdır. Bütün aparıcı memarlar AMİ-ni tərk edib. AMİ-nin tarixində heç vaxt olmayıb ki, sədr öz oğlu ilə şirkət açsın və memar jurnalı çap etsinlər. İttifaq dövlət büdcəsindən hər 2 ayda 1 dəfə həmin jurnal üçün 10 min manat pul alır, onu şəxsi şirkətə köçürürlər. Şirkət isə jurnalı 1700-2000 manat çərçivəsində çap edir və qalan pulu da öz mənfəətinə çevirir. Sonra bu çirkin, korrupsioner insanlar memarların gözünə necə baxırlar?! Biz bilirik seçkiləri də necə saxtalaşdırırlar. Ona görə də normal insanlar, memarlar İttifaqından üzlərini çeviriblər. Bir müddət bundan əvvəl bizim ən hörmətli və aparıcı memarımız Nəriman İmaməliyev ərizə yazıb təşkilatı tərk etdi.

Azərbaycan memarlığı, memarlar və şirkətlər Qarabağdakı yenidənqurma layihələrinə cəlb olunurlarmı?
Bir neçə ay bundan qabaq böyük Şəhərsalma Forumu keçirilmişdi. Memarlar təəccüblənirlər ki, onların 90 faizi Bakıda işsizdirlər. Bu işləri kim görür? Nəyin nəticəsində filan şirkət o zonada bu layihəni edir? Nəyə görə onu seçiblər? Hardadır o müsabiqələr, o qərarlar? Bizim aparıcı memarlarımız var, 100 ad deyə bilərəm, adlarını sadalamıram, hamısı işsizdirlər və şikayətlənirlər ki, 3-4 şirkət işləri görür.
AMİ-nin sədri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında İctimai Şuranın sədridir. Cənab prezident İctimai Şuraları ona görə yaradıb ki, müstəqil insanlar ictimai nəzarət etsinlər. Burda isə AMİ-nin sədri həmin komitədən şəxsi şirkətinə 140 minlik sifariş alıb, deyəsən Astaranın Baş planını işləmək üçün. Bu, necə ictimai nəzarət edə bilər? Biz kimi, ictimayəti, hörmətli cənab prezidenti aldadırıq? Ona görə memarların 90 faizi sual verirlər: Bu Qarabağda işləyən şirkətlər hardandır? Nəyin əsasında onlar ora cəlb olunublar? Bundan əlavə orda heç professional memar da yoxdur. Heç biz onları tanımırıq. Orda cəmi bir-iki professional işləyir. Hamısı “tanış-tunuş” şirkətlərdir. Qarabağda, Şuşada, qanla azad olunmuş, minillik tarixi olan memarlıq abidələri qeyri-mütəxəssislər tərəfindən dırnaqarası bərpa olunur. Bu, bizim tariximizə, mədəniyyətimizə, ölkəmizə böyük zərbə vurur. Amma cənab prezident bunları bilmir. Bu proses ictimaiyyətə, cəmiyyətə, qəzetlərə elə yaxşı təqdim olunur ki, reklam olunur ki, camaatın xəbəri olmur, camaat elə bilir ki, hər şey normaldır, şəffafdır.

Bakı şəhərinin Baş planı: Siz bir memar kimi hansı məsələləri əsas prioritet kimi görürsünüz?
Baş plan yoxdur. Bu söhbətlər 3 il bundan qabaq başlamışdı ki, Baş plan üzərində iş başlayıb. Nəticəsi hanı? Şəhərsalma Komitəsinin saytında Baş planla, Bakı ilə bağlı konkret nəsə yazılıb? Yox. Yazılmayacaq da. Mən soruşmaq istəyirəm ki, Baş planla bağlı konkret hansı işlər görülür, bu gün hansı mərhələdədir? Kim tərəfindən işlənilir? Mediada yazılmışdı ki, məşhur amerikan şikrətidir, amma onlarla görüşdüm, rus mənşəli insanlardır. İndi Azərbaycan prospektində yaşayıram. Dar küçələrlə - Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Əlövsət Quliyev - avtomobillə evə gedirəm. Görürəm ki, bu küçənin eni 5-6 metrdir və vaxtında faytonlar üçün nəzərdə tutulub. Amma həmin küçələrin sağından, solundan indi də, təzəlikcə, yeni yaşayış binaları tikilir. Deməli, Baş plan üzərində iş getmir. Biz bir tərəfdən reklam kimi oxuyuruq ki, Baş plan üzərində iş gedir, amma yenə görürük ki, şəhərin mərkəzində, dar, 1 faytonluq küçədə yeni göydələn tikilir. Axı bu ola bilməz. Bunun bir cavabı var. Deməli, korrupsiya davam edir. Deməli, kimsə bina tikmək istəyirsə, o, tüpürür Baş plana, ictimai rəyə, bizim prezidentimizin ürək ağrısına və öz bildiyini edir. Onda desinlər ki, elə məmurlar var ki, onlar qanundan yuxarıdır, biz də işimizi bilək, susaq. Biz qanun dövləti qurmasaq, heç vaxt Baş plana riayət etməyəcəklər.

Tıxacların qarşısını almaq üçün şəhərlərin baş planlarında, o cümlədən Bakının, hansı məqamlara diqqət edilməlidir?
Tıxacların hamısı elə Baş planın olmamasından irəli gəlir. Baş planının olmaması, qeyri-mütəxəssislər tərəfindən hazırlanması belə problemlərə gətirib çıxarır. Rahatlıq yox, büdcəyə nə qədər zərbə dəyir, avtomobillər boş-boşuna fırlanırlar, nə qədər benzin xərclənir. Mən birinci növbədə bütün yeni tikintiləri dondurardım. Saxlayın, heç nə tikməyin və bütün məsələlərə bir-bir yenidən baxmaq lazımdır. Əsl mütəxəssisləri işə cəlb edərdim, bizdə elə mütəxəssislər var. Bir neçə istiqamətdə bərabər işləyərdim. Məsələn, bizdə ən əsas yol Səməd Vurğun küçəsidir. 1980-ci illərdə qəbul olunmuş Baş planla küçə dümdüz gedirdi və Dərnəgül prospektinə çıxırdı. Bir 10-15 il bundan qabaq o yolun üzərində villalar şəhərciyi saldılar. Deməli, hansısa məmur Baş plana, yaşadığı şəhərinə, sakinlərin rahatlığına tüpürüb və götürüb tikib. Ayrı misal: Dövlət Statistika Komitəsinin qarşısında çox rahat yollar var idi. Sonra keçmiş nəqliyyat naziri orda düz yolun üstündə özünə bir dənə göydələn tikdi. İndi o göydələnin nəticəsidir ki, avtomobillər 2-3 km artıq yol gedirlər. Biz riayət etmiriksə, bəs qanunlar, Baş plan nəyə lazımdır?

Bölgələrdə memarlıq...
Bir tərəfdən sevinirəm ki, regionlar inkişaf gedir. Regionlara tez-tez gedirəm, memarlıq abidələrini gəzməyi sevirəm, bütün Azərbaycanı gəzmişəm. Görürsən ki, regionlarda yeni memarlıq abidəsi tikilir, müasir memarlıq gəlir. Bir azərbaycanlı kimi sevinirəm, yeni memarlıq gəlir. Amma digər tərəfdən adamın ürəyi ağrıyır ki, bəs bu memarlığın keyfiyyəti... Kim, necə bunu layihələndirir? Bu layihə həmin regiona uyğundurmu? Məsələn, mənim ən sevdiyim şəhərlərdən biri Gəncə şəhəridir. Gəncə şəhərinin özünəməxsus unikal memarlığı, qırmızı daşı var. Amma durub qırmızı daşlı o regionun memarlığına uyğun olan binanı söküb ağlay doqquz mərtəbə tikirlər. Mən heç danışmıram, bu yaxşı və ya pis layihədir. Axı bura ağlay uyğun deyil. Bir-iki dəfə Hadrut qəsəbəsində də olmuşam. “Azərpoçt” orda poçt məntəqəsi, ikimərtəbəli bina tikib. Ağ ağlay, göy rəngində metal kafel, qara məhəccərlər - bilirsiniz, bu çox bərbad görünür. Hadrut, Qarabağ zonası, onun özünə məxsus memarlığı və prinsipləri var. “Azərpoçt”un binası orda sızanaq kimi görünür. Hiss olunur ki, bu memarlıq ora heç uyğun deyil.
Mən bu gün oxudum ki, Naxçıvanın baş memarı 212 milyon manat oğurlayıb, bu necə ola bilər? Necə oğurlayıb axı? Dəfələrlə olub ki, icra hakimi həbs olunub, baş memar da onunla birlikdə. Görürsünüz ki, bunlar əlbir olurlar. Onların 99 faizi heç memar da deyil. Dəfələrlə olub ki, İttifaq tərəfindən kiməsə Əməkdar memar adı verilib. Amma görürəm ki, bu memar deyil, məsələn rəssamdır. Üz-üzdən utanır, susuruq. Ürəyimdə deyirəm ki, axı sən memar deyilsən, rəssamsan. Regionlarda, ümumiyyətlə, memarlar susurlar, heç nə deyə bilmirlər.
Təəssüf ki, bizim qədim şəhərlərimizin xarici görünüşünü dəyişirlər. Qorunmur. Mədəni İrsin, Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi bilirsiniz kimdir? Xarici İşlər Nazirliyində Xəzər dənizi üzrə danışıqlar aparan keçmiş mütəxəssisdir. Gəlib Mədəni İrsin rəisi olub. Onunla tanışam, çox gözəl, yaxşı insandır. Amma yaxşı insan olmaq o demək deyil ki, sən bu işin professionalısan. Belə vəziyyət heç sovet vaxtında da olmayıb. Sonra biz deyirik ki, memarlığı qoruyan yoxdur, abidələr dağılır.

Memarlığımızın gələcəyi... Azərbaycanda memarlıq təhsili gələcək nəslə ümidlə baxmağa imkan verirmi?
Azərbaycanda memarlıq təhsili aşağı səviyyədədir. Burda bir-iki təsisati problem var. Bizim cəmiyyətimizdə, ümumiyyətlə, postsovet məkanında müəllimlərə qiymət vermirlər. Müəllimin maaşı çox aşağıdır. Kimlər dərs deməlidir? Təcrübəsi olan, hər gün küçələrdə olan, real layihə ilə məşğul olan memarlar. Amma, təəssüf ki, onlar dərs demirlər. Nəzəriyyəçilər dərs deyirlər. Heç öz əlləri ilə bir layihə hazırlamayan, bir bina, saray tikməyən adamlar. Mən gənc memarlarla çox görüşürəm. Ünsiyyət qurursan, 6 il təhsil alıb, amma anlayışı yoxdur, memarlıq nə deməkdir, bilmir. Ümumiyyətlə, nəzəriyyə tam olaraq praktikadan ayrıdır. Özü də nəzəriyyəni də sovet dərslərinə əsasən deyirlər. Təəssüf ki, bu, çox böyük problemdir və həll olunmur. Ürək ağrısı ilə deyirəm: bizim tələbələrin səviyyəsi çox aşağıdır.
10-15 il bundan əvvəl doktorluq dissertasiyası yazanda 500 ailədən sorğu keçirdim və belə bir nəticə oldu: 30 faiz ailələr yeni evə köçəndə dağılırlar. Heç kim də bilmir nəyə görə dağılırlar. Xanım elə bilir kişi pisdir, kişi elə bilir xanım pisdir. Əslində yox, memar səfehdir. Memar planlaşmanı düz etməyib. Məsələn, insan mənzilə girəndə əvvəlcə dəhliz olmalıdır. Dəhlizdən bir neçə yerə giriş olmalıdır, mətbəxə, qonaq otağına və s. Mən elə layihələr görmüşəm ki, girirsən qonaq otağına, sonra mətbəxə keçirsən. Bir neçə gün bundan qabaq yeni tikililərin birində oldum. Memar mətbəxi evin ən sonuna salıb, yataq otağından filan sonraya. Mən sifarişçiyə dedim ki, belə olmaz. Çünki, siz mətbəxə gedərkən heç vaxt o otaqlara baxmamalısınız. Bundan başqa, qapı düzgün açılmır. İnsan əsəbləşir. Siz başa düşmürsünüz ki, niyə əsəbləşirsiniz. Yorğun gəlirsiniz, qapı səhv tərəfə açılır daha da əsəbləşirsiniz, xanımızı acılayırsınız, o da sizə cavab verir. Planlaşdırma, interyer, rənglər, tavan düzgün deyil. Ona görə də memarın, dizaynerin məsuliyyəti çoxdur. Bu səbəbdən dünyada memar və hüquqşünaslar ən varlı insanlardır. Azərbaycanda da belə olmalıdır. Amma bizdə məmur memarlardan başqa qalanları acından ölür. Avropada elə memarlar var ki, interyerin kvadratını 2000 avroya işləyirlər. Bizdə elə memarlar var ki, 5 manata edirlər.

Tarixilik və müasirliyi necə vəhdətdə saxlaya bilərik ki, şəhərlərimiz həm tarixi görünüşünü itirməsin, həm də müasir standartlarla ayaqlaşa bilsin?
Bakı unikal şəhərdir. Səyahətləri sevirəm, dünyanın bir çox şəhərlərində olmuşam. Təəssüf ki, Bakıda bir çox müharibələr, inqilablar olub, hakimiyyətlər dəyişib və bu, öz əksini memarlıqda da tapıb. Ona görə də bizdə unikal memarlıq var. Məsələn bizdə, 1920-30-cu illər, Leninin dövrü, konstruktivizm dövrü var. Konstruktivizm memarlığı dünyada məhz 5-6 şəhərdə var: Moskva, Xarkov, Təl-Əviv, Bakı... O dövrdə Lenin yeni bir cəmiyyət qurmaq istəyirdi. Bir çox şeyləri bilə-bilə edirdilər ki, millətlər qarışsın. Ortaya yeni sovet milləti çıxsın və bütün bunlar memarlıqda öz əskini tapırdı. 1920-30-cu illərin memarlığı Bakının vizit kartıdır. Və ya Stalinin dövrü. Mart ayında mən Parisdə idim. Gözəl şəhərdir deyirlər, amma bütün binalar tipik, eynidir, insanın gözü yorulur. Amma bizdə küçələrlə gəzərkən sən bir memarlıq epoxasından digərinə səyahət edirsən. Qız Qalası, bir az gedirsən, görürsən ki sovet modernizmi, bir az da keçirsən konstruktivizm dövrü və biz təbii ki, bunu qorumalıyıq.

Bakıda bir çox tarixi binalar polşalı memarlar tərəfindən layihələndirilib. Polşa memarlarını Bakıya bağlayan nə idi?
Ümumiyyətlə, memarlar Bakıya necə gəliblər? Bakı 18-ci əsrin ortalarında balaca şəhər idi. İçərişəhərdə 9 min nəfər yaşayırdı. Birdən-birə əhalinin sayı 20-30 ilə 300 minə qalxdı. Bütün dünyadan iş adamları Bakıya gəldilər. O vaxt Abşeronda və Bakıda tikinti elə templə inkişaf edirdi ki, bütün Avropa memarlıq məktəbləri öz məzunlarını Bakıya praktikaya göndərirdilər. Bu, birinci yol. İkinci yol da bizim milyonçular onları dəvət edirdilər. Bax bu iki yolla memarlar Bakıya gəlirdi. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində - həmin dövr ar-nuvo memarlıq dövrü adlanır - Bakıda 3-4 böyük ölkənin memarları çalışırdı. Alman, rus, polşalı, niderlandlı, fransalı, erməni və s. memarlar və təbii ki, onların başında Azərbaycan memarları. Hamısı professional idilər. Məsələn, mənim sevdiyim memar Qabriel Termikelov. Bakının ən gözəl 10 binası ona məxsusdur. Sonra, təəssüf ki, bir sifarişçi onu özü ilə Tiflisə apardı. O, bakılı memar idi. Ona dəfələrlə İrəvanda da layihə tikməyi təklif ediblər, bilmirəm niyə, amma prinsipial olaraq layihələndirmirdi və Tiflisin ən gözəl binalarını Rustaveli prospektində Q.Termikelov layihələndirib. Bizdə, bizim memarlığımızda, özünəməxsus dəsti-xətt var idi. O dövrə “Bakı Ar-nuvosu” deyirdilər. Onlar burda Avropa memarlığı yaratmırdılar. Məsələn, polşalı memar gəlirdi, o, avropalı idi də, bizim İçərişəhərimizə, şərq memarlığımıza baxırdı və öz layihələrində sintez edirdi. Həqiqətən, bu unikal memarlıqdır. Bir tərəfdən hiss edirsən ki, Avropa elementləri var, ayrı tərəfdən görürsən ki, bizim milli elementlərimiz var. Nə Tiflisdə, nə İrəvanda belə memarlıq yoxdur. Bakı o dövrün memarlıq mərkəzlərindən biri idi. Bunların nəticəsi idi ki, polşalı memar şəhərin Baş memarı olub. Müxtəlif vəzifələr tutublar.

Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Yazdıqlarınız elmi əsərlərdir, yoxsa bədii ədəbiyyata da üz tutursunuz?
Memarlıq abidələri haqqında uşaqlar üçün bir neçə kitab yazmışam. Onları çap edib, hamısını uşaqlara paylayıram. Azərbaycan, rus, ingilis dillərində. Memarlıq abilərinin uşaqlar arasında, ümumiyyətlə, cəmiyyətdə təbliğatını aparıram ki, onları gələcək nəsillər üçün saxlayaq və ona görə də 5-6 il qabaq məni AYB-yə dəvət etmişdilər, mən də məmnuniyyətlə razı oldum. Bu, mənim üçün də bir hörmətdir ki, belə bir ittifaqın üzvüyəm.

O hansı əsərdir ki, hər zaman baxıb köks ötürüb deyirsiniz: kaş bunun memarı mən olardım…
Təbii ki, belə əsərlər var. Məsələn, mən bir neçə gün bundan qabaq Xaqani küçəsində üçmərtəbəli balaca tarixi binaya girmişdim. Onun müəllifi alman memarı İohann Edel idi. Mən onun necə professional memar olduğunun içəri girəndə hiss etdim: malikanənin xarici görünüşü, planlaşması, otaqlar, böyük həzz aldım. Belə binalar çoxdur. Bakıda bir çox binalar var, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli ar-nuvo dövrünə təsadüf edir. Müasir memarlıq var. İsmayıl bəy Qutqaşınlı küçəsində DOST Agentliyi tikilib. Bizim Polşada təhsil almış azərbaycanlı memar Nəriman İmaməliyevin layihəsidir. Mən fəxr edirəm ki, belə bir bina Azərbaycan memarı tərəfindən Bakıda layihələndirilib və tikilib.

Son olaraq, hansı abidəni çıxarsaq, Bakı yarımçıq olar?
Mənim üçün Natəvanın heykəli. Bakıda ən sevdiyim heykəllərdən biridir. Hərənin şəhərdə öz simvolu var. Mənim üçün də odur. Gözümdə o, Bakının simvolu olmaqla yanaşı, Bakını özündə birləşdirir. Əvvəl ordakı 2 küçə - Əziz Əliyev və Məmmədəmin Rəsulzadə, sakit küçələr idi. Bakı da belə idi. Sakit, yolları boş, avtomobil yox idi. İnsanlar rahat yaşayırdılar. İndi isə hər tərəfi restoranlar. On minlərlə insan olur orda, axşamlar keçmək mümkün deyil. Natəvan da bütün bunların ortasında. Mən düşünürəm ki, hər bir əşyanın öz ruhu var və məncə orda Natəvanın ruhu dolaşır.

Dünyapress TV

Xəbər lenti